ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Səliqə-səhmanı xoşlayan, olduqca intizamlı xanımdır. Özünə xüsusi dəftər də ayırıb. Getdiyi yerləri, səfərlərini yaddaş üçün oraya qeyd edir. Əvvəllər toylara gedəndə səsini qorumaq məqsədilə özüylə birdəfəlik çay bükümləri, hətta su da aparardı. Sonra düşünüb ki, adamı gərək Allah qorusun, bu çıxış yolu deyil...

 

“Toylara gedəndə özümlə termos aparırdım. Sonra fikirləşdim ki, durub oxuyanda termosu əlimdə saxlayan deyiləm ki. Üzümü o yana tutan kimi niyyəti pis olan etdiyini edəcək. Və anladım ki, düz eləmirəm, qorxmağına dəyməz. Ona görə də, bu vərdişimi tərk etdim. Doğrudur, səs tellərimi yenə də qoruyuram. Məsələn, səhnəyə çıxmamışdan öncə soyuq su içmirəm, istiotlu yeməklər, plov yemirəm. Belə də, heç kimlə düşmən münasibətim, ədavətim də yoxdur. Elə insanlarla ünsiyyət qururam ki, sonra nə onlardan, nə özümdən xoflanmayım. Heç kimdən pislik də görməmişəm, əslində sevildiyimi görürəm. Bunu da özümə mənəvi xəzinə hesab edirəm.”- söyləyir.

 

Sevdiyi səslər çoxdur. Son illər məşhurlaşan müğənnilərdən İlahənin, Kamilə Nəbiyeva bacılarının, Mirələm Mirələmovun, Sərxan Bünyadzadənin, Səbinə Ərəblinin, Ayşən Mehdiyevanın, Zabitə  Əliyevanın səslərini çox bəyənir. Amma hardansa televiziyalara yol tapan, istedadsız adamları görəndə əsəblərini cilovlaya bilmir...

 

Deyir ki:- “Bu məni çox narahat edən məsələdir. Əvvəllər qarşımızda Şövkət Ələkbərova, Gülxar Həsənova, Rəşid Behbudov, daha neçə-neçə böyük sənətkarlar var idi, deyirdim onlar olan yerdə mənə söz demək düşməz. Amma indi yaşımın o həddinə gəlmişəm ki, danışa bilərəm. Telekanallarda musiqi tərtibatından, aparılan əyləncəli proqramlardan narazıyam. Bu nədir, kimsə reytinq, reklam xətrinə kimi gəldi efirə çıxarır. Bəsit, bayağı mahnılarla kor qoyublar camaatı. Sən 5-10 manat qazanacaqsan deyə xalqa niyə xəyanət edirsən? Elə mahnılar oxuyurlar, neçə ilin pedaqoquyam, bilmirəm hansı lad üstündə çalınır, axtarıb tapa bilmirəm. Qəribə melodiyalar, ifa tərzləri, müğənnini çıxarırlar efirə, rəqqaslıq eləməyə. Qondarma, “odnorazovıy” mahnılar çıxır efirə. Efirə çıxan müğənnidən qızılının, maşınının, paltarının qiymətini soruşurlar, axı ayıbdır, olanı var, olmayanı var. Biabırçılıqdır. Başa düşmürlər ki, musiqimizi, incəsənətimizi korlayırlar. Pula görə millətin mənəviyyatını məhv etməlisən? Gedib ancaq toyda oxuyub, ömründə bir dənə dövlət konsertində olmayanlar fəxri ad istəyirlər, hansı gününə? Əvvəllər demirdim, daha susmayacam. Zövqü korlayıblar deyə, bəsit mahnılara tələbat çoxalıb...”

 

Görəsən, aranızda bu dəfəki söhbətimin qəhrəmanını tanıyan oldumu? Əlbəttə, mən Azərbaycanın və Özbəkstanın xalq artisti, xanəndə Gülyaz Məmmədovadan danışıram. O, 1970-ci ilin may ayının 1-də Şəki rayonunun Böyük Dəhnə kəndində Zakir kişinin ailəsində dünyaya gəlib. Orta təhsilə doğulduğu kəndin orta məktəbində yiyələnib. Hələ məktəbdə oxuyarkən, özünəməxsus ifası ilə diqqəti cəlb edib. 1992-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunu muğam ixtisası üzrə bitirib. Texnikumda oxuduğu illərdə müəllimi məşhur muğam bilicisi, əməkdar müəllim Nəriman Əliyev olub. Tələbə olarkən “İçərişəhər” folklor ansamblında çalışıb. 1991-ci ildə Rəşid Behbudov adına Mahnı teatrında fəaliyyətə başlayıb. Burada bir il çalışdıqdan sonra Opera və Balet Teatrında işə dəvət edilib və bu teatrda bir sıra məşhur əsərlərdə xanəndə kimi obrazlar yaradıb. 

1996-cı ildən başlayaraq Asəf Zeynallı adına Musiqi kollecində müəllim kimi muğam sənətinin sirlərini tələbələrinə aşılayır. 2023-cü ildən eyni zammanda Rəşid Behbudov adına Mahnı teatrında solist kimi çalışır...

 

Xeyirxah insandır, ehtiyacı olan tələbələrinin əlindən tutmağa çalışır, onlara maddi dəstək  göstərir. Hətta tələbələrdən birinə verməyə pulu olmayanda, barmağındakı üzüyünü çıxarıb verib ki, satıb pul etsin. Bu onun ürəyinin təmizliyindən irəli gəlir. Paxıllıq, həsəd ona yad xüsusiyyətlərdəndir. Daxili gözəlliyi, içindəki nur çöhrəsinə də hopub...

