
Super User
PSİXOLOGİYA VƏ ŞEİR – “Güzgüdəki mən deyiləm” psixoloji prizmada
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam əziz izləyicilərimiz. Yeni yayımlanan "Psixologiya və şeir" rubrikamız haqqında fikirlərinizdən anladıq ki, bu rubrikamız da sevilir və oxunur, təşəkkür edirik.
Bu dəfə də bir şeirə psixologiya güzgüsü ilə baxacağıq.
Elə şeirin adında da "güzgü" sözü var.
Beləliklə, rubrikamızın budəfəki psixoloq qonağı CİBS Psixologiya və Təlim Mərkəzinin psixoloqu Müjqan Məmmədovadır.
Yaradıcılığından şeir seçdiyimiz şair isə ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Təranə Turan Rəhimlidir.
Şairin aşağıdakı "Güzgüdəki mən deyiləm" şeirinə psixologiya pəncərəsindən boylanacağıq.
Güzgüdəki mən deyiləm
Qaşdı, gözdü, tanış üzdü,
Ömürdən bir parça izdi.
Boylanıb özümü gəzdim,
Güzgüdəki mən deyiləm.
Buz heykəldi daş güzgüdə,
Donub buz baxış güzgüdə.
Gözüm yaz, yay, qış güzgüdə,
Güzgüdəki mən deyiləm.
Bəxt güzgümdü, bəxt göstərir,
Mənə qızıl taxt göstərir.
Allah, nə xoşbəxt göstərir,
Güzgüdəki mən deyiləm.
Çəkdiklərim saya gəlməz,
Mənim gözüm belə gülməz.
Güzgü məni görə bilməz,
Güzgüdəki mən deyiləm.
MÜJGAN MƏMMƏDOVA:
-Salam, əziz Ülviyyə xanım, belə maraqlı layihə üçün Sizə minnətdaram.
"Ədəbiyyat və İncəsənət" artıq bizim üçün çox doğmalaşıb. Bu gün seçdiyiniz şeir çox gözəldir, dəyərli Təranə xanıma bu gözəl şeir üçün təşəkkür edirəm.
Təbii ki, şair şeiri yazarkən öz təxəyyülünü, daxilini misralarda əks etdirir.
Mən də bir psixoloq kimi bu şeirə öz prizmamdan yanaşacağam.
"Güzgüdəki mən deyiləm" ifadəsi ilə insanın özünü dərk etmə, mənlik anlayışı və daxili-şəxsi parçalanma kimi mövzulara toxunur. Aşağıda şeirin psixoloji aspektdən təhlilini təqdim edirəm
Kimlik və Mənlik Qavrayışı (Identity Self-Perception)
Şeirin əsas mesajı "güzgüdəki odur, amma mən deyiləm" düşüncəsidir. Bu, insanın öz zahiri görünüşü ilə daxili dünyası arasında uyğunsuzluq hiss etməsindən xəbər verir. Psixologiyada bu vəziyyət "dissosiativ identitet" və ya "özünü yad hiss etmə (depersonalizasiya)" kimi tanınır. İnsan özünü olduğu kimi hiss etmir, sanki bir başqa bədənə baxır.
Travma və Emosional Qopma
"Çəkdiklərim saya gəlməz" misrası travmatik təcrübələrin ağırlığına işarə edir. Şair burada yaşadığı ağrıların onu dəyişdirdiyini, güzgüdə görünən insanın artıq əvvəlki "mən" olmadığını bildirir. Bu, travma sonrası şəxsiyyət dəyişikliyi ilə əlaqələndirilə bilər. Güzgüdəki insan, emosional yük altında əzilmiş və artıq özlüyünü itirmiş bir şəxsə çevrilmişdir.
Şeirdəki "baxış", "qaş", "göz" kimi detallar tanış görünüşü təsvir etsə də, daxili "mən"in həmin bədəndə olmadığını vurğulayır.
Özünü Tanıma Böhranı
"Özümü gəzdim" misrası insanın özünü axtarması, daxili səfərə çıxması anlamındadır. Bu, existensial kriz – varoluş böhranı ilə əlaqələndirilə bilər. İnsan öz həyat yolunu, məqsədini, varlığının mənasını sual edir. Güzgüdəki obraz isə bu suallara cavab verə bilmir.
Arzu və Gerçəklik Arasında Ziddiyyət
"Bəxt güzgümdü, bəxt göstərir... Allah, nə xoşbəxt göstərir" misraları psixoloji konfliktə işarədir. Güzgü xoşbəxt bir obraz təqdim etsə də, real həyat belə deyil. Burada özünü aldatma və ya daxili narazılıq hissi müşahidə olunur – insan özünü xoşbəxt göstərmək istəsə də, daxilində dərin bir boşluq və ya kədər yaşayır.
Şeir bir insanın daxili dünyasında baş verən mənlik böhranını, travmatik yaddaşı, sosial təzyiqləri və özünü axtarışını poetik dillə ifadə edir. Bu cür psixoloji təcrübələr dərin və zamanla formalaşan daxili dəyişikliklərə səbəb ola bilər. Güzgü burada həm real obyekt, həm də simvol kimi çıxış edir - özünü görmək, amma tanımamaq.
