ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Qazaxın Yuxarı Salahlı kəndi Azərbaycan mədəniyyəti xəzinəsinə Molla Pənah Vaqif və Səməd Vurğun kimi iki inci bəxş etmişdir. Səməd Vurğunun isə iki dahi davamçısı var – Xalq yazıçısı Yusif Səmədoğlu və Xalq şairi Vaqif Səmədoğlu.

Bu gün Yusif Səmədoğlunun anım günüdür.

 

Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olub.

Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilib.

 "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü, baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, "Ulduz jurnalının baş redaktoru, "Azərbaycan" jurnalının baş redaktoru vəzifələrində işləyib.

Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" kitablarının müəllifi olub. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırıb.

 

Əsərləri:

Qətl günü, Xəzri, Yaddan çıxmış sözlər, Gözlər, 220 №-li otaq, Güllər, Saat işləyir, Simurq quşu, Qalaktika, Soyuq daş, Beşik, 46-cı ilin oyunları, Foto-fantaziya, Astana, Bayatı-Şiraz, İncə dərəsində yaz çağı.

 

Filmoqrafiya:

 

- Axırıncı maqın sonu

- Azərbaycan SSR

- Böyük tamaşa

- Cəlil Məmmədquluzadə

- Çiçək yağışı

- Dostluq məşəli

- Səməd Vurğun

- Foto "Fantaziya"

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Şöhrət" ordeni

- "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı

 

İctimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi çəkilib. Filmin Rejissoru Namiq Ağayevdir.

Yusif Səmədoğlu 1998-ci il avqustun 16-da vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2025)

Şənbə, 16 Avqust 2025 12:40

Bu günün adı – BƏXTİYAR VAHABZADƏ

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Həqiqətən də o, Azərbaycanın böyük şairidir. Sovetlərin qılıncının dalı da, qabağı da kəsən dönəmdə “Gülüstan” poemasını yazaraq Azərbaycanın rusların və farsların arasında bölündüyü barədə cəsarətlə var çəkmişdi...

 

Azərbaycan SSR xalq şairi Bəxtiyar Vahabzadənin bu gün 100 illiyidir. O, 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub.

1934-cü ildə 9 yaşı olduğunda onun ailəsi Bakıya köçüb. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb.  Universitetin aspiranturasında saxlanıb, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O zamandan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur.

 "Mənim dostlarım" adlı ilk kitabında toplanan lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxan xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilib. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etməklə yanaşı müntəzəm ədəbi-tənqidi məqalələr yazıb. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb. 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan MEA-nın müxbir üzvü, sonra həqiqi üzvü, 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü olub.

Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenləri ilə təltif olunub.

 

 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olub. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanan Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər).

Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirib.

70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib. Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının Belarusdakı səlahiyyətli və fövqəladə səfiri işləyib. Şairin ən məşhur əsərləri isə "Allah" və Vətəndir".

 

Kitabları

1. Mənim dostlarım

2. Bahar

3. Dostluq nəğməsi

4. Çinar

5. Sadəlikdə böyüklük

6. Açılan səhərlərə salam

7. Pyeslər

8. Payız düşüncələri

9. Muğam

10. Sadə adamlar

 

Filmoqrafiya

- Azərbaycan naminə

- Bakı bağları

- Mirzə Babayev

- Bəxtiyar Vahabzadə

- Muğam

- Mətbuat fədaisi

- Qisas

- Qızlar

- Habil Kaman

- İstiqlal şairi

 

Mükafatları

1. "Azərbaycan SSR xalq şairi" fəxri adı

2. SSRİ Dövlət mükafatı

3. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

4. Azərbaycan SSR Dövlət mükafatı

5. "Oktyabr inqilabı" ordeni

6. "Əmək veteranı" medalı

7. "İstiqlal" ordeni

8. "Qırmızı əmək bayrağı" ordeni

9. "Ləyaqət" ordeninin komandor dərəcəsi (Rumıniya)

10. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. Bakı, Şəki, Qobustan və Ağcabədi şəhərlərində mərkəzi küçələrdən biri Bəxtiyar Vahabzadənin adını daşıyır. Bakı, Sumqayıt, Şəki və Yevlax şəhərlərində Bəxtiyar Vahabzadənin adını daşıyan parklar salınıb. 31 avqust 2018-ci ildə Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı olub.

21 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidenti Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Türkiyənin Adana şəhərində Sosial Elmlər Liseyi, Elazığ şəhərində bir mərkəzi küçə və Konya şəhərində bir park Bəxtiyar Vahabzadənin adını daşıyır. Serbiyanın Belqrad şəhərində mərkəzi küçələrdən biri Bəxtiyar Vahabzadənin adını daşıyır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2025)

Azərbaycan xalqınınmilli-mənəvi sərvətləri, tükənməz xəzinəsi sırasında muğam əhəmiyyətli yer tutur. İldən-ilə bu sənəti sevənlərin sayı artır, heyranları çoxalır. Xüsusilə qeyd etməyə dəyər ki, dövlət tərəfindən də muğama lazımi dəstək verilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun muğam layihələri - "Qarabağ xanəndələri" albomu, "Muğam ensiklopediyası", "Muğam irs" və s. bu sahədə çox böyük rol oynayır. Həmin layihələrin sırasında "Muğam” televiziya müsabiqəsinin öz yeri var. Müsabiqə neçə-neçə gənc ifaçının yoluna işıq salıb, onların istedadının cilalanmasında, tanınmasında, sənət yoluna çıxmasında müstəsna rol oynayıb.

IX “Muğam” televiziya müsabiqəsinin finalçısı Əhəd Ağayev də belə istedadlardan biridir. O, muğam sənətində ilk addımlarını atır.

