Super User

Super User

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun kəşfiyyatçısı, hərbçi yoldaşlarının “Xanı” ləqəbi ilə tanıdığı Səyyaf Əhmədov minaya düşərək həlak olub. Ağdam rayonunun Mirəşelli kəndinin keçmiş neytral ərazisində baş verən hadisə nəticəsində şəhidin nəşi ANAMA əməkdaşları tərəfindən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Gizir Səyyaf Əhmədovun həyat və döyüş yoluna nəzər salaq.

 

Həyatı və uşaqlıq illəri

Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində dünyaya göz açıb. Sadə ailədə böyüyən Səyyaf kiçik yaşlarından Vətən sevgisi və igidliyi ilə seçilib.

 

Ailəsi

Şəhid gizir ömür-gün yoldaşı və 4 övlad atası idi. Onun həm ailəsində, həm də döyüş yoldaşları arasında böyük hörmət və nüfuzu var idi.

 

Hərbi yolu və döyüş şücaətləri

1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusuna yazılan Səyyaf Əhmədov qısa müddətdə ön cəbhəyə göndərilib. Kəşfiyyatçı kimi xüsusi əməliyyatlarda iştirak edib, düşmən arxasında cəsarəti və soyuqqanlılığı ilə seçilib.

Döyüşlər zamanı 3 dəfə ağır yaralanmasına baxmayaraq, heç vaxt silahdaşlarını tək buraxmayıb. Onun həmkəndliləri və döyüş dostları bildirirlər ki, Səyyaf Əhmədov dəfələrlə həyatını təhlükəyə ataraq yoldaşlarını xilas edib.

 

Mükafat və təltiflər

Onun göstərdiyi qəhrəmanlıqlar dövlət tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyev tərəfindən 2 medal ilə təltif olunub:

• “Vətən uğrunda” medalı – döyüşlərdə göstərdiyi şücaətə görə;

• “Hərbi xidmətdə fərqlənməyə görə” medalı – nümunəvi xidmətlərinə görə.

Bundan başqa, Müdafiə Nazirliyi tərəfindən 5 fərqli medala layiq görülüb.

 

"Ədəbiyyat və İncəsənət" portalı  olaraq bildiririk ki, gizir Səyyaf Əhmədovun timsalında bütün şəhidlərimizin və qazilərimizin xatirəsi hər zaman ehtiramla yad olunacaq. Onların döyüş yolu və qəhrəmanlıqları gələcək nəsillərə nümunə olaraq qalacaq.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

                     

 Arif Ərşad

Yazıçı-publisist, Azərbaycan Yazıçılar və Avrasiya Yazarlar Birliklərinin üzvü. “Ədəbiyyat və incəsənət” üçün


Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olan, elm və sənətin qırılmaz vəhdətini yaradan Əli Ələmi təkcə şair və qəzəlxan deyil, həm də görkəmli mühəndis, alim və pedaqoq kimi tanınır.

 

O, 1948-ci ilin baharında Hacıqabul torpağında dünyaya göz açıb. Elə Hacıqabul rayonunda da orta məktəbi qızıl medalla bitirən Əli Əmirovun elmə marağı onu Azərbaycan Neft və Kimya İnstitutuna gətirib və o, bu ali təhsil ocağını qırmızı diplomla başa vurub. Əmək fəaliyyətinə o zamanlar SSRİ miqyasında geniş tanınan “Neftkimyaavtomat” Elmi-Tədqiqat Layihə İnstitutunda başlayaraq 24 il müxtəlif vəzifələrdə çalışmış, öz savadı və zəhmətkeşliyi ilə pillə-pillə ucalmağa başlamış və beləliklə, 1994-cü ildən isə həmin institutun Baş direktoru kimi 25 ildən artıq bir dövrdə mühüm elmi-təşkilati işlərə rəhbərlik etmişdir. Daha sonra Azərbaycan Milli Aerokosmik Agentliyinin İnformatika İnstitutunda “Süni intellekt sistemləri” şöbəsinə rəhbərlik etmiş, hazırda isə Azərbaycan Texniki Universitetinin dosenti kimi gənc mühəndislərə bilik və təcrübəsini ötürməkdədir.
Əli Ələmi həm də mənim üzvü olduğum, nəinki ölkəmizdə, hətta dünyada analoqu olmayan Sumqayıt Dostlar Klubunun fəal üzvüdür. Klubun rəhbəri, yazıçı-həkim Hümbət Həsənoğlunun yaratdığı bu məkanda hər kəs ona hörmət və məhəbbətlə yanaşır.

