ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

               SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər), şair

 

 

-         Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.

-         O şeyi ki, arxayıncasına sənə deyəcəklər, soruşmağa tələsmə.

-         Qəzəblənəndə  özünü saxlaya bilən insan, başqalarının da günahlarını saxlaya bilər.

-         İnsanlarla münasibətin belə olsun: Çox uzaqlaşma, donarsan. Çox yaxınlaşma yanarsan.

-         Vəziyyətimə görə yox, ləyaqətimə görə mənimlə rəftar elə.

-         Yalnız öz hayına qalan qardaş, nə qardaşdır, nə yoldaş.

-         Zəmanə dərdindən çəkmə qəm-kədər,

          Səbr acı olsa da, şirin bar verər.

-         Oxşa könülləri, xalqı sal yada,

       Təkcə  öz halına qalma dünyada.

-         Özündən gücsüzlərə rəhm etməyən, özündən güclülərin zülmünə rast gələr.

-         Cinayətdən sonra tövbənin xeyri yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bəli, rəssamlarımızı tanıyaq. Yalnız şou-biznesin təbliğatı ilə mədəniyyət qurmaq olmaz.

 

Katib Məmmədov 1963-cü il oktyabrın 10-da Gəncə yaxınlığında Azərbaycanın çox mənzərəli bir guşəsində, çoxuşaqlı ailədə anadan olub. Katibin uşaqlığı təbiətlə yaxından bağlı olub. O hələ uşaqkən ətrafda hər şeyə həddindən artıq marağı ilə yaşıdlarından seçilirdi. Çoxlu kitablar oxuyur, şəkil çəkir, müxtəlif fiqurlar düzəldirdi. Onun rəssam kimi formalaşmasında atasının böyük təsiri olub, atası onun qeyri-adi istedadını görərək ona tut ağacında balaca ev düzəltmişdi. Bu onun uşaq fantaziyalarına daha da təkan vermişdi. Balaca Katib özünü orada azad quş kimi hiss edir, özünü oxuduğu sevimli əsərlərindəki qəhrəmanlara bənzədirdi, Tom Soyer, Cim Hokins, Robinzon Kruzo…

Səkkizinci sinfi bitirdikdən sonra, 15 nömrəli Gəncə sənət məktəbinə daxil olur. 1982 ildən 1984-cü ilədək Sovet Ordusu sıralarında, Rusiyanın Lipetsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən Leninqrada oxumağa getmək arzusu ilə Vətənə qayıdır. Amma anasının xəstəliyi, məişət problemləri onu Rusiyaya işləməyə getməyə məcbur edir. O, tikintidə bənna, suvaqçı kimi çalışaraq, 1985-ci ildən 1987-ci ilədək N. K. Krupskaya adına Moskva Vilayət Pedoqoji İnstitutunun (indikindən Moskva Dövlət Vilayət Universiteti) qrafika və rəngkarlıq şöbəsində qiyabi oxuyub.

1987-ci ildə xoş təsadüf nəticəsində Xarkov şəhərinə gəlir. 1987-ci ildən 1988-ci ilədək Xarkov Bədii-Sənaye İnstitutunda (indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyası) heykəltaraşlıq kafedrasında usta kimi çalışır. 1988-ci ildə Xarkov Bədii-Sənaye İnstitutunun heykəltaraşlıq fakültəsinə daxil olur. 1993-cü ildən Katib Məmmədov indiki Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının müəllimidir.

Katib Məmmədov Ukrayna və Rusiyada işləyir və yaşayır. Əsərləri muzeylərdə, qalereyalarda və dünyanın müxtəlif yerlərində şəxsi kolleksiyalarda saxlanılır.

 

Katib Məmmədov Azərbaycandan uzaqda yaşamasına baxmayaraq doğma Vətəninə bağlı sənətkardır. Bu bağlılıq onun yaradıcılıq fəaliyyətində bilavasitə özünü göstərir. Onun klassik, modern, stilizə, avanqard əsərlərində belə, şərqin bənzərsiz, heyranedici əlvanlığını böyük məharətlə özündə əks etdirən həfif notlara rast gəlinir. Hələ tələbəykən Vətəninə həsr etdiyi "Odlar yurdu" əsəri ona çoxlu uğur gətirməklə yanaşı, yaradıcılığının simvoluna çevrilib. "Novruz", "Qaçqınlar", "İnad", "Molla Nəsrəddin", "İbadət", "Yeddi gözəl", "Fərhad və Şirin", "Gəlin qaçırma" və s. milli mövzularda olan əsərləri daima sərgilənir və digər xalqların da cox böyük maraq və rəğbətini qazanmaqdadır.

1990-cı ildən sərgilərdə iştirak etməyə başlayıb. 2001-ci il — Heykəltaraş Ukraynanın 10-illik müstəqilliyi və "Ukrayna Xalq Akademiyası"nın yubileyi şərəfinə Xarkov şəhərinə "Odlar Yurdu" ("Elm Məşəli" adlandırılıb) abidəsini hədiyyə edib. 2005-ci il — "Katib Məmmədov. Heykəl." adlanan, müəllifin kataloq təqdimatı olmuşdur. Kataloqa heykəltaraşın 80-dən artıq yaradıcılıq əsərləri daxil olub.

 

Katib Məmmədovun bəzi ən əhəmiyyətli sərgiləri

1. 1993-cü il — İlk fərdi sərgisi Moskva şəhərinin "Belyayeva" sərgi salonunda keçirilib.

2. 1997-ci ildən Moskva Beynəlxalq İncəsənət Art-Salonunun hər illik sərgisinin (Mərkəzi Rəssamlar Evi) daimi iştirakçısıdır.

3. 1997-ci ildən-2008-ci ilədək — Moskva Beynəlxalq İncəsənət Sərgisi — Art-Manejin hər illik sərgisinin daimi iştirakçısı olub.

4. 1999-cu il — Beynəlxalq Festival "Pro Art" Kiyev. O, fəxri "ProArt" diplomu ilə təltif edilib.

5. 2000-ci il — Beynəlxalq müsabiqə "Qızıl Palitra 2000", Samara. O, "Qızıl Palitra 2000" müsabiqəsinin "Heykəl" nominasiyasında qalib olub.

 

Katib Məmmədovun muzey-emalatxanası Ukraynanın Xarkov şəhərində yerləşir. Burada heykəltaraşın 300-dən çox əsəri nümayiş olunur. Ukraynanın bir çox görkəmli şəxsləri bu muzeydə dəfələrlə olur və müəllifin əsərlərinə yüksək qiymət verirlər. Muzey Ukraynada Azərbaycan mədəniyyətini bu sahədə təmsil edən yeganə profil mədəniyyət ocağıdır. Muzeydə daima mədəniyyət gecələri, təqdimat mərasimləri və digər elmi-mədəni proqramlar keçirilir

 

Fəxri ad və mükafatları

1. Beynəlxalq "Pro Art" Festivalı mükafatı

2. Beynəlxalq müsabiqə "Golden Palitra 2000" qalibi

3. "Maestro" nominasiyası qalibi.

4. İlin adamı — 2007 medalı, Xarkov

5. Vera mükafatı

6. "Ukraynanın əməkdar rəssamı" fəxri adı

7. "Kamerata" qalibi mükafatı

8. Beynəlxalq İlya Repin mükafatı laureatı medalı

9. Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

“Ədəbiyyat və incəsənət” portalı yazıçı, publisist Yunus Oğuzun “Xəlifə və Bəhlul Danəndə” adlı pritçasını təqdim edir.

