ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “İctimai proseslərin media müstəvisindəki rolu” mövzusunda ikinci forum keçirilib. Bu forumda Azərbaycanın media mühiti və ictimaiyyətin maarifləndirilməsi sahəsindəki əhəmiyyətli məsələlər müzakirə edilib.

 

Tədbirə müxtəlif dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, həmçinin media sahəsində fəaliyyət göstərən liderlər qatılıblar. Forumun əsas məqsədi, ictimai proseslərin media müstəvisində necə daha təsirli şəkildə işıqlandırılacağını və bu proseslərin cəmiyyətə ötürülməsi zamanı hansı əsas prinsiplərin ön planda tutulması lazım olduğunu müzakirə etməkdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov açılış nitqində forumun dövlət və media arasında daha sağlam bir əlaqə qurulmasına xidmət etdiyini qeyd edərək, bu dialoqun media sahəsinin inkişafı üçün vacib olduğunu vurğulayıb. İsmayılov, forumun keçirdiyi hər il daha geniş müzakirə mövzularını özündə cəmlədiyini və ictimaiyyətin bu mövzulara artan marağını nəzərə alaraq, bu tədbirin bir platforma olaraq əhəmiyyətini artırdığını bildirib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva çıxışında media və cəmiyyətin birgə əməkdaşlığının insan hüquqlarının qorunmasında və inkişafında mühüm rol oynadığını qeyd edib. O, medianın hüquq və azadlıqları təbliğ etməklə yanaşı, ictimaiyyəti məlumatlandırma və maarifləndirmə funksiyasını daha da gücləndirməsinin vacibliyini vurğulayıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Təbii ki, Cənubi Azərbaycanın fəxri, dünyada ən çox azarkeş kütləsinə malik olan türk futbol klublardan biri "Traktor" (“Traktorsazi”) klubunun uğuru ən çox diqqətçəkən hadisələrdəndir. 

 

Təbriz təmsilçisi tarixində ilk dəfə İranın ən yüksək divizionunda çempionluğu rəsmiləşdirdi.

"Traktor" qızıl medalları vaxtından qabaq təmin etdi və ötən gün Qəzvin şəhərində yerli  "Şams Azar"ı məğlubiyyətə uğratdı: 4:0. 

Səfər qələbəsi sayəsində "Traktor" xalını 64-ə çatdırdı. 56 xalla ikinci yeri tutan "Sepahan" paralel keçirilən "Qol Qohar"a qarşı oyunda uduzdu və çempionluq şanslarını itirdi. 

1970-cı ildə yaradılan "Traktor" heç vaxt İran çempionu ola bilməmişdi. Buna hər dəfə nə yollasa mane olmuşdular. Nəhayət, bu baş verdi! 

Hazırda komandanı 56 yaşlı xorvatiyalı Draqan Skoçiç çalışdırır. Əsasən yerli futbolçulardan qurulan heyətdə 4 legioner - 3 xorvatiyalı və 1 portuqaliyalı oyunçu var. 

"Traktor"un ev matçlarını keçirdiyi "Yadigar e-Emam" stadionuna 66 mindən 100 minədək tamaşaçı yerləşə bilir. 

Şimali Azərbaycanda da xeyli fanatı olan "qırmızı-ağlar"ın azarkeşləri öz çılğınlıqları ilə seçilirlər. Daima stadionda azərbaycanca şüarlar səsləndirən fanatlar xüsusilə "Azərbaycan var olsun, istəməyən kor olsun" devizinə üstünlük verirlər.

“Traktor” İranda bir “Azərbaycan” hayqırtısıdır. 

Xalqımızın gözü aydın!

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

1875-ci ildən başlayaraq cəmi iki il nəşr olunan "Əkinçi" qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin ruhuna rəhmət oxuyaraq, bu gün sizə dünyanın ən qabaqcıl ölkəsi sayılan Amerika Birləşmiş Ştatlarının mətbuat tarixi haqqında qısa məlumat vermək istəyirəm. Öncə bir faktı qeyd edim ki, Amerikada jurnalistikanın tarixi XVII əsrdən başlayır…

 

