Super User
“Mərkəzi Asiya dövlətləri və Azərbaycan kino günləri” Daşkənddə!
Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
13-16 Noyabr tarixlərində “Mərkəzi Asiya dövlətləri və Azərbaycan kino günləri” çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib.
Noyabrın 14-də Özbəkistan Kinomatoqrafiya Agentliyinin nəzdində fəaliyyət göstərən və Milli Kino Sənəti Sarayında rəsmi olaraq açıq elan olunan tədbirdə çıxış edən Özbəkistan Kinomatoqrafiya Agentliyinin rəhbəri Şührət Rzayev xalqlarımız arasındakı tarixi bağlılıqdan söz açıb. Həmçinin o, Özbəkistanda Azərbaycan kinosuna olan maraqdanda danışıb.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA-nın rəhbəri Rəşad Əzizov kino sahəsində iki ölkə arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Açılışda Vətən Müharibəsinə zəfərinin 5-ci ildönümünə həsr edilmiş rejissor Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan” filmi nümayiş olunub. Tədbirdə həmçinin “Tağıyev: Neft” filminin xüsusi nümayişi keçirilib.
Tədbirdə Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın mədəniyyət nazirləri, həmçinin kino agentliklərinin rəhbərləri iştirak ediblər. “Tağıyev: Neft” tarixi ekran əsəri Bakı Media Mərkəzi tərəfindən istehsal edilən Azərbaycan imzalı uğurlardan biridir. Film artıq bir neçə mükafat əldə etmiş və yerli kinoteatr reytinqlərində liderliyini qoruyur. Onuda qeyd edim ki, filmin baş prodüsseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır. Ekran əsəri Özbəkistanlı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Hazırda filmin xarici ölkələrdə, o cümlədən Mərkəzi Asiya dövlətlərində kinoprokatı üçün danışıqlar aparılır. Bundan əlavə, Azərbaycan kino günləri çərçivəsində müxtəlif janrlara aid bir sıra ekran əsərləri də tamaşaçılara təqdim edilib.
Taleh Yüzbəyovun “Bəlkə də” romantik komediyası, eləcə də, bu il 200 illiyi qeyd edilən görkəmli rəssam Mirzə Qədim İrəvaniyə həsr edilmiş rejissor Elxan Cəfərovun ekranlaşdırdığı bədii-sənədli filmi olan “Cənnət yuxusu” filmləri nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Jurnalistikadan sənədli prozaya
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şüurlu ğmrünü mətbuatımızın inkişafına həsr edən, publisistik yazılarla gündəmə gəlib sonra sənədli nəsrə keçən, çox böyük bir arxiv qyub gedən Əli İldırımoğlu (Məmişov) barədə söz açacağam, bu gün onun doğum günü, anadan olmasının 98-ci ildönümüdür.
Əli İldırımoğlu 1927-ci il noyabr ayının 17-də hazırkı Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olub. Burada orta məktəbin VIII sinifdə oxuyarkən 1941–1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlanıb. VIII–IX siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatan oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırıb.
Məktəbin direktorluğu onun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisi davam etdirdilən X sinfə keçirilib. Beləliklə, Əli İldırımoğlu VIII sinfi başa vurub, IX sinifdə oxumadan, birbaşa X sinfə keçib və həmin orta məktəbi müvəffəqiyyətlə bitirib.
Müharibənin gedişi ilə əlaqədar olaraq, kəndlərdə müəllim qıtlığı yaranıb. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilib. Həmin kursu bitirdikdən sonra 1941–1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymur Musganlı yeddiillik məktəblərində müəllim işləyib.
Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946–1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləyib. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışıb.
1955-ci ilin yanvar ayından 1990-ci ilin sonuna qədər "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan. Sumqayıt-Quba zonaları üzrə fəaliyyət göstərib. "Kommunist" qəzetində qeyri-normal mühit yarandığından öz təşəbbüsü ilə 1990–1992-cı illərdə "Həyat" qəzetinə işə keçib və həmin mətbu orqanında eyni zonada (Abşeron, Sumqayıt, Dəvəçi, Quba, Qusar, Xaçmaz rayonlarında) xüsusi müxbir işlədikdən sonra ərizəsi ilə təqaüdə çıxıb. Əli İldırımoğlu 1992-ci ildən fərdi təqaüdçüdür.
Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər". "Mənim rəncbər atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş yağan gün" romanlarının müəllifidir.
"Zorən jurnalist" romanının birinci hissəsi ("Eşq, qələm və qovğa" adı altında), "Mənim rəncbər atam", "Aqibət" romanları türk dilinə, "Aqibət" romanı rumın dilinə tərcümə edilib böyük tirajla nəşr olunub. "Mənim rəncbər atam" romanı İranda ərəb əlifbası ilə nəşr olunub. 2007-ci ildə onun seçilən əsərləri çapdan çıxıb. Əsərləri barədə 2006-cı ildə tənqidçi Bəsti Əlibəylinin, 2009-cu ildə filologiya elmləri namizədi Qurban Bayramovun "Milli-mənəvi dəyərlərin bədii salnaməsi" monoqrafiyaları nəşr olunub.
Əsərləri
1. Mayaklar
2. Yazım, yazmayım
3. Çinarlı
4. Həmin adam (roman)
5. Dərd
6. Telepat
7. Aqibət
8. Qarlı gecələr (roman)
9. Közərən sətirlər
10. Silinməz izlər
Əli İldırımoğlu 1941–1945-ci illərdə arxa cəbhədə göstərdiyi "Rəşadətli əməyə görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 noyabr tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. 1966-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1988-ci il noyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə "Əməkdar jurnalisti" adına layiq görülüb.
"Qızıl qələm", "Ali Araz", "Ustad jurnalist", "Əbdürrəhim bəy Haqverdiyev" adına mükafatların laureatıdır. Türkiyənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən türk ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına Xidmət" beynəlxalq mükafata və Milli mükafata layiq görülüb.
18 noyabr 2020-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Xalq rəssamı Lətif Kərimovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Rəssamlıq tariximizin ən önəmli isimlərindən biri...
Xaıça rəssamlığının dahisi və bir nömrəlisi...
Sənəti ilə mədəniyyətimizdə silinməz iz qoymuş böyük sənətkar!!!
Azərbaycan SSR xalq rəssamı Lətif Kərimovun 17 noyabr 1906-cı ildə Şuşa şəhərində anadan olub. Onların nəsli – bütün "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olub. 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçüb. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarıb.
Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənib. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib.
İlk dəfə olaraq Bakıda və Qubada xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib.
1930–1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutub. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham alan ustad əlinin izlərini görürük.
1937–1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat, binanın Milli memarlıq forması ilə möhkəm vəhdət təşkil edib. Tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940–1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilən beş xalça hazırlayıb. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.
Keçən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan Radiosunda fars diktoru vəzifəsində çalışıb. 1946-cı ildə Aydın Qaradağlının səsini bəyənib radionun sədri Şəmsəddin Abbasova təqdim edərək görkəmli sənətkarın yaradıcılıq yoluna yaşıl işıq yandırıb. Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət institutunda başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca xalça şöbəsinin açılmasına nail olub.
Onun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi-alimlik dərəcəsi verilib. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə dərc edilən monoqrafiya qırx ilə yaxın aparılan elmi işlərin bəhrəsidir. Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə Bakıda xalça muzeyi təşkil olunub.
Filmoqrafiya
1. Hədiyyə xalçası
2. Habil Kaman
3. İşıqlı ilmələr. Lətif Kərimov
4. Onlar belə sevirdilər
Mükafatları
1. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
2. "Stalin" mükafatı (1-ci dərəcə)
3. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni
4. "Xalqlar Dostluğu" ordeni
5. "Şərəf nişanı" ordeni
6. "Qafqazın müdafiəsinə görə" medalı
7. "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Lətif Kərimov 8 sentyabr 1991ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Unudulmaz tenor
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Musiqi tariximizdə elə adlar olub ki onları unutmağa haqqımız yoxdur. Bu gün anım günü olan bir vaxtkların məşhur tenoru Əlövsət Sadıqov belələrindəndir. Ən ağır dönəmlərdə - SSRİ-nin qırmızı terror illərində sənətə atılıb parlamaq sizə zarafat gəlməsin.
Əliövsət Sadıqov 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928–1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutub.
Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir.
Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb.
