Super User

Super User

Cümə, 26 Sentyabr 2025 08:27

Vətənin sipərləri – ŞƏHİD YAZISI

Mehparə Bəkirova,

Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya resurs şöbəsinin müdiri. “Ədəbiyyat və incəsənət” üçün 

 

Vətən - sadəcə coğrafi sərhədləri olan bir məkan deyildir. Vətən - xüsusi sevgi ilə əzizlənən, süslənən, sinəsində övladların daim rahatlıq tapdığı, xoşbəxt yaşadığı ulu, gözəl bir məkandır! Vətən torpağı bizim üçün səcdəgahdır, toxunulmazdır, müqəddəsdir.

 

Vətən bizim üçün ona görə müqəddəsdir ki, əsrlərdən bəri bu yurd uğrunda minlərlə igid oğul şəhid olub, bu torpağa onların qanı tökülüb, torpağın canına hopub. Şəhid qanı ilə suvarılan torpaq bizim üçün müqəddəsdir, hər zaman qeyrət, şərəf ünvanımızdır. Əsl vətənpərvər o kəslərə demək olar ki, onlar vətəni bütün qəlbi, canı və qanı ilə sevir. Onun azadlığı və istiqlaliyyəti uğrunda hər an döyüşə atılmağa, lazım gəldikdə  canını belə qurban verməyə hazırdır. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır. Bu müqəddəs məkanda keçmişimizlə gələcəyimiz qovuşur. O əbədi və əzəlidir. Onun göylərində əcdadlarımızın ruhları dolaşır. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, ulularımızın ruhundan gəlir. Vətən sevgisi insana ana südü, ata nəfəsi ilə verilir. Vətən sevgisi ana sevgisi qədər müqəddəsdir. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz qəlbində, milli mənliyində daim yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən yaşasın. Döyüşçü üçün isə Vətən sevgisinin ən ali məqamı şəhidlikdir. Şəhidliyin məqamı və zamanı isə əvvəlcədən bəlli olmur. Şəhidlik uca Allahın bir insana verdiyi ömür payını könüllü olaraq, qəlbən inanaraq, müqəddəs amal uğrunda gözlənilmədən fəda etməsidir, məqamı gələndə qəhrəman oğulların öz ömürlərini Vətənə bağışlamalarıdır.

Qəhrəmanlıq təsadüfi olmur. Qəhrəmanlıq - insanın qanına ana südü , ana laylası ilə, atanın mərdlik, kişilik ruhu ilə ötürülür. Məqamı gələndə isə bir işıq kimi parlayaraq, sabahın yollarını aydınladır. 44 günlük Vətən müharibəsində məhz bu cür igidlər vətənpərvərlik nümunəsi göstərdilər. 30 ilə yaxın düşmən tapdağı altında qalan Qarabağ torpaqları işğaldan azad olundu. Şəhidlərimiz, ölümün bir addımlığında təsadüfən sağ qalmış qazilərimiz bu zəfər salnaməsinə öz igidlikləri, hünərləri ilə şanlı səhifələr yazdılar. Qarabağın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən bütün igid əsgərlərimiz əsl vətənpərvər olduqlarını sübut etdilər. Ölümün gözünə dimdik baxaraq, ölümsüzlük qazandılar. Belə mərd igid, cəsarətli, qeyrətli, şəhidlik zirvəsinə ucalmaqla əbədiyyətə qovuşan oğullarımızdan biri də Oğuz rayon Dəymədərə kəndindən olan şəhid Abid Məmmədovdur. Doğulduğu gündən Vətənin müqəddəsliyini hər andaha dərindən dərk etməyi doğma evində öyrəndi. Abid hələ dünyaya gəlməmişdən erməni qəsbkarları Qarabağ torpaqlarına göz dikib, min fitnə-feillə doğma yurd yerlərimizi zəbt etmək xülyasına düşmüşdülər. Erməni vəhşilərinin murdar əlləri doğma Qarabağ torpaqlarına doğru uzananda minlərlə vətənpərvər gənc Vətənin müdafiəsinə qalxmış, silaha sarılaraq, cəbhə bölgəsinə üz tutmuşdu. Həmin illərdə könüllülərin içərisində Abidin atası Asif və əsgərlik xidmətində olan əmisi Araz da vardı. Birinci Qarabağ müharibəsində Asif 1992-ci ildə Ağdərə və Füzuli uğrunda gedən döyüşlərdə igidlik göstərmişdi. Lakin döyüşlər zamanı səhhətində yaranan problemlərə görə üç aydan sonra müalicə almaq üçün Füzulinin Qaraxanbəyli kəndindəki qospitala göndərilmiş, sonra isə aldığı ağır yaralara görə ordudan tərxis olunmuşdu. Abidin əmisi Araz isə cəbhə bölgəsində- Ağdərədə əsgərlik xidmətini davam etdirmiş, sonra isə Füzulinin yuxarı Abdurahmanlı kəndində düşmənlə üzbəüz mövqelərdəki döyüşlər zamanı igidlik, şücaət göstərmişdi. Həmin ağır döyüşlərdə şəhidlərimiz, yaralılarımız az olmamışdı. 1994-cü ili yanvar ayının 26-da Aşağı Abdurahmanlı kəndi uğrunda gedən döyüşlərdə ayağından yaralanan Araz da digər yaralılarla birgə sanitar postuna aparılıb ilkin yardım göstərildikdən sonra Beyləqana, daha sonra Saatlı qospitalına müalicəyə göndərilmişdi.

