Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 276 nömrəli tam orta məktəbdir.
DİREKTOR:
Xoşqədəm Ələddin qızı Məmmədova 13.03.1985-ci ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə Azərbaycan Dövlət Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirib. 26 fevral 2013-cü ildə Binəqədi rayonu 179 nömrəli tam orta məktəbə kimya fənni üzrə laborant təyin edilib. Həmin ildəMüəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçərək ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 2015-ci ildə müəllimlərin Diaqnostik qiymətləndirməsində ixtisası üzrə 100 faizlik nəticə göstərib. Elm və Təhsil Nazirliyi tərəfindən direktorların və dərs hissə müdirlərinin işə qəbulu ilə bağlı imtahandan müvəffəqiyyətlə keçərək 2 noyabr 2016-cı il tarixində Binəqədi rayon 179 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib. 10 sentyabr 2017-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan İdarəetmə kursu, "Potensial direktorlar" kursunu uğurla bitirərək 10 oktyabr 2018-ci il tarixindən Binəqədi rayonu 205 nömrəli tam orta məktəbətəlim tərbiyə işləri üzrə direktor müavini və direktor əvəzi vəzifəsinə təyin olunub. 6 dekabr 2021- ci il tarixində həmin məktəbə direktor vəzifəsinə təyin olunub. 2023-cü ildə "Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi" nin qalibidir. İkinci təhsil olaraq hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanına Dövlət İdarəçilik Akademiyasında təhsil alır.
8.09.2025-ci il tarixindən Bakı şəhəri 276 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin olunub. 3 övladı var.
ŞAGİRD:
Mehin Bayramlı Vidadi qızı 2012-ci il Baki şəhərində dünyaya göz açıb. 2018-ci ildən 276 nömrəli tam orta məktəbdə təhsil alır.
Ədəbiyyat və Azərbaycan dili fənlərini çox sevir.
İqtisadçı olmaq arzusundadır.
ESSE:
Səhv etmə qorxusu
Həyatımızın bir çox hissəsində bizdən səhv etməməyi, səhvsiz bir həyat yaşamağımızı istəyirlər. Amma ki, onu da bilməlidirlər ki, bu dünyada səhvsiz insan yoxdur. İnsan öz düzlərini belə səhvləri ilə öyrənə bilər. Çünki hər səhv hərəkətimizdən bir dərs çıxardırıq və ya yeni nəsə öyrənirik.
Əslində, hər bir yanlış qərar bizə nəyin işə yaramadığını göstərən bir təcrübədir. Məsələn, bir şagird sualın cavabını demək istəyir, amma qorxur ki, birdən səhv deyər. Bu düşüncə elə özü səhvdir. Sən həmin sualın cavabını səhv də deyə bilərsən. Amma onu da bilməlisən ki, səhv cavab vermək zəiflik deyil, sənin həmin mövzunu mənimsəmək üçün əlinə keçən bir fürsətdir. Səhv edərkən alınan məlumat beyində daha qalıcı olur, çünki insan öz xətası üzərində düşünəndə həqiqəti daha dərindən dərk edir. Əsas olan səhv etmək deyil, həmin səhvləri dəyərləndirib təkrarlamamaqdır. Həmin səhvlərdən dərs çıxarıb səhvini düzəltməyə çalışmaqdır.
Unutmamalıyıq ki, uğur pilləkəni birbaşa zirvəyə qalxmır, o, düzəldilmiş səhvlərin və qazanılmış təcrübələrin üzərində qurulur. Elə məhz buna görə də həyatda ən böyük səhv, səhv edəcəyindən qorxub heç nə etməməkdir.
Biz səhvlərimizi qəbul etdikcə daha təcrübəli və daha ağıllı oluruq.
“Ədəbiyyat və incəsənət”
(06.05.2026)


