ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Lirika dəftərindən rubrikasında bu gün sizlərə Aynur Qafarlının şeirləri təqdim edilir.

 

Sənə bir məktub yazdım, 

Bir sual və bir nida.

Bir də ölümdən betər

Param-parça “əl-vi-da”…

 

Bəyənəcəyiniz şübhə doğurmur.

 

 

 

QUMARDI DÜNYA

 

Elə mənim kimi sərxoşdu, süstdü,

Elə mənim kimi xumardı dünya.

Bir gün başımıza dəyən qapazdı,

Bir gün saçımızda tumardı dünya.

 

Dinsə, nələr deyər bu dağ, bu dərə,

Şükür səmadakı min-min ülkərə.

Üstündə olsaydı başı bir kərə,

Fikir dəryasına cumardı dünya.

 

Bəxti pas atıbdır, çərxi dolanmır,

İstəyir, amma ki xoşbəxt olammır,

Loğmanlar dərdinə çarə bulammır,

Sağala bilmir ki, bimardı dünya.

 

Baxma şirin dilə, uyma toyuna,

Sən ağıllı qızsan, qurban boyuna,

Aldanıb yalandan girmə oyuna,

Aynur, bilirsən ki, qumardı dünya!

 

 

İNSAN ÖZ QƏLBİNDƏN ASILMALIDIR

 

Əlim nə ulduza, nə aya çatır,

Kaş çata, bir iplə asam özümü.

Məlhəm də deyiləm, mən əvvəl-axır

Qanlı yaralara basam özümü.

 

Barmaq yarasını sağaltmaq asan,

Ürək yarasının əlacı hanı?

Onu sağaltmağa, zavallı insan,

Hətta mələklərin çatmır imkanı.

 

İnsanın surəti, əksi üzündə,

Əsli ürəkdədir – bir sifəti var.

Min sifət görərsən əksin özündə,

Ürəyin bir üzlük həqiqəti var.

 

Şeytan ağlımızı kəsdirə bilər,

Ürəyi yıxmağa yetməz hiyləsi.

Tale kimi desən, küsdürə bilər,

Ürəkdən inciməz ürək yiyəsi.

 

Son yarpaq düşərkən ömür bağından,

Hər kəs əməlinə qısılmalıdır.

Hər şey asılsa da öz ayağından,

İnsan öz qəlbindən asılmalıdır.

  

 

BİZ RƏHMƏTİ BU DÜNYADA QAZANAQ

 

Bəd əməllər ömrümüzdən silinmir,

O dünyada nə olacaq, bilinmir,

Həyatımız yaxşılığa bələnmir,

Mümkün qədər "kor şeytan"ı az anaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

İnsan niyə insanlığı itirir?

Bilinmir ki, kim harda bənd götürür...

Son mənzilə bizi rəhmət ötürür,

Yatmışıqsa, bu yuxudan oyanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

Bacardıqca adımızı ad edək,

Unutmayaq, doğmaları yad edək,

Ürəkləri bu dünyada şad edək,

Mərhəmətin keşiyində dayanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

Dostlar ilə tikəmizi bölək tən,

Mayamızda olsun halal toxum, dən,

Düşünməyək, vaxt var ikən indidən

Saf niyyətə, düz əmələ boyanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

 

Gözümüzdən qanlı-qanlı yaş gedər,

Bir qaydadır, boş gələnlər boş gedər,

Aynur, uca Tanrıya da xoş gedər,

Yaxşı olaq, yaxşılığı dost sanaq,

Biz rəhməti bu dünyada qazanaq.

 

 

DOSTLUQ 

 

Təcnis

 

Bir qızıl almadır həqiqi dostluq,

Dostun bir yarıdır, sən bir yarısan.

Canına can qatan dostun yoxdursa,

Özünü tam deyil, sən bir yarı san.

 

Ucal, ucalanda dostsuz ucalma,

Dostun sınağından beş al, üç alma.

İkisi dostundur – tapsan üç alma,

Qoy dost beş yarısın, sən bir yarısan.

 

Heç vədə dostundan kəsməz dost ara,

Köməyə dost yetər, düşsə dost dara.

Əzəl Rəbbə dost de, sonra dost ara,

Desinlər, Allahın sən bir yarısan.

 

 

SƏNƏ BİR MƏKTUB YAZDIM

 

Sənə bir məktub yazdım, 

Bir sual və bir nida.

Bir də ölümdən betər

Param-parça “əl-vi-da”…

 

Heç peşman da deyiləm,

Yoxdur bir umu-küsüm.

Bir şəkil də qoymuşam –

Göz yaşında təbəssüm.

 

Qapanıb otağına

Qapını bağlayarsan.

Sənə bir məktub yazdım,

Oxuyub ağlayarsan.

 

Buz kimi yatağından

Mənə də pay bölərsən.

Şərab qədəhlərində

Qurtum-qurtum ölərsən.

 

Sənə bir məktub yazdım,

Son gücümü toplayıb.

Ünvanını bilmirəm,

Çatmayacaqdır, hayıf... 

 

 

OLAR, BİR SUAL VERİM?

 

Olar, bir sual verim?

Qəlbim səni görəndə     

Niyə belə döyünür?!

Baxışlarım dən kimi

Yollarında üyünür.

 

Olar, bir sual verim?

Dilim yanar, deməsəm,

Gəl tutulma sözümdən:

Niyə mənim hər gecə

Yuxum qaçır gözümdən?

 

Olar, bir sual verim?

Baxışımdan qəlbinə

Sevgi səpsəm, olarmı?

Gecə ay işığında

Səni öpsəm, olarmı?

 

Olar, bir sual verim?

“Eşq bir meydir”, – deyiblər,

Mən bu meydən içimmi?

Gəlib sizin hər səhər

Küçənizdən keçimmi?

                                 

Olar, bir sual verim?

Nəyinə bənd olmuşam,

Bu sevginin nəyinə?!

Nədən hakim olmusan

Aynurun ürəyinə?!

 

 

DESİNLƏR Kİ, BU QIZ DƏLİ OLUBDUR

 

İstəyirəm ilk baxışdan vurulum,

Desinlər ki, bu qız dəli olubdur.

Bu sevgiyə saat kimi qurulum,

Desinlər ki, bu qız dəli olubdur.

 

Qönçə olum, budağından dərilim,

Kaman olum, oxu üçün gərilim,

Axşam-sabah yollarına sərilim,

Desinlər ki, bu qız dəli olubdur.

 

Diyar-diyar dolaşmağa qalınca,

Bal tapmazlar şirinlikdə balımca,

Lağa qoyub gülüşsünlər dalımca,

Desinlər ki, bu qız dəli olubdur.

 

Məhəbbətdə çoxu zəlil olurdu,

Dəliliyə sübut-dəlil olurdu,

Bundan qabaq oğlan dəli olurdu,

Desinlər ki, bu qız dəli olubdur.

 

Soruşmayın taleyimi, yaşımı,

Atın mənim uzaqlara daşımı,

Dəli kimi alım gedim başımı,

Desinlər ki, bu qız dəli olubdur.

 

Taleyimə yazılıbdır bu yazı,

Mən Aynuram –  torpağımın şən qızı,

Başdan-başa geyinim al-qırmızı,

Desinlər ki, bu qız dəli olubdur.

 

 

DURARAM SƏN GƏLƏN YOLLARIN ÜSTDƏ

 

Bəzənib geyərəm al üstdən alı,

Tökərsən qanını alların üstə.

Görsən Aynur adlı bir qızılgülü,

Qonarsan bülbültək kolların üstə.

 

Gələrəm, duraram gərdanı mina,

Sənə dərman bulmaz heç İbn Sina,

Eşqindən güc alıb gedərəm, inan,

Bütün “olmaz”ların, “ol”ların üstə.

 

Sevgi yarasıdır ən dərin yara,

Anında gələrəm, çağırsan hara.

Baxmaram borana, şaxtaya, qara,

Duraram sən gələn yolların üstdə.

 

Elə çağlayır ki, sinəmdə ürək,

Aynuru sən başa düşəsən gərək,

Onu bu dünyanın o başınadək

Alıb aparasan qolların üstdə.

 

 

O DƏLİNİN BİRİ SƏNSƏN, BİRİ MƏN

 

İki dəli xatırlansa hardasa,

O dəlinin biri sənsən, biri mən.

İki dəli bir-birinə yardırsa,

O dəlinin biri sənsən, biri mən.

 

Su vermişik gözümüzdən güllərə,

Qular kimi qanad açdıq göllərə,

İki dəli eşqdən düşsə çöllərə,

O dəlinin biri sənsən, biri mən.

 

Daş da dönüb çiçək açar, diləsən,

Deyirəm ki, eşidəsən, biləsən,

Mən bir dəli, sən bir dəli iləsən,

O dəlinin biri sənsən, biri mən.

 

Ruhum sənin ruhun üçün acıbdır,

Ürəyimin qapısını açıbdır,

Deyirlər ki, iki dəli qaçıbdır,

O dəlinin biri sənsən, biri mən.

 

İki dəli eşq meyindən dəmdir ki,

İki dəli iki kövrək simdir ki,

Ən ağıllı iki dəli kimdir ki? –

O dəlinin biri sənsən, biri mən.

 

Aynur, salma ötən günü çox yada,

Aramızda dava-dalaş, qan-qada,

İki dənə zır dəli var dünyada,

O dəlinin biri sənsən, biri mən.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

     

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Musiqiçilər ailəsi. Ata, ana və qızları... Hər biri musiqi tariximizdə ad qoyubdur. Bu gün ailə başçısı barədə danışacağıq. Onun anım günüdür.

 

Azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olub. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparıb. Həbib 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olub.

 

1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs deyib. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

O, həmçinin saz ifaçısı olub. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır.

İndi isə keçək ailə məsələsinə. Həbib Bayram Xalq artisti Tükəzban İsmayılovanın həyat yoldaşıdır. Tükəzban İsmayılova isə Xalq artisti İlhamə Quliyevanın anasıdır. Şöhrətlilər ailəsi!

 

Təltifləri

"Azərbaycan SSR əməkdar artisti"

"Azərbaycan SSR xalq artisti" fəxri adları

 

 

Həbib Bayramv 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Ədəbi tənqid mövzusunda Tomas Eliotun “Tənqidin sərhədləri” məqaləsini təqdim ediləcək.

Tərcümə edən: Qismət Rüstəmovdur.

 

 

TƏNQİD                      

Tomas ELİOT

TƏNQİDİN SƏRHƏDLƏRİ

 

Bu yazımın tezisi ədəbi tənqidin sərhədləridir, bu sərhədləri keçəndə ədəbi tənqid ya ədəbi olmur, ya da tənqid.

Sizə danışmaq istədiyim məsələləri düşünəndə xatırladım ki, 1923-cü ildə “Tənqidin funksiyası” başlıqlı bir məqalə yazmışdım. Görünür, həmin yazını çox bəyənmişəm ki, on il sonra çap etdirdiyim “Seçmə esselər”ə onu da daxil etmişdim. Həmin yazını yenidən oxuyanda faydalı heç nə tapmadım, amma bir tərəfdən də məmnun oldum ki, bugünkü fikirlərimlə ziddiyət təşkil edən heç nə yazmamışam: çünki mister Midlton Murrinin “iç səs” mövzusuyla bağlı düşüncələrini rədd etməyimi bir yana qoysaq (mən o yazıda köhnə aporia olan fərdi hökmlər, yoxsa avtoritet mövzusunda polemika edirdim), kəskin reaksiya verməyimə nəyin səbəb olduğunu xatırlaya bilmirəm. O yazıda böyük bir özünəinam və həyəcanla bəzi hökmlərə vardığımı gördüm; zənnimcə, ədəbi tənqidin mahiyyətiylə bağlı fikirləri məni razı salmayan, məndən daha yaşlı və özünü təsdiqləmiş tənqidçilərə cavab verməyə köklənmişdim. Amma indi, yəni otuz üç il sonra, məni o dərəcədə əsəbiləşdirən impressionist ədəbi tənqidi təmsil edən heç bir tənqidçinin adını, heç bir kitabı və ya esseni xatırlamıram. İndi bu essedən danışmağımın səbəbi diqqətinizi 1923-cü ildə bu mövzuyla bağlı yazdıqlarımın tarixinə çəkməkdir. Riçardsın “Ədəbi tənqidin prinsipləri” (The principles of literarty criticism) adlı kitabının məndəki ilk nüsxəsi 1925-ci ildə çapdan çıxıb. Bu çox dəyərli əsər çap olunandan bəri ədəbi tənqiddə böyük dəyişikliklər oldu, mənim məqaləm isə bundan cəmi iki il əvvəl çap edilmişdi. Tənqid inkişaf etdi, müxtəlif şaxələrə ayrıldı. “Yeni tənqid” termini, adətən, bu terminin çoxşaxəli tənqid metodlarına eyham vurduğunu nəzərə almadan istifadə edilir. Günümüzün tənqidçiləri bir-birindən fərqli metodlardan istifadə etsələr də, məncə, “Yeni tənqid” termini, əsasən, yeni tənqidçilərin sələflərindən çox əhəmiyyətli şəkildə fərqli olduqlarını ifadə etmək üçün istifadə olunmalıdır.