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)
Milyonların arasında tənha olan HƏMİD HERİSÇİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Onun öz aləmi var. Hər təfəkkürün dərk edə bilməyəcəyi, hər ağılın anlamayacağı, sirlərlə dolu bir aləm. O, hər adam üçün danışmır, onu yalnız ariflər anlaya bilir. Ətrafında xeyli adam olsa da, milyonların arasında təkdir, tənhadır. Bəli, başqa bir bəşərdir Həmid Herisçi. Öz missiyası olan və bunu özü də yaxşı bilən bəşər. Onun miqyasını daha sonra yaxşı başa düşəcəklər...
Deyir ki:- “Mən, heç vaxt məşhurluğu sevməmişəm. Mənim poetik və fəlsəfi təfəkkürüm gizlində qalmağı sevən təfəkkürdür. Çox sevinirəm ki, haqqımda mətbuatda çox bəsit məlumat var. Həyatımı heç kim də bilmir. Bir söz deyə bilərəm ki, mən çox ciddi siyasi xadim ailəsində doğulmuşam. Bu çox şeyi həll edib. Mən ciddi inqilabçıların arasında böyümüşəm, onların sevimlisi olmuşam. İran Kommunist Partiyasının rəhbəri rəhmətlik İrəc İskəndəri bizim ailəvi dostumuz olub. O, mənim təfəkkürümü qiymətləndirib. Mən Allah yolunda olmuşam. Sevinirəm ki, məni yaxşı tanımırlar. Çünki məni tanısalar təhrif oluna bilərəm. Ümumiyyətlə, mənə elə gəlir ki, ciddi adamlar çox tanınmaq istəməzlər…”
Sərrast atıcı kimidir. İnsanların qəlblərini üzlərindən oxuya bilir, necə deyərlər, kimin hansı yuvanın quşu olduğunu bəsirət gözlərilə görməyi bacarır. Hadisələrə baxan kimi düzgün rəy verməyə qadirdir. Qarşılaşdığı bütün məsələlərdə ortaq nöqtəni tapmaqda çətinlik çəkmir. Bütün bunları ona fədailiyi öyrədir, fədaidir. Sadəliyə, azadlığa çox üstünlük verir. Bununla da o, öz xüsusi təfəkkürünü qoruyub saxlaya bilir. Bir sözlə, o, təkcə Azərbaycanın yox, dünya vətandaşıdır...
“Mən sirləri tapmaq tərəfdarıyam. Bütün yaradıcılığımda da çalışmışam ki, kimisənin bilmədiyi, çox həlledici məsələləri tapıb göstərə bilim. “Damğa”, “Dəli Kür” romanlarımda, çoxlu sayda yazdığm esselərimdə, şeirlərimdə həmişə ona doğru can atmışam. Xülasə, sirlər xəzinəsini axtarıram. Bəzən insanlar Stepan Razinin Pirallahı adasında gizlətdiyi xəzinəni, bəziləri Cavad xanın xəzinəsini axtarır. Mən də Nizaminin dediyi “Sirlər xəzinəsi”ni tapmaq üçün çalışıram. Mənim istər publisistikam, istərsə də şeirlərim həmişə diqqət mərkəzində olub. Hətta “Facebook”-da da ətrafımda diqqətçəkici adamlar çoxdur. Hesab edirəm ki, “Facebook” yeni bir inqilabdır. Mən modernizmi sevirəm. Postmodern daha acı bir məsələ idi. Konsperologiyanı Azərbaycan təfəkkürünə mən gətirmişəm. Bunu çox adam bilir. Azərbaycanda aparıcı ədəbi-fəlsəfi cərəyanları həmişə təqdim eləməyə çalışmışam.”- söyləyir.
1960-cı il, aprelin 30-da Bakı şəhərində anadan olub. Əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir. Böyrəkləri xəstə olduğu üçün yeddi yaşından Moskvada- SSRİ Elmlər Akademiyasının Pediatriya İnstitutuna yerləşdirilib və orta təhsilini həmin institutun nəzdində fəaliyyət göstərən məktəbdə alıb. Sonra Bakıya dönərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq", "Əli və Nino", “Solaxay” adlı postmodern üslubda yazılmış irihəcmli romanların və “SSRİ”, “Konspiroloq”, “Portretlər”, “Sekond hənd-ikinci həyat”, “Hekayələr”, “İki səmanın qartalı” şeir və hekayə kitablarının müəllifidir...
Deyir ki:- “Başqalarının fikrinə həmişə hörmət eləmişəm. Amma mənim üçün bu fikirlər həlledici olmayıb. Qərarı özüm vermişəm. Heç vaxt başqa fikirləri özümün alın yazım hesab etməmişəm. Mənim nəsrim öz nəsrimdir, mənim şeirim öz şeirimdir. Bu mənim öz publisistikamdır. Televiziya layihələrim də özümə məxsusdur. Nə var özümünküdür. Mənim nəsrim, şeirim orijinaldır. Bununla da mən seçilirəm. Mən həmişə yeni söz demişəm. Son layihəm mətbuatda portret yazılarımdır.”