İlk dəfə bu işə 1690-cı ildə Benjamin Harris başlasa da, ilk mükəmməl qəzet “The Boston News-Letter” adıyla 1704-cü ildə Bostonda, Jon Kempell tərəfindən buraxılıb. Bir müddət sonra ABŞ-ın bir sıra şəhərlərində də qəzetlər işıq üzü görməyə başlayıb. Onların arasında ən yaxşı nümunə kimi Ceyms Franklinin buraxdığı “The New England Courant” qəzetini göstərmək olar. Həmin qəzet 1721-1727-ci illərdə işıq üzü görüb və o dövrün ən yaxşı qəzetlərindən biri sayılırdı…

 

1750-ci ildə ABŞ-da artıq 14 adda həftəlik qəzet buraxılırdı. 1765-ci ildə qəzet kağızına qoyulan vergi qəzetlərin fəaliyyətinə mənfi təsir göstərsə də, bir müddət sonra qəzetlərin sayı artaraq 35-ə çatmışdı. Bu qəzetlərin ümumi tirajı hər həftə 40 mini keçirdi...

 

Ümumiyyətlə, ABŞ-ın ictimai-siyasi həyatında qəzetlərin böyük rolu olub. Vətəndaş müharibəsi dövründə qəzetlər hərbi toqquşmalardan yazır, onların təfərrüatını ictimaiyyətə çatdırmağa çalışırdılar. Dinclik dövründə isə tənqidi yazılarla hökumət strukturlarının işinə ictimai nəzarət edirdilər…

 

Bir müddət sonra Nyu York, Filadelfiya, Vaşinqton və Boston şəhərlərində daha böyük tirajla çıxan qəzetlər meydana gəldi. Və bu qəzetlərin böyük əksəriyyətinin heç bir siyasi asılılığı yox idi. 1835-ci ildə Ceymsom Qordon tərəfindən ərsəyə gətirilən “The New York Herald” qəzeti onların arasında ən məşhuru kimi ictimaiyyət arasında böyük nüfuz qazanmışdı. Daha sonra partiyaları təmsil edən qəzetlər də işıq üzü görməyə başladı. 1841-ci ildən buraxılan “New York Tribune” qəzeti buna bariz nümunədir. Bu gün dünyada məşhur olan “New York Times” qəzeti isə 1851-ci ildən işıq üzü görür...

 

Bu nümunələrin sayını ardıcılıqla artırmaq da olar. Amma əsas məqsəd ABŞ-da ənənəvi mətbuatın hələ də yaşamasını qeyd etməkdir. Bu gün nəinki müstəqil və ya siyasi partiyaların, hətta hər bir iri müəssisənin də öz qəzeti var. Mətbuat azadlığına gəldikdə isə, Amerikada jurnalistlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. Burada jurnalistlərin əsas şüarlarından biri də: “Xəbərlər heç zaman yatmırlar”-dır…

 

Yeri gəlmişkən, dünyanın bütün azad olan və azad olmayan jurnalistlərini bu gün münasibətilə təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

 

Leyla Səfərli, “Ədəbiyyat və incəsənət”

 

Bu gün - mayın 3-ü Türk Dünyasının Həmrəyliyi Günüdür. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ilə yaxındır. Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də  Türkiyədə - Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.

 

Günün tarixçəsi:

Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Belə ki, həmin dövrdə Türkiyənin Baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az olmayıb. SSRİ o dövrdə Türkiyədə kommunist plasdarmı hazırlamağa xüsusi diqqət ayırırdı. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi ziyalıları narahat edirdi. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər ziyalılar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” nəşrlərində kommunizm əleyhinə yazılar dərc edirdilər.

Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk irqinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Elə işğal altında olan Azərbaycanda 1937-ci illərdə minlərlə insanın türkçülük, turançılıq əqidəsinə görə məhv edilməsi göz önündə idi.

Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sayları artırdı. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna açıq məktub yazır. Məqalə “Orhun” nəşrinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının məşhur yazıçı, “Xəz dərili Madonna”nı yazmış Sebahattin Ali olduğu göstərilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi yazılır.

 

Nihal Atsız: 3 may tarixi türkçülüyün tarixində bir dönüş nöqtəsidir

Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşviqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir. 1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-dək təxirə salınır.

Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.

Amma gözləniləmədən mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.

İllər sonra N.Atsız həmin günlər haqqında yazırdı: “3 may türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi. 3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməcəyəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı xatırlayaq və ucaldaq”.

1945-ci ilin martın 29-na kimi davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələrə məruz qalırlar. Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alırlar.

