ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

1919-cu il mayın 28-də Azərbaycan Cümhuriyyəti dövlət müstəqilliyinin birinci ildönümünü təntənə ilə qeyd edir. Həmin gün Parisdə bu təntənələrin apogeyi sayıla biləcək mühüm bir siyasi hadisə baş verir - sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tarixə konfransın memarı və məşhur “Vilson prinsiplərinin” müəllifi kimi daxil olan ABŞ -ın 28-ci prezidenti, Nobel Sülh Mükafatı laureatı, Vudro Vilson tərəfindən qəbul edilir.

 

ABŞ Prezidenti azərbaycanlı diplomatlarla görüşdə onlara o qədər heyran qalır ki, Birləşmiş Ştatlara qayıtdıqdan sonra 1919-cu ilin sentyabr ayında ABŞ-ın qərb və cənub ştatlarına səfəri zamanı etdiyi ictimai çıxışlarda bu görüşü dəfələrlə xatırladır.

1919-cu il sentyabrın 10-da Bismarkda (Şimali Dakota ştatı) və bir neçə gün sonra, sentyabrın 18-də San Fransiskoda seçiciləri ilə görüşən ABŞ prezidenti yenidən Ə.Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin timsalında tanıdığı Azərbaycanı və bu uzaq ölkədən gəlmiş insanlarla təmasın öz üzərində buraxdığı pozitiv təəssüratı xatırlayaraq deyir: “ Siz bu vaxta qədər  heç Azərbaycanın adını eşitmişdiniz? Siz Azərbaycanın harada yerləşdiyini bilirsiniz? Deməli, günlərin birində yanıma əslən Azərbaycandan olan bir neçə nəfər çox ləyaqətli və maraqlı centlmen gəlmişdi. Onlardan ölkələrinin harada yerləşdiyini soruşmağa cəsarət etmədim, sonra gizlicə onların harada yerləşdiyinə baxdım və Cənubi Qafqazda yerləşən, çiçəklənən bölgədə yaşadıqlarını, qədim və böyük sivilizasiyaya malik olduqlarını müəyyənləşdirdim. Bu insanların işləri barədə heç nə bilməsəm də, mənə nə dediklərini, onların nə danışdıqlarını bildiklərini anladım. Mən bu adamlarla eyni dildə - fikir və ideyalara hörmət, azadlıq düşüncəsinə, hüquq və ədalətin aliliyinə ehtiram dilində söhbət etdim”.

Çərşənbə axşamı, 12 Avqust 2025 13:28

Qabilin 100 illiyinə cəmi 1 il qaldı

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şeirləri, baməzəliyi, şəxsiyyəti həmişə sevilib. Əməkdar artist Bəhram Bağırzadə KVN teatrında onun elə bir obrazını yaradıb ki, həmişə izlənəcək, bəyəniləcək.

Bu gün Azərbaycan SSR Dövlət mükafatı laureatı, Xalq şairi Qabilin - Qabil İmamverdiyevin doğum günüdür.

 

Qabil 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib.

AYB Ağsaqqallar Şurasının sədri olub. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.  1-ci Fəxri Xiyabanda dəfn edilib. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilib — "POET QABİL".  2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinib.

 

Kitabları

1. Seçilmiş əsərləri

2. Mənim mavi Xəzərim

3. Ömrüm boyu

4. Nəsimi 1980 (I–III kitab)

5. Ömrün həbləri

6. İlahi qisməti

7. Dostlarım, tanışlarım

8. Seçilmiş əsərləri — I cild

9. Seçilmiş əsərləri — II cild

10. Əsərlər (7 cildlik külliyyat) — 1–7 cild (2017) — Oğlu Mahirdən xatirə

 

Mükafatları

1. Azərbaycan SSR Dövlət mükafatı

2. "Əmək igidliyinə görə" medalı

3. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı

4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

5. "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı

6. "Şöhrət" ordeni

7. Ədəbiyyat Fondunun "Rəsul Rza" mükafatı

8. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

9. "İstiqlal" ordeni

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

 

Çərşənbə axşamı, 12 Avqust 2025 13:03

VAQİF SƏMƏDOĞLU, “Yusifə”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

      YUSİFƏ

 

Bilirsiz qantel nədir?

Çuqundan tökülmüş,

Uzun bel səkkizə bənzər

əzələ bərkidən.

Mən bir dəfə

dünyanın ən ağır

qantelini qaldırdım:

telefon çağırdı məni,

götürdüm dəstəyi,

səs gəldi:

– Özünü ələ al,

öldü...

Qüvvəm çatmadı,

düşdü əlimdən

dünyanın ən ağır qanteli...

                                        1962

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Biz dünyaya göz açanda ilk üzlər, ilk səslər, ilk toxunuşlar onlara məxsus olur. Onlar bizim həyat kitabımızın ilk səhifələrini yazırlar, yazı üslubunu da, səhvlərini də, mövzularını da. Səni gülüşlə qucaqlayan əllər, bəzən səni susqunluğa məhkum edən eyni əllər olur.

 

Ailə varlığında bir insanın köklərini bəsləyir. Sevgi, qayğı, müdafiə hissi ilə. Amma eyni zamanda həmin köklərin çox dərinlərə enməsi sənin azadlığını məhdudlaşdırır, səni onların təsdiqinə ehtiyaclı edir. Yoxluğunda isə həyat səni sərt torpağa atır. Öz köklərini özün qazmalısan, amma o torpaq heç vaxt tam tanış gəlmir. Onların yanında böyüyərkən sən özün haqqında düşündüyün hər şeyin ilkin formasını onlardan alırsan. Onların gözündəki baxış, dediyi və demədiyi sözlər, verdiyi və vermədiyi sevgi. Hamısı gələcəkdə kimin olacağını müəyyənləşdirir.Ailə həm həyatın ilk dayaq nöqtəsi, həm də ilk zərbəsidir. Səni qoruyan qalxan da onlardır, içindəki yaraları açan qılınc da. Onların qoyduğu izlər bəzən görünməz olur, amma illər sonra ən qəribə anlarda qanayır. Və sən anlayırsan ki, həyatın ən böyük hədiyyəsi də, ən ağır yükü də çox zaman eyni adamlardır.

