
Super User
VAQİF SƏMƏDOĞLU, “Nəyin istisindən yananlar...”
Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.
608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.
“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:
VAQİF SƏMƏDOĞLU,
ŞEİRLƏR
***
Nəyin istisindən yananlar
arzulayacaq kölgəmi?
Hansı rənglə çəkəcəklər
xəritələrdə ölkəmi?
Şeirlərimi sevəcəklərmi
divarlar arxasında?
Nə parlayıb sönəcək
son günümün yaxasında?
Bazarda
ətin qiyməti düşəcək,
yoxsa
meşə cəngəlliyinin
qoyduğu qiymətdə qalacaq?
Öpüşəcək,
öldürəcək,
düşünəcəklərmi yenə qaranlıqda?
İnsan xoşbəxt olacaqmı
məhəbbətin doğduğu bir anlıqda?
Qatarlarda
axşamüstü
çay paylayacaqlarmı içməyə?
Pasport, viza
gərək olacaqmı sərhədlərdən keçməyə?
Andersenin nağıllarını oxuyacaqlarmı?
Əlifba biləcəkmi hamı?
Kür daşacaq,
yoxsa bəndlər ovcundan
töküləcək Xəzərə?
İnsan bir ömrü boyu
öləcək neçə kərə?
Yol azacaqlarmı?
Məzar qazacaqlarmı?
Məsciddə yuyacaqlarmı meyitləri?
Kim sulayacaq
bulvardakı söyüdləri?..
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)
Mehmandarov: “Gəl, ermənilərlə qonşuluq münasibətlərimizi qaydasına salmaqda mənə kömək elə!”
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir xatirələrində yazırdı: “Kərim bəy Mehmandarov gedərkən bütün ailəmizlə birgə bizi yayda Şuşaya dəvət etdi. Həm də mənə dedi: “Gəl, ermənilərlə qonşuluq münasibətlərimizi qaydasına salmaqda mənə kömək elə!”...
1907-ci il iyunun 15-də Quzanlıdan molla gətirdilər. Həmin molla qohumlarımın və yaxınlarımın iştirakı ilə bizim kəbinimizi kəsdi.
1907-ci il iyunun 25-də Mirzə Cəlil Faiq əfəndidən jurnalın bağlanması xəbəri haqqında teleqram aldı. Biz Ağdama qədər bir yerdə getmək üçün hazırlaşdıq. Cəlil Ağdamdan Tiflisə yola düşməli, mən isə uşaqlarla Şuşaya – yaylağa çıxmalı idim. Mənim bu izdivacım Qarabağ bəylərinin çoxunu hiddətləndirmiş, qəzəbə səbəb olmuşdu. Onlar zümrə törələrinə sədaqət göstərmədiyinə görə məni tənbeh etmək, hətta Ağdam bazarında Mirzə Cəlili öldürmək istəmişdilər. Mən əmioğullarımı məsləhətə çağırdım. Onların böyüyü İbiş bəy çox hiddətləndi. İbiş bəy 20 il öncə hökumətə müqavimət göstərdiyi üçün həbsə atılmış, 12 illik Sibirə sürgün edilmişdi. 1905-ci il manifestinə görə həbsdən azad edilib, geri qayıtmışdı. O, Qarabağda mərdliyi, cəsurluğu, qorxmazlığı ilə ad çıxarmışdı. Qarabağ bəyləri onunla hesablaşırdılar. 1905-ci ilin avqustunda biz – Şuşa Xeyriyyə Cəmiyyətinin rəhbərliyi onun sayəsində ermənilərlə müsəlmanlar arasında sülh yarada bilmişdik. Kərim bəy Mehmandarovun ona xüsusi hörməti var idi. Cəmiyyətin və DİFAİ Partiyasının adından danışıqlara gedərkən bizi onun dəstəsi müşayiət edirdi. İbiş bəy qohumlardan və dostlardan ibarət 20 nəfər silahlı və atlını başına topladı. Onlar bizim faytonu əhatəyə alıb Şuşaya qədər ötürdülər. Bu minvalla biz Ağdam bazarından keçib stansiyada dayandıq. Pişvazımıza Şuşadan göndərilmiş şəhərin iki nəfər çox nüfuzlu sakini çıxmışdı. Sən demə, bu hörmətli adamları bizi qarşılamaq və orada müşayiət etmək üçün göndəriblərmiş. Sonra məlum oldu ki, onların göndərən də bizim əziz Doktorumuzmuş. O bizi təhlükələrdən qorumaq üçün belə bir qərar alıbmış. Həmin gün Mirzə Cəlili iki silahlı və etibarlı adamla yola saldım. Özüm isə uşaqlarla Şuşaya getdim.
Pişvaza gələn hörmətli adamları göndərən Kərim bəy idi
Əhməd bəy Ağaoğlu və Kərim bəy Mehmandarovun qurduğu DİFAİ Partiyasının mərd, məğrur, cəsarətli igidləri olmasaydı, 1906-cı ildə qana-qan deyən erməni daşnaqları təkcə Şuşada, Qarabağda deyil, bütün Azərbaycanda daşı daş üzərində qoymayacaqdılar. Kərim bəy Mehmandarov irzi-namus bəkçisi, millət, məmləkət təəssübkeşi idi. Bir Qarabağ əsilzadəsi, xanədan mənsubu kimi Həmidə xanımın törə qanunlarının çeynəyib keçməsi ona ağır gəlsə də, o, əmanətə xəyanət etməzdi. Həmidə xanımın atası Əhməd bəy Cavanşir Xurşidbanu Natəvan rəiyyət Seyid Hüseynə könül verəndə, o da, Qasım bəy Zakirin, Mirzə Camal Cavanşir Qarabağinin, Mirzə Adıgözəl Qarabağinin, ən əsası son Vərəsənin yeri qəlbində başqa olan Qacar şahzadəsi Bəhmən Mirzə Qacarın yanında olmuş, Xurşidbanunu qınasa da, ondan dönməmiş, son ana qədər ehtiramını əsirgəməmişdir. Kərim bəy Mehmandarovun Həmidə xanımla Mirzə Cəlilin nikahına münasibəti əslində Əhməd bəy Cavanşirin vəziyyətini yada salırdı. Sadəcə, məkan və zaman fərqli idi. Natəvan törə qanunlarını Şuşada, Həmidə xanım isə Kəhrizlidə pozmuş, Qarabağın nigaran ruhlarını naşad etmişdi. Kərim bəyin dərdi daha ağırdır. Əlində Əhməd bəy Cavanşirin ovcuna qoyub bərk-bərk əmanət etdiyi Həmidə xanımın əllərini istisi, qəlbində “Gümüş medalyon”un nisgili olsa da, “Yadigar”ın üstündən gözünü çəkməzdi. Heç Həmidə xanım da onun bir sözünü iki etməzdi. O, sıradan bir qohum, dost, tanış, el oğlu deyildi. Urus Əhmədin silahdaşı, Qarabağın nəm-nişan yeri, özünü isə dağ bilib söykəndiyi, kölgəsinə sığındığı qos-qoca xan Çinardı!
Əhməd bəy Cavanşir: “Mənim qızım cəngəllikdən gələcək nəsillər üçün yol açacaq!”
Tarixə inqilablar, müharibələr, repressiyalar, elmi nailiyyətlər, texniki tərəqqilər dövrü kimi daxil olan XX yüz il imperiyaların iflası ilə nəticələndi. Çar Rusiyasını bürüyən inqilablar əyalətlərdə hiss olunmağa başladı. Oxun yaydan çıxması ilə Qafqazı bürüyən təbəddülatlar, ilklərə imza atan tarixi şəxsiyyətlərin simasında yeni inqilabi eranın təməlini qoydu.
