ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Xiyavda yaşayan Sara Turidir.

Qulağın bataqlığına saplanmayan duman idim

Ucu qucağına gedər yolların kələfi

Qolum Belin qıvrıltısından qucağını sapmış yol.

 

Sara Turi

Təbriz

 

 

***

 

Dünyanı ikiyə böldülər

Acgöz siyasətçilər

Ətini yeyib,

Sümüyündən qəfəs qurdular “Azadlığa”...

 

***

 

Mən günah daşıyıram

Qadın adıyla

Odur ki, bütün dərdlərə boyluyam

Və hər gün sancı çəkib

Nisgil doğuram

Ad qoyurlar üstümə

Oluram “Birinci”-nin

“İkinci”-si.

 

***

 

Səməd əmi gəlmədi!

O gündən bütün mədrəsələr yetim qaldı

Bu həngamədə vay düşdü ürəklərə

Birdən uşaqlar ayıldı!

Özlərini vurdular Araz çayına

Qarabalıq tuturlar Səməd eşqinə...

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Həm maraqlı süjet, həm peşəkar çəkiliş, həm gözəl aktyor ifası...

Xalq artisti, kinorejissor Tofiq İsmayılovun 1982-ci ildə «Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılı haqqında söhbət açacağam.  1982-ci ildə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmin ssenari müəllifi Oqtay Məmmədov, quruluşçu operatoru Şərif Şərifovdur. Baş rollarda Yaşar Nuri, Eldəniz Zeynalov, Siyavuş Aslan, Həmidə Ömərova və başqaları çəkilib.

 

 Azərbaycanın məşhur “Məlikməmməd” nağılı əsasında çəkilən film uşaqlar üçün nəzərdə tutulub. Hazırki orta yaş qrupunun 40 il əvvəl sevə-sevə izlədiyi “Əzablı yollar” filmində nağılın süjeti dəyişilərək, şərə qarşı mübarizədə “güc birlikdədir” ideyası əsasında qurulub. Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır. Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar.

Tofiq İsmayılov bununla bağlı vaxtilə mediaya verdiyi müsahibəsində deyir: “Nağıl sırf ailə, məişət nağılı idi, mən onu ictimailəşdirdim. Nağılda Məlikməmməd qardaşlarını öldürür, hakimiyyətə gəlir. Bu, tayfa nağılıdır, onu bu müstəvidən çıxardım. Qəhrəmanlar üç qardaş kimi gedib dost kimi qayıdır”.

Mahnıları Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə, Eldar Axundov, Lütfiyar İmanov, Yaşar Nuri, Səyavuş Aslan ifa ediblər.

 

Divlərin filmdə səsləndirdiyi mahnı gülüşlə qarşılansa da, uzun müddət o vaxtıkı kiçik yaşlı tamaşaçılarının dilinin əzbəri olmuşdu:

 

“Necə dözək belə dərdə,

yaşamağa qoymur bizi,

bələkdəki bəbələr də,

it yerinə saymır bizi.

 

Div deyilik oyuncağıq

dərdimizi demək olmur.

Adamların dadı qaçıb,

Adamları yemək olmur”.

 

Ən vacibi - “Əzablı yollar” 1989-cu ildə Amerika kinoprodüserlərinin seçdiyi 17 ən yaxşı sovet kinolenti siyahısına daxil edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə “Əzablı yollar” (“Məlikməmməd”) film-nağılını bərpa edib. Filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Çərşənbə, 16 İyul 2025 16:40

“Bulağ”ı evlərə axıdan istedadlı aktyor

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

“Bulaq”verilişi azərbaycanlıların milli-mənəvi dəyərlərini üzə çıxaran, adət-ənənələrini, folklorunu gündəmdə saxlayan bir xəzinə idi, sovetlər dönəmində milli yaddaşımızım bariz ifadəsi idi.

Və o verilişin səsi hər bir azərbaycanlıya tanış lan aparıcısı var idi – İlham Əsgərov.

 

Azərbaycan Respublikasının xalq artisti İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

Və qeyd etdiyimiz kimi, Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.

 

Azərbaycan Dövlət Televiziyasında rolları

- Vilyam Şekspirin "İki veronalı" (Valentin)

- İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),

- Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),

- Mar Bayciyevin "Ər və arvad" (Əziz),

- Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,

- Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)

 

Filmoqrafiya

- Aşıq Məhəmməd Sadaxlı

- Bitməyən ömür

- Biz qayıdacağıq

- Biz qayıdacağıq

- Böyük ömrün anları

- Böyük ömrün davamı

- Cavad xan

- Cavid ömrü

- Doğma sahillər

- Dönüş

- Düma ömrünün qırx günü

- Ər və Arvad

- Fatehlərin divanı

- Fədakar

- Güllələnmiş heykəllər

- Günahsız Abdulla

- Həsrətli gözlərin rəsmi

- Xilaskar

 

İlham Əsgərov Azərbaycan Respublikasının Əməkdar Artisti, Xalq Artisti fəxri adlarına, 3 dəfə Prezident Mükafatına və Cəfər Cabbarlı mükafatına layiq görülüb. 6 sentyabr 2015-ci ildə Bakıda vəfat edib. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib. İlham Əsgərov Kərbala ziyarətində olub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

 

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Cəbrayıl Dövlətzadə

 

 

 Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. Subay idi.

Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Görüşünə gəlmişəm,

Ağlayım, susum səni?

Dur, öpüm başdaşından.

Bağrıma basım səni.

 

Görüşünə gəlmişəm,

Qəlbinə su səpəcəm.

Gətir, o silah tutan

Əllərini öpəcəm.

 

Öpəcəm tarix yazan

İgidliyindən sənin.

Öpəcəm o müqəddəs

Şəhidliyindən sənin.

 

Necə gözəl baxırsan,

Gözünə qurban, şəhid.

Şuşaya doğru gedən,

İzinə qurban, şəhid!

 

Sən döyüşdə sonacan

Qalan qəhrəman oğul.

Generalın qisasın

Alan qəhrəman oğul.

 

İndi komandirinlə,

Yan-yanasan, qoşasan.

Adın Cəbrayıldısa,

Özün Laçın, Şuşasan.

 

Füzuli, Kəlbəcərsən

Dayanmısan dağ kimi.

Qələbəsən, zəfərsən,

Külli-Qarabağ kimi.

 

...Görüşünə gəlmişəm,

Necə gözəl baxırsan.

Şəklinə qurban, şəhid.

Elə bil bəy çıxırsan!

 

 “Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

 

Çərşənbə, 16 İyul 2025 16:10

Sözə səcdə edən kitab

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Ədəbiyyatımızın aşıq poeziyası ruhunu müasir düşüncə ilə yoğuran tanınmış şair İbrahim İlyaslının yeni kitabı – “Salam sahibi Haqqdı...” işıq üzü görüb.

Kitab, Azərbaycan Yazıçılar Birliyinin layihəsi çərçivəsində nəşr olunub.

 

Layihənin rəhbəri – şair və ədəbiyyat təşkilatçısı Xəyal Rza, redaktoru – tanınmış söz adamı Xaqani Qayıblı, ön sözün müəllifi – ədəbi-tənqidi baxışı ilə seçilən Rüstəm Kamal, məsləhətçi – söz xiridarı Qorxmaz Tofiqoğlu, nəşrə hazırlayan isə Həmid Ormanlıdır.

Bu nəfis topluda İbrahim İlyaslının əvvəlki kitablarından seçmələr və son illər ərzində qələmə aldığı divani, təcnis, qoşma, gəraylı, qıfılbənd, müxəmməs kimi klassik janrlarda yazılmış poetik nümunələr yer alır. Əsərlər həm məzmun, həm də forma baxımından aşıq poeziyasına sədaqətlə yanaşı, şairin özünəməxsus dünyagörüşünün və söz dünyasının da zənginliyini əks etdirir.

Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, bu şeirlərin bir çoxu artıq çağdaş aşıqlarımızın ifasında sazda səslənir – bu da kitabın təkcə ədəbiyyat yox, musiqi mühitində də necə rezonans doğurduğunu göstərir.

Şair bu kitabı aşıq poeziyasının vurğunu və söz sərrafı olan atası – Musa müəllimin əziz xatirəsinə ithaf edib. Bu fakt təkcə kitabın emosional yükünü deyil, müəllifin ruhla, nəsillə, sözlə qurduğu mənəvi bağları da dərinləşdirir.

“Salam sahibi Haqqdı...” – deyir şair. Bu sözlə oxucusunu Haqqa, səmimiyyətə, saf niyyətə səsləyir.

İnanırıq ki, sözə salam verən bu əsər, tezliklə öz layiqli yerini tapacaq və ədəbiyyatsevərlərin qəlbində xüsusi məqamda dayanacaq, müəllifə bol oxucu rəğbəti qazandıracaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Çərşənbə, 16 İyul 2025 15:37

Şair olmaq istəməyən xalq artisti... - PORTRET

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Olduqca inadkar adamdır. Məqsədinə nail olanadək yorulmadan çalışır. Dürüstlük və etibarlılıq onun üçün çox vacibdir. Fədakarlıq alın yazısıdır. Haqsızlıqla qarşılaşanda tərəddüd etmədən mübarizəyə atılır. Dostluqda etibarlıdır, dostlarına sonadək sadiq qalır. Ədalət onun üçün çox önəmlidir. Planlı və nizamlı şəkildə hərəkət etməyi xoşlayır. Yaxşı intuisiyası var, hadisələri əvvəlcədən hiss edə bilir. Azadlıq aşiqidir, məhdudiyyətə nifrət edir. İnsanları sevən, lakin tünlükdən qaçan adamdır. Sülh və əminamanlıq onun ən böyük istəyidir. Çox ciddi və düşüncəli olduğu üçün öz üzərinə məsuliyyət götürməkdən çəkinmir. Bir az dərvişliyi də var- dünyanı yaşamaq üçün ideal yer hesab etmir və adətən tək qalmağa üstünlük verir. Bir sözlə, onu insanlara sevdirən ədalətli və vicdanlı olmasıdır. Analitik idraka malik olduğuna görə, nəyisə sınaqdan keçirmədən qərar vermir. Onun üçün kəmiyyət yox, keyfiyyət daha üstündür. Lazımsız yerlərə pul xərcləmir, israfçılıqdan çəkinir...