Şəhidliyə gedən yol... Atasının və əmisinin hələ 1-ci Qarabağ müharibəsində göstərdikləri şücaətlər  barədə hələ uşaqlıqdan eşitdiyi söhbətlər Abidin vətənpərvərlik ruhunda böyüməsində ilk təkan olmuşdu. Yəni ki, onun vətənpərvərlik duyğuları, vətəni sevmək, qorumaq hissləri hələ uşaq yaşlarından, böyüdüyü evdən boy verməyə başlamışdı. O böyüdükcə düşmənə olan nifrəti də böyümüş, atasının və əmisinin düşmənlə apardığı mübarizənin yarımçıq qalması həmişə onu narahat etmişdi. Orta məktəbi bitirib hərbi xidmətə getdiyi zaman ürəyində pöhrələnən Qələbə arzusunu reallaşdırmaq üçün nümunəvi xidmət etmiş, komandanlığın “təşəkkürnamə”sini qazanmışdı. Ağdamın orta Qərvənd kəndi yaxınlığında əsgərlikdə olduğu zaman tibbi sanitar kimi xidmət edən Abid, komandirin dediyinə görə daim səngərlərə baş çəkir, yaralılara yerindəcə ilkin yardımlar göstərirdi. İlyarımlıq əsgəri xidmətini şərəflə yerinə yetirdikdən sonra ordudan tərxis olunaraq doğma kəndə qayıdır. Abid kəndin gəncləri arasında öz ağır təbiəti, ağayanalığı, dürüstlüyü, eyni zamanda mehribanlığı, səmimiyyəti və yaraşıqlılığı ilə seçilirdi. İstər ailədə, istərsə də evdən kənarda, işlədiyi kollektivdə böyük-kiçik yerini bilməsi, işgüzarlığı və bacarığı ilə hamının sevimlisi olmuşdu. O, hərbi xidmətdən sonra Oğuz şəhərində yerləşən Qarğıdalı emalı zavodunda operator köməkçisi işləməyə başlayır. İşə məsuliyyətlə yanaşması, işgüzarlığı və səmimiyyəti onu kollektivdə hamının sevimlisinə çevirir. Abid bütün gənclər kimi həyat eşqi ilə yaşayır, sevir və sevilir. Bu sevgi uğurlu izdivacla nəticələnir. O, ailə quraraq, ömür boyu ona vəfadarlıq edəcək xanımı ilə gözəl, məsud günlərini yaşayır. Aylar sonra onun valideynləri ilə bir ocaqda həyatının ən gözəl, xoşbəxt günlərinə daha bir sevinc əlavə olunur. O, 2020-ci ildə yeni ilin ilk saatlarında ata olmağın xoşbəxtliyini, bəxtəvərliyini yaşayır. Hər zaman məsuliyyətli olan Abidin ata kimi məsuliyyəti daha da artır. Onun ailəsi xoşbəxt, bəxtəvərlik dolu günlərini yaşayırdı. Balaca Əlinin hər bir hərəkəti evdə sevinclə, fərəhlə izlənilirdi. 2020-ci ildə bütün dünyada pandemiya elan edildikdən sonra hər kəs karantin qaydalarına uyğun olaraq yaşamağa çalışırdı. İl ağır gəlsə də, Abidin anası Rübabə ana yeni ilin ilk saatlarında ona balaca Əli kimi gözəl bir nəvəni bəxş edən həmin ildən, Allahdan çox razı idi. ...Həmin il iyul ayının 12-də baş verən Tovuz hadisələrihamı kimi Abidi və onun yaşıdlarını, ailəsini də sarsıdır. Minlərlə könüllü Ali Baş Komandanın əmrini gözləyir ki, silaha sarılaraq, illərlə ermənilərə qarşı ürəklərinə dolmuş qəzəb və nifrətlərini qalxan edərək, düşmənin başına endirsinlər. Digər yaşıdları kimi Abid də könüllülər sırasına yazılır. Və çox keçmir ki, vətənini sevən bütün qəhrəman oğullartəlim-məşqlər üçün hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılır.

Abid 2016-ci ildə Ermənistanla Azərbaycan arasında baş verən Tovuz hadisələri - dörd günlük müharibə zamanı da təlim-məşqlərə cəlb edilmiş, sonra isə evə buraxılmışdı. Sentyabrın 21-də yenidən təlim-məşqlərə qatılan Abidinailəsi yenə də onun təlimlər bitdikdən sonra evə qayıdacağını düşünürdülər. 2020-ci ilin sentyabrın 27-də düşmənin silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribat törətməsinə cavab olaraq, Azərbaycan Ordusu sonradan ”Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Həmin gün səhərdən ermənilər  ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı hücumlar etdi. Buna cavab olaraq ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qətiyyətli qərarla Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Həmin gün Abidin də olduğu topçu taqımı Murov istiqamətində gedən döyüşlərdə igidliklə iştirak edir. Böyük ruh yüsəkliyi ilə başlayan, illər idi ki üəklərdə qövr edən yaralarımızın intiqamı üçün torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlər bütün cəbhə boyu olduğu kimi bu istiqamətdə də düşmən ordusunun məğlub olaraq torpaqlarımızdan qovulması ilə nəticələnir. Murovdağ istiqamətində bir neçə gün ərzində neçə yüksəkliklər düşməndən təmizlənir. Həmin döyüşlərdə Abid də cəbhə yoldaşları ilə birgə mərdliklə vuruşur. Toptuşlayıcı briqadada köməkçi kimi xidmət edən Abid hələ sentyabrın 21-dən başlanan təlim-məşqlər zamanı fürsət düşdükcə ailəsi ilə əlaqə saxlamağa imkan taparaq, tezliklə görüşəcəklərini söyləyir.

Müharibənin ilk günlərindən düşmənə qan udduran yenilməz ordumuz hər gün qələbə xəbərləri ilə xalqı sevindirir, daha əzmlə döyüşlərə atılırdı. Muharibənin dördüncü günü hər kəs yorğun halda olduğundan ana torpağın qoynunda azacıq da olsa dincəlmək istəyirlər. Lakin gecə ikən məkrli düşmən həmin taqımın yerini dəqiqləşdirir. Oktyabr ayının 1-də səhər saatlarında düşmən Abidgilin mövqeyini minaatanlardan və başqa atıcı qurğulardan atəşə tutur. Abid yuxulu olduğundan əvvəlcə nə baş verdiyini anlamır. Düşmən tərəfin atdığı minamyot qəlpələri dolu kimi onların üzərlərinə yağır, zərbənin gücü Abidi Murov dağının Şişqaya deyilən yerində qayaya çırpır. Yanındakı döyüş yoldaşına ancaq  “mənə nə oldu?” deyə bilir. Həmin vaxt xeyli şəhidlərimiz, yaralılarımız olur. Çox keçmədən komandanlıq yaralıları və şəhidləri “KamAZ”la döyüş bölgəsindən uzaqlaşdırır. Yaralılar Gəncədəki qospitala aparılır. Abid hələ yolda, maşında ikən, xəstəxanaya çatmadan dünyasını dəyişiir. Təəssüf ki, evdə ana-atanı, övladını, əzizlərini qoyub Vətən torpaqlarının azadlığı, bütövlüyü uğrunda döyüşlərə atılan qəhrəman oğullar düşmən hiyləsi nəticəsində həlak olurlar. Əlbəttə, onlar müharibənin nə olduğunu bilirdilər. Bilirdilər ki, döyüşə gedib, geri dönməmək də var. Və o Murov igidləri xalqımıza işıqlı sabah, övladları üçün azad, bütöv bir yurd miras qoymaq üçün uf belə demədən Vətən, torpaq uğrunda şirin canlarından keçdilər. Deyirlər, müharibədə atılan ilk güllə anaların ürəyinə dəyir. Vətən müharibəsində də minlərlə ananın ürəyi tikə-tikə, parça-parça oldu. Güllələr təkcə döyüşən oğulların ömrünü deyil, anaların, neçə-neçə ailənin də xoşbəxtliyini dəlib keçdi. Abidin anası necə gün övladından xəbər ala bilmir. Rübabə ana həyəcanla televizordan qələbə xəbərlərini izləyir, şəhid xəbərlərini də ürək acısı ilə qarşılayır.Abidin əmisioğlu onun yaralı ola biləcəyini bildirir. Abidin atası, əmisi və digər qohumlar bütün qospitalları və xəstəxanalarda onu aramaq üçün döyüş zonasına yollanırlar. Hərbi komissarlıqdan xəbər alırlar.