Vurğulayım ki, hamı ona “Əli müəllim” kimi müraciət etsə də, tək mən onu “Əmi” və ya “Əmisi” deyərək çağırıram. Bu xitab mənim ona duyduğum rəğbətin, əmi-bala münasibətinin ifadəsidir. Elə bu baxımdan da Əli Ələmi haqqında yazmaq mənə görə həm şərəf, həm də məsuliyyətdir.
Azərbaycanın Əməkdar Mühəndisi, texnika üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı Əli Ələmi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, qəzəlin müasir ruhunu məsuliyyətlə yaşadan şair-qəzəlxandır. Onun “Pıçıldaş mənimlə çiçək dilində” kitabı poeziya aləmində xüsusi yer tutur. Qəzəllərində incə duyğular, təbiət və insan sevgisi, həyatın fəlsəfəsi, klassik ənənə ilə müasir baxışın ahəngi oxucunu valeh edir.
Onu qeyd edim ki, bu kitabı bir neçə aydır ki, vərəq-vərəq oxuyuram və hər dəfə əlimə aldıqda sətirlərində yeni bir zəriflik kəşf edirəm. Hər qəzəl, hər bir şeir Əli Ələminin daxili aləminə pəncərə açır, sanki insanı özü ilə pıçıltılı bir söhbətə dəvət edir və bu söhbətdə qəzəlin, şeirin sözləri ilə gülü, çiçəyi, sevgini, ayrılığı məharətlə dilə gətirir.
O, elm və sənəti birləşdirən, qəzəlin klassik gözəlliyini müasir nəfəsdə yaşadan, insanlara təvazökarlıq və müdriklik nümunəsi göstərən nadir şəxsiyyətlərdəndir. Əli Ələmi elmi axtarışlarını da, poetik dünyasını da eyni dərəcədə məsuliyyət və sevgi ilə yaşayır. İstər süni intellekt üzrə elmi fəaliyyətində, istərsə də qəzəllərində insanı düşünməyə, öz daxili gözəlliyini kəşf etməyə çağırır. Elmin soyuq məntiqi ilə sözün isti nəfəsini birləşdirmək onun yaradıcılığının əsas fəlsəfəsidir. Ələminin yaradıcılığı və ömür yolu təkcə poeziya sevərlərə deyil, həyatın hər sahəsində mükəmməlliyə can atan hər bir kəsə ilham verir.
Azərbaycanda şeirə, qəzələ qiymət verənlər, oxuyub zövq alanlar arasında Əli Ələmi adı xüsusi məhəbbətlə çəkilir. Həm klassik əruz ənənəsinə sadiq qalaraq, həm də müasir dilin sadəliyi və ahəngini qoruyaraq yazmaq hər qələm sahibinin işi deyil. “Pıçıldaş mənimlə çiçək dilində” məhz bu nadir balansı qoruyan, gül-çiçək qoxulu, sevgi və vətənpərvərlik ruhlu bir poetik topludur. Ən əsası oxuduğumdan belə qənatə gəldim ki, kitabda çap olunan qəzəl və şeirlər yalnız gözəlliyi tərənnüm etmir, həm də həyatın dərin hikmətini, fəlsəfəsini daşıyır.
Əli Ələminin poeziyası Nizami, Xaqani, Füzuli, Şirvani kimi klassiklərin ruhuna sadiqdir, amma təkrarı deyil. O, öz qəzəllərini müasir dövrün tələbiylə oxuculara çatdırır. Şair bu kitabla həm öz dövrünün, həm də gələcəyin oxucusuna doğma dilimizdə müraciət edir, bu isə gələcəkdə əsərin ədəbi irsdə möhkəm yer tutacağına əminlik yaradır.Şairin misraları qəzəlin ruhunu saxlamaqla, ərəb sözlərindən və birləşmələrindən uzaqlaşmaqla, öz dilimizin sadə və təbii ahənginə uyğun yazılıb. Bu isə oxucunun qəzəlləri sözbəsöz deyil, ürəkbəürək duymağına imkan verir.
Əli Ələmiklassik əruz vəznini qoruyaraq ona müasir təravət gətirən qəzəlxanlardandır. Əli Ələmi təkcə klassik əruz vəznini yalnız qoruyub saxlamır, həm də ona müasir nəfəs verir.
Professor Şahin Fazil də bu kitaba yazdığı “Ön söz” məqaləsində qeyd edir ki, Ələminin şeirlərində “sözlərin təbii ahəngində xoşagəlməz uzanmalar və gödəlmələr” azdır və şair “tam sadələşdirilmiş dil” ilə müasir oxucuya yeni bir yol açır. Qəzəllərində dil sadə və axıcıdır; mürəkkəb, anlaşılmaz tərkiblərdən uzaqdır. Bu sadəlik oxucuya əsərin musiqisini hiss etməyə, hər misranın sədasını ürəyində yaşamağa imkan yaradır.
Məncə kitabın adı heç də təsadüfi seçilməyib. Şair həqiqətən də oxucunu “çiçək dilində pıçıldaşmağa” çağırır.

...Elə pıçıldaşaq, bilən olmasın,
Bu dəli sevdaya gülən olmasın,
Sevgidən bizim tək ölən olmasın,
Çiçək aləmində, çiçək selində!
Pıçıldaş mənimlə çiçək dilində!..

Onun qəzəllərində təbiət, gül-çiçək, bahar nəfəsi sevgi ilə qovuşur:

Yeri vardır ürəyimdə onun, ey can, yeri var,
Çoxdu istəklilərim, ayrıca canan yeri var.

Mənə “can” söylədi, can verdi, rəqibim güldü,
Mən də “can” söyləyərəm yarə, nə nöqsan yeri var?