 

“Heç vaxt plastik əməliyyat etdirməmişəm, üzümdə yüngül toxunuşlar olub, mezo, botoks. Qalanı Allah nə veribsə odur. Arada çəkim artsa da, arıqlamaq üçün idman edirəm. Mənə deyirlər, burnunu əməliyyat etdir, həkimlər təklif edirdilər ki, gəl səni başdan ayağa dəyişək, səsimin dəyişməsindən qorxub elətdirmirəm. Ağzım, burnum, gözüm yerindədirmi? Bu bəsdir. Mən Allaha həmişə şükür edirəm ki, tütün tarlasında işləyən qız idim də, rayonda yaşayırdıq, 40 gün barama bəslə, qırılıb çatılırdıq, sonra kolxoz işləri, kənddə iş-güc. O dövr elə idi. Sadə bir ailənin 10 övladından biri idim. Dərslərdən də axsayırdım. Allahın verdiyi səs gör məni haradan haraya gətirib çıxartdı. Necə naşükür ola bilərəm? Yeri gəlmişkən, onu da qeyd edim ki, mən müğənni yox, jurnalist olmaq istəyirdim. Səs bizə anamızdan keçmişdi. Atamız da musiqiçi idi. Zurna ifa edirdi, toylara gedirdi, həm də dülgər idi. Bir gün barmaqlarını mişar apardı, doğrudur, yerinə bərpa etdilər, amma hərəkətsiz qaldı və daha zurna ifa bilmədi, keçdi qədim “kos” alətini dilləndirməyə. Musiqidən ayrıla bilmədi.”- söyləyir.

 

Bütün dediklərimlə yanaşı Gülyaz xanım 2002-2006-cı illərdə İncəsənət universitetinin muğam şöbəsində oxuyub və oranı uğurla başa vurub. Ustadı Canəli Əkbərovdan dərs alıb. 2006-cı 2018-ci illərdə Bakı Humanitar kollecində, 2007-2011-ci illərdə isə Nəriman Əliyev adına “Muğam” studiyasında muğamdan dərs deyib.

2014-cü ildən Azərbaycan Respublikasının xalq artistidir...

 

...Bir vaxtlar Şəkidə, çoxuşaqlı ailədə tütün, barama becərməklə valideynlərinə kömək edən Gülyaz xanımı indi nəinki Azərbaycanda, qonşu ölkələrdə də yaxşı tanıyırlar. Onu belə məşhur edən isə göydə Allah, yerdə məlahətli səsi olub. Mayın 1-i onun 55 yaşı tamam oldu. Ömrü uzun olsun!

 

“Ədəbiyyat və incəsənət”

(01.05.2025)

 

 

 

Ötən gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 100 illiyinə həsr olunmuş tədbirlər planına uyğun olaraq, maraqlı və mənalı görüş təşkil olunub. Tədbirin qonağı Azərbaycanın tanınmış yazıçısı, jurnalisti və motivasiya spikeri Varis olub. Görüş kollecin müəllim və tələbələri tərəfindən böyük maraqla qarşılanıb.

 

Varis çıxışı zamanı öz həyat yolu, yaradıcılıq və  fəaliyyətdən bəhs edib, gənclin şəxsi inkişaf, məqsədə doğru irəliləmək və cəmiyyətə faydalı fərd kimi formalaşdırmağın məqsədəuyğun olduğunu vurğulayıb. O, jurnalistika və bədii yaradıcılıq sahəsində qazandığı təcrübəni bölüşdürərək sualları ətraflı və keyfiyyətli şəkildə cavablandırıb.

Görüş interaktiv şəkildə keçib, yaradıcı tələbələr yazıçının fikirlərinə maraqla qulaq asıb, onu özlərinə örnək götürdüklərini bildiriblər.

Tədbirin sonunda “İmarət” İntellektual Klubu tərəfindən Varisin “Qırmızı ləçəklər” kitabı üzrə keçirilən qiraət müsabiqəsinin qalib tələbələrinin mükafatlandırılması baş tutub.

Diplomları yazıçının özü tərəfindən təqdim edilməsi həm müəllifin oxucularına olan diqqətinin göstəricisi, həm də gəncləri kitaba maraq göstərməyə təşviq edən mənalı bir addım olub.

Tədbirin sonunda Kollec direktoru Neymət Rüstəmli belə görüşlərin gənclərin dünyagörüşünün formalaşdırılmasında və onların mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Mustafa Şeyxpurdur.

 

 

Mustafa Şeyxpur

İstanbul

 

5.

Şəhər qaranlıq, axşam saat doqquz

Polis tək başına

Bir dilənçi bu tərəfdə

Bir fahişə o tərəfdə

Bir də mən, bu hotelin üçüncü qatının pəncərəsində

Şəhəri boğuram, siqaretimin tüstüsünə boğuluram

Bu okean havası təhlükəlidir deyirəm Mustafa.

 

Şəhər qaranlıq, gecə 10

Bir dilənçi bu tərəfdə

Bir fahişə o tərəfdə

Bir də mən üçüncü qatında bu hotelin

Qapımı döydü polis

"Röyalarını oğurlayıram, xəbərin olsun" - dedi.

 

Şəhər qaranlıq, gecə 11

Bir fahişə o tərəfdə

Asfaltın üstünə düşmüş bir dilənçi

Qırmızı çırağın dalısında ambulans

Uuuuuu deyə çatır

Fahişəni götürür.

 

Şəhər qaranlıq, gecə 12

Hər gecə saat on ikidə

Bir qadın

Abort edir röyalarını

Ölü doğulur günəş

Hər gecə asfaltda.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

Cümə, 02 May 2025 16:40

Stiven Kinqin yazı rutini

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Sizlərə dünyaca məşhur, qorxu romanlarının yazarı Stiven Kinqin yazı rutinini təqdim edirəm. Mənbə, onun öz yaradıcılığıdır.

 

“Mənim bir rutinim var, çünki düşünürəm ki, yazmaq öz-özünə

hipnozdur və təkrar-təkrar eyni hərəkətləri etsəniz, bir növ transa

düşərsiniz”.

Stiven Kinq, “YAZMAQ HİPNOZDUR”

 

İllər keçdikcə Kinqin gündəlik yazı işi yavaşladı. O, hələ də hər gün,

hətta həftə sonları da yazır, amma özünün dediyi kimi, “Mən daha çox

yazırdım və daha tez yazırdım – bu sadəcə qocalmaqdır. Bu sizi bir az

yavaşladır”.

Əvvəllər o, gündə 2000 söz yazardı, lakin bu günlərdə o, hər

gün təxminən dörd saat yazmağı hədəfləyir və təxminən 1000 söz yazır.

 

“Oyanıram. Səhər yeməyi yeyirəm. Təxminən üç mil yarım piyada

gəzirəm. Qayıtdıqdan sonra əlyazmam olan kiçik ofisimə çıxıram. Mən

onu dəfələrlə nəzərdən keçirirəm. Günümü yazmaqla keçirmirəm. Bəlkə

iki saat təzə nüsxə yazacam, sonra geri qayıdıb bəzilərinə yenidən baxıb

bəyəndiyimi çap edib söndürəcəm”.

