ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 13 Avqust 2025 17:11

Emin Mirabdullayev əsl, olduğu kimi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, həmişə yenilik tərəfdarı olub.

Hamının görmədiyi rakurslar, pərdəarxası effektlər, epizodlar üzrə bol intriqanın qızışdırılması, zavyazka və razvyazkada müdhiş ustalıq, ən nəhayət, kulminasiyanın ən yüksək həddi…

 

Sadəcə, ölkənin kino bazarı yekcins olduğundan Eminin çəkməsi üçün film qəhətə çıxıb. Belədə, o, bütün gücünü teatra verib.

Rejissor, aktyor Emin Mirabdullayev 13 avqust 1969-cu ildə anadan olub.

2017-ci ildə Natiq Rəsulzadənin əsəri əsasında Azərbaycan Dövlət Rus Dram Teatrında Emin Mirabdullayevin rejissoru olduğu "Meme" tamaşası səhnəyə qoyulub. Eyni zamanda, Rusiyada bir neçə uğurlu işi vardır.

Emin daim axtarışda, təkmilləşdirmədədir.

İnanırıq ki, tezliklə o, arzuladığı filmi də çəkə biləcək.

 

Filmoqrafiya

1. Araqarışdıran

2. Şeytan göz qabağında

3. Kənar adamlar

4. Məşədi İbad-94

5. Bir dəfə Qafqazda

6. Halal pullar

7. Postskriptum

8. Əqrəb mövsümü "İki dünya bir olsa da"

“Ədəbiyyat və incəsənət” portal olaraq Emin Mirbdullayevi doğum günü münasibətilə təbrik edir, ona daim anşlaqlı tamaşalar və kassalı filmlər arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Ərdəbildə yaşayan Səid Sadiqifərdir.

 

 

 

Səid Sadiqifər

Ərdəbil

 

  

***

 

O qadın, şəvə saçlı

Barmağı üzüklü.

O duyğu, uca boylu

Qaradağ soylu.

O Zunuzlu, ayaqları Xiyovlu

Əlləri dərə yurdlu

Leçəyi bütöv kəpənək

Gözləri Özbək, yanaqları göyçək

O... O... O...

Sevgi nə anlayır yoxsulluğu

Bir acınacaqlı sürgünlüyü

Sevgi nə Gürcü gözəlidir

Nə də Rusiyadakı yaşıl bəbəkli qız.

Sevgi bütün xəyallara dalmaqdır

Ötəri baxış havası

Keçəri tanış mahnısı

Arxadan əsən külək təkin

Notsuz, ritmsiz

Çal ha çağırda...

O içimizdə əsnəyən mizrabsız bağlama

İstər dəniz dibində çalınsın

İstər ucsuz-bucaqsız saraylarda.

O əllərə verilən mahna

Ötüb keçən bir qavqa

Ardınca löhləyən barış sərinliyi

Və bir daha bu qatar da keçəcək.

Saniyələr, dəqiqələr gecikəcək.

Sevgilər qafiləsi duran zaman

Sonra o yenə də durağında olmalı

O yenə də durağında olmalı.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

Çərşənbə, 13 Avqust 2025 16:02

Onun bənzərsiz xarizması…

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onu digər insanlardan fərqləndirən şəxsi cazibəsi, fiziki gözəlliyini tamamlayan isə bənzərsiz xarizmasıdır. Olduqca diqqətlidir, onu sonradan utandıra biləcək heç bir rəftara yol vermir. Buna görə də, ətrafdakılar tərəfindən yalnız hörmət və ehtiram görür. O, elə parlaq fikirləri olan insandır ki, hətta qərəzli adamlar tərəfindən də təqdir edilir. Cəmiyyət içində soyuq görünə bilər, amma olduqca səmimi və insanpərvər xanımdır...