 

 

“Qarabağ şikəstəsi”ndən başlanan uğur hekayəsi

 

Ağdam Muğam Mərkəzinin açılışında bir qrup gəncin ifa etdiyi “Qarabağ şikəstəsi” dağıdılıb viran qoyulmuş şəhərdə həyatın yenidən başlanmasının simvoluna çevrildi. Bu, təkcə musiqi nömrəsi deyildi, həm də zamanın səsi, yaddaşın oyanışı idi. Uşaqların səsləndirdiyi muğam ürəklərə kövrəklik ələdi, həmin anların şahidi olan hər kəsin qəlbində titrək duyğular oyatdı. Onların ifası sanki illərlə susdurulmuş torpağın danışması, boşalmış yurd yerlərinə qayıdışın harayı idi.

Əhədi ilk dəfə onda gördük, onda kəşf etdik. Az bir vaxtdan sonra o, IX “Muğam” televiziya müsabiqəsindəki çıxışı ilə yenidən minlərin, milyonların sevimlisinə çevrildi. Səhnədə özünü aparması, düzgün tələffüzü, ən başlıcası səsinin imkanlarından düzgün istifadə etmək qabiliyyəti onu həmyaşıdlarından fərqləndirir. Şübhəsiz ki, bütün bunlar Əhədin istedadından xəbər verir. Amma onu da demək lazımdır ki, onun kiçik sinəsində böyük ürək döyünür. Əgər belə olmasaydı, o, muğamı böyüklər kimi oxumazdı. Onun bir fərqli cəhəti də var: öz üzərində işləməsi, hər xırda detalın üstündə saatlarla vaxt sərf etməsi və bundan yorulmaması. Elə bu keyfiyyətlərinə görə onu həmyaşıdlarına nümunə hesab etmək olar.

 

Əhəd Ağayev əslən Ağdamın Sarıhacılı kəndindəndir. Müşfiqabad qəsəbəsində köçkün şəhərciyində yerləşən Gülablı kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə üçüncü sinif şagirdidir.

Atası Mehdi AzərTAC-ın müxbiri ilə söhbətində Əhədin uşaqlıqdan muğam, xalq və bəstəkar mahnılarını zümzümə etməyi xoşladığını deyir: “El arasında deyildiyi kimi, Qarabağda oxumayan, zümzümə etməyən adam çox az olar. Əhəd də uşaq vaxtından bəzi mahnı və təsnifləri zümzümə edirdi. 5 yaşı olanda “Xudayar təsnifi”ni oxudu. Getdikcə onda olan bu həvəsin ötəri olmadığını hiss elədik və bundan sonra onu Gülablı kənd Uşaq Musiqi Məktəbinə apardıq. Məktəbin direktoru Aygün Hüseynova və məktəbin müəllimi xanəndə Humay Məmmədova ona qulaq asandan sonra məktəbə qəbul etdilər. Elə bununla da Əhədin sənət yolu başladı. Onların xeyir-duası ilə çıxdığı yol uğurlu oldu. Sonra Habil Məmmədovun qrupuna qatıldı. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən IX “Muğam” televiziya müsabiqəsi elan olunanda Əhədin sənədlərini təqdim etdik. Müsabiqənin seçim turunda münsiflər heyəti onu da ilk onluğa daxil etdilər. Əhədin də onların sırasında olması bizi çox sevindirdi”.

 

 

Ağdam, Qarabağın toy otağısan...

 

IX “Muğam” televiziya müsabiqəsinin finalçılarından olan Əhəd Ağayev hazırda yarışmanın son mərhələsinə böyük həvəs və inamla hazırlaşır. Məşqarası onunla qısaca söhbət edirik. O deyir: “Müsabiqə mübarizə meydanıdır. Təbii ki, hər kəs qalib gəlmək istəyir. Lakin əsas məsələ muğamları düzgün, dəqiq və şirin səslə oxumaqdır. Bunun üçün çoxlu çalışmaq lazımdır. Axı müsabiqədə qalib gəlmək, mərhələləri adlamaq üçün səsdən başqa qəzəlləri də mükəmməl öyrənmək lazımdır. Qəzəlləri öyrənəndə o qədər oxuyub təkrarlayıram ki, bəzən gecələr yatanda yuxuda da qəzəlləri sayıqlayıram. Mənim üçün mükəmməl və düzgün öyrənmək hər şeydən vacibdir”.

Onu da deyək ki, 9 yaşlı Əhəd Ağayev “Muğam” televiziya müsabiqəsində ilk ifası ilə hamının ürəyini fəth elədi. O, müsabiqəyə qədər Ağdam Muğam Mərkəzinin açılışında iştirak edib və ata yurdunda olmaq onun qəlbində xoş duyğular oyadıb: “Atam Ağdam, onun gözəllikləri, havası-suyu, adamların musiqiyə olan marağı barədə mənə çox danışmışdı. İlk dəfə doğma yerlərə qədəm qoyanda qəlbimdən qəribə hisslər keçdi. Necə deyərlər, torpaq məni özünə çəkdi. Bir mahnıda deyildiyi ki, Ağdam Qarabağın toy otağıdır. Elə bildim ki, bu yerlərdə doğulmuşam. Xoşbəxtlikdən oradakı ifam da yüksək dəyərləndirildi və bu, məni çox sevindirdi. Həmçinin tanınmış muğam ifaçıları ilə eyni səhnəni bölüşmək də qürurverici hiss idi. Bunlar mənin növbəti uğurlarım üçün bir başlanğıc oldu. Muğam müsabiqəsində ilk dəfə “Qaçaq Nəbi” xalq mahnısını və “Segah” muğamını ifa etdim. Tamaşaçıların gur alqışlarından hiss etdim ki, ifam yaxşı alınıb. Yeri gəlmişkən, məni həm Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışa, həm də “Muğam” televiziya müsabiqəsinə hazırlayan müəllimim, Əməkdar artist Təyyar Bayramova minnətdarlığımı bildirirəm”.

