(“Ünvanımı tapan kitablar” silsiləsindən)
Şəfa Vəli,
“Ədəbiyyat və incəsənət”
Mamırlamaq istəyi çox qabarır daxilimizdə. Xüsusən də, ömrün 30-cu ilini geridə qoyandan sonra... Daş olub bir yerdə qərar tutmaq, mamırlamaq gözəlmiş... Bacarsaq, əlbəttə, gözəlmiş! Və bəlkə də, elə bu mamırlamaq istəyidir yerimizi bərkitdiyimiz məkanları doğma saymağımız... Bu cümlədə “bəlkə” deyə bilərəm, amma bir də var yurd.
Hə, yurd, daş və yurddaş olmaq da var axı. Ona görə də, başqa bir cümləmi “bəlkəsiz” yazacağam: “Daşlığımızı dərk etdiyimiz, haraya, hayana tərpənsək də, qayıdıb orada rahatlayacağımız, orada yerimizdə və mənamızda olacağımız yerdir Vətən!”
Bizim onu necə və nə qədər tanımağımızdan asılı olmayaraq, Vətən öz insanlarını çox yaxşı tanıyır... Nəinki, xislətini, ruhundakı alov dilimlərini, arzularını da bilir hətta! Bunu da yaşadıq, bunu da gördük... Bunu bilmək bizə yurdumuzda bir daş olaraq heç də acizlik, tərəddüd duyğuları bəxş etmədi. Əksinə, Vətənimizin bizi bizdən, ətrafımızdakı insanlardan yaxşı tanıdığını bilmək qürurumuzu qatbaqat elədi, bizi qaldırdı buludlardan da yuxarıya-tarixin, coğrafiyanın daha aydın, daha dərk edilərək görüldüyü yerlərə...
Ötən il “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) ortaq layihəsi kimi çap olunan “Qarabağ” poemasının yazarı Sayat Kamşıger də o yuxarıdan baxmış, türkün bütöv ruh dünyasına sızan tarix şüalarının qarşısında sayğıyla əyilmiş, Tanrının bəxş etdiyi istedadın və qardaş dərdini duymağın verdiyi kədərlə qələmə sarılmışdır.
Azərbaycanın ürəyi,
Qarabağ-yurdudur türkün!
Qarabağ haqqında deyilənlər, yazılanlar, Qarabağın gözəlliyinin və ulu tarixinin yaşatdığı fəxarət, xalqın sərvətinə çevrilmiş Qarabağnamələr əvvəldən-axıra türk təfəkkürünün xanasıdır axı; Sayat Kamşıger bunu bir daha vurğulamağı özünə borc bilib. Bu xanada iç-içə keçmiş əriş-arğaclar, rənglərarası alamuncuqlar dövlət-dövlət, ölkə-ölkə bölünsə də, ruh birdir! Bunu 70 illik əsarətin bağrından əsl türk kimi sıyrılıb çıxmağa mənəviyyatı çatan Türk bir daha göstərdi! Bunu bizimlə birgə bir qərinə Qarabağ dərdi çəkən Türk bir daha göstərdi!
“Qarabağ” poemasının müəllifi elə-belə “Qarabağ” demədi, Azərbaycanı sevdi, sevdiyini daha yaxından tanımaqçün onu vəsf edən ədəbi nümunələri oxumağa, dərk etməyə zaman həsr elədi. “Uca dağların başı qar olar” misalı başı cəfadan ayrılmayan, amma bütün dövrlərdə düşmənlərin qarşısına qeyrətindən əmin olduğu övladları ilə çıxan, şanına şan qatan Azərbaycanı Səməd Vurğunun Vətənə vurğunluğuyla əzizlədi:
Başı qovğa, qeylü-qallı,
Öz elindən ayrı qaldı.
“Könüldən ayrılmayan can”,
Ululuğa gedən yoldu.
