Bu gün Bakı İdman Sarayında ölkənin və regionun bu formatda yeganə layihəsi olan 5-ci Uşaq Kitab Festivalının açılışı olacaq. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ANAİB-in təşkilatçılığı ilə baş tutacaq və mayın 17-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, festivalın əsas məqsədi uşaqlarda mütaliəyə marağın artırılması, milli-mənəvi dəyərlərin təbliği və onların müxtəlif dünya mədəniyyətləri ilə tanış edilməsidir.
Festival çərçivəsində “Milli Geyimlər Günü”, “Peşələr Günü”, “Beynəlxalq Gün” və “Nağıl Qəhrəmanı Günü” adlı xüsusi tematik günlər təşkil olunacaq.
Festival proqramı çərçivəsində tanınmış uşaq yazıçıları ilə görüş və imza mərasimləri, yeni nəşrlərin təqdimatları, mədəniyyət və incəsənət nümayəndələri ilə görüşlər təşkil ediləcək. Bununla yanaşı, uşaqların ifasında mahnı və rəqs nömrələri, səhnəciklər, nağıl saatları və müxtəlif əyləncəli şou proqramlar nümayiş olunacaq.
Layihə çərçivəsində 70 min ədəd xüsusi hazırlanmış kitab daxılı çap edilərək uşaqlara hədiyyə olunub. Bu təşəbbüs ölkədə uşaq ədəbiyyatına marağın artırılmasına və uşaq nəşriyyatlarının inkişafına mühüm töhfə verib.
5-ci Uşaq Kitab Festivalı uşaqları, valideynləri, müəllimləri və nəşriyyatları bir araya gətirərək kitab, yaradıcılıq və mədəniyyət bayramına çevriləcək.
“Ədəbiyyat və incəsənət”
(13.05.2026)


