Anar ezamiyyətə gedəndə şöbənin yükünü o çəkirdi Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

 

“2003-cü ildə Vidadi Paşayevin 60 yaşını “Lider” televiziyasında çəkdiyimiz sənədli filmlə qeyd elədim... Elə o filmin də adı “Tökülən yarpaqların qoxusu”du...

Havadan tökülən yarpaqların qoxusu gəlir yenə...”

(Nəriman Əbdülrəhmanlının "Vidadi Paşayev: Tökülən yarpaqların qoxusu" yazısınından)

 

Vidadi Abbas oğlu Paşayev məşhur “60-cılar” nəslinin sonbeşiyiydi... Ona görə də haqqında danışmağa dəyər. Bu gün axı həm də onun anım günüdür...

Yaşasaydı, indi 83 yaşını qeyd etməyə hazırlaşardı...

Amma yaşamadı. Cəmi 48 yaşında dünyanı tərk etdi. 60-cılar”ın sonbeşiyi elə 60-cılardan ilk dünyasını dəyişən oldu...

Vidadi Paşayev 1943-cü il sentyabr ayının 5-də Yardımlı rayonunda anadan olmuşdur. Gəncə şəhərində məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Moskvada Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda (rus. Всероссийский государственный институт кинематографии имени С. А. Герасимова) təhsil alıb və pedaqoji fəaliyyət göstərib

Vidadi Paşayev "Qobustan" jurnalında məsul katib, "Gənclik" nəşriyyatında baş redaktor, Azərbaycan Dövlət Radio və Televiziyasında İncəsənət və Radio teatrı şöbəsinin müdiri, Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda müəllim, "Mozalan" satirik jurnalında bir sıra filmlərin ssenari müəllifi və ya redaktoru, "Azərbaycanfilm" kinostudiyasında bir sıra qısametrajlı, sənədli, elmi-kütləvi filmlərin müəllifi və ya redaktoru, "Aldanmış ulduzlar" operasının librettosunun müəllifi olub.

Uzun müddət "Azərbaycanfilm" kinostudiyasında ssenarist, redaktor vəzifələrində çalışıb. Bakı, Moskva və Gəncədə yaşayıb fəaliyyət göstərib. Bəzi şeirləri, hekayələri "Uzun ayrılığın sonu vüsaldır" kitabında toplanıb. Fransız yazıçısı Stendalın "Vanina Vanini" povestini, polyak yazıçı Yanuş Pşimanovskinin "Dörd tankçı və it" povestini Azərbaycan dilinə tərcümə edib.

 

Filmoqrafiya

1. ATU və ya pa ATU nnan

2. Əhvalipürsanlıq, yaxud qəbiristanlıq

3. Nəticə

4. Uğurlu təyinat

5. Xəbərdarlıq

6. Damğa

7. Örtülü bazar

8. İbrət dərsi

9. Eksperiment

10. Alayarımçıq

11. Dad

12. Bais

13. Gözdən iraq

14. Daş yaddaş

15. Köç

16. Hava, od, su, torpaq

17. Səhhət

18. Bir səfərin izi ilə

19. Dairə

20. Himayədar

21. Metamarfoza

22. Sınaq

23. Sökmək asandır

24. Adsız su

25. Üzr istəyirəm

 

Qeyd etdim, Vidadi Paşayev 60-cı illərdə ədəbiyyata gələn dəstənin ən kiçiyi idi. Universitetin filologiya fakültəsində oxuyanda özündən beş-on yaş böyük olan Fikrət Qocayla, Anarla, İsi Məlikzadəylə, Əlisa Nicatla, aralarında bir neçə yaş fərq olan Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Əlixanlı, Tofiq Abdinlə... isinişmişdi.

Nəriman Əbdülrəhmanlının dediyi kimi, Vidadi Rzayev adaşı, yığval ortağı Vidadi Məmmədovla bir-birinə qoşulub Gəncədən Bakıya, bu üzü üzlər görmüş şəhəri fəth eləməyə gəlmişdilər. Amma əslində, onların bu şəhərin adamlarından öyrənə biləcəkləri bir şey yoxudu: cavanca yaşlarında dünyanın hər üzünü görmüşdülər, umduqları olsa-olsa, sənət havasıydı. Yazdıqlarını hamıdan gizlədir, “uşaqlar”ın talantını sınağa çəkir, dəqiq, məntiqli, sanballı fikirlər söyləyirdilər...