 

Müsahibələrindən birində deyir ki:- “Bu il 150 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ilk olaraq xalqını maarifləndirmək, onu dünyada baş verən ictimai, siyasi, mədəni, iqtisadi inkişafla tanış etmək və inkişaf yoluna çıxarmaq məqsədini qarşısına qoymuş və uzun illərdir ki, bu vəzifəni layiqincə yerinə yetirir. Təbii ki, bugünkü inkişaf səviyyəsinə çatana kimi mətbuatımız çox çətin, ziddiyyətli yol keçib. Uzun illər çar senzurasının amansız şərtləri altında, sonra da 70 il Sovet senzurasının "qayda-qanun"ları ilə öz fəaliyyətini davam etdirib. Çox qısa bir zaman kəsiyində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzura ləğv edildi, 1919-cu ildə "Mətbuat haqqında Nizamnamə" qəbul edildi, mətbuatımız azad fəaliyyətdə oldu. Sonrası hamıya bəllidir. Bu azadlığa Azərbaycan mətbuatı bir də 1998-ci ildə nail oldu. Senzuranın ləğvi mətbuatımızın inkişafına böyük təkan verdi. Hal-hazırda da ölkəmizdə KİV və dövlət münasibətləri yüksək səviyyədə tənzimlənib. Dövlətin mətbuata qayğısı hər an hiss olunur. Bir sıra jurnalistlərə ev verilib. KİV-lərə maliyyə yardımı hələ də göstərilir...”

 

Bəli, bu dəfəki söhbətimin qəhrəmanı Qərənfil Dünyaminqızı kimi tanınan Qərənfil Quliyevadır. O, 1964-cü ilin sentyabr ayının 13-də Qəbələ rayonunun Bum kəndində dünyaya gəlib. 1989-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində ali təhsilə yiyələnib. Dövrü mətbuatda ilk çıxışı 1974-cü ilə təsadüf edir, 1984-cü ildən isə müntəzəm çap olur. 1990-1998-ci illərdə Ədalət qəzetinin müxbiri işləyib. 1998-ci ildə BDU-da əvvəlcə dissertant olub, sonradan müəllim kimi fəaliyyətə başlayıb. 2005-ci ildə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün jurnalistikası (1918-1920-ci illər)” mövzusunda elmi iş müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2022-ci ildə isə “Azərbaycan mətbuatşünaslığının təşəkkülü və formalaşması (1900-2000)” adlı dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Hazırda BDU-nun Jurnalistika fakültəsinin, Milli mətbuat tarixi kafedrasının professorudur. 6 kitabın, 40 elmi məqalənin, 500-dən çox bədii-publisistik məqalənin müəllifidir. Xidmətlərinə görə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı və “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub...

 

“İlk yazımın 1974-cü ildə çap olunmasına baxmayaraq 1984-cü ildən müntəzəm olaraq dövrü mətbuatda çıxış edirəm. Bu il 41 il tamam oldu ki, yazı-pozu ilə məşğulam. Adətən çap olunduğum "Kaspi", "Ədalət" qəzetlərinin, "İşıq", "Füyuzat" jurnallarının kollektivinə, rəhbərliyinə, orta məktəb müəllimlərimlə yanaşı ali məktəb müəllimlərimə - bir sözlə, mənə bu yolda dəstək olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.”- söyləyir.

 

Sosial həyatında onu əhatə edən insanlarla və ya dostları ilə isti münasibət qurmağı və şirin söhbət etməyi xoşlayır. Onun sosial həyatı çox aktivdir və rəfiqələri tərəfindən ən çox axtarılan xanımdır. Amma dost seçimində diqqətlidir və yumor bacarıqları yüksək səviyyədədir. Cəmiyyətdə fəal xanım olsa da, ev həyatı onun üçün ayrı bir yerdir. Evdə ailəsi ilə vaxt keçirməyi sevir. Ümumiyyətlə, onun üçün ilk növbədə ailə gəlir. Özündən əvvəl anasının, atasının və bütün sevdiklərinin rifahını düşünür. Lazım olsa, onların yaxşı olması üçün hər bir əzaba qatlaşmağa hazırdır...