Yer edibdir bu, rəqibə, özünə yer tapmır,
Yox nə yerdə, nə də göydə ona ünvan, yeri var?

Cəhd edir bizləri əğyar ki, yoldan çıxara,
Çox təəssüf, aramızda hələ şeytan yeri var!

Nazlı canan nə zaman seyrə gülüstanə çıxır,
Gül-çiçəklər ki, onunçün olur əlvan, yeri var.

Çəkdi zülfün gül üzündən, elə bil gün çıxdı,
Onda bildim ki, üfüqdə qızran dan yeri var.

O müqəddəs bir ocaq tək yanır, aləm isinir,
Ələmi, yarə qoşul yan, olar ehsan, yeri var.

Bu beytlər oxucuya baharın təravətini, sevginin ilk parıltısını hiss elətdirir. Başqa bir qəzəldə isə həsrət və sükut duyğulu şəkildə dillənir:

 

Yenə də qar ələnir başıma səssiz-səssiz,
Qoşulubdur niyə göz yaşıma səssiz-səssiz?

Qərq edib busələrə, dərdimi bilməkmi dilər?
Nə deyim indi bu sirdaşıma səssiz-səssiz?

Elə bil daş asılıb, ağrı çəkən qəlbimdən,
“Daha düş”, - yalvarıram daşıma səssiz-səssiz.

Ruhumu incidib ağrıtdı, rəqibə lə`nət,
Su qatır hər zaman o, aşıma, səssiz-səssiz.

Doğulub mənlə ekiz, gəldi bu dünyayə qəmim,
Dözürəm sevgili qardaşıma, səssiz-səssiz.

Baş qoyub, mən o dizin üstünə, rahət ölərəm,
Baxa bilsəm sənə - başdaşıma səssiz-səssiz.

Heç unutmam, Ələmi, ruhu gözəl sevgilimi,
Nəqş olub ruhuma, yaddaşıma səssiz-səssiz!

Burada həm tənhalığın, həm də dərin bir sevginin incə kədəri oxucunu bürüyür. “Pıçıldaş mənimlə çiçək dilində” yalnız bir şeir-qəzəl toplusu deyil, sevgi, vətənpərvərlik və təbiət eşqi ilə yoğrulmuş bir poetik dünyadır. Əli Ələminin bu kitab vasitəsi ilə oxucuya ötürdüyü fikir əslində çox sadədir: “dünyanı gözəlləşdirən, elmi də, sənəti də dəyərə çevirən yalnız sevgidir.”
Əli Ələminin şeirləri də qəzəlləri kimi sadə, səmimi və axıcıdır. Onun misralarında baharın təravətini, eşqin alovunu, sevginin həsrətini, ayrılığın kövrəkliyini və hisslərin hıçqırıq səsini hər kəs öz könlünə uyğun bir pıçıltı ilə eşidir:

Bəs deyirdin, köçüb gələr durnalar,
Mənim durnam uçub getdi baharda!
Gəlib çıxıb nə qədər ki durna var,
Mənim durnam bə hardadır, bə harda?!

Durna telin atıb, gedib, mənimçün,
Ki, sevgiylə ona yazım şeirlər?
Səni sevir, sənə olmaz qənim, çün,
İlham pərin o, olacaq deyirlər!

Bu eşqdir, bu sevginin tayı yox,
Hardan gəldi bu çağımda, nə bilim.
Göz yaşlarım niyə səssiz, hayı yox,
Qoşalaşıb yanağımda, nə bilim.

O gedəndən düşüb dünya gözümdən,
O gözəllik, eh, nə bilim necoldu?
Danışmırıq, küsdüm özüm-özümdən,
Dil-dil ötən şirin dilim necoldu?

Bir günəşdi o, doğmuşdu bəxtimə,
Hər səhəri gözləyirəm, doğarmı?
Göylərdən en, qaldır məni təxtimə,
Desəm ona, yağış olub, yağarmı?

Bəs deyirdin, köçüb gələr durnalar,
Mənim durnam uçub getdi baharda!
Gəlib çıxıb nə qədər ki durna var,
Mənim durnam bə hardadır, bə harda?!

Hələ zamanında “Pıçıldaş mənimlə çiçək dilində” kitabının redaktoru, tarix elmləri doktoru, professor Şahin Fazil qeyd edib ki, “Qəzəlxan Əli Ələminin qələmi müasir Azərbaycan qəzəlinin ələmi ola biləcək!”
Bəli, mən də professorun fikiri ilə tam razıyam. Bu kitabı oxuyan hər kəs gül-çiçək içində pıçıldayan bir şairin səsini eşidəcək və Əli Ələminin qələmi müasir Azərbaycan qəzəlinin parlaq ələmi olduğuna onlar da mənim qədər inanacaqlar.
Mən buna əminəm!..

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)




 

 

Cümə axşamı, 25 Sentyabr 2025 08:03

Arif Babayevlərdən daha biri

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət xadimlərimiz içində bir neçə Arif Babayev olubdur. Musiqi və kino sahəsinin məşhur Arif Babayevləri. Üstəlik, nisbətən uzaq dövrlərdə bir Arif Babayev də olub. Həm rejissor, həm ssenarist, həm aktyor kimi kinonun hər tərəfinə nüfuz etməyi bacarıbdır.

