Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles kimi şəhərlərdə sərgilənib Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünyaşöhrətli rəssamlarımızın adları dillərdə əzbərdir. Amma tək onları bilməklə iş bitmir. Çox istedadlı, görkəmli, unudulmaz rəssamlarımız var, gənc nəslə onlar barədə məlumat vermək, sanırıq ki borcumuzdur.

 

Mirnadir Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində doğulub. 1963-cü ildə ilk peşə təhsili olan Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvü olub.

Mirnadir Zeynalovun peşəkar boyakarlıq karyerası 1970-ci illərdən başlayıb. O, Abşeron rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən, xüsusilə, Cavad Mircavadov, Qorxmaz Əfəndiyev, Kamal Əhmədov, Ənvər Əsgərov, Nazim Rəhmanov, Fərhad Xəlilov kimi rəssamlardan təsirlənib. Rəssamın əsərlərində doğulub böyüdüyü Abşeronun sərt təbiətinin, mənzərələrinin əks olunması mühüm yer tutur. Bunlardan "Tək ağac" (1974), "Köhnə kənd" (1989) əsərlərini xüsusilə fərqlənirlər.

Rəssam öz karyerasının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayıb. Realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretləri və naturadan işlər çəkib. Mirnadir Zeynalovun yaradıcılığının əsası başlıca olaraq spektrin əsas rəngləri əsasında qurulub.

Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri ayrılmaz hissəyə sahibdir. Onun yaradıcılığında realizm üslubunda çəkilən portretlərə, lirik mənzərə əsərlərinə, həmçinin, yalnız müxtəlif rəng çalarlarının istifadə edildiyi abstrakt həllərədək fərqli janr və üslublara rast gəlmək mümkündür.

Mirnadir Zeynalovun dəfələrlə fərdi sərgiləri keçirilib. Rəssamın əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə sərgilənib, 2013-cü ildə Londondakı "Sothbeys" auksionunda dəyər qazanıb. Onun dəyərli əsərləri Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılır.

Mirnadir Zeynalov 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Həmçinin 1976-cı ildə Moskva şəhərində keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu alıb, 1989-cu ildə Bakıda keçirilən "Xəzəryanı ölkələri rəssamlarının bienallesi"ndə "Yaz bağı" əsəri bürünc medala layiq görülüb.

Rəssam 10 mart 2021-ci ildə 78 yaşında vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.