“Onu zaman seçib” kitabı təqdim olundu

7 may 2026-cı il tarixində Mirvarid Dilbazi Poeziya Məclisi İB və Qazax Xeyriyyə İB-nin birgə təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda filologiya üzrə fəlsəfə doktoru, tanınmış şair Fəridə Ləmanın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçib” kitabının təqdimat mərasimi keçirildi.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına İB-dən məluçat verilib.

 

Tədbirdə ziyalılar, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, gənclər və poeziyasevərlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Güllü Eldar Tomarlı qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. O bildirdi ki, “Onu zaman seçib” kitabı yalnız bir ədəbi nümunə deyil, eyni zamanda Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, xalqa bağlılığını və milli-mənəvi dəyərlərə verdiyi önəmi poetik dillə əks etdirən dəyərli əsərdir. Çıxış zamanı müəllifin yaradıcılığı haqqında da ətraflı məlumat verildi, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr xüsusi vurğulandı.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə bu anlar böyük ehtiram və qürur hissi ilə qarşılandı.

Sonra söz Qazax Xeyriyyə İB- nin sədri, professor İlham Pirməmmədova verildi. Professor çıxışında qeyd etdi ki, Fəridə Ləmanın Heydər Əliyevə həsr etdiyi poema dərin məna yükü və yüksək poetik dili ilə seçilir. O, həmçinin əsərin Sevil Gültən tərəfindən ingilis dilinə tərcümə olunmasının mühüm hadisə olduğunu vurğulayaraq bildirdi ki, bu tərcümə Azərbaycan ədəbiyyatının və Ulu Öndərin ideyalarının beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfə verir.

Tədbirdə akademik Nizami Cəfərov, tədqiqatçı Ramiz Göyüşov, professor Tamella Abbaszadə, yazıçı-politoloq Reyhan Mirzəzadə, tarix üzrə fəlsəfə doktoru, Ağamusa Nağıyev adına Milli Mənəvi Dəyərlərin Qorunması İB-nin sədri Dilarə Nağıyeva və dosent, Əməkdar müəllim Səfurə Allahverdiyeva çıxış edərək Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə göstərdiyi misilsiz qayğıdan danışdılar. Çıxış edənlər Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan dilinin inkişafı və milli kimliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi xidmətlərin xalqımızın yaddaşında daim yaşayacağını vurğuladılar. Eyni zamanda kitabın yüksək bədii-estetik xüsusiyyətləri, müəllifin poetik düşüncə tərzi və əsərin ideya yükü haqqında geniş fikirlər səsləndirildi.

Tədbir çərçivəsində poema filologiya elmləri üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin bədii qiraətində hazırlanmış videoçarx vasitəsilə təqdim olundu. Videoçarx iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Bədii qiraət tədbirə xüsusi mənəvi ovqat qataraq iştirakçılarda dərin təsir yaratdı.

Sonda “Onu zaman seçib” kitabının müəllifi Fəridə Ləman çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Müəllif qeyd etdi ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında daim yaşayacaq qüdrətli dövlət xadimi və böyük şəxsiyyətdir. O vurğuladı ki, Ulu Öndərin zəngin siyasi və mənəvi irsi gələcək nəsillər üçün hər zaman örnək olacaq, onun ideyaları Azərbaycan dövlətçiliyinin inkişafında yaşamaqda davam edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.