 

 

Türkmənistanda Azərbaycan zənguləsi

 

Balaca xanəndənin müəllimi Təyyar Bayramovla da həmsöhbət olduq. “Əhəd özünəməxsus səs tembrinə malikdir. Yaşının az olmasına baxmayaraq, muğamları çox gözəl mənimsəyib və daim öz üzərində ciddi işləyir. Böyük muğam aləminə qədəm qoymaq üçün gərək çox şey mənimsəyib öyrənəsən. Ona görə vaxtaşırı ona lazımi tapşırıqlar verirəm. “Muğam” televiziya müsabiqələri də çoxlu yeni və maraqlı səslərin kəşf edilməsinə yol açır. Bu, həm bizi, həm də xalqımızı sevindirir. Muğama yeni səslər, yeni nəfəslər gəlir, bu da onun inkişafına böyük töhfə verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynayır”, - deyə Əməkdar artist bildirib.

Söhbət əsnasında onu da öyrənirik ki, Əhəd Ağayev ölkəmizi beynəlxalq tədbirdə də təmsil edib. O, Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri”nin iştirakçılarından olub. Tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim etmək məqsədi daşıyıb. “Azərbaycan Milli Günü” münasibətilə Azərbaycan incəsənət ustalarının iştirakı ilə qala-konsertdə ifası onun beynəlxalq tədbirdə ilk çıxışı olub.

 

 

Qarşıda onu böyük imtahan gözləyir

 

Bir neçə müsabiqədə mükafatlar qazanan Əhəd Ağayev deyir ki, ən çox sevdiyi muğam “Qatar” və “Şahnaz” muğamlarıdır.

Bu il 20 illiyi qeyd olunacaq “Muğam” televiziya müsabiqəsinin iştirakçıları klassik və müasir Azərbaycan şairlərinin qəzəllərini muğam şöbələri üzrə səsləndirir, həmçinin xalq mahnıları, təsniflər və zərb-muğamları ifa edirlər. Hər yeni görüş, həm də onlar üçün yeni bir başlanğıc olur. Bu il 9-cu dəfə keçirilən və may ayında start verilən IX “Muğam” televiziya müsabiqəsi artıq yekunlaşmaq üzrədir. Avqustun axırlarında müsabiqənin final konsertinin keçirilməsi və qaliblərin mükafatlandırılması nəzərdə tutulub. Müsabiqənin finalçılarından olan Əhədlə söhbətimizə yekun vurmağa çalışırıq, çünki məşqə tələsir. Hansı muğam parçasını ifa edəcəksən sualına isə belə cavab verir: “Bəli, müsabiqənin ən həyəcanlı məqamına gəlib çatırıq. Dörd aydan çoxdur ki, bu həyəcanı hər bir çıxış zamanı yaşayırıq. Hər ifamıza görə münsiflərdən yüksək bal almağa çalışmışıq. Onların hər tövsiyəsi, iradı, göstərdiyi yol bizim üçün çox dəyərlidir. Mən finalda "Şikəsteyi-fars" təsnifini və “Qaçaq Nəbi” xalq mahnısını ifa edəcəyəm. Çox istəyirəm ki, finaldakı ifam da onların yüksək qiymətinə layiq olsun”.

Əhəd bizimlə sağollaşıb ayrılır. Qarşıda onu gərgin məşq, öz üzərində daim çalışmaq, çətin sınaq, böyük imtahan gözləyir. Bir də onlardan doğan uğurlar...

 

AzərTAC-ın materialları əsasında hazırlanmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu günlərdə sosial mediada maraqlı bir xəbər tirajlandı: Azərbaycanın təhsil mühitində mühüm bir yenilik reallaşır. Sabunçu rayonunda yerləşən Hədəf Liseyi Stars campus ərazisində ölkəmizin ilk Açıq Hava Kamil İnteraktiv Elm Mərkəzi fəaliyyətə başlayır.

Təfərrüatları öyrənmək üçün layihənin rəhbəri, Hədəf Liseyinin qurucu direktoru, dosent Şəmil Sadiqə müraciət etdik.

 

Şəmil Sadiq bildirdi ki, mərkəzdə 20-yə yaxın interaktiv elmi eksponat qurulacaq və əsas məqsəd məktəblilərin elmi toxunaraq, edərək və əylənərək öyrənməsini təmin etmək olacaqdır.

Elm Mərkəzində fizika, kimya, riyaziyyat, biologiya, informatika kimi fənlərə aid böyüdülmüş, real işlək konstruksiyalar təqdim olunacaq. Mərkəz təkcə liseyin balabilgələri üçün deyil, həftə sonları digər məktəblilər və ziyarətçilər üçün də açıq olacaq. Eksponatlar ziyarətçilərə klassik dərs mühitindən kənarda, açıq havada elmin gözəlliyini və prinsiplərini təcrübə yolu ilə öyrənmək imkanı yaradacaq.

 

Şəmil müəllim burada təqdim ediləcək bəzi nümunələri də açıqladı::

 • Şaquli momentum – enerji və hərəkət miqdarının qorunması qanunlarını nümayiş etdirən mexaniki qurğu;

• Nyuton beşiyi – təsir və əks-təsir qanununun vizual izahı;

• Maye dinamikası – girdabların əmələgəlmə prosesini əyani göstərən qurğu;

• Səsli borular – akustikanın əsas prinsiplərini izah edən musiqili təcrübə;

• Səsin səyahəti – səsin havada yayılma sürətini hiss etdirən interaktiv model;

• Pifaqor modeli – məşhur riyazi teoremin vizual təqdimatı;

• Avtomobil qaldırıcı – mexaniki üstünlüyün gündəlik həyatda tətbiqini göstərən eksponat;

• Böyük qulaq – səs dalğalarının fokuslanma prinsiplərini nümayiş etdirən parabolik səth;

• DNT modeli – həyatın genetik kodunun ikili spiral quruluşunun təsviri.

 

Şəmil Sadiq layihə barədə fikrini belə yekunlaşdırdı: “Elm yalnız kitab səhifələrində deyil, həyatın özündədir. Biz istəyirik ki, uşaqlar sadəcə oxumasın, görsün, toxunsun, hiss etsin. Bu mərkəz elmin əyləncəli və əlçatan olduğunu göstərmək üçün yaradılıb”.