Xeyli kitab mütaliə edib, çox müəllifin əsərlərindən məlumatlıdır. Xoşuna gəldiyi Azərbaycan ədibləri isə Sabir Əhmədli və İsa Hüseynovdur. Onların əsərlərini həmişə sevə-sevə oxuyub. Onun üçün “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”ndən Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanı daha maraqlıdır. Qəribə yazıçıdır, yazdıqlarını ənənəvi qəliblərə salmağı xoşlamır. Bu da qəhrəmanlarını, qələmə aldığı hadisələri daha yaxşı təsvir etməyə imkan verir. İmanına, inancına isə söz ola bilməz. Allaha məhəbbəti sonsuzdur. Özünü əsl müsəlman hesab edir…
“Mən Şah İsmayıl xəttinin müsəlmanıyam. Özümü Şah İsmayıl misteriyasının nəvəsi sayıram. Mən ona meyilli adam olmuşam. Həm də o, uşaqlıqdan padşah olub. Onun uşaq təfəkkürü mənə çox maraqlı olub. Mən uşaq təfəkkürünü yaşlı təfəkküründən mənalı bilirəm. Mənim üçün bunun ilk modeli İsmayılın 13 yaşında taxt-taca sahib olmasıdır. Azərbaycanda uşaq təfəkkürü XVI əsrdə hakimiyyətə gəlib. Uşağın müdrikliyində şüuraltı olaraq o biri dünyanın təcrübəsi var, ixtiyar adamların müdrikliyində yalnız bu dünyanın təcrübəsi olur. Emprik təfəkkür. Mən intuiktiv təfəkkürü seçirəm.”- söyləyir.
Bəli, onun öz aləmi var. Mistik, sirli, çoxuna pünhan olan aləm. Orada baş verənləri anlamaq üçün, gərək özün də bir aləm olasan…
…İlk baharda dünyaya gəlib. Dünən ömrünün 65-ci baharına qədəm qoydu…
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)
Politoloq, jurnalist, şair və yazıçı İdris Şükürlünün doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ağsaqqal qələm adamlarını tanımalı, onların haqlarını verməliyik. Axı onlardan daim bir şeylər öyrənirik. Belə şəxslərdən biri də İdris Şükürlüdür, məhz bu gün ona diqqət ayırmağımız da boşuna deyil, bu gün onun doğum günüdür.
İdris Şükürlü 1957-ci il mayın 1-də Lerik rayonunun Şingədulan kəndində anadan olmuş və həmin kəndin orta məktəbini bitirmişdir. BDU-nun Jurnalistika fakültəsini qiyabi yolla və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası əyani şöbəsini bitirmişdir.
Bir müddət sıravi kolxozçu, “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti redaksiyasının mətbəəsində mürəttib, “Kənd həyatı” jurnalının cənub bölgəsi üzrə xüsusi müxbiri işləmişdir.
1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.
1992-ci ildə “Lerik” qəzetinin redaktoru təyin edilmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
İdris Şükürlü həm də bədii ədəbiyyat nümunələri yaradır, qələmini həm nəsrdə, həm də nəzmdə sınayıb.
Kitabları:
- “Ölsəm, inanma!” (oçerklər)
- “Gözəlliyi gözlərimdə apardım” (mənsur şeirlər)
- “Ömür çırağı sönmədi” (sənədli povest)
- “Adsız qəhrəman” (sənədli povest)
- “Əliheydər müəllimin arxeoloji cənnətdə tapıntıları”
- “Kitabların işığında”
- “Çəkirəm dünyanın şəkilini sözlə”
- “Açılmayan səhər”
- “Əsl insan haqqında düşüncələr”
İdris Şükürlü Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə “Respublikanın əməkdar jurnalisti” fəxri adına layiq görülmüşdür.
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)
HACI ZEYNALABDİN TAĞIYEV barədə uşaq hekayələri – “Baca”
Zahirə Cabir, Əməkdar Mədəniyyət İşçisi, AYB-nin üzvü. “Ədəbiyyat və incəsənət” üçün
Bakının İçərişəhər məhləsində yoxsul bir ailədə ana laylası, ata nəvazişi ilə böyüyən Zeynalabdin adlı bir uşaq vardı. Onun yaşadığı ev iki balaca otaqdan ibarət idi. Kiçik otaq, yəni mətbəx olan hissədə təndir, ocaq və "suaxan" yerləşirdi. "Suaxan"da ata Məhəmmədtağı namaz qılmamışdan əvvəl dəstəmaz alardı. Evlərin pəncərəsi yox id. Otaqların qızdırılması üçün kürsüdən istifadə edərdilər. Soyuq havalarda otağın tən ortasında kürsü üçün olan yerdə manqal qoyular, içərisinə qızmar kömür töküb otaqları qızdırardılar. Kürsü qızan zaman yaranan tüstü damdakı baca ilə uzaqlaşdırılardı. Ümmüxanım bayram günlərində döşəməni, divarları şirələyərdi. Divarlarda müxtəlif ölçülərdə taxçalar vardı. "Cumaxatan" deyilən yerdə sandıq və üstündə yorğan-döşək qoyulardı. Taxçanın ən hündür yerində müqəddəs kitab "Quran" və yanında çıraq qoyulardı.