 Bəzən insan həyatı, bahalı xatirələrdən yox, sadə səhnələrdən ibarət olur. Qapının cırıldayan açılışı, səhər yeməyində çaydanın buxarı, pəncərə kənarına qoyulmuş təzə yuyulmuş stəkanların işığı əks etdirməsi… Bu səhnələr o qədər təməl və o qədər təkrarsızdır ki, sən onları hiss etmədən həyatının dayaqlarına çevirirsən.

 Ailə,sadəcə qan bağı deyil, sənin ilk müəllimin, ilk hakimin, ilk tamaşaçındır. Sən uşaqkən onların baxışlarında özünü tapırsan, gülüşündə kimliyini hiss edirsən. Sənə dünyanı tanıdan ilk sözlər, ilk xəbərdarlıqlar, ilk qadağalar hamısı onların səsindən gəlir. Bəzən sevgiləri ilə sənə güc verirlər, bəzən qorxuları ilə səni zəncirləyirlər. Amma hər iki halda da içində iz buraxırlar. Onlar yanındaykən, sən fərqinə varmadan "təhlükəsizlik" adlanan bir illüziyanın içində yaşayırsan. Bilirsən ki, gecəyarısı yuxudan diksinib oyansan, su istəsən, kiminsə sənin səsini tanıyacaq. Bilirsən ki, səhv etsən belə, iki cüt göz var,səni danlayacaq, amma yenə də qucaqlayacaq. Bu, insanın həyatında ən böyük təsəllidir, bəzən də ən böyük bağımlılığı. Ailə varlığı bəzən insanın içində "sabirlik toxumu" əkir. Dünya qarışsa, küçələrdə xaos olsa belə, haradasa sakit bir otaq var. Orda sənin uşaqlıq şəkillərin, köhnə yorğanlar və yadına yalnız qoxusuyla gələn bir ev var. Bu hiss, bəzən sənə bütün riskləri almağa cəsarət verir. Amma eyni zamanda, səni ömür boyu onların təsdiqinə möhtac edə bilər. Çünki sən sevgini də, imtinanı da, xoşbəxtliyi də ilk dəfə onların yanında öyrənmisən.

 Ailə varlığı ilə insan həm mübariz, həm də asılı olur. Mübarizdir, çünki kökləri var, keçmişi var. Asılıdır, çünki o kökləri itirmək qorxusu, azadlıq qədər böyük bir yük kimi boynuna asılır. Və insan anlayır ki, həyatın ən böyük hədiyyəsi də, ən ağır zənciri də bəzən eyni adamların əlindədir. İnsan bəzən ailənin yoxluğunu bir hadisə ilə deyil, xırda boşluqlarla hiss edir. Sən böyüyürsən, amma yanında kiminsə "nə var nə yox, necəsən?" sualı çatışmır. Bəzən evin içində susqun divarlar sənin ən böyük dinləyicin olur. Və sən anlayırsan ki, yoxluq səs deyil, yoxluq sükutun bir az ağırlaşmış formasıdır.

Ailə yoxluğunda həyat bir növ açıq yara kimidir. Çünki sənin "düşmək" haqqın yoxdur. Özünü tutmalısan, ayaqda qalmalısan, çünki bilirsən, səni tutacaq bir əl yoxdur. Bu, bəzən səni gücləndirir, bəzən isə içində heç sağalmayan bir çat yaradır. Belə anlarda sən sevgi axtarışına çıxırsan, dostlarda, münasibətlərdə, hətta yad adamlarda belə. Çünki içində yarımçıq qalmış bir hiss var və sən onu tamamlamaq üçün bəzən özünü itirirsən. Kiminsə səsini, baxışını, hətta qoxusunu belə "ev" kimi qəbul etməyə hazırsan. Amma heç biri sənin uşaqlığında eşitdiyin qaşıq səsi, ya da sobada qaynayan çaydanın buxarı kimi olmur. Ailə yoxluğu bəzən səni iki hissəyə bölür.. Zahirdə möhkəm, içində kövrək. İnsanlara "heç nəyə ehtiyacım yoxdur" deyirsən, amma gecələr öz-özünlə danışanda başa düşürsən ki, bu, özünü aldatmaqdan başqa bir şey deyil. Əslində sən ehtiyac duyursan, amma o ehtiyac illərdir cavabsızdır. Ən pisi isə odur ki, ailə yoxluğu bəzən sənə bir "özünü yetim hiss etmə" xarakteri verir. Hər kəsin ortasında belə tək qala bilirsən. Dostların arasında belə sənin bir yanın boş qalır. O boşluq, elə bil ki, səni tamamlayan son parçanın itməsi kimidir və sən onu heç yerdə tapa bilmirsən.

Ailə, bəzən həyatımızın səhnəsində görünməz rejissordur. Onlar ssenarini yazmırlar, amma səhnəni, işıqları, fon musiqisini elə düzəldirlər ki, sən o mühitin içində öz rolunu oynamaqdan başqa yol tapmırsan. Onların verdiyi tərbiyə bəzən sənin ilk silahındır, insanlarla necə danışmaq, kimə güvənmək, kimdən uzaq durmaq. Amma eyni zamanda, o tərbiyə bəzən sənin boynuna bağlanmış bir daşdır. Çünki, dünyanı onların göstərdiyi pəncərədən görməyə öyrəşmisən. Onlar sənə ilk dəfə qorxunu öyrədiblər, "ona toxunma, sınar", "Çox danışma, ayıb olar". Və sən böyüyəndə başa düşürsən ki, bəzən bu qorxular səni qoruyub, bəzən isə səni dar bir qəfəsin içində saxlayıb.

Onlar sənə sevgini öyrədiblər. Ya onun varlığı ilə, ya da yoxluğu ilə. Əgər sənin uşaqlığında sevgi çox idisə, sən insanlara inanmağa meylli olursan. Əgər az idisə, sən hər kəsin səmimiyyətini sınamağa, sevgini sübut tələb edən bir şey kimi görməyə başlayırsan. Hətta peşə seçimindən tutmuş, dostluq münasibətlərinə qədər bir çox qərarlarımızın kökü ailə mühitində yatır. Sən bəlkə də fərqinə varmırsan, amma bir insanla söhbətdə səsini yüksəltməmək vərdişin, qonaq gələndə stolu necə yığmağın, hətta yeməyi hansı əlində tutmağın belə illər öncə ailənin içində formalaşıb. Bəzən ən böyük arzularımız da onlara borcludur. Məsələn, kasıb bir uşaqlıqdan sonra varlı olmaq istəyi, yaxud sərt bir ata ilə böyüyəndən sonra yumşaq valideyn olmaq arzusu.. Bizim istəklərimiz də, qorxularımız da onların mirasıdır.

