İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
“Karvan”ın qəlbi körvəldən sədası gəldikcə göz önündə nələr canlanmır?! Adama elə gəlir ki, “Karvan” həmişə yolda olacaq, hər gələn nəslin ürəyinə yol tapacaq, ilk və əbədi sarvanının nurlu simasını həmişə göz önünə gətirəcək. Cəsarətlə demək olar ki, S.Hacıbəyovun yüksək peşəkarlıqla yaratdığı əsərlər sırasında “Karvan” simfonik süitasının ayrıca yeri var. Bu bir sənət incisidir.
Ağasəlim Pünhanoğlu
Bu gün 107 illiyini qeyd etdiyimiz Soltan Hacıbəyov 1919-cu il mayın 8-də Şuşa şəhərində anadan olub. 1930-cu ildə ikiillik ibtidai məktəbi bitirdikdən sonra Bakıya köçüb, 1936-cı ildən etibarən əmisi Üzeyir Hacıbəyovun ailəsində yaşayıb. Orta təhsilini tamamladıqdan sonra Bakı Musiqi Texnikumunun truba sinfinə (A. Kolpinskinin sinfi) daxil olub.
1939-cu ildə texnikumu bitirərək Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, Boris Zeydmanın sinfinə (musiqi nəzəriyyəsi üzrə müəllimi N. Şumakov) qəbul olub və 1946-cı ildə oradan məzun olub. Konservatoriya tələbəsi olduğu illərdə Bakı Musiqili Komediya Teatrının orkestrinə dirijorluq edib.
1940–1942-ci illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərən Sazçı Qızlar Ansamblına rəhbərlik edib. 1942–1945-ci illərdə isə Bakı Filarmoniyası Orkestrinin bədii rəhbəri (1947-ci ildən isə direktoru) vəzifəsində çalışıb.
1948-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1955–1962-ci illərdə direktoru), Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1965-ci ildən professor, 1969-cu ildən isə rektor vəzifəsində fəaliyyət göstərib
1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının (Sov. İKP) üzvü olub. Soltan Hacıbəyov 1974-cü il sentyabrın 19-da Bakı şəhərində vəfat edib, Birinci Fəxri Xiyabanda dəfn olunub. Sumqayıt Musiqi Kolleci və Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki küçələrdən biri Soltan Hacıbəyovun adını daşıyır.
Bakıda yaşadığı binanın fasadına xatirə lövhəsi vurulub. Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu il tarixli sərəncamı ilə dövlət səviyyəsində qeyd edilib. Sərəncama əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən bəstəkarın yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Mükafatları
- Stalin mükafatı (II dərəcə) — M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında "Gülşən" baletinə görə
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Qırmızı əmək bayrağı" ordeni
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı — simfonik orkestr üçün konsertə görə
- "SSRİ xalq artisti" fəxri adı
Ağasəlim Pünhanoğlu “Karvan” – Xoş bir təsadüfün nəticəsi” yazısında yazır:
“Professional musiqimizin böyük banisi, dahi yaradıcı Üzeyir Hacıbəyli bütöv bir musiqiçi nəsli yetişdirib. Onların arasında sonralar öz məktəbini yaratmış bəstəkar və musiqiçilər olub, Üzeyir bəyin soyadını daşıyan bəstəkarlar, dirijorlar da musiqimizin inkişafına layiqli töhfələrini veriblər: Zülfüqar Hacıbəyov, Niyazi, Çingiz Hacıbəyov, İsmayıl Hacıbəyov.
Görkəmli bəstəkar, pedaqoq, xalq artisti, Dövlət mükafatı laureatı Soltan Hacıbəyovun Azərbaycan musiqisinin inkişafında özünəməxsus xidmətləri var. Amma gəlin etiraf edək ki, Soltan Hacıbəyovun adı çəkiləndə ilkin yada onun məşhur “Karvan” simfonik lövhəsi düşür. Bu musiqinin daxilində elə bir məlahət və təsir gücü var ki, onu sakit ürəklə dinləmək mümkün deyil.
Həmin simfonik sərlövhə ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir. Soltan Hacıbəyov əsərə elə bir intonasiya, ritmik vüsət verib ki, ona qulaq asanda özünü təbiətin sonsuzluğunda - xüsusilə, hüdudsuz səhrada hiss edir, dəvə karvanlarının zınqırovlu səslərini eşidir, sanki bütün mənzərələri gözünlə görürsən. İnsanın qəlbinə, ruhuna sakitlik, rahatlıq və ifadə etməkdə çətinlik çəkdiyimiz xoş duyğular axır.
Bəstəkarın sağlığında bu əsər, demək olar ki, dünyanın çox möhtəşəm salonlarında səsləndirilib. Amerikanın məşhur skripkaçısı Sidney Hort istedadlı Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun bu əsərini dinlədikdən sonra ona göndərdiyi məktubunda yazırdı:
“Sizin “Karvan”ınız çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası da müəllifə layiqdir. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir”.
Mütəxəssislər təsdiqləyirlər ki, “Karvan”ın kompozisiyası və quruluşu özünün həmahəngliyi və ifadənin vəhdəti ilə seçilir. Hər dəfə qulaq asdıqca onun ahənginə qoşulub uzaqlara qanadlanmaq istəyirsən.
Görkəmli rus bəstəkarı R.Qliyer 1944-cü ildə Tiflisdə keçirilən musiqi ongünlüyündə Soltan Hacıbəyovun əsərlərinə qulaq asarkən öz fikrini belə dilə gətirmişdi:
“Bu simfoniyalar tez yadda qalan, parlaq, maraqlı tematik materiala, yaxşı simfonik inkişafa malik bir əsərdir. Bunların hamısı onu göstərir ki, Soltan Hacıbəyov tezliklə böyük bəstəkar olacaqdır. Onun istedadlı olması şübhəsizdir, xüsusi məziyyətləri var, texniki biliyi aydındır. Ən başlıcası isə o, musiqinin milli mənbələri ilə sıx surətdə bağlıdır”.
Ötən əsrin ortalarında simfonik orkestr üçün yazdığı “Üvertüra”sı Soltan Hacıbəyov yaradıcılığının əsas mahiyyətini səciyyələndirirdi. Çox güman ki, onun bu janrda belə maraqlı əsər yaratmasına səbəb Üzeyir Hacıbəyovun məşhur “Koroğlu” operasının üvertürası böyük təsir göstərmişdir.
Əlbəttə, o dövrdə Niyazi, Qara Qarayev, Cövdət Hacıyev tərəfindən müxtəlif süitalar yaradılırdı. Dövrün məşhur bəstəkarı D.Şostakoviç Soltan Hacıbəyovun bu əsəri ilə bağlı demişdir:
“Əsərdə nurlu bir nikbinlik, ritm, məqsədəuyğunluq Motsartın bəzi opera uvertüralarını və ya Qlinkanın “Ruslan” uvertürasını xatırladır".
“Karvan”da bəstəkar orkestr rəssamı kimi özünü göstərir. “Uvertüra”da isə alətlərin yüksək registrindən istifadə edərək, simli və ağac-nəfəs alətlər qrupuna fövri-cəld passajları, fiqurasiyaları tapşırıb bayramsayağı, gözqamaşdırıcı parlaq orkestr səslənməsi əldə edir.”
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.05.2026)