1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türkçülük Günü kimi qeyd olunmağa başlayıb.

 

Bu gün Azərbaycanda da geniş qeyd edilir

Türkçülük Günü Azərbaycanda da populyardır. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi türk lideri Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında çıxış edib və birlikdə türkçülərin “Bozqurd” işarəsi ilə toplananları salamlayıb.

Türk dünyasına xidmət edən və milli düşüncəmizə türkçülük anlayışını gətirən azərbaycanlılardan Fransanın tanınmış Sorbon Universitetində təhsil alan ilk azərbaycanlı olan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Hüseyn Cavid, Məhəmməd Hadi və digərlərinin adlarını çəkmək mümkündür. Onların məqsədləri, ilk növbədə, türk xalqlarının mədəni birliyinə nail olmaq idi. Bu insanların qayəsi ondan ibarət idi ki, milliyyətçilik başqa millətləri sevmək, başqa millətlərlə bərabər öz adət və ənənələrini, tarixini qoruyub, gələcək nəsillərə ötürməkdir.

 

Türkdilli ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatı

Türkdilli dövlətləri bir araya gətirən Türk Dövlətləri Təşkilatı (keçmiş adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-red.) 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində təsis edilib. Əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyədir, müşahidəçi üzvləri isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır. Türk Dövlətləri Təşkilatının üç mərkəzi var - İstanbul, Bakı və Astana. İstanbul qurumun ümumi katibliyinin, Bakı parlament assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.

Türkdilli ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri də il ərzində davamlı olaraq iclaslar keçirirlər.

 

Türk Mədəniyyəti və İrsi Fondunun töhfəsi

Təbiidir ki, türkdilli xalqların mədəniyyətinin və irsinin təbliği və təşviqi sahəsində aparıcı mövqe sərgiləyən Türk Mədəniyyəti və İrsi Fondu da hər il 3 may gününü rəngarəng tədbirlərlə qeyd edir. Biu il də ənənən pozulmayacaq.

Bu gün Bakıda, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Flarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türk Mədəniyyəti və İrsi Fondunun və Filarmoniyanın birgə təşkilatçılığı ilə Türk Dünyasının Həmrəyliyi Gününə həsr olunmuş “Birlik ruhu” adlı konsert keçiriləcəkdir.

Konsert proqramında Niyazı adına Azərbaycan Dövlət Simfonik orkestri (dirijorlar Yalçın Adıgözəlov və Kanat Omarov) və Qazaxıstanın “Turan” folklor ansamblı iştirak edəcək. Proqramda Azərbaycan, Qazaxıstan, Qirğızıstan, Türkiyə, Macarıstan, Özbəkistan və Türkmənistan bəstəkarlarının əsərləri və xalq mahnıları səslənəcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bəzən möhkəm əsəbləşməyi var. Bir də görürsən ki, “Facebook” sosial şəbəkəsində paylaşım edib, necə deyərlər, kimisə “yıxıb sürüyür”. Sabahı gün yenidən baxanda həmin paylaşdığı yazını sildiyinin şahidi olursan. Və ya sənə “dostluq” göndərir, qəbul edirsən. Üstündən bir müddət keçəndən sonra, hansısa fikrinlə razılaşmadısa, səni özü təklif etdiyi dostluqdan kənarlaşdırır. Biz artıq onu belə də qəbul etmişik, dəli-dolu Rahib... 

 

Deyir ki,- “Sovet dönəmində, 8-ci sinifdən başlayaraq "Смена" fotoaparatı ilə şəkillər çəkib aşılayardım. İndi “aşılamaq” ifadəsini də, fotoda önəmli olan “проявитель”, “закрепитель” kimyəvi maddələrini də, "baçonka", "lent", "uveliçitel" ifadələrini də necə izah edim, bilmirəm. Elə ki, yeni texnologiyalar çıxdı, "Lomo", "Fed", "Zenit" fotoaparatlarımı da, "uveliçitelimi" də, bütün "dəfə-darağı" da aparıb verdim mərkəzi univermağın həndəvərində dostumuzun açdıği "Old city" kafesinə...”