Yalnız axtarışın ikinci günü Araz əmi Abidin cəsədinin Gəncədəki qospitalın yanındakı morqda olduğunu öyrənir. Asif ata bu xəbəri eşidəndə sanki onurğa sütunu qırılır. ...Abid oktyabrın 4-də doğma kəndində - Oğuz rayonunun Dəymədərə kənd qəbristanlığında dəfn olunur. Abid Məmmədov böyük izdihamla, kədər və qürur hisslərinin qarışığı ilə əbədi mənzilinə köçür. Abid kimi minlərlə gənc geriyə baxmadan, torpaqlarımızın müdafiəsi və bütövləşməsi üçün, həyatlarının gənc çağında, qönçə vaxtında Vətən üçün canlarını, ömürlərini fəda etdilər.

Onlar şəhid oldu ki, xalqımız vətən torpağında şərəflə, qürurla yaşasın. Abidin anası Rübabə ana ilə görüşümüz zamanı Abid haqqında bunları söylədi:“Abid çox təmiz ürəkli, tərbiyəli, ədalətli  oğlan olub. O, mənim ilk övladım idi. Mən analıq sevincini ilk dəfə Abidin sayəsində, o, dünyaya gələndə duymuşam. Ondan başqa yalnız bir qızım var. Vaxtilə çox mehriban ailəmiz olub - danışan, deyən, gülən... Heç vaxt nə ailə daxilində, nə də kiminləsə problemimiz olmayıb. Abid də elə oğlan idi ki, heç kəslə işi olmazdı. Hər adamla da ünsiyyət qurmazdı. Çox ağıllı, tərbiyəli, mərd, işgüzar oğul idi. Döyüş yoldaşları Abid barədə yalnız xoş xatirələr danışırlar. Çox az müddət birlikdə olsalar da, o, özünə böyük hörmət qazanmağı bacarmışdı. Abid gülüşü ilə seçilərdi. Tanışları ona “gülən oğlan” deyə müraciət edirdilər. İndi nə gülüşü gəlir, nə səsi eşidilir... Maşın həvəskarı idi. Avqust ayında sürücülük vəsiqəsi almışdı, maşın almaq istəyirdi, qismət olmadı, sentyabrda müharibəyə getdi. 2 ilə yaxın idi ki, ailə qurmuşdu. Bir övladı var. Abid oğluna həddən çox bağlı idi. Döyüş yoldaşlarından biri danışırdı ki, şəhid olduğu gün hamı yemək yesə də, nədənsə Abid yeməyibmiş. Ondan niyə yemədiyini soruşanda, “Əli yadıma düşüb, yaman darıxmışam” deyib. Hər dəfə telefonla danışanda yoldaşına deyərdi ki, mən yaxşıyam, əsas oğlum üçün narahatam. “İndi mən də, atası da yalnız onun bircə balası üçün yaşayırıq. Bundan sonra nə qədər ömrümüz var, ona həsr edəcəyik, - deyir Rübabə ana. - Mən oğlumla sağ ikən də fəxr edirdim, indi də fəxr edirəm. Gec, ya tez, oğluma qovuşacam. Bəlkə də, təsəllim yalnız budur".

Rübabə ana! Abidlə təkcə siz yox, bütün Oğuz eli, Azərbaycan fəxr edir, qürur duyur. Əlbəttə, Qələbələr qansız-qadasız, itkisiz qazanılmır. Hər yeni döyüşdə yeni qəhrəmanlar üzə çıxır. Sizin kimi anaların əllərindən öpürük, qəhrəman övladlar yetişdirdiyiniz üçün. Nə qədər ki sizin kimi mərd analar Abid kimi cəsur, qorxubilməz qəhrəman oğullar böyüdür, bizim doğma Vətənimiz heç vaxt düşmənə boyun əyməyəcək, güclü dövlətimiz sarsılmayacaq. Şəhidlərimizin isə əbədi yeri ürəklər olacaq.

Abidin arzusu Qarabağı düşmən tapdağından təmizləyib, qürurla evinə, elinə dönmək idi. Bu arzusuna çatmasa da Vətən torpaqlarının işğaldan azad olunmasında, Bayrağımızın qədim yurd yerlərində yenidən dalğalanmasında, böyük Zəfərimizin qazanılmasında Abidin də payı var. Allah böyük Qələbə sevincini bizə yaşadan bütün şəhidlərimizə rəhmət eləsin! Dövlətimiz Vətən müharibəsi qəhrəmanlarının hər birini döyüşlərdəki şücaətinə, rəşadətinə görə layiqincə qiymətləndirmiş, onları yüksək orden və medallarla təltif etmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlər  zamanı göstərdiyi igidliyə görə Abid Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.

Abidin ən ali mükafatı, yüksək adı isə, əlbəttə, şəhidlik adıdır. Şəhid - əbədiyyəti qazanan deməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kamanın atası Habil Əliyevi bu ölkədə kiçikdən böyüyə hamı tanıyır. İkinci məşhur kaman ustası Şəfiqə Eyvazova olubdur. Amma biz gərək digərlərini də tanıyaq. Məsələn, virtuoz ifaçı kimi ad çıxaran Fəxrəddin Dadaşovu.