Ailə, bir növ torpaq kimidir. Orda həm güllər bitir, həm də tikanlar. Amma hər halda, sən kim olursansa ol, ayaqların hələ də o torpağın izini daşıyır. Ailə bəzən həyatımızda sevginin ən saf formasını yaratsa da, bəzən də ən dərin yaraları qoyan mənbəyə çevrilir. Bu yaralar bəzən görünməzdir, amma ruhun ən qaranlıq guşələrində qanayır, sanki heç bir zaman tam sağalmayacaqmış kimi. Hər travmanın kökündə bir səbəb dayanır, susqunluq, anlaşılmazlıq, gözləntilər və bəzən də səssizcə əzən tənqidlər. Uşaqlıqda eşidilən "sən elə etməlisən", "bunu bacarmalısan" kimi sözlər bəzən gözlə görünməyən zəncirlər yaradır. Bu zəncirlər səni içində saxlayır, nəfəsini kəsir, amma sən bunu adətən "qayğı" kimi qəbul edirsən. Sevgisizlik, ya da həddindən artıq sevgiz hər iki uçurum eyni dərəcədə təhlükəlidir. Çox zaman sevginin ölçüsü deyil, keyfiyyəti önəmlidir. Amma bəzən ailə sevgisi sənin azadlığını boğan ipə çevrilir. Travmaların ən ağrılısı, bəlkə də səni anlamayan, hisslərini görməyən valideynlərdir. Sevdiyim biri mənə demişdi ki, "valideynlərimiz bizi hərşeydən qoruyur. Amma özlərindən qorumağı unudurlar."Onların sənə qoyduğu səssizlik, sənə aid olmayan yükdür. Hər dəfə səhv etdiyində, içindən gələn səsi boğanda, sən bir az daha özündən uzaqlaşdın.

Ailənin qoyduğu travmalar bəzən həyat boyu səninlə gəzir. Onlar sənin içindəki sükutu, bəzən qəzəbi, bəzən qorxunu, bəzən də tərkedilmişliyi doğurur. Amma sən bilirsən ki, bu travmalar da sənə "kim olduğunu" öyrədən parçalardır.

Bəlkə də ən böyük dərs budur dostum, ailənin qoyduğu izlər, həm gücümüzün qaynağıdır, həm də ən dərin yaralarımızın mənbəyi. Bu ikisi olmadan sən olmazdın, bu yaralar olmadan sən tamamlanmazdın.

Bəzən insan böyüyür, saçlarına dən düşür, amma içindəki uşaq hələ də o evin qapısından içəri girməyi gözləyir. İçində hələ də bir səs var. Bəzən ananın adını çağırır, bəzən atanı görmək istəyir. Amma həyat elədir ki, bəzən o qapı çoxdan bağlanıb, bəzən də açıqdır, amma içindəki insanlar dəyişib. Ailə, sən istəsən də, istəməsən də, sənin həyatının xətkeşidir. Onların sənə verdiyi sevgini daşıyırsan, travmalarını da. Onların qucağında öyrəndiyin istiliyi axtarırsan, susqunluqlarından öyrəndiyin soyuqluğu da. Bəzən bir ömür boyu onlara bənzəməməyə çalışırsan, amma hər güzgüyə baxanda gözlərinin dərinliyində bir kölgə kimi yenə onları görürsən. Bəlkə də elə buna görə həyat paradoksdur. Biz özümüz olmaq üçün onlardan uzaqlaşırıq, amma kim olduğumuzu bilmək üçün yenə onlara dönürük. Çünki bütün yollar, bütün şəhərlər, bütün illər sonda bir həqiqətə gətirir. Biz kim olsaq da, kimə çevrilsək də, içimizdə daşıdığımız ailə həmişə bizimlədir. İstər isti bir ocaq kimi yansın, istər soyuq bir xatirə kimi üşütsün…

Və sonda anlayırsan. Ailə dediyin, bəzən yaşadığın ev deyil. Bəzən illərdir ürəyində daşıdığın yaradır. Amma o yara da sənsən, o sevgi də. Onlarsız sənin hekayən tamamlanmaz, onlarla isə heç vaxt tam eyni qalmaz.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

 

Çərşənbə axşamı, 12 Avqust 2025 12:29

BİRİ İKİSİNDƏ Qismət Rüstəmovun ədəbi tənqidi ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Ədəbi tənqid mövzusunda Qismət Rüstəmovun “Qar tanrısının qeydiyyatı haradır?” məqaləsi təqdim edilir.

 

  

TƏNQİD

 

Qismət RÜSTƏMOV

 

QAR TANRISININ QEYDİYYATI HARADIR?

 

 

Vaxtilə İstanbuldan aldığım ədəbiyyat dərgilərindən birində Alberto Manquelin mütaliə haqqında gözəl bir essesini oxumuşdum. Oradakı bir fakt yaddaşımda ilişib qalıb: ötən əsrin 90-cı illərində Kolumbiya Mədəniyyət Nazirliyi "Səyyar kitabxana" adlı bir layihəyə başlayır. Məqsəd belə olur ki, kitabı, bilgini ölkənin ucqarlarında yaşayan, gözdən-könüldən və mütaliədən uzaqda olan insanların ayağına aparsınlar. Bu layihə çərçivəsində dağlıq, meşəlik ərazilərdə yaşayanlar üçün atların, eşşəklərin belində torba-torba kitab daşımağa başlayırlar. Hər ünvanda kəndin müəllimi, yaxud ən savadlısı şərti olaraq kitabxanaçı rolunu icra edir, kitabları əhali arasında bölüşdürür. Göndərilənlər mahiyyətcə daha çox texniki kitablar imiş: əkinçilik, suvarma, dərziliyin əsasları... Kəndlilər oxumaq üçün bir aylığına verilən kitablardan hamısını vaxtında geri qaytarır, bircəsindən başqa: Homerin "İliada"sını. Hökumət həmin kitabı kəndlilərə hədiyyə edir, ancaq sorğu keçirir ki, niyə bu kitabı saxlamaq istədiniz? Hamısı eyni cavabı verir: bu kitabdakı əhvalatlar bizdən bəhs edir.