Sonda oxucularımıza bildirirəm ki, yeni mərkəz Azərbaycanın elmi maarifləndirmə sahəsində ilk açıq hava konseptli təcrübə məkanı olmaqla yanaşı, həm də regionda məktəblilər üçün innovativ təhsil modelinə nümunə olacaq. Açılış mərasimi sentyabrın 12-də baş tutacaq və ictimaiyyət üçün açıq olacaq. Ünvan isə belədir: Hədəf Liseyi Stars campus  / Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 3.

 

Uğurlar, Şəmil müəllim, uğurlar, hədəfçilər. Ölkəmiz üçün, balalarımız üçün xeyirli olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

 

Xalq yazıçısı Kamal Abdullanın aforizmlər və seçilmiş fikirlər toplusu olan “Seçmələrin seçməsi – Qranulalar” kitabı Almaniyada alman dilində çap olunub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Epubli-Pem” nəşriyyatında işıq üzü görək kitabı alman dilinə H. Hermann Kiel tərcümə edib.

 

Kitabda müəllifin uzun illər ərzində yazdığı şeir, esse, pyes, hekayə, roman, publisistika və elmi məqalələrdən seçilmiş, “qranula” – yəni mətnin cövhəri hesab olunan fikirlər ilk dəfə ayrıca şəkildə təqdim olunur.

Müəllif kitabın “Ön söz”ü kimi “Məni sevən oxucuma son hədiyyəm” başlığı altında aşağıdakı fikirləri oxuculara ünvanlayır:

“İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir”.

Kitabın redaktoru Orxan Aras əsər üçün yazdığı “Ön söz”ündə bu nəşrin gənc nəslin mənəvi formalaşmasında əhəmiyyətini vurğulayıb: “Kamal Abdulla kimi təcrübəli yazıçının keçmişdən bu günə toplayıb ötürdüyü aforizmlər gənclər üçün xüsusilə önəmlidir. Bu kitabda təkcə onun öz əsərlərindən vacib dialoqlar deyil, həm də onların sevgisini yenidən alovlandıran qlobal incəsənət hərəkatları haqqında bəzi dəyərli sitatlar var”.

Kitabda yalnız müəllifin əsərlərindən deyil, əvvəlki nəşrlərdə yer almayan yeni nümunələr də təqdim olunub. Eyni zamanda, əhvalat və mövzuya uyğun olaraq Kamal Abdullanın sevdiyi yazıçı və şairlərin şeirləri, misraları və fikirləri də kitabda yer alıb.

Bu nəşr Azərbaycan ədəbiyyatının seçilmiş fikirlər vasitəsilə beynəlxalq auditoriyaya təqdim edilməsi baxımından mühüm hadisə hesab olunur.

Qeyd edək ki, “Seçmələrin seçməsi – Qranulalar” kitabı Bakıda 2024-cü ildə işıq üzü görüb.

Müəllifi kitabı yazmağa ruhlandıran imzalar Xalq şairi Ramiz Rövşən, akademik Rafiq Əliyev, Nazim Müzəffərli və Fərhad Təhməzlidir.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 Heç kim mənim bu fikrimdən əndişələnməsin: Azərbaycanda dahilər olub, bu gün də var. Onlardan biri də “Real” televiziyasının rəhbəri Mir Şahin Ağayevdir. Bunu sübut etməyə ehtiyac varsa, qoy deyim. Amma, əvvəlcə “DAHİ” kəlməsinin kimlərə şamil olunduğunu izah etmək istəyirəm. Kimdir dahi? Xüsusi bir sahədə istedadı və ya biliyi ilə seçilən, yenilikçi və ya böyük nailiyyətlər əldə edən şəxs. Yəqin ki, Mir Şahin Ağayevin bu kriteriyalara uyğun gəldiyini ağıllı adamlar danmaz. O ki qaldı onun baniliyinə, bəli, Mir Şahin Ağayev həm də banidir. Bəs BANİ kimə deyilir? Bir şeyin əsasını, bünövrəsini qoyan, təsis edən, bina edən, tikən, quran, yaradan kəsə. Real televiziyasını o, yaratmayıbmı?..

Nə isə, bu dəfə sizə Mir Şahin Ağayevdən deyil, bu dahi insanın rəhbərliyi və təlimləri altında uzun illər jurnalist kimi çalışan bir insandan söhbət açmaq istəyirəm. Axı, avqustun 16-sı onun 50 yaşı tamam olur. Söhbət əməkdar jurnalist, teleaparıcı Mahir Məmmədlidən gedir...

 

O, 1975-ci ilin qızmar yay günlərindən birində Gəncə şəhərində dünyaya gəlib. Qәrb Universitetinin politologiya ixtisasına qәbul olunsa da, sonradan öz istәyi ilә Gәncә Dövlət Universitetinin Hüquq fakültәsinә köçürülüb və oranı müvəffəqiyyətlə başa vurub. Amma öz ixtisası üzrə işləməyib. Çünki hələ ali mәktәbә qәbul olunmamışdan öncə jurnalistika sahәsindә çalışdığı üçün, gələcəyini bu sahədə görüb. Və ANS-in bölgə müxbiri kimi işini davam etdirib. Hazırda Real Tv-nin baş redaktorunun müavinidir...