 

Deyir ki:- “Teatr hər zaman olub. Əvvəl də var idi, bu gün də var. Teatr ayrı-ayrılıqda bir prosesdir, haqqında danışarkən onu əsasən iki mərhələyə, sovet və müstəqillik mərhələsinə bölmək lazımdır. Təbii ki, bu dövrlərdə teatrın uğurlu, uğursuz vaxtları da olub. Məsələn, SSRİ dövründə böyük bir imperiyada Azərbaycan teatrı, Azərbaycan aktyorları çox böyük işlər görüblər, çox yüksək sənət əsərləri göstəriblər. Bu dövrdə çox böyük sənətkarlar yetişib. Müstəqillik dövrünə gəldikdə isə, ilk vaxtlar bütün sahələrdə olduğu kimi, teatrda da bir durğunluq yaşandı. Bu, hamı üçün gözlənilməz idi. İctimai formasiya dəyişirdi. Nəyin necə olacağını bilmirdik. Amma indi bütün bu proseslər öz yoluna düşüb və necə deyərlər, hər şey yaxşılığa doğru gedir. Öz fikirlərimi təsdiqləmək üçün təkcə bir faktı demək istəyirəm. Bu il biz Azərbaycanda ilk dəfə müstəqil teatrların festivalını keçirdik. Səmimi deyim ki, mənim də xəbərim yox idi, biz festival keçirəndə gördük ki, Bakıda 20-yə yaxın müstəqil teatr var. Bu çox gözəl göstəricidir, buna sevinmək lazımdır. Əlbəttə, bu teatrların çoxunun müstəqil binası yoxdur, stabil heyəti yoxdur, bir çox problemləri var. Amma bu yeni formalaşan məsələdir. Getdikcə daha da yaxşılaşacaq. Qeyd edim ki, Bakıda hər zaman teatr və teatrı sevən insanlar olub. Əgər biz yaşda aktyorlar hələ teatrdan bezib getməyibsə, deməli, hər şey yaxşıdır.”

 

Söhbət prezidentin fərdi təqaüdçüsü, xalq artisti Vidadi Həsənovdan gedir. O, 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Orta təhsilini orada başa vurub. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunda dram və kino aktyoru ixtisasına yiyələnib. 1986-cı ildən həmin elm məbədində müəllim kimi çalışır. "Estrada rejissoru" kafedrasının dosentidir. Eyni zamanda "Media Company"-nin nəzdində yaradılmış "M. Teatr Production"un bədii rəhbəridir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı işıq üzü görüb. Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə Tibilisidə və eləcə də Moskvada ssenaristlər kursunu keçərək, beynəlxalq sertifikatlar alıb...

 

“Bəlkə də, bir az bəsit müqayisə olacaq, ancaq yenə də deyim. İnsan ac olanda yemək istəyir. Ac olmayanda yeməyə ehtiyac duymur. Teatr da insanın digər ehtiyacları kimidir. Adam var ki, özündə teatra getmək ehtiyacı duyur, adam da var ki, onun üçün teatrın varlığının və ya yoxluğunun elə bir əhəmiyyəti yoxdur. Sən nə qədər təbliğat aparsan da, izah etməyə çalışsan da- "mənə teatr lazım deyil", deyəcək. Bu, normal haldır. "Bizim insanlar niyə teatra getmirlər?" sualı ritorikdir. Bu sualın cavabı yoxdur. Heç kəs bu suala cavab verə bilməz. Getmək istəyən teatra gedəcək, getmək istməyən də getməyəcək.”- söyləyir…

 

Bir sıra əsərlərin səhnələşdirilməsində rejissorluq edib. Eləcə də tetrda və iyirmi beşə yaxın filmdə aktyor kimi müxtəlif obrazları canlandırıb...

 

Deyir ki:- “İndi bir çox insanlar ancaq nostalji hisslərlə yaşayırlar, müasir filmlərə baxmadan, müqayisə aparırlar. Mən bir neçə festivalda iştirak etmişəm. Həmin festivallarda Azərbaycanın yeni filmləri nümayiş olunub. O filmlər haqqında orada yüksək fikirlər deyilib. Hətta, Kazan festivalında bir çox peşəkar adamlar, böyük mütəxəssislər bu filmlər barədə çox yüksək fikirlər səsləndiriblər. Mən şəxsən bunun şahidi olmuşam və o fikirləri sosial şəbəkələrdə paylaşmışam. Belə olan halda indi belə filmlərin pislənməsilə bağlı fikirlərlə necə razılaşmaq olar? Gəlin, "Bəyin oğurlanması" filmini misal göstərək. Aktyorlar da, rejissorlar da, kinoşünaslar da qeyd edirlər ki, öz bədii dəyərinə görə bu film o qədər də yüksək film deyıl. Daha çox regional filmdir. Düzdür, orada deyilən hər söz insanların dilindədir, orada deyilən hər söz zərbi-məsələ çevrilib. Amma bu film bədii dəyər baxımından zəif filmdir. Sən onu götürüb Azərbaycandan hansısa festivala aparsan, heç onu müsabiqəyə də salmazlar. Ancaq uşaqdan-böyüyə hamı o filmi sevir. "Əhməd haradadır" filmini sevməyən var? Ancaq ona kateqoriya veriləndə ən aşağ kateqoriya verilmişdi. Amma bizim elə mürəkkəb, elə qəliz filmlərimiz var ki, onlar uğur qazanıblar. Ola bilər ki, o filmlər Azərbaycanda göstərilər və bəyənilməz. Ancaq bu, o demək deyil ki, həmin filmlər uğurlu deyil. Bu baxımdan Azərbaycanda kino prosesi çox uğurlu gedir. Hər sahənin çatışmayan cəhətləri olduğu kimi bu sahənin də çatışmayan cəhətləri var. Əsas məsələ də maddi məsələdir. Bu məsələ həll olunsa, biz daha yaxşı filmlər çəkə bilərik.”

