Super User
“Maraqlı söhbətlər”də düşmənə edilən yardım
Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlər davam edir, bu dəfə ABŞ-SSRİ soyuq müharibəsi fonunda dəyişkən bir siyasət barədə danışacağıq.
1992-ci ilin fevralı. Amerikanın nəqliyyat təyyarələri Moskva aeroportuna enərək, 500 ton ərzaq və dərmanlar olmaqla humanitar yardım gətirir. Bir az bundan əvvəl SSRİ ilə müharibəyə hazırlaşan həmin təyyarələr, indi isə keçmiş fövqəldövlətin aclıqdan əziyyət çəkən vətəndaşlarına yardım çatdırırdılar.
Bəli, SSRİ-nin dağılması ilk illərdə ittifaq respublikalarına aclıq, səfalət, tənəzzül gətirdi. Bizə bu fərq etmədi, çünki müstəqillik əldə etmişdik. Çətinliyə sinə gərərik deyə düşünürdük. Amma ruslar həm bu səfalətə sürüklənmişdilər, həm də hakim olduqları böyük imperiya əllərindən çıxmışdı.
Beləliklə 1992. ABŞ aclıq çəkən Rusiyaya yardım gətirir.
Yardım əməliyyatları bir ay davam edir. Həmin günlərdə amerikalılar 65 uçuş həyata keçirərək, 2000 tondan çox humanitar yardım gətirirlər. Humanitar yardıma onlarla ton çörək, konservlər, uşaq qidası və həyati vacib dərmanlar daxil idi. Amerikalı pilotlar adi peşəkarlıqları ilə “keçmiş düşmənə” kömək etmək kimi yeni missiyanın qəribə hissini keçirirdilər. Ruslar üçün isə bu, həm dəstək, həm də bir sərt xatırlatma idi ki, böyük bir dövlət müvəqqəti olaraq öz vətəndaşlarını ərzaqla təmin edə bilməyir.
Bunlar sadəcə yemək və dərman qutuları deyildi. Bunlar həm də bir simvol olaraq göstərdi ki, insanlıq siyasətdən güclüdür və kömək heç bir ideologiyadan asılı deyil. Bu ləvazimatları neçə nəfərin aldığını və neçə nəfərin həyatını xilas etdiyini hesablamaq çətindir. Amma bəlkə də daha önəmlisi bu təyyarələrin dəyişikliyin simvoluna çevrilməsi idi. Bu, sülhə doğru bir addım idi. Bu, həm də bir dərs olaraq göstərdi ki, ən möhkəm divarları belə sadə insan hərəkətləri ilə sökmək olar.
Soyuq Müharibə rəsmi olaraq sona çatsa da, lakin sülh və əməkdaşlıq hər iki tərəfin - həm qaliblərin, həm də vaxtilə məğlub hesab edilənlərin səylərini tələb edirdi.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
24 illik ömrə sığışdırılmış bir qərinə
Hüseyn Cavidin yadıgarı Ərtoğrul Cavid. Qırmızı terrorun məhv etdiyi daha bir tale. Bu gün onun doğum günüdür. “Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru, dosent. AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Lütviyyə Əsgərzadənin Ərtoğrul Cavid şəxsiyyətinə həsr edilmiş yazısını təqdim edir.
Ərtoğrul Cavid... Ümummilli Lider Heydər Əliyevin, "yaratdığı əsərləri Azərbaycan xalqının milli sərvəti", "gələcək nəsillər üçün dərslik kitabı" adlandırdığı, ədəbiyyatımızda əfəndiliyi, ecazkar sənəti və sənətkar bənzərsizliyi ilə seçilən Hüseyn Cavid əfəndinin musiqişünas, filoloq-alim, tərcüməçi və rəssam oğlu.
Buadı yazarkənbugəncistedadın ömrünü necə kədərlivə faciəlibirsonluqlabaşavurduğunuxatırlamamaq, zənginfəaliyyətinibuqısa ömrünə böyükbirustalıqlasığdırdığınaheyrətlənməmək, 24 yaşındabudünyadanköçübgetməsinə heyfislənməməkmümkündeyil.
Ərtoğrolunirsizənginolduğuqədərdə rəngarəngdir. Onun əldə olunmuş yazılarında bu qismətin, yarımçıq ömrün izi hiss olunur. Yazdığı şeirlər, bəstələdiyi musiqilər, çəkdiyi rəsmlər onun istedadından xəbər verdiyi kimi, qələminin hələ tamam-kamal cilalanmadığı-kamilləşmədiyi illərdə yazdıqları yarımçıq taleyindən də xəbər verir.