Mirzə Kazım bəyin “Şərqi xilas və tərəqqi etdirəcək insanlar Şərqin içərisindən çıxmalıdır” kəlamın gerçəyə çevirən Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov kimi tarixi şəxsiyyətlərin sırasında yer alan, “Mənim xalqım vəhşi deyildir, onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardır!” nidası ilə sərvətini milli mənlik və milli kimlik uğrunda mücadiləyə həsr edən Hacı Zeynalabdin Tağıyevin bir çağırışı ilə milli məfkurənin və milli dövlətçiliyin təməl daşına çevirən dahilər doğruldu. Şərqin ilk anadilli mətbu orqanı “Əkinçi”ni quran Həsən bəy Zərdabinin baş tutmayan milli məktəb, milli teatr, qiraətxana açmaq, kitabxana yaratmaq, Azərbaycan müəllimlərinin qurultayını çağırmaq kimi müqəddəs və mübarək arzusunu Həbib bəy Mahmudbəyov gerçəyə çevirir. Bakıda rus-tatar məktəbinin, teatr trubasının, qiraət və kitabxananın təməlini qoyur. Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsini Qazaxa köçürən Firudin bəy Köçərlinin “Bir millətin varını-dövlətini sərvətini əlindən alarsan, məhv olmaz, dilini alarsan tərg olub gedər”, İsmayıl Qaspralının “dildə, fikirdə, işdə birlik” nidası ilə yeni məktəblər quran Seyid Əzim Şirvani, İsmayıl Qasir, Mirzə Kərim İsmayıl, Məmmədtağı Sidqi, Naxçıvan Qızlar Seminariyasının qurucusu Mirzə Nəsrulla bəy Əmirov, Tağıyevin Qız Məktəbindən sonra milli maarifçilik hərəkatına töhfələr verən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əhməd bəy Cavanşir, Kərim bəy Mehmandarov, Həmidə xanım Cavanşir, Badisəba xanım Köçərli Əbədi istiqlalın manifestini yazanlarla birlikdə tarix yaratdılar. Tiflisin elmi-mədəni mühitində yetişən Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov kimi ilklərə imza atan dahilərin cığırdaşı olan Hənifə xanım Abayeva-Məlikova, Nigar xanım Şıxlinskaya, Şəfiqə xanım Əfəndizadə kimi qüdrətli maarifçilərlə birlikdə ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən Həmidə xanım Cavanşir Qarabağın – Şuşanın elmi-mədəni mühitində yetişmişdi. İlk dərsini həm cisminin, həm ruhunun atasından – Əhməd bəy Cavanşirdən almışdı. Firudin bəy Köçərlinin “Əhməd bəy Cavanşir” adlı məqaləsində “Əhməd bəy doğru sevən, cürətli, ziyadə fərasətli, istedadlı bir şəxs idi. Onun xislətində asari-nəcabət və cəlalət zahir idi. Alagözlü, açıqsözlü, gülüşüzlü, hazırcavab, ziyadə xoşbəxt və ziyadə məlumatlı bir vücud idi” deyib, sonsuz hörmət və ehtiram hissi ilə təsvir etdiyi, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin “Qarabağnamə”lərin əvəzsiz müəlliflərindən hesab etdiyi, “1747-ci ildən 1805-ci ilə kimi Qarabağ xanlığının siyasi mövcudluğu haqqında”, “Xan Sarayının əyyanlarından olan Molla Pənah haqqında hekayə” kimi kitablarına, Jukovskidən, Lermontovdan, Puşkindən etdiyi tərcümələrə, uşaqlar üçün aldığı əsərlərə görə xüsusi hörmət etdiyi Əhməd bəy Cavanşir Qarabağın elmi-mədəni elitasının hörmətini qazanacaq, qızı haqqında hamıdan, hər kəsdən öncə söyləmişdi: “Aslanın erkəyi də aslandır, dişisi də. Düzgün təlim-tərbiyə almış qız oğlandan əskik deyil. Mənim qızım da heç kimdən əskik olmayacaq. Əgər nəslimizin bütün kişiləri ölsə, qızım bizi şərəflə əvəz edəcək! Və heç zaman düşmənə yenilməyəcək. Mənim qızım Qarabağın ilk mədəni xanımı olacaq! Bu cəngəllikdən gələcək nəsillər üçün yol açacaq! Düzdür, bu, çox çətin işdir, lakin kimsə birinci olmalıdır!”
Badisəba xanım gümüş kəmərini, Voronsov-Daşqovun xanımı isə brilyant qaşlı qolbağını ianə etdi
Bütün həyatını ilklərə imza atmaq kimi müqəddəsliyə həsr edən Həmidə xanım Cavanşir atasının qeyd etdiyi kimi, gələcək nəsillərə yol açan, heç zaman düşmənə yenilməyən bir lider kimi Cisminin atasından sonra Ruhunun yiyəsinə söykəndi. DİFAİ Partiyasının Şuşa bölməsində, Qarabağ Birlik Məclisində və Şuşa Xeyriyyə Cəmiyyətində Kərim bəyin katibi kimi tarix yaratdı.
Kərim bəy Mehmandarovun diktəsi ilə qızı Minanı Tiflis Nəcib Qızlar İnstitutuna qoyur, burada təhsil alan azərbaycanlı tələbələrə ana dili dərsinin keçirilməməsinə etiraz edərək Qafqazın Şeyxülislamı Əbdüssəlam Axundzadəyə müraciət edir. Şeyxülislamın bilavasitə iştirakı ilə azərbaycanlı tələbələrə ana dili tədris olunur. Müəllimlərin zəhmət haqqını öz üzərinə alan Həmidə xanımla Kərim bəy Mehmandarovun milli kimlik uğrunda mücadiləsi bununla bitmir. Məhz bu qüdrətli şəxsiyyətlərin birlikdə aldığı tarixi qərarlarla Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətinin xətti, Gövhər xanım Qacarın, Tubu xanım Axundzadənin, Nisə xanım Axundzadə - Qacarın, Sofya xanım Şaxtaxtinskayanın dəstəyi ilə xeyriyyə tədbirləri təşkil olunur. Əldə olunan vəsait Nəcib Qızlar İnstitutunun tələbələrinin dərsliklərinə, inqilabdan əziyyət çəkən ailələrin uşaqlarının əyin-başına və ərzaq məhsullarının alınmasına xərclənir. Cəmiyyətin sədri Mustafa ağa Vəkilovun Kərim bəy Mehmandarovla isti münasibətləri və xüsusi yardımları sayəsində əldə olunan ianələrin 300 çervonu Kəhrizli kəndinin sosial problemlərinə sərf olunur, Qarabağda qayğıya ehtiyacı olan ailələrə bağışlanır. Kərim bəy Mehmandarovun və Həmidə xanım Cavanşirin müraciəti sayəsində təşkil olunan xeyriyyə tədbirinə Bakıdan Hacı Zeynalabdin Tağıyev min manat yardım göndərir. Tədbirdə iştirak edən Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım gümüş kəmərini, Qafqaz canişini Voronsov-Daşqovun xanımı isə brilyant qaşlı qolbağını ianə edir.
Kərim bəy Mehmandarov Şuşanın elmi-mədəni mühitində yetişmiş, Petroqrad Tibbi Cərrahlıq Akademiyasının simalarından dərs almış, 1895-ci ildə Məmməd ağa Vəkilov və Əbdülxalıq bəy Axundovla birlikdə Bakı Tibb Cəmiyyətini təsis etmiş, DİFAİ Partiyasının Şuşa Komitəsinin sədri, Komitənin əsasında qurulan Qarabağ Birlik Məclisinin rəhbəri, İttihat Partiyasının aparıcı simalarından biri, Şuşa Xeyriyyə Cəmiyyətinin qurucusu, İttihat Partiyasının 2 sentyabr 1919-cu il tarixli qərarından sonra Qarabağ Quberniyası Komitəsinin ideya müəllifi, Komitənin İdarə Heyətinin sədr müavini kimi tarix yaratmışdı. Komitənin sədri Fərhad bəy Ağayev, ikinci müavini Həsən bəy Mircamalov və katib Həmidə xanım Cavanşirlə genişmiqyaslı layihələr gerçəkləşdirmişdi.
Qarabağda qıtlıq tüğyan edərkən Həmidə xanım müsəlman kəndliləri ilə yanaşı, ac erməni kəndlilərinə də yardım göstərmişdi
Həmidə xanım Cavanşir baş ideoloqunun – Kərim bəy Mehmandarovun ideyalarının həyata keçirilməsi üçün təkcə Qarabağda deyil, Bakı, Tiflis, Dərbənd, Borçalı, İrəvan kimi strateji əhəmiyyətli şəhər və bölgələrdə də qadınların təhsilə cəlb olunması, sosial problemlərin həlli kimi ciddi məsələlərin öhdəsindən gəlmişdir.
Bu iki qüdrətli şəxsiyyətin müştərək aldığı qərarlar sayəsində Qarabağda əhalinin düşdüyü ağır vəziyyətdən, xüsusilə də aclıqdan xilası üçün davamlı olaraq xeyriyyə tədbirləri təşkil olunmuş, ayrı-ayrı şəhərlərdən, daha doğrusu imkanlı şəxslərdən yardımlar alınmışdır. Mustafa ağa Vəkilovun rəhbərlik, Mirzə Cəlilin katiblik etdiyi Tiflis Müsəlman Xeyriyyə Cəmiyyətində alınan yardımdan əlavə məhz Kərim bəy və Həmidə xanımın yazışmaları sayəsində Naxçıvan Milli Şurasının sədri, Ali Gildiyalı tacir Mirzə Nəsrulla bəy Əmirovdan, İrəvanın nüfuzlu mesenatı II Gildiyalı tacir Məşədi Ələsgərdən və Bakı mesenatlarından – Murtuza Muxtarovdan, Şəmsi Əsədullayevdən və Nabat xanım Aşurbəyovadan, xüsusən də Hacı Zeynalabdin Tağıyevdən dəstək alınmışdır. Həmidə xanım Cavanşirin maarifçilik görüşlərinə həsr olunan “Həmidə Məmmədquluzadənin maarifçilik fəaliyyəti” adlı kitabın müəllifi Əlizadə Nəcəfovun qeydlərindən də bəlli olur ki, Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti Şuşa Xeyriyyə Cəmiyyətinə, xüsusən də Həmidə xanım Cavanşirə yardım üçün 600 manat göndərmişdir. “Həmidə xanım daha çox zərər çəkən kəndlərə gedib, hökumət məmurlarının və kənd ağsaqqallarının iştirakı ilə hər nəfər başına 1 manat 50 qəpik paylamış, pulun paylanması haqqında rəsmi sənədlər tərtib etdikdən sonra kəndə qayıtmış, ertəsi gün institutu bitirən qızının arxasınca Tiflisə yola düşmüşdür. Bu ərəfədə yoxsul ailələrə yardım üçün məşhur mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevdən Həmidə xanımın adına 1000 manat göndərilmişdir. Amma Həmidə xanım pulu almamış və Tağıyevin kontoruna təxirəsalınmaz işinin olduğu üçün Tiflisə getdiyini bildirmiş, pulun alınıb paylanılması üçün işin Doktor Mehmandarova tapşırılmasını xahiş etmişdir”.
