İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Ən yaxşı sevgi əhvalatını yazmışdı – “Baladadaşın ilk məhəbbəti”ni.
Ən yaxşı detektiv əsər də onun qələmindən çıxmışdı – “Ox kimi bıçaq”. Sonradan ona çəkilən “Arxadan zərbə” filmi də Azərbaycanın ən yaxşı detektiv filmi oldu.
Ən yaxşı tarixi-fəlsəfi romanın da müəllifi o idi – “Mahmud və Məryəm”in.
İlk milli-siyasi roman da onunkudur - "Ölüm hökmü".
Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində doğulub. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir:
"Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…"
Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib.
1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləyib, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olub. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilib.
1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olub. 1987-ci ildə Xaricdə yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən" Cəmiyyəti Rəyasət Heyətinin sədri, 1988-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb. 1998-ci ildə Azərbaycan nəsrinin inkişafındakı böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülüb.
1999-cu ildə Parisdə YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilən "Dədə Qorqud" simpoziumuna sədrlik edib. 1998-ci ildən Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvü idi. Elçin ədəbiyyata hekayəçi kimi gəlib, 60-cı, 70-ci illərdə bu janrın böyük ustası olaraq məşhurlaşıb, sonrakı onilliklərdə də hekayə yaradıcılığını yüksələn və məhsuldar templə davam etdirib.
Lakin 70-ci illərdə povest, 80-ci illərdə roman, 90-cı illərdə isə dram onun bədii təfəkküründə hekayə ilə ciddi rəqabətə girməklə daha çox önə çıxıb yazıçının janr axtarışlarının stabil impulslarını təyin etməklə yanaşı, yaradıcılıq yolunun mərhələlərini də müəyyən eləyib. İlk hekayəsi ("O inanırdı") 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. "Min gecədən biri" adlı ilk hekayələr kitabı isə 1966-cı ildə "Azərnəşr"də çapdan çıxıb.
1968-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. 1969–1972-ci illərdə "Açıq pəncərə" və "SOS" adlı povestlər kitabı çap olunub, "Beş qəpiklik motosikl" adlı hekayəsi 1971-ci ildə görkəmli rus tənqidçisi İqor Zolotuskinin tərcüməsində ilk dəfə Moskva mətbuatında "Drujba narodov" jurnalında nəşr olunub.
1973-cü ildə "Gümüşü, narıncı…" adlı hekayələr kitabı "Gənclik" nəşriyyatında nəşr edilib, Moskvada çap olunan "Drujba narodov" jurnalı tərəfindən ədəbi tənqidin problemlərindən bəhs edən "Tənqiddə provinsializmə qarşı" məqaləsinə görə "İlin ən yaxşı məqaləsi" mükafatına layiq görülüb. "Bu dünyada qatarlar gedər" adlı hekayələr kitabı (1974), povest, kinopovest və hekayələrinin toplandığı "Bir görüşün tarixçəsi" adlı kitab (1977) "Azərnəşr"də işıq üzü görüb.
Rus dilində ilk kitabı "Baladadaşın ilk məhəbbəti" adı ilə Moskvanın "Molodaya qvardiya" nəşriyyatında 1975-ci ildə nəşr edilib. "Talvar" hekayəsi 1977-ci ildə "Smena" jurnalının (Moskva) "İlin ən yaxşı hekayəsi" mükafatını alıb, 1978-ci ildə "Bir görüşün tarixçəsi" povesti "Sovetskaya literatura" jurnalında çex dilində çap olunub.
Elçin "Günay, Yalçın, Nigar, bir də Səlim" (1979), "Tənqid və ədəbiyyatımızın problemləri" (1981), "Bülbülün nağılı" (1983), iki cildlik "Seçilmiş əsərləri" (1987), "Bülbül" (1987), "Klassiklər və müasirlər" (1987), "Şuşaya sis çökdü" (1991, Türkiyə), "Ömrün son səhəri" (1993), "Özümüz və sözümüz" (1993), "Məmməd Əmin Rəsulzadə" (1994), "Şuşa dağlarını duman bürüdü" (1995, Türkiyə) və s. kitabların müəllifidir.
Müasir mövzular ustası kimi tanınan yazıçı 1980-ci illərdə gözlənilmədən tarixə müraciət edir, folklordan bəhrələnərək fəlsəfi-romantik "Mahmud və Məryəm" romanını oxucuların ixtiyarına verir. "Mahmud və Məryəm" romanı ilə Elçin yaradıcılığının ikinci mərhələsi başlayıb, bir-birinin ardınca "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanları yaranıb. "Mahmud və Məryəm" 1982-ci ildə "Azərbaycan" jurnalında, 1983-cü ildə isə kitab şəklində "Yazıçı" nəşriyyatında çap olunub.
Roman, akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, "altmışıncılar"ın folklora ideya-estetik münasibətinin klassik nümunəsidir. 1984-cü ildə Elçin ikinci romanını – "Ağ dəvə"ni yazıb çap etdirib və bu əsərlə yazıçı orta əsrlərə "səyahət"dən XX əsrə – onun üçün ümumən səciyyəvi olan "məhəllə" mövzusuna qayıdıb. 1990-cı ildə "Ağ dəvə" romanı rus dilində Moskvada "Sovetskiy pisatel" nəşriyyatı, 2000-ci ildə Almaniyanın "Dağeyli" və İsveçrənin "Union" nəşriyyatları tərəfindən nəşr edilib.
