“Ədəbiyyat və incəsənət” portalının “Tələbə yaradıcılığı” rubrikasında yenidən sizlərlə Ağdam Dövlət Sosial-İqtisad Kollecinin tələbəsi Gültəkin Məmmədova öz essesi ilədir.
Nədir ədalət??!
Ədalət şam kimi əriyir, Allah,
Zor haqqı divara dirəyir, Allah,
Yalan ayaq açıb yeriyir, Allah,
Bacara bilmirsən doğru-yalanla,
De, necə barışım mən bu zamanla?!
Necə də gözəl izah edir, deyilmi? Hər misra gözümün önündə ayrıca bir səhnəyə çevrilir, sanki ruhumun içində səssiz bir film başlayır.
Ədalət dediyimiz şey dillərdə qalan bir sözmüdür, yoxsa həyatda nəfəs alan bir həqiqət?
Keçmişdən bu yana ədalət bir çox üsula, bir çox perspektivə və yanaşmaya görə qiymətləndirilib. Ədalət adı altında hər dövr öz qaydalarını yaratmış, hər kəs üçün fərqli, amma hər zaman doğru və ədalətli olmağa çalışan bir ölçü olmuşdur. Birinə nicat olan, digərinə cəza, kimisinə haqq, kimisinə isə haqq adıyla edilən haqsızlıqdır.
Çoxumuz ədaləti yalnız zalda, qanun kitablarının kölgəsində axtarırıq. Xeyr, həqiqət bununla bitmir. Bəzən birinin haqqını yeyəndə, birinin əleyhinə işləyəndə, bir heyvanı incidəndə, pislik, kobudluq edəndə də o ölür. Ədalət gündəlik davranışlarımızın içində sınanır.
Gəlin bu anlayışın içinə bir az da dərindən enək. Ədalət nədir, mənşəyi nədir, əslində necə, nə cür olmalıdır? Deməli belə: Sözün kökünə baxanda uzun bir yol görürük. Etimoloji olaraq ədalət sözü ərəb mənşəlidir. Ərəb dilində “ʿadl” (عدل) – “ədalət, bərabərlik, düzgünlük” deməkdir. Azərbaycan dilinə ərəb dili vasitəsilə keçmişdir. Sadə dildə desək, ədalət – hər kəsin haqqının qorunması, hər şeyin düzgün, bərabər və haqlı olmasıdır. Yəni heç kimin payının tapdanmamasıdır.
Hətta günümüzdə ədalət sözü yalnız qanunlarda və hüquq kitablarında qalmayıb. Məktəbdə müəllimin şagirdləri ədalətli qiymətləndirməsi, iqtisadiyyatda resursların bərabər paylanması, elm sahəsində məlumatların dürüst təqdim olunması – hamısı ədalətin fərqli təzahürləridir. Hər sahədə, hər addımda ədalət insanların haqqına hörmət etmək, haqsızlıq etməmək deməkdir.
Amma bir çox insan bunu anlamır, dərk etmir. Bir çətinliyə düşən kimi ya dinə bağlayır – Allah ədalətlidir, özü hər şeyi görür, bilir; biri isə deyir: ədalətsiz dünyada nə ədalət axtarım, onsuz düz olsam da səhv mən çıxacağam. Bəs bilirsinizmi niyə? Çünki artıq o qədər tam əksini görmüşük ki, doğrusu belə səhv anlayılır şüuraltımızda.
Bir çox insan nəinki ədaləti, heç öz hüquqlarını belə bilmir. Haqqı tapdalanır, nahaq haqq yeyir, dilsiz dillini susdurur, kor görənin gözünü bağlayır, kar dinləyənin qulağını bağlayır. 3 meymun misalı – İnsanlar bəzən görməməyi, eşitməməyi və susmağı özlərinə ən rahat sığınacaq seçirlər.
Sən zəhmət çəkirsən, biz bəhrə görürük; sən bişirirsən, biz yeyirik; sən oynayırsan, biz əylənirik – budurmu ədalət?