 

Bəli, xalq artisti kino sənayesindəki problemləri görür və çox narahatdır. Haqlı iradları var: “Bizdə bu qədər tarixi filmlər çəkilib. Hansından razı qalmısınız? Ona görə tarixi seriallar çəkilməsə yaxşıdır. O cür serialları çəkmək asan məsələ deyil. Paltardakı detallar, sifət cizgiləri, təbiət mənzərələri və sair çox dəqiq olmalıdır. Buna isə külli miqdarda vəsait lazımdır. Türkiyə seriallarına baxın, demək olar ki, dünya teleməkanını zəbt ediblər. Elə bir ölkə yoxdur ki, orada türk serialları nümayiş etdirilməsin. Təbii ki, o səviyyəyə gəlib çatmaq üçün peşəkarlıqla yanaşı, maddi vəsait də əsasdır. Məsələn, bəzi deputatlarımız müəyyən məsələlərin həllində dünya təcrübəsini misal gətirirlər. Eyni şəkildə kinomuzun, teatrımızın problemlərini də dünya təcrübəsinə uyğun həll etmək olar. Çünki hər şeyi dövlətdən gözləmək olmaz. Ən azı ona görə ki, bu gün bizim bərpasını gözləyən Qarabağımız var. Düzdür, hər sahədə olduğu kimi, bu sahədə də müsbət yanaşmalar var. Ancaq nə edəsən ki, hələ də nəticə o deyıl.”- deyib köks ötürür...

 

Ümumiyyətlə, Vidadi Həsənov zəhmətkeş adamdır. Necə deyərlər, arı kimi səhərdən axşamadək çalışır. İnanır ki, Azərbaycan kinosunun ən böyük uğurları hələ qabaqdadır...

 

İyulun 16-sı haqqında danışdığım xalq artistinin 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

 

Çərşənbə, 16 İyul 2025 15:05

MƏN KİMƏM LAYİHƏSİNDƏ Murad Vəlixanov

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Hardasa oxumuşdum ki, qədim inanclara görə "işıqlı yolun başlanğıcında şeir 

söyləmək kimi bir sirr var...” Bu sirrin açılması üçün bütün varlığını- içindəki 

amansız mübarizələrlə bərabər şəkildə ortaya qoymalısan. Bunu bacarsan, yəqin 

etmək olar ki, azadlığına da qovuşa bilərsən...

Bu yazını niyə belə başlamağımın çox sadə bir izahı var:

"Bəli, mən yenə də sehirli bir kitabın ahuşundayam və mənə elə gəlir ki, hələ bir

 müddət bu sehirli kitabın təsirindən çıxa bilməyəcəm... Ona görə yox ki, başqa 

sehirlərin gücü yoxdu, ona görə ki bu kitabın sehrində "mən”in axtarışı var, irfani 

yol var... 

İnsan yaranışdanmı darıxmağa məhkumdur? Yoxsa, insan ömrünün müəyyən 

vaxtlarında belə olur?! Bəlkə, darıxmaq bizim ruhumuzun bir hissəsidir... insan

darıxmağın ruhunu daha böyük mənada əxz edir. Bu darıxmaq fiziki yox, ruhani 

darıxmaqdı. Bu darıxmaq göydə məqam tutmuş bir sufi darıxmağıdır...

Varlıq anlayışının alt qatlarında yoxluğun işarəsi var. İnsan

oğlu burada bütövləşmiş ruhun cizgilərini, konturlarını cızır... Ayrı-

ayrılıqda iki sevənin varlığı bütövləşmədiyi kimi, birlikdə olanda da parçalana 

bilmir...

"Biz” sözünün mahiyyətini bütöv, yəni kamil düşüncə baxımından işlədən insan

adlanan varlıq bu üç hərfli sözün mənasını özünəməxsus şəkildə bildirir...

Yerlə göy arasında çırpınan ruhun azadlığa ehtiyacı olduğu kimi, sevənin sevdiyinə

 qovuşmasına da bir o qədər istəyi, arzusu var. Ancaq bu sevgidə ünvana çatmaq 

üçün çox əzablar çəkməlisən, çox sınaqlardan keçməlisən... Ən sonda bu sınağın 

nəticələri aşiqin gələcək taleyini müəyyən edir. Şair sevginin əzablı yollarının 

varlığını labüd hesab edir. Belə ki, əziyyətin verdiyi güc, sevginin müdafiəsini 

artırır, onun saflığını qoruyur və ömrünü uzadır... Şamil Sadiqin şeirlərinin birində

belə bir misra oxumuşdum.

"Mən yer olum, sənsə göy” bu qovuşmanın müqəddəsliyi və paklığı ilə

əlaqələndirilir... hər bir mövzunun və

kitabın sehir dolu qüvvəsi oxucunu özünə maqnit kimi çəkir. Pafosdan uzaq, sadə 

və səmimi şəkildə hisslərin ötürüldüyü kitabda müəllifin yaşını müəyyən etmək 

olmur. O həm gənc bir aşiq hissləri ilə, həm də müdrikləşmiş və əzab çəkmiş 

dərviş libasında görünür.