Stiven Kinq

 

King yazarkən musiqiyə qulaq asır, adətən işlədiyi müddətdə eyni

mahnını dəfələrlə dinləyir.

 

“Gündə 20 saat, mən hamının yaşadığı reallıqda yaşayıram. Amma

gündə dörd saat ərzində hər şey tamamilə dəyişir. Və əgər nə vaxtsa

bunun necə baş verdiyini və ya niyə baş verdiyini soruşsanız, sizə

deməliyəm ki, bu, başqaları kimi mənim üçün də sirrdir”.

Stiven Kinq

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

Bir yerdə rahatlıq tapa bilmirəm,

Divara boylana-boylana qaldım.

Bu gecə anamın doğma ətrini,

Divardan asılan şəkildən aldım.

 

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun doğum günüdür 

Nəsib Nəbioğlu 1954-cü il mayın 2-də Kəlbəcər rayonunun Çaykənd kəndində anadan olub. 1971-ci ildə Çaykənd orta məktəbini bitirib. 1973-1975-ci illərdə Baykonurda Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra 1975-1980-ci illərdə Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda ali təhsil alıb.

1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu əla qiymətlərlə bitirib. 1985-ci ildə İnstitututu bitirdikdən sonra SSRİ Dövlət Xarici Turizm Komitəsinin Baş İdarəsində məsul vəzifələrdə çalışıb. Rusiya və Azərbaycan Yazıçılar birliklərinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir.

M.Axundovun, S.Vurğunun, R.Rzanın, M.İbrahimovun, N.Rəfibəylinin, M.Arazın, Məmməd Aslanın, T.Məliklinin, Aşıq Ələsgərin, Aşıq Şəmşirin eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəboiğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun bir sıra əsərlərini Azərbaycan dilinə tərcümə edib. Kəlbəcər ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. İyirmidən çox şeirinə musiqi bəstələnən şair həm də musiqisi Ayna Sultanovanın olan dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir.

 

Şeir kitabları

 

“Ürəyim yurd yeridir” 

“Sizə sözüm var” 

“Dua edən bulaq” rus dilində

“Bağışlamaz dağlar məni” 

“Nəğməkar əsgər” 

“Heç belə də kənd olar” 

“Ulduz nur saçırdı qayanın üstə" rus dilində 

“Durnalara qayıdanda"

 

Mükafatları 

 

R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatları laureatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət” 

 

1955-ci ildə rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı “Görüş” filmi barədə söhbət etmək istəyirəm. Azərbaycan kino tarixinin böyük hissəsini əhatə edən sovet dövründə hakim kommunist rejimi ekran əsərlərinə mühüm təbliğat, təşviqat vasitəsi kimi baxdığından bu sahəyə xüsusi diqqət ayırırdı. Bununla yanaşı, lentə alınan filmlərin bir çoxu həm ssenari və rejissor işi, həm də aktyor oyunu baxımından dəyərli sənət əsərləri idi. Bu sırada 1950-ci illərin kinolentlərinin xüsusi yeri var.

 

Daha çox melodram və musiqili komediya elementlərinə malik “Bəxtiyar” (rejissor Lətif Səfərov, 1955), “Görüş” (Tofiq Tağızadə, 1955), “O olmasın, bu olsun” (Hüseyn Seyidzadə, 1956), “Qızmar günəş altında” (Lətif Səfərov, 1957), “Ögey ana” (Həbib İsmayılov, 1958) filmləri kino salnaməmizin parlaq səhifələrini təşkil edir.

“Ötən illərin filmləri” silsiləsindən bu dəfə 60 yaşı tamam olan “Görüş” bədii filmi haqqında söhbət açacağıq. 1955-ci ildə rejissor Tofiq Tağızadənin quruluş verdiyi “Görüş” filmi geniş tamaşaçı rəğbətini qazanan ekran əsərlərindəndir. Filmin mövzusu sevgi, sovet rejiminin əməyə çağırışı və bir-biri ilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğudur. Ekran əsərinin mərkəzində iki gəncin - özbək qızı Lala (aktrisa Nelli Ataullayeva) ilə azərbaycanlı Kamilin (aktyor Arif Mirzəquliyev) saf məhəbbəti durur.

 

40 illik yaradıcılıq yolunda ilk “Görüş”

 

Azərbaycan kino sənətinin inkişafında mühüm xidmətləri olan Xalq artisti, görkəmli rejissor Tofiq Tağızadənin (1919-1998) adı gələndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz filmlərdən maraqlı epizodlar canlanır. Onun 50-ci illərdə çəkdiyi filmlər həmin dövrdə və sonrakı mərhələlər üçün yeni üslub idi. “Görüş” rejissorun kinoda ilk işi olmaqla yanaşı, həm də bu yeniliyin başlanğıcı idi.

O, şəhər mühitində böyüdüyü üçün uşaqlıqdan teatra, kinoya böyük həvəsi olub. Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə yazır ki, uşaqlıq illərində tamaşa etdiyi Çarli Çaplinin filmləri Tofiq Tağızadədə kinoya maraq oyadıb. Amma o, orta məktəbi bitirəndən sonra əvvəlcə energetika sahəsində təhsil alıb. Paralel olaraq musiqi məktəbində də oxuyub. Kinoya gələn yolları isə dolanbac döngələrdən keçib. Neft və Kimya İnstitutunun energetika fakültəsinin üçüncü kursunda oxuyanda Böyük Vətən müharibəsi başlayır. Cəbhəyə yollanan gənc Tofiq ağır yaralanaraq geri qayıdır. Müharibədən sonra o, arzusunu reallaşdırır və Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə qəbul olunur. Burada məşhur kino xadimlərindən dərs alır. Bir müddət Moskvada çalışdıqdan sonra vətənə qayıdır və ömrünün sonuna kimi “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir.

İlk filmi “Görüş” ona böyük uğurlar gətirir. Filmdə çalışan gənc rejissor və operatorlar Teyyub Axundov və Cavanşir Məmmədovun da qabiliyyətləri üzə çıxır. Bu ekran əsərindən sonra Tofiq Tağızadədə Azərbaycan kinosu salnaməsinə “Uzaq sahillərdə”, “Mən rəqs edəcəyəm”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Babamın babasının babası”, “Bağ mövsümü” və s. filmləri bəxş edir...