Avanqard ədəbiyyatın dahisi Reymon Kyeno eposun bu gücünü yığcam şəkildə belə ifadə edib: dünyadakı bütün əsərlər bu və ya digər dərəcədə ya "İliada"dır, ya da "Odisseya". Bu rakursdan baxsaq, mənə görə, Mübariz Örənin çoxqatlı, çoxyozumlu, usta işi "Qar tanrısı" hekayəsi də yunan mifologiyası ilə –  "İliada", Troya əhvalatı, az bilinən Xiona mifi, hətta, müəyyən mənada, Babil qülləsi əhvalatı ilə intertekstual (mətnlərarası) əlaqədə yazılıb. Ancaq bu hekayəni çoxqatlı edən təkcə texniki-stilistik plandakı sənətkarlıq deyil; ideya-məzmun planında baxsaq, bu mətn üst qatıyla şöhrət azarı və həsəd haqqındadırsa, alt qatıyla özgənin gəlişiylə işə düşən müstəmləkə münasibətləri barəsindədir. Biz də "Qar tanrısı"nı bu iki planın qovuşağında təhlil edəcəyik.

"Qar tanrısı" Xalq yazıçısı Kamal Abdullanın "Kölgə" hekayəsindən epiqrafla başlayır: "Göylərdə sizin üçün maraqlı heç nə yoxdur..." Müəllif elə epiqrafdaca sujetin vektorunu (yuxarıya, zirvəyə), ideyanın yönünü (boşluq, puçluq) ustufca sezdirir. Mətnin birinci cümləsi sonradan hekayədə bizi müşayiət edəcək, mifoloji sistemdə həm "cavanlığın, iqtidarın, hakimiyyət istəyinin", həm də "qadağan olunmuşu, yasaq olanı" ifadə edən "alma" vurğusu ilə başlayır: "Könlünə alma düşdü, düşdü nədi, lap yeriklədi almaya..." Belə ki, hekayənin gedişatında biləcəyik ki, könlünə alma düşən artıq qocalıb əldən düşsə də, içindəki şöhrət hissi cavan qalmış Yexiyadır!

Mübariz Örən "Qar tanrısı"nın bir neçə yerində əvvəlcə sakit, problemsiz bir atmosfer yaradır; tutalım, ruhu aram verən bu yerin musiqisi Malka çayının səsi, rəngi günəbaxanların sarısıdır. Sonra isə özgənin gəlişiylə əvvəlki nizam pozulacaq, "yasaq meyvə" ilə cənnət itiriləcək, "nifaq alması" ilə irili-xırdalı qiyamətlər başlayacaq. Hələlik isə dağların yuxusunu Duqlas Freşfildin əcnəbi ekspedisiya, Yexiyanın röyasını mərhum arvadı Yesara Dionisovna pozub. Müəllif bu Dionis (ovna) soyadı ilə bizə növbəti işarəni təqdim edir, artıq yuxular diyarının sakini olan Yesaranın yunan mifologiyasındakı şəcərəsinə doğru məcazi bir addım daha atır. Yesara yuxuda ərinə deyir ki, sənə alma gətirə bilmədim, əvəzində qar gətirdim, insan ayağı dəyməyən o zirvə sənindir! Alma əvəzinə qar, yəni cavanlıq enerjisi, iqtidar əvəzinə, üstünə yağdığı hər şeyi bəyaz təslim bayrağına döndərən, kəfənləyən, əriyib yoxa çıxmağın simvolu! Ümumiyyətlə, Mübariz Örənin "Balıq gülüşü" kitabındakı ayrı-ayrı hekayələrdə ağ rəng faniliyin, ötəriliyin, son mənzilə gedəndə rəngi avazımağın - ölümün metaforası kimi işlənir.

         Mübariz Örən "Qar tanrısı" hekayəsini zamanda irəli-geri sıçrayışlar (fləşbek-fləşforvard), sonra baş verəsi hadisəni əvvəldən sezdirmə (prolepsis) kimi fəndlər üstündə qurub. Bu cür fəndlər bədii mətndə hər şeyi bilən bir təhkiyəçinin (omnipotent) varlığından xəbər verir, eyni zamanda personajların artıq təcrübəli halı ilə təcrübəsiz çağları arasında var-gəl imkanı yaradır.

Məncə, "Qan tanrısı"nda Yexiya yunan mifologiyasındakı çoban Parisin, Yesara isə gözəllər gözəli Yelenanın qarşılığıdır. Elbrus dağının zirvəsi isə fəthi arzulanan Troyadır. Ancaq müəllif məlum mifi olduğu kimi təkrar etmir, çünki bu zaman mətnin intertekstual qatı üzdə olardı. Bunun əvəzinə Mübariz Örən mifoloji işarələri, böyük ustalıqla yaxşı bələd olduğu həyat materialının içinə uyğun ölçüdə yerləşdirir.

Duqlas Freşfildin birinci uğursuz cəhddən sonra ikinci gəlişindən qabaq bu cənnət məkana General Emanuelin ekspedisiya gəlib. Hekayənin xüsusilə bu hissəsində müəllif həm mifoloji motivi davam etdirir, həm də alt qatdakı müstəmləkə münasibətləri bağlı sujeti işə salır. General Emanuel yanına yerli ağsaqqallardan savadı olan Mirzə Qulu da götürüb ki, çaxnaşma düşməsin, qan tökülməsin. Müəllif Emanuelin adını düzgün tələffüz edə bilməyən Mirzə Qul vasitəsilə generalın mifoloji təyinatını nişan verir; Mirzə Qul çaşıb ona Menelay deyir.

Əgər Elbrus Troyasının fəthində adını tarixə əbədi yazdırmaq fürsətini əldən verən Yexiyanın həsədin güc gəlməsiylə generalın (Menelayın) gözəllər gözəli arvadı Yeseranı (Yelenanı) qaçırması mifoloji süjetin yenidən əks-səda verməsidirsə, bura böyük alim heyəti və ordu ilə gələn yadellilərin müstəmləkə strategiyası haqqında plakatçılıqdan, şüarçılıqdan uzaq, ustalıqla yazılmış tənqiddir.