İlk dəfə, 1927-ci ildə, hələ 8 yaşında ikən əlinə qələm götürən Ərtoğrol 1939-cu ildə, 20 yaşlı gənc ikən "İspan qadının dilindən" laylanı yazıb. Bu, bir tərəfdən onun "keçdiyi bu qısa bir zaman içində onun təkamülüdürsə", digər tərəfdən babası Cavid əfəndi kimi özünəməxsusluğunun, bənzərsizliyinin və ədəbiyyata sevgisinin təzahürüdür. Bu sevgi onu 1936-37-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə gətirmişdi. Şübhəsiz ki, Ədəbiyyat Ərtoğrolun sevdiyi, bağlandığı bir fənn olmuşdu. Bu həvəs onda hələ orta məktəbdə oxuduğu illərdən yaranmışdı. Lakin bu sevginin ən böyük mənbəyi isə sözsüz ki, hər şeydən öncə babası Cavid əfəndi idi. Ərtoğrolun ədəbiyyata olan sevgisini onunla birlikdə 3 saylı məktəbdə oxuyan Ətaulla Qasımovun sözləri də təsdiq edir: "O zamanlar Bakıda ən hörmətli ədəbiyyat müəllimlərindən olan Əliyar Qarabağlı Ərtoğrulun xətrini çox istəyirdi. Təkcə onun Cavidin oğlu olduğu üçün deyil, ədəbiyyata böyük həvəs, meyl göstərdiyinə görə".
ADPİ-na daxil olduqdan sonra Ərtoğrolun həyatında yeni mərhələ başlanıb. O, burada təhsil almaqla kifayətlənməmiş, həmçinin, araşdırmalar aparmış, tərcümələr etmiş və bədii əsərlər yazmış, rəsmlər çəkmişdi. Onun ən sıx fəaliyyəti demək olar ki, tələbəlik illərinə təsadüf edir. Bu illərdə Ərtoğrul yaradıcılıqla məşğul olmaqla yanaşı, həm də güclü mütaliə ilə məşğul olur. Babası Cavid əfəndi kimi onun da mütaliəsində bir özünəməxsusluq hiss edilir. "Onun M.F.Axundov adına Dövlət kitabxanasından tələbnamə ilə aldığı kitablar da bunu təsdiq edir. Məsələn, onun oxuduğu kitablardan biri rusca "Teymurləngin avtobioqrafiyası"dır.
O zamanlar Azərbaycan ədəbiyyatında adları bu gün də hörmətlə çəkilən şairlərin Leninə, Stalinə, kolxoza, pambığa, partiyaya şeirlər həsr etdiyi bir zamanda, onun babası Cavid əfəndi Əmir Teymurdan yazırdı. Ərtoğrulun yaşıdlarının isə, Leninin, Stalinin əsərlərini və ya onlara yazılanları oxuyub əzbərlədikləri bir zamanda o, "Teymurləngin avtobioqrafiyası"nı oxuyurdu. Qəribədir, - deyə düşünürəm, ancaq məntiqcə bu, heç də qəribə deyil. Hətta bu, belə də olmalı idi, kökdən, qandan gələn bir şeydi. Babası kimi milliliyə, tarixi keçmişimizə hörmət və ehtiram, sevgi onun da tale yazısı kimi alnına yazılmışdı. Alın yazısını silmək olmadığı kimi, onların qəlbindəki bu sevgini, bu vurğunluğu "xalq düşməni" və "xalq düşməninin oğlu" kəlməsi silib ata bilməmişdi. Hüseyn Cavid illərlə "Topal Teymur"da tarixi keçmişi ideallaşdırmaqla qınandıqdan sonra Ərtoğrolun bu əsərə münasibəti təsadüf sayıla bilməz. Bu ata və oğul Cavidlərin öz həyatları bahasına olsa belə, tarixi keçmişimizə iftixar və qürur mənbəyi kimi baxmasından irəli gəlirdi. Müəllimləri sarıdan da onun bəxti gətirmişdi. Ali məktəbdə oxuyarkən Ərtoğrola Azərbaycan elminin nəhəngləri: M.C.Paşayev, Ə.Sultanlı, C.Xəndan, M.Cəfər, Ə.Ağayev, F.Qasımzadə, Ə. Dəmirçizadə kimi ədəbiyyatşünas və dilçilər dərs demişdi. Onun formalaşmasında müəllimlərinin də müəyyən təsiri olmuşdur. Lakin hər şeydən əvvəl Ərtoğrol, Azərbaycan ədəbiyyatına yeni bir ab-hava gətirən bənzərsiz sənətkarın - Cavid əfəndinin oğlu idi. Cavid ocağının tərbiyəsini almışdı.