Kərim bəy Mehmandarov Əhməd bəy Ağaoğlu kimi Tağıyevin ölkədə inandığı beş ictimai-siyasi xadimdən biri idi. Hər iki tarixi şəxsiyyətin xahişi ilə Hacı Zeynalabdin Tağıyev Bakıda Qarabağda tüğyan edən xəstəliklərin qarşısının alınması, bölgənin inkişafı üçün konfransın çağrılmasına nail olmuş, təşkilati məsələlərin həlli üçün kontorundan 200 çervon pul ayırmış, qurultayın İsmayilliyə binasında keçirilməsi üçün Musa Nağıyevin kontoruna 120 çervon ödəmişdi. Tarixi mənbələr də sübut edir ki, 1905-ci ildə Qarabağda yaranmış aclığın qarşısının alınması məqsədilə çağırılan konfransda Kərim bəy Mehmandarovun – daha doğrusu Şuşa Xeyriyyə Cəmiyyətinin sədr müavininin qərarı ilə gerçək vəziyyəti diqqətə çatdırmaq üçün Həmidə xanım Cavanşir məruzə ilə çıxış edəcəkdi. Bir il sonra, 1906-cı ildə Müəllimlərin I Qurultayında Şəfiqə xanım Əfəndizadəni daş-qalaq edən qara-guruhçuların, qoçuların tələbi ilə Həmidə xanım konfransa buraxılmamış, o gizlin şəkildə Qarabağa, Kəhrizliyə yola salınmışdır. Üzü açıq kürsüyə çıxan müsəlman qadınını təhdid edənlər Hacı Zeynalabdin Tağıyevin, Kərim bəy Mehmandarovun, Həmidə xanım Cavanşirin əyilməz iradəsi ilə üz-üzə gəlmişdir. Yazıçı-publisist Mehriban Bəzirin təbirincə desək, Həmidə xanım beynəlxalq toplantıda çıxış edən qadın kimi tarixdə qalmışdır. Mehriban Vəzirin Həmidə xanımın “Xatirələrim” kitabına ön söz olaraq təqdim etdiyi yazıda deyilir: “Həmidə xanım milli dəyərlərə bağlı olsa da, Avropa dəyərlərinin də daşıyıcısı və qızğın təbliğatçısı idi. Onun çevrəsində bütün millətlərin öz yeri vardı. Gürcü, yəhudi, rus, polyak, erməni işçiləri onun təsərrüfatında çalışan, ailəsində, süfrəsinin qırağında oturan dostları idi. O insanlara milliyətinə görə deyil, insanlığına görə dəyər verirdi. 1905-ci ildə Qarabağda qıtlıq və aclıq tüğyan edərkən Həmidə xanım müsəlman kəndliləri ilə yanaşı, ac erməni kəndlilərinə də yardım göstərmişdi. Bir ananın gözləri önündə balası acından, yaxud xəstəlikdən can verirdisə, Həmidə xanım üçün bu insanların hansı millətdən olması əsla önəmli deyildi. Erməni-müsəlman qarşıdurması illərində Qarabağda heç kəs “niyə erməni kəndinə ərzaq göndərdin?”, - deyə Həmidə xanımı qınaya bilməmişdi. Bu cür insanca rəftarın nəticəsi idi ki, milli qırğınların ən şiddətli çağında belə Həmidə xanım ermənilərin böyüklərinin yanına barışığa gedərək alovu söndürmək üçün əlindən gələni edir. Bir çox hallarda qan axıdılmasının qarşısını alırdı. O dəfələrlə erməni mühasirəsinə düşərək qırılmaq təhlükəsi qarşısında qalan yurddaşlarının harayına başının dəstəsi ilə yetişmiş, onları qurtarmışdı. Bu zaman heç bir erməni ona və adamlarına güllə atmağa cəsarət etməmişdi”.
Mehriban Vəzirin qeyd etdiyi bu faktlar Mirzə Cəlillə Həmidə xanımın nikahından öncə Doktor Kərim bəy Mehmandarovun “Gəl, ermənilərlə qonşuluq münasibətlərimizi qaydasına salmaqda mənə kömək et” kəlamının elə-belə işlədilmədiyinə, hər iki tarixi şəxsiyyətin millətin nicatı naminə tolerant duyğulara tapındıqlarına, Azərbaycançılıq məfkurəsinə xidmət etdiklərinə sübutdur.
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)
Qarabağ ədəbiyyatı: Zəfərdən sonra yaranan ruhun poetikası
Rəqsanə Babayeva, rejissor, yazıçı, “Ədəbiyyat və İncəsənət” üçün
“Qarabağ ədəbiyyatı: Zəfərdən sonra yaranan ruhun poetikası” mövzusu bu gün Azərbaycan ədəbiyyatında ən həssas və məsuliyyətli sahələrdən biridir. Qarabağ mövzusu artıq yalnız bir torpaq deyil – tarixdir, ağrıdır, yaddaşdır və Zəfərdir. Bu Zəfəri necə yazmaq, necə qorumaq və nəyə çevirmək məsələsi isə ciddi ədəbi məsuliyyət tələb edir.
Qarabağ – təkcə coğrafi anlayış deyil.
Bu adın içində tarix var, torpaq var, şəhid qanı var, qürur var, qayıdış var, susqun illər və danışan Zəfər var.
Və bu qədər hiss, bu qədər təlatüm, bu qədər mənəvi yük ədəbiyyata çevrilməsə, xalqın yaddaşında tam oturuşmaz.
Azərbaycan ədəbiyyatı hər zaman xalqın tarixini yazıb. İşgala ağlamışdı, indi Zəfəri necə yazır? Bu sualın cavabı hələ də axtarışdadır. Çünki Zəfər yaşanıb, amma onun ədəbiyyatdakı təzahürü – hələ tam formalaşmayıb.
Zəfərin sükutu və ya yazılmamış qəhrəmanlıq
Ədəbiyyatçılarımız illər boyu Qarabağ həsrətindən yazdı. “Torpağı olmayan xalqın şairi də susar” deyənlər oldu. Amma bu gün artıq torpaq var. Bəs indi nə baş verir?
Zəfərdən sonra yazılan əsərlərin çoxu birbaşa emosiya yüklü, tez-tez patriotik şüarlarla dolu, amma ədəbi cəhətdən yetkinliyi olmayan yazılardır. Bu, təbiidir – çünki emosiyalar təzədir, hələ soyumayıb. Amma ədəbiyyat emosiya yox, bədii dərinlik tələb edir.
Qarabağ ədəbiyyatının bugünkü mərhələsi – emosiyadan məna yaratmaq dövrüdür.
Yeni poeziya dalğası: Hissdən düşüncəyə
Gənc şairlər Qarabağ mövzusunu daha çox daxili qayıdış, itirilmiş uşaqlıq, kökə bağlılıq motivləri ilə təqdim edirlər. Bu, müsbət haldır. Qarabağ – yalnız bir döyüş sahəsi deyil, insanın özünə dönməsidir.
Lakin bəzi şeirlərdə və nəsr əsərlərində quruluq, süni qəhrəmanlıq və şablonluq da müşahidə olunur. Bu isə oxucuda real hiss yaratmır. Zəfəri hiss etdirmək üçün şüar yox, həqiqət, yük yox, yaşantı lazımdır.
Ədəbi mətn oxucunu düşündürməlidir ki, "mənim də bu Zəfərdə payım var, mən də bu tarixin bir parçasıyam." Bunun üçün isə daha çox insan taleyi, daha çox canlı obrazlar, daha çox ədəbi cəsarət lazımdır.
Qarabağ obrazı: torpaqdan insana keçid
Əvvəllər Qarabağ ədəbi mətnlərdə torpaq kimi, dağ kimi, bulaq kimi təsvir olunurdu. İndi isə Qarabağ – bir insan obrazı kimi təqdim edilməlidir. Qayıdan kəndli, evinin yerində xarabalıq tapan ana, müharibədən qayıdan qazinin psixologiyası, uşaqlığını tikanlı məftillər arxasında qoyan nəslin böyüməsi – bu mövzular ədəbiyyatda yetərincə yoxdur.
Biz Qarabağı sadəcə qələbə ilə deyil, insanın gözü ilə yazmalıyıq. Bəlkə də bir şairin içindəki susqunluq, bir yazıçının ağrılı obrazı bu gün bizə 100 şüardan daha güclü təsir edər.