Neçə il qabaq qeyd etmişdim ki, hər nəslin öz ədəbi tənqidi formalaşmalıdır; çünki hər yeni nəsil sənətə öz meyarları, öz sənət tələbləriylə birgə gəlir və mədəniyyətin içində sənətə verdiyi əhəmiyyəti bunlara görə müəyyənləşdirir. Bu hökmü verəndə əminəm ki, zövqdə və dəbdə olan dəyişikliklərdən daha artığına eyham vurmaq istəyirdim: ən azı bunu nəzərdə tuturdum ki, keçmişin şedevrlərini öz perspektivi içində dəyərləndirən hər yeni nəslin davranışları sələflərindən tamam fərqli təsirlər altında formalaşır. Amma inanmıram ki, ədəbi tənqidlə bağlı yazılmış əhəmiyyətli bir əsər “ədəbi tənqid” termininin mənasını dəyişdirsin. Bir neçə il qabaq XVI əsrdən bu yana “təhsil” sözünün mənasındakı fasiləsiz dəyişmədən bəhs etmişdim, bu dəyişiklik təkcə təhsilin get-gedə daha çox sahəni özündə ehtiva etməsinə görə baş vermirdi, bu dəyişiklik eyni zamanda daha çox insana xitab etmək məcburiyyətindən yaranmışdı. Eyni yolla “ədəbi tənqid” termininin inkişafını da izləsək, oxşar prosesin baş verdiyini görəcəyik. Consonun “Şairlərin həyatı” (The lives of poets) adlı şedevrini ondan sonra gələn böyük bir əsərlə – Kolridcin “Ədəbiyyatın bioqrafiyası” (Biographia Literaria) ilə müqayisə edin. Söhbət ondan getmir ki, Conson artıq yekunlaşmaqda  olan bir ədəbi ənəni təmsil edir, Kolridc isə yeni üslubun üstünlüklərini və zəifliklərini analiz edir. Məncə, onlar arasındakı başlıca fərq Kolridcin maraq dairəsinin müxtəlifliyidir ki, bunu poeziya diskussiyasının təhlilində öz malına çevirə bilmişdi. Kolridc fəlsəfənin, estetikanın və psixologiyanın bir-biriylə olan əlaqəsindən bəhs edərək  bu disiplinləri ədəbi tənqidin bir hissəsi etdikdən sonra ondan sonrakı tənqidçilərin buna lazımi əhəmiyyət verməməsi öz ziyanlarına olub. Consonun dəyərini anlaya bilmək üçün onun yaşadığı dövrü təsəvvür etmək lazımdır: çağdaş bir tənqidçinin Kolridclə bölüşdüyü tərəflər daha çoxdur, əslində, bu günün ədəbi tənqidi Kolridcin müəyyənləşdirdiyi istiqamətdə inkişaf edib. Əminəm ki, Kolridc bu gün yaşasaydı, öz tənqidi platformasında dövrünün elmlərinə göstərdiyi marağı indiki sosial elmlərə, teologiyaya və semantikaya da göstərərdi.

Ədəbi əsərlərini bu sahələrdən bir və ya bir neçəsinin işığında dəyərləndirmək dövrümüzün ədəbi tənqidində baş verən dəyişikliyin iki vacib səbəbindən biridir. Digər səbəb hələ tam başa düşülməyib. Məktəblərimizdə, universitetlərimizdə ingilis və amerikan ədəbiyyatı araşdırmalarına getdikcə artan maraq xeyli tənqidçini müəllim olmağa, xeyli müəllimi də tənqidçi olmağa sövq edib. Bu vəziyyətdən şikayət etmək fikrim yoxdur: bu gün, həqiqətən, maraqlı olan tənqidi mətnlərin əksəriyyəti universitetlərdə özlərinə yer tapmış ədəbiyyatçılar, tənqidi düşüncələrini ilk dəfə sinif otaqlarında yoxlayan mütəfəkkirlər tərəfindən həyata keçirilir. Bir neçəsini çıxmaq şərtiylə, ədəbi jurnalların böyük çətinliklə nəşr edildiyi bu günlərdə ədəbi tənqidin belə olması başadüşüləndir. Ancaq bu o demək deyil ki, bu gün tənqidçilər sələflərindən fərqli oxucu zümrəsinə xitab edirlər və dünya ilə münasibətləri başqa cürdür. Düşünürəm ki, bu gün ciddi ədəbi tənqid XIX əsrdəki qədər olmasa da, daha məhdud oxucu kütləsinə xitab edir.

Bir müddət əvvəl fransız psixiatrı doktor Huber Benuanın yazdığı Zen Buddizmdə psixologiyadan bəhs edən “Üstün zəka” adlı əsərin ingiliscə nəşrinə Oldos Hakslinin yazdığı ön söz məni təəccübləndirdi. Həmin kitabı oxuyanda mənim təəssüratım da eynilə Hakslininki kimi oldu. Haksli ön sözündə Qərbdə inkişaf edən psixiatriya ilə Şərqdəki Dao və Zen təlimlərini müqayisə edir:

“Qərb psixologiyasında məqsəd problemi olan fərdi daha az problemi olan fərdlərdən ibarət cəmiyyətə uyğunlaşdırmaqdır. Burda bir-birlərinə və məhəlli institutlara yaxşıca adaptasiya olan fərdlərdən söhbət gedir, fəqət kainatdakı fundamental sistemə adaptasiya olmaqdan bəhs edilmir... Davranışlarda nəzərə alınası daha mükəmməl başqa normanın varlığından danışılmır... Çox pozğun bir sistemə belə çox yaxşı şəkildə adaptasiya olan şəxs, əgər istəsə, kainatdakı təbii sistemə də uyğunlaşa bilər”.

Bu məsələnin bizim mövzuyla əlaqəsi birbaşa görünməyə bilər. Zen Buddizmin normalarından baxanda Qərb psixiatriyasının sağlamlıq məsələsində yanıldığı və mövqeyini dəyişdirməli olduğu kimi, çağdaş ədəbi tənqid də meyar məsələsində xaos içində deyilmi? Tənqid kimə nəyi qazandırmalıdır? Tənqidin dövrümüzdəki zənginliyi və müxtəlifliyi, bəlkə də, onu əsas məqsəddən yayındırıb. Hər bir tənqidçinin nəzərə aldığı müəyyən bir hədəfi və əsaslandırmaq məcburiyyətində olmadığı bir məşğələsi ola bilər, bununla belə, tənqid öz hədəfindən sapa bilər. Vəziyyət belədirsə, bu, bizi çox da təəccübləndirməməlidir, çünki pozitiv elmlər, hətta humanitar elmlər elə yüksək inkişaf mərhələsinə çatıblar ki, ixtisasla bağlı öyrəniləsi elə çox şey var ki… Lakin heç bir tələbənin başqa şey öyrənməyə vaxtı yoxdur. Son dövrlər universitetlərimizdə ən çox müzakirə olunan məsələ ixtisas fənləriylə ümumi fənləri birləşdirəcək tədris planı axtarışıdır.

Təbii ki, biz Aristotelin və Akvinalı Fomanın yaşadığı dünyaya qayıda bilmərik; Kolridcdən əvvəlki tənqid meyarlarına da qayıtmaq mümkün deyil, amma heç olmasa darmadağın olmuş tənqidi fəaliyyətimizi xilas etmək üçün bu sualı verməliyik: “Tənqid nə vaxt ədəbi tənqid olmaqdan çıxır, nəsə başqa şey olur?”

Çağdaş olmaq üçün çox yaşlı olsam da, müasir tənqidin atası sayıldığımı eşitmək məni təəccübləndirir. Son vaxtlar oxuduğum bir əsərdə çağdaşlığına əmin olduğum bir yazıçı “Yeni tənqid” məktəbindən bəhs edərkən “təkcə amerikalı tənqidçiləri yox, T.S.Eliotun başlatdığı tənqidi istiqamətin bütün davamçılarını nəzərdə tuturam” – deyir. Müəllifin məni bu cür kəskin şəkildə amerikan tənqidçilərindən ayırmasını başa düşmürəm, üstəlik, mənimlə başladığı deyilən heç bir tənqidi istiqamətdən xəbərim yoxdur. Mən bir naşir olaraq “The Criterion” jurnalını ədəbi tənqidin üzünə açdım və tənqidçilərə cəsarət verdim. Bununla yanaşı – bu təvazökarlığımı haqlı çıxarmaq üçün – mənə görə ədəbi tənqidə qatdığım faydadan və onun çatışmazlıqlarından danışmalıyam. Dünyada mənə şöhrət gətirən, amma həqiqətən, utandığım pis şöhrətli bəzi frazalarımı bir kənara qoysaq, məncə, ən yaxşı tənqidi mətnlərim mənə təsir edən şairlər və mənzum pyeslər yazan müəlliflərlə bağlı yazdıqlarımdır. Bu tənqidi mətnlər mənim şeir emalatxanamın əlavə məhsulları və ya şeirlərimdəki düşüncələrin davamıdır. Geriyə baxanda görürəm ki, ən yaxşı tənqidi mətnlərimi poeziyadan və şeirlərindən çox təsirləndiyim şairlərlə bağlı yazmışam. Onların şeirləri vasitəsilə fikirlərimi ifadə etmək istəyim həmin şairlərin mənə təsir etməyindən çox sonra baş tutub. Ezra Paundun yazılarındakı kimi, mənim tənqidlərimin də qüsurları və üstünlükləri öz yazdığım şeirlərlə birgə nəzərdən keçiriləndə daha yaxşı ortaya çıxır. Paund tənqidi mətnlərində didaktikdir: məncə, o, tənqidi mətnlərini hələlik bir üslubu olmayan gənclər üçün yazır. Ancaq Paundun erkən dövr işlərindən olan “Romans ruhu” (The Spirit of Romance) adlı kitabındakı esselərdə ona təsir etmiş sevimli şairlərdən, eləcə də (özüm haqqında dediyim kimi) onlar vasitəsilə öz işlərindən bəhs edir.

Mənim emalatxana tənqidi adlandırdığım, bir şairin həyata keçirdiyi bu tənqidi metodun hamılıqla görünən bir qüsuru var. Şairin öz əsərləriylə bağlı olmayan və xoşuna gəlməyən hər şey tənqiddən kənarda qalır. Bu cür tənqidin digər qüsuru isə tənqidçinin verdiyi hökmlərin öz yaradıcılığından kənarda doğru olmamaq ehtimalıdır.

Mənim şairlərlə bağlı hökmlərim ömrüm boyu dəyişməyib, xüsusilə yaşayan bir neçə şairlə bağlı fikirlərim heç dəyişməyib. Bununla yanaşı, indi etdiyim kimi, tənqiddən danışarkən, təkcə poeziya tənqidini düşünmürəm. Əslində, keçmişdə ədəbiyyatla bağlı ümumiləşdirmələr edən tənqidçilərin əksəriyyəti daha çox poeziyanı düşünüblər. Prozaik əsərlərin tənqidi olduqca yenidir və mən bu mövzuda mütəxəssis deyiləm, amma inanmıram ki, bu proza tənqidindən poeziyadan fərqli meyarlar tələb olunsun. Yeri gəlmişkən, şair və ya romançı olmayan bir tənqidçi üçün tənqidin tənqidiylə məşğul olmaq ədəbiyyatın müxtəlif növlərini analiz etmək istifadə olunan metodlar və lazımlı texniki bilgilər arasındakı fərqləri düşünmək baxımından olduqca maraqlı olmalıdır. Amma tənqiddən söhbət gedəndə şeir ən lazımlı predmetdir, çünki şeir forma xüsusiyyətlərini ümumiləşdirmək üçün daha çox imkan verir. Elə görünə bilər ki, şeirdə üslub hər şeydir. Bu hökm doğru deyil, ancaq söhbət ədəbi tənqiddən gedirsə, ən saf estetik təcrübəni poeziya vasitəsilə yaşayırıq illüziyası şeiri nəzərdə saxlanmalı əsas mövzuya çevirir.

Çağdaş ədəbi tənqidin əksər hissəsini belə xarakterizə etmək olar: alimliyin ədəbi tənqid və ədəbi tənqidin alimliklə qovuşduğu yerdə doğulan çağdaş ədəbi tənqidin işi bədii mətnin qaynağına enərək onu açıqlamaqdır. Bu barədə fikirlərimi açıqlamaq üçün çox pis təsiri olan iki kitabdan danışmaq istəyirəm. Bunlar pis əsərlər deyil, əksinə, hamının bilməli olduğu kitablardır. Bunlardan birincisi, Con Livinqston Lousun “Xanaduya gedən yol” ("The Road to Xanadu") adlı əsəridir, bu kitabı şeirlə maraqlanan tövsiyə edirəm; digəri isə Ceyms Coysun “Finneqansayağı yas” adlı romanıdır, bu kitabın heç olmasa bəzi səhifələri şeirlə maraqlanan hər kəs tərəfindən oxunmalıdır. Livinqston Lous yaxşı biləndər, yaxşı müəllim və mənim xüsusi səbəblərə görə minnətdar olduğum insandır. Ceyms Coys isə dühadır və dostumdur, “Finneqansayağı yas” isə şübhəsiz ki, monumental əsərlərindən biridir, burada onu nə tərifləmək, nə də tənqid etmək istəyirəm. Bu iki əsərin bir-birinə oxşar tərəfi hər ikisinin də dəyərli olmasıdır.

“Xanaduya gedən yol”u oxumayanlara deməliyəm ki, bu əsər möhtəşəm bir araşdırmadır. Lous, “Kubilay xan” və “Qoca dənizçi” adlı şeirlərdəki obraz, söz və təcrübələrin hardan qaynaqlandığını araşdırmaq üçün Kolridc kimi çox mütaliə edən bir şairin oxuduğu bütün kitabları araşdırıb. Kolridcin oxuduğu kitabların çoxu qeyri-müəyyən və unudulmuş kitablar idi; məsələn, Lous şairin oxumaq ehtimalı olan səyahət kitablarını təhlil edib. Lous hamımız üçün biryolluq isbat etdi ki, poeziyada orijinallıq bir-birindən fərqli və bir-birinə zidd olan materialların yeni bir vəhdət əmələ gətirmək üzrə orijinal şəkildə birləşdirilməsidir. Bu açıqlama yaradacı dühanın təcrübə xammalını necə həzm etməsi və ona necə yeni forma verməsini göstərmək baxımından çox inandırıcıdır. Heç kim bu əsəri oxuyandan sonra “Qoca dənizçi”ni başa düşdüyünü iddia edə bilməz; onsuz da Lousun məqsədi şeiri daha anlaqlı hala gətirmək olmayıb. Kobud desək, Lous bu əsərdə yaradıcı prosesi araşdırıb və ədəbi tənqidin sərhədlərindən kənara çıxıb. Kolridcin oxuduqlarından nə qədərini böyük poeziyaya çevirə bildiyi həmişə sirr olaraq qalacaq. Yenə də bəzi xoşniyyət araşdırmaçılar Lousun istifadə etdiyi metodu yazdığı şeirlərə mənbə göstərən hər hansı şairin əsərlərini anlamaqda ipucu kimi dəyərləndirirlər. Bir neçə il qabaq İndianadan bu kitabı oxuyan və özünü dəli hesab edən (bu mənim yox, öz ifadəsidir, əlbəttə, o, dəli deyildi, sadəcə, “Xanaduya gedən yol”u oxumaqdan az-maz başı qaçmışdı) bir cənab mənə belə yazırdı: “Maraqlıdır, görəsən, “sivilizasiyanın ölü pişikləri”, “çürümüş begemot” və mister Kurtsun “ötən il bağçanıza basdırılan ölü bədən”lə az-maz da olsa, əlaqəsi varmı?” Əgər sözlərindəki eyhamı başa düşmürsünüzsə, bu sizə sayıqlama kimi gələ bilər. Bunlar mənim “Bəhrəsiz torpaq” adlı əsərimlə Cozef Konradın “Qaranlığın ürəyi” adlı əsəri arasında əlaqə qurmağa çalışan ciddi bir araşdırmaçının sözləridir.