 

Rejissor Arif Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışıb.

1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkib.

 

Rejissor kimi

1. Dostluq dili

2. Xəzərdə möcüzə

3. Xəzər sahilində şəhər

4. Şən əhvalatlar

5. Zirvə

6. Şəhərimizin uşaqları

 

Ssenari müəllifi kimi

1. Dostluq dili

2. Şəhərimizin uşaqları

3. 10 dəqiqə poeziya

4. "Artek"in bütün qızılı

5. Bahar gəlir

 

Aktyor kimi

1. İnsan məskən salır

2. Bizi bağışlayın

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diplom

- Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafat

- Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplom

- "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat

- "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatı.

 

26 avqust 1983-cü ildə 54 yaşında vəfat edib. Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2025)

 

 

Bu gün Bakıda, Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında “Türk irsi dünya arenasında” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanı Fond Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkil edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə görkəmli türk mədəniyyət xadimlərinin 1925-ci ildə Parisdə keçirilən Ümumdünya Müasir Dekorativ və Sənaye Sənəti Sərgisində triumfal çıxışının 100 illiyi qeyd edilib.

Bu sərgi XX əsrin birinci yarısında dekorativ sənətdə “art-deko” cərəyanına öz adını verməklə yanaşı, həm də türk xalqlarının mədəni nailiyyətlərinin tanınması üçün mühüm platforma olub. Məhz orada Türk dünyasının nadir mədəni irsi ilk dəfə dünya arenasında təqdim edilib. Sərgidə türk xalqlarının incəsənət xadimlərindən ibarət nümayəndə heyətinin, o cümlədən görkəmli mədəniyyət xadimlərinin 11 konserti olub - əfsanəvi Azərbaycan müğənnisi Şövkət Məmmədova, özbək müğənnisi Kari-Yakubov Muxitdin, parlaq rəqqasə Tamara xanım, qazax müğənnisi Emre Kaşaubayev və Başqırdıstandan olan kuray ifaçısı Yumabay İsyanbayev səhnədə çıxış ediblər.

 

Tədbiri giriş sözü ilə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova açıb. O, çıxışında mədəni irsin qorunub saxlanması və gənc nəslə çatdırılmasının, müasir türk dünyagörüşünün formalaşdırılması yolu ilə ümumi türk şüurun inkişafı və təkamülünün fondun əsas missiyası olduğunu vurğulayıb.

Qeyd edib ki, mədəniyyət və mənəvi dəyərlər türk xalqlarını birləşdirən, qarşılıqlı anlaşmanı gücləndirən və onları daha parlaq gələcəyə aparan körpüdür.

Xanım Raimkulova bildirib ki, mənəvi dəyərlərin inkişafı və zənginləşdirilməsi üçün maarifləndirici layihələrin həyata keçirilməsi, birgə səylərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bu cür təşəbbüslər mədəni ənənələrin və özünəməxsusluğun qorunub saxlanmasına töhfə verməklə yanaşı, elm, təhsil və yaradıcılıq sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır.

Daha sonra Azərbaycan Milli Konservatoriyasının rektoru professor Kamilə Dadaşzadə çıxış edib. O, birgə layihənin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, fond fəaliyyət göstərdiyi müddətdə Türk dünyasının inkişafına mühüm töhfələr verib, mədəni əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş irimiqyaslı layihələr həyata keçirib.

Dəyirmi masanın məqsədi bu hadisənin tarixi əhəmiyyətini vurğulamaq, türk mədəniyyətinin və türk xalqlarının peşəkar ifaçılıq məktəblərinin böyüklüyünü nümayiş etdirmək olub.

İştirakçılar Paris sərgisinin XX əsrdə incəsənətin inkişafına təsirini və onun bugünkü aktuallığını müzakirə ediblər. Görkəmli ustadların xatirəsinin yaşadılmasına, onların yaradıcılığının təbliğinə, bu ənənələri davam etdirən, Türk dünyası adət-ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsində iştirak edən gənc ifaçıların dəstəklənməsinə xüsusi diqqət yetirilib.

Tədbirdə həmçinin Qazax Milli Xreoqrafiya Akademiyasının rektoru Bibigül Nusibcanova, Özbəkistanın Mədəniyyətşünaslıq və Qeyri-Maddi Mədəni İes Elmi-Tədqiqat İnstitutunun direktor müavini İradə Dadacanova, Başqırdıstan Dövlət İncəsənət İnstitutunun kafedra müdiri, Dövlət Karayçılar İttifaqının sədri Artur Qaysarov və digərləri çıxış ediblər.

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tədbirdən sonra jurnalistlərə müsahibəsində cari ilin bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Düz yüz il əvvəl, 1925-ci ildə böyük Paris sərgisində görkəmli mədəniyyət xadimlərinin təntənəli çıxışı olub, bununla da tarixdə unudulmaz səhifəyə imza atılıb. Bu gün, bir əsr sonra Azərbaycan, Qazaxıstan, Özbəkistan, Başqırdıstan musiqişünasları və tədqiqatçıları yenidən toplaşaraq əcdadlarının ənənələrinin ilhamla səslənməkdə davam etdiyini, nəsilləri və bütün Türk dünyasını birləşdirdiyini təsdiq edirlər.