17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
33 yaşında müharibə yazıçını qurban apardı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu ad çoxunuza bir şey deməyəcək. 2-ci dünya mühqribəsində 33 yaşında faşist gülləsinə tuş gəlməsəydi, çox məşhur, adı dillər əzbəri olan bir yazıçı olacaqdı…
Məhərrəm Əlizadə 1909-cu ildə Şuşada anadan olub. İlk təhsilini Şuşa şəhər birdərəcəli məktəbində alıb, 1923-1927 illərdə Şuşa pedaqoji məktəbində oxuyub. O, Ağdamın Keştazlı kəndində, Şuşada, 1930-cu ildə isə Bakıda pedaqoji fəaliyyətlə məşğul olub.
Məhərrəm Əlizadə 1932-1936 illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet) Dil və ədəbiyyat fakültəsində təhsil alıb, oxuduğu təhsil ocağının aspiranturasında. saxlanılıb. O, 1939-cu ildən 1941-ci ilə kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitet)ədəbiyyat metodikası fənnindən dərs deyib.
Məhərrəm Əlizadə 1934-cü ildən bədii yaradıcılıqla məşğul olub. sağlığında "Dostlar" (1934), "Qonaq" (1941) adlı iki kitabı işıq üzü görüb. "Dostlar" və "Qonaq" kitablarındakı hekayələr 30-cu illər Azərbaycan həyatının bir çox cəhətlərinin əks etdirir.
Bu hekayələrin mövzusu Azərbaycan qadınının ictimai həyatdakı fəaliyyətindən, müəllim-tələbə münasibətlərindən və başqa mövzulardan ibarətdir. Məhərrəm Əlizadə cəbhədə vuruşduğu üçün 1941-ci ilin sonlarında çapdan çıxan "Qonaq" kitabını görə bilməyib.
Məhərrəm Əlizadə 1942-ci Krasnodar diyarının İndyuk kəndində döyüş şəraitində həlak olub. Şuşada yaşadığı evə xatirə lövhəsi vurulub
17 noyabr 1942-ci ildə vəfat edib.
Onun ölümündən sonra ilk kitabı 1962-ci ildə nəşr olunan "Kədər və sevinc" kitabıdır. Bu kitaba müəllifin 9 hekayəsi daxil edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Ötən əsrin bestsellerlər müəllifi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovetlər dönəmində bestsellerlərdən danışanda, mütləq Əlibala Hacızadənin. Cəmşid Əmirovun kitabları ilə yanaşı "46 Bənövşə", "Kəndimizdə bir gözəl var", "Sevdasız aylar" kimi yüz minlərlə oxucusu olan Salam Qədirzadənin də adı qeyd edilir. Həqiqətən də onun romanlarına əsl ümumxalq sevgisi olubdur bir vaxtlar.
Salam Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan Salam Qədirzadə şeir və hekayələr yazıb, ədəbi dərnəklərdə iştirak edib, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırıb. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə salıb.
1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşüb. 1941–1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edib, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunub, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilib.
Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapıb. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilib. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayıb.
1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilib. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı "Gənclik" povestini Rusiyanın məşhur "Detgiz" nəşriyyatı ayrıca kitab şəklində nəşr edib. Moskvada oxuyarkən Salam ailə qurub və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdıb. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan "Azərbaycan" jurnalının məsul katibi vəzifəsində işləyib.
1960-cı ildə Salam Qədirzadə "Kirpi" satirik jurnalının məsul katibi təyin olunub və 1966 ilədək həmin vəzifədə çalışıb. 1975–1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışıb. 1976-cı ildə isə "Kirpi" satirik jurnalının baş redaktoru təyin olunub və 1980-ci ilədək həmin vəzifəni icra edib. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilib.
Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun "Qış gecəsi", "46 Bənövşə", "Kəndimizdə bir gözəl var", "Sevdasız aylar" kimi romanları gənclərin masaüstü kitabına çevrilib. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunub. Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanıb, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulub.