Zeynalabdin beş yaşın içində olmasına baxmayaraq hər axşam yatanda anası ona layla deyər, sonra nağıl danışardı:
Laylay deyim ucadan
Boyun çıxsın bacadan
Səni Tanrı saxlasın
Çiçəkdən, qızılcadan
Laylanı dinlədikcə Zeynalabdinin gözü istəməsə də bacaya baxardı. O, bacadan çox qorxurdu. Amma anasına demirdi. Qorxurdu ki, indicə bacadan iki qara əl uzanıb anasını ondan alar. Bu fikirləri başından atmaq istəsə də alınmırdı. Tərslikdən hər gecə anası cumaxatandan yorğan- döşək götürüb yer salanda onun yeri düz bacanın altına düşərdü. Anasından soruşardı:
- Anacan, baca nəyə lazımdır?
- Oğlum, baca olmasa ocağın, təndirin tüstüsündə boğularıq.Evi havalandırmaq üçün baca mütləq lazımdır. Heç bacasız da ev olar?
Zeynalabdin laylada anasının “boyun bacadan çıxsın” sözlərini isə heç eşitmək istəməzdi. Anasının əlini balaca əlləri ilə qoynunda saxlayıb ona nağıl danışmasını istəyərdi. Ana nağıl danışdıqca balaca anasına qısılıb daha bacaya tərəf baxmazdı. Anasının isti əli qoynunda şirin yuxuya gedərdi.
Atası Məhəmmədtağı başmaqçı idi. Həftələr olurdu ki, başmaq yamatmağa heç kəs gəlmirdi. Elə günlərdə ana qonşuluqda imkanlı ailələrin pal-paltarını yumaqla pul qazanardı. Zeynalabdin balaca olmasına baxmayaraq satılla anası üçün su daşıyar, gücü yetən qədər anasına kömək edirdi.
Soyuq havaların birində ana bərk xəstələndi. Ciyərlərinə möhkəm soyuq oldu. Güclə nəfəs alır, sinəsi qalxıb-düşürdü. Məhəmmədtağının dərman almağa pulu yox idi. Həmin gün Ümmüxanım xəstə olmasına baxmayaraq bir qarın çörəkdən ötrü canını dişinə tutub varlı adamların gətirdiyi paltarları yudu. Axşama yaxın qızdırması qalxdı, vəziyyəti pisləşdi. Zeynalabdin anasının köməksiz vəziyyətdə görüb ağlamağa başladı. Ata oğlunu sakitləşdirib heç nə olmamış kimi, yatırtdı. Ümmüxanıma isə heç nə ilə kömək edə bilmədi. “Kasıbçılığın evi yıxılsın” - dedi.- Pulum yoxdur ki, ona kömək edim”
Zeynalabdin səhər oyananda anasını yanında görmədi. “Ana, anacan hardasan?”- qışqırıb ağlamağa başladı. Ata oğlunu qucaqlayıb: - “ Oğlum anan mələk olub göylərə uçdu. Indi sənə ordan baxır”- göz yaşları içində pıçıldadı. Az sonra arvadların ah- fəğanından Zeynalabdin başa düşdü ki, anası artıq yoxdur. Qorxduğu bacadan uzanan qara əllər anasını həmişəlik ondan alıb aparmışdı.
“Ədəbiyyat və incəsənət”
(01.05.20250
Qlobal istiləşmə və onun fəsadları - EKOMAARİFLƏNDİRMƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Son onilliklərdə insanlığın qarşılaşdığı ən ciddi və təhlükəli problemlərdən biri də qlobal istiləşmədir. Bu problem təkcə ekoloji deyil, eyni zamanda sosial, iqtisadi və siyasi fəsadlara səbəb olan çoxşaxəli bir böhrandır. Alimlər və beynəlxalq təşkilatlar bu mövzu ilə bağlı dəfələrlə xəbərdarlıq etsələr də, hələ də tam miqyaslı və effektiv tədbirlər görülmür. Bu yazıda qlobal istiləşmənin səbəbləri, nəticələri və onunla mübarizə yolları ətraflı şəkildə izah olunur.
Qlobal istiləşmə nədir?
Qlobal istiləşmə Yer səthində orta temperaturun zamanla artması deməkdir. Bu artım əsasən istixana effekti yaradan qazların — karbon dioksid (CO₂), metan (CH₄), azot oksidi (N₂O) və digərlərinin atmosferdə toplanması ilə bağlıdır. Bu qazlar günəş şüalarının yerə daxil olmasına icazə verir, lakin onların yenidən kosmosa qayıtmasını əngəlləyir. Nəticədə Yer səthində istilik qalır və temperatur yüksəlir.