 

Deyir ki:- “Zəngin və böyük tarixi inkişaf yolu keçən milli mətbuatımızdan bu gün öyrəniləsi bir çox müsbət xüsusiyyətlər var. Heç şübhəsiz, keçilmiş yolun öyrənilməsi, dəyərləndirilməsi, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, demokratik dəyərlərin tam bərqərar olunması, cəmiyyətdə sabit, sağlam mühitin yaradılmasına və müstəqil ideyaların təbliğinə xidmət etməli, gənc müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli və ona hər an dəstək olmalıyıq. Bizim klassiklərimiz də belə ediblər. Keçmişə nəzər salaq: Azərbaycan Xalq Cümhuriyyətinin yaradanlar kimlər idi? - Onlar həm də dövrün tanınmış jurnalistləri, publisistləri idilər. M. B.Məhəmmədzadə, Ü.Hacıbəyli, Ə.M.Topçubaşov, X.İbrahim, F.Ağazadə, N.Yusifbəyli, M.Ə.Rəsulzadə və b.. Onlar yalnız bir amal, bir məqsəd uğrunda mübarizə apardılar: Müstəqil Azərbaycan uğrunda. Biz də bu gün onların bu müqəddəs amallarını davam etdirməliyik. Jurnalistika böyük ammallara xidmət etməlidir. Buna görə yenə də deyirəm ki, hamılıqla gənc dövlətimizə hər an dəstək olmalıyıq, onun irəli sürdüyü ideyaları təbliğ etməliyik. Çünki bu gün dövlətimiz tərəfindən mətbuatımıza çox güclü qayğı var. Biz də bu qayğıya layiq cavab verməliyik. Belə olarsa daha möhkəm, daha əzmkar, daha qüdrətli müstəqil Azərbaycan dövlətinə nail olmuş olarıq.”

 

Adətən, mükəmməllik axtarışı və detallara olan diqqəti ilə seçilir. Təbii analitik qabiliyyətə malikdir və hər bir vəziyyəti dərinliklə təhlil edərək, ən yaxşı qərarı qəbul etməyi bacarır. Çalışqan və məsuliyyətlidir. Üzərinə düşən vəzifələri yerinə yetirmək üçün hər zaman səy göstərir və məqsədinə çatmayınca sakitləşmir. O, həmçinin təşkilatçılıq bacarığı ilə də tanınır. Şəxsi həyatında, eləcə də işində nizam-intizamı xoşlayır və hər şeyi müəyyən bir qayda ilə etməyə səy göstərir. Onun hər sahədə uğur qazanmasının da sirri məhz nizam-intizamlı olmasındadır...

 

Bir neçə aydan sonra 70 yaşını qeyd edəcəyimiz, BDU-nun professoru, filologiya elmləri doktoru, hörmətli Allahverdi Məmmədli onu belə xarakterizə edir: “Qərənfil xanım kübar, işıqlı, elmli, zəhmətkeş xanımdır. Böyük ürəyində böyük səmimiyyət gəzdirir. Onun xarakteri bütün davranışlarında hiss olunur. Fəaliyyət göstərdiyi Bakı Dövlət Universitetində müsbət imicə, nüfuza malikdir. Müəllim yoldaşları arasında hörməti var, tələbələri onu çox sevir.   Jurnalistikada xidmətləri səmərəlidir. Əməkdar jurnalist kimi indi də mətbuatda elmi-publisistik yazılarla çıxış edir. Elmi məqalələri xaricdə nüfuzlu jurnallarda çap olunur. Elmi ictimaiyyət onun tədqiqatlarını yüksək qiymətləndirir. Amma çox təvazökardır. Bəlkə də belə olmalıdır. Axı, onun iki qoşa qanadı var: insanlığı və elmi...”

 

...Bəli, insanlıq və elmin vəhdətindən irəli gələn bu gözəlliyi onun bənzərsiz xarizması tamamlayır...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.

 

13. Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı, qəzada onlarla kəndi olan naib Hüseynəli Sultanın oğlu Həsənalı Sultan Vəkilov olmuşdur.

14. Kazım Qarabəkir paşa ilə görüşmüş, Göyçə mahalının Mollalı kəndindən olan Alçalı Aşıq Məhərrəm 1918-ci ildə Dərələyəz mahalından keçərkən 4 azyaşlı oğlu ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

15. Şərur-Dərələyəz qəzasının Ermənistanın inzibati ərazisinə çevrilməsinə etiraz əlaməti olaraq Dərələyəzin Qovuşuq kəndindən olan el ağsaqqalı İbrahim Mirzəli oğlu Nəriman Nərimanovla görüşərək bu məsələyə öz etirazını bildirmişdir.