 

Bir gün xəlifə Harun  ər Rəşidin kefi ala buludda gəzəndə vəziri içəri girib deyir ki, bəs filan tacir hüzurunuza gəlib. Xəlifə soruşur:

-Nə ilə bağlıdır hüzuruma gəlməsi, axı mən onu çağırmamışam?

Vəzir yenə baş əyib cavab verir:

-Ya əmirəlmöminin, qardaşınız Bəhlul Danəndədən şikayətə gəlib.

Xəlifə xınalı saqqalını tumarlayır:

-Qəribədir, belə hörmətli zatın Bəhlulla nə işi ola bilər? Yaxşı, çağır gəlsin, mənim üçün də maraqlı oldu.

İçəri tösmərək bir nəfər girib xəlifəni salamladı, sonra dizlərini yerə qoyub iməkləyərək xəlifənin başmağından öpdü.

-Qalx, -Harun  ər Rəşid handan -hana dilləndi, - eşitdim qardaşımdan şikayətə gəlmisən.

Tacir ayağa durub əyin-başını düzəltdi.

-Bəli şikayətə gəlmişən, ya əmirəlmöminin.

-Danış, - xəlifə hökmlə dilləndi.

-Ya tacirlərin, əsnafın  himayəçisi! Bİr müddət ticarətim zəiflədi. Bilmədim neyləyim. Bazara çıxanda gördüm ki, Bəhlul gəlir. Dedim, ya Bəhlul Danəndə, mənə nə məsləhət verərsən ki, ticarətim genişlənsin? Düşünmədən cavab verdi: "Get dəmir al, yığ anbara, bir azdan müharibə elan ediləcək, silah qayırmaq üçün dəmirə çox ehtiyac olacaq."Elə də etdim. Qazancım dörd-beş qat oldu. Bir gün yenə oturmuşdum bazarda. Gördüm yenə o gəlir. Çağırdım yanıma. Dedim ya Bəhlul Divanə, mənə nə məsləhət verərsiniz ki, bir qədər də çox qazanım. Yenə düşünmədən cavab verdi: "Get çoxlu soğan al, yığ anbara, üstünə də su səp". Elə də etdim. Üstündən iki ay keçməmiş soğanlar göyərib xarab oldu. Əlimdə olan-qalan da getdi. Şikayətimin məğzi belədir.

Xəlifə yenə saqqalını tumarlayıb dedi:

-Əgər, sən deyən kimidirsə, zərəri mən ödəyəcəm, yox, əgər qardaşım tutarlı bir dəlil ortaya qoysa, daha mənlik deyil.

Xəlifənin əmrilə  Bəhlulu tapıb onun hüzuruna gətirdilər. Çox çəkmədi ki, üzündə heç vaxt  təbəssüm görünməyən Bəhlul içəri girdi. Durdu qapının ağzında.

Xəlifə barmağı ilə taciri göstərib soruşdu:

-Bu hörmətli zata bir dəfə məsləhətinlə yaxşı xeyir vermisən, bir dəfə də zərər, niyə?

Danəndə baxışları ilə əvvəlcə taciri gözdən keçirdi, sonra isə nəzərlərini qardaşının üzərində saxladı.

-Bu tacir bir dəfə mənə Danəndə kimi müraciət etdi. Mən də ona ağıllı məsləhət verdim. Çoxlu qazandı. Əli pulla oynamağa başlayanda genəldi, harınladı. İkinci dəfə mənə Divanə kimi müraciət etdi. Mən də dəli kimi məsləhət verdim, zərərə düşdü.

Xəlifə şaqqanaq çəkərək tacirə üzünü tutdu:

-Kişi, bu işdə sən özün günahkarsan. Məndən heç bir təzminat ala bilməyəcəksən, get.

Onlar mürəxxəs olandan sonra xəlifə üzünü vəzirinə tutub soruşdu:

-Vəzir, sən bu Bəhlulu gülən görmüsən?

-Xeyr, ya əmirəlmöminin.

-Onun həmişə qaşqabaqlı gəzməsi məni çox düşündürür. Sən belə et. Carçıya tapşır ki, kim Bəhlul Danəndəni gülən görsə, ona bir torba qızıl verəcəm.

Carçı aləmə car çəkir, amma onu heç kim gülən görmür.

Bir gün Bəhlul sallaqxananın yanından keçəndə baxır ki, qoyun öz ayağından asılıb, dərisi də soyulur.

O, bu mənzərəyə baxıb şaqqanaq çəkir. Qəssab bu mənzərəni görüb tez saraya qaçır ki, bəs qardaşınızı gülən görmüşəm.

Bəhlulu axtarıb tapırlar, xəlifənin hüzuruna gətirirlər. Harun ər Rəşid soruşur:

-Bu qəssab iddia edir ki, sən sallaqxananın yanından keçəndə gülmüsən. Bu doğrudurmu?

O xəlifənin sözlərini təsdiqləyir:

-Bəli, gülmüşəm.

Xəlifə göstəriş verir ki, qəssabı yola salsınlar.

O gedəndən sonra sual verir:

-Yaxşı bəs, o sallaqxanada səni güldürən nə  oldu?

-Qardaş, həmişə sənin zalımlığını, rəiyyətə əziyyət verdiyini görəndə fikirləşirdim ki, sənin bu əməllərinə o dünyada necə cavab verəcəm?  Sallaqxananın yanından  keçəndə gördüm ki, qoyun öz ayağından asılıb, dərisini soyurlar. Ondan başa düşdüm ki, hər kəs öz əməllərinə görə özü cavabdehdir. Bax buna güldüm...

 

“Ədəbiyyat və incəsənət”

(10.10.25)

 

Cümə, 10 Oktyabr 2025 15:40

ANAR, “Şuşa nisgili“

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

ANAR, ŞEİRLƏR

ŞUŞA NİSGİLİ

 

Kirs dağından meh əsir,

Gəl sən vermə mehə sirr,

Təbiət əsir düşüb,

Külək – dustaq, meh əsir.

 

Satıldı Şuşam,

Atıldı Şuşam,

Mən də bununla

gərək barışam?

 

Gözün tökülsün, yağı,

Sinəmə çəkdin dağı,

Qanlı göz yaşı tökür

İndi İsa bulağı.

 

Kəssək hərki-hərkini,

Yıxa billik hər kimi.

 

Keçərək Əsgərandan,

Qalxıb Qırx pilləkəndən,

Düşmənə qan uddurar

Ər igidlər hər yandan.

 

O vaxt ürək dolusu

Sevinər Şuşam mənim.

 

“Mətanətlə, dəyanətlə,

mərdliklə qoşam mənim”.[1]

Atıb dərdi, məlalı,

Söyləyər: Nərim gəldi,

Şükür olsun Allaha,

Qardaşım, ərim gəldi.

Yalan yoxdu sözümdə,

Səbir də var, dözüm də,

Hökmən görüşəcəyik

Sabah Cıdır düzündə.

          25 iyul 2000, Zuğulba

 

“Ədəbiyyat və incəsənət”

(09.10.2025)

 



[1]Misralar Rəsul Rzanındır

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Əlbət ki əgər bir adam uzun illər vəzifədə olursa, opera teatrının, filarmoniyanın, ədəbiyyat muzeyinin direktoru olaraq mədəniyyətin ən vacib ocaqlarına rəhbərlik edirsə, elmi fəaliyyəti də varsa, professordursa, onda onun gərəkliliyi göz önünə alınar. Belə bir  şəxs Abbas Zamanov idi.

 

Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşayıb. Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışıb, iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləyib. Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir olub. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirib və oraya müəllimliyə dəvət edilib.