...Və elə burada-bir-birinin həm şehi, həm qırovu olmuş iki bədii nümunənin (“Qarabağ” poeması və “Azərbaycan” şeiri) bir yamacda durub Qafqaz dağlarının mistikliyini hər qarışınadək, hər vətəndaşının bütün duyğularınadək yaşadığı/yaşatdığı yerdə bir “ah” çıxır Azərbaycanın əli qələm tutanlarının dilindən... O göynəyin gözə görünməyən tüstüsündən dumanlanır, bəlkə də, gözü qaraya baxanların eynəyi...
Sayat Kamşıgerin təbirincə, “hər daşı elə bil sirri-bəyan” olan Qarabağ haqqında nə yazıldısa həsrət dövründə, tam olmadı. Gözəlliyi vəsf edildi, nəsə çatmadı, ululuğuna işarə edildi, hansısa vərəqin qatı açılmamış kimi hiss olundu, könüllər sənət məbəditək adı qarşısında duaya durdu, duaların qanad səsi o dağlarda əks-səda vermədi... Adı üstündəydi zamanın öz təqvimində bu dövrün-həsrət dövrü... Amma unudulmadı bircə daşı da, bircə cığırı da... Qazax qardaşımız demiş, “Qarabağdır tarixlərin saxlancı!” Tarix də öz saxlancının qədrini bilir!
Yaxın tariximizin ən xülyalı, eyni zamanda, ən qürurlu dövrüdür xanlıqlar dövrü. Hər xanı ayrı-ayrılıqda şəxsiyyət və Azərbaycan oğlu kimi tanımağa çalışanda müasir azərbaycanlı olaraq ürəyimiz dağa dönür. Hər biri dədə-baba yurdunun qətiyyətli təəssübkeşi, ululardan onlara qalan əmanətin mühafiçəzisi, maddi olduğu qədər, mənəvi mirasın da haqlı varisidir! Aşıq Ələsgərin “Narın üz” şeirinin izahındakı “ən dadlı narın üz” misalı, işğalçı rus da bir millətin qaymaqlarını silib-süpürməliydi ki, hökm edə bilsin... Elə bunu etdi də... Sayat Kamşıger poemasında o ağrılı dövrü də yada salır, rusların əliylə Qafqaza köçürülən ermənilərin doymazlığının belə, bu torpaqlara yad olduğunu şeir qüdrətiylə anladır:
Torpaq qana doydu, düşmən doymadı...
...I Qarabağ müharibəsi... Mənim taleyim bu müharibənin müqəddiməsinin bir abzasıdır. 1988-ci ilin noyabrında əslim-nəslim didərgin düşmüşdü Göyçədən. Canı götürüb gecəylə qarlı yollarda əzəli yurdlarından qaçmağa məcbur olmuş doğmalarımın hərəsinin o noyabr gecəsiylə bağlı ayrı xatirəsi var. Hərənin yaddaş kamerasındakı son kadr ayrıdır... Və mənim yazıçı qələmim hələ o gecənin bütün kadrlarını yan-yana düzə bilməyib. Anam Güldərən Vəlinin “O ulu Göyçəmə “əlvida” demədim, “hələlik” dedim” deyə üzü gecəyə oxuduğu misralar, “hər şeyim düşmənə qalırdı, amma Məmməd Arazın kitabını onlara qoyammazdım deyə, sinəmdə gətirdim” deyib həmin kitaba sığal çəkməyi hekayə olar, yoxsa roman, bilmirəm. Sığdıra bilmirəm bir ədəbi əsərin proloq-epiloq arasına...
Amma Sayat bəyin misralarını ucadan oxuyaraq bütün susqunluğumun heyfini çıxa bilərəm taledən:
Əhvalı-kədərli,
Ürəyi-qəmli,
Gözü nəmli...
Bu böyük xalq
taleyin sınağındaydı...
