ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Ağdam təmsilçisi

 

Son vaxtlar Bakıda istintaq təcridxanasında saxlanılan separatçı işini "Nürnberq" məhkəməsi adlandırırlar.

Nürnberq məhkəməsi zamanı hələ həbsxanada olarkən faşist Almaniyasının əsas hərbi-siyasi liderlərindən biri, Adolf Hitlerin ən yaxın silahdaşı  olan  Herman Gerinq psixoloq Qustav Gilbertə müsahibə verir.

 

Gerinq:

-Əlbəttə, insanlar müharibə istəmir. Əgər müharibədən əldə edə biləcəyi ən yaxşı şey  öz təsərrüfatına sağ-salamat və yaralanmadan qayıtmaqdırsa,  hansı axmaq fermer həyatını riskə atmaq istəyər ki? Əlbəttə, xalq müharibə istəmir. Təbii ki, heç kim nə Rusiyada, nə İngiltərədə, nə  Amerikada, hətta Almaniyada müharibə istəmir. Bu şübhəsizdir. Amma sonda siyasəti ölkə rəhbərləri müəyyən edir. Və xalqı bu siyasətə dəstək verməyə məcbur etmək elə də çətin məsələ deyil. İstər demokratiya olsun, istər kommunizm, istər parlament, istərsə də faşist diktaturası olsun, fərqi yoxdur.

Gilbert buna etiraz edir:

-Ancaq demokratiyanın bir fərqi var - xalq özlərinin seçdikləri nümayəndələri vasitəsilə çıxış  etmək imkanına malikdir.

Gering cavab verir:

-Bu,əlbəttə, çox gözəldir, amma xalqın səsi olsa da, olmasa da, onları həmişə itaət etməyə məcbur etmək olar. Bu, çox sadədir: etməli olduğunuz yalnız bir şey, onlara hücuma məruz qaldığını söyləməkdir. Və eyni zamanda pasifistləri vətənpərvərlik hisslərinin olmamasında və ölkəni təhlükə altına atmaqda ittiham edin. Bu, istənilən ölkədə işləyir.

    (Qustav Gilbertin "Nürnberq gündəlikləri" kitabından)

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Eşidəndə ki Bakı Avrasiya Universitetində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində hazırlanan "Qərbi Azərbaycan hekayələri" adlı kitabın təqdimatı keçirilib, təqdimatla bağlı ətraflı məlumat almaq üçün təşkilatın sədri İntiqam Yaşara müraciət etdik.

 

O bildirdi ki, Dünya Gənc Türk Yazarlar Birliyi bu mövzunu kifayət qədər geniş təhlil edib və layihəyə də olduqca məsuliyyətlə yanaşıbdır. O ki qaldı tədbirə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Təqdimatda DGTYB-nin Məsləhət Şurasının başqanı, Milli Məclisin eksperti Əkbər Qoşalı, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev, sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, DGTYB-nin başqan müavini Ayşən Rəhim, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Salamlama nitqi ilə çıxış edən Universitetin prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent  Sevda Rzayeva Azərbaycan üçün son dərəcə vacib əhəmiyyətli bir mövzuda təşkil olunan tədbirin universitet kollektivinin yaddaşında dərin iz buraxacağına inamını ifadə edib.

Daha sonra universitetin elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova  çıxış edərək qeyd edib ki, belə tədbirlər gənc nəsildə milli kimlik və tarixi yaddaşın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

 Onun sözlərinə görə, ədəbiyyat vasitəsilə Qərbi Azərbaycanın tarixi və insan talelərinin işıqlandırılması gənclərin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.

Tədbirdə çıxış edən DGTYB-nin başqanı, layihə rəhbəri İntiqam Yaşar bildirib ki, Qərbi Azərbaycan mövzusu təkcə bir bölgənin deyil, bütövlükdə Türk dünyasının tarixi yaddaş məsələsidir:

 “Toplu yazarların Qərbi Azərbaycan həqiqətlərinə ədəbi baxışını əks etdirir. Məqsəd qələm sahiblərinin səsi ilə itirilmiş yurd yerlərinin mənəvi qaydışını təmin etməkdir".

Layihənin eksperti, DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı çıxışında qeyd edib ki, Qərbi Azərbaycan məsələsinin ədəbiyyatda işlənməsi yalnız keçmişin ağrısını deyil, gələcəyə inamı da ifadə edir. O, sözügedən toplunun ədəbiyyat vasitəsilə həm bir yaddaşı yaşatdığını, həm də gələcək nəsillərə milli məsuliyyət hissinin aşıladığını vurğulayıb.

Filologiya üzrə fəlsəfə doktoru Şəfahət Əliyev isə 1948–1953-cü illərdə Qaraqoyunlu dərəsindən türklərin köçürülməsi barədə tarixi faktlara toxunub. O vurğulayıb ki, həmin dövrdə baş verən hadisələr təkcə siyasi yox, həm də mənəvi travma kimi xalq yaddaşında qalmaqdadır.

Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev çıxışında Qərbi Azərbaycanın demoqrafik və mədəni tarixindən danışaraq, bu mövzunun sosial elmlər üçün də dərin araşdırma potensialı daşıdığını bildirib.

Təqdim edilən hekayə toplusuna Mahirə Nağıqızının “Mənim çəkmələrim”, Azər Abdullanın “Qəmərlidən keçən qatar”, Məmməd Orucun “Köçürülmə” romanından bir hissə, Güldərənin “Qaçqın kitablar” və Şəfa Vəlinin “Həsrətdən miras” adlı hekayələri daxildir.

Qeyd edək ki,  iki dildə – Azərbaycan və rus dillərində nəşr edilən bu toplu yaxın günlərdə Türk dünyasının müxtəlif ölkə və bölgələrində də təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

Arzu Əyyarqızı,

"Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi"nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, "Həməşəra Poeziya Məclisi"nin yaradıcısı və rəhbəri, "Zərif kölgələr" ədəbi saytının idarə heyətinin üzvü, AYB-nin üzvü, şair-yazıçı. "Ədəbiyyat və incəsənət" üçün

 

Bu gün Qızlar Günüdür. 

Gül verilir, şeir oxunur, "siz bizim gələcəyimizsiniz" deyilir. Amma gələcək haradadır? 

Gələcək -iki qramlıq bir üzüyün içində gizlədilib. 

Parlaq, kiçik, dairəvi.  Amma içi - sonsuz bir boşluq.Qızlar bu boşluqdan keçməlidir. 

17 yaşında - bəzən daha tez.  "Vaxtıdır" deyirlər. 

"Qismətindir" deyirlər.  "Ərə getməyən qız - yarımçıqdır" deyirlər.

Bu üzük -azadlığın əleyhinə yazılmış bir metafordur.  Dairədir, amma dövr etməz.Parlayır, amma işıq verməz.  Gözəldir, amma içindəki qızın səsini boğar.

Qızlar bu üzüyə baxanda gələcəklərini görməzlər. 

Gələcək - artıq seçilib. 

Gələcək-artıq planlaşdırılıb. 

Gələcək -artıq başqasının adına yazılıb.

Bu üzük- sosial müqavilənin möhürüdür sanki.

Qızın arzuları - imzalanmadan ləğv edilir. 

Qızın səsi - "ailənin namusu-na çevrilir. 

Qızın bədəni - "ailənin şərəfi" nə çevrilir.

Bu üzük - iki qramlıq olsa da, yükü bir ömürdür.

Qızın ayaqqabısına ilişir.  Dabanları bu boşluqda batır. Addımları bu dairədən kənara düşmür.

Qızın saatını dayandırır, qızın gözlüyünü buğlandırır.  Gələcəyi buğlanmış eynəkdən bulanıq görünür.

Bu üzük- sadəcə zinət deyil. 

Bu üzük - sistemdir.  Bu üzük -sükutun simvoludur.  Bu üzük-"qız"  olmanın cəzasıdır.

Qızlar bu üzüyü taxanda - azadlıqlarını çıxarırlar. 

Qızlar bu üzüyü çıxaranda - cəmiyyət onları bütün gözəlliklərdən çıxarır. 

Qızlar bu üzüyə yox deyəndə - "qismətinə qarşı çıxır" olurlar.

Diplomsuz diplomdur bu metal parçası. Hansı ki, nişan üzüyü  ilə təhsilin boğuşması son dövrün ən təhlükəli müharibəsinə çevrilib.

Qız universitetə qəbul olur.  Amma birinci semestrin ortasında barmağına üzük taxılır. 

İki qramlıq metal - dörd illik təhsilin alternativi kimi təqdim olunur.  "Onsuz da ərə gedəcəksən" deyirlər.  "Diplomun nə işə yarayacaq?", " Əsas ailə qurmaqdır" deyirlər.

Bu üzük - təhsilin rəqibidir. Hətta düşmənidir,deyərdim. Dairəvi, parlaq, amma içi boş. 

Diplomun küncündə yazılan "bakalavr" sözü - bu üzüyün qaşında əriyir. 

Çünki cəmiyyət üçün qızın uğuru - ailə qurmaqdır.  Oxumaq -vaxt itkisidir.  Yazmaq -boş məşğuliyyətdir.  Düşünmək - təhlükəlidir.

Qız dərsə gedir, amma barmağındakı üzük dərsi bölür. 

Müəllim sual verir, qız cavab vermək istəyir, 

amma "nişanlısan, sakit ol" baxışları onu susdurur. 

Qız layihə hazırlayır, amma "toy yaxınlaşır" deyə vaxtı olmur. 

Qız gələcək planı qurur, amma "qayın nə deyər?"  sualı onu dayandırır.

Bu üzük "  təhsilin sonu deyil.  Amma cəmiyyət onu son kimi təqdim edir. 

"Oxudu, amma axırda yenə ərə getdi"  deyirlər. 

Sanki təhsil -sadəcə vaxt doldurmaqdır. 

Sanki qızın ağlı -üzüyə qədər işləyir, sonra dayanır.