Doktor Lous tənqidçilərə elə böyük elmi araşdırma və yarışma həyəcanı verdi ki, az qala, onların hamısı ədəbi əsərlərin “Finneqansayağı yas” kimi olmasını istəyəcəklər. Ədəbi əsərləri din kitabları kimi, elmi şəkildə analiz edən şəxslərin zəhmətini lağa qoymaq və onları tənqid etmək fikrim yoxdur. Onlar bu əsərdəki bütün ipuclarını tutaraq, düyünləri çözərək əsərin anlaşılmasına çalışan şəxslərdir. Əgər “Finneqansayağı yas”ı başa düşmək lazımdırsa, belə bir zəhmət olmadan hər hansı hökmə vara bilmərik. Demək, bu cür araşdırmalar lazımlıdır. Mister Kempbel və mister Robinson, sözügedən araşdırmaçılar kimi, bu təqdirəlayiq işi bacarıblar. Mən bu cür əjdaha şedevrin yaradıcısı Ceyms Coysdan şikayətçiyəm, çünki kitabın bəzi hissələri müəyyən açıqlama olmadan anlaşılması qeyri-mümkün olan gözəl cəfəngiyyatdır. (Bu əsərin Coysun gözəl irland aksentiylə oxuduğu bəzi hissələrini maqnitofondan dinləmək böyük zövqdür). Bəlkə də, Coys öz romanının anlaşılması çətin əsər olduğunu bilmirdi. Bu əsərin ədəbiyyatdakı yerini təyin edən sonuncu hökm nə olur-olsun (mən burada hökm vermirəm), bu günə qədər yazılmış şeirlərin əksərən (“Finneqansayağı yas” mənsur şeir sayıla bilər) bu cür yazıldığını və oxuyub anlaşılması üçün bu cür tikə-tikə edilməli olduğunu qəbul etmirəm. Ancaq şübhələnirəm ki, “Finneqansayağı yas”ın içindəki çətin tapmacalar bu gün dəbdə olan yanlış şərhlərin yayılmasına rəvac verir. Mən “Kokteyl parti” adlı pyesimi nəşr etdirdikdən sonra aylar boyunca poçtuma əsəri tapmaca kimi qəbul edərək onun mənasını şərh etməyə çalışan məktublar gəldi. Bu şərhçilər onlara təqdim etdiyim tapmacaya əsəbiləşsələr də, görünürdü ki, onu həm də bəyəniblər. Əslində, özləri də bilmədən həll edəcəkləri tapmacanı özləri icad etmişdilər.

Bu vəziyyətdə qəbul etməliyəm ki, mən də tənqidçiləri yanlış yola sövq etməkdə günahkaram. “Bəhrəsiz torpaq” üçün şərhlər! Mən ilk şeirlərimi başqalarının əsərlərindən çırpışdırdığımı iddia edən tənqidçilərin atəşlərini kəsmək üçün əvvəlcə bütün sitatlarımın mənbəyini göstərməyi düşünürdüm. Sonra “Bəhrəsiz torpağ”ı balaca kitab kimi nəşr etdirməyə qərar verəndə (çünki bu şeir “Dial” və "Crietrion”da ilk dəfə çap olunanda şərhsiz idi) şeirin kitab olmayacaq qədər qısa olduğunu gördüm; buna görə də əsərə əlavə edəcəyim qeydləri kitaba bir neçə səhifə qazandırmaq üçün genişləndirdim, nəticədə onlar bugünkü saxta müdriklik nümayişlərinin ekspozisiyasına çevrildilər. Bəzən bu qeydləri atmağı düşündüm, lakin artıq onlar şeirin bir hissəsinə çevriliblər. Elə oldu ki, bu qeydlər şeirin özündən populyar oldu və kitabı satın alanlar şeirə əlavə etdiyim qeydləri görməyəndə pullarını geri istəməyə başladılar. Bununla yanaşı, düşünmürəm ki, bu qeydlərin başqa şairlərə ziyanı var: bu metoddan pis şəkildə istifadə edən çağdaş şair tanımıram (Marianna Mura keçəsi olsaq, onun şeirinə əlavə etdiyi qeydlər həmişə açıqlayıcı, maraqlı, əyləndirici və yetərlidir, oxucunun ikinci mənbəyə baxmağına ehtiyac qalmır). Başqa şairlərə pis örnək olduğum üçün peşman deyiləm. Üzüntümün əsas səbəbi qeydlərimin mənbəşünasları yanlış şərhlərə sövq etməsidir. Şübhəsiz ki, Miss Cessi Vestonun əsərinə böyük hörmət bəsləyirəm, ancaq bir xeyli araşdırmaçını Tarot kartlarını və “Müqəddəs qab əfsanəsi”ni araşdırmağa sövq etdiyim üçün peşmanam.

Bir şeiri onun mənşəyinə vararaq izah etməklə bağlı düşünərkən Yunqun bir sitatına rast gəldim. Viktor Vaytın “Tanrı və təhtəlşüur” əsərində rastıma çıxan bu sitatı yazıçı, Freyd ilə Yunq arasındakı radikal fərqi göstərmək üçün istifadə edir:

“Fiziki hadisələrə (deyir – Yunq) iki cür baxmağın mümkünlüyü qəbul olunmuş həqiqətdir: onlara ya mexanistik, ya da energetik rakursdan baxa bilərik. Mexanistik rakurs səbəbiyyətlə bağlıdır: hər hansı hadisə daim səbəbin nəticəsi kimi meydana gəlir... Digər tərəfdən energetik rakurs isə mütləq bir enerji mənbəyini hər şeyin başlanğıcı qəbul edir: hadisələrdəki dəyişkənliyin, əsasən, bu enerji formasına söykəndiyi ehtimalı əsas verir ki, nəticə və ya təsirlərin analizində nəticədən səbəbə gedilsin”.

Bu sitat “Analitik psixologiyaya töhfələr” adlı əsərdəndir. Mister Vaytın toxunmadığı, növbəti paraqrafın ilk cümləsini isə mən əlavə edim: “Bu rakursların hər ikisi fiziki hadisələrin anlaşılmasında qaçılmazdır”.

Mən bu misalı, sadəcə, suqqestiv analogiya kimi çəkirəm. Bir şeiri, onun komponentlərini və yaranma səbəblərini analiz edə bilərik və bunlar şeiri başa düşməyimiz üçün lazımlı hazırlıq ola bilər. Ancaq poeziyanı anlamaq, məqsədinin nə olduğunu qavramaq üçün əziyyət çəkmək lazımdır, yəni cəhd etmək lazımdır ki, bir poeziyanın entelexiyasını (sözün düzü, çoxdandır ki, belə terminləri əminliklə işlətmirəm) qavrayasan.

Səbəb-nəticə əlaqəsinə hədsiz dərəcədə söykənərək həyata keçirilən tənqidin ən təhlükəli forması bioqrafik tənqiddir, xüsusilə də bioqraf xarici faktları şairin ruhi təcrübəsiylə bağlı psixoloji təxminlərinə əlavə etməyə çalışırsa, həqiqətən, təhlükəlidir. Mən demək istəmirəm ki, artıq həyatda olmayan bir şairin özəl həyatı və şəxsiyyəti psixoloq tərəfindən araşdırılmasın. Elm adamı araşdırma subyekti həyatda olmadıqca və yazdığı şeylər onun şərəfinə, ləyaqətinə zərər vermədikcə bu cür araşdırmalar etməkdə sərbəstdir. Şairlərin bioqrafiyasını yazmaqda da problem yoxdur, üstəlik, bioqrafın da tənqidi qabiliyyəti və zövqü olmalıdır, sağlam hökmlər verməsi və bioqrafiyasını yazdığı şəxsin əsərlərini anlaması da çox əhəmiyyətlidir; digər tərəfdən bir yazıçının əsərlərini ciddi şəkildə sərf-nəzər edən bir tənqidçi o yazıçının həyatını da bilməlidir. Həqiqətən, təhsilli və təcrübəli bir psixoloq olmadan, ancaq oxuduğu kitablardan əldə etdiyi informasiya ilə bir müəllifin tənqidi bioqrafiyasını yazan tənqidçi və ya bioqraf məsələləri tamamilə bir-birinə qarışdıra bilər.

Bir şairlə bağlı öyrəndiyimiz informasiyanın bizə onun əsərlərini anlamaqda nə qədər yardımçı olması düşündüyümüz qədər bəsit məsələ deyil. Hər oxucu bu suala özlüyündə, ümumiləşdirmə aparmadan, xüsusi vəziyyətləri nəzərə alaraq cavab verməlidir, çünki bir şairin həyatını bilmək, bəzi şairlərin əsərlərini anlamaqda faydalı olsa da, bəzilərində çox da vacib deyil. Poeziyadan zövq almaq müxtəlif ləzzət formalarının bir-birinə qarışdığı mürəkkəb bir təcrübə ola bilər və bu müxtəlif ləzzət formalarının proporsiyası oxucudan oxucuya dəyişə bilər. Bunu açıqlamaq istəyirəm. Vordsvortun ən yaxşı şeirlərinin böyük hissəsini çox qısa zamanda yazdığını bilirik. Bu müddətin həm özü, həm də Vordsvortun həyatındakı yeri qısadır. Vordsvortu analiz edən xeyli adam onun sonrakı şeirlərinin rüsvayçı olduğunu yazıb. Bir neçə il qabaq Ser Herbert Rid Vordsvortla bağlı çox maraqlı bir kitab yazdı. Buna baxmayaraq, düşünürəm ki, Ridin onu – Vordsvortu ən yaxşı qiymətləndirən essesi “Çox rəngli bir palto” adlı əsərdədir. Rid bu əsərdə Vordsvortun yaradıcı dühasındakı təbəddüllatın onun Anette Vallonla olan əlaqəsinin təsiriylə olduğunu yazır. Yaxın zamanlarda Mister F.V. Bateson da Vordsvortla bağlı çox maraqlı bir kitab yazdı (Bu kitabın “iki səs” hissəsi Vordsvortun üslubunu başa düşməyimizə çox yardım edir). Bu əsərdə Bateson deyir ki, Annet şairin həyatında Ridin düşündüyü qədər önəmli rol oynamayıb və həqiqi sirr Vordsvortun bacısı Dorotiyə bəslədiyi sevgidə gizlənib. “Lusi” şeir silsiləsinin bu sevginin təsiri altında yazıldığını deyən Rid, Vordsvortun evlənəndən sonra niyə ilhamının qurumasından bəhs edir. Rid, bəlkə də, haqlıdır, çünki dedikləri ağlabatandır. Ancaq hər oxucunun özü-özünə verməli olduğu sual budur ki, bunlar Vordsvortun şeirlərini qiymətləndirməkdə nə qədər vacibdir? Bütün bunları bilmək bizim “Lüsi” şeirlərini anlamağımıza yardımçı ola bilərmi? Məncə, şeirin yaranmasına səbəb olan mənbələrin onu daha yaxşı anlamağımızda faydalı olması məcburi deyil, hətta bu mənbələrlə bağlı çox şey bilmək şeirlə tənqidçi arasındakı əlaqəni qopara bilər. Mən “Lüsi” şeir silsiləsini anlamaq üçün onların saçdığı işıqdan başqa bir şeyə ehtiyac duymuram.

Mən demirəm ki, Ser Herbert Rid və Mister Batesonun verdikləri informasiyanın və ehtimalların keçərli ola biləcəyi heç bir kontekst ola bilməz. Əgər Vordsvortu başa düşmək istəyiriksə, bu informasiyalar lazımlıdır, amma bu informasiyaların birbaşa formada onun şeirlərini anlamağımıza köməyi dəymir və ya bunların şeiri şeir kimi başa düşməyimizə dəxli yoxdur. Hətta, mənə görə, bütün böyük poeziya nümunələrində, şairi nə qədər yaxşı tanıyırıq-tanıyaq, açıqlaya bilməyəcəyimiz bir şey var və bu, məncə, çox əhəmiyyətlidir. Bir şeir yaradılanda əvvəlki təcrübələrimizin köməyi ilə açıqlanması mümkün olmayan bir şey baş verir.

Bir şeiri bütün mənbələrini araşdıraraq açıqlamaq çağdaş tənqidin metodu deyil; ancaq şeirin özündən başqa şeylərin köməyilə açıqlanması xeyli oxucunu razı salan metoddur: şeirlərimlə bağlı tanımadığım adamlardan aldığım məktubların əksəriyyəti məndən bacarmayacağım açıqlamalar istəyir. Professor Riçards və onun seçilən tələbəsi olan professor Empsonun şeir analiziylə bağlı apardıqları aradışdırmaların təmsil etdiyi başqa tendensiyalar da var. Son zamanlar professor Riçardsın siniflərindəki təhlil metodlarından doğan və diqqətin şairdən şeirə çevrilməsinə rəvac verən sağlam reaksiyanın fərqindəyəm. Qısa müddət əvvəl yayımlanmış “Təfsirlər” (İnterpretions) adlı kitabda on iki gənc ingilis tənqidçisi tərəfindən yazılmış silsilə esselər tapdım; bu tənqidçilərin hər biri öz seçdikləri bir şeiri təhlil edib. Bu esselərdə istifadə edilən metod öz növünü təmsil edən məşhur bir şeiri götürmək və başqa bir şair, başqa bir əsər və ya eyni şairin başqa şeirindən yararlanmadan onu bənd-bənd, sətir-sətir təhlil etmək, hər ünsürü ən xırda parçalarına ayıraraq, hər xırda zərrədən məna çıxararaq anlamağa çalışmaqdır. Buna tənqiddə, limon sıxma metodu, da deyə bilərik. Şeirlər XVI əsrdən bu günə qədər yazılmış mətnlər arasından seçildiyinə və bir-birindən çox fərqli olduqlarına görə kitab “Zümrüd quşu və tısbağa” ("The Phoenix and the turtle") ilə başlayaraq mənim “Prufrok” və Yeytsin “Tələbələr arasında” ("Among school children") adlı şeiriylə bitməkdədir. Bu əsərdə hər tənqidçi öz metodundan istifadə etməkdədir, nəticə diqqətəlayiq, bir az da qəribədir. Bunu qəbul etməliyik ki, hər biri didik-didik edilərək təhlil edilmiş on iki şeiri analiz etmək çox yorucu işdir. “Prufrok”dakı sisin qonaq otağına girdiyini oxuyanda bir az təəccübləndim, amma şeirin təhlili nə mənim şəxsi həyatıma, nə də ədəbiyyatdan başqa mənbəyə istinad olmadan edilmişdi. Bu mətn mənim şeirdə nə demək istədiyimi nəzərə almadan ancaq şeirin nə demək istədiyini tapmağa çalışırdı. Bu, məni sevindirdi. Kitabda çox bəyəndiyim bir neçə esse oldu, ancaq hər metodun öz çatışmazlıqları və təhlükələri olduğu kimi, bu metodun da təhlükələrindən, qüsurlarından danışmaq məntiqli olar. Ən çox sinifdə tələbə yetişdirmək üçün tətbiq edilməli olan bu metodun təhlükələrinə qarşı müəllimlər öz tələbələrini xəbərdar etməlidirlər.