 

Azərbaycan Respublikasının xalq artisti Fəxrəddin Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirib. O, 1977-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirib.

1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə. Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb.

1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olub. 69 xarici ölkədə, o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər verib.

C. Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

28 oktyabr 2000-ci ildə əməkdar artist, 16 sentyabr 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.

 

Filmoqrafiya

1. Qəzəlxan

2. Buta

3. Sübhün səfiri

 

“Ədəbiyyat və incəsənət”

(26.09.2025)

Cümə axşamı, 25 Sentyabr 2025 13:15

GÜNÜN FOTOSU - Zelenski BMT Baş Assambleyasında

 

“Dostlar və silah olmadan təhlükəsizlik zəmanəti yoxdur”, – deyə Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı bildirib. 

“Əgər bir millət sülh istəyirsə, yenə də silah üzərində işləməlidir, çünki silah kimin sağ qalacağını müəyyən edir”, – deyə o vurğulayıb.

 

Fotp: Richard Drew/Copyright 2025 The AP.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

Cümə axşamı, 25 Sentyabr 2025 17:40

Kəşf olunmamış, sirlərlə dolu ölkədən REPORTAJ

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Ölkəmizə gələn ərəb turistlərinin əlindən çoxumuz zinhara gəldiyimizi deyirik. Amma ərəblər təkcə bu turistlər deyillər axı.

Ərəb dünyası həmişə bizə sirli sehirli gəlib. Səhralar, dəvələr, ağ örpəyə bürünmüş insanlar, palmalar, canalan isti… İslam dininin təşəkkül tapdığı və peyğəmbərin mənsub olduğu xalq. Bu qədər. Səudiyyə Ərəbistanı Krallığına səyahətdən əvvəl bu ölkə haqqında məlumat öyrənmək üçün mütləq internetdə axtarışlara ehtiyac var.

 

Əgər 5 il əvvəl qaydaların sərtliyi, ölkəyə qadınların yalnız başıbağlı daxil olması, din polislərinin təhdidi ilə rastlaşması və s. "qorxu hekayələri"ndən başqa nəsə tapmaq mümkün deyildisə, indi müasirliyə meyil, turizmin inkişafı, dünyaya açılma ilə bağlı xoş xəbərlər səyahətçilərə unudulmaz səfər vəd edir. Bizə tanış olan stereotiplərdən hansının mif, hansının doğru olması ilə bağlı suallara cavabı isə yalnız bu ölkəyə səyahət zamanı tapmaq mümkündür. Səudiyyə Ərəbistanına bir həftəlik səfər müddətində həm heyrətləndik, sevindik, həzz aldıq, həm də vəcdə gəldik, bir sözlə, bütün emosiyalardan istifadə etdik.

Səudiyyə Ərəbistanı tarixən qapalı və mühafizəkar ölkə olub. Dünya turistləri krallığı "kəşf olunmamış, sirlərlə dolu ölkə" də adlandırırlar. Ancaq vaxt keçir və hər şey dəyişir. Sərhədlər yavaş-yavaş ziyarətçilərin üzünə açılır, viza şərtləri asanlaşır. Planetin ən zəngin dövlətlərindən biri sayılan Səudiyyə Ərəbistanı getdikcə daha əlçatan olur və müxtəlif yerlərdən olan insanlar onun mədəniyyəti, tarixi və görməli yerləri ilə tanış olmaq imkanı əldə edirlər. Ölkədə artıq turizmə, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə üstünlük verilir.

Paytaxt Ər-Riyad bizi rəngbərəng işıqlara bürünmüş uca göydələnləri, gözqamaşdıran işıq seli ilə qarşılayır.

"Dünyanın heç yerində belə parlaq işıqlar yoxdur. Elə bil şəhərin üzərinə göydən zər səpilib", - deyə ilk təəssüratımızı bir-birimizlə bölüşürük. Ər-Riyad müasir tikinti və ənənəvi mədəniyyətin təzadlarını, Şərq koloriti ilə Qərbin elementlərini bir arada görə biləcəyiniz şəhərdir.

Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni mərkəzidir. Şəhərdə böyük sənaye müəssisələri fəaliyyət göstərir. Paytaxtın bir neçə ali məktəbində ərəb və ingilis dilində təhsil, İslam Universiteti dünya ölkələrindən tələbələri də cəlb edir. Səudiyyə Ərəbistanından olan gənclərin bir qismi isə Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.

Ərəb qadınları dünya brendlərinin bahalı mallarından ibarət ticarət mərkəzlərində gəzməyi xoşlayırlar. Bütün qadınlar abaya geyinsələr də, ürəklərində dəb aludəçisidirlər. Ölkədəki alış-veriş sistemi əsasən nəhəng ticarət mərkəzlərindən ibarət olduğundan, ticarət və əyləncə mərkəzində ehtiyac olan hər şeyi tapmaq mümkündür.

Ölkənin əksər hissəsinin quraqlıq və səhra qumları olmasına baxmayaraq, marketlərdə həmişə təzə tərəvəz və meyvələrin geniş seçimi var.

Səudiyyə Ərəbistanının mətbəxi kifayət qədər çeşidli və ləzzətlidir. Burada zövqə uyğun təamlar dadmaq olur. Fast food həvəskarları böyük Qərb şirkətlərinin obyektlərinə üz tuturlar. Ər-Riyad çeşidli yemək menyuları təklif edən restoran və kafelərlə zəngindir. Hər yerdə təklif olunan ərəb qəhvələrinin və çeşidli xurmaların dadı uzun müddət damaqda qalır.

Səudiyyə Ərəbistanında diskoteka tapılmır, ancaq  bayram və ya adi günlərdə və işdən sonra ailələr şəhərə çıxır, kafelərdə oturur, canlı konsertlərə tamaşa edirlər. 10 ölkənin kiçik pavilyonunu birləşdirən "Dünya bulvarı" adlı yeni məkan təkcə səudiyyəlilərin deyil, turistlərin də əsas gəzinti yerinə çevrilib. Böyük ictimai park, Kral Əbdüləziz Xalq Kitabxanası, Kral Əbdüləziz Məscidi, Kral Əbdüləziz Auditoriyası və Qədim Əsərlər Mərkəzi kimi mütləq görüləsi məkanlar da turistlərə açıqdır.

