İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan musiqisinin korifey ifaçıları dedikdə hansı adlar yada düşür? Cabbar Qaryağdıoğlu, Sadıqcan, Xan və Seyid Şuşinskilər, Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova və ... Əlbəttə ki, Sara Qədimova.
Bu gün korifey sənətçinin anım günüdür.
Azərbaycan xanəndəsi, Azərbaycan SSR xalq artisti Sara Qədimova 31 may 1922-ci ildə Bakı şəhərində doğulub. Əlbəttə ki, qızıl səslərin əksəriyyəti Qarabağa məxsusdur, Sara xanımın da əsli Ağdamın Abdal-Gülablı kəndindəndir. Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb.
İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur.
Filmoqrafiya
Qayğı
Sara Qədimova
Video
1. Sara Qədimova — xalq mahnısı "Girdim yarın bağçasına"
2. Sara Qədimova — xalq mahnısı "Haralısan?"
3. Sara Qədimova — xalq mahnısı "Ay dilbər"
4. Sara Qədimova, Xan Şuşinski, Şövkət Ələkbərova — Qarabağ şikəstəsi
5. Sara Qədimova — xalq mahnısı "Ay qız, ay qız, amandır"
6. Sara Qədimova — Ay işığında — musiqi: Qəmbər Hüseynli, sözlər: Zeynal Xəlil
Mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Şöhrət" ordeni
- "Şərəf nişanı" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Sara Qədimova 12 may 2005-ci ildə Bakıda vəfat edib. Bu gün onun vəfatından tam 21 il keçir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