Qız diplom alır.  Amma üzük diplomdan əvvəl gəldiyi üçün - diplom artıq dekorasiyadır. 

CV-də "nişanlı" statusu yazılmasa da, müsahibədə hiss olunur. 

"Toydan sonra işləyəcəksən?"  sualı -təhsilin üzərindəki sual işarəsidir.

Hələ elə oğlanlar da var ki,oxumuş qıza "əxlaqsız" kimi baxır. Onu gələcəyində görmür. Onun hardasa isləməsini utanc bilir özünə. Dəhşət deyilmi? Ürək ağrısı ilə yazdığım bu esse bütün qızalrın iç səsidir.

Bu esse - üzüyə yox deyən qızlara həsr olunur.Diplomunu üzükdən üstün tutanlara. 

Təhsili "vaxt itkisi" yox, "özünü tapmaq"  kimi görənlərə. 

Barmağında üzük yox, əlində qələm tutanlara.

Qızlar gününüz mübarək olsun, qızlar! Azadlığınız üzükdə həbs olmasın! Bu günün qızı sabahın anasıdır. Amma savadsız ana heç vaxt vətənə gərəkli oğul böyüdə bilməz! Gələcəyimiz naminə qızları sevin. Onlara qayğı göstərin. 25 000 cehiz onlara gələcək vermir. Onlara təhsil verin. Özgüvən verin. Qoruyun qızları,  zülmət dolu gələcəkdən!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Bazar ertəsi, 13 Oktyabr 2025 13:36

Öz xarakterinə uyğun obrazlar yaradırdı

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O, kinoda və teatrda bir çox yaddaqalan obrazlar yaradıb. Daha çox öz xarakterinə uyğun obrazlar yaradırdı. Ona görə də teatr və kino ictimaiyyəti onu unutmur. Bu gün aktyorun doğum günüdür.

 

Azərbaycanın görkəmli teatr və kino aktyoru, Əməkdar artist Hamlet Qurbanov13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirib. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb. C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində  doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış edib. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilib. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edib

 

Teatr səhnəsində yaratdığı obrazlar

- Akademik Milli Dram Teatrının səhnəsində

1. Doktor ("Şöhrət və ya unudulan adam")

2. Səlim bəy ("Qaçaq Nəbi")

3. Şəkərlinski ("Kəndçi qızı")

4. Doktor Lalbyuz ("Dəli yığıncağı")

5. Udriya ("Adsız ulduz")

6. Şamxal ("Şəhərin yay günləri")

7. Əliqulu ("Əliqulu evlənir")

8. Karenin ("Canlı meyit")

 

Filmoqrafiya

1. Axırıncı maqın sonu

2. Anlamaq istəyirəm

3. Atayevlər ailəsi

4. Aygün

5. Babamızın babasının babası

6. Bağ mövsümü

7. Bir ailəlik bağ evi

 

2013-cü ildə 75 illik yubleyi münasibətilə İTV-də "Xatırlananlar" adlı xatirə verilişi hazırlanıb.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Bazar ertəsi, 13 Oktyabr 2025 11:02

Özünü və həyat yoldaşını güllələdilər

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

İlahi, bu repressiya adlı amansız cəza maşını nə qədər canlar alıbdır. Hətta bəzən bir ailədən hər iki ailə başçısını aparıbdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü Böyükağa Talıblı və həyat yoldaşı belələrindən olubdurlar.

 

Böyükağa Talıblı 1897-ci il martın 21-də Azərbaycanın Cavad qəzasənda - Salyan rayonunda anadan olub. Bakı real məktəbində təhsil alıb. Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri, bir il sonra orada azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı olmuş, xalq komissarlığında milli işlər üzrə müsəlman şöbəsinə müdir təyin edilib. Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı vuruşmuş, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti redaksiyasında əməkdaşlıq edib.

1920-ci ilin mayında Azərbaycana fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə göndərilib, sonra burada xalq təsərrüfatı şurasının sədri olub. Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet quruluşu və hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləyib. "Keyf içində (1929), "Tövbə" (1930), "Dirək" (1971), "Seçilmiş əsərləri" (1983) kitablarının müəllifi olub.

8 yanvar 1937-ci il tarixdə 1934–1938-ci illərədə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar qəbul olunub. 10 yanvar 1937-ci il tarixdə təhlükəsizlik baş leytenantı Atakişiyev və təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Böyükağa Talıblı Azərbaycan SSR cinayət məcəlləsinin 72-ci maddəsi ilə həbs edilərək Azərbaycan DİK idarəsinin həbs evində saxlanması qərara alınıb.

Böyükağa Talıblı Azərbaycan SSR C/M-nin 64,69,70,73-cü maddələri ilə təqsirli bilinərək 12 oktyabr 1937-ci ildə güllələnməyə məhkum edilib, bir gün sonra hökm icra edilib. 14 oktyabr 1937-ci ildə isə həyat yoldaşı N. Talıblı həbs olunaraq Bakı şəhərində ümumi rejimli həbsxanada saxlanılıb.1938-ci ildə cəza tədbirləri dövründə öldürülüb.