Bu metodun birinci təhlükəsi şeirin yalnız bir doğru şərhini nəzərdə tutmasıdır. Xüsusilə bizimkindən fərqli əsrdə yazılmış şeirlər təhlil edilərkən lazımlı olan təfərrüatlı izahlar, bilinməli faktlar və tarixi allüziyalar var, üstəlik, fərqli sözlərin həmin əsrdəki mənaları nəzərə alınmalıdır. Müəllimlər tələbələrin bu kimi nöqtələri qaçırmamasına diqqət etməlidir, o ki qaldı şeirin bütövlükdə daşıdığı mənaya, heç bir açıqlama bunun üçün yetərli deyil. Çünki şeirin mənası bir-birindən fərqli olan həssas oxucuların hər biri üçün ayrıdır. İkinci təhlükə – sözügedən kitabda heç bir tənqidçidə görməsəm də, oxucular diqqətli olsun – keçərli hər hansı interpretasiyanı şairin bilərək, yaxud bilməyərək ifadə etməyə çalışdığı şeylə eyniləşdirməkdir. Ümumi tendensiya belədir ki, bir şeirin qaynaqlarını analiz edəndə və şairin öz təcrübəsini şeirə necə çevirdiyini öyrənəndə şeiri başa düşdüyümüzü zənn edirik, yəni inanırıq ki, şeirin izahı bizə onun necə yazılmasıyla bağlı da bir fikir verir, şübhəsiz, bunun əksi də mümkündür. “Prufrok”un sözügedən təhlili mənə maraqlı gəldi, çünki şeiri ağıllı, həssas və çalışqan bir oxucunun baxış bucağından görmək fürsəti əldə etdim. Bu nə oxucu şeiri mənimtək anlayır deməkdir, nə də onun açıqlamasının mənə bu şeiri yazdıran təcrübəylə və ya mənim yazı prosesində yaşadığım hər hansı təcrübəylə nəsə əlaqəsi var deməkdir. Dilə gətirmək istədiyim üçüncü məqam isə əvvəllər oxumadığım çox yaxşı bir şeirə tətbiq edilən metodu bir test kimi götürməkdir: çünki şeirlə bağlı açıqlamanı oxuduqdan sonra onu bəyənib-bəyənməyəcəyimi bilmək istəmirəm. Bu kitabdakı az qala bütün şeirlər neçə illərdir oxuyub sevdiyim şeirlərdir. Bu şeirlə bağlı təhlilləri oxuduqdan sonra fərqinə vardım ki, onlardan əvvəllər aldığım zövqü hiss etmədim. Özümü hissələrinə ayrılmış bir maşını təzədən bir yerə yığmağa məsul bir şəxs kimi gördüm. Zənnimcə, yaxşı şərhin dəyərinin çoxu onun bizim şərhimiz olmasından irəli gəlir. Bəlkə də, şeir tədqiqatçılarının mənə yanlış şərhlərdən qaçmaq üçün öyrədəcəkləri xeyli fakt var, amma dəyərli şərh mənim hisslərimə də xitab etməlidir.

Bu yazıda məqsədim dövrümüzdə tətbiq edilən bütün ədəbi tənqid növlərini müzakirə etmək deyil. Ədəbi tənqiddə əvvəlcə Kolridc ilə başlayan və son iyirmi beş ildə daha böyük sürətlə davam edən dəyişməyə diqqət çəkmək istədim. Mən dedim ki, tənqiddəki bu təcil sosial elmlərin ədəbiyyatla olan əlaqəsində və kolleclərimizdə, məktəblərimizdə (çağdaş ədəbiyyat da daxil olmaq üzrə) ədəbiyyatşünaslığın əhəmiyyətə minməsinə görədir. Bu dəyişikliyin əleyhinə deyiləm, çünki bu qarşısı alınası fakt deyil. Heç nəyin konkret olmadığı, insanların yeni elm sahələriylə təəccübləndiyi və heç bir ortaq inanca və keçmişə sahib olmadığı belə bir əsrdə tədqiqata açıq heç bir sahə gizli qala bilməz. Ancaq bu müxtəliflik içində belə soruşa bilərik ki, bütövlükdə ədəbi tənqiddə nə kimi ortaq dəyərlərin olmalıdır? Otuz il əvvəl iddia etmişdim ki, ədəbi tənqidin ən vacib vəzifəsi “sənət əsərlərini açıqlama və insanların zövqlərinə yön vermək”dir.

Bu hökm 1956-cı ildə bizə çox şişirdilmiş kimi gələ bilər. Bəlkə də, onu daha sadə, çağımızda qəbul edilən şəkildə “ədəbi tənqidin vəzifəsi ədəbiyyatı anlamaq və ondan zövq almağı təşviq etməkdir” şəklində ifadə edə bilərəm. Bu hökmlə zövqsüz əsərləri faş etmək kimi mənfi işin də ədəbi tənqidin işləri arasında olduğuna eyham vurmaq istəyirəm. Çünki tənqidin bir vəzifəsi də yeri gəldikcə ikinci sinif, saxta olanı ortaya çıxarmaqdır. Buna baxmayaraq, tənqidin əsas işi təqdirəlayiq olanı dəyərsizlər arasından çəkib çıxartmaq və öyməkdir. Burada “başa düşmək” və “zövq almaq” anlayışlarından birini fikri, digərini hissi olaraq bir-birindən ayırmıram. İzah olunmalı bir şeyin izah edilməsi anlaşılmağın ilk şərtidir, bununla yanaşı, mən “anlamaq” sözüylə “izah etməyi” nəzərdə tutmuram. Bir nümunə gətirməli olsaq: Çoseri anlamaq üçün bilinməyən sözləri və sözlərin bilinməyən formalarını öyrənmək lazımlıdır; bu, açıqlamadır: ancaq usta bir adam Çoserin sözlərini, sözlərin yazılışını, sintaksisini başa düşə, hətta bir az da irəli gedərək yazıçının dövrü, sosial vərdişləri, inanclarıyla da bağlı xeyli informasiya əldə etmiş ola bilər, ancaq yenə də Çoserin əsərlərindən baş çıxarmaya bilər. Bir şeiri anlamaq – doğru səbəblərə görə ondan zövq almaqla eyni şey deməkdir. Belə də deyə bilərik: bu, bir şeirdən onun verə biləcəyi ən böyük zövqü almaqdır. Mənasını anlamadan bir şeirdən zövq almaq o şeirə proyeksiya etdiyimiz öz duyğularımızın və öz düşüncələrimizin zövqünə varmaq deməkdir. Dil elə ipə-sapa yatmayan bir ifadə müstəvisidir ki, bir şeyin “zövqünə varmaq” ilə o şeydən “zövq almaq” eyni şey deyil, yəni bir şəxsin şeirdən əyləncə üçün istifadə etməsiylə şeirdən zövq alması eyni şey deyil. Əslində, “zövq” sözü “zövq” verən şeyə görə dəyişdiyi kimi, fərqli şeirlər fərqli zövqlər doğurur. Aydındır ki, bir şeiri başa düşmədən ondan zövq almaq qeyri-mümkündür, eyni şəkildə, zövqünə varmadan bir şeiri açıqlamaq da mümkün deyil. Başqa şeirlərlə müqayisə etmədən, doğru şəkildə, doğru dərəcədə bir şeirin zövqünə varmaqdan söhbət gedə bilməz. Zövq – bir şeirin verdiyi zövqlə digər şeirlərdən əldə olunan zövq arasında qurulan əlaqədə aydınlaşır. Elə bilirəm, deməyə ehtiyac yoxdur ki, zəif şeirlərdən zövq almaq olmaz, əgər zəifliyi yumor hissimizə xitab etmirsə.

Dedim ki, bir şeiri izah etmək o şeiri anlamağın ilk şərtidir. Bununla yanaşı, bəzi şeirləri izahsız başa düşürəm. Məsələn, Şekspirin:

 

Atan düz beş qulac dərinlikdə yatır.

(Full fathom five thy father lies)

yaxud, Şellinin:

Səmaya dırmaşmağın və Yer üzünə tamaşa etməyin

verdiyi bezginlikdən bənizi solğun.

(Art thou pale for weariness of climbing heaven and

gazing on the earth)

 

– sətirlərində olduğu kimi, xeyli şeirdə açıqlanası, yəni ondan alacağım zövqü artırası əlavə bir şey yoxdur. Bəzən, əvvəl də eyham vurduğum kimi, bir şeiri açıqlamaq anlamağa yardım etmək əvəzinə, bizi şeirdən uzaqlaşdıra bilər. Şekspir və Şellinin yuxarıda sitat çəkdiyim şeirlərini anladığımı deyərkən yanılmıram, çünki bu şeirlər hələ də məndə əlli il öncəki dərin həyəcanı yaradır.

Beləliklə, ədəbi tənqidin sərhədlərini aşmış ədəbi tənqidçi ilə tənqidçi arasındakı fərq onda deyil ki, ədəbi tənqidlə məşğul olan müəllif “sırf” ədəbiyyatla maraqlanır, başqa şeylərə marağı yoxdur. Ədəbiyyatdan başqa heç nə ilə maraqlanmayan bir tənqidçinin bizə deyəcək heç nəyi yoxdur, çünki onun üçün ədəbiyyat mücərrəd anlayışdır. Şairlərin şeirdən başqa maraqları da var, əks təqdirdə onların şeirləri bomboş olardı. Şairləri şair edən şey onların təcrübə və düşüncəni şeirə çevirə bilmək üçün hiss etdikləri dərin istəkdir; bir təcrübəni yaşamaq və düşünmək isə şeirdən artıq maraq dairəsinə sahib olmaq deməkdir. Deməli, ədəbi tənqidçinin başlıca məqsədi oxucularının bir əsəri anlayıb zövq almasına imkan yaratmaqdır. Ancaq ədəbi tənqidçi, şair kimi, başqa sahələrlə də maraqlanmalıdır, çünki bir tənqidçi təkcə haqqında yazdığı müəlliflərin tətbiq etdikləri qaydaları bilən mütəxəssis deyil. Tənqidçi öz inancları olan, bəzi prinsiplərə sadiq qalan, həyat təcrübəsi və informasiyası olan bütöv insandır.

Buna görə də soruşa bilərik ki, bizə ədəbi tənqid olaraq təqdim edilən hər hansı yazı bizim sözügedən əsəri başa düşüməyimizə, ondan zövq almağımıza yardım edir, ya yox? Ədəbi tənqid bizə bu məsələdə köməkçi olmasa da, yenə də legitim və faydalı fəaliyyət sayıla bilər. Ancaq belə bir yazı psixologiyaya, sosiologiyaya, məntiqə, pedaqogikaya və ya başqa bir sahəyə qatqısı baxımından, ədəbiyyatçılar tərəfindən yox, mütəxəssislər tərəfindən dəyərləndirilməlidir. Bioqrafiyanı tənqidlə eyniləşdirməməliyik: bioqrafiya bizə bir əsəri daha yaxşı başa düşmək üçün əvvəlcədən bilgi verir, ancaq o, diqqətimizi şairə fokuslayaraq bizi əsərin özündən uzaqlaşdıra da bilər. Şairin yaşadığı dövrlə bağlı bilgiləri (faktiki informasiyanı), ictimai şərtləri, onun yazılarında sətiraltı ifadəsini tapan fikirləri və həmin dövrdə yazıçının istifadə etdiyi dilin vəziyyətini onun şeirlərini anlamaqla qarışdırmamalıyıq. Əvvəllər də dediyimiz kimi, bu cür informasiyalar şeiri anlamaqda lüzumlu olan hazırlıq şərtlərindən ola bilər, üstəlik, tarixi informasiya kimi də müəyyən dəyərə sahibdir, ancaq şeiri anlamaq üçün bunlar bizi qapıyacan apara bilər: açarı özümüz tapmalıyıq. Mövzuya bu yazının müdafiə etdiyi rakursdan baxsaq, bu informasiyaları əldə etməkdə məqsəd o deyil ki, özümüzü şairin yaşadığı əsrdə təsəvvür edək və onun şeirlərini oxuyarkən həmin çağdakı kimi hiss edib düşünək, hərçənd bu təcrübənin də öz yeri var. Bu cür hazır informasiyaların daha çox bizim və şairin yaşadığı əsrin məhdudiyyətlərindən xilas olmaq, əsərlə birbaşa təmas quraraq onu konkret təcrübə kimi hiss etməkdə faydası var. Safonun bir qəzəlini oxuyarkən ən vacib şey mənim özümü 2500 il əvvəl bir yunan adasında təsəvvür etməyim yox, şeirdən başı çıxan müxtəlif dillərin və əsrlərin insanlarına həmin şeirin dadızdırdığı təcrübəni mənim də yaşamağım və ya 2500 il əvvəldən bu günə sıçramağı bacaran qığılcımı tuta bilməyimdir. Buna görə də özümü ən çox borclu hiss etdiyim tənqidçi mənə əvvəllər görmədiyim bir şeyi göstərə bilən və ya o şeyə qarşı bəslədiyim qərəzi yox eləyən, məni sənət əsəriylə üz-üzə gətirərək onunla təkbətək buraxan tənqidçidir. Bu baxımdan öz duyğularıma, zəkama və mühakimə qabiliyyətimə inanmağa məcburam.

Əgər ədəbi tənqiddə ən böyük vurğunu “anlamağın” üzərinə qoysaq, “əsəri anlamağı” onu “açıqlamağa” çevirmək təhlükəsiylə qarşı-qarşıya gələ bilərik, hətta çaşıb ədəbi tənqidi elm sahəsi hesab edərik; tənqid heç vaxt elm sahəsi ola bilməz. Digər tərəfdən, əgər bir sənət əsərindən “zövq almağı” çox şişirtsək, subyektiv və ya impressionist tənqidə meyil edə bilərik, onda ədəbiyyat bizim üçün eləcə yaxşı vaxt keçirdiyimiz məşğulliyyət olar. Bundan otuz il qabaq məni “Tənqidin vəzifəsi” başlıqlı esseni yazacaq qədər əsəbiləşdirən də bu növ yazılar idi. Elə başa düşülməsin ki, bu gün tənqiddə izahedici olmaqdan qaçmalı olduğumuzu deməklə əsrimizin tənqid metodlarını bəyənmədiyimə eyham vururam. Fikrimcə, son otuz il  Amerikada və Britaniyada ədəbi tənqid baxımından çox parlaq bir dövr olub. Hətta gələcəkdə bu dövr bizə, bəlkə də, daha parlaq görünəcək. Kim bilir?