Bu da oxucunun ruhunu oxşayır, onu yormur, əksinə mənəvi dünyasına dinclik 

gətirir... 

Bütün ağrıların əvvəli, bütün əzabların sonu özünə qayıdışdadır... Özünü tapmaq 

və özünü görmək yeni bir mərhələyə qədəm qoymaqdır. İnsan

əslində özünü aradıqca bir çox məqamlarla tanış olur, özünü axtardıqca həm də 

özünü itirir... Ocaq əslində "həyat eşqi” deməkdir, müəllif həyat eşqinin sönməkdə 

olan işartısını görməklə yeni bir "ocağı” yandırmış olur, yenidən həyata başlamaq,

 həyat eşqinə köklənməyə can atır...  

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Həyatın gözəlliyi bəzən heç gözləmədiyimiz anda, heç kimin görmədiyi bir yuvada gizlənir...

 

Yayın əvvəlində həyətimizin bir küncündə qəribə bir hərəkətlilik başladı. Qaranquşlar gəlib-gedir, evin eyvanında, damın alt hissəsində yer ölçür, nəsə axtarırdılar. Amma ən qəribəsi, hər səhər iki cüt qaranquş gəlib pəncərə dəmirinə qonur, evi səssizcə izləyirdi. Elə bil, bir növ, məşvərət aparırdılar. Gözlərində həm maraq vardı, həm də ehtiyat.

 

Bir gün sakitcə atamla həyətə baxırdıq. Mən pıçıltı ilə dedim:

— Ata, bax... quşlar bizə baxır. Elə bil qərar verə bilmirlər...

Atam gülümsəyib cavab verdi:

— Yəqin yoxlayırlar... Görürlər ki, bu evdə mərhəmət var, təhlükə yox. Bəlkə də bilirlər, biz onların dilindən anlayırıq.

Halbuki qaranquşlar öz yuvalarını özləri tikməyə alışmış quşlardandır. Onlar yuvanı ağızlarının suyu ilə palçıqdan yapışdırır, hər çöpü sanki ürəkləri ilə seçirlər. Biz deyirdik:

— Gəlməz axı... Qaranquş özgənin yuvasında yaşamaz. Öz zəhmətinə bağlıdır...

Amma səhəri gün gəldi. Sanki təşəkkür edirmiş kimi sakitcə qondu düz bizim düzəltdiyimiz yuvaya. Elə bir baxdı ki... o baxışda min söz vardı, min minnətdarlıq...

— Qaldı burda... – deyə sevincimdən pıçıltıyla dedim.

Atam asta dilləndi:

— İnsan da bəzən öz evini tikə bilməyəndə bir çiyin axtarır, bir mərhəmətli qapı... Quş da elədi, qızım.

 

Az sonra üç balaca yumurta göründü. Günlər keçdi. Səs-səsə, cikkiltiyə büründü həyətimiz. Balaları böyüdü, qanad açdılar, artıq yuvaya yığışmırdılar. Uçurdular, amma yuvanın üstündən keçərkən yenə də aşağı baxırdılar. Elə bil deyirdilər:

— Biz burda böyüdük... burda sevgi vardı.

Amma bu gün başqa bir səssiz fəlakətə şahid olduq. Evin arxasında iki alabaxta — yəqin bülbül ya da başqa bir sevimli quş növü — yuva qurmaq istəyib. Amma bacarmayıblar. Cəmi 3-4 kol, yuvaya oxşamayan bir toxunuş... üstəlik iki yumurta da yerə düşüb qırılıb. Biz yaxınlaşanda ikisi də barının üstündə oturub, başlarını bədənlərinə sıxıb, səssizcə baxırdılar. Amma o baxış... o baxış hiss dolu, məyus, sual dolu idi.

— Ata, yumurtaları qırılıb...

Sözlər boğazımda düyünləndi. Sanki o kiçik səsdə kədərimin bütün çəkisi vardı.

Atam dərindən nəfəs aldı, sakitcə dedi:

— Onlar da analardır... İndi bu susqunluğun adı var – "itki"... Bizim danışa bilmədiyimiz dildə susurlar indi.

Heç bir söz demədən atam materialları yığdı, onların da yuvasını tikdi. Yumşaq, qoruyucu bir künc düzəltdi. Quşlar bir müddət uzaqdan baxdı... sonra biri yaxınlaşıb yuvaya girdi. Elə bil ürəklərindəki qorxunu yenmişdilər.

Mən asta dilləndim:

— Ata... sən bu quşlara ev yox, ürək tikirsən...

Atamın səsi titrədi:

— Evi tikmək asandır, qızım... Amma etibar qazandığın üçün bir canlı sənə yuvanı əmanət edirsə, bax, o böyük məsuliyyətdi.

İndi deyirəm ki, bəlkə bu quşlar artistlik edirlər... ya da... bəlkə çox gözəl bilirlər hansı evin yiyəsi ürəyi ilə tikir hər küncünü. Bəlkə də insanları quşlardan öyrənmək lazımdır. Onlar heç danışmadan da seçirlər: harada sevgi var, harada yox...

 

 Qaranquş və Alabaxta haqqında faktlar:

 

Qaranquşlar ildə iki dəfə köç edirlər. Baharda doğma yurdlarına dönürlər və eyni yuvanı taparlarsa, onu yenidən istifadə edirlər. Bu sadiqlik heyrətamizdir.