O, atasının istedadı sayəsində dolanmırdı, əgər dolanmaq xatirinə yazsaydı, yəqin ki, nədən və necə yazacağını bilirdi. Atası sənəti hər zaman müqəddəs tutmuşdu. Buna görədir ki, ədəbiyyatşünaslıqda Cavid əfəndi haqqında belə bir fikir formalaşmışdı: "əqidəsindən dönməyən", "sənətkar vicdanına xəyanət etməyən", "böyük ədəbiyyat" naminə və gələcək uğruna yazan sənətkar. O da Cavid əfəndi kimi, "istedadına görə xüsusi imtiyaz iddiasında olmayıb, istedadının gücünü kağıza, kətana, nota... köçürmək üçün əzablı axtarışlarda keçən ömür yaşayıb". Filosof İ.Kanta istinad edən Ərtoğrol dəftərlərindəki (Pedaqogika dəftəri) qeydlərindən birində yazır: "Səbr et və özünü saxla. Bu əxlaqın sonudur. İradə hissə qalib gəlsin". Və ya: "Hamını öyrən, lakin kimsə səni öyrənə bilməsin". Maraqlı məntiqdir; "Hamını öyrən". Ölümündən bir az əvvəl Naxçıvandan evlərinə yolladığı məktubda yazdığı "Kimsəyə salam söyləməyin", "Hamı yalançı", "həm də etibarsızdır", - sözləri Ərtoğrulun hamını öyrənməsindən sonra hasil olmuşdu.
Yalnız Ərtoğrol deyil, Mişkinaz xanım da, Turan xanım da o qorxunc illərdə, hamını öyrəndilər, "boz üzlər"lə rastlaşdılar. Amma səbr etdilər, özlərini, uca şəxsiyyətlərini saxlamağı bacardılar. İnsanların bir gecədən sonra necə dəyişdiyini görsələr də, Ərtoğrol kişilik, Mişkinaz və Turan xanım qadınlıq ləyaqətlərinə kölgə salınmasına izin vermədilər.
"Fəlsəfə və dindən yoğrulmuş bir məhzəb" olan sufizm Cavid əfəndi kimi, Ərtoğrolu da cəzb edirdi. Bu səbəbdən "mehriban olmağı və sevməyi prinsipi" sayan Ərtoğrol, sufizmi və ərəb dilini öyrənməyi düşünürmüş. Hətta o, "ərəbcə" dəftərinin son səhifəsində yazmışdı: "Mehriban olmaq və sevmək mənim prinsipimdir". Şəriətdən təriqətə, təriqətdən mərifətə qədəm qoyan Cavid əfəndi "Azər"də yazırdı:
Bir aşiğəm feyz alarlar,
Məndən irfan çobanları,
Bir çobanam qaval çalar,
İnlədərəm vicdanları.
Cavid əfəndinin, Ərtoğrolun yazdıqları hələ çox zamanlar vicdanları inlədəcək, əlbəttə, vicdanı olanları...
Ərtoğrol sufizmlə yanaşı, şahmat oynamağı da çox sevirmiş. Onun bu qədim oyun barəsində düşündükləri "Şahmat partiyaları dəftərində" özünün bəzi oyunlarını təhlil edərkən öz əksin tapır. Yazdıqlarından belə məlum olur ki, o, şahmatı sadəcə bir oyun kimi oynamır, oyunun dərin fəlsəfəsinə varmağa çalışırdı. Şahmat taxtasına bənzətdiyimiz həyat yollarından sanki necə keçib getməyi planlaşdırırdı; "Tələsmədən, fikirləşməyə çalışmalı". Cavid əfəndi isə, "Azər" poemasının əlyazmasının son vərəqində yazırdı: "Həyat mütəmadi şahmatdır". Ata-oğul "həyatın mütamadi şahmat" olduğunu bilirdilər. Lakin dövr elə dövr idi ki, məhz şahmatdan baş çıxardan ağıllı başları məhv edirdi. Mübariz insanlar şahmatı bilməlidirlər. Baba oğul Cavidlər mübariz insanlar idi. Mübarizlik, mübarizə aparmaq onların alın yazısı idi. Alına yazılanı isə pozmaq olmur.
Əmisi Şeyx Məhəmməd kimi, Ərtoğrolda folklora, xalq xəzinəsinə böyük bir məhəbbət, bağlılıq vardı. O, Xalq artisti Bülbülün rəhbərlik etdiyi Musiqi Elmi Tədqiqat Kabinetində çalışarkən 50-dən artıq folklor nümunəsinə elmi rəy, bəzi el sənətkarlarının dilindən yazıya aldığı çoxlu şeir nümunəsi, nota aldığı çoxlu xalq musiqi örnəkləri, dünya və rus klassik bəstəkarlarının mətnlərinin tərcüməsini etmişdi. Folklor nümunələrinə yazdığı bu rəylərdə Ərtoğrol "milli münasibətlərin həssas bilicisi kimi" diqqəti çəkir (Ərtoğrolun taleyində Ü.Hacıbəylinin də böyük əməyi olmuş, ona problemlərinin həll edilməsində köməklik göstərmişdi). Ərtoğrolun musiqi əsərləri, oyun havaları ilə bağlı rəyləri, "orijinal tədqiqatı xatırladır".