Marağımıza səbəb olan məqamlardan biri - Səudiyyə Ərəbistanında qapalı məkanlarda mərkəzi istilik sisteminin yoxluğu oldu. Fəsildən asılı olmayaraq yalnız sərinlik sistemi işləyir.

İctimai nəqliyyat nadir halda gözə dəyir. Şəhəri piyada gəzmək mümkün deyil, məsafələr çox böyükdür. Digər tərəfdən, uzun yollarda qızmar günəşdən və çöldəki isti havadan qorunmaq lazım gəlir. Ona görə burada hər ailənin şəxsi avtomobili var.

Ər-Riyadda səhnəsində quruluşu müasir texnologiyalarla müşayiət olunan teatr da, ölkənin tarixini bütünlüklə əks etdirən muzeylər də, qədim və nadir kitabları ilə öyünən kitabxanalar da var.

Turizm ölkədə iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilir. Səudiyyə Ərəbistanı yalnız 2019-cu ildə fəal şəkildə xarici qonaqları qəbul etməyə başladığı üçün burada turizm infrastrukturu qeyri-bərabər inkişaf edib. Son vaxtlara qədər bura yalnız diplomatlar, iş adamları və zəvvarlar gəlirdisə, indi ölkə turistlərə açıqdır. Səyahət sevən insanlar böyük şəhərləri - Ər-Riyad, Əl Xobar, Dammam, Ciddə və Taif şəhərlərini seçirlər. Turistlər Qırmızı dəniz və Fars körfəzindəki kurortlarda, çimərliklərdə dincəlməyə, heyrətamiz dağ panoramalarından zövq almağa, bədəvilərin min illər boyu gəzdiyi səhralara, milli parklara ekskursiyalarda iştirak etməyə gəlirlər. 

2017-ci ildə ölkədə turizmin inkişafına hesablanan "Baxış 2030" proqramı qəbul edilib. Bu proqramın reallaşdırılması ölkənin sürətli inkişafını nəzərdə tutur. Həmçinin proqram turizm sahəsində böyük inkişafa səbəb olub. Məsələn, təkcə 2021-ci ildə ölkəyə 63 milyondan çox insan səfər edib. 2019-cu ildə xarici turizmin inkişafı strategiyası işə salınandan bəri krallıq ölkəyə səfər etməkdə əsas məqsədi İslamın müqəddəs yerlərini ziyarət etmək olan ziyarətçilərin sayını iki dəfə artıra bilib. İsti və quraq iqlimə baxmayaraq, ölkəyə gələn turistlərin və zəvvarların sayı ildən-ilə artır. "Biz pandemiyadan sonra nəinki əvvəlki həcmləri bərpa edə bildik, həm də əsasən, daxili turizm hesabına rəqəmləri xeyli artırdıq", - deyə iqtisadi forumlarda qeyd edilir. Elektron viza xidmətinin işə salınması sayəsində ölkəyə daxil olmaq üçün tələb olunan sənədlərin işlənməsi xeyli asanlaşıb.

Azərbaycan vətəndaşlarının krallığa səfəri viza ilə tənzimlənir. İnanclı insanlarımız arasında bu ölkəyə dini turizm məqsədilə gələnlər üstünlük təşkil edir. Kiçik Həcc (Ümrə) və böyük Həcc ziyarətlərinə gələn azərbaycanlıların sayı kifayət qədər çoxdur. İslam dininin mərkəzinə - Məkkəyə gəlib dünyanın ən böyük məscidi sayılan Əl-Haramda namaz qılmaq, müqəddəs Kəbəni, Mədinəni ziyarət etmək, bu mistik ab-havanı duymaq əksər inanclı insanlarımızın arzusudur.

Krallıqda həmvətənlərimiz də çalışır. Belə ki, 2000-ci illərin əvvəllərində həkimlər bu ölkəyə gəlməyə başlayıb. Ölkənin şərqindəki "Saudi Aramco" neft şirkətində azərbaycanlı mühəndislər fəaliyyət göstərir. Son dövrlər ölkənin tanınmış restoran və digər iaşə obyektlərində idarəedici heyət olaraq, əsasən, azərbaycanlıların xidmətlərindən istifadə etməyə başlayıblar.

Son illər Körfəz ölkələrində qadınların hüquqlarını liberallaşdırmaq üçün bir sıra qanunlar qəbul edilib. 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı kralı ölkədə qadınlara avtomobil sürməyə icazə verən fərman imzalayıb. Artıq küçələrdə sükan arxasında qadınlara rast gəlinir.

Paytaxt Ər-Riyad tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi etdiyindən gələn qonaqları və turistləri yerli əhali artıq olduqları kimi görməyə öyrəşib.

İctimai yerlərdə bütün qadınların uzun qara don - abaya geymələri məcburi deyil. Bu geyim yalnız müqəddəs yerlərə ziyarət zamanı məcburidir. Ölkədə islahatları ilə sevilən vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud deyib ki, qadınların belə sərt geyim tərzindən imtina etmək hüququ var. Düzdür, daha mühafizəkar - qara abaya, niqab və əlcək geyinən qadınlara da rast gəlmək olur. Amma qadınlara çox açıq, qolları dirsəkdən yuxarı paltarlar, qısa ətəklər və şortlar geyinmək qadağandır.

Ölkəyə səfər edən turistlər üçün də sərt məhdudiyyətlər yoxdur.

Körfəz ölkələrinin ailə məsələləri və qadın hüquqları uzun illər bir sıra beynəlxalq konfransların qaynar müzakirə mövzusu olsa da, krallıqda artıq bu istiqamətdə buzlar əriməyə başlayıb. Məsələn, qadının təhsili, işləməsi müzakirə mövzusu deyil. Ailə münasibətlərində qadın və kişilərin boşanmalarına qadağa yoxdur. Ayrılandan sonra hər ikisi yenidən evlənə, istədikləri şəxslə ailə qura bilirlər. Amma ilk dəfə evlənəndə mütləq yerli sakinlə ailə qurmaları şərtdir. Minimum evlilik yaşı yoxdur. Formal olaraq məcburi nikahlar qadağandır, lakin bəylə qızın atası arasında razılaşma məcburidir.

Krallıqda çalışanların üçdə biri əcnəbilərdir. Əsasən, yoxsul Asiya və Afrika ölkələrindən olan işçilər ölkədə daimi yaşayır və işləyir.