 

Deyir ki:- “1990-1991-ci illәrdә Gәncәdә orta mәktәbdә oxuyanda Rauf Arifoğlu ilә tanış olduq. O vaxt “Yeni Müsavat” Gәncәdә gizli çap olunurdu. Qәzetdә Rauf bәyә yardım edirdim. Elә o vaxtdan jurnalistikaya marağım yarandı. 1992-ci ildә artıq “Yeni Müsavat” Bakıya köçmüşdü. Orta mәktәbi bitirdim vә Rauf Arifoğlu mәni Bakıya işlәmәyә dәvәt etdi. Bununla da peşәkar jurnalistikaya yaxınlaşmış oldum vә Bakıya gәlәrәk qәzetlәrdә işә başladım. 1992-ci ildә test üsulu ilә qәbulun ilk ili idi. Mәn test üsulu ilә qәbula yox, adi qaydada imtahanlara hazırlaşmışdım. Gәncәdә tarix fakültәsinә qәbul olunmaq istәyirdim. Bakıda oxumaq fikrim yox idi. Amma iş elә gәtirdi ki, mayda hakimiyyәt dәyişdi, demokratik qüvvəlәr yeni qaydalar tәtbiq etdilәr. Hәmin il qәbul imtahanları sentyabra qәdәr lәngidi. İyulda isә Qәrb Universitetinә qәbul keçirilirdi. İmtahan verdim vә qәbul olundum. Universitet ürәyimcә idi. Amma orada jurnalistika fakültәsi yox idi. Bu sahәyә daha yaxın olan politologiya vә sosiologiya fakültәsini seçdim. Hәm dә hesab edirәm ki, yaxşı jurnalist olmaq üçün jurnalistika fakültəsini bitirmәk vacib deyil. Jurnalistika sonradan öyrәdilәn şey deyil, istedad mәsәlәsidir, qanda olsun gәrәk. Ötən müddət ərzində çox mətbu orqanda çalışmışam. Әn tanınmışlarını deyim: “Yeni Müsavat”, “Cümhuriyyәt”, “Ekspress”, “Günaydın”, “Mәrkәz” qәzetlәri, Space, ANS, APA televiziyaları. Amma karyeramın әn uzun dövrünü “Yeni Müsavat” vә ANS-dә keçirmişәm. Yaşım 50-yə yaxınlaşıb vә ömrümü jurnalist kimi bitirmәkdә qәrarlıyam. Tәbii ki, qismәt olsa...”

 

Ayıq, hazırcavab, çevik və bacarıqlı insandır. Mülayim, sakit, zərif və diqqətli olması ilə yanaşı, cəld, xeyirxah, səbirli və çox məsuliyyətlidir. Bəzən öz fikirlərini başqalarına açıqlamaq istəməsə də, reallıqdan qaçmır. Dostlarına qarşı həmişə sadiqdir. Mehriban münasibəti ilə seçilir. Çətin problemlərlə qarşılaşdıqda heç vaxt təslim olmur, əksinə, həll yollarını tapmaq üçün səylərini davam etdirir. Bu isə o deməkdir ki, o, sonda hamının həsəd aparacağı uğur qazana bilir. Bir sözlə, güvənilən və incə təbəssümə sahib olan birisidir...

 

“Xəbər verilişlərində mənbə çox böyük rol oynayır. Şəxsən mən sosial şəbəkələr vasitəsilə böyük bir qrup, kəsim tanımışam. Bunların hamısı bilirlər ki, Mahir Məmmədli reportyordur və onlar hadisə baş verən yerdən keçəndə Watsapp və ya Facebook vasitəsilə hadisə haqqında və onun yeri ilə bağlı mənə məlumat verirlər. Mən də dərhal hadisə yerinə nümayəndəmizi göndərməyə çalışıram. İndi hüquq-mühafizə orqanlarının texnikası elə inkişaf edib ki, hadisə yerinə vaxtında çatmaq çətinləşib. Qəzaya uğramış maşını dərhal götürüb aparırlar, yaralanan və ya həlak olan varsa, xilasedicələr tez bir vaxtda müdaxilə edərək onları xəstəxanaya, yaxud morqa çatdırırlar. Ona görə də məlumatın bizə nə vaxt çatmasının böyük önəmi var. Hesab edirəm ki, sosial şəbəkələr olmasaydı, bəzi məlumatları ala bilməzdik. Çox adamlarda telefonum olmasa da, Facebook-da dostlarım çoxdur, kim nə hadisə görürsə, mənə də yazır.”- söyləyir.

 

Dahi adamın rəhbərliyi altında çalışmaq isə böyük bir məktəbdir. Elə bir məktəb ki, insanı düzgün istiqamətləndirir, uğur qazanmağın yollarını aşılayır. Bəli, avqustun 16-sı haqqında söhbət açdığım əməkdar jurnalist Mahir Məmmədlinin 50 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

Yubileyi mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

Bir gün Əliağa Vahid bir dəstə cavanla Məşədi Azərin qonağı oldu. Məclisdə Vahid Məşədidən Füzulinin bir beytini təhlil etməyi xahiş etdi. Həmin beyt budur:

 

"Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli əzab oynar."

 

Ə. Vahid Məşədi Azərə dedi ki, bu beytdə birinci misra ilə ikinci misra bir-birinə bağlanmır. Dərdin, qəmin dəvənin başına qoyulması ilə kafərin cəhənnəmdən çıxmasının heç bir əlaqəsi yoxdur. Beyt o zaman beyt sayılır ki, ikinci misra birinci misrada olan fikri tamamlasın. Burada heç bir bağlantı yoxdur.

Məşədi Azər bir az fikirləşib ayağa qalxdı. Kitabxanasının ən hündür yerinə qoyduğu qara parçaya bükülmüş Quranı götürdü. Bu vaxt Vahid zarafatyana dedi ki, Məşədi deyəsən qocalıb, biz Füzulidən danışırıq, o isə Quran gətirir. Yəqin Yasin oxuyacaq.

Bu vaxt Məşədi Azər Qurani-Kərimi açıb Əraf surəsinin qırxıncı ayəsini tilavət etdi. Həmin ayənin mənasını belə izah etdi:

"Şübhəsiz, səmanın qapıları bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslərin üzünə açılmayacaq və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk". Əraf. 40.

Məşədi Azər üzünü məclis əhlinə tutub dedi:

-Əliağa yaxşı mövzu haqda sual veribdir. Bilin ki, Qurani Kərimdən xəbəri olmayanlar Füzulini dərk edə bilməzlər. Bu ayeyi-şərifdə Allahtəala buyurur ki, o kəslər ki, əbədi cəhənnəmdə yanacaqlar, heç vaxt oradan xilas ola bilməzlər. Fəqət, dəvə iynənin gözündən keçərsə, onda əzabdan qurtararlar. Dəvənin isə iynənin gözündən keçməsi mümkünsüzdür. Füzuli burada mübaliğənin ən üstün dərəcəsini yaradıb. Şair demək istəyir ki, mənim dərd və qəmim o qədər çox və ağırdır ki, onları dəvənin boynuna qoysan, dəvə dözməz və arıqlayıb tük kimi nazikləşər, iynənin gözündən keçər. O zaman kafirlər əzabdan xilas olar, əzab əhli gülüb-oynayar.