2022-ci ildən bəri, “Vətən məcnunları” layihəsinin redaktoruyam. Hansı mətn “I Qarabağ müharibəsi qazisi” cümləsi ilə başlayırsa, ən azı, yarım saat təkcə bu cümləyə baxıram. Və düşünürəm: öz taleyini Vətənin taleyinə qatanlarla göz-gözə gəlmək necə çətin oldu illərlə... Nə onlar başını qaldırıb üzümüzə baxa bilirdi-“Bax, canımdan can qoydum da, arxalı düşməni qovammadım...” çəkincənliyi vardı duruşlarında belə... Nə biz ürəklə onların gözünə dikə bilirdik baxışlarımızı-“Sənin bizə ötürdüyün ruh yanğısında ürəyimiz qarsalansa da, hələ dünyanın ədalətindən mədəd umuruq, əmi, dayı, baba...” utancaqlığı vardı yaşamımızın hər anında...
“I Qarabağ müharibəsi şəhidi” cümləsi isə xəcalətimiz idi, məncə... O qədər sürətli yaşadıq, o qədər irəliyə -Qarabağa qovuşacağımız günə tələsdik ki, onların hər birini yaxından tanıyammadıq, məzarlarını ürək dolusu oxşayammadıq, ailə üzvlərinin yanında olub təsəlli verəmmədik...
Sayat Kamşıgerin Yerbolu xatırlaması da gecikmiş təsəllidir... 20 yaşlı bir oğlan SSRİ-nin tapdağı altında əzilməməyi bacarmış, cürtdəməyə cürəti çatmış iki Türk dövlətinin arasında həm qürur, həm də kədər körpüsü olmağı bacarmışdı onda... Və biz onu yaxından tanımağa da gecikdik... Amma tarix də, Türk dünyası da, Qarabağ da bu gecikməyimizə görə bizi bağışlayar... Tələsdiyimiz gecikdiyimizin əmanəti idi-Zəfər idi!
Əsl igid diləkləri çin edər,
Əsl igid saz saxlayar yarağı.
*
Ah! Qarabağ axı nələr görmədi?!
Böyük millət əyilmədi, sınmadı!
*
Müharibə hər taleyə toxundu,
Kədər necə unudular, kiriyər?!
Nə kədərimiz kiridi, nə müharibənin toxunduğu talelər tam oldu, nə də yaraqlar paslandı! Bağrının başında yurd dağı göynəyən bir xalq intiqam alovunu nəfəs-nəfəs gurlaşdırdı ha, işğal edilmiş əraziləri xəritədən tanıyan-“xəritəyə gözü açılan cocuqlar” böyüdü ha, əmilərinin, bibilərinin adlarından qabaq “Qarabağ!” dedilər ha, Qulu Ağsəs burada ədəbiyyatın xidmətinin danılmaz olduğunu da deyir: “Qələmimiz Qarabağı “işğal edilməyə” qoymadı!” Qulu Ağsəs Azərbaycan yazıçısının, şairinin “Qarabağ bizimdir!” əminliyini həmişə diri saxladığına işarə edir bu cümləsiylə... Sayat Kamşıger isə Türkün daixilindəki el-elat təəssübkeşliyinin dəliqanlılığından yazır:
Azadlığın eşqi ilə,
Bayraq qalxar göy üzünə.
El namusu deyiləndə
Qorxular çökməz gözünə.
Bir də ayıldıq ki, xəritəyə baxa-baxa Vətən tanıyan, “Əzizinəm, Qarabağ...” bayatıları ilə quzu haylayan, “Bu yol gedər Ağdama”, “Şuşaya elə bəndəm” zümzüməsiylə dərsə gedən uşaqlar böyüdü, Ali Baş Komandanımız İlham Əliyevin bircə əmriylə silah əlində düşmən üstünə yürüdü... İlqar Fəhminin “Balaca kişilər” dediyi bu igidlərin əzmli addım səslərindən diksindi torpaq...
Qarabağın damarına qan gəldi,
Qaytarıldı yurdlar, kəndlər, şəhərlər.