Bu dünyada cəmi 24 il yaşayan Ərtoğral xatirələrdə əbədiyyən yaşamaq haqqı qazanıb. Ərtoğrol Cavidi özünə "Böyük dost və müəllim" adlandıran bibisi Xurşid xanımın nəvəsi Rəşid Fətəliyev xatirələrində yazır ki, "Ərtoğrol, vaxtı ilə 200-dən artıq el havalarını, xalq mahnılarını toplayıb çapa hazırlayıbmış. Əfsus ki, onlar işıq üzü görməyib".
Cavid əfəndinin yaşadığı qorxunc və mürəkkəb zamanı (1920-37) nəzərə alsaq ki, bunu nəzərə almamaq mümkün deyil, Ərtoğrolun yazdıqlarının məlum səbəblərdən bizə gəlib çatmadığı aydın olur. Repressiya qurbanının oğlunun adı, bir çox rəylərdən, çap materiallarından bilərəkdən pozulub çıxarılırmış. Rəşid müəllim daha çox 1938-41-ci illəri əhatə edən xatirələrində yazır: "Ərtoğrolun alicənab və unudulmaz surəti mənim uşaqlığımla sıx bağlıdır. O, anamın dayısı oğludur. Lakin mən Ərtoğrola böyük dost və müəllim kimi baxırdım. Bu dövrdə Ərtoğrol bizə tez-tez gələrdi. Ərtoğrolun hər gəlişi mənim üçün bayram olurdu. Mən əvvəlcədən masa üzərinə rəsm albomu və rəngli qələmləri düzərdim. Ərtoğrol tez və gözəl şəkil çəkirdi. Mən nəfəs almadan, heyranlıqla, ağ vərəqin üzərində dovşan, canavar, ayı və digər heyvanların əmələ gəlməsinə tamaşa edirdim..."
R.Fətəliyev Ərtoğrolla birgə keçirdiyi bazar günlərini, Ərtoğrolun onun üçün şən melodiyalar çalmasını, onu Jül Vernin eyni adlı əsəri üzrə çəkilmiş "Sehirli ada" bədii filminə aparmasını, hər il anadan olan günündə ona çox orijinal "gül dəstəsi" - vəzəri cücərtilərilə örtülmüş butulkanın içərisində qırmızı qızılgül və arxasında təbrik sözləri olan fotoşəkil hədiyyə etməsini (Bu fotoşəkillərin hamısında pişiklər məktəbdə (nəğmə dərsi), əmək zamanı (ayaqqabı təmiri emalatxanası) və futbol meydançasında təsvir olunmuşdur) ağır qüssə və kədərlə xatırlayır. Və bu nəticəyə gəlir ki, bir məşhur latın məsələsində deyildiyi kimi, "həyat qısa, incəsənət əbədidir". Bu sözlər Ərtoğrul Cavidin taleyi və sənətini xarakterizə edir. Ərtoğrolun özündən sonra gələcək nəsillər üçün qoyub-getdiyi irsi əbədidir. Geniş dünyagörüşünə, çoxtərəfli istedada malik olan, hər zaman bizə yadiğar qoyub getdiyi fotoqraflardan bir gənc kimi boylanan Ərtoğrul Cavid haqqında ilk yazının müəllifi, Xalq yazıçısı Anar yazır: "Təbiəti və ruhu ilə şair olub orijinal şeirlər yazan Ə.Cavid, həm də gözəl musiqiçi, tərcüməçi və rəssam idi". Onun çəkdiyi rəsmlərdən biri A.M.Şərifzadə "Şeyx Sənan" rolundadır. Cavid əfəndinin yaradıcılığına dərindən bələd olan Ərtoğrol "Şeyx Sənan" əsərinə opera da yazmaq istəmişdir ki, bu da onun yaşadığı "ömrün maraqlı faktlarındandır". Ərtoğrolun "ömrünün maraqlı faktlarından" biri də onun əsl bir türk övladı olması, qorxmaz və mübarizliyi, nə atasının həbsinə qədər, nə də həbsindən sonra Cavid soyadını dəyişməyib Ərtoğrol Cavid kimi qalmasıdır. Onun haqqında bu sözləri qürur hissi ilə yazırıq. Düşünürük ki, halal olsun Ərtoğrula Cavid əfəndinin (haydı doğrul, ər ol) öyüdü, Mişkinaz xanımın verdiyi tərbiyə. Babasının və anasının verdiklərini acımasız dövran belə ondan ala bilmədi.