 

Əsərləri

1. Yaxşı məsləhət hər şeydən yaxşıdır

2. Erkək Tükəzban

3. Qırx zopa

4. Keyf içində (pyes)

5. Tövbə

6. Dirək

7. Seçilmiş əsərləri

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün - oktyabrın 13-də ölkəmizdə - Bakı və Gəncədə Türkmənistan Mədəniyyəti Günləri başlayır və tədbir ayın 15-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə qardaş ölkənin mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək. 

Mədəniyyət günləri çərçivəsində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq. 

Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur. 

 

Türkmənistan Mədəniyyəti Günləri xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

1.

Elə bir zamandayıq ki, nəinki irəlidə olacaqları bilmək üçün, hətta keçmişdə baş verənlərdən xəbərdar olmaq üçün rəml atmaq lazım gəlir.

2.

“Biz onları gül-çiçəklə qarşıladıq, onlar bizi süngülərə keçirdilər.”

3.

“Sər verərəm, sirr vermərəm!” Orta əsrlərdə sirr saxlamağına inanan ər igidlər belə deyirdilər. Amma sirr ki, başladı qorunmağa, deməli, həm də başladı yayılmağa. Sirrin yayılması onun qorunmasından başlar.

4.

A .Bakıxanov: “Yaxşı əməldən iki dəfə ləzzət alırsan. Birini o işi edən vaxtda, birini də o işin səmərəsi sənə yetişən zaman.” Bu, əsl maarifçi yanaşma idi.

5.

Yaşadığımız həyat və yaşaya biləcəyimiz həyat! Yaşaya biləcəyimiz həyatın ilğımı. Əsl ədəbiyyat elə bu zaman başlayır.

6.

Ş.Bodler “Şair kimdir?” sualına özünün “Albatros” adlı şeirilə cavab vermişdi. Onun nəhəng albatrosu ildırımların, tufanların, şimşəklərin arasıyla qorxulu göylərdə qorxmadan pərvaz edib uçur. Elə ki, bu quş gəmi göyərtə[1]sinə, dənizçilərin arasına düşür, yekə qanadları ona mane olur və o, yanını basa-basa göyərtə[1]də güclə yeriyə bilir. Və dənizçilər hamısı onun yerişinə gülərək tənə edir. Bu zaman Bodlerin səsi ucalır. O, şairə belə deyir: “Sən busan, şair! Göylərdə pərvaz edib yer üzündə gəzə bilməyən məxluq!”

7.

“Sirr nə vaxtsa açılacaq sirdisə, Heç əvvəldən yaranmayıb sirr kimi...”

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?

“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.

Azərbaycan Ədəbiyyat Fondu@

 

36.

MÜTALİƏ ETMƏYİN FAYDALARININ XÜLASƏSİ

 

Biz kitab boyu sizlərə mütaliə etməyin faydaları barədə bəhs etdik. Sonda isə bütün sadalananları bir yerə cəmləyib ümumi mənzərə yaratmağa çalışacağıq.

Beləliklə, mütaliənin ən əsas faydaları aşağıdakılardır:

Üfüqlərinizi genişləndirəcəksiniz

Kim biliyin güc olduğunu söyləyirsə, tamamilə haqlıdır. Həyat bizi təklif olunan şərtlərə uyğunlaşmağa məcbur edir və çox vaxt yalnız illərlə qazanılmış bacarıq və biliklər onların öhdəsindən gəlməyə kömək edir. Müasir dünya bizə bir çox alternativ məlumat mənbəyi təklif etsə də, kitablar hələ də ən yaxşısıdır. Onların sayəsində yalnız yeni bir şey öyrənmirsiniz ki, həm də müəyyən bir fenomenin keyfiyyətcə təhlilini öyrənə bilirsiniz.

Yeri gəlmişkən, ingilis alimləri zehni qabiliyyətlərimizin ömür boyu oxunan kitabların həcmindən birbaşa asılı olduğunu aşkar etdilər. Təəccüblüdür ki, həqiqət budur: oxu bacarıqları ilə insanın idrak qabiliyyətləri arasında aydın bir asılılıq var.

Təsəvvürünüzü  inkişaf etdirəcəksiniz

Kino sənəti fantaziyamızı tam gücü ilə işləmək imkanından məhrum edir — rejissorlar və prodüsserlər mətni bizim üçün vizuallaşdırmağa diqqət yetirirlər. Kitablara gəldikdə, mətnlə oxucu təxəyyülü birləşdirilməli və sözün əsl mənasında müəllifin təklif etdiyi şeylər əsasında oxucu öz dünyasını yaratmalıdır. Beləliklə, oxumaq yalnız müxtəlif sahələrdə biliklərimizi genişləndirmir, həm də yaradıcılıq və Yan düşüncənin inkişafına imkan verir və bu bacarıqlar çox faydalı ola bilər.