Opera Teatrının və Filarmoniyanın direktoru olub. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik edib. İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət edib. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri  vəzifələrində çalışıb, daha sonra kafedranın professoru kimi fəaliyyət göstərib.

Abbas Zamanov dəmir pərdənin hökm sürdüyü sovet siyasi rejimi dönəmində dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanın mühacir alimləri, yazıçıları ilə məktublaşıb, kitab mübadiləsi edib. Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universitetində professor Abbas Zamanovun vaxtilə sovet rejiminin çətin dövrlərində göndərdiyi kitablardan təşkil olunub və üç mindən artıq kitabı əhatə edən "Bağış kitablığı" yaradılıb.

Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunub. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri yayınlanıb. "Sabir və müasirləri" monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, "Cəlil Məmmədquluzadə" oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunub. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərib, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhimbəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Seyid Hüseyn, Hacıbaba Nəzərli, Sultan Məcid Qənizadə və başqa şair və yazıçıların əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirib. O, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və "Cavidi xatırlarkən" (1982) adı ilə kütləvi tirajla çap etdirib.

 

Kitabları

1. İrəli (cəbhə qeydləri)

2. A. Şaiqin həyatı və yaradıcılığı

3. Müasirləri Sabir haqqında

4. Əməl dostları

5. Sabir və müasirləri

6. Bu dünyadan Rəsul Rza gəlib keçdi

7. Tərcümələri

 

Redaktə

(ruscadan)

1. N. Jurba. Aleksey Matrosov

2. H. Məmmədquluzadə. Mirzə Cəlil haqqında xatirələrim

 

Təltifləri

1. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü

2. Azərbaycanın Əməkdar elm xadimi

3. Konya Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru

4. Birinci Dərəcəli "Vətən müharibəsi" ordeni

 

Abbas Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

 

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Mən on beş yaşında, iyirmi yaşında

Elə bilirdim ki, qırx qocalıqdır

Bax qırxı ötmüşəm ancaq başımda

Uşaqlıq havası hələ qalıbdır.

Elə bil dünəndi, çiynimdə çanta

Qorğa yeyə-yeyə dərsə getdiyim.

Elə bil dünəndi, o qamış atda

Nəzil qamçı vurub "at" səyirtdiyim.

Hiss edə bilmirəm yaşımı neylim,

Ürək o ürəkdir, həvəs o həvəs

Gah arana düşür, gah dağa meylim

Nədir sinəmdəki bu duyğular bəs?

Elə bil dünənin uşağıyam mən

Bu eşqə, həvəsə bəzən gülürəm.

Amma qınamıram özümü bəzən

Axı nə yatdım ki, nə yuxu görəm?!

                                 (Həsən Əbluc)

 

Fikirlərimə Həsən Əblucun gözəl şeiri ilə başlamaq qərarına gəldim. Çünkü bu günkü mövzumuz uşaqlıq barədədir. Çoxusunun yadına gəlmir, ya da fərqli bir ortamda böyüdüyü üçün o duyğuları dərk etmir. Ancaq mənim bildiyim uşaqlıq tamam fərqli idi. Məsələn, biz dəcəl idik, ancaq fərqli idik. Biz sosial şəbəkələrsiz böyüyən sonuncu nəsilik. Səhərdən axşama qədər ancaq küçədə olurduq. Nə telefon, nə planşet, nə də "like"lar maraq dairəmizdə yox idi. Bəli, biz sonuncu nəsilik. Məsələn, bizim vaxtımızda evə qayıtmaq vaxtını telefon zəngi deyil, ananın pəncərədən bizi səsləməsi təyin edirdi. Biz duyğulu filmlər və insani dəyərlərlə böyümüşük. Təsəvvürlərimizlə hər cür möcüzələr yaradırdıq. Oyunlarımız hərşeydən yaranırdı. Sadəcə dostlarımızın qapısını döyüb onların çıxmasını gözləyirdik. Gecələmələr isə biz sonuncu nəsil üçün əsl macəra idi. Dünya daha rəngarəng, daha canlı idi. Məclislər sadə, ancaq unudulmaz olurdu. Şəkillərimiz belə "instagram" ideallarından uzaq idi. Amma ruhumuza toxunan nəsə var idi. Biz telefonsuz gülür, qaçır, oynayırdıq, daim bildirişlər olmadan. O vaxt panik atak nədir, nə olan şeydir demək olar ki, heç kim bilmirdi. Sadəcə deyirdilər ki, zəif olma. Biz xırda şeylərdən sevinməyi bacarırdıq və bəlkə də bunu bacaran sonuncu nəsil biz idik. 

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

8 oktyabr 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müasir uşaq ədəbiyyatının tanınmış simaları ilə gənclər arasında ədəbi görüş təşkil olunub. Tədbirdə elm xadimləri, yazıçı və şairlər, Bakı Dövlət Universitetinin tələbələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbir kitabxananın direktoru Şəhla Qəmbərovanın çıxışı ilə başlayıb. O, gənc oxuculara müasir uşaq ədəbiyyatının görkəmli nümayəndələrini təqdim edərək sözü Aygün Bağırlıya verib. A.Bağırlı uşaq ədəbiyyatının təbliğində müəlliflərin əhəmiyyətini vurğulayaraq gənclərin ideya və təkliflərinə də yer verib. Müzakirə  çərçivəsində Ədəbiyyat və onun insan həyatında rolu nədir?,  Ədəbiyyat olmasaydı həyat necə olardı? kimi suallar auditoriyaya  ünvanlanıb.

     Azərbaycan uşaq ədəbiyyatının böyük simalarından biri Zahid Xəlil çıxışında ədəbiyyatın insan təfəkkürünün inkişafında mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, “kəşfləri doğuran intuisiya, intuisiyanı formalaşdıran isə ədəbiyyatdır”. Gənc tələbələr isə müzakirəyə qoşularaq ədəbiyyatın insanın mənəvi dünyasını zənginləşdirdiyini, dil və empatiya bacarıqlarını inkişaf etdirdiyini, eyni zamanda təsəvvür dünyasını genişləndirdiyini qeyd ediblər.

     Tanınmış pedaqoq-şair İbrahim Yusifoğlu uşaq ədəbiyyatının təbliğində dövri mətbuatın mühüm rolunu xatırladaraq “Azərbaycan pioneri”, “Savalan”, “Göyərçin” və digər qəzet-jurnalların adını çəkib. Yazıçılar Mehriban Nağıyeva, Gülzar İbrahimova və Nurlana İşıq isə uşaq ədəbi nümunələrinin nəşri ilə bağlı mövcud problemlərə və bu istiqamətdə nəşriyyatların fəaliyyətinə toxunublar. Gülzar İbrahimova çıxışında uşaq ədəbiyyatının ilk təbliğatçılarının valideynlər olduğunu vurğulayıb.

     Müzakirə çərçivəsində Respublika Uşaq Kitabxanasının bu sahədə gördüyü işlər, kitabların süni intellekt texnologiyalarına əsaslanan video icmalları barədə məlumat verilib.

     Tədbirin sonunda yazıçılar öz əsərlərindən seçilmiş nüsxələri gənc oxuculara hədiyyə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

 

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsinə dair imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.