“Görüş” filmində xalqın məişəti, əxlaqi-mədəni dəyərləri rejissor tərəfindən sənətkarlıqla əks olunub. Film zamanın problemlərini ekrana gətirir, insanları bu problemlər ətrafında düşünməyə sövq edir. Ekran əsərindəki obrazlar tamaşaçı ilə açıq mükaliməyə girir və onu düşündürür, bir çox suallara cavab axtarır. Görəsən, haqlı olan kimdir, sovet mexanizmi, yoxsa əməkçi insanlar?..

Filmdə ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin əks olunması sovetin sərt ab-havasında cəsarətli addım sayıla bilər. Kolxozun, əmək qabaqcıllarının tərənnümü, “əmək insanı ucaldır, ona xoşbəxtlik gətirir” çağırışı da dövrün tələbidir. Düzdür, film haqqında yazılan rəylərdə belə bir fikir də səslənir ki, əsər o dövrün sovet kinokomediyası ənənələri əsasında köhnə sxem üzrə çəkilmişdir, ayrı-ayrı səhnələr uğurlu olsa da, ümumən götürdükdə zəif alınıb. Buna səbəb müəlliflərin ssenaridəki süjet xəttini və obrazları standartlaşdırmasıdır.

Rejissor isə müsahibələrinin birində film haqqında belə deyir: “Görüş” bədii filmi həmin dövrlə bağlı yadımıza çox şey salır. Bu film Moskvada ali kino institutunu bitirib Bakıya qayıdandan sonra kinostudiyada çəkdiyim ilk film oldu. Janrına görə kinokomediya idi. Burada komik aktyorların olması vacib idi. Məncə, filmdə aktyor seçimində səhv etməmişəm”.

Kinolentin operatoru Teyyub Axundov yaradıcılığı dövründə 50-dən artıq filmdə çalışıb. “Görüş” filminin çəkilişləri zamanı o, əmək fəaliyyətinə yenicə başlamış, ilk addımlarını atırdı. Sonralar o, filmlə bağlı xatirələrində yazır: “Operator kimi işlədiyim ilk bədii film rejissor Tofiq Tağızadənin “Görüş” filmidir. Bu film kinokomediya janrındadır. Kinokomediya da operator işi baxımından işıqlı tonda, plastik formada olmalıdır. Biz “Görüş” filmini də elə bu formada həll etməyə çalışdıq. Kolxoz mövzusunda olan filmin ssenarisi bir sıra kinolentlərdə olduğu kimi, məlum sxem üzrə yazılmış, bu isə işimizdə filmin bədii səviyyəsini xeyli aşağı salmışdır. Bütün bunlara baxmayaraq, uğurlu nəticə əldə edilmişdi”.

Həqiqətən də, filmdə gözəl aktyor ansamblı var. Arif Mirzəquliyev, Nelli Ataullayeva, Leyla Bədirbəyli, Həsənağa Salayev, Münəvvər Kələntərli, Əliağa Ağayev, Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Sona Aslanova, Əzizə Məmmədova, Məmmədəli Vəlixanlı və digər sənətkarlar yaddaqalan ifaları ilə tamaşaçıların diqqətini özlərinə cəlb edə biliblər. Qeyd etmək yerinə düşərdi ki, film Əliağa Ağayev, Barat Şəkinskaya və Ceyhun Mirzəyevin kinoda ilk işidir.

 

“Bu nə plovdur, yağ gətir...”

 

60 ildir Əliağa Ağayevin (Şıxəli) bu ifadəsi dillər əzbəridir. Aktyor sənətdə ilk addımlardan öz yumorları ilə seçilməyə başlayır. Bu filmdə onun dilindən təqdim olunan bir neçə deyim dillərə düşür, zərb-məsələ çevrilir.

Tofiq Tağızadə xatirələrinin birində deyir: “Əliağa kinoda ilk dəfə oynamasına baxmayaraq, elə bil çəkiliş meydançasına dəfələrlə çıxmışdı, özünü elə sərbəst aparırdı ki, ona nəyi isə izah etməyə, oyununa düzəliş verməyə ehtiyac qalmırdı. İşə çox ciddi yanaşır, rola elə girirdi ki, həyatda da özünü Şıxəli kimi hiss edirdi...”

Kinoşünas Aydın Kazımzadənin “Görüş” filmi ilə bağlı Əliağa Ağayevin oğlu Vaqifdən aldığı müsahibədən bir parça: “Bir gün axşam atam evə elə vəziyyətdə gəldi ki, onu tanımadıq. Anam bərk qorxdu. Atam dedi ki, çaya düşmüşəm, soyuq məni götürüb. Əvvəlcə biz heç nə başa düşmədik. Sonra bizə başa saldı ki, filmdə Şıxəli çaya düşməli idi. Həmin axşam səhərə kimi atam qızdırmadan yandı. Axır ki, dava-dərmanla səhərə yaxın özünə gəldi. Anama da ilk sözü bu oldu ki, incəsənət qurban tələb edir. Dedi, mən dura-dura mənim yerimə başqası suya düşməyəcəkdi ki...”

 

Filmin özbək qəhrəmanı

 

Ekran əsərində özbək qızı Lala İsmayılovanı oynayan Nelli Ataullayevadır. Filmdə onun obrazını unudulmaz aktrisamız Sofiya Bəsirzadə səsləndirib. Özbəkistanın Əməkdar artisti, sənədli filmlər rejissoru Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə doğulub. 1953-cü ildə Daşkənd Teatr İnstitutunun aktyorluq fakültəsini bitirib. Bir sıra filmlərə çəkilib. “Özbəkfilm”də “Əmirliyin devrilməsi”, “Sevgililər”, “Təzə mənzilə köç” filmlərində yaddaqalan rollar ifa edib. Rejissor kimi 20-dən çox sənədli filmə imza atıb. 1974-cü ilin mayında Nelli növbəti sənədli filmin çəkilişləri üçün Buxaraya yollanır. Gərgin və yorucu çəkilişlərdən sonra bərk xəstələnir, yüksək hərarət və öskürəkdən qurtula bilmir. Bacısı Rənanın təkidi ilə həkimə gedən gənc Nellidə ağciyər xərçəngi aşkarlanır. Özünü hər zaman gənc hesab edən aktrisa 43 yaşında bu dünyadan köçür.