"Hardasan, ay subaylıq", "Həmişəxanım", "Gurultulu məhəbbət", "Şirinbala bal yığır" kimi komediyaları isə elə indi də gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açıb, yeni məktəbin bünövrəsini qoyub
O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişib. Son kitabını "Hər gün ömürdən gedir" adlandırıb. Bu kitabı görmək qismət olmayıb ona.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Tənhalıqda özünü tapırsan, yoxsa itirirsən? - ESSE
Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”
Müasir dünya bizi davamlı olaraq başqaları ilə əlaqədə olmağa məcbur edir. Sosial şəbəkələr, messengerler, telefon görüşləri... Biz heç vaxt təklikdə deyilik. Amma paradoks budur. Bu qədər əlaqəli olduğumuz bir dövrdə özümüzü heç vaxt bu qədər tənha hiss etməmişik.
Tənhalıq və təklik fərqli anlayışlardır. Təklik əslində fiziki vəziyyətdir, ətrafında heç kimin olmaması. Tənhalıq isə psixoloji vəziyyətdir, daxili boşluq hissi. İnsan minlərlə insanın arasında ola bilər, amma özünü tənha hiss edə bilər. Və indi əsas sual yaranır: tənhalıq pisdirmi?
Qərb fəlsəfəsində uzun müddət tənhalıq mənfi fenomen kimi qəbul edilirdi. Aristotel deyirdi ki, insan sosial varlıqdır, cəmiyyət xaricində yaşaya bilməz. Amma XX əsrdə eksistensializm meydana çıxdı və tənhalığa yeni mənada yanaşdı. Heidegger yazırdı ki, insan "dünyaya atılmışdır" biz bu dünyaya öz istəyimizlə gəlməmişik, sadəcə buradayıq. Və bu fundamental tənhalıqdır. Heç kim bizim yerimizə ölə bilməz, heç kim bizim yerimizə təcrübə yaşaya bilməz. Deməli, tənhalıq insan varlığının əsas şərtidir.
Amma bu məhkumluq deyil, azadlıqdır. Çünki tənhalıqda biz özümüzlə üz-üzə qalırıq. Başqalarının rəyləri, cəmiyyətin gözləntiləri, sosial maskalar bunların hamısı aradan çıxır. Və biz əsl özümüzlə görüşürük.
Rilke, böyük alman şairi, gənc bir şairə məktubunda yazırdı: "Tənhalıq sənin ən böyük xəzinəndir. Onu qoru. Tənhalıqda sənət doğulur". Və bu doğrudur bütün böyük əsərlər tənhalıqda yaranıb. Dostoyevski Sibirdə sürgündə "Cinayət və cəza"nı yazırdı. Kafka gecələr, hamı yatandan sonra yazırdı. Frida Kahlo xəstə yatağında, təklikdə özünü kəşf etdi.
Tənhalıq bizi özümüzlə qarşılaşdırır. Və bu qarşılaşma qorxuludur. Çünki biz öz içimizdəki qaranlığı görürük, qorxularımızı, komplekslərimizi, zəifliklərimizi. Ona görə də insanlar tənhalıqdan qaçır. Televizoru açırlar, telefonla oynayırlar, hər hansı bir səs-küylə özlərini məşğul edirlər. Amma tənhalığı qəbul etməyi öyrənən insan böyük güc qazanır. O, artıq başqalarının təsdiqinə, diqqətinə, rəyinə ehtiyac duymur. O, özü ilə dostdur. Və bu, ən böyük azadlıqdır. Nitşe yazırdı: "Mən tək qaldım və öz-özümlə yaşamağı öyrəndim. İndi özümlə yaşamaq mənə ən böyük xoşbəxtlik verir".
Deməli, tənhalıq nə yaxşıdır, nə də pisdir. Tənhalıq əslində bir güzgüdür. O, bizi olduğumuz kimi göstərir. Və bu güzgüyə baxmaq cəsarət tələb edir. Amma bu cəsarəti göstərən insan özünü tapır.
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Həyatın üç fəsli -ESSE
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Həyat dediyimiz uzun yol əslində üç mərhələdən keçir: uşaqlıq, gənclik və ahıllıq.
1.
Uşaqlıq – hər şeyin ilk dəfə yaşandığı bir dövrdür. İnsan bu dönəmdə təmiz və safdır, bəyaz vərəq kimidir. Dünya onun üçün həm sirrdir, həm də oyundur. Uşaqlar heç nəyi tam anlamasa da, hər şeyi hiss edirlər. Duyğuların ən səmimi və ən dəyişkən halına məhz bu zamanda rast gəlinir. Hər kəlmənin bir anlamı olmasa da, qəlbdə bir duyğu oyadır. Uşaqlıq hər kəsin doymadan yaşamaq istədiyi bir dövrdür.