 

Bəli, haqqında söhbət açmaq istədiyim Rahib Qərib yaradıcılığa məhz həvəskar fotoqraf kimi başlayıb və çox keçməyib ki, çəkdiyi şəkillər müxtəlif qəzetlərin səhifələrində öz əksini tapıb, geniş oxucu kütləsinə təqdim olunub…

 

1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olan bu çılğın, necə deyərlər, dəli-dolu, comərd qəhrəmanım orta məktəbi başa vurduqdan sonra Bakıya üz tutub, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. Jurnalist fəaliyyətinə isə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. Elə o vaxtdan da mətbuat sahəsində çalışır. Bir müddət Azərbaycan Dövlət Televiziyasında “Səhər proqramı”nın aparıcısı, redaktoru olub. 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan, AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı işləyib. Birinci Qarabağ savaşından, əsgərlərimizin döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur. Ölkədə hərbi jurnalistlərdən biri kimi tanınır. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxıldıqdan sonra əvvəlcə ANS-də "Marş" hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri, müəllifi və aparıcısı olub, daha sonra isə “Real” televiziyasında çalışıb...

 

“Elə günlər görmüşəm ki, göydən od-alov yağarkən güllə yanağımı yalayıb keçib. Gəncliyimin ən parlaq çağında sönən bir ulduz kimi axıb boşluğa, həyatın dibinə enmişəm. Xəyalımdan ancaq qələbə istəyi keçib. Atılan güllələrin viyiltisından, partlayan mərmilərin hənirtisindən qorxmamışam, əksinə qəlbim isinib.”- söyləyir.

 

Deyir ki,- “Universitet müəllimim Nəsir Əhmədli hərdən məni bəzi toplantılara dəvət edirdi ki, gənc jurnalistlərə məsləhət verim. Onlara demək istəyirəm ki, bilib-bilmədiyinizi, ağzınıza gələni yazmayın. Jurnalist adıyla ortalığa atılıb, camaatın beynini boş-boş şeylərlə doldurmayın. Dünən şoudan yazan, bu gün hərbidən yaza bilməz. Təəssüf edirəm ki, 1-2 saytı çıxmaq şərtiylə, kim nə istəyir, onu yazır. Məncə hərə öz bildiyi işin qulpundan yapışsa daha yaxşı olar. İndi işini bilən təcrübəli jurnalistlərimizi barmaqla saymaq olar. Ağlı başında olan, millətini, xalqını düşünən adam heç bir zaman yalan məlumat yaymamalıdır...”

 

Qırx ilə yaxın jurnalist işləyib. İndiyədək müxtəlif yerlərdə çalışsa da, hazırda müstəqil jurnalist kimi fəaliyyətini davam etdirir...

Bu gün - mayın 3-ü Rahib Qəribin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq.

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyatvə incəsənət

 

Bu gün yazar Yaşar Əliyevin doğum günüdür. O, şair Ramiz Rövşənin qardaşıdır. Və adətən hər yerdə də onu bu cür təqdim edirlər. Əlbəttə, Xalq şairi Ramiz Rövşən adı çox ucadır, çox təmtəraqlıdır, adının onun adı ilə qoşa çəkilməsi böyük fəxrdir, qürurdur. Amma Yaşar Əliyev özü olaraq da öz adını çoxdan təsdiqləyibdir.

 

Yaşar Əliyev 1963-cü il may ayının 3-də Bakının Əmircan kəndində anadan olub. Burada 226 №-li orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Eyni zamanda Bakının Nizami rayonunda Yeyinti ticarəti idarəsində komsomol katibi olub. Sonra "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi "Xəzər" jurnalında şöbə müdiri, Azərbaycan Dövlət Teleradio Yayımı Komitəsində redaktor, Suraxanı rayon İcra hakimiyyətində şöbə müdiri, Əzizbəyov rayon İcra hakimiyyəti başçısının müavini vəzifələrində işləyib.

1995-ci ildən "525-ci qəzet"in, 2005-ci ildən isə "Xəzər" jurnalının redaktorudur.

 

Bütün bu illər ərzində dövri mətbuatda hekayə və məqalələrlə çıxış edib. İlk mətbu hekayələri -"Canavar" və "Oğul" 1987-ci ildə "Ulduz" jurnalında çıxıb. Xuan Rulfonun "Pedro Paramo" romanını, Matilda Urrutianın "Pablo Neruda ilə birlikdə yaşanan ömür" adlı xatiratlar toplusunu Azərbaycan dilinə çevirib. Hekayələri bir sıra xarici dillərə tərcümə olunub. Ssenarisi əsasında "Divar" - eyniadlı film çəkilib. 