Yadellilər topsuz-tüfəngsiz, qansız-qadasız istədiklərinə çatırlar. Çünki onlar bütün silahlardan daha təhlükəli bir şey təklif edirlər: şöhrət! Bu havayı şöhrət vədi hər gün ətəyində gəzdikləri səfalı dağları, suyunu içdikləri buz bulaqları, havasını udduqları cənnət məkanı cəhənnəmə çevirir. Özgələrin, gəlmələrin yerlilərə hədiyyə kimi verdikləri "yeni göz", "yeni baxış" vətəni yaşamalı yox, fəth olunmalı yerə döndərir.

Həsəd – korun-korun yanan qaşqabaqlı tonqaldır. Şöhrətin qapısından qayıdan Yexiya bu tonqalda yanıb-qovrulur, heç vaxt üzünü görməyəcəyi adamların dilində, adını eşitməyəcəyi kitabların içində əbədiyyət qazanmaq ehtirası onu Elbrus dağı yerinə Yesaranın qəlbini fəth etməyə aparır.

Müəllif Yesara obrazını çoxplanlı işləyib; əgər o bir yandan Parisin qaçırdığı Yelenadırsa, o biri tərəfdən mifoloji panteonda daha az bilinən qar tanrıçası Xionadır. Xiona yunan mifologiyasında küləklərin tanrısı Boreyin qızıdır, bir versiyaya görə, onun qardaşları məşhur arqonavtlar olub. Müəllif Xiona ilə bağlı bu motivi Duqlas Freşfildin ekspedisiya ilk dəfə gələndə bizə sezdirir, yazır ki, bu heyətin içindəkilər elə mahir, elə peşakar idilər ki, onlara "arqonavtlar" deyirdilər. Üstəlik, Yexiyanın aldığı konyakın üstündə "Arqo" sözünü görəndə Yesara sevincək deyir ki, yunan konyakıdır, bizimkilərindir. Müəllif Yesaranın sevinicini belə ifadə edir, elə bil 77 yaşında hamilə qalmışdı. Bu eyham bizi başqa bir həqiqətə aparır: deməli, onların övladı olmayıb. Yesaranın bətni Yexiya üçün bağlıdır, bəli, yuxunun məntiqi aydınlaşır: sənə alma (oxu: iqtidar) yox, qar gətirdim. Mifin məntiqi başqasının arvadını qaçırana övlad payı vermir.

Hekayənin mifoloji lağımları, altdan alta işləyən motivləri bununla da bitmir: Yexiya, nəhayət, qoca yaşında, Duqlas Freşfildin ikinci gəlişində yarımşüurlu halda Elbrusun zirvəsinə üz tutanda dikinə qoyulmuş domino daşına bənzətdiyi qaya parçasında insan ölçülərinə düzgün böyük zəncir yerləri görür. Yadına düşür ki, Promoteyin bu dağlarda zəncirə çəkildiyini demişdilər. Beləliklə, hekayənin əsas ideyasına ustalıqla qaynaq edilmiş növbəti mifoloji motivlə rastlaşırıq: Promotey tanrılardan odu oğurladığı üçün cəzalandırılmış, Qafqaz dağlarına zəncirlənmişdi, Yexiya isə generalın arvadını oğurlayıb. Bu, çox incə, sənətkarlıqla ifadə edilmiş eyhamdır, özünü sənə tezbazar faş etməyən məna yüksəkliyidir; demək, bu dağların zirvəsi cəza düşərgəsiymiş, Yexiyanın ahıl çağınacan içində yaşatdığı və şöhrət korluğuyla üz tutduğu, mükafat bildiyi zirvə, əslində, onun cəzasıymış. Ancaq onun zənciri dəmirdən yox, həsəddəndir. O, dağın zirvəsinə daş yox, öz həsədini qaldıran Sizifdir. Yexiyanın aqibəti "əriyib suya dönmək, axıb çaya getmək"dir.

Bir sufi pritçasında deyilir: bu dünyada sənin olan yeganə şey gəmi qəza uğrayanda özünlə götürdüyündür. Mübariz Örənin "Qar tanrısı" gələcəkdəki "Titanik"lərə yazılmış məktubdur.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

Çərşənbə axşamı, 12 Avqust 2025 11:44

Şəhidlər barədə şeirlər - Əli Rzalı

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Əli Rzalı

Əli Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Əli Rzalı oktyabrın 2-də şəhid olub. Yardımlı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Bir şəhid tanıyıram,
Tarixin yaddaşında.
Bir şəhid tanıyıram,
Düz on səkkiz yaşında.

Bir şəhid tanıyıram.
İgid, qəhrəman olan.
Bir komada böyüyüb,
Vətənə qurban olan.

O şəhidin anası,
Bala odunda yanar,
O şəhidin atası,
Əlləri qabar-qabar.

O şəhidin arzusu,
Böyüyüb anasının,
Qayğısına qalmaqdı,
Böyük adam olmaqdı.

Şəhiddən böyükmü var?
Vətənin canındadır.
Mələklərin içində,
Tanrının yanındadır.

Yadındadır tarixin,
Zəfər qayəsi kimi.
Adı şəhid Əlidir.
Quran ayəsi kimi.

Bir şəhid tanıyıram.
Ürəklərdə yaşayır.
Onu Tanrı seçibdi,
Onu göylər tanıyır.

 

 “Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

Çərşənbə axşamı, 12 Avqust 2025 11:29

Fərda Amin digərlərindən seçilir

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Çağdaş döbr yumor ustalarından hamı gileylidir. Gülüşü çığır-bağırla, vulqar ifadəylə, şit hərəkətlərlə yaradırlar. Ən azından, atrıq tarixdə qalmış korifey sənətkarlarımızdan bir şeylər öyrənmək istəmirlər. Amma nlardan biri - aktyor, şoumen Fərda Amin degərlərindən xeyli seçilir.

Onun gülüşü daha dərindir, satıra qatları daha güclüdür.