Krallıqda başqa bir əcnəbi işçi qüvvəsi də var  - onlar yüksək ixtisaslı mütəxəssislərdir. Avropa, ABŞ və Kanadadan olan mühəndislər, pilotlar, neftçilər və digər mütəxəssislər ailələri ilə birlikdə krallığa bir neçə illik müqavilə əsasında gəlirlər. Belə işçilərə yüksək maaş, mənzil, avtomobil, bütün ailə üçün tibbi sığorta verilir.

Səudiyyə Ərəbistanında hazırda cümə və şənbə istirahət günü sayılır. Namaz vaxtı bütün mağazalar və ofislər 15-20 dəqiqə bağlanır və alıcılardan, o cümlədən gələn turistlərdən bayırda və ya foyedə gözləmələri xahiş olunur. Böyük supermarketlərdə bütün müsəlmanların toplaşdığı ibadət otağı var. Mağazada asılmış səsgücləndiricilər vasitəsilə içəridə olan insanlara namaz vaxtı əvvəlcədən xəbər verilir.

Səudiyyə Ərəbistanı hələ də Məhəmməd Peyğəmbərin Mədinəyə hicrət etdiyi tarixdən - İslam təqvimi - Hicri-Qəməri təqvimindən istifadə edir. Hazırda ölkədə 1447-ci ildir.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün qədim türklərin heyvan simvollarından danışacağıq.

 

Qədim türk toplumlarının dünyagörüşü və sosial təşkili onların təbiətə, canlılara və xüsusilə də heyvanlara münasibətində öz əksini tapmışdır. Bu münasibətin ən sistemli və simvolik ifadə formalarından biri onqon anlayışında təcəssüm olunmuşdur. Onqon qədim türklərdə hər bir tayfanın mənşəyi ilə əlaqələndirilən müqəddəs ruh-heyvan idi və həmin tayfanın qoruyucusu hesab olunurdu. Bu inanışa görə, tayfanın əcdadları bir heyvanın ruhundan törəmiş və bu ruh tayfa üzvlərinə həm mənəvi, həm də fiziki qüvvə bəxş etmişdir. Beləliklə, onqon sistemi yalnız dini-sakral deyil, həm də sosial-identik funksiyalar daşıyırdı və tayfa kollektivliyinin əsas simvolik sütunlarından biri kimi fəaliyyət göstərirdi.

 Onqon simvolları içərisində ən geniş yayılmışı qurd (börü) olmuşdur. Qurd qədim türk mifologiyasında əcdad obrazı ilə birləşərək həm mənşə miflərinin, həm də dövlətçilik ideologiyasının əsas elementinə çevrilmişdi. Göytürk mənşə əfsanəsində türklərin qırğına uğradıqdan sonra bir dişi qurd tərəfindən xilas edilib onun nəslindən çoxalmaları motivi bu simvolizmin təməlini təşkil edir. Qurd onqonu döyüşkənlik, çeviklik, itaətsizlik və həmrəylik rəmzi sayılırdı və türk tayfalarının döyüş bayraqlarında, damğalarında, hətta qəbir daşlarında belə təsvir olunurdu. Qurdla yanaşı, qartal da mühüm onqonlardan biri idi. Qartal göy ünsürü ilə bağlanır, ucalıq, hakimiyyət, nəzarət və ilahi iradə simvolu kimi qəbul edilirdi. Şamanlar qartal ruhunun köməyi ilə göy qatlarına yüksəlib tanrılarla təmas qura bildiklərinə inanırdılar. Bu, qartalın həm dini, həm də siyasi hakimiyyətlə assosiasiya edilməsinə səbəb olmuşdur.

 Bəzi türk tayfalarının onqonu maral olmuşdur. Maralın sakit və zərif təbiəti, eyni zamanda güclü yön tapma qabiliyyəti onu məhsuldarlıq, bərəkət və yolgöstəricilik rəmzinə çevirmişdi. Maral həm də qadın başlanğıcının simvolu kimi ana kultu ilə əlaqələndirilmişdir. At isə həm nəqliyyat, həm döyüş, həm də sosial status baxımından qədim türk mədəniyyətində mərkəzi yer tuturdu və bu səbəbdən bir çox tayfa üçün at onqonu qəhrəmanlıq, çeviklik və yüksək mənşə göstəricisi sayılırdı. Bununla yanaşı, ayı güc və dözümün, öküz zəhmət və bolluğun, tülkü isə hiyləgərliyin və ağıllılığın simvolu kimi onqon sistemində yer almışdır.

 Onqonlar yalnız mifoloji inancların elementi deyil, həm də siyasi və sosial sistemin legitimləşdirici mexanizmi idi. Tayfaların damğalarında, bayraqlarında və döyüş nişanlarında onqon təsvirlərinin yer alması bu simvolların tayfa kimliyinin vizual göstəricisinə çevrildiyini göstərir. Onqon tayfanın birliyi və müqəddəs mənşəyi haqqında ideyanı möhkəmləndirərək tayfa üzvlərinə mənəvi güc verirdi. Hakim nəsillər və hökmdarlar öz mənşələrini onqon ruhu ilə bağlayaraq, ilahi seçilmişlik və legitimlik iddiasını əsaslandırırdılar. Bu baxımdan onqon sistemi qədim türk dövlətçiliyinin ideoloji dayaqlarından biri olmuşdur.

 İslamın qəbulundan sonra belə onqon sistemi tamamilə yoxa çıxmamış, yeni dini təsəvvürlərlə sintez olunmuş formada yaşamağa davam etmişdir. Xalq dastanlarında, nağıl və əfsanələrdə qəhrəmanların heyvan donuna girməsi, heyvan ruhlarının onlara yol göstərməsi və ya qoruması motivləri bu qədim inancın izlərini qoruyub saxlamışdır. Bu fakt göstərir ki, onqon anlayışı təkcə dini ritualların deyil, həm də kollektiv yaddaşın, mədəni kimliyin və simvolik ünsiyyətin bir parçası olmuşdur. Heyvan simvolları vasitəsilə qədim türklər həm təbiətlə harmonik münasibət qurur, həm də sosial nizamın mənşəyini kosmik və ilahi düzənlə əlaqələndirirdilər.

