Aytən Ağasıyeva,
“Ədəbiyyat və incəsənət”
Mənə görə gülmək insanın yeganə sərvətidir. İnsan pis halda olanda belə gülməyə çalışır. Hətta araşdırmalara görə aynanın qarşısına keçib üzündə kiçik gülümsəmə yaratsan, yanaqların dartılır, bu gülüş içdən olmasa belə beynimiz o dartılma hərəkəti ilə siqnal qəbul edir və xoşbəxt olduğumuzu düşünür.
Həyatında çətinliyə düşəndə gülən insanlar çox azdır. Yaxşı tərəfi isə odur ki onlardan biri mənəm.
Liftin qapısı örtülürdü, sevdiklərim əks tərəfdə qalmışdı. Mənsə üzümdə kiçik gülümsəmə ilə sağ əlimi qaldırıb hələlik dedim.
-217-ci otaq doludur, orda xəstə var.
-215 necə?
-Aha ora boşdur keçə bilər.
Tibb bacılarından biri simamım tanış olduğunu dedi. Mənsə “ola bilər” deyib, ürəyimdə "biz əzəldən tanışıq" deyə keçirdim..
-Bura keçin, üstünüzdəki hər şeyi çıxarmalısınız, sırğa, bilərziK, heç bir şey qalmamalıdır.
Corabları göstərib söylədi:
-Bu xüsusi corablardır, elə geyinin ki, qırmızı tərəfi aşağıda qalsın. Köynəyi isə geyinib hazır olduqdan sonra bu düyməni basın, gələcəyəm.
-Yaxşı.
Paltarlarımı səliqəli şəkildə yığışdırıb şkafa yerləşdirdim. Artıq hazır idim. İki əlimi birləşdirib " Allahım, sənə təslim oluram. Məni mənə buraxma" dedim.
Düyməni basdıqdan sonra tibb bacısı otağa gəldi.
-Sizə damar yolu qoymaq lazımdı.
-Ağrıtmayacaq ?
-Biraz.
Gözlərim sistemin asta-asta axan damlalarında idi.
-Artıq vaxtdır, gəlin, xanım.
-Tamam. Mən bura necə çıxacağam?
-Əlimdən yapışa bilərsiniz.
Oğlanın əlindən yapışıb əməliyyat otağına aparmaq üçün gətirdikləri yatağa uzandım. Üzümdəki gülüş qədər ordakıların hər biri mənə yad idi. Tavandakı işıqlara baxa-baxa onların danışdıqlarını dinləyirdim. Təxminən iyirmi yaşlarında olan xanım oğlana baxıb:
-Bədənim burda cismim başqa yerdədir, -söylədi.
-Bədəniniz elə cisimdir. Cismim burda, ruhum başqa yerdə deməli idiniz, -deyib güldüm.
Sonradan həmin xanım Varisin çantamdakı "İrəvanda xan qalmadı" kitabını görüb məndən kitab tövsiyyəsi istəyəcəkdi.
Artıq alətlərlə dolu olan otaqda idim. Nəhəng alətlərin sayı otaqdakı həkimlərin sayından çox idi
-Endoskopik əməliyyatdı.
-Növbədə kimdi?
-Bəhruz həkim.
-Əla.
“Əla” sözünü eşitdikdən sonra rahatladım sanki. Neyrocərrahı isə uzaqdan gördüm
-Necəsən?
-Hər şey yaxşı olacaq ?
-Hər şey yaxşı olacaq, əlbəttə ki.
Sizdə də heç olurmu, bilmirəm, ama mən birinin gözlərimin içinə baxıb dediyi "hər şey yaxşı olacaq" cümləsini qollarımın arasına alıb, qucağıma bərk-bərk sıxandan sonra inanıram çox şeyə..
Kənardakı xanımların qəribə baxışlarında bu sözlər tək limanım oldu.
-Aaa qolum göynədi.
-Normaldı, ona kimi say..
Həkim “ona kimi say” deyəndə uşaq ikən gizlənqaç oynadığım günlər yadıma düşdü:
"Ona kimi sayıram, alma desəm çıx, armud desəm çıxma.."
-Bir, iki, üç....
Üçdən sonrakı ədədlər üçə qədərki ədədlərə özünü qurban verdi o an.
Gözlərimi açanda sanki pambığın içindən görürdüm hər şeyi. Hər yer ala toranlıq idi.
-Əməliyyat bitib?
-Hə.
-Saat neçədir?
-İkiyə qalır.
Dörd saatdan çox idi ki, həyatla əlaqəm kəsilmişdi. Dörd saat başqa həyata qonaq olmuşdum. Cismimlə yox, ruhumla..
Həyata yalnızlıq pəncərəsindən boylandığım günlər çox olub ama O günü çox yaxşı anladım ki, çox təkik. Düşündüyümüzdən də betər.
Təklik bizim ikinci ləqəbimizdir.
-"İndi tırtılsan,get kəpənək ol qayıt gəl" deyən az adam olmadı o gün
Bu gün isə yeganə sərvəti üzündəki gülüş olan kəpənək kimi yazıram bu sətirləri. Həyatınızda sizi kəpənək kimi görən insanlar olsun.
Bu dünyanın pəncərəsindən neçə kəpənəklər intihar edib bəlkə də, qanadlarının gözəlliyini duymadan..
Ona görə də hər gün aynanın qarşısına keç və gülümsə, kəpənək ömrünü gözəl yaşa!
“Ədəbiyyat və incəsənət”
(12.05.2026)