Məclis əhli bu yerdə Ustada "əhsən" dedi.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

Cümə, 15 Avqust 2025 15:06

Köhnə filmlərin sevilən aktrisası

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sovet dönəmində Azərbaycan kinematoqrafiyası şedevr filmlər yaradıbdır, bu filmlərin bir neçəsini məhz gözəl Azərbaycan SSR xalq artisti Məhluqə Sadıqova öz rolları ilə gözəlləşdiribdir.

 

Məhluqə Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub.

Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.

Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanan tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova AMDT-də Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona ("Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş" və "1905-ci ildə", Cəfər Cabbarlı), Süd ("Göy quş", Moris Meterlink), Qiasinta ("Skapenin kələkləri", Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev) və s.rolları ifa edib.

 

Filmoqrafiya

1. Afaqın məhəbbəti

2. Bakıda küləklər əsir

3. Əgər bir yerdəyiksə

4. İşarəni dənizdən gözləyin

5. Mücrü

6. Onun bəlalı sevgisi

7. Sehrlənmiş küpə

8. Yeddi oğul istərəm...

9. Yenilməz batalyon

 

Mükafatları

- "Əməkdə fərqlənməyə görə" medalı

- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib. 19 iyul 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhluqə Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb. 17 oktyabr 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhluqə Sadıqovanın 100 illik yubileyi qeyd olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

Şəhla Rəvan,

Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrindən biri barədə qısa ədəbi təhlillərimi qələmə almaq və onu B.Vahabzadə poeziyasının heyranları ilə bölüşmək istəyirəm...

 

ÜRƏK

Ürək odur daim yana,

Od püskürə alovlana.

Od vermirsə qəlbə, cana

Demək o heç ürək deyil.

O heç mənə gərək deyil.

 

  Əgər ki, sevinib gülmür,

  Döyüntüsün heç kim bilmir,

  Çırpıntısı eşidilmir

  Demək o, heç ürək deyil.

  O heç mənə gərək deyil.

 

  Vətəniyçün lazım gəlsə

  Polad kimi gərilməsə,

  Torpağına sərilməsə

  Demək o heç ürək deyil.

  O heç mənə gərək deyil.

 

  Neyləyirəm o ürəyi-

  Yox arzusu bir diləyi!?

  Bacarmırsa o sevməyi

  Demək o heç ürək deyil.

  O heç mənə gərək deyil!

                           (Bəxtiyar Vahabzadə)

 

Şeirin təhlili:

Bəxtiyar Vahabzadənin "Ürək" şeiri adından da göründüyü kimi insanın ən vacib orqanlarından biri olan ürəyi fiziki mənasından kənar simvolik və fəlsəfi bir müstəvidə təhlil edir. Şair ürəyi yalnız qan dövranını təmin edən bir orqan kimi deyil, həm də insanlığın, vətənpərvərliyin, sevginin və həyat eşqinin mərkəzi kimi qələmə alır.

Şeirin hər bəndi "Demək o heç ürək deyil, O heç mənə gərək deyil" nəqəratı ilə bitərək, şairin ürəyə verdiyi dəyərləri vurğulayır və onu bu dəyərlərdən məhrum olan varlıqlardan ayırır.

 

Mövzu və ana fikir

Şeirin əsas mövzusu həqiqi ürəyin mahiyyəti və funksiyalarıdır. Şairə görə ürək sadəcə bioloji bir orqan deyil; o, hisslərin, duyğuların, idealların və əməllərin mərkəzidir. Ana fikir isə budur ki, ürək daima coşğun, sevən, vətənpərvər və arzularla dolu olmalıdır, əks halda o, öz funksiyasını itirir və həqiqi bir "ürək" sayılmır.

Bu qısa izahlardan sonra şeirin bəndlərinin təhlilinə keçirik:

 

Birinci bənd:

Şeir ürəyin alovlu və coşqun olması ilə başlayır: Mənəvi alov və ehtiras...

Şeirin ilk bəndində ürəyin daim yanması, od püskürməsi və alovlanması vacibliyi qeyd olunur:

"Ürək odur daim yana,

Od püskürə alovlana".

Bu misralar ürəyin cansıxıcı, passiv deyil, əksinə, həyat enerjisi ilə dolu olması gərəkdiyini göstərir. Əgər ürək qəlbə və cana od vermirsə, yəni həyat eşqi, stimul bəxş etmirsə, o, həqiqi bir ürək deyil.

 

İkinci bənd:

Bu bənddə duyğu və hissiyyatın əhəmiyyəti vurğulanır…

İkinci bənddə şair ürəyin sevinib gülməsi, döyüntüsünün bilinməsi və çırpıntısının eşidilməsi üzərində dayanır bu bənddə ürəyin emosional tərəfi vurğulanır. Ürək sevinib gülməlidir, onun döyüntüsü və çırpıntısı başqaları tərəfindən hiss olunmalıdır. Yəni, insan ürəyi hissləri büruzə verməli, empatiyalı olmalı və ətrafına təsir etməlidir. Təcrid olunmuş, hissiz bir ürək şair üçün dəyərsizdir.

 

Üçüncü bənd:

Burada vətən sevgisi və fədakarlıqdan söz açılır…

Mənə görə, şeirin ən güclü bəndlərindən biri üçüncü bənddir. Şair bu bənddə vətənpərvərlik duyğusunu ürəyin ən vacib xüsusiyyətlərindən biri kimi qeyd edir.

"Vətən üçün lazım gəlsə

Polad kimi gərilməsə"…

Torpağına sərilməsə" misraları ürəyin vətən uğrunda fədakarlığa, qurban getməyə hazır olmasını tələb edir. Bu, vətənpərvərlik, fədakarlıq və vətən uğrunda canından keçməyə hazır olmaq hissinin təcəssümüdür.