 

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

Çərşənbə, 13 Avqust 2025 15:03

Dünyanın dörd tərəfində onun izləri vardır

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün

  

Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, professor Natiq Əliyevin  67 yaşı tamam oldu. Natiq Əliyev dünya şöhrətli heykəltaraşdır. Ümummilli lider Heydər Əliyevin Kiyevdəki abidəsinin, Şəkinin Kiş kəndində yerləşən məşhur Norveç səyyahı Tur Heyerdalın tunc heykəlinin, Bakı şəhərindəki Motsart, Zivərbəy Əhmədbəyovun heykəllərinin və “Bakı–Həştərxan dostluq abidəsi”nin müəllifidir.

 

Natiq Əliyev həmçinin, Mexikoda Xocalı, Belqrad şəhərində Heydər Əliyev, serbiyalı yazıçı Milorad Paviçin, Serbiyanin Novi-Sad şəhərində yerləşən görkəmli bəstəkar Üzeyir Hacıbəylinin, Həştərxandakı Knyaz Vladimirin, Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərinin Kral parkındakı Hüseyn Cavid abidəsinin, Ankaranın Kızılcahamam rayonunda ucaldılan Xocalı soyqırımı heykəllərinin müəllifidir.

Monumental heykəltəraşlıqla yanaşı, memorial heykəltəraşlıq da Natiq Əliyevin yaradıcılığında geniş yer tutur. Bu səpkili əsərləri arasında Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Xurşudbanu Natəvan, Cəlil Məmmədquluzadə, Şövkət Ələkbərova, İlyas Əfəndiyev Mirvarid Dilbazinin xatirə lövhələri, eləcə də Fəxri Xiyabanda yerləşən İlyas Əfəndiyev, Həqiqət Rzayeva, Cabir Novruz , Bəşir Səfəroğlu və Osman Mirzəyevin, Bəxtiyar Vahabzadənin, doktor Cavad Heyətin, Habil Əliyevin, Zəlimxan Yaqubun, akademik Cəlal Əliyevin və akademik Rəfiqə Əliyevanın məzarüstü abidələrini qeyd etmək olar. 

Xalq yazıçısı İsmayıl Şıxlının Qazax rayonu İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin qarşısında ucalan büstünün müəllifi də Natiq Əliyevdir (2021-ci il)

O, Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin Bakı şəhərində ucaldılan abidəsinin müəllifidir. (2024-cü il) 

Qeyd edək ki, professor Natiq Əliyev “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində də yaxından iştirak edir.  Həmçinin türk dünyasının böyük ozanı, aşıq sənətinin azman sənətkarı Dədə Ədalətin (Aşıq Ədalət Nəsibov) də qəbirüstü abidəsinin müəllifidir. Həyata keçirdiyi böyük və möhtəşəm işlərə görə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə heykəltəraş Natiq Əliyev 12 iyul 2018-ci il tarixdə İctimai Birliyin “Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

 

TƏrcümeyi-halına nəzər salsaq, Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1974-1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1978-1983-cü illərdə V.Muxina adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Məktəbini Fərqlənmə diplomları ilə bitirmişdir. Oxuduğu 1980-1983-cü illərdə Leninqrad Ali Rəssamlıq Məktəbinin Lenin təqaüdçüsü olmuşdur.

Onlarca monumental heykəltəraşlıq nümunələri ilə yanaşı, memorial heykəltəraşlıq əsərlərinin müəllifi olmuş Natiq Əliyev bir sıra beynəlxalq və dövlət mükafatları, fəxri adlarla də təltif olunmuşdur.

– Respublika Gənclər Mükafatının laureatı (1989).

– Rəssamlar İttifaqının “Sultan Məhəmməd” mükafatı (2000) .

– Azərbaycan Respublikasının Əməkdar rəssamı (2002).

– Azərbaycan Respublikasının Xalq rəssamı (2005).

– Rusiya rəssamlıq akademiyasının fəxri üzvü (2008).

– Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatı (2008).

– Avstriyanın I-dərəcəli “Cəngavər Ordeni.” (2015).

