İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Dünən 10.10.2025 tarixində Cəlilabad şəhərinin Bayraq meydanı kimi tanınan, eyni halda qədim və sirli Həməşəranın ən böyük və möhtəşəm yadigarı olan Həməşəratəpənin qərb ətəyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həm tarixi-mədəniyyət abidəmizə, həm də Dövlətimizin adına yaraşan səviyyədə hazırlanmış xüsusi məlumat lövhəsinin quraşdırıldığını görüb əraziyə yaxınlaşdım və löhvə üzərində yazılan məlumatlarla tanış olmaq istədim. Lakin orada yazılanları oxuduqda, sözün həqiqi mənasında təəccübləndim.
Çünki minilliklərdən bizə yadigar qalmış qədim və sirli Həməşəra abidəsinin Orta əsrlərə aid olan yerli əhəmiyyətli bir abidə olaraq qeyd edildiyinə şahid oldum. Abidənin adının isə "Nadirtəpə" kimi qeyd edilməsi daha qəribədir.
Bu, məlum lövhədə tarixi-mədəniyyət abidəsinin həm adı, həm də tarixinin təyinatında çox ciddi təhrif və yanlışlığa yol verildiyini göstərir.
Bununla bağlı dərhal aidiyyəti şəxslər və yerli tarixçilərdən bir neçəsi ilə əlaqə saxlayıb onlarla öz fikirlərimi bölüşdüm.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi dəyərlimiz Fariz Hüseynli ilə əlaqə saxladım. O, bu qəbil lövhələrdə müəyyən səhvlərin olduğunu təsdiqlədi və bütün məlumatların əslində 2001-ci ildə təsdiq olunmuş tarix-mədəniyyət abidələrinin siyahısında mövcud olan məlumatlar əsasında olduğunu bildirdi. Həmin qərar Dövlət Xidməti üçün hüququ sənəd olduğundan məlumatlar da orada yazıldığı kimi lövhələr üzərinə qeyd edilmişdir. Əlbəttə, həmin siyahı üzərində dəyişikliyə start verilib və bu problem aradan qaldırılan kimi həmin lövhələrdə olan yanlış məlumatlar da yenilənəcək...
Mən bir araşdırmaçı kimi həmin tarixi-mədəniyyət abidəsinin tarixi və adı ilə bağlı bəzi qeydrləri təqdim etmək məcburiyyətindəyəm:
Abidənin tarixi:
Bu abidə heç də lövhədə yanlış şəkildə qeyd edildiyi kimi Orta əsrlərə aid olan bir abidə deyil.
Həməşəratəpənin özündə deyil, əslində onun yaxınlığı və ətrafında yerləşən Mişarçayın sahilində hələ 1965-ci ildə arxeoloqlar mərhum İdeal Nərimanov və Fərman Mahmudov tərəfindən arxeoloji qazıntı və tədqiqat işləri aparılmış, ərazidə Eneolit (e.ə. 4-cü minillik) və erkən Tunc dövrlərinə (e.ə. 3-cü minilliyə) aid yaşayış məskənləri, eləcə də həmin dövrlərə aid olan çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Bu da müxtəlif ensiklopedik əsərlər və elmi-arxeoloji hesabatlarda "Mişarçay Yaşayış Yeri" və ya "Mişarçay abidələri" kimi qeyd edilib.
İndi ətrafındakı abidələrin belə bir qədim tarixə malik olduğu halda onun əsas hissəsi olan Həməşəra təpəsini Orta əsrlərə aid etmək sözün həqiqi mənasında qəribə və təəccüblüdür.
İndiyədək Həməşəratəpə üzərində arxeoloji qazıntı və araşdırma aparılmasa da mərhum İbrahim Qurbanovun Cəlilabad rayonunda I katib işlədiyi ilk illərdə (təxminən 1981-ci illərdə) həmin təpənin üzərində bulldozer vasitəsilə hamarlatma işi görülərkən, təpənin üst qatından 3 ədəd küp qəbir aşkar edilmişdir. Həmin küp qəbirlər içində olan insan sikletləri və digər əşyalarla (qılınc, xəncər və s.) birlikdə Bakıya göndərilmiş, daha sonra mərkəzdən gələn göstəriş əsasında Təpə üzərində qazıntı işlərinə rəsmən qadağa qoyulmuşdur. Bu da ən azından həmin təpənin minillərlə qədim tarixə malik olduğunu sübut edir. Çünki küp qəbirləri mədəniyyəti Zərdüştilik, Yəhudilik, Xristianlıq və İslam dinlərinə yad olan bir dəfn ayinidir. Bu ayinin daha öncə bu ərazilərdə geniş yayılmış Mitrazim və ya Mehrpərəstlik dininə aid olduğu təsbit edilmişdir. Hətta, ötən əsrin ikinci yarısında Cəlilabadın uyğun ərazilərində arxeoloji qazıntı və araşdırma aparmış professor mərhum İdeal Nərimanovun (1927-2006) Həməşəra təpəsinin səkkiz təbəqədən ibarət tarixi bir abidə olduğunu söyləməsi ilə bağlı şahidlər də mövcuddur.