 Beləliklə, qədim türk onqon sistemində heyvan simvolları yalnız təsəvvüri və mifoloji obrazlar deyil, həm də tayfa strukturunun, sosial dəyərlərin və ideoloji sistemin əsas elementləri kimi çıxış edirdi. Onlar tayfa kimliyinin qorunmasında, kollektiv mənəviyyatın formalaşmasında və dövlətçilik ideyasının legitimləşdirilməsində mühüm rol oynamışdır. Bu baxımdan onqon sistemi qədim türk sivilizasiyasının həm dini, həm siyasi, həm də mədəni təməl sütunlarından biri kimi dəyərləndirilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

 

 

Gülnarə Cəmaləddin, AYB Sumqayıt şöbəsinin sədri, “Ədəbiyyat və incəsənət” üçün

 

Sumqayıtın tanınmış qələm əhli ilə müsahibələrimi davam etdirirəm. Bu günkü müsahibimiz əməkdar müəllim, ”Tərəqqi” medalı və “Şöhrət” ordeni laureatı, Prezidentin fərdi təqaüdçüsü şair Ofelya Babayevadır.

 

-Necəsiniz,Ofelya xanım?

 

-Yaxşıyam, təşəkkür edirəm.

 

-Əvvəlki və indiki Sumqayıt, hansı sizə daha doğmadır?

 

-Sumqayıt mənim doğma şəhərimdir. Əvvəlki şəhərdə uşaqlığım, gəncliyim, indi isə...

 

-Güclü qadın ifadəsinə münasibətiniz?

 

-Bu ifadəni sevmirəm. Qadın, kişi fərq etməz. Hər ikisinin zəif tərəfləri də var, güclü tərəfləri də...

 

-Siz uzun müddət rəhbər vəzifələrdə çalışmısınız. Çətin olmayıb ki sizinçün?

 

-Çətin olub, ancaq düşünəndə ki, sən kimlərəsə lazımsan, təsəlli tapırsan...

 

-Hal- hazırda da şəhərin ictimai- siyasi həyatında yaxından iştirak edirsiniz.Yorulmursunuz ki?

 

-Ümumiyyətlə, insan həyatını sevdiyi işə həsr edəndə maraqlı olur.

 

-Şeir sizinçün nədir? Ağrımayan adam ovuda bilərmi?

 

-Şeir mənim üçün həyatıma rəng qatan, ovudan, düşündürən anlamdır...

Mən bir Allah bəndəsiyəm,

Məndə günah axtarmayın.

Özü görür,

Mən bilirəm...

Nədir günah...

Sorğu onda,

Cavab məndə.

Nə olacaq,

Olmayacaq,

Bilinəcək

Yalnız sonda...

 

-Dünyayla yollaşa bilirsiz?

 

-Çalışıram...

Tənha anlarımda

Nədənsə hər vaxt,

Olub-keçənləri

Yuxu bilirəm.       

Sonra yuxuları

Yozub birtəhər,

İlahi ömrümü

Yaşamaq üçün,

Bu ömrün yükünü

Daşımaq üçün,

Eləcə piyada

Çıxıram yola...

Gəlir qulağıma

Çatır bir səda:

Təklik Allah ilə

Olmaq deməkdir.

Təklərə tək Allah

Özü köməkdir....

Fiziki cəhətdən tək olmasam da...

 

-Şəhər rəhbərliyinin ədəbiyyata diqqətindən razısınızmı?

 

-Razıyam. Məncə, gözəl bir ağ sarayın Poeziya Evinə verilməsi ədəbiyyata göstərilən diqqətin bariz nümunəsidir.

 

-Şairlər dünyadan nə istəyirlər?

 

-Dünən yoxdur,

Bu gün var.

Ömür- xəzri, giləvar.

Sabah varmı, bilmirəm,

Sabaha bir ömür var...

 

-Sumqayıt ədəbi mühiti ilə əlaqələriniz? Güvəndiyiniz və inandığınız imzalar?

 

-Ədəbi mühitlə əlaqələr həmişə rəvan olmayıb. Ancaq təkcə ədəbi mühitdə deyil, hər yerdə daşlar altında gürzələr yatıb...

Zamanın ovcunda yüz yol sıxıldım,

Hamı elə bildi daha yıxıldım...

Sonra fərziyyələr, miflər dağıldı,

Mənə də taledən bu vüqar düşdü...

Ədəbi mühitin gözəl nümayəndələrinin bəziləri artıq bu dünyaya vida edib, bizə irs olaraq maraqlı əsərlər qoyub gediblər...

Ədəbiyyatı sevgiylə, inadla davam etdirənlərə uğur arzulayıram. Siyahı böyük alınar hamının adını çəksəm. Diqqətli oxucu, ədəbiyyatı izləyənlər o imzaları tanıyır.

 

-AYB Sumqayıt bölməsinin işindən razısınızmı?

 

-Razıyam. Poeziya Evi ilə birlikdə keçirdiyi maraqlı tədbirlərdə mən də iştirak edirəm. Uğurlar! İbrahim İlyaslı, Gülnarə Cəmaləddin bu missiyanın öhdəsindən bacarıqla gəlirlər.

 

-Qadın olaraq ədəbi mühitə gəlmək o dövr üçün çox böyük cəsarət tələb edirdi. Bu cəsarətli addımı atmaq, duyğularınızı şeirə çevirmək necə qarşılandı?

 

-O illərdə Sumqayıt ədəbi mühitinin ilk xanım şairi sayılırdım. Çox gənc idim, oxucular şeirlərimi maraqla qarşılayırdı. Hələ orta məktəbin (13 nömrəli məktəb) XI sinfində oxuyarkən ustad şairimiz Xasay Cahangirov “Sosialist Sumqayıtı” qəzetində mənə “Uğurlu yol” yazıb, şeirlərimi dərc etmişdi. Sonralar, böyük tənqidçilər Qulu Xəlilov “Ulduz” jurnalında, Əkbər Ağayev “Azərbaycan gəncləri” qəzetində məqalələr dərc etdirmişdilər. Şeirlərim müxtəlif ədəbi almanaxlara daxil edilmiş, müxtəlif dillərə tərcümə olunmuşdu.

 

-Ordan baxanda dünya necə görünür?

 

-Dünya mənə həmişə maraqlı olub. Bu marağı bütün oxucularımıza arzulayıram.

 

-Şəhərimizə nə arzulayardınız? Şəhərimizin yubileyi ərəfəsində istək və təklifləriniz?

 

-Doğma şəhərimiz 75 illiyini keçirdi. 750 illik yubileyini qeyd etməyi arzulayıram. Son illər yaşıllaşan, abadlaşan şəhərimizə hər birimizin qayğı ilə yanaşmasını istəyirəm...