Söz ehtiyatınızı artıracaqsınız

Yüksək keyfiyyətli ədəbiyyat nitqinizi gündəlik həyatda rast gəlinməyən yeni sözlər və ifadələrlə şaxələndirməyə imkan verəcəkdir. Xüsusən əcnəbi dillərdə oxumaq hədsiz fayda verəcək. Azərbaycanlı oxucu əsasən ana dilindən başqa türk, ingilis və rus dillərində mütaliə edir. Təəccüblü deyil ki, belə bir deyim var, rus dilini öyrənmək üçün, hətta rusun özünə belə bir ömür lazımdır. Və bu zarafat deyil. Rus dili haqlı olaraq dünyanın ən çətin dillərindən biri hesab olunur. Oxumaq ideala yaxınlaşmağa kömək edəcəkdir.

Stressdən qurtulacaqsınız

Böyük şəhərlərin sakinləri daim stres altında olmaq məcburiyyətində qalırlar: işdəki tıxanma, əsəb gərginliyi, daimi yorğunluq. Kitablar bizi başqa dünyalara sürükləmək, aktual problemlərdən yayındırmaq üçün demək olar ki, sehrli qabiliyyətə malikdir. Hiyləgər bir şəkildə bükülmüş bir süjet məkanına dalmaq, ən azı bir müddət öz şəxsi və iş çətinliklərinizi unutmaq üçün hər şans var. Bundan əlavə, keyfiyyətli ədəbiyyat bəzən bu qədər çatışmayan əla ilham mənbəyi ola bilər.

Emosional zəkanızı inkişaf etdirəcəksiniz

Bu və ya digər kitabı nə qədər tez-tez əlimizə alsaq, ətrafımızdakı dünya haqqında bir o qədər çox şey öyrənirik, amma əldə etdiyimiz bilikləri real həyatda tətbiq etməyi öyrənmək yaxşı olardı. İntellektual baza yaxşıdır, lazımi anda istifadə etmək imkanı əvəzsizdir. Mütəmadi oxumaq öz düşüncələrinizi daha yaxşı formalaşdırmağa imkan verir. Kitablar sayəsində ünsiyyət dairəsini genişləndirmək, maraqlı bir həmsöhbət olmaq və dünya ilə qarşılıqlı əlaqədən zövq almağa başlamaq mümkündür. Söz yox, oxuduqlarımız şüurumuza müsbət təsir göstərir, nitqi cilalayır və şeylərə öz baxışımızı formalaşdırır.

Uzun illər beyninizin tam işləməsini təmin edəcəksiniz

Beyin mütəxəssisləri əmindir: oxumaq qocalıqda demansın qarşısını almağın ən asan yollarından biridir. "Yaşsız beyin" kitabının müəllifi Dale Bredesenə görə, yaşlı demans beynin ayrı-ayrı hissələrinin tədricən yavaşlaması ilə əlaqədardır, ancaq həyatınız boyunca mütəmadi olaraq oxuyursanızsa, şüurunuz və zehniniz davamlı inkişafda olacaq və oxumaq vərdişi olmayan bir insanınkından bir neçə dəfə daha yaxşı işləyəcək. Bu fenomen çox sadə bir şəkildə izah olunur: işləməyən şey ölür və beynimiz də istisna deyil.

Düzdür, hər dəfə kitab götürəndə beyin inkişaf etmir. Məlum olur ki, hər iki yarımkürənin işə qoşulması üçün özünüzü bir növ "oxucu transına"qərq etməlisiniz. Yəqin ki, heç olmasa bir dəfə diqqətinizi tamamilə mənimsəyən bir əsər oxumusunuzsa, bu vəziyyət sizə yaxşı tanışdır. Məhz bu anda beyniniz fəaliyyət və inkişaf mərhələsində olur.

Xoşbəxt olacaqsınız

Bu yaxınlarda Liverpool sosioloqları dünyaya qeyri-adi bir araşdırmanın nəticələrini təqdim etdilər: belə çıxır ki, oxuyan insan nəinki xarici stimul və streslə daha uğurlu mübarizə aparır, həm də daxili harmoniyanı daha asan tapır.

Həm də məlum oldu ki, oxuyan insanlar demək olar ki, klinik depressiya riski altındadır, pessimist düşüncələrə meylli deyillər və ümumiyyətlə bütün həyatları boyu kitab oxumayanlardan daha xoşbəxtdirlər. İndi bütün bu sadalananlar yerli ədəbiyyatla və dünya ədəbiyyatı ilə tanış olmağa başlamaq üçün bir səbəb deyilmi?

Növbəti: 37.Yekun

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

Bazar ertəsi, 13 Oktyabr 2025 11:33

Yusif Balasaqunlu və təlim-tərbiyə konsepsiyası

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsində bugünkü mövzumuz Yusif Balasaqunlu və təlim-tərbiyə konsepsiyasıdır.