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2026)

 

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Bu il avqustun 11-dən 17- nə kimi  qardaş Qazaxıstan turizm, mədəniyyət, təhsil və gənclər siyasəti sahələrində bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib.

Şimali Qazaxıstan vilayətinin Ayırtau rayonu və Petropavlovsk şəhəri bir həftə ərzində onlarla xarici nümayəndə heyətinin və minlərlə qonağın diqqət mərkəzindədir.

 

Qonaqlar arasında  Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Macarıstan, Monqolustan, Tatarıstan, Başqırdıstan, Yakutiya, Kabardin-Balkar və Rusiyanı təmsil edən alimlər, rəssamlar, arxeoloqlar, etnoloqlar, mədəniyyət xadimləri və gənclər təşkilatlarının liderləri Şimali Qazaxıstan vilayətinin humanitar və turizm gündəmində olan məsələləri birgə müzakirə edib, ortaq qərarlar qəbul etməkdədirlər.

Petropavlovsk vilayətində start götürən tədbirlərin ilk açılış mərasmində Qazaxıstan Respublikası Baş nazirinin müavini Ermek Kosherbayev, Turizm və İdman Nazirliyinin, Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri və əlbəttə ki tədbirin təşkilatçılarından olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi iştirak ediblər.  

Həftənin əsas hadisəsi beynəlxalq aləmdə statusunu ildən-ilə möhkəmləndirən “Botai – Ulu Dala Madenieti” III Beynəlxalq Rəssamlar Simpoziumu oldu. Simpoziumda çıxış edən Qazaxıstanın baş nazirnin müavini Ermek Koşarbayev qeyd etdi ki, tarixi abidələr tariximizin sivilizasiya mənşəyi və Qazaxıstanın və bütün türk dünyasının əvəzsiz irsidir. Şimali Qazaxıstandakı Botay da  dünya tarixi abidələri içərisində xüsusi yer tutur. Çünki bu mədəniyyətlə tanış olduqda  bəşəriyyətin erkən tarixini anlamaq və atın əhliləşdirilməsinin açarını tapmaq olur. Bu gün Botay bütün dünya alimləri tərəfindən tanınır və bu cür obyektlərin tədqiqi insanların yaddaşını qoruyub saxlamağa, onların gələcəyini ruhlandırmağa və möhkəmləndirməyə kömək edir. Bu abidələri dəstəkləmək, inkişaf etdirmək, elmi tədqiqatlara, mədəni tədbirlərə, turizmə şərait yaratmaq lazımdır”.

Tədbirdə səsləndirildi ki, bu sirlərlə dolu məkanı ilk dəfə Ayırtau rayonunda 40 il əvvəl arxeoloq Viktor Zaybert aşkar edib  və dünyaya səs sala bilib. Bu sensasiyalı elmi hadisə Şimali Qazaxıstan bölgəsini dünya sivilizasiyası tarixinə yazdırdı və onu ölkənin mədəni-tarixinin brendinə çevirdi.

Beynəlxalq ekspozisiyada iştirak edən alimlər, eləcə də gənc arxeoloqlar da müzakirələrə qatılaraq öz fikirlərini bildiriblər. Qazaxıstanın tanınmış arxeoloqu, professor, Almaniya Arxeologiya İnstitutunun müxbir üzvü  Zeynolla Samaşev bildirib ki, Botay mədəniyyəti dünya tarixində xüsusi yer tutur. Botay dünyanın aparıcı elmi mərkəzlərində tanınır, məktəb və universitet dərsliklərinə salınıb. Qazaxlar haqlı laraq bununla fəxr edirlər.

Tədbirdə çıxış edən  Azərbaycanın əməkdar rəssamı, Yedditəpə Rəssamlıq İnstitutunun professoru Rafik Əziz  deyib ki, “Botay bütün dünyaya nümayiş etdirilməlidir - çox istərdim ki, bu yer haqqında mümkün qədər çox insan bilsin. Şimali Qazaxıstanın təbiəti mənim üçün çox doğmadır.  Mən bu yaxıpnlarda bir əsər çəkmişəm, indi görürəm ki, təsvir etdiklərim buradakı gördüklərimlə eynidir. Onu Petropavlovskda təqdim edəcəm”.  

Həftənin sonunda Petropavlovskda Botay mədəniyyətinin ortaq türk kimliyinin formalaşmasında rolunu müzakirə etmək üçün aparıcı alimləri bir araya gətirəcək “Botay – türk dünyasının əsasları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Ayrı –ayrı məkanlarda döyüş ayinləri, at yarışları, ustad dərsləri keçiriləcək, eləcə də türk dünyasında arxeoloji marşrutların yenidən qurulması məsələləri müzakirə ediləcək.

Və təbii ki, biz də türk dünyasındakı oxucularımızı məlumatlandıracağıq.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

Cümə, 15 Avqust 2025 12:00

Dilimiz öləcəkmi? - MÜSAHİBƏ

 

Aqşin Yeniseyin “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

Fariz Əhmədovla söhbətini təqdim edirik.

 

FARİZ ƏHMƏDOV:

Hələ lap uşaqlığımdan dilimin altında elə hey pıçıldayıb dururdum: Dil ünsiyyət vasitəsidir. Müəllimlərimiz o qədər bu cümləni istifadə edirdi ki, psixi olaraq şüuraltıma yerimişdi. Mahiyyətini və mənasını başa düşməyərək təkrarladığım bu cümlə sən demə bu gün üçün özünə elə o gündən təməl hazırlayırmış.

Alimlər deyir ki, bir neçə il sonra dillərin bir çoxu ölüb sıradan çıxacaq. Bəs bizim ana dilimiz necə? Görəsən o da öləcək?

 

Bu suallara cavab tapmaq üçün şair, publisist Aqşin Yeniseyin, dilin taleyi, ictimai, elmi və texnoloji məsuliyyəti ilə bağlı düşündürücü, həmçinin mübahisə doğuran müsahibəsini təqdim edirik.

 

Aqşin bəy, Azərbaycan dili bu gün çağımızın mövzularını ifadə etmək imkanlarından məhrumdur və texnoloji çağın “ölü dillərindən” birinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Amerikalı psixoloq Culian Ceyns dilin yaranmasından (dilin təxminən əlli min il yaşı olduğu güman edilir) çox sonralar, təxminən beş min il əvvəl icad edildiyi zaman yazı işarələrini oxumağın insan beynində emosional mətn qavrayışını yaratdığını, beləliklə, oxunan sözlərin maddi varlıqlar olaraq şüurumuza sızdığını irəli sürdü. Ceynsin fikrincə, “buna görə də eramızdan əvvəl III minillikdə oxuma aktı, qavrayışımızda hecaların oxunmasından ibarət olan vizual oxu deyil, şəkil-simvollara baxaraq, mixi yazıları eşitməklə nitqin hallüsinasiyası ola bilərdi".  Amerikalı psixoloqun bu sözlərinə dörd il gözləri görməyən Borxesə gecələr kitab oxuyan Argentinalı yazıçı Alberto Maquel özünün "Kəlmələrin şəhəri" kitabındakı "Kassandranın səsi" essesində öz əlavəsi ilə belə bir yekun vurur: "Dil təkcə adlandırmaqla kifayətlənmir, həm də reallığı yaradır: dil, kəlmələr və baş verənlərin hekayələri vasitəsilə gerçəkləşdirilən zehni bir canlandırma aktıdır.

Dil xalqın öz mədəniyyətinə depoladığı qaxac tarixini hər an bir üfürüklə canlandıra bilən bir fövqəlgücdür. Dili olmayan xalqın kitabı, kitabxanası; kitabı, kitabxanası olmayan xalqın yaddaşı; yaddaşı olmayan xalqın tarixi və nəhayət özü də olmaz.

 

AQŞİN YENİSEY:

Dilimizin zənginliyi və yoxsulluğu haqqında söz düşəndə dərhal filoloji elita ədəbiyyatı ön plana çıxarırlar. Bu dil Füzuli, Nəsimi, Seyid Əzim, Cəlil, Haqverdiyev və sair ədiblər yetişdiribsə, ona yoxsul demək olmaz. Dilin potensilını yalnız ədəbiyyat müstəvisində dəyərləndirmək doğru deyil, müasir bir dil özünü fəlsəfi, elmi, texnolji müstəvidə də doğrultmaldır. Azərbaycan dili fəlsəfi, elmi, texnoloji baxımdan da ədəbiyyatda sahib olduğu potensiala sahibdirmi? Ümumiyyətlə, dilimiz bu gün özündə fəlsəfi, elmi, texnoloji məsuliyyəti hiss edirmi? Dinin, siyasətin, incəsənətin özünəməxsus məsuliyyəti olduğu kimi, dilin də özünəməxsus məsuliyyəti var.

Sovet sistemində müstəmləkə siyasəti Azərbaycan dilinin elmi, fəlsəfi, texnoloji məsuliyyətini rus dilinin üzərinə qoyulmuşdu. Məqsəd rusdilli elita yaratmaq və xalqa stün rifahın rus dilində mümkünlüyünü göstərmək idi. Müstəmləkə illərində Azərbaycan (türk) dili xeyir-şər dili idi, folklorik məsuliyyət daşıyırdı. Onun heç bir ictimai məsuliyyəti yox idi. Fransızların əsarətində olan İngiltərədə ingilis dili də vəbadan öncə belə bir çağ yaşayıb.

Azərbaycan (türk) dili yenə ictimai məsuliyyəti olmayan bir dil statusundadır. Bu dil Azərbaycan vətəndaşına yenə də ancaq şeir yazmaq, meyxana demək, linç etmək üçün lazımdır. Azərbaycan dili Azərbaycan vətəndaşı qarşısında heç bir ictimai, elmi, fəlsəfi, texnoloji məsuliyyət daşımır. Ona gələcəyi ilə bağlı heç nə vəd etmir. Buna görə də valideynlər daha məsuliyyətli dillərə üz tuturlar; ya Anadolu türkcəsi, ya rus dili. Çox vaxt təhsil işçilərini qınayırlar ki, dilimizi uşaqlarımıza pis öyrədirlər, yanlış düşüncədir. Bu gün Azərbaycan xalqı özü öz dilini pis öyrənir. Çünki gələcəyini, rifahını ona etibar etmir.

Dilimizin bugünkü vəziyyəti eynən eramızdan əvvəl I əsrdəki latın dilinin vəziyyətidir. Eramızdan əvvəl I əsrdə latın dili şimaldan qall, etrusk, cənubdan yunan dilinin mühasirəsində can verdiyi kimi bu gün Azərbaycan dili də şimaldan rus, qərbdən Anadolu türkcəsinin və ingilis dilinin təhdidi altındadır. Latın dili mühasirəyə təxminən 200 il dözə bildi və bir gün tab gətirməyib hiss olunmadan canını tapşırdı. Lap başa qayıdaq. Abbasqulu Ağa Bakıxanov Azərbaycan tarixinin ilk, özünün son əsəri olan "Gülüstani-İrəm”i farsca yazıb ruscaya tərcümə etmişdi.

Azərbaycan aydınlarının öz dilinin gücünə münasibətini əks etdirən ümumiləşdirmə üçün acınacaqlı bir faktdır bu. Dilimizin yad dillər qarşısında keçirdiyi bu "balacaboy”luq kompleksi indinin məsələsi deyil.

XI əsrdə ərəb dilinin lüğəti 26 cild idi. Həmin dövrdə türk dilində 10 min, fars dilində 250 min söz vardı. Bədəvi ərəb dilini XI əsrdə 26 cild edən səbəb nə idi? Türk professor Şakir Gözütox "Peyğəmbər dönəmində təhsil və tədris" kitabında yazır ki, ilk ayə endirildikdə Məkkədə cəmi on yeddi adam yazıb-oxuya bilirdi. Mədinədə isə yalnız yəhudilər yazıb-oxumağı bacarırdı. Müsəlmanlar Bədr döyüşündə ələ keçirdikləri müşrik əsirlərə şərt kəsmişdilər ki, bizə yazıb-oxumaq öyrədin, sizi azad buraxaq. Çox güman peyğəmbər özü də ilk "şagirdlər" arasında idi.

Çünki mənbələr onun yazıb-oxumağı bacarmadığını desə də, peyğəmbərin ölüm yatağında kağız-qələm istədiyini yazan digər mənbələr də var.

Müsəlmanlar nə zaman əsl yazılı bilgiyə sahib oldular?

Ceyms Vestfoll Tompsonun "Ortaçağ Kitabxanaları" kitabının "Müsəlman kitabxanaları" bölümündə göstərilir ki, müsəlmanlar ilk dünyəvi kitablara İranın və Misirin fəthindən sonra sahib olublar.

Xüsusilə 651-ci ildə Sassaniləri yenən müsəlmanlar onların Hind və yunan mədəniyyətinin tərcümələrini ələ keçirdilər və bu kitabları sürətlə ərəb və suryani dillərinə tərcümə etdilər. Beləliklə, ərəb dili estetik (mistik) və elmi-fəlsəfi zənginliyə büründü.

Orta əsrlərdə ərəb dili müsəlman Şərqində elm, fəlsəfə, fars dili şeir dili idi. Günlərin birində biz dilimizi ərəb, fars sözlərindən təmizlədik, bəs yerinə nə qoyduq? Ərəb sözlərini öz dilimizdən təmizləməklə, biz həm də dilimizi elmi, fəlsəfi anlayışlardan təmizlədik axı. Dilimizdə elmi, fəlsəfə anlayışları ifadə edən sözlərin yeri boş qaldı. Dilimizi Şərqdən qoparanlar, onu heç olmasa, Qərbə yapışdırmalıydılar. Amma nə etdilər, o boşluğu folklorla, şifahi dilin elementləri ilə doldurdular. Yazılı dili xəlqiləşdirdilər. Bizim dərdimiz də məhz yazılı dilimizin düşdüyü bu vəziyyətdir. Dünyada nitqi olub, dili olmayan minlərlə xalq var. Azərbaycan yazılı dilinin ən böyük faciəsi budur - xəlqilik. Onun mühafizəkarlığı da xəlqiliyindən doğur. Bu gün ingilis dili elm, texnika dili olmaqla yanaşı, həm də dünya xalqlarının dillərinə açıq olduğu, başqa dillərdən ən çox söz alan dil olduğu üçün dünyəvidir.