Bundan gözəl nə ola bilər?

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2025)

 

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Dilimizdə bir çox Atalar sözləri əsl mahiyyətini itirib təhrifə məruz qalmışdır. Onlardan bir neçəsi ilə tanış olaq.

 

"Şərikli malın olunca şərikli arvadın olsun." Hamı bu atalar sözünü düzgün başa düşmür. Belə söz deyib Atalar?

Amma əslində söz belədir. "Şərikli malın olunca şərikli arvatın olsun." Arvat çəki daşı deməkdir. Ona görə deyirmişlər ki, arvatın (çəki daşın) şərikli olsun, amma malın şərikli olmasın......

"Düz Düzdə qalar"

Yazıda qramatik səhv var. Amma bu səhv mahiyyəti məhv edir. Əslində həmin atalar sözü belədir. "Düz düz də qalar". Bizim təfəkkür "Də"ni ədatdan çıxarıb "Düzə" birləşdirib. Dəqiq fikir budur. "Düz düz də qalar" yəni düzü dəyişdirməyə çalışmayın. Düz düz də qalar.

"Bağa baxarsan bağ olar, baxmazsan dağ olar"

Kəlamdakı “dağ” sözünü bir çoxları “yüksəklik” mənasında başa düşür. Lakin bu sözün başqa mənası da var: dərd, yara (ürəyinə dağ çəkmək). Bu atalar sözündə dağ “dərd” mənasında işlənib. Yəni əgər bağa yaxşı baxsan, o da yaxşı məhsul verər, ürəyin açılar, sevinərsən. Yox, əgər yaxşı qulluq etməsən, məhsul götürə bilməzsən, bu da sənin üçün dərd olar, bağ gözdağına çevrilər.

“Su kiçiyin, yol böyüyün”

Bu atalar sözünü əsas tutaraq suyu ilk növbədə kiçiyə təklif edir, yolla gedərkən böyüyü qabağa buraxırlar. Lakin ilkin variantda bu kəlamda “su” deyil, “suç” (səhv, günah) sözü işlənib. Müdriklərin fikrincə, kiçiklər səhv edə bilərlər, lakin böyüklərin vəzifəsi onlara doğru yol göstərməkdir. İndi “suç”, yəni “günah” sözünün sonundakı samit düşüb və “su” şəklində işlənir.

"Gözəllik ondur doqquzu dondur"

Atalar sözü əslində belə deyil. Təhrif olunmuş şəkildə bizə çatdırılıb. Əslində belədi:

"Gözəllik 10-du 9-cusu dondu."

"Eşşək nə bilir zəfəran nədir?"

Əslində isə eşşəyin zəfəranlı plova heç bir adiyyəti yoxdur.

"Eşşək nə bilir zərpalan nədir?"

Yəni eşşəyin palanı adi oldu ya zərli oldu, onun üçün fərq etmir.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2025)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bu günkü mövzumuz qədim türk dini inanclarında göy tanrı kultunun siyasi legitimləşdirmədə roludur. Düçünürük ki, əvvəlki mövzular kimi bu mövzu da diqqətinizi cəlb edəcək.

 

Qədim türklərin dünyagörüşündə mərkəzi yer tutan Göy Tanrı (Tengri) kultu yalnız dini sistemin əsas elementi deyil, həm də erkən dövlətçilik quruluşunun legitim əsasını təşkil edən ideoloji sütunlardan biri olmuşdur. Türk xaqanlarının hakimiyyət iddiaları və siyasi fəaliyyətləri çox vaxt Tanrı tərəfindən bəxş olunmuş ilahi mandatla əsaslandırılmış, beləliklə də, dini inanc siyasi legitimliyin əsas mənbəyinə çevrilmişdir. Bu anlayış, xüsusilə, Göytürk yazılı abidələrində (Orxon-Yenisey kitabələrində) aydın şəkildə ifadə olunmuşdur: xaqan öz hakimiyyətini xalqın və Tanrının iradəsinin birləşməsi kimi təqdim edir və «Tanrı istədiyi üçün mən xaqan oldum» formulu ilə bu mandatı rəsmi şəkildə elan edir.

 Göy Tanrı kultunun siyasi funksiyası yalnız hakimiyyətin mənşəyini izah etməklə məhdudlaşmır, həm də onun qorunması və davamlılığını şərtləndirirdi. Hakimiyyət Tanrının bir lütfü sayıldığından, xaqanın vəzifəsi Tanrının qoyduğu kosmik nizamı qorumaq və xalqın rifahını təmin etmək idi. Əgər xaqan bu missiyadan yayınar, ədalətsizlik və zülmə yol verərdisə, Tanrı tərəfindən verilmiş «qut», yəni hakimiyyət bəxti və səlahiyyəti ondan alına bilərdi. Bu inanc sistemi, dövlət idarəçiliyində mənəvi məsuliyyət və əxlaqi davranış prinsiplərinin qorunmasına xidmət edirdi.