 

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, elektron bazada bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır. “Xalq şairi Bəxtiyar Vahabzadə 100” adlı bazada akademik Nizami Cəfərovun “Bəxtiyar Vahabzadə yaxud millətin şairi”, , türkoloq, filologiya elmləri doktoruNizami Məmmədov TağısoyunBəxtiyar Vahabzadə poeziyasında idrakla intellektin vəhdəti” kimi məqalələrin tam mətni ilə yanaşı şairin sözlərnə yazılmış bəstələrin, notların siyahıları, “Bəxtiyar Vahabzadə simpoziumu”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”, “Tərcümələr”, “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və video qalereya”, “Xatirəsinin əbədiləşdirilməsi” kimi bölmələr də mövcuddur.

 

Bundan əlavə , kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada şairin müəllifi, redaktoru, rəyçisi olduğu və onun haqqında qələmə alınan kitablar, dövrü mətbuat nümunələri sərgilənir.

 

Elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib:

 

https://ryl.az/melumat-bazalari/Xalq_shairi_Bextiyar_Vahabzade_100_el_melumat_bazasi/index.html

  

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 Bu gün milli mətbuatımızın görkəmli nümayəndəsi, böyük maarifçi, publisist, pedaqoq, ictimai xadim Ömər Faiq Nemanzadənin anım günüdür.

Ömər Faiq Nemanzadə 24 dekabr 1872-ci ildə Gürcüstanın məshəti türklərinin yaşadığı Axalsıx qəzasında, kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getmiş, amma dinə maraq göstərməmiş və yeni açılmış rus məktəbinə daxil olmuşdur. 1882-ci ildə anasının təkidi ilə İstanbulda "Fateh" məktəbində təhsil almışdır. Lakin o, burda da dinin əsaslarını öyrənməkdən, cansıxıcı tədris üsulundan imtina etmiş, nisbətən dünyəvi elmlərə meylli olan "Darüş-şəfəq" adlı yetimlər məktəbində təhsilini davam etdirmişdir.

 

Ömər Faiq Nemanzadə 1891-ci ildə İstanbulda təhsilini başa vuraraq Qalata poçtxanasında işləməyə başlamışdır. Bu vaxtdan etibarən o, inqilabçı gənclərə qoşulmuş, bir müddət onlarla əməkdaşlıq etmiş, onların gizli fəaliyyətinin üstü açıldıqdan sonra çətinliklə qaçıb vətənə gəlmişdir. Azərbaycanın demokratik ruhlu vətənpərvər ziyalılarından biri olan Ömər Faiq Nemanzadə 1892-ci ildən ömrünün sonuna qədər bütün qüvvəsini, bilik və bacarığını xalqının azadlığı uğrunda mübarizəyə yönəltmişdir.

O, 1894-cü ildə bir müddət Şəkidə təzə açılmış ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş, şəhərin ictimai və mədəni həyatında fəal iştirak etmişdir. Eyni zamanda yeni milli məktəbin açılması, şagirdlərin yeni ruhda tərbiyə olunması sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Ömər Faiq Nemanzadə həmçinin camaatı yeniliyə alışdırmaq, onları qəflət yuxusundan oyatmaq məqsədi ilə mədəni tədbirlərin təşkilinə teatr tamaşalarından başlamışdır. Xüsusən M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının tamaşası bu mənada böyük müvəffəqiyyət qazanmışdır.

O, daha sonralar fəaliyyətini Şamaxı, Bakı və Gəncə şəhərlərində davam etdirmişdir. Ömər Faiq Nemanzadə 1903-cü ildə Azərbaycan dilində nəşr olunan yeganə mətbuat orqanı olan "Şərqi-Rus" qəzetinin redaksiyasında Cəlil Məmmədquluzadə ilə tanış olmuşdur. Bu dövrdə qəzeti Mirzə Cəlil idarə edirdi və qəzetdə Ömər Faiq Nemanzadənin imzalı və imzasız bir çox məqalə, şeir və hekayələri dərc olunurdu. Ömər Faiq bu yazılarında maarifçi kimi çıxış edir, köhnəliyə, dini təəssübkeşliyə, "ikiüzlü, pula satılan" ziyalılara qarşı çıxır, milli dərdləri, milli ehtiyacları və onların aradan qaldırılması yollarını öz dünyagörüşü dairəsində göstərməyə cəhd edirdi. 1905-ci ilin yanvarında qəzet borca düşüb bağlanır və Ömər Faiqlə Mirzə Cəlilin birgə fəaliyyətinin yeni mərhələsi – “Molla Nəsrəddin” dövrü başlayır. Yeni mətbəə "Qeyrət" adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə başlayır. Bununla da Azərbaycanın ədəbi-mədəni həyatında yeni bir mərhələ başlayır. Molla Nəsrəddinçilər adı ilə məşhur olan fikir cərəyanı məhz “Qeyrət" mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoyur. Mətbəə geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşmüş və 1906-cı ilin aprel ayının 7-də Azərbaycanda məktəb yaratmış ilk satirik jurnal olan "Molla Nəsrəddin” jurnalının nəşrinə nail olmuşdular. Jurnalın rəsmi redaktoru Mirzə Cəlil, əsas yazarı isə Ömər Faiq Nemanzadə olmuşdur.

Bundan sonra Ömər Faiq Nemanzadənin publisistik fəaliyyətinin çiçəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə çevrilir. Ömər Faiq yazılarında 40-dan çox gizli imzadan istifadə etmişdir. Bunların əksəriyyəti onun publisistik fəaliyyətinin ən geniş və sərbəst meydanı olan "Molla Nəsrəddin” səhifələrindədir. Lakin indiyə qədər onlar seçilmədiyindən bir hissəsi ya Cəlil Məmmədquluzadənin əsərlərinə daxil edilmiş, ya da müəllifi müəyyənləşdirilməmişdir. Amma indi tam inamla və cəsarətlə deyə bilərik ki, məşhur "Erməni və müsəlman övrətləri", "Qafqaz Şeyxülislamına iki dənə açıq məktub" kimi mühüm əhəmiyyətə malik yazılar Ömər Faiqindir. Ömər Faiq həm karikaturalarda, həm də yazılarda ictimai, sinfi ziddiyyətlərə xüsusi fikir vermişdir. O, "Lağlağı", "Mozalan", "Dərdmənd", "Çəhrəçi xala", "Dəli", "Çoban", "Ömər Faiq Nemanzadə", "Faiq Nemanzadə", "Heyrani, "Məşrutəçi" və s. imzalarla külli miqdarda felyeton yazmışdır. Onun jurnalda dərc olunan bir sıra kəskin siyasi çıxışları hakim dairələrdə kin, qəzəb oyatısa da, kütlə arasında, demokratik ziyalılar içərisində ona qarşı böyük rəğbət yaratmışdı. Onun "Bilməli xəbərlər", "Cavablar", "Fatma xala", "Xortdana məktub", "Məktub", "Məktəb", "Qorxuram", "Axır çərşənbə", "Sirkə", "Nə deyim", "Təşəkkür", "Bir neçə günlüyə" və digər felyetonları qadın azadlığı, təhsilsizlik, cahillik, dini gerilik, sinfi ziddiyyət kimi ictimai-sosial mövzularda həsr olunmuş və insanları düşünməyə vadar etmişdir. Təbii ki, Ömər Faiqin publisistik fəaliyyəti təkcə "Şərqi-Rus" və "Molla Nəsrəddin” jurnalları ilə məhdudlaşmamış, dövrünün ən nüfuzlu jurnallarında tez-rez onun məqalələri dərc olunmuşdur. Bu məqalələrdə o, bir sıra ictimai-siyasi və milli məsələləri aydın şəkildə şərh edir, özünün demokratik fikirlərini yayırdı. "Şərqi-Rus"dan sonra ilk tutarlı çıxışlarından biri 1906-cı ildə Əbuturab Axundoğlunun "Həyat" qəzetində dərc etdirdiyi "Bizə hansı elmlər lazımdır?" məqaləsi ilə əlaqədar yazılmışdır. Əbuturab bu məqalədə hər kəsi inandırmağa çalışırdı ki, müsəlmanlara dünyəvi elmlər yox, ancaq şəriət elmləri lazımdır. C.Məmmədquluzadə, Ə.Hüseynzadə və Ö.F.Nemanzadənin ona yazdığı cavablar axundun məqaləsi ilə bir yerdə 1907-ci ildə "Qeyrət" mətbəəsində kitab şəklində çap olunaraq "Molla Nəsrəddinə əlavə kimi abunəçilərə göndərilmişdir. Əbuturab dünyəvi elmləri oxuyanları yoldan azmış, pozğun, millətinə düşmən hesab etdiyi halda, Ömər Faiq göstərirdi ki, o adam ki, dünya elmlərinə maraq göstərir, ona yiyələnir, bəşəriyyət üçün ondan istifadə edir o, ən kamil insandır.