Yaşasaydı o, gözəl ədəbiyyatşünas, musiqişünas, şair-dramaturq, folklorşünas, rəssam olacaqdı. Yaşasaydı... Amma bir təsəllimiz var ki, "bu qədim dünyada nə ölüm yeni deyil, nə də yaşamaq". Bütün "Olum"ların sonu "ölüm"dür. Lakin kimsə bu ölümün vaxtını və yerini bilə bilməz. Hər kəs ona verilən ömrü özünəməxsus yaşayır. Ərtoğrol, heç bir zaman; nə əvvəl "babasının (atasının) şöhrətinə sığınmayıb", nə də sonra "xalq düşməni"nin oğlu kimi kölgədə qalaraq yaşamayıb. Atasının ona verdiyi adın haqqını verib, ər oğlu ər olub. Bu cür yaşamaq və ölmək əbədiyyətə qovuşmaqdır - Ərtoğrol Cavid kimi...
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
Populyar Yeşilcam filmlərinin musiqi müəllifi
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Sovetlərdən qophaqop dövründə, yaşlı nəsil danışır ki bir perestroika deyilən dönəm oldu, arxivlər açıldı, qadağalar yox oldu. Onda azərbaycanlılar xəbər tutdular ki, sən demə, kommunist ideologiyasının düşmən kimi təqdim etdiyi türklər bizim qardaşımız, canımız-ciyərimizdir. O dönəmdə türk musiqisi, türk kinosu bumu başladı. Yeşilcam filmlərin videokasetlərinin ölkəmizə axını başladı. Bu filmlər içində popular müğənni Ümid Bəsənin musiqilərindən ibarət filmlər xüsusən sevilirdi. Deyilənə görə, “Nikah masası” adlı film milıyon nüsxələrlə satılmışdı az zamanda.
14 oktyabr 1956-cı ildə Osmaniyə rayonunda dünyaya gələn Ümid Bəsənin ilk musiqi aləti melodika olub və Tayfunlar Orkestrini qurub. Musiqi və təhsilini bir yerdə apara bilməyəcəyini fərq edincə lisey təhsilini yarım buraxıb. Hərbi xidmətə getmə ərəfəsində 1976-cı ildə Kütahya rayonuna gedib. Hərbi şəhərcikdə onu dinləyən bir general Ü. Bəsəni Zonquldak hərbi şəhərciyinə göndərib. Hərbi xidmətindən sonra Adana şəhərinə gedib və gecə klublarında işə başlayıb. Sənətçinin İstanbulda işə başladığı ilk məkan Küncüm Bistro olub. Bəsən, 1980-ci ildə Selami Şahin və Əhməd Səlcuq İlkan ilə birlikdə ilk val səsyazmasını yayımlayıb.
Albomları
Şikayetim Var
Islak mendil
Bayramın Olsun
İkimizin Yerine
Dostlar Sağolsun
Yıkılan Gurur
Bir Akşam Üstü
Vazgeçtim Senden
I Love You
Deli Gönlüm
Halk Konseri 1
Aşk Burcu
Müzikli Bir Masal
Bir Tanesin Sen
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
AzTV-nin ilk operatorlarından biri
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycanda Televiziya haçandan fəaliyyətə başlayıb? Etiraf edək ki çox adam bunu bilmir. Bu gün bu haqda danışacağıq. Çünki televiziya yarananda onun ilk operatorlarından biri olmuş çəxsin bu gün doğum günüdür. Allah rəhmət eləsin deyib də mövzumuza keçirəm.
Rejissor Nəriman Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olub. 1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərmişdir. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkib.
Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev doğma televiziyada fəaliyyətini uzun illər davam etdirib. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvü olub.
Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülüb
Filmoqrafiya
1. 1915-ci il erməni saxtakarlığının başlanğıcı
2. Afurca nağılı
3. Ağasadıq Gəraybəyli
4. Akademik Validə Tutayuq
5. Almas Yıldırım
6. Alovlardan keçən ömür
7. Atəşgah
8. Azərbaycan kauçuku
9. Azərbaycan narı
10. Badamlı
11. Bakı toyları
12. Bal arısı
13. Balerinanın yaranması
Peşəkar kinooperator 3 fevral 2022-ci il tarixində 87 yaşında vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
Dünya həqiqətən də heç kimin deyil
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Azərbaycan Respublikasının xalq şairi Məmməd Arazın ölməz misraları. Bu gün onun doğum günüdür. Sevə-sevə anırıq.
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunda bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub.
Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunub
Kitabları
1. Sevgi nəğməsi
2. Üç oğul atası
3. Araz axır
4. Mən səni taparam
5. Anamdan yadigar nəğmələr
6. Ömür karvanı
7. İllərdən bəri
8. Qanadlı qayalar
9. Atamın kitabı
10. Həyatın və sözün rəngləri
Tərcümələri
(ruscadan)
1. S. V. Mixalkov. Foma
2. G. Ağacanyan. Narahat ürək
3. M. Svetlov. Şeirlər
4. N. A. Nekrasov. Rus qadınları
5. Ocaq başında (dünya şairlərinin şeirləri)
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı
- "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- "İstiqlal" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və ölümündən sonra Fəxri Xiyabanda dəfn olunub. Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.