– “Şöhrət” ordeni (2018).

 

Natiq müəllimin ad gününə ilk təbrik də “Qazax” Xeyriyyə İctimai Birliyindən gəldi. Birliyin İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Natiq Əliyevi ad günü münasibətilə təbrik etdilər ona uzun ömür, can sağlığı, bütün işlərində uğurlar arzuladılar.

Natiq müəllim, biz sizinlə fəxr edirik!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Mənim doğum günlərindən zəhləm gedir. Bilirsiniz, ömür boyu yollarda olmuşam, müxtəlif ölkələri gəzmişəm. Kollektivimizdə də çox adam olub. Bir insana da doğum günümü bildirməmişəm və bu günü də qeyd etməmişəm. Ona görə də öz payıma danışıram, bu gündən zəhləm gedir”.

Bu gün bu sözləri söyləyən birvaxtların məşhur müğənnisi, Azərbaycan Respublikasının xalq artisti Elmira Rəhimovanın doğum günüdür

 

ElmiraRəhimova 13 avqust 1941-ciildə Bakı şəhərində anadanolub. Azərbaycan Dövlət Dillər İnstitutunu, Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 

Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib.

Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa edib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Anand adında bir oğlu və iki nəvəsi vardır.

 

Mükafatları

- "Əməkdə fərqlənməyə görə" medalı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı

- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.

 

Elmira xanımı publikaya sevdirən təkcə vaxtkı Hindistan filmlərinə alüdəçilikdən doğan hind mahnıları oxuması deyil, həm də “Tələbəlik illəri” mahnısını misilsiz tərzdə ifa etməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Məşhur fransalı rəssam Pablo Pikassonun Lump adında taksa cinsli sevimli bir iti var idi. Pikasso  öz emalatxanasında işləyəndə, o zaman yalnız Lumpın onun yanında  olmaq hüququ var idi. Üstəlik, Pikassonun sevimli iti onun emalatxanasında  istədiyi hər şeyi edə bilərdi. Onlar hətta bir yerdə - bir çarpayıda yatırdılar.

 

Rəssam öz sevimli itini dəfələrlə  rəsmlərdə, hətta çini boşqabda da  təsvir edib. Lump öz portreti ilə bəzədilmiş şəxsi boşqablarda ev sahibi ilə eyni masada yemək yeməyi çox sevirdi.

Bir gün Lump xəstələnir – onun boğazı şişir və irinləməyə başlayır. Nədənsə veterinara etibar etməyən Pikasso larinqoloqu, yəni qulaq, boğaz, burun xəstəlikləri mütəxəssisi olan məşhur bir professoru yanına dəvət edir. Həkim iti müayinə etdikdən sonra dərman yazır və müalicə kursu təyin edir. Pikasso professora səmimi təşəkkürünü bildirir və sağollaşarkən deyir:

 - Bilirsiniz, mən bu sahə üzrə görkəmli mütəxəssisə müraciət etmək istəyirdim. Mənim itim buna dəyər!

Bir neçə gündən sonra həmin professor Pikassonu yanına dəvət edir. Professor  gələn qonağa  deyir:

- Mən kabinetimi rəngləmək və bəzəmək istəyirəm. Siz mənim sifarişimi yerinə yetirə bilərsinizmi?

Pikasso professorun belə bir həyasız təklifindən heyrətə gəlir: bu necə ola bilər!?... Ondan – məşhur bir rəssamdan divarı bəzəmək üçün cızmaqaraçı sadə bir rəssamın  işini görməyi tələb edirlər!?... Zəmanəmizin ən böyük rəssamı Pablo Pikasso professorun bu  cəsarətli təklifindən sonra təəccübünü gizlədə bilmir və  bir qədər duruxub qalır.  Professor isə sözünə davam edərək deyir:

 - Bilirsiniz, mən bu sahə üzrə ən bilgili mütəxəssisə müraciət etmək istəyirdim. İnanın, kabinetim buna dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

VAQİF SƏMƏDOĞLU,

      SON GECƏDİR BU GÜN YENƏ...

 

      Son gecədir bu gün yenə,

Sabah yenə son səhər.

Son yel dolur son yelkənə,

Qayıq üzür birtəhər...