Bu illərdə siyasi toqquşmalarda şəxsən iştirak edən, siyasi təbliğatlar aparan Ömər Faiqi Gürcüstan hökumətinin rəhbərləri aradan götürmək üçün müxtəlif fitnə- fəsadlardan istifadə edirdilər. Onlar 1918-ci ildə kəndlilər arasında siyasi təbliğat üstündə onu üç dəfə həbs etmiş, Tiflisin mərkəzi qazamatında saxlamış, olmazın əzablar vermiş, yalnız ictimaiyyətin, xüsusən Gəncə və Tiflis ziyalılarının mətbu etirazından sonra həbsdən buraxmağa məcbur olmuşdurlar.

Ömər Faiq Nemanzadə 1920-ci ildə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, daha sonra "Yeni fikir" qəzetinin redaksiya heyətinin üzvü, 1921-1922-ci illərdə Gürcüstan inqilab komitəsinin üzvü olmuş və komitənin nəzdində yaradılmış müsəlman sektorunun sədri işləmişdir. 1920-ci illərin sonlarında Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində işləmişdir. O, xalq maarifinin yenidən qurulmasında, yeni dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında fəal iştirak etmişdir.

1927-ci ildə Ömər Faiq Nemanzdənin xəstəliyi və xidmətləri nəzərə alınaraq ona ömürlük təqaüd kəsilmişdir. Lakin, o, yenə də boş dayanmamış, ara-sıra mətbuatda məqalələrlə çıxış etmiş, xalq maarifinin inkişafına yardım göstərmiş və yeni dərsliklərin hazırlanmasında iştirak etmişdir.

 O, ömrünün son illərini xatirələri üzərində işləmiş, XIX əsrin 80-ci illərindən başlayaraq 1906-cı ilə qədər olan dövrü əhatə edə bilmişdir. Buna baxmayaraq "Xatirələrim" iki əsrin (XIX-XX) qovuşuğunda baş vermiş bir sıra mühüm hadisələrin salnaməsi kimi oxuculara qiymətli məlumat verir, bəzi naməlum hadisələrin açılmasına kömək edir. Təəsüf ki, Ömər Faiq xatirələrini bitirməyə macal tapmamışdır. 1937-ci ilin yayında Axalsıxdə öz ata yurdunda dincəlirmiş, iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə böyük ziyalı həbs olunmuş, üç ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "üçlüyün" qərarı ilə güllələnmişdir.

Yalnız 1958-ci ildə Gürcüstan SSR Ali Məhkəməsi ona bəraət vermişdir.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə Pərvanə Məmmədova-Kəlağayının hekayəsi təqdim edilir. Öncə onunla tanış olaq:

                           

 

Şəkidə gözəl bir şair var, ədəbi imzası Kəlağayı. Şeirlərində Şəki də var, Azərbaycanımız da, dünya da. Nəsri də xülyalıdır, oxuduqca qədim Nuxanın küçələri boyunca sirri-tarixin izinə düşürsən sanki. Sətirlərdə özü var, misralarda səmalara pərvazlanan ruhu var.

      Məmmədova Pərvanə Şirəli qızı 1978-ci ildə Şəki şəhərində dünyaya gəlib. Orta təhsilini Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı məktəbdə alıb. Ruhundakı incəlik onun 7 il fortepiano təhsili almağının səbəblərindən idi. Şəki Tibb Kollecini fərqlənmə diplomu ilə bitirən Pərvanə Məmmədova daha sonra Sumqayıt Dövlət Universitetinin Kompüter texnikası və texnologiyaları fakültəsində təhsil alıb.  Hazırda Şəki Tibb Kollecinin Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölməsinin rəhbəri vəzifəsində çalışır. “Hədiyyə” (2023, hekayələr və şeirlər), “Elin nəğməkar qızı” (2024, publisistika),  “Əsmaul-hüsna – Allahın gözəl  adları” (2024, poema) kitablarının müəllifi,  “Vətən məcnunları”  layihəsi çərçivəsində  nəşr olunan 4 kitabın ideya müəllifi və tərtibatçısıdır.

“Ulduz” oxucularına təqdim olunan “Xilaskar köpük” hekayəsi 10 oktyabr 2024-cü il  tarixində YAZSADER (Yazarlar və şairlər dayanışma DƏRNƏYİ) tərəfindən keçirilən beynəlxalq hekayə və şeir müsabiqəsində hekayə nominasiyası üzrə 3-cü yerə layiq görülüb.

 

 

XİLASKAR KÖPÜK

 

(6 fevral 2023-cü il tarixdə Türkiyədə zəlzələdən zərər

                          çəkmiş insanlara,  xilaskar itlərə ithaf olunur.)

 

         Göydələn... Bu sözü heç sevə bilmirdi Könül. İki il bundan əvvəl köçdükləri binaya hamı “Yaşıl qızılgül göydələni” deyirdi. Təkcə o, “bizim yaşıl binamız”  deyə əzizləyirdi...

         Və heç vaxt o binaya “göydələn” deməmişdi, deyə bilməmişdi. İnsan əhvalının ən gözəl güzgüsü olan göyü heç nə dələ bilməzdi. “Göydələn” sözü insan xislətindəki doymazlığın dildəki daha bir təzahürü idi, demək.

         Bina adını həyətindəki iki gül kolundan almışdı. Deyilənə görə, binanı inşa edən tikinti şirkətinin sahibi – çəliyindən mədəd uman qoca kişi bu qızılgül kollarını Çindən gətirmişdi. “Yaşıl qızılgül göydələni” deyərkən məğrurluqları boylarını ötən  bina sakinlərindən fərqli olaraq Könül bilirdi ki, yaşıl rəngdə qızılgül, ümumiyyətlə, mövcud deyil. Həyətlərindəki kollar isə Çində bitən başqa bir gülün mutasiyası idi. Hə... İki il əvvəl köçmüşdülər bu binaya-öz evlərinə, nəhayət ki.  Oğlu Ömərin 5 yaşı vardı, özünə oxşayan qızı dünyayla hələ salamlaşmamışdı onda... Və Könül bir səhər öz evinin  pəncərəsindən üfüqdəki mənzərəni seyr etmişdi. Günəş qırmızımtıl tellərini Aralıq dənizinin suyuna batırıb-çıxarır, sular sinələrinə çırpılan şüalarla “Horon” oynayırdı...