 Göy Tanrıya istinad həm də türk dövlət ideologiyasına universallıq çaları qazandırmışdı. Qədim türklər öz imperiyalarını yalnız etnik-siyasi ittifaq kimi deyil, Tanrının yaratdığı və qoruduğu bir dünya nizamının davamı kimi təsəvvür edirdilər. Bu, onların imperiya quruculuğuna kozmik bir missiya donu geyindirirdi. Beləliklə, Tanrının himayəsi altında olmaq ideyası təkcə hökmdarın deyil, bütövlükdə dövlətin legitimliyini möhkəmləndirirdi və bu, həm daxili itaəti təmin edir, həm də qonşu xalqlara qarşı ideoloji üstünlük yaradırdı.

 Bu dini-siyasi sintez nəticəsində Göy Tanrı kultu qədim türk dövlətçilik ənənəsində təkcə bir inanc obyekti deyil, həm də siyasi hakimiyyətin əsaslandırılma mexanizmi olmuşdur. Hakimiyyətin Tanrı iradəsi ilə əlaqələndirilməsi türklərin dövlət quruculuğuna müqəddəs xarakter verərək, onların tarix səhnəsində güclü və davamlı siyasi birliklər yaratmasına zəmin hazırlamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2025)

 

 

Çərşənbə, 24 Sentyabr 2025 17:08

Qrafik dizayner, rəssam Rəsul Həsən

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Təqvimlər təkcə məşhurların doğum və ölüm tarixləri üçün deyil, hər dəfə kimisə tanıtmaq da bir işdir. Necə ki, bu gün sizə gənc qrafik dizayner, rəssam Rəsul Həsəni tanıtmaq istəyirəm. O, həqiqtən də tanıdılmağa layiqdir. Xuyun, agah olun ki, necə böyük işlərə imza atıbdır.

Bu gün onun doğum günüdür.

 

Rəsul Həsən 1991-ci il sentyabrın 24-də Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinə daxil olub və 2013-cü ildə "Dizayn" ixtisası üzrə oranı bitirib. Rəsul Həsənov 2004-cü ildən dizayn sahəsində çalışmağa başlayıb, 2009-cu ildən bir çox reklam agentliklərində qrafik dizayner, art direktor olara fəaliyyət göstərib. O, həmçinin müxtəlif təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olub.

2015-ci ildə "Düha", 2018-ci ildə isə "Düha 2" adlı rəqəmsal portretlərdən ibarət fərdi sərgiləri təşkil olunub. O, 2018-ci ildə yazdığı Azərbaycanda ilk dəfə brendinq sahəsini əhatə edən "Bir Brendin Hekayəsi" adlı kitabın müəllifidir. Onun 2021-ci ildə nəşr olunan ikinci kitabı "Qrafik dizaynın əsasları" Azərbaycanda qrafik dizaynın nəzəri əsaslarını əhatə edən ilk kitab olub. 2023-cü ildə bir neçə illik tədqiqatları və Azərbaycan, Rusiya, Avropa və Amerika arxivlərindən topladığı vizual məlumatlar əsasında hazırladığı 624 səhifəlik ensiklopedik nəşr hesab olunan "Azərbaycan qrafik dizayn tarixi" adlı kitabını təqdim edib.

O, bir neçə məşhur azərbaycanlının tarixi sənədlər, heykəli əsasında realistik görünüşünü hazırlayıb. Rəsul Həsənov bir neçə layihələrin təşəbbüskarı və rəhbəridir. 2011-ci ildə o, 2012-ci ildə NETTY İnternet Mükafatını qazanan Azərbaycan musiqi arxivi "Muzzaz" portalını yaradıb. Həmin il o, mədəni məqalələr, müsahibələr və bədii portfolioların paylaşılması üçün platforma olan "Target Magazine" onlayn jurnalını təsis edib.

2015-ci ildə "Graphic Design Azerbaijan" onlayn dizayn cəmiyyətini yaradıb. Həmin ildə o, Ramiz Əlili ilə birgə su altında qalan Bayıl qalasının bərpası layihəsini hazırlayıb. 2021-ci ildə isə Azərbaycan tarixinə aid yüksək keyfiyyətli fotoşəkilləri pulsuz təqdim edən iri fotoarxiv saytı olan "Azkataloq.org"u yaradıb. O, həmçinin Azərbaycanda beş il ərzində hər il keçirilən ilk Dizayn Forumunu təşkil edib. 2022-ci ildə 1000-dən çox iştirakçını cəlb edən ilk "Bakı Dizayn Festivalı"nın təşəbbüskarı olub.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2025)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Ədəbiyyatı Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Kəleyberdə yaşayan Vüqar Nemətdir.

 

Vüqar Nemət

Kəleybər

 

 

EŞQİN PƏRDƏARXASI

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə durdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

Durdum gecə boyu yoxluğunun qapısında

Uçdum sözcüklərin qanadlarında

Özgə-özgə düşünüb

Ağladım öz yerimə

Heç bir kimsə bilmədi

Gülüşlərim qanadı

Mən bir sevda yolçusuydum

Uyur-gəzərlər kimi.