Və biz nə gördük? Doğmalıq qudsal imiş! Və düşmənimiz özü də bilirmiş bu torpaqların doğması olmadığını... Yoxsa bəşərin qurub-yaratmaq missiyasını bu qədər eyninə almamaq, torpağa, yurd yerinə bu qədər biganə qalmaq o yana, qənim kəsilmək nəylə, necə izah edilər ki?! “Qarabağ” poemasının müəllifi çox güman, bu misranı yazanda bütün bəşəriyyətin halına yanıb: “Talandan, virandan həzz alıb düşmən”.
Sayat Kamşıger poemasında şərəfli 44 günün hər birinə sözləri güzgü etməyi bacarıb-Gəncənin bombalanması, əsarətdən qurtulan hər yurd yerinin adının yaratdığı sevinc, hər şəhid xəbərinin yuxumuzu ərşə çəkən kədəri misra-misra, heca-heca hörülüb Türkün təfəkkür xanasına... Qazax qardaşımızın “Azərbaycan övladı, / Öz yurdundan güc aldı!” deməsi isə, Vətənimizin bizi yaxşı tanıması qədər bizim də Azərbaycanımızı təmənnasız, ölçüsüz sevdiyimizin növbəti təsdiqidir!
Bəlkə də, kimsə bu poemanı 2-3 saata oxuyub bitirərdi... Mən 2 günə oxudum... Dünyanın döyüş tarixinə (tarixin döyüş səhifələri olmasaydı, “Yurdda sülh, cahanda sülh!” olsaydı, daha yaxşı olardı da...) şərəflə yazılan Şuşa döyüşləri də poemada öyülüb; elə Şuşa kimi:
Şuşa ki var, həm kitabdır, həm qələm...
Qəhrəmanlar Zəfər yolu çəkdilər.
Başlarına güllə, mərmi ələndi,
Dastan yazdı o kitaba igidlər.
...Şuşa... “Bilmirsən qürbətin necə böyütdü / Bir xalqın sapsarı həsrət payını...” dediyim şəhər... “Bir şair könlünün saxlanc yerində / Kölgəyə çevrildi tüm sevgililər, / Bircə sən çıxmadın şair yadından...” deyə sevdiyim şəhər...
Sayat Kamşıger Şuşanın azadlığından, Ali Baş Komandanın Azərbaycan xalqına müraciət edərək sevinc müjdəsi verməyindən, o gün-bu gündür, 8 noyabrın bir millətin ad gününə çevrilməsindən o qədər səmimiyyətlə və o qədər doğmalıqla bəhs edir ki, oxucu kimi, az qalıram, əllərimi Xəzərin bu tərəfindən o tərəfinə uzadıb Qazax ədəbiyyatının əllərini sıxım!
Bir də, o günü xatırlayıram... O möhtəşəm Zəfər gününü! Həmin günü anlatmaq üçün dünyanın bütün dillərindən ən yaxşı, ən gözəl sözləri götürmək, səsin ən heyrətedici tonlarında dilə gətirmək istəyir insan... “Qarabağ” poemasının müəllifinə görə isə 8 noyabr Azərbaycan üçün ən qudsal rənglərin vəhdətidir:
Hər tərəfdə mavi, qırmızı, yaşıl,
Hər yan Azərbaycan bayrağı kimi!
Bu sevgiylə, bu bağlılıqla qələmə alınmış “Qarabağ” poeması üçün müəllifə mütəşəkkirəm. Və oxucusuna mamırlamaq istəyini yenidən xatırladan poemanın diktəsilə yurdda daş olmağın hünər sayılmasının da qədim Türk düşüncə sistemində öz yeri olduğunu təkrarlayıram... Bizi bizdən yaxşı bilən Vətənimiz, ruhumuzdakı bütün gizlinləri oxucunun ovcuna qoyan qələmimiz, tarixin sandığında “ən qiymətli” etiketiylə saxlanan keçmişimiz var olsun! Hələ çox kitablar yazılacaq...
Və də, oxunacaq!
“Ədəbiyyat və incəsənət”
(11.04.2026)