Ötən il cənab Prezidentimiz İlham Əliyevin xalq şairi, görkəmli ictimai xadim Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamı sumqayıtlıların da sevincinə səbəb oldu. Nəbi Xəzri Sumqayıtın fəxri vətəndaşıdır. Bu şəhər haqqında ilk monumental əsər olan “Sumqayıt səhifələri” poeması isə Azərbaycan ədəbiyyatına layiqli töhfədir:

 

Sumqayıt, deyirəm gözlərin aydın,

Sənin hər addımın böyük hünərdir.

Deyirəm, bəlkə də sən olmasaydın,

Yer üzü nə qədər boş görünərdi.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

Cümə axşamı, 25 Sentyabr 2025 12:44

Şəhidlər barədə şeirlər - Orxan Əlili

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Orxan Əlili

Azərbaycan Ordusunun əsgəri, Vətən müharibəsinin şəhidi Orxan Elşad oğlu Əlili 2000-ci il avqustun 23-də Şəmkir şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Əlili noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Əlili ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Baxıb gülümsəyirsən,

Məzarının danışdan.

Vətən tarixi yazdın,

Sən iyirmi yaşından.

 

Xocalıda tökülən,

Qanımıza qan dedin.

Bütün arzularını,

Vətənə qurban dedin.

 

Məzarına baxıram,

Sanki məzar dil açır.

Şəhidlərin məzarı,

Niyə belə nur saçır?

 

Nur saçan məzarına,

Səmalar qar ağlayır,

İldırımlar hönkürür,

Buludlar qan ağlayır.

 

Ağlayır bu məzarın,

Başında duran ana.

Oğul toyu, qız toyu,

Arzular quran ana.

 

Gedirəm, salamat qal,

Zəfər qayəsi şəhid.

Səni tanrı tanıyır,

Quran ayəsi şəhid.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.

 

 

Vüqar Nemət

Kəleybər

 

 

YAZIQLAR OLSUN

 

Mən bir fidan əkdim, “tutmaz” – dedilər,

Mənsə tutan bildim, yazıqlar olsun!

“Bu hicran, bu həsrət bitməz” – dedilər,

Nəsə bitən bildim, yazıqlar olsun!

 

Mənim o ulduzum, de, harda qaldı?

Ya göyə çəkildi, ya yerdə qaldı,

Mənə “Tən” deyənim bəs harda qaldı?

Mən onu tən bildim, yazıqlar olsun!

 

Sənə nə “Get” – dedim, nə də ki, “Qayıt”,

Buna göy şahiddir, buna yer şahid,

Bu yolda hər zaman özümü şəhid

Səni vətən bildim, yazıqlar olsun!.. 

 

“Ədəbiyyat  və incəsənət”

(25.09.2025)

 

Cümə axşamı, 25 Sentyabr 2025 15:37

İlk qadın kinorejissorlardan biri – ZEYNƏB KAZIMOVA

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də mənə feminist deyəcəksiniz, amma mən qadın rejissorlara daha çox önəm verirəm. Niyə? Bəlkə də ona görə ki, qadın rejissura daha zərif, daha duyğusaldır.

Bu gün sizə ilk qadın rejissorlarımızdan biri barədə danışacağam. Nu gün həm də onun anım günüdür.

 

Rejissor Zeynəb Kazımova 27 dekabr 1912-ci ildə anadan olub. Kinoda 1937-ci ildən rejissor, ssenari müəllifi, rejissor assistenti, montaj üzrə assistent, ikinci rejissor, rejissor köməkçisi və aktrisa kimi çalışıb.

Xatırladaq ki, o illərdə kinoda qadın çox az idi. Xüsusən, rejissor və ssenarist.

 

Filmlərinə nəzər salaq: 

Axırıncı namaz, Akif Cəfərovun briqadası, Almaz, Arşın mal alan, Azərbaycan SSR, Bakının işıqları, Bəxtiyar, Bir ailə, Biz bu xatirəyə sadiqik, Dağ meşəsindən keçərkən..., Dəcəl dəstə, Əzim Əzimzadə, Fətəli xan, Gəmilər tarlaya çıxır, Həyat öyrədir, İgidliyin əbədidir sənin, İliçin döyünən qəlbi, İşıqlı yol, Kolxoz tarlalarının qəhrəmanları, Muğan qızı, O geri çəkilməlidir, Odlu burulğanın ram edilməsi, Oktyabrın qələbə addımı ilə və s.

Bu filmlərdən kommunist ideologiyasının təbliği mövzularına həsr edilənlər daha çox olsa da, sırf mədəni hadisə olan, xalqımız üçün faydalı sayıkan mövzular da az olmayıbdır.

Tarix elə tarixdir də.

O dövrdə Rusiya İmperiyasına döyüşsüz təslim olub vassallığı qəbul edən Quba xanı Fətəli xan qəhrəman, sonadək mübarizə aparıb qətlə yetirilən Gəncə xanı Cavad xansa düşmən idisə, indi əksinədir. Odur ki, Fətəli xan filminə görə Zeynəb Kazımovanı qınamaq da olmur. Kolxozdan, oktyabrdan, İliçdən bəhs edən filmlər hara, Bəxtiyar, Arşın mal alan, Əzim Əzimzadə hara?

 

Zeynəb Kazımova 25 sentyabr 1984-cü ildə, 71 yaşında vəfat edib. 2019-cu ildə rejissorluğu Sənan Sultanova aid olan AzTV istehsalı “Kinomuzda zərif izlər” adlı film Zeynəb Kazımovanın həyat və yaradıcılığına həsr olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

 

Cümə axşamı, 25 Sentyabr 2025 15:04

ANAR, “Şeir yazmaq bir həvəsdi...”

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

ANAR, ŞEİRLƏR

Şeir yazmaq bir həvəsdi...

 

Şeir yazmaq bir həvəsdi,

Bilmirəm, bəlkə əbəsdi.

Beş-on şeir mən də qoşdum,

Dedim ki, həvəsdi, bəsdi”.

 

Bir vaxt belə yazmışdım,

Nə biləydim axı mən

Düşdünmü bu azara

Nə əlac var, nə çara.

Şeir özü hökm edir,

Şeir özü yazdırır

Misra-misra yazara.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

64 -dən səhifə 2508

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.