Ədəbiyyat siyasət yox, yaddaşdır
Qarabağ ədəbiyyatı bəzən istənilir ki, tərbiyəvi və təbliğat xarakteri daşısın. Bəli, bu da lazımdır. Amma ədəbiyyat təbliğatdan çox tarixi sənədləşdirmədir. Yazıçı xalqın yaşadıqlarını sənət dili ilə gələcəyə çatdırmalıdır.
Əgər bu gün yazılan romanlar, şeirlər və dram əsərləri gələcək nəsillərə "Zəfərin ruhu belə idi" dedizdirə bilməyəcəksə – onda biz sadəcə hadisəni qeyd etmiş olacağıq, hiss etdirmədən keçmişi təqdim etmiş olacağıq.
Yenidən dirçələn folklor və milli yaddaş
Qarabağla bağlı xalq dastanlarının, bayatılarının, ağıların ədəbiyyata gətirilməsi də son dövrlərdə diqqət çəkir. Bu, milli poetik yaddaşın yenilənməsi deməkdir.
Xalq arasında dolaşan "Şuşa yuxusu", "Laçının səsi", "Xarıbülbül əfsanəsi" kimi motivlər, əfsanə formaları, hətta ağızdan-ağıza yayılan müasir bayatılar – yazılı ədəbiyyata inteqrasiya olunmalıdır.
Qarabağ təkcə qələbə məkanı deyil, mədəniyyət beşiyidir. Bu beşikdən yeni poeziya doğmalıdır – süni yox, təbii.
Zəfəri yaşadan yazıçılar yetişirmi?
Ədəbiyyat təkcə tarixə reaksiya vermir, onu dəyərə çevirir. Zəfər ədəbiyyatını yazmaq üçün həm müharibəni hiss etmiş, həm də bədii məsuliyyət daşıyan qələm sahibləri yetişməlidir.
Bugünkü yazıçılar və şairlər dil və düşüncə baxımından bu Zəfəri gələcək nəslə necə təqdim edəcəklər? Bu, həm sual, həm də çağırışdır.
Zəfər – məğrurluq və borcdur
Zəfər – Yalnız şüar üçün deyil, təfəkkür üçün də istifadə olunmalıdır. Qarabağ ədəbiyyatı bu qələbəni xatirə yox, ibrət, qürur həmçinin məsuliyyət kimi təqdim edərsə – gələcək nəsil bu tarixi daha yaxşı anlayacaq.
Zəfəri yaşamaq kifayət deyil – onu yazmaq, qorumaq və ötürmək lazımdır.
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)
MARAQLI SÖHBƏTLƏR – Rossini və şarmankaçalan
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Növbəti maraqlı söhbətim İtaliyadan və Fransadan olacaq. Özü də gülməli bir əhvalatdır.
Bir dəfə dünyaca məşhur İtaliya bəstəkarı Coakkino Rossini Parisə gəlir. Bəstəkar məskunlaşdığı evin pəncərələri altında bir nəfərin köhnə şarmanka ilə dəhşətli dərəcə yanlış notlarla çaldığını eşidir. Bu köhnəlmiş küçə musiqi aləti cırıldayır, xırıldayır və sanki narazı bir ah çəkərək, heç bir nota belə uyğun gəlməyən səslər çıxarırdı...
Rossini nə edir? O, şarmankanın çıxardığı bu dəhşətli “musiqi səsi”ni bir qədər dinləyir və növbəti dinləmədən sonra, melodiyanın onun öz əsərindən olduğunu tanıyanda, heyrətə gəlir. Bu, onun məşhur “Vilhelm Tell” operasından inanılmaz dərəcədə təhrif olunmuş uvertüra idi.
Həddindən artıq qəzəblənən bəstəkar pəncərəni açıb, şarmanka çalanın oradan getməsini əmr etmək istəyir. Lakin birdən fikrini dəyişir və qışqıraraq, küçə musiqiçisini yuxarı çağırır. Yuxarı qalxan musiqiçini Rossini qapıda qarşılayır və ondan soruşur:
- De görüm, dostum, sənin ecazkar şarmankan Jak Qalevinin hansısa musiqi əsərini ifa edə bilərmi?
- Əlbəttə! – deyə şarmanka çalan qürurla cavab verir. - Məndə onun “Kardinalın qızı” operasından bir melodiya var.
- Əla! – deyə Rossini sevinir. - Bəs bəstəkar Qalevinin harada yaşadığını bilirsənmi?
- Əlbəttə. Parisdə, bunu kim bilmir ki?
- Əla! Bax, budur sənə bir frank verirəm. Get onun pəncərələrinin altında “Kardinalın qızı”nı ifa elə. Eyni melodiyanı, ən azı altı dəfə. Yaxşı?
Bununla məşhur bəstəkar Coakkino Rossini köhnə dostu olan Jak Qalevi üçün bir zarafat hazırladığını düşünürdü. Amma… Şarmanka çalan başını bir qədər yırğaladır və etiraf edir:
- Mən sizin istəyinizi yerinə yetirə bilməyəcəyəm. Axı məni sizin yanınıza müsyö Qalevi göndərib. Bununla belə, o, sizdən daha mərhəmətlidir: o, cəmi üç dəfə sizin “Vilhelm Tell” uvertüranızı çalmağı məndən xahiş edib.
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)
Cağdaş teleserial bazarının əsas satıcısı RÖVŞƏN İSAX
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanın bərbad gündə olan teleserial industriyasına yeni nəfəs, yeni dad gətirdi bu şəxs. Ona görə də onu çağdaş teleserial bazarının əsas satıcısı adlandırmaq mümkündür. Çünki məhz o çəkənlər sevilir, rəğbətlə qarşılanır. Bəli, yanılmadınız, söhbət rejissor, aktyor Rövşən İsaxdan gedir.
Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb. Dövlət Gənclər Teatrında, Dövlət Pantomim Teatrında aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb.
Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub. Hazırda "Pozitiv Media"nın direktorudur.
Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir.
1 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Filmoqrafiya
"Rejissor kimi"
1. Azərbaycan Xalq Cümhuriyyəti
2. 40-cı qapının qıfılı
3. Aktrisa
4. Kiçik Leytenant
5. Sonuncu fəsil
6. Vicdan haqqı
7. Yuxu kimi
8. Pərvanələrin rəqsi
9. İmtina
"Aktyor kimi"
- Yarasa
- Etimad telefonu
- Aktrisa
- Kiçik Leytenant
- Sonuncu fəsil
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)
PSİXOLOGİYA VƏ ŞAİR – psixoloq Fazil Cəfərov və şair Ruslan Dost Əli
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam, dəyərli " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri.
" Psixologiya və şeir" rubrikamızda bu dəfə də bir şeirin psixoloji təhlilini verəcəyik.
Beləliklə, bugünkü qonaqlarımızı Sizə təqdim edirik: psixoloq- psixoterapevt Fazil Cəfərov və AYB-nin üzvü, Prezident təqaüdçüsü, gənc şairimiz Ruslan Dost Əli.
Bu rubrikamızda duyğular danışır, düşüncələr cavab verir. Şeir duyğunu dilə gətirir, psixologiya isə bu duyğunun kökünə işıq tutur.
Beləliklə, gözəl fəlsəfi məzmunlu bir şeirə psixologiya güzgüsündən gəlin birlikdə boylanaq.
siz heç nə bilmirsiz, heç nə bilmirsiz,
mən adam deyildim, adam deyildim.
hara and içim ki, inanasınız.
hardasan, səhərdən səni gəzirəm,
hardasan, bir topa, bir əlçim bulud!
həmişə sən yağırdın, biz islanırdıq,
bu dəfə mən yağdım, di gəl çim, bulud.
yağdım ağaclara, yağdım quşlara,
damdım bu evlərin damınnan, di gör.
bir adam sənintək yağmaqdan ötrü,
gör, nətər keçirmiş canınnan, di gör.
yağdım, bu kəndi də sel-su apardı,
gördüm ki, atama söyür adamlar.
ay bulud, mən tanrı qapısıyammı,
məni harda tutdu döyür adamlar.
nə qədər istəsən yağım başından,
utanma, utanma, dur, gəl, çim, bulud.
yağmaq nə gözəlmiş, ah, nə gözəlmiş,
ay bir topa bulud, bir əlçim bulud.
azca yağ dedilər, söydülər məni,
mən bu yer üzünə boşuna gəldim.
deyəsən, bir tanrı üzümə baxdı,
deyəsən, bir onun xoşuna gəldim.
dedim, mənə dəymə, yağım, yaşayım,
qoy hamı öyrənsin sulu qalmağa.
gördüm ki, bir yetim uşaq titrədir,
dayandım, yollandım günəş olmağa...
gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, sususzluqdan ölür adamlar,
bir qurtum suyu da bölür adamlar.
...özün bil, özün bil, özün bil, bulud.
daha mən yağmıram, di get, öl, bulud.
baxdım buludların o nəm cildinə,
günəşə boylandım, baxa bilmədim,
qayıtdım, qayıtdım adam cildinə...
Bu şeir dərin simvolik və psixoloji qatlara malikdir — oxucuya sadəcə “yağış” və “bulud” obrazları üzərindən danışsa da, əslində insanın həyat təcrübələrindəki təmənnasızlıq, gözlənilməz nəticələr, sosial mühitin qəddarlığı və daxili dəyişimin ağrısı mövzularını açır. Bunu mərhələ-mərhələ izah edək:
1. Şəxsiyyət böhranı və özünütəsnif etmə ("mən adam deyildim")
Şeirin başlanğıcında şair özünü "adam" kimi qəbul etmir. Bu, şəxsiyyət parçalanması və ya özünə yadlaşma (depersonalizasiya) halını ifadə edə bilər.