 

Fərda Amin əslən Siyəzən rayonunun Qozağacı kəndindəndir. O, 1979-cu ildə 12 avqust tarixində Cəbrayıl rayonunda doğulub. İqtisad Universitetində təhsil aldığı dövrdə "Şən və Hazırcavablar Klubu"nda çıxış edib. Müəllifi və aparıcısı Həsən Əliyev olan, "Space TV"-də yayımlanan "Tək səbir" verilişinin iştirakçısı olub. Verilişdə olan gülməli monoloq, videoroliklər insanları çox güldürüb. Bu verilişin rejissoru da Fərda olub.

Senarisini isə Elməddin Cəfərovla birlikdə yazıblar. Ancaq bu verilişin ömrü uzun olmayıb. Fərda "Tam Sərbəst" verilişini yaradıb və bir neçə il sonra "Tam Sərbəst solo" adlı proqramla ekranlara çıxıb. Bu veriliş də qısa müddət davam edib. Bir neçə il sonra Müşfiq Şahverdiyev ilə birlikdə 2007-ci ildə "Sərbəst FM" verilişi işıq üzü görüb. Həmən il Müşfiq və Fərda "Niyə?" filminə çəkiliblər.

2014-cü ildən Fərda "Top kimi Şou" verilişinin aparıcısıdır. "İnterpapa", "Ögey ata", "Xoxan", "Naxox", "Niyə?" kimi filmlərdə rol almışdır. "Ögey ata", "İnterpapa", "Niyə?" filmlərinin ssenarisini də özü yazıb.

 

Aparıcılıq

1. "Elə-belə" (Lider TV)

2. "Vitamin C" (Lider TV)

3. "Tək Səbir" (Space TV)

4. "Tam Sərbəst" (ATV)

5. "Tam sərbəst sollo" (ATV)

6. "Sənin üçün" (ATV)

7. "Sərbəst FM" (ATV)

8. "Top kimi şou" (ATV)

 

Filmoqrafiya

- İz

- Toy

- İnterpapa

- Niyə?

- Niyə? 2

- Vərdiş

- Ögey ata

- Xoxan

- Gecə qonağı

- Oğlan evi

- Bakı, Mən Səni Sevirəm.

 

Əlbəttə, Fərda istedadlıdır və biz ondan daha sanballı işlər gözləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan hərb tarixində xüsusi yeri olan, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, general  Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edən “Milli hərb sənətimizin iftixarı: Cəmşid Naxçıvanski - 130” adlı daycest və videomaterial hazırlanıb.

 

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın rəsmi saytında yerləşdirilən  materialda bir sıra rəsmi sənədlərlə yanaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Sərkərdə” məqaləsinin tam mətni, 2015-2024-cü illərdə general haqqında dövrü mətbuatda dərc edilən 20-dən çox məqalənin biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir.

 

Kitabxana əməkdaşları tərəfindən Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin çox maraqlı, tarixi əhəmiyyətli aspeklərindən bəhs edən videomaterial da hazırlanıb. Materialda  görkəmli generalın ölkəmizdə ilk milli atıcı diviziyanın komandiri, yaxşı təşkilatçı, bacarıqlı müəllim olmasından bəhs edilir. Yüksək ixtisaslı hərbi kadrların yetişdirilməsində müstəsna əhəmiyyəti olan generalın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda onun adını daşıyan hərbi lesiyin, Naxçıvanda isə xatirə muzeyinin fəaliyyət göstərməsi diqqətə çatdırılır.

 

Materiallarda Cəmşid Naxçıvanskinin şərəfli döyüş yolu, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tarixinə verdiyi dəyərli töhfələr, layiq görüldüyü orden və medallar haqqında məlumatlar da təqdim edilir.

 

 “Milli hərb sənətimizin iftixarı: – Cəmşid Naxçıvanski – 130” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/cemsid-naxcivaniski-130  yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

 

Çərşənbə axşamı, 12 Avqust 2025 11:02

TƏRCÜMƏ SAATInda Sergey Dovlatovun “Ariel” hekayəsi

“Ədəbiyyat və incəsənət” portalı bu gün tərcümə saatında sizlərə rus yazıçısı Sergey Dovlatovun “Ariel” hekayəsini təqdim edir. Hekayəni dilimizə Xatirə Nurgül çevirib.

 

 Rus yazıçısı Sergey Dovlatov 1941-ci ildə Başqırdıstanın paytaxtı Ufada anadan olub. 1979-cu ildə ailəsi ilə birlikdə ABŞ-yə köçərək orada yaşamağa başlayıb. 24 avqust 1990-cı ildə Nyu-Yorkda dünyasını dəyişib.

S.Dovlatov 1980-ci illərin ortalarından “The New Yorker” jurnalında dərc olunmağa başlamış, bununla da ətrafına böyük oxucu kütləsi toplamağa müvəffəq olmuşdur. Onun ABŞ və Avropada 12 kitabı çap edilib. SSRİ-nin dağılmasından sonra isə hekayələri Rusiyada da nəşr olunub.

Yazıçının sizlərə təqdim edilən “Ariel” hekayəsi  daha çox kədərli təbəssüm yaradan əsər kimi qiymətləndirilir.

 

          ARİEL

Yazıçı bağ evi kirayələmişdi. Bu, cənub tərəfdəki sıradan beşinci ev idi. Qaraqabaqlığı ilə seçilən bu şəxsin kirayələdiyi evin sağ və sol tərəflərindəki evlərdə iki yəhudi ailəsi yaşayırdı. O, sakitliyə ehtiyac duyduğu üçün dəmir yolu qovşağına yaxın yerdəki evi seçmişdi. Yazıçının adı Qriqori Borisoviç Koşitsdi.

Yay fəsli idi. Rus koloniyası (burada başqa bir ölkədə əcnəbilərin yaşadığı yer, məhəllə nəzərdə tutulur – X.N. ) adi həyat tərzi sürürdü. Ərlər evə istirahət günləri gəlirdi. Dərhal məşq paltarlarını geyinir, beysbol papaqlarını taxırdılar. Qadınlar bütün həftəni çimərlik geyimlərində, açıq-saçıq libaslarda dolaşır, çılpaq uşaqlar su kənarındakı qumluqda oynayırdılar. Kişilər göldə çimir, gündə qaralır, balıq tuturdular. Qadınlar maşınlarla alış-verişə gedirdilər. Uşaqlara nəzarət etmək və yemək hazırlamaq da onların vəzifəsi idi. Axşamlar isə deyirdilər:

– Nəsə istəyirəm, amma özüm də bilmirəm nə...