27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilən Araz şairi adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
GƏLİR - Bəxtiyar Vahabzadə poeziyasından bir vərəq
Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair. “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycanın Xalq şairi mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilini davam etdiririk. Bu dəfə görkəmli şairimizin daha bir şerini təhlil etmək və onu B.Vahabzadə poeziyasının vurğunları ilə bölüşmək istəyirəm...
GƏLİR
Tarıma çəkilmiş simə bənzə sən,
Titrə, bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa gilavar gəlir.
Bir az sıxnaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar,
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.
Hər kəsə müyəssər deyildir ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.
Qəlbim götürməyir bəri-bəzəyi,
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi,
Səni başa salmaq mənə ar gəlir.
Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir!
Şeirin təhlili:
"Gəlir" şeiri Bəxtiyar Vahabzadənin dərin mənalı, fəlsəfi düşüncələrlə zəngin bir şeiridir. Şeir insan və təbiət arasındakı incə əlaqələri, həmçinin həyatda bəzi şeyləri qabaqcadan hiss etməyin, duymanın əhəmiyyətini vurğulayır.
Şeir hər bənddə müxtəlif gəlişlərdən bəhs edərək, insanı diqqətli olmağa, ətrafdakı incə detalları hiss etməyə çağırır:
Təbiət hadisələrini hiss etmə
İlk iki bənddə təbiət hadisələrinin "gəlişi" təsvir olunur. Şair insanı tarıma çəkilmiş simə bənzədir və bir yarpağın titrəməsindən belə dənizdə coşan suyun səsindən "Xəzri" (külək növü) yoxsa "Gilavar" (başqa bir külək növü) gəldiyini bilməyə çağırır. Buludların sıxlaşmasından yağışın, qarın gəlişini duymağın vacibliyi qeyd olunur. Bu, təbiətlə harmoniyada yaşamağın, onun işarələrini oxumağın əhəmiyyətini göstərir.
Həyatda qabaqcadan görmə qabiliyyəti
Üçüncü bənddə şair bu hissi daha ümumi müstəviyə keçirir.
"Hər kəsə müyəssər deyildir ancaq
Ürəkdən keçəni gözdən oxumaq".
Şair bu misraları deməklə, dərin anlayışın, empatiyanın hər kəsə nəsib olmadığını vurğulayır. Qaranquşdan və torpaqdan əvvəl ilk baharın gəlişini duymaq isə hadisələri qabaqlamağın, proqnozlaşdırmağın, həyata daha hazırlıqlı olmağın rəmzidir.
Dərk etmə və anlamağın fərqi
Dördüncü bənddə şair daha fərdi bir məsələyə toxunur.
"Qəlbim götürməyir bəri-bəzəyi,
Çətindir yamamaq sınmış ürəyi".
Bu misralarla bəzəyə-düzəyə yox, həqiqətə, daxili dərketməyə üstünlük verdiyini göstərir.
"Özün dərk edəsən gərək hər şeyi,
Səni başa salmaq mənə ar gəlir"
Bu cümlələri ilə isə, bəzi şeylərin izah olunmadan, insanın özü tərəfindən dərk edilməsinin vacibliyini, başa salmağın bəzən yersiz olduğunu vurğulayır. Bu, fərdi şüurun və dərketmə qabiliyyətinin dəyərini ifadə edir.
Sevgi və incə duyğular
Sonuncu bənddə şair hisslərin ən incə təzahürünə, yəni sevgiyə keçir.
"Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən"
Bu misralarla sevgidəki incəlikləri, sözsüz ünsiyyəti, hissləri duymağı tövsiyə edir. Şeir:
"Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir!"
Məlum misralarla kulminasiya nöqtəsinə çatır. Bu misralar sevginin o qədər dərin və həssas bir duyğu olduğunu, sevən birinin sevdiyi insanın hətta ayaq səsindən belə onun gəlişini hiss edə biləcəyini göstərir. Bu, həm də şairin öz imzasını, öz varlığını bu hissə bağlamasıdır.
"Gəlir" şeirinin bədii xüsusiyyətləri Bəxtiyar Vahabzadənin ustalıqla istifadə etdiyi dil, təsvir və ifadə vasitələri ilə zəngindir. Şeir özündə həm klassik, həm də müasir şeir üslubunun elementlərini birləşdirir.
"Gəlir" şeirinin bədii xüsusiyyətləri
Bu şeirin bədii xüsusiyyətləri sırasında aşağıdakıları təqdim etmək olar:
1. Məcazlar və bənzətmələr;
Şeir zəngin məcazlar və təsirli bənzətmələrlə doludur:
İnsanın həssaslığını, ən kiçik təsirə belə reaksiya vermə qabiliyyətini göstərən gözəl bir bənzətmədir. Bu, insanın ruhunun bir musiqi aləti kimi incə tənzimləndiyini vurğulayır.