Sətir-sətir gəzərdim

Bu yağış ölkəsini.

Yoluma işıq tutardı onun gözləri

Gözlüyünü saxlamaq üçün

Yaxşıca tasarlanmışdı

Qulaqları və burnu!..

 

Həsrətdir, kədərdir, acıdır, qəmdir

Eşqin pərdə arxası cəhənnəmdir.

Durmadan qaralar qanlar

Özünü div aynasında görən bunu nə anlar?!

Göy üzünü dilə-dişə saldılar

Ölü göz adamlar.

Aktyor adamlar.

Bir də, adı pisə çıxmış bir ölüm!..

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə vurdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

“Ədəbiyyat  və incəsənət”

(24.09.2025)

 

Çərşənbə, 24 Sentyabr 2025 16:12

Kino və milli yaddaş: ekranın dəyərli salnaməsi

 

Rəqsanə Babayeva,

Beyləqan rayon Mədəniyyət Mərkəzinin rejissoru, “Gənclik” xalq teatrının rəhbəri, yazıçı. “Ədəbiyyat və İncəsənət” üçün

 

Kino yalnız əyləncə vasitəsi deyil. O, bir xalqın tarixi, mədəniyyəti və milli yaddaşını gələcək nəsillərə ötürən güclü bir vasitədir. Film ekranında canlanan obrazlar, hadisələr və mənzərələr təkcə keçmişin xatirəsini yaşatmır; həm də gələcək üçün dərs və örnək olur. Bu səbəbdən kino milli yaddaşın güzgüsü, tarixin canlı salnaməsi kimi çıxış edir.

Azərbaycan kino sənəti bu baxımdan zəngin təcrübəyə malikdir. 20-ci əsrin əvvəllərindən başlayaraq, kino Azərbaycan xalqının tarixini, mədəniyyətini və gündəlik həyatını əks etdirən bir sənət forması olub. Qarabağ müharibəsi, milli qəhrəmanlıq, xalqın yaşam tərzi, ənənələr və folklor motivləri – bunların hamısı ekran vasitəsilə gələcək nəsillərə çatdırılır.

 

Kino və tarixi yaddaş

 

Hər bir film tarixi anları yalnız vizual formada təqdim etmir; o, həmin anların emosional və mənəvi dərinliyini də göstərir. “Əsrin müqaviləsi”, “Dolu” kimi filmlər yalnız hadisələri anlatmır, həm də xalqın hisslərini, qorxularını, ümidlərini və mübarizəsini əks etdirir.

Milli yaddaşın qorunmasında kino xüsusilə önəmlidir, çünki gənc nəsil daha çox vizual informasiya ilə öyrənir. Film vasitəsilə keçmişi tanıyan gənclər yalnız tarix faktlarını öyrənmir, həm də öz kimliklərini dərk edir, milli dəyərlərin əhəmiyyətini anlayır.

 

Qarabağ motivləri və kino

 

Qarabağ mövzusu Azərbaycan kinosunda milli yaddaşın ayrılmaz hissəsi kimi təqdim olunur. Bu mövzu yalnız müharibə və qəhrəmanlıq hekayələrini əks etdirmir; o, həm də insan taleyini, ailələrin yaşadıqlarını, torpağa bağlılığı və mədəni irsi nümayiş etdirir.

Filmlərdə Qarabağ motivlərinin işlənməsi, həm tarixi həqiqətlərin qorunması, həm də xalqın kollektiv yaddaşının gücləndirilməsi məqsədi daşıyır. Məsələn, son illərdə çəkilən filmlərdə bu bölgənin mədəniyyət və ənənələri də əks olunur ki, tamaşaçılar yalnız faciəni deyil, həm də zəngin mədəni irsi görürlər.

 

Kino və milli kimlik

 

Milli yaddaş və milli kimlik bir-birini tamamlayan anlayışlardır. Kino vasitəsilə bu əlaqə daha da möhkəmlənir. Filmlər xalqın tarixi, adət-ənənələri, musiqisi, rəqsi və folkloru ilə gənc nəsli tanış edir. Beləliklə, kino həm əyləncə, həm təhsil, həm də milli irsi qoruma vasitəsi olur.

Azərbaycan kino sənəti klassiklərdən başlayaraq müasir dövrə qədər bu missiyanı uğurla yerinə yetirib. Hər bir rejissor, ssenarist və aktyor milli yaddaşı qoruyaraq, onu yeni formalarla təqdim edir.

 

Kino və gənc nəsil

 

Gənclər Azərbaycan kinosunun həm istehsalçıları, həm də tamaşaçılarıdır. Onlar film vasitəsilə milli dəyərləri öyrənir, tarixi başa düşür və gələcək üçün yeni baxışlar inkişaf etdirirlər. Gənc rejissor və ssenaristlər milli motivləri müasir texnologiya və janrlarla birləşdirərək, milli yaddaşı həm yerli, həm də beynəlxalq auditoriyaya çatdırırlar.