 

Kitabları:

Yeddi (hekayələr)

 

Tərcümələri:

Xuan Rulfo. Pedro Paramo (roman)

Matilde Urrutia. Pablo Nerudayla yaşanan ömür

 

Mükafatları:

21 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

 

Nigar Həsənzadə, "Ədəbiyyat və incəsənət"

 

Bu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilən, Akif Əsgərovun (1940-2023) 85 illik yubileyinə həsr olunan “Ruhun Sədası” adlı fərdi sərgisi fəaliyyətə başlayacaq.

 

Ekspozisiyada muzey və əksəriyyəti ailə kolleksiyasından olmaqla ümumilikdə 60-dək dəzgah heykəltəraşlığı nümunəsi yer alıb.

Bu sərgi Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynayan Akif Əsgərovun  dəzgah heykəltəraşlığı sahəsində yaratdığı əsərləri təqdim etməklə izləyicini  sükut içərisində ruhun sədasını dinləməyə çağırır.

Sərgi 3 sentyabr 2025-ci ilədək davam edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Azərbaycanın hər bir guşəsində olduğu kimi, Oğuz rayonunda da şəhidlərimizin xatirəsi daim uca tutulur, müntəzəm olaraq onların anım günləri keçirilir və adlarının əbədiləşdirilməsi üçün tədbirlər görülür.

Bu günlərdə də bir neçə belə mərasim olub.

 

BEYRƏK FEYZULLAYEV

Vətən müharibəsinin şəhidi "Azərbaycan bayrağı" ordenli Beyrək Fezullayevin doğum günündə xatirəsi anılıb.

Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman  Ramazanov, Oğuz Rayon İcra Hakmiyyətinin əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, Baş Daşağıl kənd məktəbinin müəllim və şagirdləri, mədəniyyət işciləri, Baş Daşağıl ərazi İcra Nümayəndəliyinin və Bucaq bələdiyyəsinin əməkdaşlari Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri, Vətən müharibəsində xüsusi şücaət göstərərək döyüşüb, qəhrəmancasına şəhadətə yüksəlmiş şəhid Beyrək Fezullayevin doğum günü ilə əlaqədar şəhidin Baş Daşağıl kəndində yerləşən məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ünvana gedilərək ailə üzvləri ziyarət edilib.

Qeyd edək ki, Beyrək Seyfulla oğlu Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub.

2015-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmət keçib. Daha sonra Mingəçevir şəhərində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vurub sertifikat əldə edib.  

Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Adı kimi dastan yazıb. 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə təxminən 02:00, 03:00 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb.

Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. Dostları deyir ki, çox mərd və qorxubilməz insan idi. Beyrək 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə şəhid olub.

Beyrək 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasən "Azərbaycan bayrağı" ordeni, "Fizulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

 

TURAL MƏMMƏDOV

Oğuz rayonunda Vətən müharibəsi şəhidi, "Azərbaycan bayrağı" ordenli Tural Məmmədovun 30- cu doğum günü də ehtiramla anılıb.

Anım tədbirində YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, Rayon İcra Hakmiyyətinin əməkdaşları, şəhid ailələri, Sincan kənd tam orta məktəbinin kollektivi, Sincan Ərazi İcra Nümayəndəliyi və Sincan bələdiyyəsinin əməkdaşları, mədəniyyət işciləri, din xadimləri və kənd sakinləri Azərbaycan Silahlı Qüvvələrin giziri , Vətən müharibəsində xüsusi şücaət göstərərək döyüşüb qəhrəmancasına şəhadətə yüksəlmiş şəhid Tural Məmmədovun doğum günü ilə əlaqədar şəhidin Sincan kəndində yerləşən məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ünvana gedilərək ailə üzvləri ziyarət edilib.

Tural Arif oğlu Məmmədov 01 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olmuşdur. 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. Tank komandiri olan gizir Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günündən döyüşlərdə iştirak etmişdir. Tural Məmmədov Suqovuşanın və Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Məmmədov Tural oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə  "Azərbaycan Bayrağı" ordeni, "Laçının azad olunmasına görə", Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.

Oğuz rayon Sincan kəndindəki küçələrdən birinə şəhidimizin adı verilərək əbədiləşdirilmişdir.