         ...Yenə dayanmışdı pəncərənin önündə. Bir fevral sazağı əllərini yelləyirdi yarpaqlarını, sadəcə, xatirələrində saxlayan qoşa palıd ağaclarının başı üstündə. Yetim budaqlar dərdlərini bir-birinin qulağına pıçıldamaq üçün baş-başa verir, sonra da “kimin dərdi çoxdur?” yarışında razılığa gələ bilmir, itələşirdilər. Və Könül bütün bunları 8-ci mərtəbədəki evinin qonaq otağındakı iri pəncərədən izləyirdi...

         Qulağına dəyən səsdən diksinmədi, əksinə, sanki bu zəngi gözləyirmiş kimi, aram-aram masaya yaxınlaşdı, telefonunu əlinə götürüb açdı:

         – Bəli, müəllimə. Necəsiniz?

         Xəttin o başından eşidilən qadın səsi təlaşla doluydu:

         – Bağışlayın, narahat edirəm, Könül xanım.  Narahat qaldığım bir məsələ var, onu aydınlaşdırmaq məcburiyyətindəyəm.

         – Buyurun, sizi dinləyirəm, – dedi Könül və bir anlıq düşündü: “Görəsən, Ömər nəsə etməyib ki?” 

           Neçə gündür, Ömər özünü qəribə aparır. Yemək fasiləsində heç nə yemir.  Əvvəl elə bildim, çantasında yeməyi yoxdur. Məktəbin yeməkxanasına aparmaq istədim, getmədi. Çantasını açdı, yemək qabını göstərdi. Dolu olduğunu gördüm. Amma yemədi. Soruşdum: “Niyə yemirsən?” Baxışlarını qaçıraraq cavab verdi ki, iştahım yoxdur. Amma 3 gün ard-arda eyni şeyi müşahidə edincə, sizinlə müzakirə etmək məcburiyyətində qaldım. Bu hal davam edərsə, dərslərinə də, sağlamlığına da sirayət edər deyə, narahatam. Lütfən, soruşmağımı nəzakətsizlik saymayın, evinizdə bir problem yoxdur ki?

         Könül eşitdiklərinə mat qalmışdı... Heç bilmədi, sözlərini müəllimə ünvanladı, yoxsa özünə:

         – Axı mən hər gün Ömərin yemək qabını boş tapıram. Həm... Keçən həftədən başlayaraq ona hər gün iki pay yemək qoyuram.

         – Ola bilər, çantaya yaxşı baxmamışam, amma mən bircə pay yemək görürəm hər gün, müəllim dedi.

         – Keçən həftə mənə dedi ki, bir dostu var, o, ac olur. Qıymadım, başladım dostuna da yemək qoymağa. Bəlkə?

         Müəllim onun nə demək istədiyini anlamışdı:

         – Əgər yaşda böyük olan hansısa uşaq hədə-qorxu ilə Ömərin əlindən yeməyini alırsa, əmin olun, bunu da araşdıracam. Sizinlə danışıb ürəyimi rahatladacaq bir cavab almaq istəyirdim. Belə başa düşdüm ki, evinizdə hər şey yolundadır.

         – Şükür... Lütfən... – deyə bildi Könül.

 

***

        

Ömər dərsdən gələn kimi, mətbəxdən gələn yemək ətrini burnuna çəkdi. Onun gömgöy gözlərinin həsrətlə mətbəx qapısına baxdığını görəndə Könülün ürəyi üzüldü. Amma dinmədi, oğlunun dəhliz divarına söykədiyi çantasını əlinə alarkən dedi:

         – Paltarını dəyiş, hamama keç. Əllərini üç dəfə sabunla, yaxşı-yaxşı yu!

Hər gün bu sözləri eşidən oğlan anasının dediyi kimi də etdi.  Sonra özünü mətbəxə saldı:

– Ana, acam!

Könül artıq süfrəni hazırlamış, oğlunun ən sevdiyi şorbadan bir kasa doldurub yanına yuxa qoymuşdu. Ömər iştahla şorbasını içdi, sonra öz otağına keçib dərslərini hazırlamağa başladı. Könül oğlunu kənardan izləyir, çantadan çıxardığı boş yemək qabına minilliklərin arxasından boylanan sirr kimi baxırdı...

Beləcə, axşamın alatoranı özünü yetirdi. Ömər otağından çıxdığı kimi özünü balkona yetirdi. Balaca qollarını məhəccərə dayadı, bir xeyli aşağıya göz gəzdirdi. Sonra əllərini ciblərinə saldı. Könül onun bir cibindən kiçik əl fənəri, o biri cibindən  balaca, plastik fit çıxardığını gördü. Sezdirmədən  balkonun açıq qapısına bir az da yaxınlaşdı və oğlunun nə edəcəyini səbirsizliklə gözlədi. Ömər fənərini yandırdı, işığını aşağıya göndərdi. Sonra da fiti dodaqlarının arasına qoyub uzun-uzun fit çaldı. Saniyələr keçir, Könül baş verənləri anlamağa çalışırdı. Ömər fənərinin işığını havada yelləyə-yelləyə başını yana çevirdi, sanki sağ qulağıyla aşağıdan yuxarı gələn hansısa səsi yaxalamaq istəyirdi. Uşaq səsləri, it hürüşü, avtomobil uğultusu gəlirdi həyətdən. Və Könül bilmədi ki, oğlu bu səslərdən hansını basdı ruhunun bağrına. Bir onu gördü ki, oğlu sevincindən atılıb-düşür.

    Yaxınlaşdı oğluna, soruşdu:

– Nə olub?

Ömər əli ilə həyətdən onların pəncərəsinə baxan balaca iti göstərib dedi:

– Dostum mənə cavab verdi!

Könül çöhrəsinə yayılan təbəssümün qürurdan, fərəhdən qaynaqlandığını bilirdi, amma gözlərinə dolan yaşların yanağına yayılmasına da əngəl olmaq istəmirdi. Dilində şükrü, ovuclarında duası vardı: “Tanrım, oğlumun ürəyindəki mərhəmətdən dünyaya bir daha çilə...”

 

***

 

Uşaqları yatmağa göndərmişdilər. Ər-arvad qonaq otağındakı divanda oturub fevral soyuğunda eşikdə üşüyən  balaca küçüyü müzakirə edirdilər.

– Adını da Köpük qoyub, – dedi kişi, – deyir, məktəbdən gələndə rastlaşıb onunla. Görüb ki, hansısa uşağın əlindən yerə düşən peçenye qırıqlarını yeyir. Başlayıb evdən ona da yemək aparmağa.

– Və ən qəribəsi odur ki, mənə yalan danışmayıb. “Dostum acdır, ona yemək qoy” deyib. Mən soruşmamışam ki, dostun kimdir, nəçidir? Amma kənardan baxanda bunu uşağın yalanı kimi dəyərləndirənlər də var.

Kişi şəfqətlə ömrünü-gününü bağladığı qadının düşüncələr içində  çatılan qaşlarına baxdı, dedi:

– Bu mövzunu da bir gün müzakirə edərik. İndi isə Ömərin dərd çəkməsinə səbəb olan problemi həll etməliyik. Məsələn, mən sabah marketdən it yeməyi alacam.  Bundan sonra hərəsi öz yeməyini yeyər....

Könül qımışdı:

– Hə... Yoxsa ki qoyduğum iki pay yeməyin birini səhər yedirdir  Köpüyə, birini də günorta. Evə də ac gəlir.