2.
Gənclik – həyatın ən qarışıq, ən dəyişkən səhnələrini bu dönəmdə yaşayırsan. Gerçək həyatı dərk etdiyin, duyğularını həm daha dərin, həm də daha kəskin hiss etdiyin çağdır. İlk risklər, ilk cəsarətlər burada baş verir. Arzular böyüyür, qorxular baş qaldırır. Kim olduğunu anlamağa başlayırsan. Həyatla bağlı sualların çoxalır, hər şeyi sorğulamağa başlayırsan. Qərarsızlıq da artır. Bu, həm ən həssas, həm də ən dərin dövrdür. Dostluqlar səmimi, ayrılıqlar isə çox ağır gəlir. Gənclik gələcəyinə yön verəcək qədər güclü bir zamandır.
3.
Ahıllıq – payız kimidir. Yaz günəşindən gələn istiliyi hələ də içində saxlayır, ancaq artıq küləyin səsində daha çox keçmişin xatirələri eşidilir.
Ahıllıq üzləşməkdir – dünəninlə, bu gününlə, sabahınla. Hər keçən gün səni bir az daha yorur, amma eyni zamanda sənə sükut gətirir. Bu zaman anlayırsan ki, zaman heç yerə tələsmir. İnsan gəncliyin səs-küyündə onun nəbzini duymur. İndi isə öz yolunu, öz səsini daha aydın eşidirsən.
Çünki artıq zamanla barışırsan. Heç kim heç hara tələsmir — elə sən də.
Hər dönəm bir xatirəyə çevrilir; içində həm sakitlik, həm də bir az kədər daşıyan…
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Qəlbi Vətən sevgili gənc
İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
1995-ci ilin soyuq payız günlərindən birində -17 noyabrda Sumqayıt şəhərinin işıqlı sakinləri arasında yeni bir uşaq dünyaya gəldi. O uşaq elə doğulduğu gündən həyatın ona hazırladığı sınaqlara meydan oxuyacaq qədər güclü və iradəli idi. Bu uşaq Cahangir İsmixan oğlu Dadaşov idi.
39 saylı tam orta məktəbinin şagirdi olan Cahangir, hələ yeniyetməlik illərindən çevikliyi, sakit xarakteri və vətənpərvərliyi ilə seçilirdi. Məktəb illəri onun üçün yalnız dərs və kitablarla deyil, həm də xarakterinin formalaşdığı, gələcək həyat yolunun aydınlaşdığı illər oldu.
Hərbi yolun başlanğıcı
2016-cı ilin iyulunda Cahangirin həyatında tamam başqa bir səhifə açıldı. O, Vətənə xidmət yoluna qədəm qoydu. Bu yol asan deyildi, amma o heç vaxt çətinlikdən qaçmadı. Motoatıcı, snayper, kəşfiyyatçı… Bu ixtisasların hər biri ciddi məsuliyyət, dəqiq qərar, dəmir iradə tələb edirdi. Cahangir bu yollardan keçərək gizir rütbəsinə qədər yüksəldi.
Beş il davam edən bu xidmət dövrü onun üçün təkcə hərbi təcrübə deyildi, həyat məktəbi idi.
Vətənə yazılan qəhrəmanlıq imzası
2020-ci ilin payızında isə tarix yenidən yazılırdı. Xalqın taleyini dəyişdirən, millətin birliyini möhkəmləndirən 44 günlük Vətən müharibəsi başladı. Cahangir də minlərlə igid kimi Vətənin çağırışına ilk cavab verənlərdən idi.
O, Füzuli istiqamətində ən çətin, ən amansız bölgələrdən birində döyüşürdü. Daha ilk günlərdən, 27 sentyabrda ayağından aldığı güllə yarası onun iradəsini qıra bilmədi. O, geri çəkilmədi, davam etdi. Çünkü onun üçün bircə yol vardı: İrəli!