Qriqori Borisoviç qapalı yaşayırdı. Nə qaralmağı, nə də çimməyi xoşlayırdı. Onu balıq tutmağa dəvət edəndə imtina edirdi:

– Təəssüf ki, mən Heminquey deyiləm. Hətta Aksakov da ola bilmərəm...

– Əcəb adamdı da, – qonşular deyirdi.

– Çox bilir...

Yazıçı bütün günü iş başında olurdu.  Taybatay açıq olan pəncərəsindən yazı makinasının səsi gəlirdi.

Təkrar edirəm, o, ünsiyyət sevməyən, qapalı insan idi. Ondan sağda Kasperoviçlər, solda Mişkevitserlər yaşayırdı. Hər iki ailədə uşaqlar böyüyürdü. Kasperoviçlər dörd uşaqlı ailə idi. Mişkevitserlərin isə üç övladı vardı,  hələ səkkiz yaşlı qohumları Ariel də onlarla yaşayırdı.

Koloniya səs-küylü idi. Uşaqlar qaçırdı, qışqırırdı, su tapançasından atəş açırdılar. Onlardan hansısa daim ağlayırdı.

Əgər uşaqlar öz aralarında mübahisə edərdilərsə, valideynlər onların müdafiəsinə qalxardı. Dalaşdıqları zaman da ingilis dilinə müraciət edərdilər.

– Sənə göstərəcəm, Marat!

– Mən də sənə Vladlen, o key?!

Axşamlar az qala hər evin qarşısında manqal tüstülənirdi. Tranzistorlar tam gücü ilə işə salınırdı. Bağ sakinləri əllərində şüşə butulkalarla əraziləri gəzirdilər. Otların üzərində plastik stəkanlar ağarırdı.

Səs-küy dözülməz həddə çatdıqda isə yazıçı pəncərədən qışqırırdı:

– Sakit! Sakit! Ağcaqanadları oyadacaqsınız!..

Bir dəfə Qriqori Borisoviç alış-verişə yollandı. Dükanı koloniyadan beş dəqiqəlik yol ayırırdı. Buna görə də o, evə düz yarım saatdan sonra qayıda bildi.

Həmin vaxt belə bir hadisə baş verdi. Oyun oynayan uşaqlar qaçaqaçla dördüncü evə daxil olub pərdəni yerindən qopardılar. İçində ərikgülü olan bankanı yıxdılar. Kağızları ətrafa səpələdilər.

Bir azdan yazıçı geri qayıtdı. Bir dəqiqədən sonra isə qəzəbli halda evdən çıxıb qışqırmağa başladı:

– Şikayət edəcəm!.. Mənim kağızlarım!.. Yaşayış yerinin toxunulmazlığı barədə qanun var!

Bundan sonra isə:

– Henri Toroya elə həsəd aparıram ki!..

– Tipik dəlidir – qonşular dedi.

– Heç demə, onun qiymətli kağızları var imiş!

– Qiymətli kağızları! Tanrı eşqinə, Roza, güldürməyin məni!

– Ən başlıcası isə Toronu yada salaraq bizi məzəmmət eliyir. Guya mərhəmət hissimiz yoxdur...

Yazıçı daha da əsəbi və qaradinməz oldu. Artıq harasa gedərkən qapını qıfıllayırdı. Təzə asdığı pərdələr  isə pəncərənin lap aşağısına qədər uzanmışdı.

Bazar günləri koloniyada adam əlindən tərpənmək olmurdu. Ailələrin böyükləri, tanışlar, qohumlar gəlirdi. Görünür, yazıçının qohumları yox idi, elə tanışları da. Bu günə qədər cəmi bir dəfə kinokameralı gənc amerikalı onu ziyarət etmişdi.

Avqust ayı idi. Günlər əzablı dərəcədə isti keçirdi. Təkcə axşamlar sərin olurdu. Gündüz bütün koloniya gölə gedirdi. Yazıçı evdə qalırdı. Bəzən də yol boyu gəzişirdi.

Yadımdadır, günəşli, qızmar səhər idi. Koloniyada heç kim gözə dəymirdi. Qriqori Borisoviç stulu artırmaya çıxardı. Yazı makinasını dizlərinin üstünə qoydu.

Birdən balaca oğlanı gördü. O, təkbaşına, kötüyün üstündə əyləşmişdi. Yanında müxtəlif rəngli plastik oyuncaqlar vardı.

Oğlan hərəkətsiz oturmuşdu. Hətta yazı makinasının səsini eşitdikdə də çevrilib baxmadı.

Bütün bunlar təxminən on dəqiqə çəkdi. Yüngül mavi bulud bu müddət ərzində yerini cənuba doğru dəyişdi. Çinar ağacının kölgəsi azca sola tərəf hərəkət etdi.

Yazıçı nəhayət dilləndi:

– Ey, miserable (ing. zavallı, miskin – X.N.)! Sən kimsən? Adın nədir?

– Mənim? Arikdi.

Yəni Aron? Ya da Arkadi?

– Ariel – cavabı səsləndi.

– Sənin qanadların hanı bəs, Ariel? – yazıçı soruşdu.  (İzah: – Yəhudilikdə “Ariel” mələklərdən birinin adıdır – X.N.)

– Yoxdur, – oğlan qısa şəkildə, həm də təəccüblənmədən cavab verdi. – Bəs sənin?

– Başa düşmədim, mənim nə?

– Bəs sənin adın nədir?

– Mənim adım Qriqori Borisoviçdir. Etiraf edim ki, mənim də qanadlarım yoxdur...

Göldən motorlu qayıqların səsləri gəlirdi. Yazıçı soruşdu:

– Sən burda nə edirsən? Həm də niyə təksən?

Ariel:

– Mən göldə idim. Amma Anceloçka dedi ki, get burdan.

– Elə niyə?

Oğlan hazırlıqlı tərzdə, həm də qürurla cavab verdi:

– Çünki məndə bit var. Bax buna görə.

– Buna əminsən? – yazıçı makinasını yerə qoyub ona tərəf addımladı.