 

Türk mədəniyyət tarixində Yusif Balasaqunlu, həm siyasi düşüncənin, həm də pedaqoji-əxlaqi fikrin banilərindən biri kimi mühüm yer tutur. Onun XI əsrdə qələmə aldığı “Qutadğu Bilig” (“Xoşbəxtlik gətirən bilik”) əsəri yalnız bir didaktik poemadan ibarət deyil, həm də dövrün maarifçilik, idarəçilik və tərbiyə fəlsəfəsini özündə birləşdirən ensiklopedik abidədir. Balasaqunlu bu əsəri vasitəsilə insanın mənəvi kamilliyini, cəmiyyətin ədalət və elm üzərində qurulmasını əsas məqsəd kimi qarşıya qoyur.

Yusif Balasaqunlu üçün elm yalnız bilik toplamaq vasitəsi deyil, həm də insanı doğru davranışa, düzgün düşüncəyə və ədalətli həyata yönəldən mənəvi gücdür. O yazır ki, bilik insanı heyvandan fərqləndirən əsas xüsusiyyətdir; biliksiz insan “kor” və “kar” kimidir.

Elm, həm fərdin mənəvi dünyasının formalaşmasında, həm də dövlətin idarə olunmasında ən vacib amildir. Balasaqunlu elmin sosial funksiyasını da vurğulayır: elmli insan cəmiyyət üçün faydalıdır, savadsız isə zərər mənbəyinə çevrilə bilər. Bu fikir müasir pedaqogikanın “bilik və dəyər inteqrasiyası” prinsipinə bənzər şəkildə erkən orta əsrlərdə formalaşmışdır.

 “Qutadğu Bilig”də tərbiyə anlayışı yalnız fərdin davranış qaydaları ilə məhdudlaşmır; o, insanın ruhani təkamülünü və mənəvi məsuliyyətini ifadə edir. Yusif Balasaqunlu tərbiyəni “daxili nizamın qurulması” kimi izah edir. Onun fikrincə, insan doğuşdan müəyyən qabiliyyətlərlə doğulur, lakin bu qabiliyyətlər düzgün tərbiyə ilə kamilləşdirilməzsə, mənasız hala gələ bilər. Əsərdə dörd əsas mənəvi sütun — ədalət (Kün Togdı), səadət (Ay Toldı), ağıl (Ögdülmiş)qənaət (Odgurmış)  üzərində qurulan tərbiyə sistemi təqdim olunur. Bu obrazlar vasitəsilə Balasaqunlu insan həyatında intellektual biliklə mənəvi dəyərlərin vəhdətini təsvir edir.

Yusif Balasaqunlu tərbiyəni yalnız fərdi səviyyədə deyil, dövlət idarəçiliyi kontekstində də izah edir. Onun fikrincə, ədalətli və bilikli hökmdar cəmiyyətin tərbiyəçisi rolunu oynayır. Dövlətin sabitliyi, xalqın rifahı və mənəvi nizamın qorunması üçün hökmdar elmli, vicdanlı və ədalətli olmalıdır. Bu baxımdan “Qutadğu Bilig”də dövlət bir “məktəb”, hökmdar isə “müəllim” kimi təqdim olunur. Hər bir vəzifə sahibi, xalq qarşısında mənəvi məsuliyyət daşımalıdır. Bu, türk maarifçilik düşüncəsində tərbiyənin ictimai ölçüsünü göstərən ən qədim nümunələrdəndir.

Balasaqunlu ailəni tərbiyənin başlanğıc nöqtəsi kimi qəbul edir. Onun fikrincə, uşağın davranış və əxlaqının formalaşmasında valideyn nümunəsi əsas rol oynayır. “Qutadğu Bilig”də uşağın tərbiyəsində sevgi, mərhəmət və ədalət anlayışlarının önəmi vurğulanır. O yazır ki, “uşağa sərtliklə deyil, hikmətlə yanaşmaq lazımdır”,  bu fikir müasir psixopedagogikanın əsas prinsiplərindən biri kimi səslənir.

Yusif Balasaqunlu üçün tərbiyənin son məqsədi “kamil insan” yetişdirməkdir. Kamil insan — elmi, əxlaqı və ədaləti birləşdirən, cəmiyyətin rifahı üçün çalışan şəxsdir. Bu ideya sonrakı əsrlərdə Əhməd Yəsəvi, Nəsimi və Füzuli kimi mütəfəkkirlərin yaradıcılığında davam etmiş, türk-İslam mənəvi düşüncəsinin mərkəzinə çevrilmişdir.

Yusif Balasaqunlu təlim və tərbiyə məsələlərinə fəlsəfi və sosial aspektlərdən yanaşaraq, orta əsr türk maarifçiliyinin təməlini qoymuşdur. Onun “Qutadğu Bilig” əsəri yalnız etik və siyasi traktat deyil, həm də pedaqoji manifest kimi dəyərləndirilə bilər. Burada elm, əxlaq və ədalət prinsipləri bir-birini tamamlayaraq, insan və cəmiyyətin harmonik inkişaf modelini təqdim edir.
Bu baxımdan Yusif Balasaqunlu həm dövrünün, həm də bütün türk-islam sivilizasiyasının ən mühüm təlim-tərbiyə nəzəriyyəçilərindən biri kimi tarixdə qalmaqdadır.