Dilçilik elminin "atası" sayılan Sössür nitq fəaliyyətini iki yerə ayırır: Dil "langue” və Nitq "parole”. Nitq danışma aktıdır, fərdidir, xəttidir, mexanikidir. Dil nitqin daxili aləmidir, anlayışlar və işarələr sistemidir. Yəni nitq şifahi olandır, dil yazılı olan. Danışa bildiyin nitqindir, yaza bildiyin dilin.

Bir dilin "gəncliyi" onun şifahi mərhələsdir. Azərbaycan türkcəsi məhz bu mərhələdə ilişib qalıb. Nitq (söz) mərhələsindən, dil (anlayış) mərhələsinə keçə bilməyib. Çünki sovet ideoloqları Azərbaycan elmini deyil, ədəbiyyatını cəmiyyətin aparıcı xəttinə çevirdilər. Savadsız fəhlə-kəndli balaları da qalın-qalın poemalar, romanlar yazaraq elitarlaşıb folkloru diriltdilər. Funksionallığını itirmiş həqiqətlərlə funksionallığı olmayan bir dil yaratdılar. Yazılı ədəbiyyatımız belə şifahi nitqin hesabına yaradıldı. Necə ki, həmin işi bu gün meyxanaçılar davam etdirir. Bu gün hər evə soxulmaq imkanı olan Azərbaycan efirinin dili 200-300 sözdən ibarət nitqdir. Azərbaycan tamaşaçısı, oxucusu ona görə rus dilinə, Anadolu türkcəsinə şığıyır ki, orada nitq yox, dillə ünsiyyətə girir, sözlərlə deyil, anlayışlarla tanış olur.

Çağın ölçüləri ilə yanaşsaq, əslində, biz bu gün ölü bir dilə sahibik. Dünyada elə bir xalq yoxdur ki, şifahi nitqi olmasın, amma yazılı dili olan cəmi 78 xalq var.

Bu gün beynəlxaq ədəbi mühitdə artıq belə bir fikir hakimdir ki, əgər bir roman ingiliscə yazılmırsa, o bəri başdan roman deyil, ona vaxt ayırmaq olmaz. Çünki çağı ifadə edən əsas dil ingilis dilidir. Dilimiz "gənc" olduğu üçün çağı ifadə etmək imkanlarından məhrumdur. İnkişaf etmiş dünya çoxdan ideologiyalar dövrünü başa vurub, texnologiyalar çağına qədəm qoyub. Texnologiyalar çağında isə dili ədəbiyyatçılar deyil, mühəndislər, proqramistlər, nə bilim, kiber uzmanlar yaradır.

Azərbayacan dili artıq texnoloji çağın "ölü dili"dir. Bu dildə çağımızın heç bir fəlsəfi, elmi, texnoloji mövzusunu ifadə etmək mümkün deyil. İnsanımız gələcəyini öz dilində görmür. Qərar qəbul etməliyik: ya çağı ifadə edən əcnəbi sözlərə dilimizdə milli pasport verməliyik, ya da bu sözlərin milli vahidlərini yaratmalıyıq. Əlbəttə, bu dili çağımızın mövzuları üzrə və mətndə istifadə etməyən yaşlı nəsil problemi görmür. Onlara görə, dil bayatı çağıra bilirsə, deməli, hələ də yaşayır. Halbuki günümüzün yaşayan dilləri bayatı çağırmaq taqətləri ilə deyil, kompüter proqramı yaza bilmək imkanları ilə öyünür. Oksfordun hesablamalarına görə, cəmi 20-30 ildən sonra indiki ixtisasların üçdə ikisi olmayacaq. Həyatımıza kiber təhlükəsizlik, süni zəka proqramistləri, gen mehəndisliyi kimi yeni ixtisaslar daxil olacaq. Sual budur: Azərbaycan universitetləri ana dilimizdə bu ixtisas sahiblərini yetişdirə biləcəkmi?

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün


Elçin Əfəndiyevin vida mərasimində hamı, hər kəs susqun və hüznlü idi. Həmişə tədbir və məclislərdə gördüyüm gülərüzlər sanki solmuşdu. Salam vermək belə daş qaldırmaq kimi çətin və əzablı idi. Ehtiram əlaməti olaraq sadəcə göz işarəsi ilə hər kəslə salamlaşdım. İçimdə qəribə bir kədər məni kövrəltdi. Çox güman ki, atamın ruhu ən qədim dostunun vəfatını hiss etmişdi.

 

Gözümün önündə atam canlandı. Yadıma düşdü ki, bir dəfə oxumaq üçün yığdığım kitabları bir kənara qoyub demişdi:
“Madam ki, artıq 12 yaşın var və indiyə qədər oxuduqların, deyirsən ki, nağıllar olub, indi ciddi kitablar oxumaq istəyirsən, xarici ədəbiyyatdan başlama. Əvvəlcə özümüzküləri oxu. Anarın, Elçinin kitabları ilə başla. Sənə onların dili yaxın gələcək.”

Yazıçı Elçinin “On ildən sonra” hekayəsini bəlkə də bu yaşa qədər on dəfə oxumuşam. Yaş dövrünün böyük mənası var — baxır sən bu əsəri hansı yaşda oxumusan, yazıçı bu yazını yazanda hansı yaşda olub və hansı yaşı nəzərdə tutub. Ədəbi nümunə də canlıdır və ürəyə yol tapır. Onu bilirəm ki, ilk oxunuşda mən özümü baş qəhrəmanın yerinə qoyurdum. Sonrakı oxunuşda digər qəhrəmanın, son oxunuşda isə artıq obrazların valideyni kimi düşünürdüm. Bu o deməkdir ki, yazıçı düşüncəsi tam irəlini dərk edir və görərək yazır. Yazıçılar təkrarsız adamlardır, onlar öz son günlərinin də hekayəsini yazmaq bacarığına malikdirlər sadəcə demirlər və onlar yaşamaq üçün yox, hələ də diqtə edilənləri   yazmaq üçün yaşamalıdırlar. O baxımdan mənim üçün onların yaşı yoxdur, Mənim üçün onların ölümü də yoxdur.

Uşaq vaxtımdan teatrı sevdiyimdən pyeslər oxuyur və özüm də xəyalımda canlandırırdım. Anarın “Adamın adamı” kitabındakı bütün pyesləri əzbərləmişdim. Elçinin “Poçt şöbəsində xəyal” pyesini oxuyurdum. Orada atamın adını çəkmişdi. O hissəni dönə-dönə oxuyurdum. Səhv etmirəmsə, bir dialoqda yazıçılar müzakirə olunur, müzakirədə digər bir obraz deyirdi ki, “odure qonşumuz Fikrət Sadıq, heç səsi də çıxmır, mələk kimi adamdır...”

Düşünəndə ki, bu pyes yazıçının 26 yaşında yazılıb, o vaxt onlar qonşu idilər. Evimizdə anamın söhbətlərində də həmişə adı çəkilirdi. Atama doğma bir adam idi Elçin. Əli Kərim, Əlfi Qasımov və digərləri – onlar bir binada, hətta bir blokda yaşamışdılar — Vaqif 30 ünvanında. Bütün bu xatirələr yalnız ana və atamın bir-birilə danışdığı söhbətlərdən yaddaşıma həkk olunub.

Xəyallardan məni yazıçı Anarın səhnəyə çıxışı ayırdı. O sanki bu on addımlıq yolu mikrofona qədər illərlə gəldi. Gözümü ondan çəkmirdim. Mikrofona ağır səslə, hardasa çətin eşidilən şəkildə iki dəfə “ağırdı, ağırdı” deməklə başladı. O danışa bilmirdi. Amma buna məcbur idi: kövrək səsi bütün zalı dondurmuşdu.

“Xalqımız yazıçısını, ictimai xadimini itirdi, mən isə ən yaxın dostumu... Bu, Allahın bir cəzasıdır, mən dostlarımı yola salıram”, — dediyindən bunları eşidə bildim. Çünki kədərdən qulaqlarım sanki tutulurdu.

Sonra onların demək olar hər gün telefonda danışdıqlarını dilə gətirdi. Və bir kəlməsi ilə məni tamam kövrəltdi:
“Heç bilmirəm, mən bu gündən sonra kimə zəng edəcəm? Kiminlə öz məhrəm söhbətimi edəcəm?”

Və ağır-ağır yenidən yerinə tərəf addımladı.

Vida mərasimi bitdi. Hamı foyedə və Gənc Tamaşaçılar Teatrının önündə toplaşmışdı. Önə keçib tək-tənha əyləşən Anar müəllimə yaxınlaşdım. Amma ona çox söz deyə bilmədim. Həmişə olduğu kimi sadəcə salamlaşdım... amma bu dəfə ürəyimdə sözlərim düyünləndi. Ağır-ağır insan axını Elçinin doğmalarına başsağlığı verirdi. Mən də o axına qoşuldum.

Elçin Əfəndiyev Azərbaycan yazıçısıdır. Hər bir azərbaycanlı öz yazıçısını tanımalıdır. Çünki uzun illər ciddi bir postda olmaq belə insan ürəyində bir balaca hekayənin toxunuşunu yaratmaq qabiliyyətində deyil. Gəlin bununla razılaşaq. Məmur olub xalqına qulluq edirsən — doğrudur. Amma bir yazıçı daha çox şanslıdır. Bu baxışdan Elçin Əfəndiyev Azərbaycanın gözəl yazıçısıdır .

Onun əsərlərinə teatrlar daima, həmişə olduğu kimi müraciət edəcək. Hər cümləsində o yenidən dirilib tamaşaçısı, oxucusu ilə birgə canlanacaq, onun xəyalı, əzizi olacaq.

 O, bu ucalığa yetişə bilən yazıçılarımızdandır. Həftələrdir ürəyimdə düyünlənən sözlərimi yazmağı özümə borc bildim. Bu, bir oxucu sevgisidir. Mən də öz sevimli yazıçılarımdan biri olan Elçin Əfəndiyevi haqq dünyasına yola saldım. Onu unutmayacağıma söz verdim.

Onu sevən dostlarının fəryadının, qız övladlarının  kədərinin sözlə təsviri yoxdur. Bu, bir qəm təsviri idi sadəcə. Ruhu şad və rahat olsun.

Bir gün hamı bir-bir beləcə xəyal olacaq...

Elə mən də.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Kamil Məmmədov

 

Kamal Məmmədov Şamil oğlu 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub.

2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Subay idi.

Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

İgid kimi getmişdin,

İgid kimi qayıtdın.

Sən öz bəy otağına

Şəhidkimiqayıtdın.



Qayıtdın savaşlardan,

Evinə-eşiyinə.

Qoy anan lay-lay desin

O tabut-beşiyinə.



Şəhidin yeri bəlli,

Şəhidin taxtı bəlli.

Bəzənib bəy otağın,

Toyunun vaxtı bəlli.



Elə bil ki, toyundu,

Hamı yığışıb gəlib,

Gözlər bulağa dönüb,

Qəlblər alışıb gəlib.



Bir gecədə qar yağıb

Ananın saçlarına.

Nişanlın qara geyib,

Gəlibdir otağına.



Sən də bəylik yerinə

Bayrağı geyinmisən,

Vətənə bürünmüsən,

Torpağı geyinmisən,



Geyinmisən əyninə

Qəhrəmanlıq libası.

Bayraq, vətən boydadır

Şəhidliyin mənası.



Şəhidlər ölməzdilər,

Hamının bir sözü var.

Şuşa qayalarında

Ayağının izi var.



Sənin kimi oğullar,

Vətənə can dedilər,

Qarabağda tökülən,

Qanlara qan dedilər.



Başımızın tacısız

Nə qədər ki varıq biz.

And olsun o Bayrağa!

Sizi unutmarıq biz!

 

 “Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Bəxt üzüyü” filmi Azərbaycanda böyükdən kiçiyə hər kəsə Moşunu və Söylünü tanıtdı. Və bu rolları ifa edən Valeh Kərimli və Afaq Bəşirqızı yaddaşlara məhz Moşu və Sölü kimi yazıldılar.

 

Bu gün Azərbaycan Respublikasının xalq artisti Afaq Bəşirqızının doğum günü – 70 illik yubileyidir.

Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. Əslən Quba rayonundandır. 1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib və 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini BDU-nun Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət evinin dram dərnəyinə (rəhbəri Məhərrəm Bədirzadə) gedib. Azərbaycan Dövlət İncəsənət İnstitutu (indiki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrına dəvət alan aktrisa 1989-cu ilə qədər burada çalışıb. Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edib. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) göndərilən Afaq Bəşirqızı bu günə kimi həmin teatrda çalışır. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.

Azərbaycan Televiziyasında hazırlanmış Anarın "Evləri köndələn yar" (Darçınbəyim), Vaqif Səmədoğlu "Yaşıl eynəkli adam" (Zəhra), Əli Əmirlinin "Bala başa bəla" (Suğra), Məcnun Vahidov "Yarımştat" (Ayna), Aqşin Babayevin "Nekroloq"(Gülya) əsərlərinin teletamaşalarında müxtəlif xarakterli rollar və "Afaq gülür güldürür" şousunda müxtəlif obrazlar yaradıb. Azərbaycanfilmin istehsalı olan Bəxt üzüyü Söylü rolunda və Mozalan Satirik Kinojurnalıında "Uşaq bağçası", "Ət kombinatında", "Xaricdə belə deyil", "Belə də olur" nömrələrinin süjetlərində çıxış edib.

 

O, uzun illər Mədəniyyət və İncəsənət Universitetində pedaqoq kimi çalışıb və həmin Universitetin professor elmi adına layiq görülüb.

Afaq Bəşirqızının Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb. Uzun illər Prezident mükafatına layiq görülüb. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif olunub, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.13 avqust 2015-ci ildə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

 

Teatr səhnəsindəki rolları

"Lənkəran Dövlət Dram Teatrı"

- Yaxşı adam

- Sən yanmasan

- Mahnı dağlarda qaldı

- Lənkəran xanının vəziri

- Bayramın birinci günü

 

"Sumqayıt Dövlət Dram Teatrı"

- Humay ("Komsomol poeması", S. Vurğun, İ. Çoşqun)

- Klava-("Poladəridənlər", G. Bokarev)

- Nənə ("Mən nənəyə evlənirəm", H. Muxtarov)

- Yoluq-("Xoruz və çalağan", F. Ağayev)

- Baronessa Ştral-("Maskrad", M. Lermontov)

 

"Dövlət Gənclər Teatrı"

- Dadaşbala əməliyyatı

- Dağ tikirik

- Sultanqulu körpüsü

 

"Azərbaycan Dövlət Musiqili Teatrı"

- Bəbirlinin kələkləri

- Sevgilimin anası

- Qarğa məndə qoz var

- Hicran

- O olmasın, bu olsun

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsi ziyalılar arasında böyük rəğbət qazanması barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu rəğbəti isbatlayan rəyləri təqdim edirik:

 

Akademik Misir Mərdanov

“Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak etmək 79 illik ömrümün ən yaddaqalan günlərindən biri oldu. Bu, Azərbaycan mədəniyyətini, həqiqətlərini dünyaya çatdırmaq istiqamətində çox ciddi görüş idi. Bu gün ABŞ, Fransa, Böyük Britaniya kimi böyük ölkələrlə əlaqələri daha da yaxşı qurmaq üçün imkanlarımız çoxdur. Bu düşərgədə bir daha əmin oldum ki, xaricdə faydalı və savadlı yeni nəsil formalaşır”.