"Heç nə bilmirəm" ifadəsi, ekzistensial boşluq (mənasızlıq hissi) və bilik qeyri-müəyyənliyi ilə əlaqələndirilə bilər.
Transformasiya arzusu: Şair özünü insan cildindən çıxıb təbiət hadisəsinə (yağış, bulud) çevirmək istəyir. Bu, özünə nəzarət itkisi və ya yeni bir şəxsiyyət axtarışı kimi yozula bilər.
Bulud — ilham, mənbə, gözləntilərin sahibi, bəzən də uşaq təmizliyində xəyalların simvolu. O həm də xaricdən gözəl görünən, amma içində böyük yük (su, yağış) daşıyan varlıqdır.
Yağmaq — paylaşmaq, vermək, təmənnasız fədakarlıqdır. Lirik qəhrəman “sən yağırdın, biz islanırdıq” deyərkən başqalarının xoşbəxtliyindən faydalandığını, indi isə o rola özü keçdiyini bildirir.
2. Təbiətlə simbioz və qeyri-şəxsiyyətləşdirmə
"Mən yağdım" ifadələri ilə şair özünü təbiətlə eyniləşdirir. Bu, psixoloji proyeksiya (öz emosiyalarını xarici dünyaya köçürmə) və ya ekoloji özünəçevrilmə (eco-identification) kimi şərh oluna bilər.
"Bir adam sənintək yağmaqdan ötrü, gör nətər keçirmiş canınnan": Burada insanın təbiət qarşısında çarəsizliyi və ona qovuşmaq üçün öz varlığını fəda etməsi təsvir olunur. Bu, dissosiasiya (zehnin ağrılı reallıqdan qaçmaq üçün parçalanması) ilə də əlaqələndirilə bilər.
Psixoloji tərəfi: Burada insanın “başqalarına lazım olmaq” ehtiyacı görünür. Çünki başqalarına fayda vermək çox vaxt öz varlığını təsdiqləmək üçün bir vasitə olur.
3. Sosial tənqid və kollektiv zülm ("atama söyür adamlar")
“Sel-su apardı” — yaxşı niyyətin pis nəticəsi
Qəhrəmanın “çox yağması” nəticəsində kəndi sel basır, insanlar ziyan çəkir. Burada yaxşı niyyətin ölçüsüz və düşünülməmiş tətbiqi problemi göstərilir.
Psixoloji baxımdan bu, “hiperaltruizm” (həddindən artıq kömək etmək istəyi) sindromuna işarədir. İnsan çox verdikcə, bəzən qarşı tərəfə zərər də verə bilər.
Şair, yağış olaraq insanların sərt reaksiyası ilə üzləşir. Bu, cəmiyyətin fərdi məhv etməsi və ya kollektiv qəddarlıq metaforasıdır.
"Azca yağ dedilər, söydülər məni": Cəmiyyətin heç bir şeyə kifayət qədər qiymət verməməsi və daimi narazılığı burada vurğulanır. Bu, narsisistik zədələnmə (xarici tənqidin özqiyməti pozması) yarada bilər.
4. Qurban kompleksi və məğlubiyyət ("daha mən yağmıram, di get, öl, bulud")
Şair özünü fəda edir ("günəş olmağa"), lakin nəticədə təkamülünə dözə bilmir və yenidən insan cildinə qayıdır. Bu, öyrənilmiş çarəsizlik (helplessness) və ya dəyişiklik qorxusu kimi şərh edilə bilər.
"Qayıtdım adam cildinə": Bu, inqiraz (failure) və özünə qayıtma məcburiyyətidir. Təbiətə çevrilmək uğursuz olduğu üçün şair yenə də öz insani məhdudiyyətləri ilə üzləşir.
“Atama söyür adamlar” və “məni harda tutdu döyür adamlar” misraları, xalqın minnətdarlıq əvəzinə günahkar axtarması fenomenini göstərir.
Burada psixoloji olaraq “qurbanlaşdırma” prosesi var: kim kömək etmək istəsə, işlər pis gedəndə ona qarşı dönülür.
“Günəş olmağa” keçid
Yağışın ziyan gətirdiyini görən qəhrəman bu dəfə istilik vermək istəyir, yəni yardım formasını dəyişir.
Amma günəş olduqda susuzluq başlayır, ağaclar quruyur — yəni bir ekstremaldan digərinə keçmək də problemi həll etmir.
Psixoloji mesaj: Yalnız niyyət yetmir, həm də balans, uyğun vaxt və ölçü vacibdir.
"gördüm ki, quruyur bütün ağaclar,
gördüm ki, adamlar su axtarırlar.
gördüm, sususzluqdan ölür adamlar,
bir qurtum suyu da bölür adamlarr"
Bu bənd şeirin ən kritik dönüş nöqtələrindən biridir, çünki burada buludun və ya şairin daxili müşahidəsi tamamilə dəyişir — artıq o, öz hisslərinə yox, insanların real ehtiyacına fokuslanır.
1. "Gördüm ki, quruyur bütün ağaclar"
Quruyan ağaclar – həyatın simvolik ölümü
Ağac burada sadəcə bitki deyil, həm həyatın, həm də insanların ruh halının metaforasıdır.
Quruma — yaşama enerjisinin tükənməsini, ümidlərin sönməsini, yaradıcılığın və məhsuldarlığın dayanmasını göstərir.
Bulud üçün bu, “təbiətin” (və insan həyatının) fəlakət siqnalıdır.
Təbiətin ölümü: Ağacların quruması, təbiətin məhv olması və ekoloji tarazlığın pozulması deməkdir. Bu, şairin gözündə həyatın mənasının itməsi kimi də qiymətləndirilə bilər.
Metaforik məna: Ağaclar kökləri ilə sabitliyi, böyüməni və həyatı simvolizə edir. Onların quruması, cəmiyyətin və ya fərdin ruhi quruluğunun dağılması kimi də şərh oluna bilər.
Psixoloji təsir: Bu sətir oxucuda ümidsizlik və qayğı hissi oyadır – sanki dünyanın bütün yaşıl və canlı tərəfi yox olur.
2. "Gördüm ki, adamlar su axtarırlar"
Burada “su” həm real həyati ehtiyacdır, həm də simvolik olaraq sevgi, qayğı, ümid, həqiqət ola bilər.
İnsanların su axtarması, onların maddi və mənəvi aclıq içində olduğunu göstərir.
Bulud bunu müşahidə etdikcə, sadəcə yağmaq və ya günəş olmaqla məsələni həll etməyin mümkün olmadığını anlayır.
3. "Gördüm, susuzluqdan ölür adamlar"
Fiziki ölüm: Birbaşa məna ilə susuzluq insanları öldürür – bu, quraqlığın, iqtisadi bərabərsizliyin və ya təbii fəlakətlərin nəticəsidir.
Mənəvi ölüm: Daha dərin mənada, bu sətir sevgi, rəhm və insani dəyərlərdən susuz qalmanın da öldürücü olduğunu göstərir. İnsanlar duyğusal cəhətdən quruyub ölürlər.
Ekzistensial təhlilə görə: Əgər su həyat mənasıdırsa, onun olmaması mənasız bir ölüm deməkdir. Bu, absurdizm (mənasızlıqla üzləşmə) fəlsəfəsinə də toxunur.
4. "Bir qurtum suyu da bölür adamlar"
“Bir qurtum su” — həyatın son şansı kimi təsvir olunur.
İnsanlar o qədər ehtiyac içindədir ki, ən kiçik neməti belə paylaşmağa məcbur qalırlar.
Bu, həm insan həmrəyliyinin, həm də faciəvi yoxsulluğun mənzərəsidir.
Burada oxucu həm ümid (paylaşma var) həm də dərin kədər (paylaşılan şey azdır) hiss edir.
"Bir qurtum suyu da bölür adamlar" bu ifadəni bölüşmə nöqteyi-nəzərdən təhlil etsək, daha dərin mənalar ortaya çıxır:
1. "Bölmək" sözünün ikili mənası:
Mənfi məna (qarşıdurma): Ən çox qəbul edilən şərh budur – insanlar az qalan qaynaq (bir qurtum su) üçün vuruşur, parçalayır, bir-birindən almağa çalışır. Bu, qıtlıq psixologiyasının (scarcity mindset) tipik nəticəsidir:
"Əgər mən sənə versəm, mənə qalmayacaq" – bu qorxu paylaşmaq əvəzinə egoizm və güclünün zəifi əzması ilə nəticələnir.
Müsbət məna (bölüşmək): Nadir də olsa, bu sətri "hətta bir qurtum suyu belə bölüşürlər" kimi də oxumaq olar. Bu halda, ifadə insanın rəhm və fədakarlıq qabiliyyətini vurğulayır:
"Hətta ölüm təhlükəsində olsaq belə, son qurtum suyu qonşumla paylaşıram."