 

 

İNTİQAM CƏMALƏDDİNOV

Oğuz rayonunun Muxas kəndində isə birinci Qarabağ müharibəsi şəhidi Cəmaləddinov İntiqam Həsən oğlunun anım günü qeyd olunub. Anım günündə Muxas kənd sakinləri , Muxas kənd Diyarşünaslıq evinin əməkdaşları , kitabxana əməkdaşı və məktəblilər iştirak edib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra onların ruhuna dualar oxunub. Şagirdlərin ifasında ədəbi- bədii kompozisiya dinlənilib. Sonda şəhidlərin məzarına gül dəstələri qoyulub.   

Rayonun Bucaq kənd tam orta ümumtəhsil məktəbində bir neçə ay bundan əvvəl inşasına başlanmış, Bucaq kənd şəhidlərinin xatirəsini əbədiləşdimək məqsədilə tikilmiş" Şəhidlər bulağı" nın açılışı olub. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Vasif İsgəndərov, Şəhid valideynləri, Bucaq kənd İcra nümayəndəliyinin rəhbəri F. Qurbanov, bələdiyyə sədri R. Əhmədov, məktəbin təqaüdə çıxan müəllimləri S. Rüstəmova, A. Rəşidov, Q. Abdullayev və digər şəxslər iştirak etmişdir. Tədbirin bədii hissəsini X sinif şagirdləri davam etdirmişdir.Şəhid valideynlərinin çıxışları, kənd şəhidlərin anılması, şagirdlərin bir-birindən maraqlı kompzisiyaları tədbirin yüksək səviyyədə təşkil olunduğunu göstərirdi.

Oğuz şəhidlərinin timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərə Allahdan rəhmət diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2025)

 

                                                                  

 

 

 

Cümə, 02 May 2025 18:42

Unudulmuş ifaçı BALLIOĞLU ABBAS

 

        

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Onun rəsmi adı və soyadı belə idi: Nağıyev Abbas Ələkbər oğlu. Sözün həqiqi mənasında unudulanlardandır. Həm də elə unudulanlardandır ki, nə anadan olduğu gün, nə ölüm tarixi dəqiq məlum deyil. Heç şəklini də tapmaq mümkün olmadı. Halbuki bir zamanlar çox məşhur idi. Ölkənin tütək, zurna və klarnet ifaçıları arasında böyük hörməti vardı, ifalarını sevə-sevə dinləyirdilər.

        

L.Azərinin “Mədəniyyət” qəzetinin 18 mart 2022-ci il tarixli sayında dərc olunmuş “Unudulmaz balaban ustası və ifaçısı” məqaləsində ölkənin tanınmış balaban ustadları sırasında Əli Kərimov, Bəhruz Zeynalov, Məmmədnaib  Hacıyev, Mübariz Atayev, Həsrət Hüseynov, Ağasəf Seyidov və başqaları ilə yanaşı Abbas Nağıyevin də adı çəkilir.

Abbas 1932-ci ildə  Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu  kəndində anadan  olmuşdu. İlk təhsilini Yaqublu  kənd ibtidai məktəbində almışdı.

Uşaq ikən atasını  itirmiş, anası Ballının himayəsində qalmışdı. Ballı arvad ona həm ana, həm də ata olmuşdu. Çox vaxt onu “Ballıoğlu” deyə çağırardılar. Uşaqlıq və gənclik illəri maddi  ehtiyac  içərisində  keçmişdi. 

Tütək və zurna  çalmağı atalığı Əlyar  kişidən  öyrənmişdi. Həmyaşıdlarının dediyinə görə, atalığının tütək və zurnasını, özünün qamışdan düzəltdiyi  tütəyi əlindən  yerə  qoymazmış.

1940-cı illərdə TPM-də (texniki peşə məktəbində) oxumaq üçün Bakıya göndərilmişdir. Həmin  vaxtdan da orada  məskunlaşmışdır.

Sənətə - musiqiyə olan sevgi və həvəs  onu Bakının qaynar mədəni  mühitinə  cəlb  etmişdi. Bir sıra tanınmış müğənni  və ifaçılarla (Ə.Dadaşov, H.Bayramov, A.Əliyev, T.İsmayılova, Ə.Əliyev, Ş.Ələkbərova, V.Qədimov və b.)  yaradıcılıq  əlaqəsi saxlamış,  çoxlu  toy  və  məclislər keçirmişdir.