Şair bildirir ki, əgər ürək vətənə xidmət etməyə hazır deyilsə, onun uğrunda mübarizə aparmırsa, bu əsl ürək deyil.  Vətən sevgisi ilə döyünməyən, lazım gəldikdə vətən uğrunda mübarizə aparmayan ürək, şairin gözündə mənasızdır. Düşünürəm ki, bu bənd Bəxtiyar Vahabzadənin yaradıcılığında tez-tez rast gəlinən vətəndaşlıq mövqeyinin bariz nümunəsidir.

 

Dördüncü bənd:

Şeirin bu bəndində isə arzu, dilək və sevgidən söz açılır…

Son bənddə şair ürəyin arzular, diləklər və sevgi ilə dolu olması gərəkdiyini vurğulayır.

"Neyləyirəm o ürəyi-

Yox arzusu bir diləyi!?

Bacarmırsa o sevməyi" misraları ürəyin passivliyini, həyat məqsədi və sevgidən məhrum olmasını tənqid edir. Sevməyi bacarmayan ürək, şairə görə, həqiqətən də ürək deyil. Bu bənd şeirin ümumi ideyasını tamamlayır: ürək yalnız bioloji yox, həm də mənəvi və emosional bir varlıqdır. Ürək arzuların, istəklərin və ən əsası sevginin mənbəyidir. Əgər bir ürək sevməyi bacarmırsa - istər insanlara, istər vətənə, istərsə də həyata qarşı olsun - o zaman o ürəyin varlığı mənasızdır. Bu, sevginin insan həyatının mərkəzində duran ən əsas dəyər olduğunu vurğulayır.

 

Bədii xüsusiyyətlər:

Görkəmli şairin "Ürək" adlı məlum şeirinin bir sıra xüsusiyyətləri vardır. Onlar aşağıdakılardan ibarətdir:

1. Nəqarət (Rədif):

"Demək o heç ürək deyil

 O heç mənə gərək deyil" nəqəratı şeirə ritm və musiqilik verir, hər bəndin əsas fikrini möhkəmləndirir və şairin vurğuladığı dəyərləri oxucunun hafizəsinə həkk edir.

 2. Təkrirlər: "Od püskürə alovlana" "Vətəniyçün lazım gəlsə" və "Polad kimi gərilməsə" kimi ifadələrin leksik-semantik təkrarları fikri gücləndirir.

 3. Müqayisələr və metaforlar: Şeirdə ürəyin "od püskürməsi" "alovlanması" və "polad kimi gərilməsi" ifadələri ürəyin dinamikliyini, gücünü və müqavimətini əyani şəkildə təsvir edir. Ürəyin vətən torpağına "sərilməsi" isə fədakarlığın ən yüksək dərəcəsini bildirən güclü bir metaforadır.

 4. Sadə və aydın dil: Vahabzadə şeirdə sadə və anlaşıqlı dildən istifadə edir ki, bu da onun mesajının geniş kütlələrə çatmasına imkan verir.

 5. Həcmli vurğular: Şair hər bənddə ürəyin fərqli bir funksiyasını vurğulayır, bu da şeirin strukturuna ardıcıllıq və sistemlilik gətirir.

 

Nəticə:

"Ürək" şeiri mərhum Bəxtiyar Vahabzadənin insanpərvər, vətənpərvər və idealist mövqeyinin poetik ifadəsidir. Şair bu şeirlə oxucuya yalnız fiziki olaraq deyil, həm də mənəvi və ruhən yaşamağın vacibliyini çatdırır. O, ürəyin coşqun, sevən, fədakar və arzulu olması gərəkdiyini vurğulayır. Şeir, həyatın mənasını dərk etmək, ətrafdakı dünyaya qarşı laqeyd olmamaq və vətənpərvərlik ruhunda böyümək üçün bir çağırışdır.

"Ürək" şeiri, həm də Vahabzadənin yaradıcılığının əsas xəttini təşkil edən mənəvi dəyərlərin və milli ruhun tərənnümünə gözəl bir nümunədir.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

Vüsalə Vətənxan, AYB – “Ədəbiyyat və incəsənət” üçün

 

Təkamül nədir? Təkamül mənim fikrimcə yaradılışın daim inkişafda (sonsuz tərəqqidə, genişlənmədə və dinamikada) olduğu elm tərəfindən isbat edilmiş bir nəzəriyyədir.

 

 Darvin öz nəzəriyyəsini 4 təbiət prinsipi əsasında qurmuşdur, nəzərimcə burada bəhs edəcəyim bizə yanlış təlqin edilən "arakeçid dövrü" əslində Darvinin açıqlamağa çalışdığı "Varislik" qanununa əsaslanır. İlk öncə başlıqları verim.

 

    İnsanı müstəqil xilqət kimi danan Darvin nəzəriyyəsi - təkamül fəlsəfəsi nədir? Gəlin bu qavramdan bəhs edək.

 

    Qədim dövrlərdə filosoflar bu əqidədə olmuşlar ki, üç növ varlıq, yəni minerallar, bitkilər və heyvanlar bir-birinə qarışmış və minerallar bitkilərdən, bitkilər də heyvanlardan öncə yaranmışdır. Və bu silsilə elə nizamlanıb ki, mineralların sonuncu qatı, məsələn, mərcanlar bitkilərin ilkin növü ilə çox oxşar və yaxındırlar. Eləcə də bitkilərin sonuncu növü, məsələn, süngər dəniz heyvanlarının ilk növü ilə oxşardır və həmçinin sonuncu heyvan nəsli, məsələn, meymun ilkin insanlarla yaxınlıq və oxşarlığa malikdir.