 

Axırıncı ağacdır bu,

Əsir sonuncu külək.

Bağlayıb sonuncu yolu

Yenə sonuncu fələk...

 

İndi son küçə üstünə

Yağacaq son addımlar.

Yenə dönəcəklər tinə

Sapsarı son adamlar...

 

Doğulur sonuncu insan,

Sonuncu insan ölür.

Yenə son dəfə ağlayan

Son dəfə gülən olur...

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

AzərbaycanınxalqartistiElçin Əzizovunəlavə təqdimata ehtiyacı yoxdur. Ən azı ona görə ki, dünyanın opera Məkkələrindən sayılan Moskva Böyük Tetarında misilsiz çıxışlarla rüzgarlar əsdirir.

 

Elçin Əzizov 1975-ci ilin 13 avqustunda Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK (KVN) yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olub və onlara qoşulub. Həmin il "Bakılı oğlanlar" KVN çempionu olub və 1993-cü ildə finala yüksəlib. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub. 2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazanıb.

2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və o, konsert proqramı ilə çıxış ediB. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib.

2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb. İlk dəfə Jorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zaltsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).

2008-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib. 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

 

Filmoqrafiya

- Bir dəfə Qafqazda

- Qafqaz

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Şeir vaxtında Rəbiqə Nazimqızının şeirləri təqdim ediləcək.

 

 

ŞEİR VAXTI

 

Rəbiqə NAZİMQIZI

 

 

***

 

Mənəm o pişiyin gözləri ilə

Səni qarşılayan hər səhər yolda.

Mənəm küləyindən titrəyib əsən,

Üşüyən yarpağam saralmış kolda.

 

Başını qaldırsan, məni görərsən,

Mənəm pəncərədən boylanan o qız.

Mənəm naqil üstə oturmuş sərçə,

Dua oxuyuram sənə bir ağız.

 

Bax o işıq mənəm yol kənarında,

Yanıram sağının-solunun üstə.

Mənəm, kəpənəyin qanadlarında

Qonub dayanıram qolunun üstə.

 

Başının üstündə ağ bulud mənəm,

Görməsən üzümü, qaralır qanım.

O dan yeri mənəm, o qürub mənəm,

Ağarır, qızarır, saralır canım.

 

Mənim nəfəsimdi alışqanında,

Əlində sönəcək son kibrit mənəm.

Sübhədək qalıram sənin yanında,

Səhərlə açılan ilk ümid mənəm.

 

Mənəm gözündəki həyəcan, təlaş,

Könlündə uçunan sarı siməm mən.

Sənin şairinəm – şairlərə baş,

Sən yaxşı bilirsən, axı kiməm mən.

 

 

İBRAHİM PEYĞƏMBƏRƏ

 

Nə qolları övlad həsrətiylə göynəyən Sara,

nə oğlu qucağında səhralara duşmüş Həcər anlar məni.

Yalnız sən, İbrahim,

təkcə sən bilərsən...

Mən torpağa bənzəyirəm,

yetirə də bilərəm,

gəzdirə də,

içimdə basdıra da bilərəm hər şeyi.

 

Dənizdən çox,

qarmaqdakı yemə gələn balıqların sevincinə kövrəlirəm,

balıqçının torunda inci tapmaq ümidinə ağrıyıram.

Hərdən təlxək kimi güldürürəm,

hərdən timsah kimi ağlayıram.

Saman çöpünü

çöplüyündə boğulanlara saxlayıram.

 

Mən göylərdən yox,

göylərin özünü istəyirəm,

uçmaq yox,

qucaqlamaq istəyirəm göy üzünü –

qollarım boş qalmasın deyə.

Heç nə istəmirəm,

nə borc, nə hədiyyə...

 

Mən o kişini sevirəm –

həyatı arxasınca sürüyən adamı.

Hərdən ürəyimi kükrədən,

Hərdən qollarımda kiriyən adamı...

Günahımdan qalxan düzəldirəm,

dəbilqə kimi başımda gəzdirirəm onu,

silah kimi tuşlayıram yad ünvanlara.

Mən hara, məsumluq hara...