O, balaban və tütək alətləri hazırlayan, eyni zamanda bu alətlərdə ifa edən, müşaiyətinə dövrün tanınmış klarnet ifaçılarının xüsusi önəm verdikləri məşhur Məmmədnaib Hacıyevlə yaxından dostluq etmişdir.

 Abbasın Nuxa (Şəki) musiqiçiləri ilə də sıx əlaqəsi olub. Deyilənə görə, o, məşhur zurnaçı  şəkili  Ələfsərlə də  dostluq  edirmiş. Şəkili Ələfsər Abbasın  ölümündən bərk  sarsılmış və düz  40 gün  heç nə  çalmamışdır.

Abbas gözəl ifaçılıq məharətinə malik idi. Tütək, zurna və klarnetdə  ifa etdiyi melodiyalar 1960-cı illərdən etibarən Azərbaycan radiosunda  səsləndirilməyə başlanmışdır. Mən özüm şəxsən ötən əsrin 70-ci illərində onun radiodakı ifalarına dəfələrlə qulaq asmışam. Çox güman ki, həmin ifalar hələ də radionun arxivində - fondunda  qalır. 

Bakı şəhər Sovetinin YSM  tərəfindən val yazısı  buraxılmışdır. Valda T.İsmayılovanın oxuduğu mahnılarla yanaşı Abbasın "Şirvan şikəstəsi”  xalq melodiyası da verilmişdir. Burada onu balabanda   E.Abdullayev, nağarada  A.İmanov müşaiyət  edirdi. (20-22 il bundan əvvəl həmin val yazısı məndə idi. Dinləmək üçün başqalarına verdim. Amma qaytarmadılar. Kimə verdiyimi də yada sala bilmirəm. Beləcə val yazısı it-bat oldu)

A.Nağıyev qısa bir müddət Oğuz Rayon Mədəniyyət Evində də işləmişdir.

O, doğma kəndi ilə əlaqəsini heç vaxt  kəsməmişdir. Kəndə gələndə çox vaxt qohumu, kolxoz sədri A.İsmayılovun evində qalardı. Kənd sakinlərindən D.İsmayılov, Q.Rzayev, A.Verdiyev, Ə.İsayev, S.Kazımov, məşhur zurna ustası V.Musayevlə yaxın dost idi. Onun kənddə  keçirdiyi  toylar  hələ də  çoxlarının  yadından  çıxmayıb. “Ballıoğlu”- Abbas çalanda bütün  məclis sükuta  qərq olar, rəqs edənlər  həzin  musiqinin  müşaiyəti  ilə  süzməkdən   yorulmazdılar.

 Abbas  öz ilhamını  doğma kəndi  Yaqublunun saf, Güllüdağın gül qoxulu havasından, andına-inamına,  sədaqətinə  bütöv  adamlarından  alırdı. AYB-nin, Rəssamlar və Jurnalistlər İttifaqlarının üzvü, “İncəsənət” qəzetinin redaktoru, Mədəniyyət və incəsənət Universitetinin müəllimi olmuş mərhum Ə.İbrahimov Abbas haqqında danışanda deyərdi ki, “onun ifalarını hər dəfə dinləyəndə yadıma Yaqublunun gün altındakı göy əski kimi ağarıb, rəngi  kürən atların  yalına  çalan,  sürtülüb  köhnəlmiş  sədəfə  oxşayan  torpağı düşür”. 

Abbas Nağıyev 1970-ci illərdə Bakı  şəhərində  vəfat  etmiş  və  orada da dəfn  olunmuşdur.

Qeyd: Yazının əvvəlində qeyd etdiyimiz səbəbə görə yazımıza Abbasın şəklinin yerinə onun anadan olduğu doğma kəndinin şəklini qoyduq.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

                                                             

 

 

 

 

 

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə Qədim türklər layihəsində növbəti yazını təqdim edirik.

 

Xəzər Türkləri və onların qurduğu Xəzər Kağanlığı Orta əsrlərdə Avrasiyanın siyasi və mədəni tarixi baxımından mühüm rol oynamış bir türk dövlətidir. Bu dövlət, xüsusilə VII-X əsrlər arasında Qafqaz, Xəzər dənizi ətrafı, Volqa və Dnepr çayları ətrafında geniş bir ərazidə hakimiyyət sürmüşdür.