 

Bir cümlənin dəyişdiyi tale

 

Arif Mirzəquliyev “Görüş”ün əsas obrazlarından olan Kamili canlandırır. O, həmçinin “O olmasın, bu olsun”da Sərvər rolunda da çıxış edərək böyük şöhrət qazanmışdı. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşarkən bir cümlə ilə istəyindən əl çəkir. Günlərin birində o, Bakıdan teleqram alır. Teleqramda yazılmışdı ki, atan ağır vəziyyətdədir. Səni görmək istəyir. Tələbə-aktyor təcili Bakıya gəlir, atası son nəfəsdə ona deyir ki, mən səni aktyor deyil, həkim görmək istərdim. Bu söz kifayət edir ki, Arif bir daha həmin instituta qayıtmasın. Bakıda imtahanlarını verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olur. Nevropatoloq ixtisasına yiyələnir və ömrünün sonuna kimi həkim işləyir.

 

Filmdə eyni zamanda bir-birindən maraqlı rəqs səhnələri də var ki, burada rəqqas Əlibaba Abdullayevin zəhməti danılmazdır. Quruluş verilən rəqslər göz oxşayır, insana zövq verir. Xüsusilə Xalq artisti Leyla Bədirbəylinin yüksək sənətkarlıqla ifa etdiyi rəqs tamaşaçıların estetik zövqünü zənginləşdirir.

Azərbaycan kinosu inciləri sırasına daxil olan “Görüş” filmi bundan sonra da hələ uzun illər ötən əsrin ortalarından soraq verərək nəsilləri bir-biri ilə görüşdürəcək, kino tariximizin görkəmli simalarını unudulmağa qoymayacaq...

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Dünyanın və Azərbaycanın tanınmış ictimai və siyasi xadimlərinin Azərbaycan mətbəxi barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir neçəsi aşağıdakı kimidir:

 

- "Mən qastrol həyatım boyu müxtəlif milli yeməklərin dadına baxmışam, amma Azərbaycan mətbəxi məndə ən güclü təəssürat yaradıb. Heç kim quzunu azərbaycanlılar kimi dadlı hazırlaya bilmir." Andrey Çernışov

 

- "Azərbaycan mətbəxi olduqca dadlı, müxtəlif, rəngarəngdir, lakin həm də çox təhlükəlidir. Təhlükə ondandır ki, yeyir, çəkinin qarşısını ala bilmirsən." İlham Əliyev

 

- "Azərbaycan dolması — Qafqazda ən dadlıdır." Anna Netrebko

 

- "Dünyanın bir çox ölkələrini ziyarət etmişəm və dünyanın bir çox mətbəxini tanıyıram, amma mənim üçün — Azərbaycan mətbəxindən daha dadlısı yoxdur." Vüqar Həşimov

 

- "Azərbaycan mətbəxi son dərəcə dadlıdır. Eyni zamanda, xörəklər zərif və romantik şəkildə təqdim olunur."  Alla Puqaçova

 

- "Dünyada tanış olduğum ən yaxşı mətbəx - Azərbaycan mətbəxidir." Yuli Qusman

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

 

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Sevgidə uğur formulu

 

Həyatda uğur qazanmaq anlamının bir tərkib hissəsi də sevgidə uğur qazanmaqdan ibarətdir, belə ki, müstəqil atdığı addımları yenicə möhkəmlənən, həyatın keşməkeşlərinə yenicə daxil olan gənc ilk sevgisinin uğursuzluq acısı ilə bütün qarşıda duran həyatının dadından, şirinliyindən məhrum olur, özünü həyat mübarizəsindən məğlub sanaraq cəmiyyətin «bədbəxtlər ordusu»nun əsgərinə çevirir.

İnsan həyatında ən vacib iki mərhələnin uğurlu ailə və uğurlu karyera qurmaq olmasını da gəlin unutmayaq. Uğurlu sevgi – bizim bu söhbətimizdə uğurlu ailənin təməlqoyucusu ampluasında olacaq.

Sevgi nədir? Bu psixoloji, yoxsa fizioloji haldır? Bu günümüzə qədər bəhs etdiyimiz mövzu barədə o qədər tədqiqatlara rast gəlmək olar ki.

Şübhəsiz, hər birimiz sevirik, sevilirik. Bu hisslərdən məhrum olan insana əsla rast gəlinməz. Sevən, amma sevginin ədalətinə inanmayanlar da, hələ sevməyən, amma sevgiyə inananlar da, həm sevən, həm də bu müqəddəs hissə etiqad edənlər də sonucda bir mətləbə gəlirlər: əgər Yer üzərində Leyli və Məcnun, Əsli və Kərəm, Romeo və Cülyetta, Tristan və İzolda dastanları yaranmışsa, deməli, bizim onu qəbul edib etməməyimizdən, ona təslim olub olmayacağımızdan asılı olmayaraq sevgi ta qədimdən yaranıb bugünümüzədək davam edən ölməz bir prosesdir, şübhəsiz, kainatda həyat durduqca da o duracaq.

Düzdür, illər, əsrlər sevgiyə məzmun cəhətdən müxtəlif korrektələr etmişlər və indi də edirlər. Amma yalnız korrektələr. Məğz isə olduğu kimi qalmaqdadır.

Fizioloqlar qeyd edirlər ki, orqanizmimizdə testosteron qrupunun harmonları yığılanda biz sevməyə başlayırıq. Beynimiz bizə sevməyə icazə verirsə sevgi ehtiyacı duyuruq.

Psixologiyada sevgi – fədakar, ürəkdən gələn bağlılıq hissidir, kiməsə, nəyəsə alüdə olmaq, meyl etməkdir.

Sevgi – dünya ədəbiyyatının, şübhəsiz, baş mövzusudur. Amma onun elmi mahiyyətini bilmək də çox vacibdir. Gənclər instinktlə sevirlər, düşünürəm ki, sevginin mahiyyətini, elmi izahını da bilsələr, bundan yalnız fayda tapa bilərlər.

«Uğursuz sevgi» anlayışı çox geniş yayılıb, uğur barədə kitab yazırıqsa, deməli, bu kitabda sevgi mövzusuna da geniş yer ayırmalı, ondan hərtərəfli bəhs etməliyik.

Kitabımızda ayrıca intihar mövzusuna artıq rast gəldiniz, qısaca olaraq qeyd etmək istəyirəm ki, əsas intihar səbəblərindən biri də uğursuz sevgidir. Nə qədər gənc cavabsız sevgiyə görə, nə qədəri isə sevgiləri qarşılıqlı olsa belə, qovuşma səadətlərinə, əngəllərinə görə intihar ediblər!