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Dünən 10.10.2025 tarixində Cəlilabad şəhərinin Bayraq meydanı kimi tanınan, eyni halda qədim və sirli Həməşəranın ən böyük və möhtəşəm yadigarı olan Həməşəratəpənin qərb ətəyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həm tarixi-mədəniyyət abidəmizə, həm də Dövlətimizin adına yaraşan səviyyədə hazırlanmış xüsusi məlumat lövhəsinin quraşdırıldığını görüb əraziyə yaxınlaşdım və löhvə üzərində yazılan məlumatlarla tanış olmaq istədim. Lakin orada yazılanları oxuduqda, sözün həqiqi mənasında təəccübləndim.

 

Çünki minilliklərdən bizə yadigar qalmış qədim və sirli Həməşəra abidəsinin Orta əsrlərə aid olan yerli əhəmiyyətli bir abidə olaraq qeyd edildiyinə şahid oldum. Abidənin adının isə "Nadirtəpə" kimi qeyd edilməsi daha qəribədir.

Bu, məlum lövhədə tarixi-mədəniyyət abidəsinin həm adı, həm də tarixinin təyinatında çox ciddi təhrif və yanlışlığa yol verildiyini göstərir.

Bununla bağlı dərhal aidiyyəti şəxslər və yerli tarixçilərdən bir neçəsi ilə əlaqə saxlayıb onlarla öz fikirlərimi bölüşdüm.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi dəyərlimiz Fariz Hüseynli ilə əlaqə saxladım. O, bu qəbil lövhələrdə müəyyən səhvlərin olduğunu təsdiqlədi və bütün məlumatların əslində 2001-ci ildə təsdiq olunmuş tarix-mədəniyyət abidələrinin siyahısında mövcud olan məlumatlar əsasında olduğunu bildirdi. Həmin qərar Dövlət Xidməti üçün hüququ sənəd olduğundan məlumatlar da orada yazıldığı kimi lövhələr üzərinə qeyd edilmişdir. Əlbəttə, həmin siyahı üzərində dəyişikliyə start verilib və bu problem aradan qaldırılan kimi həmin lövhələrdə olan yanlış məlumatlar da yenilənəcək...

Mən bir araşdırmaçı kimi həmin tarixi-mədəniyyət abidəsinin tarixi və adı ilə bağlı bəzi qeydrləri təqdim etmək məcburiyyətindəyəm:

 

Abidənin tarixi:

Bu abidə heç də lövhədə yanlış şəkildə qeyd edildiyi kimi Orta əsrlərə aid olan bir abidə deyil.

Həməşəratəpənin özündə deyil, əslində onun yaxınlığı və ətrafında yerləşən Mişarçayın sahilində hələ 1965-ci ildə arxeoloqlar mərhum İdeal Nərimanov və Fərman Mahmudov tərəfindən arxeoloji qazıntı və tədqiqat işləri aparılmış, ərazidə Eneolit (e.ə. 4-cü minillik) və erkən Tunc dövrlərinə (e.ə. 3-cü minilliyə) aid yaşayış məskənləri, eləcə də həmin dövrlərə aid olan çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Bu da müxtəlif ensiklopedik əsərlər və elmi-arxeoloji hesabatlarda "Mişarçay Yaşayış Yeri" və ya "Mişarçay abidələri" kimi qeyd edilib.

İndi ətrafındakı abidələrin belə bir qədim tarixə malik olduğu halda onun əsas hissəsi olan Həməşəra təpəsini Orta əsrlərə aid etmək sözün həqiqi mənasında qəribə və təəccüblüdür.

İndiyədək Həməşəratəpə üzərində arxeoloji qazıntı və araşdırma aparılmasa da mərhum İbrahim Qurbanovun Cəlilabad rayonunda I katib işlədiyi ilk illərdə (təxminən 1981-ci illərdə) həmin təpənin üzərində bulldozer vasitəsilə hamarlatma işi görülərkən, təpənin üst qatından 3 ədəd küp qəbir aşkar edilmişdir. Həmin küp qəbirlər içində olan insan sikletləri və digər əşyalarla (qılınc, xəncər və s.) birlikdə Bakıya göndərilmiş, daha sonra mərkəzdən gələn göstəriş əsasında Təpə üzərində qazıntı işlərinə rəsmən qadağa qoyulmuşdur. Bu da ən azından həmin təpənin minillərlə qədim tarixə malik olduğunu sübut edir. Çünki küp qəbirləri mədəniyyəti Zərdüştilik, Yəhudilik, Xristianlıq və İslam dinlərinə yad olan bir dəfn ayinidir. Bu ayinin daha öncə bu ərazilərdə geniş yayılmış Mitrazim və ya Mehrpərəstlik dininə aid olduğu təsbit edilmişdir. Hətta, ötən əsrin ikinci yarısında Cəlilabadın uyğun ərazilərində arxeoloji qazıntı və araşdırma aparmış professor mərhum İdeal Nərimanovun (1927-2006) Həməşəra təpəsinin səkkiz təbəqədən ibarət tarixi bir abidə olduğunu söyləməsi ilə bağlı şahidlər də mövcuddur.