  Xəzər Türkləri kimlər idi?

 Xəzərlər, ümumi mənada Göktürklərin bir qolunu təşkil edən Türk əsilli köçəri bir xalq idi. Əslən Orta Asiyadan çıxaraq qərbə doğru köç etmiş, VI əsrdə Göktürk Kağanlığının tərkibində yer almışlar. Göktürk dövləti zəiflədikdən sonra isə öz müstəqil dövlətlərini qurmağa başlamışlar.

  Xəzər Kağanlığının yaranması. Xəzər Kağanlığı təqribən 630-cu illərdə qurulmuş və X əsrin sonlarına qədər davam etmişdir. Paytaxtları əvvəlcə Balanjar, daha sonra İtil (və ya Atil) şəhəri olmuşdur. Bu dövlət əsasən kağanlıq sistemi ilə idarə olunurdu; yəni dövlətin başında "kağan" titullu bir hökmdar dururdu, lakin real idarəetmə çox zaman "bək" (və ya yabğu) adlanan vəzirdə olurdu.

  Dini müxtəliflik və yəhudiliyin qəbulu. Xəzər Kağanlığı dünyanın nadir multikultural dövlətlərindən biri olmuşdur. Əhalisinin müxtəlif hissələri tengricilik, xristianlıq, islamyəhudilik kimi fərqli dinlərə mənsub idi. Maraqlı cəhət isə odur ki, Xəzər kağanları yəhudiliyi dövlət dini kimi qəbul etmişdir (təqribən 8-ci əsrdə). Bu, onların müsəlman ərəblərlə və xristian Bizansla olan siyasi münasibətlərində balans siyasəti aparmaq məqsədi daşıyırdı.

  İqtisadi və ticarət həyatı. Xəzər Kağanlığı İpək Yolunun şimal qoluna nəzarət etdiyi üçün çox zəngin ticarət mərkəzi olmuşdur. Volqa çayı vasitəsilə Skandinaviya və Şərqi Avropa ilə Orta Asiya və Yaxın Şərq arasında ticarət əlaqələri qurulmuşdur. Ərəb, fars və yəhudi mənbələrində Xəzərlərin gümüş pullarla geniş ticarət apardığı qeyd olunur.

  Ərəb-Xəzər müharibələri. VII-VIII əsrlərdə Xəzərlər ilə Əməvi və Abbasi xilafətləri arasında Volqa və Qafqaz bölgələrində bir sıra müharibələr baş vermişdir. Ərəb mənbələri bu dövrdə Xəzərləri ciddi bir hərbi güc kimi qeyd edirlər. Bu müharibələrdə Xəzərlər əsasən Qafqaz dağlarında və Dərbənd keçidində müdafiə mövqeyi tutmuşlar.

  Süqutu. X əsrdə Xəzər Kağanlığı daxili çəkişmələr və xarici təzyiqlər nəticəsində zəifləməyə başladı. Xüsusilə knyaz Svyatoslavın 965-ci ildə İtil şəhərini tutması bu dövlətin süqutunun başlanğıcı oldu. Bundan sonra Xəzər siyasi nüfuzunu itirdi və tarix səhnəsindən silindi.

  Əhəmiyyəti. Xəzər Kağanlığı Türk və dünya tarixində bir neçə cəhətdən önəmlidir:

  • İlk dəfə yəhudiliyi dövlət dini kimi qəbul etmiş türk dövləti olmuşdur.
  • Multikultural və dini dözümlübir sistem qurmuşdular.
  • Orta əsr ticarət yollarına və Avrasiya geopolitikasına ciddi təsir göstərmişlər.
  • Xəzər dili, Orxon-Yenisey türk dil qrupuna daxil olan bir türk dili idi və bugün də dilçilər üçün maraq mövzusudur.

Nəticə.

Xəzər Türkləri və onların Kağanlığı, tarixdə siyasi, dini və iqtisadi baxımdan çox önəmli bir yerə sahib olmuşdur. Onların qurduğu dövlət modeli, ticarət siyasəti və dini tolerantlıq anlayışı o dövr üçün müasir sayılacaq dəyərlərə sahib idi. Xəzər Kağanlığı, Türk tarixi və Avrasiyanın mədəni inkişafında mühüm rol oynamış bir sivilizasiya nümunəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.