Ayrıca, nə qədər gənclərimiz var ki, uğursuz sevgi ucbatından sonrakı həyatlarını matəmə bürüyüblər, fizioloji intihar etməsələr belə mənəvi intihar ediblər, həyatın toy-bayramına, sevinclərinə, bir növ, oruc tutublar!

Şəxsən neçə insan tanıyıram ki, yaşadığı uğursuz sevgidən psixoloji sarsıntı keçirərək ömürlük əsəb xəstəliyi qazanıb. Neçəsini də tanıyıram ki, ailə qurmayıb, bütün həyatını təklikdə keçirməklə uğursuz sevgisinə yas tutub.

Düşünürəm ki, sevgi hissinin nə olduğunu dərindən öyrənmək hər bir kəsçün lazımlı, hətta mən deyərdim, vacibdir.

Bəşər tarixi boyunca sevgi formulasını şairlər, filosoflar, təbiblər səylə axtarıblar, amma onu tapmağa ən yaxın XIX və XX əsrin fizioloqları və psixoloqları olublar. Təbii ki, sevgi özü cismani deyil ruhi, yəni materialist deyil, idealist bir anlamdır, ona görə də onun dəqiq tərifi, düsturu da mövcud ola bilməz. Bununla belə, sevgini tək poetik planda deyil, fizioloji, hormonal-biokimyəvi planda mənimsəmək üçün kifayət qədər faydalı təlimlər mövcuddur.

Məsələn, bizim tələbəlik illərimizdən fanıdığımız məşhur sovet psixoloqu, sevgi tədqiqatçısı Y.Ryurikov sevgi fenomenini öyrənməkçün  hamını psixologiya, fiziologiya, seksologiya və kulturologiya təlimlərini sevgi barədə yazmış böyük yazıçı və şairlərin, habelə filosoflarının kəşfləri ilə birgə nəzərdən keçirməyin vacibliyini söyləmişdi. Yazar sevgi barədə məişət miflərinin elmlərin məcmusu ilə birlikdə sevginin mahiyyətinin sintezini yaratmasını ortaya qoymuşdu. Y.Ryurikovun sevgi formulası belə idi:

Sevgi – instinkt və hormonlar – əlvan eynəklər (sevən sevdiyini o qədər ideallaşdırır ki, onun yalnız müsbət cəhətlərini görə bilir ki, bunu da psixologiyada «əlvan eynəklər» ifadəsi ilə adlandırırlar) – razılaşa bilmək, ələ ala bilmək incəsənəti (biz bunu daha çox kompliment deməklə yola gətirmək anlamında başa düşürük) – yaxud idarə etməyə məcbur qaldığımız halların zəruri idarəsi.

Sevgi – insanın olduqca mürəkkəb daxili vəziyyəti olduğu üçün sevgi formulası da bütün dərinliklərə enə bilmək gücündə olmalıdır, əlbəttə ki. Və sevgi təlimlərini yaratmağın ən böyük çətinliyi də hər sevginin öz spesifikliyinin olmasıdır. Sevgi nüansları tipik olduqları qədər fərdi də ola bilir. Hər bir spesifikliyi ümumi təlimə gətirmək isə, ümumiləşmə baxımından mümkünsüzdür.

Sevgi təlimlərinin ən işıqlı tərəfi odur ki, onların köməkliyi ilə artıq kimlərçünsə bir xəstəliyə çevrilmiş sevgiyə diaqnoz qoymaq mümkün olur, sevginin quluna, köləsinə çevrilib kor-koranə təslim olmaq əvəzinə onu idarə etmək mümkün olur.

Sevginin növləri var, o çoxşaxəli, çoxməzmunludur. Bəzən o, əzab-əziyyətdir, dərddir, göz yaşıdır, nevroz, hipomaniyadır. Bəzən narkotik kimi asılı edən, tutub saxlayandır, bəzən də təbiəti al-əlvan edən rənglərdir, sevinc, səadət, xoşbəxtlik yağmuru yağdıran buluddur, bizi cəlbetmə məstliyinə aparan gipnotik dalğadır.

«Uğursuz sevgi», anlayışı niyə bəs öncə qeyd etdiyimiz bədbəxtçiliklərə yol açır, «faciəvi sevgi» məzmununu kəsb edir? Niyə səni sonradan tərk edirlərsə, yaxud əvvəlcədən sevginə cavab vermirlərsə, sevgi hisslərin daha da şiddətlənir, alovu səni yandırıb-yaxır, məhv edir?

London psixiatrları təsdiq edirlər ki, daha çox yeniyetməlikdə rast gəlinən «dəli kimi sevmək» halı doğrudan da mövcuddur, yəni ki, «dəli kimi sevmək» adicə söz yığını, zəmini olmayan təsvir deyildir. Psixiatrlar 30 nəfər şiddətlə sevən yeniyetmə üzərində sınaq aparmış, onları testdən keçirmişlər. Məlum olmuşdur ki, onlar doğrudan da xəstədirlər. Sevgi xəstəliyi əhval-ruhiyyənin kəskin dəyişilməsi, yuxunun qısalığı, şəxsi maraqlardan könüllü imtina, sevdiyindən tam asılılıq vəziyyətinə gəlib çıxmanı özündə ehtiva eləyir.

Amerika neyrobioloqları sevənlərin beyninin şəklini çıxararaq londonlu psixiatrların söylədiklərini təsdiq etmişlər. Sevən beynin patoloji fəallığı yalnız sevdiyinin sevgiyə qarşılıq verməsi nəticəsində dayanırmış, beyin normal fəaliyyətə qayıdırmış.

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Furqan Sadıqovun “Onun meyvəsi” hekayəsini təqdim edirik.

                                                                                                                                  

 

 Furqan SADIQOV

ONUN MEYVƏSİ

 

          “İdman malları” mağazasında satıcı işləyən Bəhmən sol ayağının dizdən aşağısını Cəbrayıl torpağında ağac kimi əkib. Tez-tez həmin ağacı yuxusunda görür. Hər dəfə görür ki, ağac bir az da boy atıb. İstəyir ağaca su versin, tez böyüsün, meyvə gətirəcəkmi, gətirməyəcəkmi, maraqlıdı ona. Amma su vermək istəyəndə yuxudan oyanır.

