İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
2017-ci ildə Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsinin açılışı oldu.
Abidənin müəllifləri Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev idilər. 2025-ci ilin 8 dekabrında ABŞ Prezidenti Donald Trampa FIFA Sülh mükafatı hədiyyə edildi. Bu sülh mükafatı Səlhab Məmmədov və Əli İbadullayevin "Düşüncələr və arzular" adlı heykəltəraşlıq abidəsinin miniatür variantı idi.
Sizcə, bu adimi haldır?
Əli İbadullayev 11 aprel 1951-ci ildə Bakının Əmircan kəndində anadan olub. 1966–1970-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və 1970–1975-ci illərdə isə Stroqanov adına Moskva Ali Rəssamlıq və Sənaye Məktəbində təhsil alıb.
1978-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əli İbadullayevin yaradıcılığında heykəltaraşlıq nümunələri geniş yer tutur. O, 2006-cı ildən başlayaraq əksər heykəltaraşlıq əsərlərini həmkarı Səlhab Məmmədovla birgə işləyib.
Bu istiqamətdə onun "Muğam" (2009, Bakı), "Neftçi Fərman Salmanovun abidəsi" (2009, Yuqra, Rusiya), "Xocalı" (2011, Berlin, Almaniya), "Dərvişlər" (2011, Bakı), "Nizami Gəncəvinin abidəsi" (2012, Roma), "Abşeron işıqları" (2012, Bakı), "Azərbaycan–Polşa dostluğu abidəsi" (2013, Qnezno, Polşa), "Su mühəndisi Stefan Skşıvanın xatirə lövhəsi" (2013, Lodz, Polşa), "Rasim Ocaqovun xatirə lövhəsi" (2013, Bakı)kompozisiyaları vardır.
Heykəltaraşın Bakı Müasir İncəsənət Muzeyinin qarşısıda yerləşdirilmiş "Külək" və "Kometa" əsərləri müstəqil olaraq hazırladığı plastika nümunələridir. Mücərrəd tablolar rəssamın fəaliyyətinin əhəmiyyətli hissəsini əhatə edir. Onun, əsasən, iri ölçülərdə işlədiyi "Muğam", "Xəzər", "Vulkan", "Abşeron motivi" triptixləri, eləcə də "Hərəkət", "Çəhrayı güllər", "Uçuş", "Nar", "Üzümlük" və başqa əsərləri bu qəbildən hesab olunur.
2011-ci ildə Əli İbadullayevin Berlində fərdi sərgisi keçirilib. Onun əsərləri Azərbaycan, Rusiya, Almaniya, Kanadadakı dövlət muzeylərində, İspaniya, İtaliya, Fransa, Belçika, Danimarka, İsveç, Niderland, Böyük Britaniya, Türkiyə, İsveçrə, Yaponiya, Əlcəzair, ABŞ, Venesuela və başqa ölkələrdəki müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.
Mükafatları
1. "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı
2. "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı
3. Beynəlxalq Qırmızı Xaç Komitəsinin mükafatı
4. "Zirvə" mükafatı
“Ədəbiyyat və incəsənət”
(11.04.2026)