Bu şərh, insanın əxlaqi ucalış anlarını simvollaşdırır (məsələn, döyüş zamanı yoldaşını xilas edən əsgər nümunəsində olduğu kimi).
2. Niyə "bölmək" sözü seçilib?
Dil oyunu: Azərbaycan dilində "bölmək" həm parçalamaq, həm də paylaşmaq mənalarını verir. Şair qəsdən bu ikili mənanı istifadə edərək oxucunu düşündürür:
Bu, mübarizədir yoxsa birlikdə yaşamaq cəhdi?
Sosial tənqid: Əgər insanlar həyatın ən təməl ehtiyacını (suyu) belə bölüşə bilmirsə, deməli cəmiyyətin əsası çürükdür. Bu, kapitalizmin həddindən artıq fərdçiliyi və ya sosial ədalətsizliklə də bağlı ola bilər.
3. Psixoloji və Fəlsəfi Arxa Plan:
Hobbsun "İnsan insanın canavaradır" fikri: Çətinlikdə insan təbiətinin ilkin instinkti – öz həyatını qorumaq üçün başqalarını məhv etməkdir.
Antik dövr nümunələri: Mifologiyada və tarixdə susuz qalanların bir-birini öldürməsi (məsələn, səhrada karvan faciələri) bu sətrin real köklərini göstərir.
Müasir dünyada metafor: Bugünkü kontekstdə bu, iqtisadi bərabərsizlik (1%-in bütün sərvəti əlində saxlaması) və ya siyasi güc mübarizəsi kimi şərh edilə bilər.
4. Şəxsi Təcrübə və Ruh Dərinliyi:
Yetim uşağın titrəməsi ilə əlaqə: Əvvəlki misralarda yetim uşağın susuzluqdan əziyyət çəkməsi göstərilir. Bəlkə də şair özünü günahkar hiss edir – çünki o, bulud kimi yağsa belə, insanlar yenə də bir-birinə zülm edir.
Tanrı ilə dialoq: "Ay bulud, mən Tanrı qapısıyammı?" sualı ilə əlaqələndirildikdə, bu sətr ilahi ədalətsizlik (nəyə görə insanlar belə amansızdır?) sualını da yaradır.
5. Ən Çarpıcı İroniya:
Su, həyat simvoludur, lakin insanlar onu ölüm səbəbinə çevirir.
"Bir qurtum su" – bu qədər kiçik bir şey üçün belə insanlar humanizm və məntiqi itirir.
Bu, insanın təbiətinə qarşı ən böyük ittihamdır.
Bu sətrin bölüşmə mənasındakı izahı, insanın iki üzünü göstərir:
Qaranlıq tərəf: Qıtlıq qarşısında acgözlük və zorakılıq.
İşıqlı tərəf: Sonuncu şansda belə digərinə kömək etmək qəhrəmanlığı.
Şair, bizə sual verir:
"Siz hansı tərəfi seçərdiniz? Özünüz üçün vuruşardınız, yoxsa bir qurtum suyu bölüşərdiniz?"
Bu, hər bir insanın əxlaqi sınağıdır.
Nəticə:
Şeir, insanın təbiət və cəmiyyətlə olan uyğunsuzluğunu, özünəyad hissini və dəyişiklik arzusunun trajediyasını psixoloji dərinliklə əks etdirir. Şairin bulud olmaq istəyi, əslində, reallıqdan qaçmaq və ya daha çox güc və məna tapmaq cəhdi kimi də qiymətləndirilə bilər. Lakin sonda insan olaraq qalmaq məcburiyyəti onun ekzistensial əzabını daha da gücləndirir.
Bu şeir üçün ən uyğun psixoloji yanaşma humanist psixologiya (məna axtarışı) və ekzistensial analiz (boşluq və ölüm qorxusu ilə üzləşmə) çərçivəsindədir.
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)
BİRİ İKİSİNDƏ - Elnar Eyvazın şeirləri ilə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Elnar Eyvazın şeirləri təqdim ediləcək.
Əllərim üşüyürdü:
çiçək aldım özümə
aldatdım əllərimi...
***
Mənsiz necə dözürsən,
aldığım nəfəs Adam?!
Sənsiz hər şey heç nədir,
hər tərəf qəfəs, Adam...
***
Öldürdün ümidləri,
yasına da gəlmədin.
Qırılan ürəyimin
səsinə də gəlmədin.
Tutmadığın sözlərin
arasından yıxıldım.
Bilmədin, arzuların
harasından yıxıldım.
Daha niyə küsürəm?!
Ummadığım yerimsən.
Sən də nəsə itirdin,
Sən də mənim birimsən...
***
Arzularım boy-boy düzüldü
ayaq səslərini eşitcək.
Xəyallarım ətəklərini əllərinə alıb
yoluna çıxdılar: yolun da uzaq…
Biz gözlədik səni:
əl-ələ verib
ümidimizi üzümüzə tutduq:
ya udaq, ya uduzaq.
Günləri, ayları caladıq bir-birinə,
hörük hördük…vaxtı öldürək deyə.
Vaxt da salıb tərsliyə…
Bir də gördük
gəlmisən:
gözlərində işıq,
işığa qarışıq yaraşıq,
əllərində tumar,
dodaqlarında nəm çəkmiş sözlər…
Ürəyinin döyüntüsü qulaqlarımdadır:
köksündə bir dünya xoşbəxtlik vardı…
Hamısını birnəfəsə gətirdin,
göstərdin,
apardın…
***
Gəldin,
görə bilmədim
bir doyunca üzünü.
Yol uzaq, həsrət yaxın…
Getdin,
deyə bilmədim:
“Səni sevirəm axı…”
***
Yenə sənsiz,
yenə tənha, yenə tək.
Yenə sığmır qəfəsinə
bu ürək.
Hamı doğma,
hamı əziz,
mən yadam.
Niyə yoxsan bəxtim kimi,
ay Adam?!
***
Bir az fərqli ola bilərdi
tale, qədər, yazı.
Çox demirəm ki,
azı
iki kəlməlik fərq.
Elə gözəl olardı
həyat onda.
Məsələn,
üstünü mən örtərdim
gecələr oyananda…
“Ədəbiyyat və incəsənət”
(14.08.2026)
ƏDƏBİYYAT VƏ JURNALİSTİKA – biri söz sənəti, biri söz siyasəti
Cahangir NAMAZOV,
“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi
Özbəkistan Jurnalistlər birliyinin Namangan vilayəti bölməsinin sədri, Yazıçılar birliyinin üzvü, “Namangan həqiqəti” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinin müdiri, şair Nasircən DEHQONOV (Nasir ABBAS) ilə müsahibəni diqqətinizə çatdırırıq.
— İfadə etdiyiniz poetik aləmdə daha çox hansı hisslər üstünlük təşkil edir: həsrət, iztirab, səbirlilik, yoxsa ümid?..
— Hisslər sanki on səkkiz min aləmin zərrələri kimidir – rəngarəng və təkrarsız. Lakin poetik yaradıcılığımda hansının daha çox hiss olunduğu barədə düşünməmişdim. Əgər sualınıza cavab olaraq danışmalı olsam – həsrət… gələcəyə duyulan həsrət. İztirab da ön sıradadır. Axı arzusu, amalına çatmaq istəyi olmayan insan olmadığı kimi, iztirabsız insan da yoxdur. Xüsusilə şairlik, iztirabın sadiq dostu kimi daim insanın ruhunu müşayiət edir. Çünki iztirab bəzən ruhunun sıyrılmış qatlarını bərpa edir, onu saflaşdırır. Elə anlar olur ki, hisslərin savaşında səni saflaşdıracaq iztirabları arzulayırsan, hətta onlara ehtiyac duyursan.
Səbir... Bəs səbir nədir? Mən anlayıb dərk etdiyim səbir duyğusunu başqalarına izah edə bilməməyin çətinliyini yaşayıram. Ona görə də səbir mövzusu açılanda, sinəmdən sanki “səbir nədir?” sualı axır... Hələlik üç poetik toplusum çap olunub. Onlardan birinin adı
“Səbrin təbəssümü”dür.
Nə qədər ki, səndən iztirab gəldi,
Mən bu dünyadan yaxşılıq gördüm.
Səbir gülümsəyir sənin bağrında,
Mənim hər nəfəsim bir nisgil, bir dərd…
Ümid – mənim xilaskarımdır.
Bu duyğu həyatsevərliyin, quruculuğun, yaradıcı düşüncənin, insanlığın damarlarında axan bitib-tükənməz bir gücdür, qaranlıqlarda yanan nur, eşq və inamın köküdür.
— Namangan ədəbi mühiti sizin üçün necə bir məktəb oldu?
— Ali təhsili Namanganda bitirdim. Ədəbiyyatla məşğul olan insan üçün paytaxt – Daşkənd və digər böyük şəhərlərin “havası”nın nə qədər zəruri olduğunu daha gənclik çağlarımdan hiss etmişdim. Lakin ötən əsrin 80-ci illərində tanışlıq və korrupsiyanın açıq-aşkar çiçəkləndiyi bir dövrdə ailə vəziyyətimə görə Daşkəndə gedə bilmədim. Anam çox öyüd-nəsihət verərdi. Atam isə dürüst, prinsipial bir insan idi – xalq dilində desək, "kommunist" idi. Əslində məktəbi bitirən kimi Daşkəndə gedib oxumaq imkanım vardı... Bu nisgil tez-tez qəlbimi didib-dağıdır.