 

Yuva tikərkən öz ağız suyundan palçıqla sement kimi istifadə edirlər. Bəzən 1000-dən çox çöp və palçıq parçası daşıyırlar bir yuvaya.

 

Quşlar insanların davranışını müşahidə edir. Əgər bir evin ətrafında səssizlik, şəfqət və təhlükəsizlik hiss edirlərsə, o evin yaxınlığında yuva qururlar.

 

Alabaxtalar (bülbüllər) duyğusal reaksiyaları ilə tanınır. Yumurtalarının qırılması və ya yuvanın dağılması halında bəzən günlərlə eyni yerdə qalırlar.

 

Və bəlkə də... bir gün biz də insanlar arasında quş kimi baxan gözlər axtaracağıq. Susaraq anlayan, qoruyan, yuva quran gözlər...

Çünki hər kəsin həyatında bir gün uçub gedən, amma dönəndə də həmişə yerini tapan bir yuvası olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

SSRİ dönəmində Azərbaycanda ən popular mahnılardan biri idi, “Kəpənək”. Saşı-saqqalı qar kimi ağ bir babanın belə bir mahnı oxuması kənar şəxs üçün qəribə gələ bilərdi. Amma azərbaycanlılar zatən bu ifanı və mahnını sevirdilər.

Oxuyur Azərbaycan Respublikasının xalq artisti Mirzə Babayev. “Kəpənək”!

 

Sorağını gül-çiçəkdən alınca mən,

Gördüm yoxsan.

Qaçdım sənin dalınca mən,

Gördüm yoxsan…

 

Oxuyurdu və səhnədə qaçmaq jesti göstərir, ifanı daha da hərəkətli edir, daha çox sevdirirdi…

Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də, çıxış edib.

Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədən qayıdandan sonra (Yeri gəlmişkən, müharibə vaxtı Mirzə Babayev Rostovda döyüşüb. Leytenant rütbəsi alıb, 4–5 medalla qayıdıb.) "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib.

 

Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyib ki, onu opera müğənnisi kimi hazırlasın, lakin Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin dediyinə görə, onun səsi estrada mahnılarının ifası üçün daha uyğun bilinib. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib.

40-dan artıq filmdə rol alıb. Özü də təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni olub.

İndi də belə müğənnilər yox dərəcəsindədir. O vaxtın şanson ifaçıları məhəbbət mövzusunda olan, lirik məzmunlu şanson mahnılar oxuyublar. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazıblar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Babayevin ifasında şanson mahnılara çevrilib.

 

İfa etdiyi məşhur mahnılar:

- Limanlar

- Saçlarına gül düzüm

- Uzaq yaşıl ada

- Kəpənək

- Bir axşam

- Dayan, zaman

- Gəlmədi

- Kimlər gəldi, kimlər getdi

- Möcüzələr adası

- Naxçıvanım

- Çiçək kimi

- Tanqo

- Axı niyə danırsan?

- Pəncərəmə qondu çiçək

- İndi günah nə səndədir, nə məndə

- Düşürsən yadıma

- Könlüm sənindir

 

Filmoqrafiya

1. Alma almaya bənzər

2. Aygün

3. Ayrılıq bir dənizmiş…

4. Bağ mövsümü

5. Bəyin oğurlanması

6. De ki, məni sevirsən!

7. Dəli Kür

8. Dərviş Parisi partladır

9. Əzablı yollar

 

Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. "Azərbaycan SSR əməkdar artisti", "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülüb, iki dəfə "Humay" mükafatı laureatı, prezident təqaüdçüsü olub.

O, 2003-cü il yanvarın 13-də, 89 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

Çərşənbə, 16 İyul 2025 13:32

BİRİ İKİSNDƏ Rəvan Cavid ilə

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sizlər əardıcıl gənc şairlərin şeirləri təqdim edilir. Bu gün RƏvan Cavidin şeirləri ilə tanış olacaqsınız.

 

 

Rəvan Həsənəliyev 1998-ci il yanvarın 19-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. Tekirdağ Namık Kemal Universitetində Sosial politologiya və iqtisadiyyat ixtisası üzrə təhsil alır. "7", "Mavi boyalı ev" şeirlər kitabı, "Absürt menü" esselər kitabı (Türkiyə türkcəsində) və "Gecəni axtaranlar" adlı roman və hekayələrdən ibarət nəsr kitabı çap olunub.

 

 

AĞ QOÇ, QARA QOÇ

 

Bir cüt simurq lələyi yandır, tulla ocağa,

Ürəyində arzu tut, gəlsin ağ qoç, qara qoç.

Dünən üzü küləyə, bu gün üzü sazağa,

Bitmir səndəki inad: yarı oğlaq, yarı qoç.

 

İşin yoxdu, tərpətmə nəzarətli o qulu,

Yerusəlimə gedir, boğçası kəfən dolu.

Allah bir də yazmasın belə bəxtə bu yolu,

Qurtarginən davanı, bir az ağla, zarı, qoç.

 

Ağlar qaldı qıraqda Mədinəsi, Məkkəsi,

Yerə-göyə sığmadı Süleymanın hikkəsi,

Gördü yenə bilmədi, uduzanda şəkk kəsir,

Fironun güvəndiyi səltənətdi, o da borc.

