Tovuz elinin ustad aşığı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın qərb bölgəsi həqiqətən də aşıq musiqisinin mərkəzidir. Burada Göyçə, Qazax və Tovuz aşıq məktəbləri xüsusən ad çıxarıblar. Bu gün Tovuza güzar edəcək, ustadlar ustadı Aşıq Hüseyn Bozalqanlının yad edəcəyik. Bu gün onun anım günüdür.

 

Aşıq Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuz rayonunda Bozalqanlı kəndində anadan olub. Kənddə yeni açılan dini məktəbdə, molla Səməd Axundun məktəbində üç il təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Çox kiçik yaşlarından şeirə, sənətə bağlanıb, hələ on iki yaşında olarkən şeir yazmağa başlayıb. Toylarda, məclislərdə aşıqlara qulaq asıb, aşıq sənətinə də uşaqlıqdan valeh olub. Cəmi üç ay aşıq Məmmədquluya şagird olub. Fitri istedada malik olan Hüseyn toylarda, ziyafətlərdə bacarıqlı aşıq kimi şöhrət qazanıb.

 Bu, təsadüfi olmayıb, Hüseyn haqq aşığı olub, dərsi də ona möcüzələr yaradan Allah verib. Aşıq Hüseyn Bozalqanlı həmişə hazırcavab, özünə inamlı olub. Atası Məşədi Cəfərqulu kimi comərdliyi, qəhrəmanlığı ilə seçilən nadir şəxsiyyətlərdən biri hesab edilib. O, həmişə üstündə sazla yanaşı, mauzer də gəzdirib… Aşıqlarla deyişmədə heç vaxt sözünü birinci deməyib, öz rəqibinə fürsət verib və nəticədə təmkini ilə qalib gəlib.

Görkəmli sənətkar Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların irsi ilə tərbiyələnən, aşıq poeziyasının bütün formalarında yaratdığı şeirlərlə — gözəlləmələr, qoşmalar, təcnislər, dodaqdəyməzlər, divanilər, gəraylılar, dastanları ilə aşıq və şairlər içərisində həmişə seçilib. Azərbaycan xalq yaradıcılığının inkişafında da Aşıq Hüseynin böyük xidməti olub. O, "Qara Tanrıverdi", "Nəriman", "Xanlar", "Hacı Tağı" dastanlarının yaradıcısıdır.

 "Koroğlu" dastanının ən kamil bilicisi məhz Aşıq Hüseyn hesab edilib. Dastanın bir neçə qolu — "Koroğlunun Toqat səfəri", "Bağdad səfəri", "Həmzənin Qıratı aparması", "Koroğlunun vuruşması" və.s. qolları Aşıq Hüseynin dilindən yazılıb. Bu böyük sənətkar dövrünün görkəmli tarixi şəxsiyyətləri ilə qarşılaşıb və həmişə də onların məhəbbətini qazanıb. 1917–1922-ci illərdə Həmid Sultanovun tapşırığı ilə tez-tez Aşıq Hüseyn, Aşıq Mirzə və Xəyyam Mirzədən ibarət aşıq məclisi təşkil olunub...

Metex qalasında həbsdə olarkən N. Nərimanovla yaxından tanış olub və sonradan "Qoca Şərqin Nərimanı gəlirmi?" şeirini və "Nəriman" dastanını yazıb. Bədahətən söz deməkdə də Aşıq Hüseynin əvəzi olmayıb. Buna görə də sevimli xalq şairimiz Səməd Vurğun onu "əli qılınclı şair" adlandırıb və həmişə ona dərin məhəbbət bəsləyib. "Geri dur" müxəmməsi və digər şeirlərindən aydın olur ki, Hüseyn Bozalqanlı Sədi, Firdovsi, Füzuli kimi klassiklərin əsərlərinə dərindən bələd olub.

Satira isə onun yaradıcılığında xüsusi yer tutub. Müxəmməslərində satirik poeziyamızın novatoru Sabir duyğuları duyulur. 1937-ci il noyabrın 13-də aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqının üzvü və ittifaq nəzdində olan aşıqlar bölməsinin rəhbəri seçilib. Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə də, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olub. Şairin əməyi dövlət tərəfindən çox yüksək qiymətləndirilib. O, "Şərəf nişanı" ordeni və fəxri fərmanla mükafatlandırılıb.

1941-ci il oktyabrın 16-da isə ən yüksək fəxri ada — Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb. Ölməz sənətkarın on dörd şagirdi olub. O, müasirləri məşhur Aşıq Ələsgər, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf və başqaları ilə deyişib. Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib. Qəbri Bozalqanlı kəndinin el qəbiristanlığındadır.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.