          Müharibədən əvvəl də həmin mağazada işləyib. Əzələli qolları var idi onda, indi qol ağacı da var. Mağazanın sahibi deyib ki, qazilərə canımız qurbandı, gəl yenə öz işində işlə. Maaşını yüz manat artırıb. Razıdı mağazanın sahibindən. Başqası olsaydı, deyərdi ki, ayağına görə mağazada iş axsayar. Bu demir.

          Bəhmən döyüş haqqında danışmağı sevmir. O günləri xatırlayanda fərəhlənsə də, yanında şəhid olmuş döyüş yoldaşlarına görə kədərlənir. Həmin anları yaddaşından silmək istəyir.

          Əsgərlikdə “82 millimetrlik minaatan batereyası”nda tuşlayıcı olsa da, tuşlamağı unutmuşdu. 2013-cü ildə gəlmişdi əsgərlikdən. Üstündən yeddi il keçəndən sonra hesablayıcını, bussolu duman kimi xatırlasa da, səfərbərlik zamanı onu çağırıb elə minaatan batareyasına göndərmişdilər. Amma tez xatırlamışdı hər şeyi. Minaatanı tuşlamağı bircə dəfəyə təkrar öyrənmişdi.

 

                                                         ***

 

           Əyilib yarımçıq ayağına baxanda dizdən aşağı boşluq əvəzinə minaatan lüləsi görür. Elə bilir ki, hər an yarımçıq ayağının içindən mərmi çıxa bilər.

          İşdi, birdən torpaqlar alınmasaydı, dəli olardı, bəlkə. Düşünür ki, mənim neçəsə faizim getdi, ölkənin iyirmi faizi qayıtdı. Yenə yaxşıdı.

 

                                                         ***

 

          Müştəri tennis topu istəyir, göndərir onu tennis topları olan tərəfə. Geniş mağazadı, nəsə axtaranda tapmaq asan deyil.

          Bəhmən də müharibədən qabaq yaxşı masaüstü tennis oynayan olub. Onu udmaq mümkün olmayıb. Dostlarına da o öyrədib oynamağı. Amma heç kəsə uduzmayıb. Hərdənbir dostları ilə tennis oynamağa gedəndə bir-bir hamını udub, sonra zarafatlaşıb, məzələnib onlarla. “Öyrənin, a kişi” deyib, “Öyrənin oynamağı! Bu qədər zəif bilməzdim sizi!”

          Dostları onun tennis oynamağına həsəd aparıblar.

          İş o yerə çatıb ki, Bəhmən onları udmaqdan yorulub. Tək ayaq üstə oynayıb. Hoppana-hoppana. Yenə udub.

          Həmin gündən sonra dostları tennis oynamağa tövbə ediblər.

          “Bir ayaq üstə də uduram sizi. Nə gündəsiz, ə!” deyib Bəhmən. “Öyrənin, sonra gəlin, oynayaq!”

          Daha dostları onunla heç vaxt oynamayıblar. Bəlkə də, lovğalanmağından inciyiblər.

 

                                                         ***

 

          Maaş aldığı günün gecəsi ağacın çiçəklədiyini gördü. Ağ-narıncı çiçəkləri çox qəşəng görünürdü. Sevinə-sevinə qalxdı yuxudan. Anası qəribə-qəribə baxdı ona. Bəhmən desəydi ki, yuxuda ayağımı görmüşəm, çiçək açmışdı, anası ağlayardı.

          Bəhməndən soruşan olsa, deyər ki, ən çox peşman olduğu şey, dostları ilə bir ayaq üstə tennis oynamaqdı. Lovğalanb deyə, Allah onu cəzalandırıb.

          Hər dəfə qol ağacına söykənəndə qulağına səs gəlir:

          “Oğulsan, həyata da bir ayaq üstə qalib gəl!”  

          Ayağına protez qoyulan gün gec yatdı. Yata bilmirdi sevincdən. Bir ayaq üstə yaşamaq asan deyilmiş. Bir neçə ay ərzində gördü bunu.

          Yuxuda gördü ki, ağac meyvə gətirib. Sevindi. Dadına baxmaq istədi, yaxınlaşdı ağaca. Lap yaxına gələndə gördü ki, meyvə deyilmiş bu, tennis topuymuş, sən demə!

          Elə yuxudaca ağladı.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

                  

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyat funksionerlərinin və ədəbiyyatşünasların ən sevimli mövzusudur bu. Amma yazıçılar çox zaman bu mövzudan qaçırlar, polemikalarda isştirak etmək istəmirlər. Niyə? Çünki istədikləri effekti tam görə bilmirlər. Unutmayaq ki, elə çox da uzaq olmayan sovet dönəmində ədəbiyyat cəmiyyətə çox ciddi təsir edirdi, onun təsir rıçaqları yeni insan formalaşdırmağa hesablanmışdı hətta.

 

1. Müasir ədəbiyyatın cəmiyyətin sosial problemlərinə işıq tutması

 

Müasir ədəbiyyat, sosial bərabərsizlik, iqtisadi problemlər, psixoloji böhranlar və digər cəmiyyətin vacib məsələlərini işıqlandırmaqda böyük rol oynayır. Yazıçılar cəmiyyətdəki bu problemləri öz əsərlərində əks etdirir, oxuculara dərindən düşündürmək və onlara yeni baxış bucaqları təqdim etmək məqsədini güdürlər.

 

Məsələn:

- J. K. Rowling "Harry Potter" seriyası ilə fərqli siniflər arasında olan münasibətləri, dözümsüzlük və nifrət anlayışlarını təsvir edir.

- Zadie Smith müxtəlif millətlərin və mədəniyyətlərin qarşılıqlı münasibətlərini işləyən əsərləri ilə cəmiyyətin dəyişən üzünü göstərir.

 

2. İnsan təcrübəsini və emosional dünyasını tərənnüm etməsi

 

Müasir ədəbiyyat, insanların iç dünyasını daha dərindən anlamağa və özünü kəşf etməyə kömək edir. Bu, xüsusilə insanın öz kimliyini tapması, emosional çətinlikləri və mənəvi mübarizələri ilə bağlı əsərlərdə özünü göstərir.

Məsələn:

- Sylvia Plathın "The Bell Jar" əsəri, bir gənc qadının psixoloji böhranını və cəmiyyətin ona qoyduğu gözləntiləri təhlil edir.

- Haruki Murakami isə fantastika ilə birləşməsi təəssüratı yaradan “Kafka sahildə” kimi psixoloji dramları ilə oxuculara fərqli dünyaların qapılarını açır.