– İkincisi, Köpüyə bir balaca dam düzəltməliyəm. Özün gördün, oğlumuz necə israr edirdi küçüyü evə gətirmək üçün. Körpə uşaq olmasa, bəlkə də, razı olardım... Amma  əvvəlcə uşaqların heyvan tükünə qarşı allergiyası olub-olmadığını yoxlatmalıyıq. Hələ Köpüyü də veterinara aparmalı, onun da sağlamlığına əmin olmalıyıq.

 

***

 

Həftə sonu Ömərin nənəsiylə babası qonaq gəlmişdi deyə, Köpüyə dam düzəltmək planı təxirə salındı. Birinci gün  Ömər yuxudan duranda anası dəhliz qapısının arxasındakı iki böyük torbanı ona göstərib dedi:

– Bax, oğlum. Atan  Köpüyə yemək alıb. Daha öz yeməyini ona verməzsən, gündə 3 dəfə  üstündə it şəkli olan torbadan  bir kasa yemək götürərsən, apararsan dostuna. O biri torabadakı isə inşaat  mallarıdı. Atan bu gün işdən icazə alacaq, sabah evdə qalıb Köpüyə dam düzəldəcək. Həm də onu veterinara aparmaq fikrindədir.

– İt həkiminə? – Ömərin balaca üzü kölgələndi.

– Hə. Onun  xəstəliyi olub-olmamasını bilməliyik axı.

– Onda mən bu gün Köpüyə deyərəm ki,  həkim iynə vuranda qorxmasın. Deyəcəm ki, qorxma, bir damcı ağrıdır. 

Könül oğlunun başını tumarladı, sonra aşağı əyildi, gözlərinin içinə baxaraq dedi:

– Sən hələlik əlini ona vurma, olarmı? Sabah veterinardan gəlsin, sonra  yuyundurarıq, təmizləyərik, arada düşüb onunla oynayarsan.

Ömər başını salladı:

– Bilirəm, bilirəm, atam dedi ki, yuyunmasa, biti olar. Bit də sonra  evimizə gələr. Hamımızı xəstə edər.

– Ay mənim ağıllı balam! – Könül oğlunun üzündən öpdü.

 

***

 

– Ana! Ata!

Oğlunun həyəcanlı səsini eşidəndə gözlərini açdı. Yarıaçıq qapının ağzından düz üzünə vuran sarı işıq gözlərini qamaşdırdı. Yuxulu-yuxulu mızıldandı:

– Hə, Ömər? Qorxulu yuxu görmüsən?

– Yox! Yox, ana! Qalxın! Qalxın!

Elə bu dəm oyanmış həyat yoldaşı əlini uzadıb gecə lampasını yandırdı. Ömər gecə paltarının üstündən anasının mətbəxdəki stulun başına keçirdiyi jaketini geymişdi. Dizlərindən aşağı sallanan jaketin düymələri də düz bağlanmamışdı. Oğlunun bu halı başqa vaxt Könülü güldürərdi, bəlkə də, amma indi o, balasının baxışlarındakı təlaşı görmüş, səsindəki həyəcanı duymuşdu. Ana ürəyinə bir ovuc qor atılmışdı...

    ...Beşcə dəqiqə keçməmiş bütün ailə qalın-qalın geyinmiş halda qapıdan çıxmışdı. Köpüyün əndişəli səsi aləmi başına götürmüşdü.  Könül güman eləməzdi ki, bu balaca, sısqa, tüklərinin uclarından palçıq daman küçük belə inadla hürə bilər. Oğlunu sakitləşdirmək, Köpüyün yaxşı olduğunu demək istəmişdi, amma haradansa uşaqlıqda nənəsindən eşitdiyi bir cümlə gəlib düşmüşdü yadına: “İnsan özünü hər şeyin önünə qoyduqca kainatla arasındakı bağ da nazilir, lakin  digər canlılar hələ də kainatın dərinindəki  şəri, xeyiri duya bilir.”  Qalın yorğançaya bükdüyü  3 aylıq qızını sinəsinə sıxan Könül liftin güzgülü divarına söykənmişdi, düşünürdü: “Təki Köpüyün hürüşü xeyrə yozulsun... Təki...” Ömər isə gah atasının əlindəki iri torbaya baxır, gah səbirsizliklə liftin qapısına baxır, hərdən-hərdən deyirdi:

– Yazıq Köpük soyuqdan hürür, bilirəm. Üşüyüb də... Görün necə soyuqdur. Damı olsa, daha üşüməz.

Atasının yarıyuxulu baxışlarından Ömərin başı üstünə mərhəmət və qürur axırdı...

 

***

 

Liftdən çıxan kimi Ömər atasını tələsdirdi:

– Ata, sən qaç! Qaç Köpüyün yanına. Qoy görsün ki, sən gecənin bu vaxtı ona dam düzəltməyə gəlmisən, sevinsin! Anamla bacımı mən gətirərəm asta-asta.

Atası gecənin bu vaxtı qəhqəhə çəkib gülməkdən özünü güclə saxladı. Könülün də dodaqları gərildi, “qonşulardan ayıb olar” deyə düşünməsə,  qəşş edərdi...

Kişi binadan çıxıb sağa buruldu, Köpük o tərəfdə idi. Ömər  fənərini sağ əlindən sol əlinə keçirdi və sağ əliylə anasının  dəri gödəkcəsinin ətəyini qamarladı:

– Mənim arxamca ehtiyatla düş pillələri, ana. Unutma, qucağında körpə var!

Könül daha özünü saxlaya bilmədi:

– Ha-ha-ha... Ay mənim ağıl...

Sözünü bitirə bilmədi. Elə bil gecənin qaranlığının içindən bir əl çıxdı, hiddətlə onların ayaq qoyduğu pillələri tərsinə çevirdi. Xarıltı taqqıltıya qarışdı... Könülün  dişlərinin ucunda kədər göynədi... Ağzında toz dadı hiss etdi... Bir də onu duydu ki, bu anlaşılmaz, qorxunc səslərin içərisindən qulağına bir körpə “inqə”si gəlir. Haradaydı? Uşaq ağlayırdı? Yoxsa bağrı yarılan, astarı üzünə çıxan dünya əlacsızlığını körpə “inqə”siylə anlatmağa çalışırdı?

İstədi əlləriylə başını tutsun. Amma əlləri boş deyildi... Bayaqdan gözlərini açıq bilirdi, indi qəfildən göz qapaqlarının üstündəki  ağırlıqdan xilas oldu və gözlərini açıb əllərinə baxdı. Bükülü yorğançanın arasından ona baxan iki balaca, muncuq kimi göz parıldayırdı. Və səsini dünyanın fəryadı sandığı körpə onun qucağında ağlayırdı... Və bu körpə onun qızıydı...

– Ana...

– Ömər...Ömərim... – deyə pıçıldaya bildi dişlərinin arasında xırçıldayan torpağı udmamağa çalışaraq.

– Ana...

İşığın gəldiyi yerə baxdı. Ömər təxminən, 2 metr uzağındaydı. Bir əlində fənəri, bir əli cibində dayanmışdı. Ağlamırdı, heç qorxana da oxşamırdı.  Yan tərəfdən sızan mavi işığın altında belə, üzündəki  marağın dərinliyi  insanı heyrətə salırdı. İşığın sızan yerindən gələn qarma-qarışıq səslər içərisində aydın eşidilə bilən tək kəlmə bu idi: “Zəlzələ!”