Ozod Şarofiddinov, Matyoqub Qoşconov, Rauf Parfi, Erkin Vohidov, Şavkat Rəhmon, Xurşid Davron, Abdulla Oripov, Həlimə Xudoyberdiyeva... onların Daşkənd ədəbi mühitində necə güclü simalara çevrildiyi göz önündədir.
İndi sualınıza dönsək: Mən Çortoq rayonundan vilayət mərkəzinə işləməyə gələndə artıq qırx yaşa yaxın idim. Rayon qəzetində çalışaraq yerli səviyyədə jurnalist və şair kimi tanınırdım. Vilayət mərkəzinə isə mənəvi müəllimim, o dövrdə “Xalq irodəsi” qəzetinin baş redaktoru Mahmudjon Parpiyevın dəvəti ilə gəldim.
Özbəkistan Xalq şairi Həbib Sədulla, dramaturq və publisist Abdulla Cabbor, ustad şair Ziyovuddin Mansur, həmçinin ədəbi mühitin sütunlarından biri olan professor Odiljon Nosirov, İsmatullo Abdulla, Əlixon Xəlilbekov, NamDU müəllimləri Mahmudjon Mamurov, Qodirjon Nosirov, xalq artistləri Kamoliddin Rəhimov, Ürinboy Nuralıyev, şairə Dilbar Bonu ilə tanış oldum. Onların məhəbbət və diqqətindən bəhrələndim.
Təhsil fədailəri Nazimjon Qozokov, Həbibullo Ubaydullayev, Dilşoda Dadajanovalardan ruhlandım. Xüsusilə “Özbəkistan səsi” qəzetinin vilayət müxbiri kimi qazandığım uğurlarda Namanganın ədəbi mühitinin rolu böyük oldu.
Özbəkistanın Əməkdar jurnalistləri – Farhod Yoʻlchiev, Gʻulomjon Akbarov və tanınmış yazıçı-jurnalist Rüstamjon Ummatovun təsiri ilə peşəkar məsuliyyət və şəxsiyyətimi formalaşdırmağa çalışdım.
“Qoşa çayın nəğmələri” və “Mühabbətdən ərzim var” adlı poetik toplularım sayəsində oxucu diqqətini qazandım və Yazıçılar İttifaqının üzvü oldum.
— Jurnalist kimi sözə olan məsuliyyət sizdə hansı meyarlar əsasında formalaşdı?
— İnkarolunmaz bir qənaətim var: Ədəbiyyat – söz sənətidirsə, jurnalistika – söz siyasətidir! Jurnalist kimi müxtəlif janrlarda materiallar hazırlayarkən sözə münasibət mənim üçün həmişə ön sıradadır. Çünki hər bir sözün məna çaları, məntiqi işarəsi var.
Təəssüf ki, jurnalistikada sözə məsuliyyət məsələsi bir qədər zəifləyib. Bəzən bədii üslubla rəsmi üslubun fərqləndirilməməsi də diqqəti cəlb edir. Əksər jurnalistlər bir qəlibdə yazmağa vərdiş ediblər.
Reportaj, ləvhə, felyeton kimi janrlar demək olar ki, mətbuat səhifələrindən silinib. Bu isə həqiqətən üzücüdür. Kompüter texnologiyalarının imkanlarından yalnız xəbər və xronika üçün istifadə edilir. Bu isə sözün zənginliyini yoxsullaşdırır və özbək dilinin imkanlarını daraldır.
Dilin şirinliyi, sözün yersizliyi isə qrammatikanın pozulmasına da səbəb olur. Lüğətlərlə işləmək, hər sözün mənşəyini, kökünü, məntiqi mənasını, sinonim və omonimlərini, hal və şəkilçilərini düzgün işlətmək vacibdir. Məncə, qrammatikanı dərindən bilmək, sözə olan məsuliyyəti unutmaqdan qoruyur.
— Sizin üçün publisistika ilə poeziya arasında necə bir mənəvi bağ mövcuddur?
— Publisistika – poeziyanın mənəvi qidasıdır. Şeir, bəli, hissin və duyğunun məhsuludur, amma publisistik pafosla yoğrularsa, oxucuya daha təsirli çatır. Mübəmmalıqdan aydınlığa keçmək, həqiqəti duymaq üçün publisistikanı mütəmadi oxumaq, düşünmək, hiss etmək lazımdır. Məncə, ancaq bu yolla canlı söz yaratmaq mümkündür. Bu isə artıq böyük bir mövzudur.
— Şairlər hər zaman cəmiyyətin "vicdanı" olublar. Bu anlayışın bugünkü mənası necə dəyişib?
— Şairlər – cəmiyyətin vicdanı, ayıq səsi, canlı nəfəsidirlər. Bu həqiqət qarşısında bu gün susmaqdan başqa söz tapmırsan, insan. Çünki bu gün plagiatlıq bir çox gənc qələm sahibləri üçün artıq qəbahət sayılmır.
Bu gün şairlərdən çox “şairciklər” meydana çıxıb. Beşinci sinif şagirdinin altı poetik kitabı çap olunub. O kitablarla tanış olanda insanın içində narahatlıq doğurur. Bəzən müsabiqə və yarışların şərtlərində “Kitabı çap olunubmu?” sualı yer alır. Bu da kitab üçün süni tələbat, təqib və yarış yaradır.
“Kitab” anlayışının ucuzlaşdırılması, kiminsə şeirlərini düzəltdirib, hətta başqasına yazdırıb, pul qarşılığında “şair”, “yazıçı” adını qazanmaq cəhdləri, nəticə etibarilə kitab anlayışına olan münasibəti zədələyir.
— Gənc yaradıcılar üçün ən çox məsləhətiniz nədir: oxumaq, yazmaq, ya da öyrənmək?
— Mən gənc yaradıcılar üçün ən çox “çox yazmağı” məsləhət görürəm.Çox yazmaq təbii olaraq çox oxumağa səbəb olur. Məncə, bəzən gənclər xalq ağız ədəbiyyatından uzaqlaşırlar, halbuki bu sahə yaradıcı fikrin qaynaq mənbəyidir. Folklorda incə bənzətmələr, müxtəlif sifətlər, bəzən kədərli, bəzən qürurlu, bəzən musiqili, bəzən dərin ritmi duymaq mümkündür. İnsan psixologiyasını nəzərə alaraq danışan fəlsəfi müşahidələr, həyati hadisələrin sirləri — bunların çoxu xalq ağız yaradıcılığının parlaq nümunələrindən gəlir.
Mən “Alpomış” dastanını, “Məlikə‑i ayyor” kimi əsərləri oxumağı tövsiyə edirəm — bu kitablar yaradıcı gənclərin estetik zövqünü zənginləşdirir, ruhuna yeni melodiyalar bəxş edir.
— Yaradıcılıq prosesində daxili psixoloji vəziyyətiniz necə dəyişir? Stress və ruh düşkünlüyü ilə necə mübarizə aparırsınız?
— Bəzən müasir insanlarda stress və ruh düşüklüyü geniş görünür. Təəssüf ki, həssaslıq bəzən bu cür hisslərin yaranmasına səbəb olur. Mən özümü stressdən və ruh düşkünlüyündən yazmaqla xilas edirəm. Yazmaq mənim üçün bir ruh sığınağıdır. Gözlənilən və gözlənilməyən zərbələrdən qorunmaq üçün yazıya salınıram.
Müəyyən bir təsirdən təsirlənə‑təsirlənə fikrimdə yaranan sətirlər varsa — onları kağıza köçürürəm. Yaradıcı anlar mənim üçün “yalnızlıq içində yalnız qalan” ləzzətli, ilahi anlardır.
"Yazdığım” adlı şeirimdə dediyim kimi:
Yazdığım — bilinki,
Bir yara dolu könüldən,
Yalnızlıqla yalnız qalan anlarımın sədasıdır...
— Namangan ədəbiyyatının özəllikləri və Özbək ədəbiyyatındakı yeri haqqındakı fikirləriniz?
-Namangan— güllər şəhəridir Dağlıq ərazidə doğulan insan dağa xas sərtlik, bağda yetişən isə bağın yumşaqlığını daşıyır. Bu təsir mistik səslənsə də, məkan şərtləri ruhumuzun formasını müəyyən edir.
Namanganlılarda zəriflik, azad ruh, gözəlliyə məftun olmaq hissi var — bu xüsusiyyətlər onların yaradıcı üslubunda da görünür. Namangan ədəbiyyatı özbək ədəbiyyatında incə təsvirlər, sükunət, estetik ləzzət, parlaq obrazlarla tanınır.
— Beynəlxalq miqyasda Özbək ədəbiyyatının mövqeyi və tanıdılması barədə nə deyə bilərsiniz?