 

3. Müasir ədəbiyyat və mədəniyyətin qarşılıqlı təsiri

 

ədəbiyyat, cəmiyyətdəki mədəni dəyişikliklərə də təsir edir. Müasir yazıçılar, xüsusilə cəmiyyətin dəyişən normativlərinə, gender məsələlərinə və qlobalizmin təzahürlərinə qarşı təpkilərini və ya rəylərini əsərlərində əks etdirirlər.

Məsələn:

- Chimamanda Ngozi Adichie "We Should All Be Feminists" adlı əsərində cəmiyyətdəki gender bərabərsizliyini təhlil edir və həmçinin fəlakətli cəmiyyətdə qadınların hüquqlarını müdafiə edir.

- George Orwellin "1984" əsəri, totalitar rejimlərin və cəmiyyətin azadlıq və müstəqillikdən necə məhrum olduğunu göstərir.

 

4. Texnologiyanın və yeni media vasitələrinin təsiri

 

Müasir ədəbiyyat, texnologiyanın inkişafı ilə paralel olaraq dəyişir. Kitabların elektron formatda çap edilməsi, audiokitablardan istifadə və sosial media platformalarında ədəbiyyatın yayılması, insanların əsərlərə olan münasibətini dəyişdirir.

Məsələn:

- Elektron kitablar və blog yazıları cəmiyyətdə daha geniş oxucu kütləsi yaratmağa imkan verir, həmçinin yazıçıların fikirlərini daha sürətli və daha geniş yaymağa kömək edir.

- Sosial media, xüsusilə "Twitter" və "Instagram" kimi platformalar, qısa forma ədəbiyyatının və mikropoetikaların (məsələn, haiku və ya aforizm) inkişafına səbəb olub.

 

5. Daha çox müxtəliflik və müxtəlif mədəniyyətlərin təmsil olunması

 

Müasir ədəbiyyat, daha geniş mədəniyyət və etnik qrupların təmsil olunması ilə zənginləşir. Yazıçılar öz əsərlərində müxtəlif millətlərin, irq və dinlərin təmsilinə və hər bir mədəniyyətin müxtəlifliyin anlaşılmasına çalışırlar.

Məsələn:

- Arundhati Roy "The God of Small Things" əsəri ilə Hindistanın sosial və mədəni müxtəlifliyini və onun təbəqələşmiş cəmiyyətini əks etdirir.

- Ta-Nehisi Coates "Between the World and Me" adlı məqalə kitabında Amerika cəmiyyətində qaradərililərin qarşılaşdığı cətinlikləri təsvir edir.

 

6. Müasir ədəbiyyatın cəmiyyətdəki etik və siyasi məsələlərə təsiri

 

Müasir yazıçılar tez-tez cəmiyyətin etik və siyasi məsələlərini əks etdirir və oxucuları bu məsələlərlə bağlı düşünməyə dəvət edir. Bu cür əsərlər, müzakirələrin və daha geniş sosial hərəkətlərin formalaşmasına kömək edə bilər.

Məsələn:

- Margaret Atwood "The Handmaid's Tale" əsəri ilə gender bərabərsizliyi və hüquq azadlıqları mövzusunda sosial düşüncəni dərinləşdirir.

- Albert Camus "Yad" əsəri ilə mənəvi boşluq və həyatın absurdluğunu göstərərək oxucuları daha geniş fəlsəfi düşüncələrə təşviq edir.

 

Ədəbiyyat insan həyatının güzgüsüdür. Zaman keçdikcə dəyişən cəmiyyətlər, onların düşüncə tərzi, duyğuları və problemləri ədəbiyyat vasitəsilə ifadə olunmuşdur. Xüsusilə müasir dövrdə ədəbiyyat yalnız estetik zövq deyil, həm də sosial şüurun formalaşmasında mühüm rol oynayan bir vasitəyə çevrilmişdir. Müasir ədəbiyyat təkcə hadisələri təsvir etmir, o, həm də onları analiz edir, tənqid edir və cəmiyyətə özünü dərk etməkdə yardımçı olur.

 

*Sosial problemlərin ədəbiyyatda əks olunması*

 

Müasir yazıçılar cəmiyyətin ən aktual problemlərini əsərlərində qaldıraraq oxucuları düşünməyə vadar edirlər. İqtisadi ədalətsizlik, sosial bərabərsizlik, gender ayrı-seçkiliyi, psixoloji gərginliklər və müharibə kimi mövzular bu günkü ədəbiyyatın əsas istiqamətlərindəndir. Ədəbiyyat bu məsələlərə fərqli prizmadan baxmağı və müxtəlif təbəqələrin səsini duyurmağı mümkün edir. Beləliklə, oxucu cəmiyyətin reallıqları ilə daha dərindən tanış olur və bəzən həyatın fərqli üzlərini ilk dəfə ədəbiyyat vasitəsilə dərk edir.

Məsələn, Chimamanda Ngozi Adichie kimi müasir yazıçılar irqçilik və feminizm mövzusunda yazdıqları əsərlərlə cəmiyyətin bu problemlərinə işıq salırlar. Onların əsərləri oxucunu sadəcə əyləndirmir, həm də maarifləndirir, düşündürür.

 

*İnsan psixologiyasının və fərdi təcrübələrin tərənnümü*

 

Əvvəllər kollektiv mövzular üstünlük təşkil edirdisə, bu gün fərdi hekayələr, şəxsi yaşantılar və emosional təcrübələr müasir ədəbiyyatın əsas mövzusuna çevrilib. İnsan duyğularının dərindən araşdırılması oxucu ilə daha güclü bir emosional bağ yaradır. Yazıçılar həyatın çətinliklərini, daxili sarsıntıları və psixoloji böhranları təsvir etməklə həm empatiya hissini oyadır, həm də bu halların normal olduğunu göstərərək oxuculara dəstək olurlar.

 

Nəticə

 

Müasir ədəbiyyat təkcə yazı və ya hekayə deyil — o, cəmiyyətin nəbzini tutan, problemlərə güzgü tutan və insanları düşündürən güclü bir vasitədir. O, sosial, psixoloji, mədəni və siyasi sahələrdə cəmiyyətə təsir göstərməklə, insanları həm fərdi, həm də ümumi səviyyədə inkişaf etdirir. Bu səbəbdən müasir ədəbiyyatı oxumaq, dəyərləndirmək və ondan nəticə çıxarmaq təkcə bir zövq deyil, həm də bir vətəndaşlıq məsuliyyətidir.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.