 

Mən iki dəfə qadın oluram –

sevəndə –

dünyanı soyunub

əllərini geyinəndə sevgilimin

gizli-gizli.

Qulağımdan silinəndə başqa səslər,

təmizlənəndə...

Bir də hər ay sonu,

intizarla gözləyəndə qadınlığın haray çəkib

məni dağa-daşa salan ağrısını.

Ayıbımdan qızaranda üstüm-başım,

kirlənəndə... sevinirəm...

Bax o anda, İbrahim,

içimdən bir hiss keçir –

mən qatiləm –

bətnimdəcə doğulmamış

arzuları

parça-parça öldürürəm...

 

 

KAHİN ÜÇÜN

 

Məni nə gətirib bu dağ başına,

Kimlərdən, nələrdən keçib gəlmişəm.

Bəlkə, məhəbbətin girib yuxuma,

Sənin eşq camını içib gəlmişəm.

 

Soruşma, soruşma, kədərli kahin,

Mən də bir qurbanam, öz qurbanımam.

Qapına gəlmişəm, bir qab su gətir,

Əziyyətimi çək, döz qurbanına.

 

Bəlkə də, yanına göndərib Allah

Məni bu görkəmdə, belə biçimdə.

Qaldır gözlərini, ürəyimə bax,

Bəlkə, şeytan da var işin içində.

 

Nə məscid çağırır, nə kilsə çəkir,

Açığı, könlümdə məbəd də yoxdu.

Daha inanmağa başqa Tanrıya,

Başqa din seçməyə taqət də yoxdu.

 

Sən məni də öyrət, ay dəli kahin,

Bir parça çörəyə, bir ovuc suya.

Sən öz Tanrını sev, Tanrından çəkin,

Mən də səni sevim, dağılsın dünya.

 

Yox, yox, kirlətmərəm səni özümlə,

İtinin başını oxşasam, bəsdi.

Bu tənha komanın həndəvərində

Bircə gün, bir saat yaşasam, bəsdi.

 

Düşmək istəyərdim ayaqlarına,

Sən qoymazsan axı, bir az da... qürur.

Əlbəttə, əlbəttə, mən də adamam,

Nəyi itirsəm də, qürurum durur.

 

Bəlkə, bir az qalım, cəzamı alım,

Bu evin, həyətin işinə baxım.

Sənə su gətirim bulaq başından,

İtə yal düzəldim, pişiyə baxım.

 

Tələsmə, vaxtı var ayrılıqların,

Məni adamların yanına atma.

O qan içənlərin, söz yeyənlərin,

Ürək udanların yanına atma.

 

Saçımı, üzümü bəyənən olub,

Mənə adam kimi baxan olmayıb.

Ömrümdə şah olub, dilənçi olub,

Könlümdə nədənsə kahin olmayıb.

 

Ovcumu açmışam, Tanrı yolunda

Uzanan əlimi geri qaytarma.

İndi ki qovursan, qurbanın olum,

Mənim ölümü ver, diri qaytarma.

 

 

VUDİ ALLEN FİLMİ

 

Süd rəngli bir gecəydi,

Ya da gecəyarı.

Sönmüşdü şəhərin lampaları.

Öpüşün öldürmüşdü

Ermitajda bütün xatirələri.

Bütün xəritələr

Ayağımıza sərilmişdi.

İsti nəfəsindən gərilmişdi

Yerin oxu.

"Şeir oxu", – pıçıldamışdın mənə,

Şeir oxu...

 

Ya Venesiya idi, ya Paris,

Ya da Nyu-Yorkun mərkəzi parkında

Uzaqdan bir polis

Gülümsəyirdi bizə

bığının altında.

Medalyon düzəldirdin

Balıqqulağından.

 

İçərişəhərin bütün tinlərində

Şəkil çəkdirirdik.

Üçuq-sökük sərdabədə

Adsız bir məzar tapıb

And içirdik sözsüz-filansız,

Tanrını şahid,

Mələkləri vəkil gətirirdik.

 

Nə milad ərəfəsiydi,

Nə də Novruza yaxın.

Yuxunun yeddinci mərtəbəsiydi,

Tanrının buta paylayan çağı…

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

 

52 -dən səhifə 2416

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.