Beynəlxalq film festivallarında nümayiş olunan Azərbaycan filmləri milli yaddaşın yalnız yerli auditoriyaya deyil, dünyaya tanıdılmasının bir vasitəsidir. Xarici tamaşaçılar Azərbaycan tarixini və mədəniyyətini yalnız ekran vasitəsilə öyrənir və dəyərləndirirlər.

 

Kino və mədəni diplomatiya

 

Kino həm də mədəni diplomatiyanın güclü vasitəsidir. Filmlər ölkəmizin tarixini, mədəniyyətini və milli irsini dünya ictimaiyyətinə çatdırır. Bu, həm xarici auditoriyanın diqqətini cəlb edir, həm də Azərbaycanın mədəni kimliyini beynəlxalq səviyyədə təqdim edir.

Məsələn, Qarabağ mövzusunda çəkilən filmlər beynəlxalq festivallarda nümayiş olunaraq, həm tarixi həqiqətləri çatdırır, həm də milli irsi qoruyur. Kino bu baxımdan həm sənət, həm də diplomatik alət kimi çıxış edir.

Kino milli yaddaşın əvəzolunmaz güzgüsüdür. O, xalqın tarixini, mədəniyyətini və kimliyini gələcək nəsillərə çatdırır, milli irsi qoruyur və dünyaya tanıdır. Qarabağ motivləri, milli dəyərlər, folklor və musiqi vasitəsilə Azərbaycan kinosu yalnız keçmişi deyil, həm də gələcəyi ekrana gətirir.

Zaman keçdikcə texnologiya və yeni yaradıcılıq üsulları əlavə olunsa da, kino həmişə milli yaddaşın və kimliyin canlı, təsirli və sərhədsiz güzgüsü olaraq qalacaq.

 

Çünki hər kadr, hər səhnə bir xalqın tarixini danışır və gələcək nəsillərə yol göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2025)

 

Çərşənbə, 24 Sentyabr 2025 15:40

Onun bir şeiri vaxtı ilə dillər əzbəri olub

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

– Ay nənə, bir nağıl de!

– Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

– Can nənə, de birini də.

– Ağrın alım, sözə bax.

Evimizdə səndən savay, gör heç varmı bir oyaq?

Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;

Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.

Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir...

Bir gizilti duyur uşaq vücudunda bu ara,

Həsrət qonan gözlərini zilləyərək divara,

Çarpayının baş ucunda öz əliylə asdığı

Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı

– Bəs ay nənə, atam indi haradadır, görəsən?!

– Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!

– Axı, nənə, heç demirsən atam haçan gələcək,

İndi onu səngərdə bəs üşütmürmü qar, külək?

 

Şair Əhməd Cəmil 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulub. Dörd yaşında ikən atasını itirib, anasının himayəsi altında boya-başa çatıb. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində alıb.

 

Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunub. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak edib. Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunub. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirib

 Şəmkir rayonunun Zəyəm kəndində, sonra Gəncədə orta və ali məktəb müəllimi, metodist olub. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilib.

İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri ("Döyüş zərbəsi", "Hücum", "Vətən uğrunda irəli") redaksiyalarında çalışıb. Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi, həm də idarə heyətinin üzvü seçilib. Uzun müddət "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları redaksiya heyətinin üzvü olub

1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməyib. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilib. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə "Ədəbiyyat qəzeti"ndə müvəqqəti redaktor işləyib. Azərnəşrdə baş redaktor, redaktor, Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi, "Azərbaycan" jurnalının redaktoru, Azərnəşrin baş redaktor, Gənclik nəşriyyatında redaktor, "Ulduz" jurnalında baş redaktor işləyib.

Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr edib. Xidmətlərinə görə iki dəfə "Qırmızı əmək bayrağı" ordeni, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medallarla təltif olunub.

 

Tərcümələri

1. S.V.Mixalkov. V.İ.Lenin muzeyində

2. Lenin və Stalin haqqında

3. M.Y.Lermontov. Borodino

4. A.Tvardovski. Lenin və peçqayıran

5. S.M.Marşak. Naməlum qəhrəman haqqında hekayə

6. M.Mirşəkər. Mahtab

 

Kitabları

1. Yadigar

2. Əsgər qardaşıma

3. Can nənə, bir nağıl de

4. Böyük qardaşımız

5. Şeirlər

6. Təməl daşları

7. Qələbə yolları

8. Şeirlər

9. Mənim azad torpağım

10. Əhməd Cəmil

11. Bahar şəfəqləri

12. Seçilmiş əsərləri

 

Mükafatları

- Azərbaycan SSR Dövlət mükafatı

 

Ədib 1977-ci il sentyabrın 24-də Bakıda vəfat edib. Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.

Allah rəhmət eləsin!

 

P.S: Dillərəzbəriolan şeirisə başlıqda verdiyim bu şeirdir:

– Ay nənə, bir nağıl de!

– Ömrüm-günüm, yat daha,

Hamısını indi desəm, nağıl qalmaz sabaha.

 

“Ədəbiyyat və incəsənət”

(24.09.2025)

 

67 -dən səhifə 2509

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.