– Əminəm. Anam onları görəndə “dəhşət” dedi. Məni kerosinlə yuyundurdu. Məxsusən onu almaqdan ötrü Ramsdeylə getmişdik. Başımı iyləmək istəyirsən?

– İmtina eləmərəm. Həm də olduqca minnətdaram.

– Amma ehtiyatlı ol. Onlar sənin də üstünə tullana bilərlər.

Yazıçı kerosinin iyini hiss etdi. Müharibədən sonrakı uşaqlıq illərini xatırladı. Tarxovkadakı bağda keçən yayı, paravozların siqnalını... Kerosində qızardılmış oladiləri...

Ariel dedi:

– Bax mən buna görə uşaqlarla oynaya bilmirəm.

– Bəs sən onları görmüsən? – yazıçı soruşdu.

– Kimləri?

– Kimləri? Bitləri. Onlar barədə nə bilirsən?

– Heç nə. Onlar çox balacadırlar. Demək olar ki, görünmürlər.

– Bəs səncə, mikroskop nə üçün mövcuddur?

– Mikroskop nədir ki?

– Bu elə bir alətdir ki, işıqda hər şeyi böyüdür. Teleskopla bitlərə bütün günü baxmaq olar. Heyif ki, onu Nyu-Yorkda qoymuşam.

– Deməli, sən onları görmüsən?

– Əlbəttə ki. Dedim axı, bütün günü baxmışam, gözümü çəkə bilmirdim.

– Yaxşı, bəs necədilər?

– Sənə deyim ki, məndə olduqca xoş təəssürat yaratdılar. Onlar xırda, sakit, yaxşı tərbiyə görmüş cücülərdir. Göy rəngli, böyük gözləri var. Hay-küy salmırlar. Səslərini qaldırmırlar. Ən əsası isə hərəsi öz işi ilə məşğul olur.

– Hə, amma onlar dişləyirlər axı.

– Bəzən. Onların nizamını pozduqda. Necə deyərlər, özünümüdafiə qanunu ilə...

Ariel nəfəsini içinə çəkib qulaq asırdı. Qriqori Borisoviç ona balaca, çiçəklənən ölkə barədə danışdı. Qəfil eşidilən çığırtı onun sözünü kəsdi:

– Arik, sən hardasan? Toyuq donur...

– Ana, – Ariel yüngül təəssüf hissi ilə səsləndi.

Sonra isə:

– Mən hələ gəzişəcəyəm.

Cavabında eşidildi:

– Arik! Əgər anan nou dedisə, deməli nou!

– Toyuq donacaq – oğlan kədərlə təkrarladı.

– Bu cür istidə? – Qriqori Borisoviç təəccübləndi, – qəribədir... Ona qibtə eləmək olar.

– Yaxşı, mən gedim.

Bunu Ariel dedi. Yazıçı isə cavabında:

– Get, qardaş. Vaxtın olanda gələrsən...

Oğlan getdi, amma oyuncaqlarını götürməyi yaddan çıxardı. Yazıçı artırmaya keçdi. Yazı makinasını dizlərinin üstünə qoyub dikəltdi. Təmiz kağız vərəq götürdü. Adət etdiyi qorxu hissi onu bürüdü.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

 

 

Çərşənbə axşamı, 12 Avqust 2025 10:43

Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb

 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi başa çatıb. Xankəndi şəhərində təşkil olunan düşərgənin bağlanış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, natiqlər gənclərin inkişafının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, bu mühüm tədbirin onların milli kimliyinin gücləndirilməsi, diaspor şəbəkələrinin genişləndirilməsi, icmalaşma prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.

Mərasimdə düşərgə ilə bağlı geniş videomaterial göstərilib, iştirakçılara və diaspor könüllülərinə sertifikatlar, intellektual oyunların qalibi olan “Xankəndi” və “Zəfər” komandalarına hədiyyələr  təqdim edilib.

Xankəndi şəhərindən böyük təəssüratla ayrılan düşərgə iştirakçıları ilk dəfə səfər etdikləri Qarabağda unudulmaz bir həftə keçirdiklərinə, dünya azərbaycanlı gəncləri ilə bir araya gəldiklərinə görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu layihənin uzunömürlü olmasını arzulayıblar. Gənclər Qarabağın işğalı, müharibə və postmüharibə dövrü ilə bağlı müfəssəl məlumat almaq, işğaldan azad olunan ərazilərə həyatın yenidən qayıtdığını, regionda sülh və ədalətin bərpasını müşahidə etmək üçün düşərgənin böyük fürsət olduğunu dilə gətiriblər.

Düşərgə iştirakçıları, həmçinin Prezident İlham Əliyevin ABŞ-dəki görüşünü - möhtəşəm tarixi anları böyük maraq, coşqu və həyəcanla izləməsini, 61 ölkəni təmsil edən bu qədər gəncin dövlət başçısını bir arada dəstəkləməsini həyatlarının unudulmaz anı kimi xatırlayacaqlarını ifadə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızının aparıcılığı ilə keçən tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Xatırladaq ki, avqustun 3-dən 9-na kimi davam edən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə 61 ölkədən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqları təmsil edən gənclər qatılıb. Gənclərin düşərgə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin İşğaldan azad olunmuş rayonlardakı nümayəndələri ilə, diplomatlarla, ölkəmizin görkəmli mədəniyyət xadimləri və məşhur idmançılarla, şəhid ailələri və qazilərlə, Xankəndidə, eləcə də Qərbi Azərbaycanda doğulub-böyüyən ziyalılarla görüşləri təşkil olunub. Onlar eyni zamanda işğaldan azad olunan rayonlara səfər edib, Azərbaycan dili dərslərində, əyləncəli, intellektual oyun və yarışlarda, müxtəlif istiqamətli təlimlərdə biliklərini artırıblar.

Diaspor gənclərinin bundan əvvəlki yay düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin irihəcmli və uzunmüddətli layihələrindən olan Diaspor Gənclərinin Yay Düşərgələri həm ölkə daxilində, həm də diaspor arasında böyük rəğbətlə qarşılanıb, xüsusi marağa səbəb olub.

 

“Ədəbiyyat və incəsənət”

(12.08.2025)

 

55 -dən səhifə 2416

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.