— Özbək ədəbiyyatını beynəlxalq səviyyədə tanıtmaq üçün bir sıra əhəmiyyətli layihələr var. “1000 kitab”, “Vikipediya” kimi təşəbbüslər özbək dilinin zənginliyini göstərməkdədir. Kərim Bəhriyev müəllim tərəfindən hazırlanmış “Dünya poeziyası antologiyası” üç cildlik kitabdır və 5 qitədən 144 ölkənin 500-dən çox şairinin əsərlərini özbək dilində təqdim edir — bu doğrudan da sevindirici uğurdur.
11 dildən özbəkçəyə tərcümə edilmiş bu şeirlər xalqlar arasında dostluğu və sülhü möhkəmləndirməkdə vacib rol oynayır. Mən Ibrohim G‘afurov, Xurşid Davron, Güzal Begim, Gülnoz Möminovanın tərcümə uğurlarından dərin qürur duyuram.
— Jurnalist kimi sözün gücü və məsuliyyətə yanaşmanız, milli jurnalistikanın bu günkü çağırışları nədir?
— Sözün gücü və məsuliyyəti məni həmişə düşündürür. Yaxın zamanda Özbəkistan Jurnalistlər Birliyi, Namangan və Sirdaryo şöbələri ilə birgə “Çodak konfransı” keçiridik. Mövzu: Milli kontent və süni intellekt texnologiyaları idi.
Milli jurnalistika üçün məlumat texnologiyalarını bilmək, milli kontent yaratma bacarığını inkişaf etdirmək və süni intellekt sahəsində təbliğatı gücləndirmək indi vacib zərurətdir.
Süni intellekt — ikiüzlü qılıncdır: əgər biz onu özümüz yaratmasaq, başqalarının platformasına bağlı qalacağıq və o, bizi nəzarət altına ala bilər. İnternet trafiqimiz, fikirlərimiz, hətta üz və səsimiz izlənə bilər. Buna görə milli təhlükəsizlik yalnız hərbi gücdən deyil: rəqəmsal müstəqillik və alqoritmik suverenlik də müzakirə olunmalıdır.
Süni intellekt platforması olmayan dövlət digər dövlətlərin AI-sı tərəfindən idarə oluna bilər. Bu səbəbdən AI həm iqtisadi, həm də milli müdafiə vasitəsidir.
— Maarifləndirici işlər üçün media və jurnalistika sahəsində hansı yenilikləri təklif edirsiniz?
— Maarifləndirmə üçün daha çox matbuat nəşrlərinə dönüşü prioritet sayıram. İnternet jurnalistikası inkişaf etsin, əlbəttə — onu təqdir edirəm. Lakin qəzet və jurnalların gündəlik istehlaka qayıdışı, oxucuların kağız mətbuata yenidən maraq göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Əgər oxucu qəzet‑jurnal oxumağa qayıtsa, kitabxana yenidən gündəmə gələcək. Maarifçiliyin yüksəlməsində məhz qəzet‑nəşrlərə münasibəti yeniləmək — ən təsirli və dayanıqlı yol ola bilər.
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)
Bu gün İncəsənət məktəb və mərkəzlərinə ixtisas və məktəb seçimi mərhələsi başlanır
Bu gündən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, seçim mərhələsi avqustun 21-dək davam edəcək.
Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.
Bildirilir ki, xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşıb məktəb və ixtisas seçimi edə biləcəklər.
Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:
Musiqi alətləri ixtisasları üzrə:
* fortepiano, simli alətlər (7 illik təhsil): 6–8 yaş
* fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil): 8–12 yaş
Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:
* vokal, estrada oxuma və xanəndəlik (5 illik təhsil): 7–11 yaş
* xor ixtisası (7 illik təhsil): 7–10 yaş
Təsviri sənət ixtisasları üzrə:
* rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil): 8–12 yaş
Xoreoqrafiya ixtisası üzrə:
* 5 illik təhsil: 6–10 yaş
11 illik təhsil sistemi üzrə (musiqi və incəsənət məktəbinin 5 və 7-ci sinif bazasından qəbul):
* Minimum yaş: 13 yaş
* Əlavə şərt: Namizəd müvafiq ixtisaslar üzrə incəsənət məktəb və mərkəzlərinin cari və ya ötən ilin məzunu olmalıdır.
Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29 olaraq müəyyən edilib.
Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reytinq sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.
Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd (18 yaşa çatmayanların valideyni və ya qanuni nümayəndəsi) aşağıdakı sənədlərini sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:
şəxsiyyət vəsiqəsi;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (xarici ölkə vətəndaşları üçün)
sağlamlıq haqqında tibbi arayış;
3x4 sm ölçüdə fotoşəkil;
VIII sinfə qəbul olunanlar üçün musiqi təhsili haqqında şəhadətnamənin surəti, cari tədris ilinin məzunlarına münasibətdə təhsil aldıqları məktəbdən arayış.
Ödənişli təhsilə qəbul olunanlar digər sənədlərlə yanaşı təhsil haqqının ödəniş qəbzini də əlavə etməlidirlər.
Təhsil haqqının aylıq məbləği Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üzrə 150 AZN, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi üzrə incəsənət məktəblərində 120 AZN, digər regionlar üzrə 100 AZN təşkil edir.
Təhsil haqqı müvafiq bank hesabına köçürülməklə sentyabr-yanvar ayları üçün sentyabr ayının 10-dək (I və VIII sinfə qəbul olunanlar təsdiq üçün sənədlərini yerləşdirdikdə), fevral-iyun ayları üçün fevral ayının 1-dək ödənilir.
Məlumat üçün qeyd edək ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə 2025/2026-cı tədris ili üzrə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən həyata keçirilib. 25 aprel-25 may tarixlərində elektron sistem üzərindən 18862 müraciət qeydiyyata alınıb, iyun ayında I və VIII siniflərə qəbul imtahanları keçirilib. Qəbul imtahanlarında 16252 namizəd iştirak edib. İmtahanların nəticələri elan edildikdən sonra apelyasiya müraciətlərinə baxılıb.
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)
Azərbaycan muğamının çağdaş zirvəsi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kimdən soruşsan ki, hazırda muğam sənətinin ən tanınmış ifaçısı kimdir, bir ağızdan deyəcəklər ki, Alim Qasımovdur. O, muğamımızı yüksək səviyyədə oxuyur, inkişaf etdirir, beynəlxalq miqyasda da təbliğ edir. Bu gün onun doğum günüdür.
Azərbaycan Respublikasının xalq artisti Alim Qasımov 1957-ci ildə Şamaxı rayonunun Nabur kəndində (indiki Qobustan rayonunun inzibati ərazi vahidliyinə daxildir) anadan olub. O, 1978–1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983–1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. Müəllimləri muğam xanəndələri Hacıbaba Hüseynov və Ağaxan Abdullayev olub.
İlk çıxışı 1979-cu ildə Azərbaycan Televiziyasında olub. 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub.
2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.
2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.
2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib. 2010-cu il martın 17-də ABŞ-nin "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.
2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.
2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.
2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb. Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub. Alim Qasımovun diskoqrafiyasına 7 studiya albomu və bir yığma albomu daxildir.
Studiya albomları
1. Classical Mugham
2. Azerbaijan: Art of the Mugham
3. The Legendary Art of Mugham
4. Love's Deep Ocean
5. Oyanış feat. Coldünya
6. Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan feat. Fərqanə Qasımova
7. Intimate Dialogue feat. Fərqanə Qasımova
Yığma albomları
- Central Asian Series, Vol. 6: Spiritual Music of Azerbaijan feat. Fərqanə Qasımova, Kronos Kvarteti & Humayun Saxi
İncəsənətdə
1997-ci ildə "Parni iz Baku" komandasının üzvü olan Bəhram Bağırzadə, 2010-cu ildə "Bu Şəhərdə" komediya duetinin aktyoru Rafael İsgəndərov Alim Qasımovun parodiyasını Bakıda keçən konsertlərində ediblər.
Ədəbiyyatda
Alim Qasımov İordaniyanın Əmman şəhərində yerləşən Kral İslam Strateji Araşdırmalar Mərkəzi tərəfindən tərtib olunan "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" kitabının siyahısının 2009-cu ildən 2019-cu ilə qədər olan variantlarına daxil edilib.
2007-ci il avqust ayında Alim Qasımovun 50 illik yubileyi münasibətilə Natəvan Faiqin "Alim Qasımov fenomeni" adlı kitab işıq üzü görüb.
Filmoqrafiya
- Aktyor kimi
Aşıq Qərib
Qəzəlxan
İfaçı kimi
1. Doğma sahillər
2. Bəxtəvər
3. Gecə qatarında qətl
4. 40-cı qapı
- İştirak etdiyi film: Ver sözə ehya ki...
- Bəstəkar kimi: Neft
Təltif və mükafatları
1. SSRİ Beynəlxalq Musiqi Festivalı
2. Azərbaycan SSR əməkdar artisti
3. Musiqi medalı
4. Azərbaycan Respublikasının xalq artisti
5. Humay mükafatı
6. "Şöhrət" ordeni
7. Azərbayca Respublikasının Dövlət Mükafatı
8. Azərbaycan "Qızıl çinar" beynəlxalq mükafatı
9. Azərbaycan "Şərəf" ordeni
10. Azərbaycan "Heydər Əliyevin 100 illiyi" yubiley medalı
“Ədəbiyyat və incəsənət”
(14.08.2025)