Belə olan halda ilkin ehtimala görə, minimum 2 min, maksimum 5-6 min il qədim tarixə malik olan bir abidəni hansı əsasla Orta əsrə aid olan, həm də yerli əhəmiyyətli sadə bir abidə kimi təqdim etmək olar?!
Onu "Nadirtəpə" adlandırmaq isə abidənin Nadir Şah Əfşardan (22.10.1688-19.06.1747) başladığı və təxminən 250-300 il tarixə malik olduğunu sübutsuz şəkildə iddia etmək anlamındadır...
Abidənin adı:
Muğan diyarının İran ərazisində yerləşən Aslandüz şəhərinin cənub qərb hissəsində "Nadirtəpə" (Nadir təpəsi) adlı tarixi abidə mövcud olsa da, Cəlilabad şəhərinin mərkəzində yerləşən qədim və sirli Həməşəratəpə heç bir tarixi məxəzdə "Nadirtəpə" kimi qeyd edilməmişdir.
Nadir şah Əfşarın 1741-ci ilin yay və payız aylarında Azərbaycana yürüşü zamanı Həməşərada (indiki Cəlilabad ərazisində) olması və qoşunu ilə ona qarşı üsyan qaldırmış yerli Həməşəra əhalisinə divan tutması, həmçinin Həməşəra şəhərini viran qoyması ilə bağlı müəyyən məlumatlar mövcuddur. Böyük ehtimalla o Həməşəra şəhərində qaldığı zaman onun ən yüksək nöqtəsi olan Həməşəratəpə üzərində qalmışdır. Lakin bir sərkərdənin hansısa minillikdən qalma bir təpə üzərində bir neçə gün, həftə və ya ay müddətində qalması həmin tarixi məkanın adını dəyişə bilməz. Çünki bu abidə hələ Nadir şah Əfşarın ata-babası və ulu əcdadının dünyaya gəlişindən çox-çox öncə mövcud olmuş qədim və sirli bir abidədir.
Əslində bu adın həmin hündürlüyə ilk dəfə doğma elimizin tanınmış şairi mərhum Abbasağa Azərtürk (1934-1998) tərəfindən "Cəlilabad dastanı" (Şeirlər və poemalar) adlı əsərində verildiyi şeir və poeziya əhlinə bəllidir. Hər halda bu bir şair yanaşmasıdır və tarixçilər, eləcə də bu qəbil tarix-mədəniyyət abidələrinin məlumat lövhəsini hazırlayan aidiyyəti qurumlar heç bir tarixi əsası olmayan, eyni halda hansısa bir şairin hansısa bir şeirindən iqtibas edib onu tarixləşdirməməlidirlər. Çünki belə bir addım həm böyük yanlışlıq, həm də tarixin açıq-aşkar formada təhrifidir.
Tarixçi və coğrafiyaşünas alim Həmdullah Mustovfi Qəzvini (1281-1346) özünün "Nüzhətul-qulub" (Qəlblərin əyləncəsi) əsərində qədim Həməşəra şəhərinin Fərhad ibn Güdərz (Güdərz oğlu Fərhad) adlı şəxs tərəfindən tikildiiyi və Fərhadın həmin şəhərdə padşah (əmir, hakim) kimi məskunlaşdığını bildirilmişdir. Lakin bununla belə həmin təpənin indiyədək heç bir tarixi mənbədə "Fərhadtəpə" kimi təqdim edildiyi təsbit edilməmişdir. Əgər həmin abidə üzərində hansısa şah və ya sərkərdənin çadır qurub qalması adlandırma üçün kafidirsə, o zaman nədən onun adının "Fərhadtəpə" deyil, 250 il öncə burada qalmış və amansız qırğınlara imza atmış Nadir şah adına adlandıraq?
Hər halda bu tarixi abidənin adının qədim Həməşəra şəhərinin adına uyğun olaraq "Həməşəratəpə" adlandırılması daha münasib və daha doğrudur. Yerli tarixçi-tədqiqatçılar da bununla bağlı eyni fikirdədirlər...
Xahiş...
Burada fürsətdən istifadə edib bir cəlilabadlı və aradırmaçı olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Əməkdar memar, memarlıq üzrə elmlər doktoru, professor Səbinə xanım Hacıyevaya müraciət edir, tarixi-mədəniyyət abidələrimizin adları və onların hansı dövrə aid olduğunun təyinatı ilə bağlı yenidən baxış keçirilməsi və mövcud yanlışlıqların aradan qaldırılması üçün lazım olan addımların atılmasına dair göstəriş verməsini xahiş edirəm! Çünki tarixi-mədəniyyət abidələrimiz təkcə onlara qanunsuz müdaxilə ilə deyil, həm də onların adları və tarixlərinin təhrif edilməsi ilə məhv ola bilər...
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)