Hanı bəs bərabərlik, ədalətlilik, cinsi, dini, irqi mənşəyi arasında fərq qoymayan, hər kəs hər şey bərabərdir deyən o ədalətlilik prinsipi, hanı?
Bəlkə də görmüsünüz, Ədalət heykəli (və ya "Lady Justice") hüquq və ədalətin simvolu olub, kökləri Yunan mifologiyasındakı Themis və Roma mifologiyasındakı Iustitia ilahələrinə dayanır. Heykəldəki hər bir element xüsusi məna daşıyır:
Tərəzi: Qanun qarşısında bərabərliyi, dəlillərin obyektiv çəkilməsini və tarazlığı təmsil edir.
Qılınc: Ədalətin gücünü, qətiyyətini və verilən cəzaların kəskinliyini (caydırıcılığını) simvolizə edir.
Göz bağı: Ədalətin tərəfsizliyini göstərir; yəni qərar verilərkən şəxsin statusu, var-dövləti və ya kimliyindən asılı olmayaraq yalnız faktlara əsaslanıldığını ifadə edir.
Ayaq altındakı ilan: Bəzi təsvirlərdə rast gəlinir və şəri, qanunsuzluğu və ya pislikləri ədalətin ayaqları altına almasını simvolizə edir
Budur izahı, tərəzini belə tutan qadındır. Gəlin, indiki zamana uyğun biz bunun izahını yorumlayaq.
Tərəzi: bərabərsizliyin bir şəkildə obyektiv çəkilməsini, tarazsızlığı təmsil edir.
Qılınc: pulun gücünü və verilən cəzanın pulun miqdarına görə ağır və yüngül olmasını simvolizə edir.
Göz bağı: bahalı ipəklə bağlı göz bağının ədaləti, qanunu, bərabərliyi, vicdanı görmədiyini, özünə yararlını, var-dövləti, rüşvəti görməyi ifadə edir.
Ayaq altındakı ilan: düzgünlüyün, yaxşılığın, ədalətin insanlar tərəfindən ilan kimi süründürülərək necə ayaqlar altına alınmasını simvolizə edir.
Günümüzdə işinə, iş görəninə qarşılıq verib də haqqını təmiz verən çox az insan, bunun tam əksini edən isə çox insan var. “Azlıq çoxa tabedir” deyirlər. Bu düşüncə ilə razı deyiləm, çünki yüz pislik yığılsa da, on yaxşılığı yox edə bilməz.
Ədalət sadəcə başda da dediyim kimi məhkəmədə, hakim önündə, vəkil müdafiəsi ilə olmur, hər yerdə olur. Uşaqkən sən çox oxuyursan, başqası tərif alır. Böyüyürsən, sən çox çalışırsan, başqası təklifi alır. Sən çox işləyirsən, başqası təyin alır. Sən çox çabalayırsan, başqası təltif alır.
Bu ömür tək şansındır, susaraq öz həqiqətini öldürmə.
Susacağın yerdə danışıb, danışacağın yerdə susma. Haqqını tələb et. Sənin olanı istəməkdən qorxma.
Qoy səni pis bilsinlər, ədalətdən yayınma. Kim nəyi haqq edirsə, ona da onu yaşat.
Kainat var oluşundan bəri hər kəs öz ədalə
tini yaradır. Sən də öz ədalətini yarat. Ədalətsizlik edən deyil, ona baş əyəndir günah.
Mənim “Ölülər Danışa Bilməz” hekayəmdə – oxumusunuz, bilmirəm, oxumamısınızsa oxuyun, tövsiyə edirəm – orada ədalətə danışıb cavab tapa bilməyən, ancaq çalışıb da ədalət müdafiəçisi olub, ədalət çərçivəsində deyil, ədalət adı altında edilən ədalətsizliyə “dur” deyən və işini 4 divarda deyil, açıq səmada aparan bir qızın hekayəsidir. Onu oxusanız, nə demək istədiyimi daha yaxşı anlayacaqsınız.
Doğrudan da, ədalət kəlməsi nədir? Sadəcə kəlmədir, yoxsa əməldə də o mövcuddur?
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