 

Kimdən gəldin, kimədi bu yolun, bu cığırın?

Hansı haqqı səndədi bu yazığın, fağırın?

Yerdəki nabələddi, göydən adam çağırın,

Desin, nədi bu ömür – əvvəli puç, sonu puç.

 

 

***

 

Açıq qalan qapılar ürküdür içimdəki

Əli, qolu bağlanmış qaşqabaqlı məhbusu.

Açıq qalan pəncərə, açıq qalan işıqlar:

Azadlığın qurduğu bu oyun, bu bic pusu.

 

Sən də ağzını açma,

Səsindəki soyuqluq üşüdür duyğuları,

Azadlıq qorxusudu,

Mən tez vərdiş edirəm bu qərib qayğılara.

 

Yarımçıq siqaretin narahat qoxusunda

Divarlara sinirmiş yalqızlığın qorxusu.

Divarlar necə ölür, indi bir mən bilirəm,

Bir də müharibənin o evsiz uşaqları,

İndi dustaqdır çoxu, divarları havayı.

 

 

***

 

Neçə üsyan bayrağı asmalısan damlardan?

Neçə devrim təmizlər,

ayağın altındakı bu mavi zibilliyi?

– səmalara sinməmiş bu qədər insan iyi.

 

Nəyin sevdalısısan?!

Bu günəş, bu da torpaq,

dənizə nəğmə qoşan bir cüt bəyaz qağayı,

bu maşın, bu da asfalt,

bunun da adı həyat: pəncəsi qanlı ayı.

 

Neçə şeir sağaldar içindəki yaranı?

Neçə liman bəs edər küsdüyün gəmilərə?

Neçə mavi bant ataq sapsarı zəmilərə?

 

Gecəyə günəş asdım, sönməz bir ömür boyu,

Həsrətin yol saldığı bu nankor şəhərlərdə

tək qalmayasan deyə,

gözündə yaş olmuşam,

azsan, ağla,

qorxsan, ağla,

darıxsan, ağla...

 

 

NEY ÜFÜRMƏDƏN...

Salam Sarvana Şərq sualları

 

Soruşun, neçə il axtarıb aşiq

quyudan qeyb olan yaşsız qocanı?

Biz hansı dənizin ləpədöyəni,

hansı çöldə yanan közsüz ocağıq?

 

Soruşun, Şəmsini tapdımı Rumi?

Kərbəla içdimi Hüseynin qanın?

İsa qovuşdumu bəs atasına?

Musa tapmadımı qutsal olanı?

 

Məcnuna Leylini vəd edən yolun

sonunda nə vardı, bilinmədimi?

Min ildir axtarıb tapammadılar

Kərəmi yandıran o sarı simi.

 

Hansı bomba idi, yaxıb kül etdi

şərqin uzağında sakuraları?

Neçə əli kəsib Xəzərə atdı

Yoldaş Stalinin dil şuraları?

 

 

Soruşun, kim idi edam günündə

öz xalqına baxıb köksü odlanan?

Otuz yaşlı məğrur, əyilməz əzmi

edam səhbasında dəyərsiz qılan.

 

Kim idi göylərə yol çəkən adam,

niyə yandırmışdı yazdıqlarını?

O hansı dəliydi, baxıb gülürdü

sırayla məftildən asdıqlarına?

 

Kim idi sübh vaxtı minarədəki,

niyə kəsilmişdi büllur avazı?

Hansı uşaqlıqdı, mərmi altında

hələ də gözləyir ətirli yazı?

 

 

N dairəsi

 

Sən də mənim kimi yadına salma,

hansı küçə idi bizi ayıran?!

neçə il təqvimə baxa bilmədim,

neçə ildi həmin günü sayıram,

neçə ildi güllər fidan qalıbdır,

neçə ildir açmır yaz bənövşəsi,

bu necə kədərdi, rüsvay elədi

içdiyim qəhərin sərxoş nəşəsi.

Bu necə yol idi, tozu-torpağı

hələ də üstümə sinmiş kimidir,

hansı xəyanətin yıxmışdı məni,

qürurum təzəcə dinmiş kimidir,

hansı acizliyin köləsi idim,

kim idi başımın üstündə cəllad?

Mən niyə inandım, hələ bilmirəm,

mən ki tanıyırdım günahları adbaad,

çox da fikirləşmə, gözümün nuru,

mənim sahilimdə mirvari çoxdur,

qaç, qurtar özünü qəmin əlindən,

neçə gözəl gördüm, qəmə yoluxdu:

saçları tiftikləndi, üzləri soldu,

gözləri qəm çanağı, səsləri bərbad.

Nəbadə, yadına salma ayrılığı!

 

 

ÖLÜM ÜÇÜN

 

Ölümdü də,

gələr ömrün bir cığalbaz yazında

yaşıl otlar üstündə

burnumuzda yonca qoxusu

gözlərimizdə günorta yuxusu.

Ölümdü də,

gələr yayın ortasında

qorabişirən istidə:

sahil, dəniz, soyuq pivə...

Ölüm də bunlar kimi bir meyxoş hissdi də.

 

Gələr ən səmimi payızda,

təzədən aşiq olub

bir qızın ətrinə aldandığımız noyabrda,

ayaqlarımız xəzəlləri əzdikcə

ömrümüz əzə bilməyəndə əcəli

bir şeir də yadigar qoyarıq kağızda,

içində ölüm sözü keçən bütün surələr

yarımçıq qalar ağzımızda.