"Ölüm hökmü" (1984–1988) milli müstəqillik ərəfəsində Azərbaycan ədəbi-ictimai təfəkkürünün artıq tarixə çevrilməkdə olan "sovet dövrü"nə analitik siyasi-ideoloji münasibətinin həm kəmiyyət, həm də keyfiyyətcə ən miqyaslı təzahür-reaksiyası, ilk milli siyasi romanıdır. 1995-ci ildə Azərbaycan Milli Kitabxanasında Rusiyanın "Sovremennıy pisatel" nəşriyyatında çapdan çıxan romanın təqdimat mərasimi keçirilib. Roman 2010-cu ildə Moskvada audiokitab şəklində buraxılıb.
Audiokitab S. Averkiyevin ümumi rəhbərliyi və A. Solovyevin rejissorluğu ilə məşhur rus artistləri V. Larionov, L. Durov, A. Parra, V. Boçkarev, G. Sayfulin və L. Strijenovanın bədii qiraətində hazırlanıb. Akademik Nərgiz Paşayeva yazır: "Elçinin "Ölüm hökmü" romanı Azərbaycan nəsrində repressiyanın qanlı dəhşətləri haqqında yazılmış ilk əsər deyil, lakin ilk dəfə məhz bu əsərdə 1937-ci il uzaqdan və yaxından, tarixdən və müasirlikdən, sənədlərdən və reallıqdan tam və mükəmməl, dolğun və ədalətli şəkildə əks olunur."
2004-cü ildə Ermənistanın təcavüzü nəticəsində xalqımızın düçar olduğu ağır qaçqınlıq həyatından bəhs edən "Bayraqdar" povesti "Qapp-Poliqraf" nəşriyyatında çap olunub. Kitaba akademik Nərgiz Paşayevanın "Kədərin yaratdığı əsər (Xalq yazıçısı Elçinin "Bayraqdar" povesti haqqında düşüncələri)", "Qaçqınlar" silsiləsindən: "Qarabağ şikəstəsi" (Fransız ətri və Ağadadaş ilə Balacaxanımgilin Qırmızı xoruzunun bəy axtarışı haqqında hekayə) və Bayraqdar (Eysebionun faciəli ölümü haqqında kədərli povest) daxil edilib.
Elçinin müasir postmodernizm ədəbiyyatının parlaq nümunəsi hesab olunan "Baş" adlı psixoloji-fəlsəfi romanı 2015-ci ildə "Qanun" nəşriyyatında çap olunub. Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən roman A. Mustafazadənin tərcüməsində rus dilində də nəşr edib.
"Baş" romanı yazıçının bundan əvvəl qələmə aldığı fərdi üslubunu bir daha nümayiş etdirib və bu nümayiş bir qədər də yeni naxış və cizgilərlə müşayiət olunub. "Mahmud və Məryəm"dəki, "Ölüm hökmün"ndəki bədii sənətkarlıq, yüksək dil mədəniyyəti, təsvir etdiyi obrazların daxili, psixoloji aləmini incəliyinə qədər əks etdirmək məharəti "Baş"da bütün parlaqlığı ilə üzə çıxıb.
2018-ci ildə Türkiyə Respublikasının ən nüfuzlu nəşriyyatlarından biri olan "İş Bankası Kültür Yayınları" bu romanı nəfis şəkildə, kitabın sonunda əsərdə cərəyan edən hadisələrlə bağlı geniş şərhlərlə və türk dilinə Azad Ağaoğlunun tərcüməsində çap edib. 2018-ci ili 2 iyunda M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında ərəb dilində nəşr edilən "Baş" romanının təqdimatı keçirilib.
Elçinin əsərləri dünyanın bir çox dillərinə — ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və s. tərcümə edilib.
Elçin ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, Hollandiya, Çin, Belçika, İspaniya, Yunanıstan, Lüksemburq, İsveç, İsveçrə, Danimarka, Ukrayna, Polşa, Özbəkistan, Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, İraq, Avstriya, Qazaxıstan, İran, Qana, Səudiyyə Ərəbistanı, Rumıniya, Macarıstan, Gürcüstan, Tunis, Pakistan və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.
Filmoqrafiya
- Əllər və rənglər (film, 1974)
- Ömrün səhifələri (film, 1974)
- Alıcının sərgüzəşti (film, 1976)
- Arxadan vurulan zərbə (film, 1977)
- Dantenin yubileyi (film, 1978)
- Gözlə məni (film, 1980)
- Şəlalə (film, 1981)
- Gümüşü furqon (film, 1982)
Mükafatları
1. Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
2. "Lenin komsomolu" mükafatı
3. Azərbaycan SSR əməkdar incəsənət xadimi
4. "Şərəf nişanı" ordeni
5. "Literaturnaya qazeta"nın "Xüsusi mükafatı"
6. "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı
7. "İstiqlal" ordeni
8. "Şərəf" ordeni
9. Cəfər Cabbarlı mükafatı
10. "Şöhrət" ordeni
11. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Elçin Əfəndiyev 3 avqust 2025-ci ildə, 82 yaşında vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.05.2026)