 

***

 

Kişi dəliyə dönmüşdü...  Köpüyün yanına çatar-çatmaz o dəhşətli səsi eşitmiş, yerindəcə donub qalmışdı. Geriyə qanrılmağa macal tapmamış elə bil kimsə onu  “hop” götürmüş, sonra da binanın 20 metrliyindəki yaşıllığa çırpmışdı. Ayağa qalxanda yaşadıqları binanın öz içinə çökdüyünü görmüşdü. Mənzərə gözündən çox tez itmişdi: həyətdəki işıq dirəkləri də boyunlarını bükmüş,  ardınca da yan yatmışdılar.

Qaranlığın içindəki bütün səslər ona yad idi... Qaranlığın içindəki boşluqda dolu-dolu yaşamaq ümidiylə sarıldığı həyatı axtarırdı. “Həyat” dediyini mənalandıranları-sevdiyi qadın və iki balası qara bir boşluğun o biri üzündə qalmışdı...

Gecə öz yaxasının düymələrini açıb günəşin ilk şüalarını dünyaya sızdıranda kişi  hələ də binanın girişi güman elədiyi yeri əlləriylə eşir,  dodaqlarından içəri dolan göz yaşlarını diliylə yalaya-yalaya pıçıldayırdı:

– Könülüm... Oğlum... Qızım...

Köpük isə yanından əl çəkmir, o inadkar hürüşünə bir az da kədər qataraq atılıb-düşür, gah da yerə yatır, qabaq ayaqlarıyla üzünü örtürdü. Oğlunun əl vurmasına ürək eləmədiyi bu çirkli, palçıqlı küçüyü sığallamaq indi kişinin yeganə təsəllisi idi. Hələ yanğılı-yanğılı, dərdini bölürmüş kimi, bir “Köpüyüm” deməyi vardı ki, eşidən olsa, ürəyi dağlanardı...

 

***

 

Könülün gümanı işıq sızan yerəydi. Ömərin kiçik fənəri bütün gecəni yanmışdı, sönməsi an məsələsiydi. Qızının bükülü yorğançasını Ömərin yanına qoyub dəfələrlə yarığa yaxınlaşmış,  var gücüylə:

– Burdayıq!  Pilləkən boşluğunda qalmışıq! Kömək edin! Burdayıq! –deyə bağırmışdı.

Səsini duyan olmamışdı... Ümidsizlik anbaan onu ağuşuna sıxır, nəfəsini kəsməyə çalışırdı. Gecə boyunca qızını 2-3 dəfə əmizdirmişdi. Bəs sonra? Körpə yenə acacaqdı... Oğlu tanıdığı, bildiyi dünyanın harada olduğunu soruşacaqdı. Özü... Özü isə gözlərinin önündə iki körpəsinin  can çəkdiyinin şahidi olacaqdı... Olacaqdımı? Aman!

Bir dəfə də yarıqdan eşiyə bağırıb-bağırıb geri qayıdanda oğlunun üzündə  təbəssüm gördü. Ağzını açıb nəsə soruşmaq istədisə də, gücü çatmadı. Diqqətlə oğlunu süzdü. Ömər gecə boyunca cibindən çıxarmadığı əlini indi çıxarmış, qarnının üstünə qoymuşdu. Balaca yumruğunu bərk-bərk sıxmışdı. Onun yumruğunu irəli uzatması, açması, ovcundakı balaca fiti anasına göstərib gülümsəməsi bağrı sökülmüş dünyaya ən gözəl təsəlli idi... Lakin Könül hələ bu təsəllini anlayacaq halda deyildi. O, oğlunun fiti ağzına apardığını, üzünü yuxarı tutub var gücüylə üflədiyini görəndə də heç nəyi kəsdirəmmirdi.

Ta ki yarıq tərəfdən o inadkar hürüşü eşitdi... Və ardınca həyat yoldaşının bağırtısını:

– Könülüm! Ömərim! Qızımmm! Xilasedicilər sizi qurtaracaq. Bir az da dözün!

    Səslər daha yaxından eşidildi. Açılmış keçiddə qaraltını görən Ömərin səsində çılğın bir sevinc də vardı:

– Köpük!

– Bizim Köpüyümüz! – deyə bağırdı Könül qızını qucağına alıb, oğlunun əlindən yapışdı.

 

***

 

“Zəlzələdən sonra...” Yer üzünün bu güşəsinə çəkilmiş kədər rəsmi məhz bu cür adlanırdı. Ah-nalə edən insanlar, paramparça olmuş ailələr, itirilmiş doğmalarının göynəyi ilə dünyadan küsənlər bu rəsmin personajları idilər. Onlar bu rəsmin harasında olduqlarını dərk etməsələr belə, tanıdıqları-tanımadıqları insanların ömrünü əlindən alan zəlzələnin ağrısını hələ bundan sonra da çox illər yaşayacaqlarını bilirdilər...

 

***

        

Xilasedicilərdən biri kişinin qarşısını kəsmişdi:

         – Qardaşım, lütfən... Beton panel çox nataraz şəkildədir.  Ehtiyatsız toxunuş belə, aşağıdakılara zərər  vura bilər.

         Kişi, məntiqi ilə duyğularının cəngə çıxdığı bir döyüş meydanına atmışdı ruhunu: bir əliylə yolunu kəsən xilasedicinin qolundan yapışmış, bir əlini də ürəyinin üstünə qoymuşdu. Xilasedici doğru deyirdi, həssas məqamlarda soyuqqanlılığını qorumalı, ehtiyatı əldən verməməliydi. Amma içindəki səs onu irəli itələyirdi: “Sən atasan! Balaların ordadı! Sən kişisən! Sevdiyin qadının qorunmağa ehtiyacı var!”

         – Uşağı çıxardırıq!

         Kişi yapışdığı qolu buraxdı, özünü irəli atdı... Saniyələr  içində yarandı o anladılmasına sözlərin gücü yetmədiyi səhnə. Dizlərini yerə atmış bir ata, boynuna sarıldığı, toz-torpaqlı üzünü öpə-öpə doymadığı oğlan uşağı və xilasedicilərin gözlərindən tökülən yaş... Bir də arxadan uşağın ayaqlarına başını sürtən balaca, sısqa bir küçük...

         – Uşağı çıxardırıq! – bayaqkı səs eşidildi.

         Kişi dərindən nəfəs aldı, gözlərini açdı... Qucağında bükülü olan bir xilasedici sol tərəfə gedirdi. Baxışlarını arxasınca gəzdirdi və onun ambulansa çatdığını gördü. Oğlunu qucağına alıb xilasedicinin arxasınca bir-iki addım atdı. Amma sonra qeyri-ixtiyari geriyə qanrıldı və iki xilasedicinin arasındakı Könülü gördü. Gözlərindən başqa hər yeri bomboz idi sevdasına qurban olduğunun. Bomboz... Təkcə gözləri  al-əlvan idi: ümid bir rəng qatmışdı bu gözlərdəki ifadəyə, sevinc bir rəng. Lakin kədər də öz mövcudluğunu bildirməkdə israrlıydı...

         ...Ailə baş-başa vermişdi, ambulansın içindəki xərəyin üstündə oturmuşdular. Ər-arvad bir-birinin yanağındakı yaşı silməyə çalışır, sonra da bu göz yaşlarını gözəlləşdirən səbəbə – sevincə şükür edirdilər. Balaca qızcığaz mışıl-mışıl yatırdı. Ömər isə  yerdə atılıb-düşən, hərdən qabaq ayaqlarını ambulansın qapısının aşağısına söykəyən, gah mırıldayan, gah şən səslə hürən Köpüyə baxır, elə indicə ona qoşduğu mahnını mızıldanırdı:

          – Köpük, qəhrəman Köpük,

           Bizim xilaskar Köpük.

        

 

“Ədəbiyyat və incəsənət”

(10.10.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.