*İstiləşməyə səbəb olan əsas amillər:*
1. Fosil yanacaqların istifadəsi — Neft, kömür və qaz kimi yanacaqların sənayedə və nəqliyyatda geniş istifadəsi atmosferə çoxlu miqdarda karbon qazı buraxır.
2. Meşələrin qırılması — Meşələr karbon qazını udaraq onu balansda saxlayır. Onların məhv edilməsi istixana qazlarının səviyyəsini artırır.
3. Sənaye fəaliyyəti və tullantılar — Fabriklər, zavodlar və digər sənaye obyektləri böyük miqdarda istixana qazı ifraz edir.
4. Əhalinin artması və urbanizasiya — Daha çox insan daha çox enerji, nəqliyyat və infrastruktur deməkdir — bu da daha çox karbon izi yaradır.
*Qlobal istiləşmənin fəsadları*
1. İqlim dəyişikliyi
Qlobal istiləşmə səbəbindən iqlim sistemi pozulur. Bəzi bölgələrdə uzunmüddətli quraqlıqlar, digərlərində isə intensiv yağıntılar müşahidə olunur. Bu, kənd təsərrüfatını, su ehtiyatlarını və ümumilikdə həyat şəraitini çətinləşdirir.
2. Qütb buzlaqlarının əriməsi
Arktika və Antarktidada buzlaqlar sürətlə əriyir. Bu, dəniz səviyyəsinin qalxmasına səbəb olur və sahilyanı şəhərlər üçün ciddi təhlükə yaradır. Misal üçün, Maldiv adaları və Banqladeş kimi ölkələr artıq bu təhlükəni hiss etməyə başlayıblar.
3. Ekosistemlərin pozulması
İstiləşmə heyvanların və bitkilərin təbii yaşayış mühitini məhv edir. Nəticədə, bir çox növ ya nəsli kəsilmə təhlükəsi ilə üz-üzə qalır, ya da başqa ərazilərə köç etməyə məcbur olur. Bu isə ekoloji balansın pozulmasına səbəb olur.
4. İnsan sağlamlığına təsiri
Artan temperatur, hava keyfiyyətinin pisləşməsi və su çatışmazlığı kimi amillər insan sağlamlığı üçün böyük risklər yaradır. Tropik bölgələrdə istilik dalğaları və yeni xəstəliklərin yayılması müşahidə olunur.
5. İqtisadi və sosial təsirlər
Təbii fəlakətlərin artması — sel, tufan, yanğınlar və quraqlıqlar — iqtisadiyyata böyük zərbə vurur. Əkin sahələrinin itirilməsi, qida qiymətlərinin artması və iqlim miqrantlarının yaranması kimi nəticələr cəmiyyətlərdə sosial narazılığa səbəb ola bilər.
*Qlobal istiləşməyə qarşı nə etmək olar?*
1. Bərpa olunan enerji mənbələrinə keçid
Günəş, külək və hidroenerji kimi təmiz enerji növlərinin istifadəsi karbon qazının azaldılmasına kömək edir.
2. Ağacəkmə və meşələrin qorunması
Yeni ağacların əkilməsi və mövcud meşələrin qorunması karbonun təbii şəkildə udulmasına şərait yaradır.
3. Sərfəli və davamlı nəqliyyat sistemləri
Kütləvi nəqliyyata üstünlük verilməsi, elektrik nəqliyyat vasitələrinin istifadəsi və velosiped infrastrukturu karbon emissiyalarını azaldır.
4. Təkrar emal və tullantıların azaldılması
Plastik və digər materialların təkrar istifadəsi istixana qazlarının azalmasına kömək edir.
5. Maarifləndirmə və beynəlxalq əməkdaşlıq
İnsanların bu məsələdə maariflənməsi və ölkələrin birgə hərəkət etməsi mühüm əhəmiyyət daşıyır. Paris İqlim Sazişi kimi beynəlxalq təşəbbüslər bu baxımdan önəmlidir.
Nəticə
Qlobal istiləşmə artıq gələcəyin deyil, bu günün problemidir. Onun təsirləri dünyanın hər yerində hiss olunur və bu proses getdikcə sürətlənir. Əgər bəşəriyyət bu məsələyə qarşı birgə və ciddi addımlar atmasa, gələcək nəsillər daha təhlükəli və yaşanmaz bir dünyada yaşamağa məcbur qalacaqlar. Hər bir fərd, cəmiyyət və dövlət bu prosesə qarşı məsuliyyətli olmalı və iqlimə dost yanaşmanı həyat tərzinə çevirməlidir. Çünki bu Yer bizim evimizdir və onu qorumaq hər kəsin borcudur.
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)
GAP Antologiyasında Mustafa Şeyxpurun “Gecə qondu...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair İstanbulda yaşayan Mustafa Şeyxpurdur.
Mustafa Şeyxpur
İstanbul
4.
Gecə qondu
Və biz kəpənəklər kimi işıqlara
Quşlar kimi dallara
Yalqız insanlar kimi divarlara
Sığındıq qaranlıq küçəyə.
Kölgəmizdə qaranlıq bir otaq
Kölgəmizdə itkin bir insan
Kölgəmizdə bir küçə.