 

Ölümdü də,

gələr bir qış gecəsi,

sobabımızın buxarı təzəcə səngiyəndə,

belimiz torpağa əyiləndə –

insan nə gözəl sualdır qocalanda

"Bu hansı yoldur?" cümləsinə.

 

Ölümdü də

ya iyirmi beşdə, ya əllidə,

guya fərqi nə?

Ya yaşıl otlar üstündə,

ya da isti yorğan-döşəkdə,

guya fərqi nə?

 

yollardı da, hərəsi bir səmtdən gəlir,

eyni səmtə çıxmaq üçün,

soyuq dodaqlarımız hərəkətsiz,

gözlərimiz dolu hüzn.

 

 

QALATA

 

Yenə bir ulduz uçdu

sənin məmləkətindən mənim məmləkətimə,

yenə birinin ovuclarında yetim qaldı arzusu,

yenə ömür dediyin yalnızlığa məhkumdur.

 

Sənin yolunu sevdim, nə qədərmiş yolçusu...

ən böyük yalanımı da sənə söylədim,

mən saf sevgilərin qədər ovçusu.

Mərmərəyə axıtdım bütün göz yaşlarını,

yumruğum havada ağlaya bilmərəm,

amma içimdə sancı, içimdə bir ağrı var,

bizim davamızın neçə ildir bağrı qan.

Dostlarımı itirdim yalan pərvazlarında,

gözlərində dinməyən həqiqətin məşəli

söndü Promoteyin əlində.

Rum qızı, hardan tapdın bu yıxılmaz əzmini?

Mənə də öyrət, neçə güllə öldürər bu üsyankar ruhunu?

 

Güllə səsləri, qırılan şüşələr, polis siqnalı...

Mən Qalataya baxıram qolların arasından,

şəhər səma edir,

şəhər sanki səmazən.

 

 

***

 

yalanının xiffəti gör nə boyda dağ olub,

dağ yarılıb, div çıxıb, səsi ömrə çığ olub,

getmisən, dönməmisən – bu da ayrılıq olub,

axtar məni, gör məni, eşit məni, bil məni...

 

rüzgara de, yubansın, saçlarında əylənsin,

qumdan otaqlarım var, fəqirə rəhm eyləsin,

yolunu azan aşiq ünvanını neyləsin?

axtar məni, gör məni, eşit məni, bil məni...

 

köz üstündə yeridim, ağladım, odlanmadım,

qafil ovçu gecikdi, gizləndim, ovlanmadım,

sənə xatir yaşadım, tək qaldım, soylanmadım,

axtar məni, gör məni, eşit məni, bil məni...

 

and içdim qış ömrümün buzuna, sazağına,

zəmhərir gecəsinə, gün doğmayan çağına,

getdiyin yerdən qayıt, pıçılda qulağıma:

tapdım səni, gördünmü, eşitdinmi, bildinmi?!

 

 

***

 

Qaldırdım başımı –

buludlar, səma, ənginlik və sair.

 

Sağa baxdım –

mavilik, dalğalar, qızıl qürub –

hər şey dənizə dair.

 

Sola çevirdim başımı –

pəncərəsi açıq evlər,

küləklərlə rəqs edən bəyaz pərdələr,

budaqlarda sərçələr,

adam boyda divlər.

 

Yerə baxdım –

torpaq,

həmənki köhnə nəğmə,

min illərin ağısı,

min illərin ağrısı,

sonsuz yalnızlığın əbədi yurdu,

simurq qonmuş ağacın

budaqları qurudu.

 

 

***

 

Bu pinti sahillərin qosqoca Mərmərəsi,

Tutqun dekabr günü. Bir azdan yağış yağar.

Həmənki yelləncəkdə gözləyirəm baharı,

Sən gələrsən, yaz gələr,

Yaz gələr, günəş çıxar.

Gedərsən, qış qayıdar,

Buz səltənətin qurar.

 

Həmənki yelləncəkdə ayrılıram səninlə,

Tutqun dekabr günü. Bir azdan yağış yağar.

Dəniz lal-dinməz qalıb, sahil qaranlıq və pus,

Gözləyirəm, gələrsən,

Sən gələrsən, dağılar bu səssizlik, bu kabus.

 

Qutuda son siqaret, şüşə dibindən çaxır,

Tutqun dekabr günü. Bir azdan yağış yağar,

Bu gecəni qoruyan dili nəğməli sərxoş,

Ona qoşulub mən də dənizə daş ataram,

Bir ağacın dibində səhərədək yataram.

 

 

***

 

İnqilab nəğmələri bəstələmək istədim,

Fəhlələrin dilində ağı kimi oxundu.

Bayraqların üstünə qırmızı ulduz tikdim,

Masmavi parçalara sarı ulduz toxundu.

 

Həbsxana divarına yazmışdılar o gecə,

Yaşasın inqilablar! Yaşasın oktyabr!

Aldatmışdılar bizi, oktyabr deyildi,

Bir yanvar gecəsində biz etdik inqilabı.

 

Özü yeyib bitirdi devrim oğullarını,

Yarısı ipdə qaldı, yarısı mərmi altda.

İnqilab şairləri bir yaz günü öldülər,

Qələbə paradının başladığı saatda.

 

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.