 

Xalq artisti, professor, dirijor Yalçın Adıgözəlov

“Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi və çox vacib olan bu düşərgələri millətimiz, dövlətimiz yüksək qiymətləndirir. Düşərgə çox yüksək səviyyədə təşkil olunmuşdu. Vaşinqtondakı tarixi anlara diaspor gəncləri ilə şahid olduq. Onlarla bir yerdə və böyük coşğu ilə həmin həyəcanı yaşamaq həmişə yaddaşımızda qalacaq”.

 

İrəvan xanının nəslindən olan, Almaniyada yaşayan Əmir Əli Sərdari İrəvani

 “Belə qərar verdim ki, mən bu mühüm tədbirdə - Diaspor Gənclərinin VI Yay Düşərgəsində ana dilində danışmalıyam. Gənclərimiz azərbaycanlı olduqları ilə qürur duymalıdırlar, tariximizi və mədəniyyətimizi yaşatmalıdırlar”.

 

Millət vəkili Sahib Alıyev

“Xankəndidə diaspor gəncləri qarşısında çıxış etmək əhəmiyyətli və qürurvericidir. Xankəndi Azərbaycanın gücünün göstəricisidir. Bu gənclər yaşadıqları ölkələrdə nə dərəcədə inteqrasiya olunacaqlarsa, o dərəcədə Azərbaycanın mövqeyini ifadə etməyə bacaracaqlar”.

 

Güləş üzrə ikiqat dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov

“Burada xüsusi seçilmiş gənclərimiz iştirak edir. Ümid edirəm ki, biz bu gənclərə baxıb sevinəcəyik. Çox auditoriyalarda çıxış etmişəm, amma təhsili, elmi ilə seçilmiş bu gənclərin qarşısında danışmaq tam fərqli idi. Onlar seçilmiş gənclərdir, səhv etmək olmazdı”.

 

Azərbaycan idman jurnalisti və televiziya aparıcısı Gündüz Abbaszadə

 “Bugünkü tədbir rastlaşdığım ən möhtəşəm tədbir idi. Verilən suallar məntiqli, dünyagörüşlü və faktlara əsaslanan idi. Çox sevinirəm ki, Azərbaycanın belə gəncləri var”.

 

Azərbaycan idman jurnalisti və televiziya aparıcısı İlkin Xəlilov

 “Qarabağa ilk səfərim belə gözəl və unudulmaz tədbirə təsadüf etdi. Gənclərin əyləşdiyi zala baxanda bütöv bir Azərbaycan gördüm”.

 

“Crowdstrike” regional sistem mühəndisi Orxan Həbibzadə

“Diaspor Gənclərinin VI Yay Düşərgəsinin Qarabağda keçirilməsi çox qürurvericidir. Gənclərə tövsiyəm odur ki, harada təhsil alsalar da geri dönüb vətənə qulluq etsinlər”.

 

Azərbaycanlı paraatlet, dördqat dünya çempionu Lamiyə Vəliyeva

“Başqa ölkədə yaşamaq böyük cəsarət tələb edir. Bu gənclərin çoxu bir neçə xarici dili bilir, azərbaycanlı gənclərin bu inkişafı qürurvericidir”.

 

 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının şöbə müdiri Əli Məmmədzadə

“İnanıram ki, bu düşərgə gənclər üçün açar rolunu oynayacaq. Hazırda gənclərdən tələb olunan tək şey vətənpərvərlikdir. Bugünkü tədbirin keçirilməsi çox əhəmiyyətlidir və çox xoşbəxtəm ki, burada iştirak edirəm”.

 

Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təsisçisi Rəhman Rəsulzadə

 “Çox maraqlı bir auditoriya idi və gənclər bizi çox sevindirdi. Verilən suallar və reaksiyalardan gördüm ki, gənclər nə qədər intellektdirlər. Diasporla İş üzrə Dövlət Komitəsi çox maraqlı bir layihə ortaya qoyub və bu layihənin davam etməsi lazımdır. Azərbaycanın intellektual gənclərinin şəbəkələşməsi, bir arada olması çox mühüm bir addımdır”.

 

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabarov

Bu gün çox maraqlı bir görüş oldu. Gənclərin sualları çox maraqlı idi. Baxmayaraq ki, müzakirə olunan məsələlər texniki sahəyə aid idi, amma çox maraqla qarşılandı”.

 

Təlimçi-ekspert Anar Həsənov

“Düşərgə iştirakçılarıçox potensiallı gənclərdir. Diasporla İş üzrə Dövlət Komitəsi düzgün formada onları istiqamətləndirib”.

 

Dünya şöhrətli fotojurnalist Reza Deqati

Bu gəncləri görəndə elə bilirəm dünya ölkələri bir-biri ilə birləşib. Gənclər çox şeyləri ürəkdən öyrənmək istəyir, ürəkdən sual verirlər”.

 

Azərbaycan dilini tədris edən Dürdanə Əlizadə

“VI Yay Düşərgəsinin iştirakçılarında Azərbaycan dili dərslərinə çox böyük maraq vardı. Belə aktiv gənclərimizin olmağına sevinirəm”.

 

Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev

 “Xankəndidə Azərbaycan gəncləri qarşısında çıxış etmək çox sevincli, şərəfli və qürurvericidir. Gənclərin verdikləri suallardan bəlli olur ki, onlar öz üzərində işləyirlər. Onlar maksimum bilik əldə etmək istəyirdilər”.

 

Qarabağ Universitetinin rektoru Şahin Bayramov

“61 ölkədən gələn gəncə Qarabağ Universitetini tanıtmaq fəxarət hissidir. Bir çox gəncimizin yaşadığı ölkədə məzun olduqdan sonra Qarabağ Universitetində işləmək arzusu çox sevindiricidir”.

 

Almaniyadakı “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri Sevda Badaliouri

“Diaspor gənclərinin qarşısında çıxış etmək tarixi, yadda qalan hadisədir. Bizim bu gənclərə hər zaman ehtiyacımız var”.

 

Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov

 “Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan mədəniyyətini, həqiqətlərini dünyaya çatdırmaq istiqamətində çox ciddi bir layihədir. Gənclər burada sərbəst şəkildə müzakirələrə qoşuldu və bir-birindən gözəl suallarını bizə ünvanladılar. Xankəndidə belə bilikli gənclərlə görüşmək çox xoş oldu”.

 

Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universitetinin professoru Cahangir Novruzov

 “Gənclərin Azərbaycan dilini bilmə səviyyəsinin xeyli yüksəldiyini aydın şəkildə gördüm. Bu, mənim üçün böyük sevincdir. Diasporumuzun bu təşəbbüsünü ürəkdən alqışlayıram. Hətta anaları azərbaycanlı, ataları xarici vətəndaş olan uşaqlarımız belə, dilimizi gözəl danışırlar. Əminəm ki, xaricdə doğulan uşaqlarımız öz kimliyini və mənliyini qoruyaraq Azərbaycan mədəniyyətini və dilini yaşadacaq, onu dünyada yayacaqlar”.

 

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev

 Gənclər bu düşərgələrdə vətənə daha çox bağlanırlar, vətəni daha çox sevirlər. Əminəm ki, bu gənclər ölkəmizə faydalı nəsil olaraq yetişəcək. Diaspor Komitəsinin bu layihəsi çox faydalıdır. İnanıram ki, xaricdə güclü Azərbaycan diasporu formalaşır”.

 

Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova

“Doğulub-böyüdüyüm Xankəndidə 61 ölkədən gələn azərbaycanlı və xarici gənclə görüşmək məni çox xoşbəxt elədi, düşərgə peşəkarlıqla təşkil olunmuşdu. Bu möhtəşəm layihəyə görə Diaspor Komitəsinə minnətdaram. İştirak etdiyim “Xankəndi” paneli çox gözəl ideya kimi yadımda qaldı. Gənclərə hər zaman ayıq-sayıq olmağı, Azərbaycanın mənafelərini müdafiə etməyi tövsiyə etdim”.

 

Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok

”Mən Xankəndidə olduğuma inana bilmirdim. Çox xoşbəxtəm və şükür edirəm ki, məni Diaspor Komitəsi Diaspor Gənclərinin VI Yay Düşərgəsinə dəvət etdi. İştirakçılara müraciət edərək qürurla bu fikri ifadə etdim – “Mən çox fəxr edirəm ki, siz azərbaycanlısınız”.

 

Təlimçi-eksperti Vəli Əlibəyov

 “Gənclərlə işləmək zövqlü idi, çox hazırlıqlı idilər. Belə bir layihəyə görə, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edirəm. Çox təcrübəli gənclər ölkəmizə dəvət olunub”.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

 

Cümə, 15 Avqust 2025 10:32

İrəvanda xal qalmadı, yoxsa xan?

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Azərbaycan Borçalıya, Təbrizə, Dərbəndə, İrəvana bölündü. Səfəvilərin, Əfşarların, Qacarların qılıncını qına qoyması ilə sərhədləri İsfahandan Osmanlıya, Təbrizdən Dəmirqapı Dərbəndə, Şimali Qafqazdan çar Rusiyasına, Borçalıdan Tiflisə, Kartli-Kaxeti çarlığından Türküstana, Pakistandan Hindistana qədər uzanan, qılıncı dünyanın dörd bir yanına işləyən Azərbaycan imperiyaları Çar Rusiyasının Qafqaza gəlişi, Rusiya Türkiyə və Rusiya Qacar müharibələri ilə “Kürəkçay”, “Türkmənçay”, “Gülüstan” dəhşətlərini yaşatdı.

 

Qarabağ xanı İbrahimxəlil xanın üzünü Çar Rusiyasına tutması, “Kürəkçay” müqaviləsinə imza atması ilə parçalanması qısa müddətdə reallaşan, xanlıqlara bölünən Azərbaycanın acı taleyi onu öncə Qarabağda, sonra Gəncədə, sonra da İrəvanda yaxaladı. İstər Çar Rusiyası, istərsə də Şura hökuməti illərində gerçək tarixi qələmə almaq, işğalçı imperiyanın mahiyyətini rəsmi sənədlərə, kitablara köçürmək mümkün olmasa da, xalq yaddaşını tarixi faktlara, gerçək hadisələrə şahidlik etdi.

30-cu illərin dəhşətli repressiyaları zamanı millətin 38 min düşünən beyini, alim, müəllim, şair, yazıçı və dövlət xadimini Türküstana, Sibir çöllərinə sürgün edən, Nargin adasında güllələyib qurd-quşa yem edən çar cəlladları siyasi repressiyaları, mənəvi terroru özündə ehtiva edən şeirləri, sənət əsərlərini, xalq mahnılarını da yasaq etdi: Onlardan biri də son misrasındakı “Təbriz” sözü “Təbiblə” əvəz edilən, məşhur bayatı idi.

O yana döndər məni,

Bu yana döndər məni,

Ürəyim yaralıdır,

Təbrizə göndər məni.

 

38-ci ilin sürgünü tarixə reportasiya kimi daxil oldu

 

1937-ci ilin dəhşətli repressiyalarından öncə Şura hökuməti daha dəhşətli bir terrora imza atmışdı. Çar Rusiyası, “neft bumu” zamanı o taydan bu taya çörək dalıyca gələn on minlərlə azərbaycanlıya “İran casusu damğası vurmaqla ölkədən çıxarmışdı. Çıxarmaq azdı, onların bolşevik Azərbaycanını tərk etməsi üçün cəmi üç gün – 72 saat zaman vermişdi. Azərbaycan tarixinə reportasiya kimi daxil olunan bu qərarın icrası zamanı minlərlə güneyli Xəzər dənizində üst-üstə mindikləri gəmilərdə boğulmuş, böyük bir qismi isə sulara qərq olmuşdu. Bu azmış kimi o taydan bu taya gələn, burada ailə quran güneylilər vəziyyət düzələndən sonra dönmək ümidi ilə ailələrini, övladlarını Azərbaycanın quzeyində qoymuşdular. Bunun digər bir səbəbi də bu taydan olan ailə üzvlərinin sovet casusu kimi hədəfə alınıb zindanlara atılması qorxusu idi. Bu dəhşətli qorxular uzun sürdükcə o taydakı ərini, atasını, qardaşını gözü yaşlı gözləyənlər “Ürəyim yaralıdır, Təbrizə göndər” kədəri ilə bayatılar çağırır, onu laylaya, nəğməyə çevirir, “O taydan bu taya mühacirət edən, Şah rejimindən canını qurtarıb gələn Rübabə Muradovaya qoşulub

Sil, gözünün yaşını,

Ağlama bəsdir

Qaragilə

        deyirdi. O taydakılar isə korun-korun yanır,

Mərəndə gəl,

Xar gülün dərəndə gəl,

Sağlığımda gəlmədin

Barı can verəndə gəl.

        harayı ilə həsrətin bəstəsini yaradırdılar. Bu, Şura hökuməti idi. Onun sözdən söz çıxarmağı, ev yıxmağı, yurd-yuva dağıtmağı var idi.

30-cu illərin dəhşətli repressiyalarından öncə Cümhuriyyət zamanı təsbit olunan əlifba, ana dili, dini etiqad azadlığı ləğv olunur. Mətbuat üzərinə senzura qoyulur. “Qlavlit”, “Xodsovet”, “Pedsovet” yaradılır. Ağabəyim Ağanın məşhur:

Əzizinəm, Qarabağ,

Qara salxım, qara bağ,

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

        bayatısının olduğu kimi ifası xanəndələrə yasaq edilir. Dillərə dastan bayatı bu şəkili alır:

 

Əzizinəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

Quruluşun, zamanın diqtəsini, ağrı-acısını, xalq ruhunun kədərini özündə ehtiva edən əsərlərdən, xalq mahnılarından biri də “İrəvanda xal qalmadı” kimi təqdim olunan xalq mahnısı, daha doğrusu xalqın yaddaş ağrısı idi.