Əllərimi tutarsansa
Bir lampanın işığı vardır kölgəmizdə
Sarı lampa
Kəpənəkləri gətirəcəkdir bizə
Sonra pəncərəsi olacaq
Sonra quşları çağıracağıq kölgəmizə
Birdən bir sərçə qonacaq barmaqlarıma
Yaxalıqlı qurqurlar yuxusu görəcəyik.
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)
Azərbaycanın APREL GÜNDƏLİYİ
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Tarix yalnız keçmişin salnaməsi deyil, həm də bugünün kodlaşdırılmasıdır. Aprel - “Konstitusiya və Suverenlik İli”nin dördüncü ayı çərçivəsində Azərbaycan Respublikasının iç və dış gündəliyinin dinamik iç-içəliyi baxımından müstəsna önəm daşıyır. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən hər bir tədbir, görüş, səfər və açılış, əslində Azərbaycanın geosiyasi və sosial-iqtisadi xəritəsində yeni suverenlik xətləri çəkir.
Aprel ayının simvolik ritmini “Böyük Qayıdış” proqramı diktə etdi. Hər gün (bəli, hər gün!) azad olunmuş torpaqlara ailələrin, həyatların qayıtdığına, oraların şen olduğuna tanıq oluruq. Bu, sadəcə köç deyil – mədəni dirçəliş, milli yaddaşın canlanması, əraziyə şad ruhun dönməsi sürəcidir. Ağalıdan Talışa, Laçından Xocalıya… uzanan bu sürəc, Azərbaycanın suveren iradəsinin əməli sübutudur. Üstəlik, ölkənin siyasi partiyalarının dünən Laçına səfəri təşkil olundu və bu da, ayrı bir məhəbbət doğurur.
Qarabağ və Gündoğar Zəngəzurdakı irimiqyaslı tikinti-quruculuq, abadlıq və “Böyük Qayıdış” proqramı respublikamızın digər bölgələrinin iqtisadi, sosial-mədəni inkişafı ilə bərabər aparılması ilə bir başqa məhəbbət yaradır. Prezidentin Sumqayıt və Qusar səfərləri çərçivəsində açılan yeni məktəblər, sənaye müəssisələri və sosial obyektlər, “dayanıqlı inkişaf” anlayışını sırf kağız üzərində deyil, konkret həyat səviyyəsində reallaşdırır. Bu, suverenlik təkcə ərazidə yox, təhsil, səhiyyə və rifah sistemlərində də bərqərar olur deməkdir.
Aprel diplomatik aktivlik baxımından da məhsuldar keçdi. Prezident İlham Əliyevin Çin Xalq Respublikasına möhtəşəm səfəri,
Azərbaycanın Qlobal Güney – Gündoğar Asiya – Orta Dəhliz üçbucağında necə uslu davrandığını bir daha göstərdi. Bu səfər təkcə iqtisadi işbirliyinin yox, həm də sivilizasiya tərəfdaşlığının başlanğıcı yaxud yeni keyfiyyətidir.
Çindən öncə baş tutan Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə ilə müttəfiqlik strategiyasının dərinləşməsi, KKTC-yə Azərbaycanın xəlqi məhəbbətinin və dövlət dəstəyinin təzələnməsi, başqa coğrafiyalara (necə deyərlər) yeni anlamlar qazandırılması və s. həm Türk dünyası, həm də NATO–Avrasiya geosiyasi bucağında Azərbaycanın yerini möhkəmləndirdi.
Rəisi-Cümhur Məsud Pezeşkianın Azərbaycan Respublikasına ilk və uğurlu səfəri, Tehran-Bakı gərginlik dönəminin arxada qaldığını, praqmatik və infrastruktur yönümlü yeni işbirliyi səhifəsinin açıldığını göstərdi. Arazın qıyısında deyil, xoş niyyətin sınırında yeni bir körpü salındı bu səfərlə.
İsrailin Baş naziri Netanyahunun Azərbaycana gözlənilən səfəri isə sınırötəsi (cross-border) təhlükəsizlik, texnologiya və diplomatik şəbəkələrin daha da güclənəcəyinə işarədir. Azərbaycanın müxtəlif qütblərlə eyni vaxtda strateji bağlar qurması, onun dəngələşdirilmiş, amma prinsipial diplomatiyasının göstəricisidir.
Ayrıca, qarşı günlərdə, qardaş Türkiyənin Cümhurbaşqanı Ərdoğanın səfəri də gözlənilir və Netanyahu - Ərdoğan görüşü olacaqsa, o görüş üçün üçün ən uyğun ünvan Bakı olmayacaqsa, bəs hara olacaq?..
Bakıda keçirilmiş Qlobal Güney Forumu, Azərbaycanın artıq təkcə regional deyil, qlobal moderasiya mərkəzinə çevrildiyini sübut etdi. Bu Forum, inkişaf etməkdə olan ölkələrin səsini eşidən və onları platformaya çevirən dövlətçilik missiyasının bir formasıdır. Gündoğar-Günbatar qiyaslama, qarşıdurma və qovuşma, işbirliyi mövzularının yanında yeni geofəlsəfi baxış yüksəlir… Ayrıca, burada Qlobal Quzeyin diktəsi deyil, Güneyin təşəbbüsləri və dialoq bacarığı əsas səhnədə idi.