“Uşaqlar”ın “Paşa” çağırdıqları Vidadi bir müddət Xalq təsərrüfatı institutunda oxumuşdu. Qəfildən də “yağlı yeri” atıb o vaxt dabdə olan universitetin filologiya fakültəsinə, axşam şöbəsinə daxil olmuş, əsgərlikdən yayınıb radionun incəsənət şöbəsində işə düzəlmişdi.

“Uşaqların sonbeşiyi” olan Vidadi şöbənin də sonbeşiyiydi, şöbə müdiri Anarın, artıq tanınmış şair olan Fikrət Qocanın qəbul elədiyi adamıydı. Tükənməz enerjisi, təşkilatçılıq qabiliyyəti, ötkəmliyi, səmimiliyiylə yanaşı, gözəl redaktor-tərcüməçiydi.

Anar ezamiyyətə gedəndə şöbənin yükünü çəkir, verilişlərin maraqlı olması üçün orijinal yollar fikirləşirdi. Üstəlik də hamının dilini tapmaqda, qəlbinə girməkdə ustaydı: kiminlə beş-on kəlmə kəsirdisə, həmin adam Vidadisiz darıxmağa başlayırdı...

Amma radiodan gedəsi oldu, “Qobustan” qanının arasına girdi...

O vaxt ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru Rauf İsmayılov idi, özü də Vidadinin xətrini çox istəyirdi, fürsət düşəndə yeyib-içməyə birgə gedirdilər. Vidadi hazırladığı radio-jurnal üçün tez-tez tərcümələr eləyirdi. Dünya poeziyasından, görkəmli sənətçlərdən söz açır, bununla yanaşı da çox oxuyur, oxuduğunu özününküləşdirə, dinləyiciyə çatdıra bilirdi.

 Bu səbəbdən də qələmdaşları Vidadinin sənət söhbətləri üçün əldən-ayaqdan gerdirdilər... Amma Vidadi həm də özünə güvənən, “qabağından yeməz”, ötkəmliydi. Günlərin birində R.İsmayılov nəyə görəsə Vidadinin verilişini proqramdan çıxarır, o da qeyzə gəlib gedir komitə sədri Ənvər Əlibəylinin yanına.

 

Sədr baş redaktoru çağırtdırır, yüngülcə məzəmmət eləsə də, təbii ki, arxasını yerə vermir. Vidadi də başını aşağı salıb işləsəydi, ta Vidadi olmazdı ki... İki ayağını bir başmağa dirəyib keçir uşaq şöbəsinə. Burda da görür ki, şöbənin müdiri Mailə Muradxanlı hər ay baş redaktorun adından veriliş hazırlayır, o da qonorarını halal malı kimi alıb qoyur cibinə, ümumiyyətlə, radiodan getməyi qərarlaşdırır...

Elə bu vaxt da yuxarılar “Qobustan” sənət toplusunun nəşrinə xeyir-dua verirlər. Anarın yığdığı kollektivdə Vidadi Paşayevin olmaması çox təəccüblü görünərdi: yükün bir tərəfi də məhz toplunun məsul katibi kimi onun çiyinlərinə düşmüşdü.

Vidadi də texniki işlə kifayətlənmir, tərcümələr eləyir, sənət adamları haqqında yazır, hər yazısı da dil, üslub, təfəkkür baxımından diqqəti çəkirdi.

Həmin vaxtlar o, yaradıcılıq sarıdan ən yaxşı günlərini yaşayırdı: cəmi-cümlətanı iyirmi beş yaşı vardı, xətrini istəyir, yazılarını bəyənir, gələcəyinə inanırdılar.

Kim bilərdi ki, onu belə tez itirəcəklər.

Vidadi Paşayev 11 aprel 1991-ci ildə Bakıda vəfat etdi və Gəncədə dəfn edildi.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(11.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.