Bu gün Xalq rəssamı Ağa Mehdiyevin anım günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

1961, 1970, 1981 və 1988-ci illərdə Bakı şəhərində onun əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Onun əsərləri Almaniya, Macarıstan, Rumıniya, Bolqarıstan, İtaliya, İsveç, Avstriya, Kanada, Fransa, Yaponiya, Polşa, İspaniya, Türkiyə, Rusiya, ABŞ, Misir, İraq və digər ölkələrdə nümayiş etdirilib.

Xalq rəssamı Ağa Mehdiyev barədə danışıram.

Bu gün onun anım günüdür.

 

Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci il İsmayıllı rayonunun Lahıc kəndində dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra Azərbaycanda və SSRİ-də bir çox sərgidə iştirak edib. O, yaradıcılığında peyzaj, portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb.

Rəssamın ilk böyük əsəri "Mənzərə" (1946) peyzaj əsəri hesab olunur. "Savadlılar ailəsi", "Köhnə neft mədənlərində", ""Qudok" qəzeti redaksiyasında", "Qatır Məmmədin dəstəsi", "Balaca çoban" kimi digər ilk əsərlərində xalqın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi təsvir olunub. Onun əsərlərində uydurma süjetlərə yol verilməyib.

Rəssamın tarixi-inqilabi tabloları və Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunan əsərləri mənbələrin dərindən öyrənilməsinə əsaslanıb. Türkiyəyə səfəri Ağa Mehdiyevin yaradıcılığında xüsusi iz qoyub. Bu səfərin təəssüratları onun "Türkiyə səfəri" (1962) adlı fərdi sərgisində, eləcə də "Xarici ölkələr Azərbaycan rəssamlarının gözü ilə" (1964) adlı sərgidə öz əksini tapıb. Bu silsilədən olan bir çox əsərlər muzey ekspozisiyalarına daxil olub.

"İstanbul duman içində" (1960), "Bosfor yağışdan sonra" (1960), "Axşama doğru. İstanbul" (1961) və s. rəssamın səfərinə aid edilən əsərlərdəndir. A. Mehdiyevin janrlı səhnələrində sadə adamların iş günü, əmək və istirahəti poetikləşdirilib. Rəssam 1987-ci ildə "37-ci il" tablosunu yaradıb. Azərbaycan rəssamları arasında repressiya ilə bağlı ilk tablonu Ağa Mehdiyev ərsəyə gətirib.

Ağa Mehdiyev 1994-cü ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. Onun süjetli tablolarına "İntizar" (1975), "Xalq bayramı" (1976), "Günəşli gün" (1976), "Eyvanda" (1977), "Yaylaqda" (1977), "Analıq" (1977), "Güləş" (1979), "Xalçaçı" (1979), "Lahıc qadınları" (1979), "Tikişçi" (1982), "Nar yığımı" (1984), "37-ci il" (1987), "Səhər" (1987), "Bahar" (1987), "Təndir başında" (1988), "Qaçaq Nəbi və Həcər" (1988), "Şərq" (1989), "Ailə" (1989), "Bazar günü" (1990), "Qanlı gecə" (1990) və başqalarını misal göstərmək olar.

A. Mehdiyev eyni zamanda portretlər qalereyası da yaratmışdır: "Qoca kişi başı" (1975), "Avtoportret" (1979), "Lahıclı qız" (1980), "Qız surəti" (1980), "Çobanın portreti" (1982), "İki ay" (1984), "Kamança çalan" (1984), "Qoca qadın" (1984), "Dağlı qadın" (1985) və s. Mənzərə əsərlərinə "Qayıqlar" (1966), "Mənzərə" (1976–1946-cı ildə çəkdiyi ilk böyük əsərinin yenidən işlənməsi), "Bürkü" (1977), "Qızmar gün" (1977), "Qayıq" (1978), "Keçid" (1978), "Abşeron" (1979) başqalarını aid etmək olar.

 

Mükafatları

- Azərbaycan SSR əməkdar rəssamı

- Azərbaycan Respublikasının xalq rəssamı

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Xalq rəssamı 2003-cü il mayın 15-də Bakıda vəfat edib.

Allah rəhmət eləsin

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.