30 oktyabrda düşmən minamyotu partlayanda hər iki qulağında pərdələr zədələnsə də, o yenə döyüş meydanını tərk etmədi. Sol ayağındakı qəlpə yarası isə bu mübarizənin onun bədənində əbədi iz qoyan xatirələrindən biri oldu. Bu izlər ağrı deyil, şərəf idi.
Qələbənin mükafatları - şərəfin nişanələri
Cahangirin fədakarlığı və igidliyi dövlət tərəfindən yüksək qiymətləndirildi. O, bir neçə nüfuzlu medalla təltif olundu: “Vətən Müharibəsinin iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin alınmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medalları sadəcə metal parçası deyil. Hər biri Cahangirin göstərdiyi şücaətin, əzmin və vətən sevgisinin nişanəsidir.
Bu gün…
Bu gün Cahangir Dadaşovun adı onun yaşadığı həyətdə, xidmət etdiyi bölmədə, döyüş yoldaşlarının yaddaşında qürurla çəkilir. O, bir ömür boyu daşıyacağı yaralarına baxmayaraq, bu gün də güclüdür, səbrli və məğrurdur. Onun hekayəsi bir gəncin həyat yolundan daha ibrətamizdir. Bu, bir Vətənin taleyini dəyişdirən igidlərin tarixidir. Cahangir kimi oğullar sayəsində Azərbaycan torpaqlarını azad etdi, haqq savaşında qalib gəldi və millət öz gücünü bir daha bütün dünyaya göstərdi.
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)
Seyyid Əzim Şirvaninin 190 illiyi Sumqayıtda qeyd olundu
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ölkəmizin bütün bölgələrində Azərbaycan klassik ədəbiyyatının böyük nümayəndəsi, dahi şair və maarifçi-mütəfəkkir Seyyid Əzim Şirvaninin 190 illik yubileyi təntənə ilə qeyd olunur. Bu silsilə tədbirlər çərçivəsində noyabrın 15-də Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsi və Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun birgə təşkilatçılığı ilə şəhərimizdə də yubileyə həsr olunmuş maraqlı tədbir keçirildi.
Tədbiri Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq Seyyid Əzim Şirvaninin həyat və yaradıcılıq yolundan geniş şəkildə bəhs etdi. Daha sonra SABAH Yaradıcılıq Studiyası tərəfindən hazırlanan “Ustadi-əzəm” adlı bədii-sənədli film tamaşaçılara təqdim olundu.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-qəzəlxan Elşad Xaqan Davudoğlu çıxışında S.Ə. Şirvaninin ədəbi irsinin milli düşüncə və maarifçilik tariximizdəki əhəmiyyətindən söz açdı. Ardınca tədbirdə iştirak edən tanınmış söz və fikir adamları böyük mütəfəkkirin yaradıcılığına müxtəlif aspektlərdən yanaşaraq maraqlı mülahizələrini bölüşdülər.
Toplantıda ustad şairlər Əşrəf Veysəlli və Ofelya Babayeva, filologiya elmləri doktorları Aftandil Ağbaba və Rafiq Yusifoğlu, filoloq Sabir Məmmədov, AYB üzvü, Prezident təqaüdçüsü, şair-qəzəlxan Vüqar Rahi, şair-tədqiqatçı Nəsimi Həsənov, eləcə də Rüstəm Hacıyev, Nicat Nəsri, Xəzər Hikmətoğlu, Əliyar Mərdiyev və digər ədəbiyyat nümayəndələri çıxış edərək Seyyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz rolunu vurğuladılar. Onlar böyük şairin irsindən ilhamlanaraq yazdıqları nəzirə, təxmis və təzminləri səsləndirdilər.
Bədii qiraətçi Vahid Cuğuni, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Sumqayıt Dövlət Dram Teatrının rejissoru Ümid Abbas Nihaninin rəhbərlik etdiyi “Dərviş” qrupunun ifaları, həmçinin Sumqayıt Musiqi Kollecinin müəllim və tələbələrinin musiqi nömrələri tədbirə xüsusi rəng qatdı.
Seyyid Əzim Şirvaninin 190 illik yubileyinə həsr olunmuş bu görüş bir daha göstərdi ki, onun maarifçi ideyaları, ədəbi irsi və yüksək mənəvi dəyərləri bu gün də Azərbaycan cəmiyyətində yaşamaqda və yeni nəsillərə ilham verməkdə davam edir.
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)