Belə olan halda ilkin ehtimala görə, minimum 2 min, maksimum 5-6 min il qədim tarixə malik olan bir abidəni hansı əsasla Orta əsrə aid olan, həm də yerli əhəmiyyətli sadə bir abidə kimi təqdim etmək olar?!

Onu "Nadirtəpə" adlandırmaq isə abidənin Nadir Şah Əfşardan (22.10.1688-19.06.1747) başladığı və təxminən 250-300 il tarixə malik olduğunu sübutsuz şəkildə iddia etmək anlamındadır...

 

Abidənin adı:

Muğan diyarının İran ərazisində yerləşən Aslandüz şəhərinin cənub qərb hissəsində "Nadirtəpə" (Nadir təpəsi) adlı tarixi abidə mövcud olsa da, Cəlilabad şəhərinin mərkəzində yerləşən qədim və sirli Həməşəratəpə heç bir tarixi məxəzdə "Nadirtəpə" kimi qeyd edilməmişdir.

Nadir şah Əfşarın 1741-ci ilin yay və payız aylarında Azərbaycana yürüşü zamanı Həməşərada (indiki Cəlilabad ərazisində) olması və qoşunu ilə ona qarşı üsyan qaldırmış yerli Həməşəra əhalisinə divan tutması, həmçinin Həməşəra şəhərini viran qoyması ilə bağlı müəyyən məlumatlar mövcuddur. Böyük ehtimalla o Həməşəra şəhərində qaldığı zaman onun ən yüksək nöqtəsi olan Həməşəratəpə üzərində qalmışdır. Lakin bir sərkərdənin hansısa minillikdən qalma bir təpə üzərində bir neçə gün, həftə və ya ay müddətində qalması həmin tarixi məkanın adını dəyişə bilməz. Çünki bu abidə hələ Nadir şah Əfşarın ata-babası və ulu əcdadının dünyaya gəlişindən çox-çox öncə mövcud olmuş qədim və sirli bir abidədir.

Əslində bu adın həmin hündürlüyə ilk dəfə doğma elimizin tanınmış şairi mərhum Abbasağa Azərtürk (1934-1998) tərəfindən "Cəlilabad dastanı" (Şeirlər və poemalar) adlı əsərində verildiyi şeir və poeziya əhlinə bəllidir. Hər halda bu bir şair yanaşmasıdır və tarixçilər, eləcə də bu qəbil tarix-mədəniyyət abidələrinin məlumat lövhəsini hazırlayan aidiyyəti qurumlar heç bir tarixi əsası olmayan, eyni halda hansısa bir şairin hansısa bir şeirindən iqtibas edib onu tarixləşdirməməlidirlər. Çünki belə bir addım həm böyük yanlışlıq, həm də tarixin açıq-aşkar formada təhrifidir.

Tarixçi və coğrafiyaşünas alim Həmdullah Mustovfi Qəzvini (1281-1346) özünün "Nüzhətul-qulub" (Qəlblərin əyləncəsi) əsərində qədim Həməşəra şəhərinin Fərhad ibn Güdərz (Güdərz oğlu Fərhad) adlı şəxs tərəfindən tikildiiyi və Fərhadın həmin şəhərdə padşah (əmir, hakim) kimi məskunlaşdığını bildirilmişdir. Lakin bununla belə həmin təpənin indiyədək heç bir tarixi mənbədə "Fərhadtəpə" kimi təqdim edildiyi təsbit edilməmişdir. Əgər həmin abidə üzərində hansısa şah və ya sərkərdənin çadır qurub qalması adlandırma üçün kafidirsə, o zaman nədən onun adının "Fərhadtəpə" deyil, 250 il öncə burada qalmış və amansız qırğınlara imza atmış Nadir şah adına adlandıraq?

Hər halda bu tarixi abidənin adının qədim Həməşəra şəhərinin adına uyğun olaraq "Həməşəratəpə" adlandırılması daha münasib və daha doğrudur. Yerli tarixçi-tədqiqatçılar da bununla bağlı eyni fikirdədirlər...

 

Xahiş...

Burada fürsətdən istifadə edib bir cəlilabadlı və aradırmaçı olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Əməkdar memar, memarlıq üzrə elmlər doktoru, professor Səbinə xanım Hacıyevaya müraciət edir, tarixi-mədəniyyət abidələrimizin adları və onların hansı dövrə aid olduğunun təyinatı ilə bağlı yenidən baxış keçirilməsi və mövcud yanlışlıqların aradan qaldırılması üçün lazım olan addımların atılmasına dair göstəriş verməsini xahiş edirəm! Çünki tarixi-mədəniyyət abidələrimiz təkcə onlara qanunsuz müdaxilə ilə deyil, həm də onların adları və tarixlərinin təhrif edilməsi ilə məhv ola bilər...

 

“Ədəbiyyat və incəsənət”

(13.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.