"Qəlbim götürməyir bəri-bəzəyi": Ürəyin səmimiyyətə üstünlük verməsini, süni və yalançı şeyləri qəbul etməməsini ifadə edən məcazi ifadədir.
"Çətindir yamamaq sınmış ürəyi": Qırılmış hisslərin, mənəvi zədələrin çətin sağaldığını vurğulayan obrazlı ifadədir.
2. Təşbehlər (Müqayisələr);
"Titrə, bir yarpağın titrəməsindən": İnsanın həssaslığını təbiətin incə bir təzahürü ilə müqayisə edərək gücləndirir.
"Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir".
İnsan idrakının və intuitiyasının təbiətin instinktiv duyğularından belə üstün ola biləcəyini göstərən müqayisədir.
3. Epitetlər;
Şeirdə birbaşa sifətləndirici epitetlər az olsa da, təsirli ifadələrlə doludur:
"Coşan suyun səsi": Dənizin gücünü və dinamikliyini vurğulayır.
"Sınmış ürək": Mənəvi zədənin dərəcəsini göstərən ifadə.
4. Metaforalar;
Şeirin ümumi ruhunda metaforik yanaşma hiss olunur. "Gəlir" sözü təkcə fiziki yaxınlaşmanı deyil, həm də hadisələrin inkişafını, hisslərin oyanmasını, intuisiyanın işləməsini metaforik şəkildə ifadə edir.
5. Simvolika;
Küləklər (Xəzri, Gilavar), yağış, qar, ilk bahar: Təbiət hadisələri olmaqla yanaşı, həm də həyatdakı dəyişiklikləri, yeni başlanğıcları, fərqli hadisələri simvolizə edir.
"Ayaq səsi": Sevgi və yaxınlıq simvoludur. Sevən bir insanın hətta kiçik bir səsdən belə sevdiyinin gəlişini hiss etməsi, dərin mənəvi əlaqəni göstərir.
6. Sintaktik paralelizm və təkrar;
Hər bəndin sonunda "gəlir" feli ilə bitən cümlələr (Xəzri gəlir, yoxsa gilavar gəlir; sabah qar gəlir; ilk bahar gəlir; mənə ar gəlir; Bəxtiyar gəlir) şeirə ahəngdarlıq və ritm verir, həmçinin, əsas fikri - "gəliş" mövzusunu vurğulayır. Bu təkrarlar şeirin mesajını gücləndirir və onu daha yadda qalan edir.
7. Sual cümlələri;
"Xəzri gəlir, yoxsa gilavar gəlir?": Oxucunu düşünməyə, təbiətin və hadisələrin fərqlərini anlamağa sövq edən ritorik sualdır.
8. Duyğusal dərinlik və liriklik;
Şeir insanın daxili aləminə, hisslərinə yönəldiyi üçün yüksək lirikliyə malikdir. Şairin fərdi duyğuları (qəlbinin bəri-bəzəyi götürməməsi, başa salmağın ar gəlməsi) şeirə səmimiyyət qatır.
9. Ahəngdarlıq və ritm;
Şeir heca vəznində yazılmışdır (əsasən 11 hecalı misralar). Qafiyə sistemi (a-b-a-b və ya a-a-a-a bənddən bəndə dəyişir, lakin əsasən "gəlir" kəlməsi son söz olaraq təkrarlanır) şeirə musiqiilik və axıcılıq verir.
10. İntuitivlik və həssaslıq teması;
Şeirin əsas bədii xüsusiyyətlərindən biri də, hadisələri rasional düşüncədən əvvəl intuitiv olaraq hiss etməyin, duymanın qabardılmasıdır. Bu, şeirə fəlsəfi bir dərinlik qatır.
Bəxtiyar Vahabzadə "Gəlir" şeirində həm təbiətin zənginliyindən, həm də insan ruhunun dərinliklərindən bədii ifadə vasitələri ilə istifadə edərək, oxucuya güclü bir mesaj çatdırmışdır. Şeirin dilinin sadəliyinə baxmayaraq, bədii təsir gücü olduqca yüksəkdir.
Nəticə:
"Gəlir" şeiri insanı həyatın incəliklərinə qarşı həssas olmağa, təbiətin, başqalarının və özünün daxili səslərini dinləməyə çağırır.
Şeir fəlsəfi dərinliyi ilə oxucunu düşünməyə vadar edir və həqiqi dərketmənin və sevginin əhəmiyyətini poetik dillə ifadə edir. Bəxtiyar Vahabzadə bu şeirlə bir daha insan ruhunun və hisslərinin nə qədər zəngin və dərin ola biləcəyini nümayiş etdirir.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
Dünyanı etika xilas edəcək - ESSE
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
Tez-tez belə bir cümləni müxtəlif insanlardan eşidir və ya müxtəlif yazılarda oxuyuruq: "Dünyanı gözəllik xilas edəcək!"