     Sonralar bu fəlsəfi baxış başqa əski fəlsəfi dünyagörüşlərlə birgə qərb dünyasına da yol tapır və qərbin təbiət alimlərindən Çarliz Darvin bundan xəbər tutduqdan sonra deyir "Varlıqların hər növünün və ya hər yüksək qatının aşağı növ və ya qatdan ayrılmış bir varlıq olması mümkündür." Yəni, bitki mineraldan və ya heyvan bitkidən yaranmış ola bilər... Eyni qayda ilə heyvanlar silsiləsi də öz inkişaf mərhələsində elə yüksəliş nöqtəsinə çatmışdır ki, onların nəslindən insanabənzər meymunlar törəmiş və onlardan da insan yaranmışdır...

    Nəzərə almaq lazımdır ki, "təkamül" baxışı Darvinin kəşfi deyildir. Ondan öncələr də bir çox alimlər bu fikirdə olmuşlar. Sadəcə və lakin Darvin bu baxış və fikirləri toplayıb nizama saldığından təkamül nəzəriyyəsi onun adı ilə bir ərsəyə gətirilir. Necə ki bir həkim hansısa bir xəstəliyi öz elm və bilik gücü əsasında tapıb onu təhlil edirsə, nəzərimcə bu qavram da eyniylədir...

 

Darvin də öz baxışlarını 4 təbiət prinsipi əsasında qurmuşdur.

1. Əbədilik üçün mübarizə qanunu.

Bu o deməkdir ki, yer kürəsindəki varlıqların hamısı öz həyatlarının davamı və qorunması üçün daima bir-birlərilə mübarizədə və çarpışmadadırlar. Belə ki bu səy və təlaş başqalarının həlakı ilə nəticələnir.

2. Təbii seçilmə qanunu.

Bu qanun xülasəsi belədir ki, canlı varlıqlar bir-birilə daimi mübarizə və çarpışma nəticəsi "seçilmə xəlbirindən" keçirlər. Yaşamaq üçün daha layiqli olanlar qalırlar, təbiət güclüləri qoruyub saxlayır, zəiflər isə yaşam sırasından çıxırlar, bu seçilmə nəticəsində təkamül və inkişaf ortaya çıxır.

3. Uyğunlaşma qanunu.(Və ya adaptasiya dövrü)

Qanunun mahiyyəti bundan ibarətdir ki, yemək növləri və onları ələ gətirmək yolları  müxtəlif canlılar arasındakı ixtilafların üzə çıxması üçün əsas amillərdən biridir. Məsələn, ətyeyən və yırtıcı heyvanlardan olan aslanın iti dişləri və güclü pəncəsi olduğundan o istər istəməz bu üzvləri ilə öz ovunu parçalayıb dağıtmalıdır. Əgər aslan min illərlə ardı-arası kəsilmədən ov ovlamaq, heyvan parçalamaq imkanından məhrum bir mühitdə yaşamalı olsa və əlacsız qalıb bitki yeməli olsa mümkündür ki, onun iti dişə və nəhəng pəncəyə ehtiyacı olmasın və həmin müddət ərzində üzvlər işdən düşmüş və zəifləmiş, kiçilmiş olsun və mühitə uyğun formalaşsın, və yeni yeminə lazımlı olan yeni üzvləri meydana çıxsın və beləliklə tədricən təkamülün inqilabı baş versin...

4. Varislik qanunu.

Darvin nəzəriyyəsində varislik qanununun mahiyyəti bundan ibarətdir ki, həyatdakı ziddiyyətlər nəticəsində heyvanların orqanizmində tədricən əmələ gələn dəyişikliklər varislik yolu ilə övladlarına keçir və dəyişikliklər eyniylə davam edir.

 

BƏS BİLDİYİMİZ "ARAKEÇİD DÖVRÜ" NƏDİR?

 

Zənnimcə Darvin nəzəriyyəsində bu qanunlar arasında arakeçid dövrü yoxdur. Dediyimiz bu dövr yalnız bu qanunların fərdi başvermə prosesində cərəyan edir. Yəni ki, məsələn, bir canlının bildiyimiz "arakeçid dövrü" vasitəsi ilə uyğunlaşma qanununu atlayaraq varislik qanununa keçməsi deyil, əksinə bu qanunlarda fərdi qalaraq daim inkişafda olması, yəni hər 4 qanunların yalnız öz arasında bir keçid mərhələsi olduğu qənaətindəyəm. Əgər bildiyimiz arakeçid dövrü bu 4 qanunları birləşdirəcək rol oynayacaqdısa onda Darvin niyə təbiətin bir-birinə zidd bu 4 prinsimlərini ayırıb ortaya qoyurdu?? Mütləq ki bizə təlqin edilmiş bu anlayış gərçək anlayışdan fərqlidir.

Başqa təbirlə desəm, zənnimcə "arakeçid dövrü" sadəcə yaradılışın nizamında keçici dəyişiklik oynayan bir mərhələdir. Necə ki, dəniz öz dalğalarını sahilə vurduqdan sonra geri qayıdır və təkrar sahilə dalğalarını vurur və yenə geri qayıdır. Məhs bu qavram da eyniylədir.

Bəhsində olduğum bu mövzudan yola çıxaraq, Darvinin təkamül haqqında dediyi fikrini təkrarlamaq və bu qavramı açıqlamaq istəyirəm. Gəlin bir də nəzər yetirək,

 "Varlıqların hər növünün və ya hər yüksək qatının aşağı növ və ya qatdan ayrılmış bir varlıq olması mümkündür." Çarliz Darvin.

 

Mümkündür ki, bir insan tüklü dünyaya gəlsin və görünüşcə meymuna bənzəsin, lakin sonralar yenə övladları tüksüz doğulsun və öz yaradılış nizamına qayıtsın və davam etsin. Yəni ki, insan insandır, meymun isə meymun... İnsan heç bir zaman heyvanların həyat və yaşamına uyğunlaşa, adaptasiya ola bilməz. Çünki, insan daim inkişafa, dinamikaya, yaratma qüvvəsinə, fiziki patensiala malikdir. Necə ki, Quran deyir "biz insana ağıl verməklə onu bəşərdən fərqləndirdik."

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

 

 

 

 

 

47 -dən səhifə 2416

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.