Beləliklə,
Aprel ayı göstərdi ki, müstəqil və qalib Azərbaycanın dövlətçiliyi artıq reaktiv yox, proaktiv və planlı strateji ardıcıllıq mərhələsindədir. Yəni, olaylar baş verdikdən sonra reaksiya verən, müdaxilə edən - təsirə cavab verən yanaşma yox, olaylar baş verməzdən öncə (qabaqlayıcı) tədbir görən, işi vaxtında planlayan və təşəbbüs göstərən yanaşma qüvvədə, yürülükdədir.
Konstitusiya ilə tənzimlənmiş bu suverenlik dövrü, özünü həm sosial yaşamın mikrosəviyyəsində, həm də dünya diplomatiyasının makrosəhnəsində təsdiqləyir.
Göründüyü kimi,
Azərbaycanın gündəliyi – sadəcə təqvimdəki olayların ardıcıllığı deyil. Bu, milli iradənin, siyasi uzaqgörənliyin və dövlətçilik sinxronluğunun gündəlik ritmidir. Bu gündəliyi izləyənlər gələcəyin xəritəsini oxuyur… Yazanlarsa – onu qurur!
Başa çatmaqda olan ayın son günü həmçinin “ADNA terroru”nun növbəti ildönümü idi.
Həmin gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradıldığı gün olaraq da əlamətdardır! Ondan 2 gün öncə isə Azərbaycanın bolşevik işğalının 125-ci ildönümüydü. - Gedib və bir daha gəlməyəcək! Şəhidlər ölmədi, Vətən bölünmədi!
Bütün dönəmlərdəki və hər yerdəki şəhidlərimizi dərin sayğılarla yad edir, ölkəmizə, ordumuza, xüsusi təyinatlılarımıza güc-qüvvət diləyirəm!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)
Ermənilərin anasının donunun altında nə var?
Füzuli Sabiroğlu, “Ədəbiyyat və incəsənət” üçün
İrəvandakı "Ana Ermənistan" abidəsindəki "ana"nın uzun donunun altında nə gizlədildiyini bilirsinizmi? Bilmirsinizsə, mən ərz edim, siz də qulaq asın.
1950-ci ildə İrəvanda Stalinin şərəfinə "Qələbə" monumenti ucaldılmışdı. Monumentin yuxarı hissəsini Stalinin 16-m-lik abidəsi tamamlayırdı. Sonradan abidənin ayağı Stalin üçün düşərli olmadı və o, o biri dünyaya gedəsi oldu. 1962-ci ildə SSRİ-də gedən məlum siyasi proseslərlə əlaqədar olaraq abidə söküldü. Amma…
Amma Stalinin ayaqqabıları monumentin postamentinə elə bərkidilmişdi ki, ayaqqabıları ayırmaq üçün tikilinin bir hissəsini sökmək lazım imiş. Ona görə də ayaqqabılar düz 5 il postamentin üzərində qaldı. 1965-ci ildə heykəlin yerinə "Ana Ermənistan" heykəli qoymaq qərara alındı. 1967-ci ildə heykəltəraş Ara Arutunyan heykəli tamamladı və ermənisayağı biclik işlədərək qərara aldı ki, Stalinin ayaqqabılarından 22 m-lik heykəli bərkitmək üçün istifadə edilsin.
Abidə elə hazırlanıb ki, Stalinin ayaqlarını "Ana Ermənistan"ın uzun donu və qarşısına bərkidilmiş qalxan gizlədib.
Ancaq bu da son deyil...
Abidənin qoyulmasından 40 il sonra aydın olub ki, "Ana Ermənistan"ın obrazının yaradılmasında naturşitsa kimi iştirak edən 17 yaşlı Yevgeniya Muradyan 40 yaşlı heykəltəraşın məşuqəsi imiş...
ÇOX RƏMZİ BİR ABİDƏDİR ELƏ DEYİLMİ...
STALİNİN AYAQLARI ÜZƏRİNDƏ DAYANAN ANAİTKA- "ANA ERMƏNİSTAN"
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)
Yenə bir əruz məclisi yaddaşlara yazıldı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
"Çeşmə" Ədəbi Məclisi ilə "Bəzmgah" təşkilatı birgə tədbir keçirdilər. Bu, növbəti bir əruz məclisi idi.
Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbacan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra ilk olaraq sözü Azərbaycan Yazıçılar Bilyinin üzvü, şair-qəzəlxan Gülarə Munisə verdi. Gülarə xanım, “Çeşmə” Ədəbi Məclisi ilə “Bəzmgah” təşkilatının birgə görüşlərinin tez-tez keçirilməsini alqışladı və təşkilatçılara, həmçinin iştirakçılara uğurlar dilədikdən sonra öz qəzəllərindən bir neçəsini səsləndirdi.
Məclisdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əhməd Haqsevərə söz verildi. O da məclis üzvlərini təbrik elədikdən sonra qəzəllərindən səsləndirdi.
Sonra məclisin üzvü AzərbaycanYazıçılar Birliyinin Xəzər Bölməsinin üzvü, ustad şair-qəzəlxan Əşrəf Pirşağılıya söz verildi. O, məclis iştirakçılarını salamladıqdan sonra özünün qələmə aldığı son qəzəllərindən bəzilərini səsləndirdi. Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair- qəzəlxan Xatirə Xatuna söz verildi. Xatirə xanım da bu Ədəbi Məclisin Əruzun və gənc şairlərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edib, məclisin sədrinə gələcək işlərində uğurlar arzuladı, tədbirə dəvət olunduğu üçün təşəkkürünü bildirdi və axırda qəzəllərindən bir neçəsini səsləndirdi.
Sonra növbə ilə digər şairlərə söz verildi və onlar da hər biri öz qəzəlini səsləndirdi. Məclisdə iştirak edən istedadlı şair Ceyhun Rəşidov, Nicat Nəsri, Əliyar Mərdiyev, əruzun bilicilərindən biri olan Rüstəm Hacıyev, gənc şairlər Həsən Lütfi, Əli Əkbər, Əlhəm Dəşti, İsa Salim, Xəzər Bölməsinin üzvü Araz Əfəndi, Murad Mahir, Azər Vahid qəzəllərindən nümunələr səsləndirdilər. Şairə Sevinc Murad və ağsaqqal şair Mirnəzər Mirkazımlı da öz şeirlərini səsləndirdikdən sonra böyük coşğuyla başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı.
Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranın rəhbəri Rəşid Süleymanova öz adından və iştirakçılar adından təşəkkürünü bildirdi.
Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)
FEDERİKO FELLİNİ: “Kaş bir də aşiq olsaydım!”
“Ədəbiyyat və incəsənət” portal Cavid Aslanovun qeydlərini təqdim edir.
Federiko Fellini ölümündən iki gün əvvəl bu sözləri demişdi: “Kaş bir də aşiq olsaydım!”
Mən, açığı, heyrətə gəldim! Ölümün astanasında olan bir insan yenidən sevmək, yerdən ucalmaq, tabe olmaq istəyinə tabe olmaq, ruhunda orkestrin musiqisini eşitmək istəyirdi… O, qadından danışmırdı, demək istəyirdi ki, sevgi — həyatın sehrli anlarından biridir.
Aşiq olanda, sadəcə insan olmaqdan çıxırsan, bir ətirə çevrilirsən. Yerimirsən, sanki havada süzürsən. Bax, bu vurğunluq halı həyatın ən vacib halıdır. Və fərqi yoxdur, nəyə vurğunsan — qadına, işə, dünyaya, həyata…
Sevgi — nə sevinci, nə də kədəri, nə mükafatı, nə də sınağı ifadə edir, bu onların hamısının birləşməsidir — nağıllar aləminə səyahət, kəşf olunacaq sirrə aparan bir cığırdır. Sevgi həmişə keçib gedir, hər şeyin sonu olur. Amma bir hal digərinə çevrilir və bu yeni hal vurğunluqdan da güclü hiss ola bilər.
Bu gün evliliklər uzunömürlü deyil və keçmiş aşiq insanlar böyük bir kəşfdən məhrum qalırlar — birgə ölümə doğru əl-ələ getməyin necə gözəl olduğunu başa düşməkdən. Çoxlarına elə gəlir ki, yeni münasibətlər daha güclü hisslər gətirəcək. Bu belə deyil.
İtalyan dilində bir söz var, onu başqa dillərə tərcümə etmək mümkün deyil — “volere bene”. Sözbəsöz tərcüməsi “yaxşı istəmək”dir. “Amare” — sevgi deməkdir, amma “volere bene” — bir insana qarşı elə bir münasibətdir ki, sənin üçün ondan yaxın insan yoxdur. “Amare” fiziki həzz üzərində qurulub. Yer üzündəki ən güclü hiss — “amare”nin “volere bene”yə çevrilməsidir. Dünyada bundan daha güclü hiss yoxdur. Bu hiss yalnız birlikdə keçən illərlə yaranır və bu illər etibarı itirməməlidir. Belə uzun münasibətin itkisi sevginin və ya fiziki həzzin itkisindən daha faciəlidir.
“Volere bene”nin itkisi — əsl dərin tənhalıq, tam bir boşluqdur..
Böyük bir “volere bene” Federiko Fellini və Culietta Mazina arasında da vardı. Dünyadakı bütün qadınlar Fellinini sevirdi, amma onun son jesti Culiettaya olan sevgisinin həqiqi himni oldu — demək olar ki, iflic olmuş halda klinikadan qaçdı, çünki Culiettanın Romadakı xəstəxanada ölüm ayağında olduğunu eşitmişdi. Beş yüz kilometr yol qət etdi və onun yanına uzandı.
Fellini öldükdən sonra Culietta da yaşamadı.
“Ədəbiyyat və incəsənət”
(01.05.2025)