 

Bir mahnının tarixçəsi və ya sevginin kədər üzü

 

Ötən əsrin 80-ci illərinə qədər “Kərəmi”, “Ruhani”, “Mansarı”, “Dilqəmi” saz havaları kimi heç bir məclisdə qol qaldırılıb süzülməyən “İrəvanda xan qalmadı” xalq mahnısı “xan” sözünü “xal” ifadəsi ilə əvəz etsə də, düz bir əsr başqa biçimdə təqdim olunub. Əfsanəyə görə “İrəvanda xal qalmadı” mahnısı Azərbaycanın səsi vala ilk yazılan ustad sənətkarı, Şamaxılı mesenat Mahmud Ağanın malikanəsində – “Qızıl salonda” təşkil etdiyi Muğam müsabiqəsinin münsiflər heyətinin sədri, “Qırxpilləkan”ın yaxasında sevdiyi gözələ qırx otaqlı malikanə tikdirən, Müsabiqənin sonunda Mahmud Ağanın bağışladığı “Qızıl Qaval”ı Bakı milyonçusu, mesenat Şəmsi Əsədullayevlə qızının toyunda Seyid Şuşinskiyə bağışlayan Cabbar Qaryağdıoğlu İrəvanın məşhur milyonçularından biri, Məşədi Ələsgərin qardaşı oğlu Əkbər bəyin toyunu aparırmış, toy boyu bəyin tərifi gedir. Qızın atası Cabbar əmiyə yaxınlaşıb qızının – gəlinin də tərifini istəyir. O zamanlar bəy toyunda gəlin iştirak etməzmiş. Guya Cabbar əmi gəlinin atasından qızının “nəm-nişanını” soruşur. Gəlinin atası da, qızının üzündə qoşa xal olduğunu deyir.

Yüz illər bundan öncə Azərbaycanın mənəvi mühitini bilənlər bilir ki, istər gəlin, istərsə də bəy toyunda qızın ata-anası üzdə olmazdı. Bu vəzifəni nəslin ağsaqqal və ağbirçəkləri, gəlin və bəyin yengəsi, vəkili, soldış və sağdışı öz üzərinə alardı.

 

Qürur, qeyrət, ləyaqət – İrəvanın saray-siyasət dili

 

İrəvan kimi klassik saray ənənələrinə, Osmanlı, Səfəvi, Qacar və Əfşar müqəddəsliyinə bağlı olan bir diyarda, kəcavəsi bəzənən, gərdəyi biçilən, duvağı al-qumaşdan, ipəkdən seçilən, 40 gün toyu çalınan, 40 gün də gərdəkdə saxlanıb həya pərdəsi qorunan bir gəlinin atası bəy toyunda qızının tərifini istəməz, bunu qüruruna, qeyrətinə sığışdırmazdı.

İrəvanda xan qalmadı,

Daha məndə can qalmadı,

O xal nə xaldı, qoşa düzdürmüsən?

De, görüm nə xaldı qoşa düzdürmüsən?

Nə az, nə çox, düz yüz il “İrəvanda xal qalmadı” oxundu. Cabbar Qaryağdı oğlunun Qurban Pirimovun, Seyid Şuşinskinin, Sadıxcanın, Bülbülün, Xan Şuşinskinin, Yaqub Məmmədovun, Qədir Rüstəmovun, Baba Mahmudoğlunun, Elmira Rəhimovanın ifasında ruhun qida yeri olan, hətta Elmira Rəhimova və Baba Mahmudoğlunun ifasında duet olaraq Azərbaycan Radiosunda lentə alınan əsər əslində özündə daha kədərli faktı, milli dövlətçilik və milli mənəvi dəyərlər tariximizlə bağlı həqiqəti ehtiva edir.

Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının tədqiqatlarından, Azərbaycan Folkloru Antologiyasından əldə olunan məlumatlara istinad edərək deyə bilərik ki, “yeddi bənddən və hər bəndi də yeddi misradan ibarət olan mahnı İrəvan kəlməsi ilə başlayır. Milli mənlik, milli kimlik uğrunda mücadiləni, Çar Rusiyasının “Qafqazı parçala, hökm sür!” siyasətini, irticanı əks etdirən əsərin ana xəttini başqa mətləb təşkil etsə də, misralar sevgi üzərində təqdim olunur:

İrəvanda xan qalmadı,

Gəncədə sultan qalmadı,

Daha məndə can qalmadı,

Ay qız, o xal nə xaldır?

Sən ora düzdürmüsən?

Ay qız o nə xaldır?

Sən üzə düzdürmüsən?

Professor Məhərrəm Qasımlının da qeyd etdiyi kimi “Misralardan da göründüyü kimi sanki təzad var: xanla, sultanla başlayan misralar sonradan bir gözəlin tərifinə, vəsfinə çevrilir”. Bir az öncə də qeyd etdiyimiz kimi mahnı Şuşalı Cabbar Qaryağdı oğlu tərəfindən İrəvan şəhərində imkanlı bir mülkədarın, Məşədi Ələsgərin qardaşı oğlu Əkbər bəyin toyunda yaranıb. Deyirlər, məşhur toya mahalda, üstəlik Qarabağda, Şirvanda, Tiflisdə məşhur olan xanəndələr sıra-sıra mahnılar, təsniflər oxuyur, məclisin abı-havasını təzələyirmiş. Bu dəmdə gəlinin atası qızının da tərifini istəyir. Gəlinin üzündəki nişanədən xəbər tutan Cabbar əmi onun tərifini dillərə dastan edir. İllərlə “İrəvanda xan qalmadı, Gəncədə sultan qalmadı” deyib tarixi həqiqətin girdabında əriyən xalq ötən əsrin 80-ci illərində milli müstəqilliyin, “Qarbaçov perestoykasının” imkanlarından istifadə edib, əsl həqiqəti, özü də tarixi həqiqəti yerinə qoyur. “İrəvanda qalmayan xanın, Gəncədə qalmayan sultanın xal yolunda, yar yolunda deyil, azadlıq yolunda Xala – Qara xala döndüyünü sübut edir.

 

Firudin Şuşinskinin üzə çıxardığı həqiqət

 

Milli-mənəvi dəyərlər tariximizdə Şuşinksi imzası, künyəsi ilə sənətin, səltənətin sultanı olan bir cüt qoşa qanadın, Seyid Şuşinski və Xan Şuşinskidən sonra Firudin Şuşinski boy verdi. Azərbaycan muğamlarının ustad bilicisi, milli muğam məktəblərinin və xalq mahnılarının məşhur tədqiqatçısı professor Firudin Şuşinski. Məhz bu mütəfəkkir alimin iradəsi, ciddi tədqiqatları sayəsində Şirvan, Abşeron, Qarabağ musiqi, muğam mühitləri, muğam ifaçıları, xalq mahnılarında ehtiva olunan əsas mətləblər üzə çıxarıldı. Məhz bu qüdrətli alim sübut etdi ki, Cabbar Əmiyə qədər lentə yazılan “İrəvanda xan qalmadı” xalq mahnısı məhz Çar Rusiyasının diqtəsi ilə ortadan götürülüb. Cabbar əmi hadisəni yaşatmaq, faktı qorumaq üçün onun sonuna “Bir gözəlin vəsfini” əlavə edib. “İrəvanda xanın, Gəncədə sultanın qalmadı”ğını, xalqın yaddaşında xala döndüyünü sənətin dili ilə aləmə yayıb.

Əsl həqiqət isə Gəncə xanlığının, İrəvan xanlığının işğalını, Cavad xanın və Hüseynqulu xanın övladları ilə birlikdə faciəli sonunu, general Sisianovun Gəncə qalasında, qraf Paskeviçin İrəvan qalasında tökdüyü qanı özündə ehtiva edir. Tarixi həqiqətlər, həm də mənbələr sübut edir ki, 1827-ci il oktyabr 6-da general Paskeviçin komandanlığı altında Çar ordusu gərgin mübarizədən, uzun sürən döyüşlərdən sonra İrəvan qalasını mühasirəyə alır və Qalanın müqavimətini qırır.

 

Qraf Paskeviç imperator tərəfindən "Qraf Erivanski" tituluna layiq görüldü

 

Qədim tarixə, zəngin mədəniyyətə, strateji əhəmiyyətə malik olan İrəvan xanlığını, Çuxur Sadd bəylərbəyliyini, "Osmanlı dövləti ilə Qacarlar dövləti arasında strateji mövqedə yerləşən İrəvan qalasını ələ keçirmək Rusiya üçün də böyük əhəmiyyət kəsb edirdi. Lakin rus qoşunlarının 1804 və 1808-ci illərdə İrəvan qalasını ələ keçirmək cəhdləri puç olmuşdu. 20 ildən artıq müddətdə rus qoşunlarının fasilələrlə hücumuna igidliklə tab gətirən İrəvan qalası, nəhayət 1827-ci il oktyabrın 1-də ermənilərin qala divarlarının zəif yerlərini rus komandanlığına nişan verməsi nəticəsində süqut etdi. Qaladan kənardakı düşərgəsində olan

Paskeviçə İrəvan qalasının alınması xəbəri çatanda artıq rus əsgərləri talana başlamışdılar. Qaladakı evlərin hamısı top mərmilərindən yerlə-yeksan olmuş, küçələr meyitlərlə dolmuşdu. Oktyabrın 2-də qalanın cənub darvazasının önündə qələbə paradı keçirilmişdi. Zəfər marşı çalınmış və toplardan yaylım atəşi açılmışdı. Bu zaman zədələnmiş qala divarlarının bir hissəsi uçmuş, çoxlu insan tələf olmuşdu. İrəvan qalasının alınmasına görə Paskeviç imperator tərəfindən "Qraf Erivanski" tituluna və II dərəcəli Müqəddəs Georgi ordeninə layiq görülmüşdü. Digər generallar da yüksək mükafatlar almışdılar. Bir müddət sonra "İrəvan qalasının alınması uğrunda" xüsusi medal da təsis edilmişdi. İmperatorun buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilmişdi. İrəvan qalasının alınması xəbəri Rusiya imperatoru I Nikolaya Riqada olarkən çatdırılmışdı. Həsən xanın qılıncını çara təqdim etmişdilər. Çar da öz növbəsində həmin qılıncı Riqada olmasının xatirəsi olaraq şəhər ratuşuna bağışlamışdı (Həmin qılınc hazırda Kremlin "Silahlar Palatası"nda saxlanılır). Peterburqa qayıtdıqdan sonra imperator noyabrın 8-də ailəsi ilə birlikdə Qış sarayındakı kilsəyə gedərək İrəvan qalasının alınması münasibəti ilə dualar etmişdilər. İrəvan qalasının işğalı zamanı götürülmüş açarları və dörd bayrağı paytaxt sakinlərinin alqış sədaları altında küçələrdə gəzdirilmişdi".

İrəvanda tökülən günahsız qanı, mücahid, şəhid xanın və xanlığın faciəsini isə xalq öz yaddaşında qəm dəftərinə, kədər nəğməsinə çevirdi.

 

İrəvanda xan qalmadı,

Gəncədə sultan qalmadı.

O xan, nə xandır ora düzdürmüsən?

De görüm nə xandır, ora düzdürmüsən?

Daha məndə can qalmadı,

O xan nə xandır qoşa düzdürmüsən?

 

Çar mənim, xan mənim,

İxtiyar mənim,

Xalqa nə borcdur?

Belə düzdürmüşəm.

Çarım deyibdir,

Qoşa düzdürmüşəm.

 

102 ilin həqiqəti Sərdərabad qalasından Zəfər paradına

 

Bu müdhiş, müdhiş olduğu qədər də quruluşun, zamanın aynası olan əsərdə mühafizə olunub qorunan həqiqətdən sonra 1828-ci ildə bölünüb parçalanan Azərbaycan ikiyə bölündü. “Kürəkçay”, “Türkmənçay”, “Gülüstan” dağını daşıyan xalq Şərqin ilk Demokratik Cümhuriyyətini qurana qədər Sərkərdə-xaqan ucalığı əlindən alındı. “İrəvanda xal qalmadı” deyib dinlədiyimiz xalq mahnısı, xalqın yaddaşı kimi taleyimiz oldu. Çar cəlladları düz 300 il Azərbaycanda meydan suladı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən xalq “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaratdı. 1827-ci il oktyabrında Sərdərabad qalasını, qala qarışıq İrəvan xanlığını işğal edən general Paskeviç xalqın qəzəbindən çəkinib xanın və oğlunun cənazəsini ay-qaranlıq gecədə torpağa verdi. Öncə isə İrəvan Şeyxülislamını çağırıb onların dəfnini təşkil etməsini əmr etdi. “O xan nə xandır qoşa düzdürmüsən?” “Çarım deyibdir, qoşa düzdürmüşəm” misraları belə yarandı. “Xal mənim, yar mənim” deyil, “Çar mənim, ixtiyar mənim” deyənlərin dərsi, üstündən 102 il ötəndən sonra Azadlıq Meydanında – Zəfər-Qələbə Paradında, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağdan, Şərqi Zəngəzurdan, döyüş bölgəsindən girov kimi gətirilən hərbi texnikanın nümayişi zamanı verildi. İrəvan qalasının açarlarını, xanın Qılıncını Riqada görüb qürrələnən, 1828-ci il martın 20-də İrəvan xanlığının ərazisində Erməni vilayəti yaradan I Nikolayın, general Paskeviçin ruhunun yerindən oynadığı gün, dünya Həsən xanı   Sarı Aslanı Peterburq zindanından xilas etdirən Fətəli şah Qacarın simasında mənsub olduğu millətin, məmləkətin əzəmətini etirafda bulundu.

“İrəvanda xan qalmadı, Gəncədə sultan qalmadı” kədəri ilə yaşayan, repressiya, mənəvi terror və müharibə illərində belə varlığını qoruyan millətin üstünə 20 Yanvar, Xocalı dəhşətləri zamanı da gecə gəldilər.

Tanrının ad verib, ordum dediyi əsil olan Türk Şuşa qalasına dan yeri söküləndə, Gün doğanda “Ruh bədənə girən kimi girdi!” Məlik şahın “Biz türklərik, bir ölər, min dirilərik!” nidası gerçəyə çevirdi.

Türkülər türkün taleyidi. “İrəvanda xan qalmadı” , “Çırpınırdı Qara dəniz”, “Ya azad ol, ya tamam yan”, “Ey Vətən”, “Ölkəm”, “Azərbaycan” nəğmələri eyni ruhun havası, həm də davasıdı! Bunu “Türkün şanlı bayrağını Qarabağdan asan”, onu Şəhid qanı ilə sulayan, ürəyinin başından, gözünün nurundan cücərdən Millətdən savayı kim anlayar ki?!

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

 

 

48 -dən səhifə 2416

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.