Nigar Rəfibəyli və Səməd Vurğun Featured

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN NİGAR RƏFİBƏYLİ BARƏDƏ

 

Rəfibəyli Nigar “Uğur olsun” şeiri ilə öz ərlərini, qardaşlarını vətən müharibəsi cəbhələrinə yola salan qızlarımızın, gəlinlərimizin mərd qəlbini, alicənab təbiətini nəğmə dili ilə tərənnüm etdi.

 

 

NİGAR RƏFİBƏYLİNİN XATİRƏLƏRİNDƏN

 

Səməd Vurğunun hər hansı məclisin gözü, canı olduğunu, yüksək kürsülərdə olduğu kimi, süfrə başında da natiqlik məharətini, şövqünü belə məclislərdə olan adamların hamısı, o cümlədən, yeniyetməlik çağında bizi deyib-güldürdüyü məclislərdə mən də müşahidə etmişəm. Səməd Vurğun məclis aparmağı, tamada, masabəyi olmağı da hamımızdan, hətta bu işin xiridarı olan gürcülərdən də yaxşı bacarırdı. Gürcüstanın bir nömrəli tamadası sayılan Beso Jqentini masabəyi seçmişdilər. Məclisin əvvəlində Beso tamada seçilən kimi ənənəyə görə özünə müavin seçməyə başladı: “Sprava moim vassalom budet Samed, sleva” ... – elə bu sözləri demişdi ki, Səməd ayağa durdu: “Azərbaycan ni koqda ne bıl vassalom, – dedi, – ya sam budu tamadoy”. Məclisi ələ aldı, elə apardı ki, hamının ağzı açıq qalmışdı. Beso və gürcülər də daha bir söz deyə bilmədilər.

Yerevanda keçən günlər də yaxşı yadımdadır. Sasunlu Davidin yubileyinə getmişdik. O vaxt Rəsul Yazıçılar İttifaqının sədriydi. Rəsul Yerevandan tez qayıtmalı oldu, Bakıda işləri vardı, bizi, Mirvaridi və məni Səmədə tapşırdı. Bir gün Mirvarid ilə gəzməyə çıxmışdıq, gördük Səməd cavan bir erməni qızı ilə şirin söhbət edir. Ona sataşmağı qərara aldıq: “Səməd, bu necə işdir, – dedik. – Rəsul bizi sənə tapşırıb, sən də bizi tək qoyub yapışmısan bu axçidən”. Səməd: “Az, o sizin heç ayağınızın tozu da ola bilməz”, – dedi. Daha türkəsaya ifadə işlədibmiş, mən bir az yumşaldıram.

Yubiley vaxtı Ermənistanda o vaxt dədə-babadan azəri türkləri yaşayan rayonlara getmişdik. Yamacda 10-11 yaşlı balaca bir çobana rast gəldik.

Səməd ondan: – Ayə, məktəbdə oxuyursanmı? – deyə xəbər aldı.

 – Oxuyuram.

 – Neçənci sinifdə?

 – Dördüncüdə.

 – Səməd Vurğunu tanıyırsanmı?

 – Əlbəttə.

 – Səməd Vurğun mənəm.

Balaca çoban uzun-uzadı Səmədi süzdü, sonra: – Yeri, ə, yeri, sənin kimi Səməd Vurğun olar?

Həmişə şıq geyinən S.Rüstəmdən fərqli olaraq, Səməd çox vaxt üst-başına fikir verməzdi, o vaxt televiziya-filan da yoxdu. Səməd Vurğunun adını eşitmiş, şeirlərini məktəbdə oxumuş balaca çoban üzdən onu necə tanıyaydı, heç ağlına da gələ bilməzdi ki, sürüsünü otardığı bu dağlarda birdən-birə rastlaşdığı bu şuluq görkəmli adam Səməd Vurğundur.

***

Qatarla Moskvaya gedirdik – Rəsul, mən, Səməd Vurğun... Vaqon restorana getdik – Rəsul və Səməd pencəklərini çıxarmışdılar. Bir az aralı, masanın arxasında bir dəstə erməni oturmuşdu. Əməlli-başlı içmişdilər. Biri elə hey bizə tərəf, daha doğrusu, mənə baxırdı, birdən durub səndələyə-səndələyə bizim masaya yanaşdı. Mənə nə isə dedi. Rəsul: – “Poşel otsuda”, – dedi. Erməni Rəsula etinasızlıqla baxıb nə isə təhqiramiz bir söz dedi. Bir də onu gördüm ki, Rəsul ayağa durub erməninin boğazından yapışdı, onu əməlli-başlı əzişdirdi və masanın altına soxdu. Qəribədir ki, o biri ermənilər də onun köməyinə gəlmədilər. Salonda bir araqçınlı türkmən də vardı, oturduğu yerdən Rəsula ürək-dirək verirdi: “Can qardaş, at onu pəncərədən”, – deyirdi. Axır Səməd də durub araya girdi, ermənini Rəsulun əlindən birtəhər qurtardı. Naharımız pozulmuşdu. Rəsulla Səməd pencəklərini geyinəndə ermənilər onların ordenlərini, deputat nişanlarını görüb təşvişə düşdülər, bizə yaxınlaşıb dönə-dönə üzr istədilər.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.