Araşdırma zamanı bu cümlənin XIX əsrdə tanınmış Fransa və dünya ədəbiyyatının klassiki, şair, yazıçı və tənqidçi, həmçinin Avropa şeirlərinin inkişafına təsir göstərən simvolizm estetikasının təsisçisi Şarl Pyer Bodler (1821-1867) tərəfindən söylənildiyi aydınlaşır.
Cümlə olduqca cazibədar və çox gözəldir. Ona görə də dünya millətləri arasında geniş yayılmışdır. Amma onun hansı mənada olmasına insanlar tərəfindən diqqətin az yetirildiyini görür, bir çox hallarda bir çox insanların bu cümləni əslində zahiri gözəllik kimi təsəvvür etdiyini müşahidə edirik. Amma doğrudan da görəsən dünyanı kim və nə xilas edəcək? Görən, insanın zahiri gözəlliyi və ya ətraf mühitin təmizliyi, gözəlliyi və abadlığı bu yer kürəsini xilas edə bilərmi?
İlk olaraq qeyd edim ki, bu dünya və yaşadığımız bu yer kürəsi heç də zahiri gözəlliklə xilas olan deyil. Çünki indiyədək yaşadığımız və sakini olduğumuz bu yer kürəsi və bu dünya həyatı onu fitnə-fəsada, azğınlıq, pozğunluq, səviyyəsizlik və bir çox tükürpərdici hallara salan, onu qanlı-qadalı müharibələr və çəkişmələrə sürükləyən çox "gözəllər" görüb. Əgər şairin bu cümlədə məqsədi zahiri gözəllik olsaydı, o zaman dünyamız çoxdan xilas olmalı və bu qədər acılıqlar və ağrılara şahid olmazdı.
Doğrudur, hər bir insan məhz insan olduğuna görə, öz zahiri görünüşünə, geyiminə və təmizliyinə fikir verməli, vaxtı-vaxtında saçlarını qısaltmalı, dişlərini fırçalamalı, təmiz geyinməli və s. bu kimi insana xas olan gündəlik vəzifələrə riayət etməlidir. Lakin unutmayaq ki, bu həyatda gözəllik sadəcə xarici görkəm deyil. İnsanın xarici görkəmindən əlavə onun daxili saflığı, ağıl və düşüncə səviyyəsi, etika və mədəniyyəti, həyatın hər bir sahəsində xoş niyyətli və xoş məramlı olması da önəmlidir.
Hər halda Şarl Bodler öz dövrünün bir bacarıqlı şair və yazıçısı, xüsusilə də simvolizm estetikasının banisi olub və təbii ki, bir cümləsi ilə neçə-neçə mənaları nəzərdə tutmaq, müəyyən bir mənanı fərqli ifadələr və işarələrlə çatdırmağı sevirdi.
Amma mən dünyanı xilas edəcək amil barədə danışarkən hər hansı fərqli və çoxsaylı məna və məzmunları özündə ehtiva edən cümlə və ifadələrdən istifadə etməyi bəyənmir, bu haqda tam şəffaf fikir yürütməyi üstün tuturam. Çünki dəyərli şairlərə böyük hörmətim olsa da şair deyiləm. Bu baxımdan, düşünürəm ki, dünyanı xilas edəcək yeganə amil ETİKAdır. Bəli, etika, etika və yenə də etika!
Rəngi, irqi, sosial durumu, həm də dini və siyasi baxışından asılı olmayaraq bir çox insanlar etika məsələsinə çox sadə yanaşırlar. Lakin beş hərfdən ibarət olan bu sadə ifadənin çox dərin və zəngin mənaları var. Bir çoxları etika dedikdə yalnız sadə davranış qaydalarını nəzərdə tutsa da, əslində yunan sözü olan etika ifadəsi həyatda insanın özünü dərk etməsi, kimliyi və bacarığı və ixtisasını tanıması, üzərinə düşən vəzifələri məsuliyyət və vicdanla həyata keçirməsi və ümumiyyətlə, həyatı boyunca Ulu Tanrı, cəmiyyət, insanlar, təbiət, ətraf mühit, heyvanlar və bütün varlıq aləmi qarşısında məsuliyyətli davranması kimi olduqca böyük və əzəmətli mənaları özündə ehtiva edir. Etika fəlsəfəsi insana mən kiməm, necə olmalıyam və nə etməliyəm kimi suallara ən gözəl və dolğun səviyyədə cavab tapmağı öyrədir. Etika hər kəsin həyatda yalnız öz işi və öz peşəsi ilə məşğul olmasını tələb edir, eyni halda ona aid olmayan sahələrə müdaxilə etməsini rəsmən yasaqlayır. Bu, sadə bir cümlə olsa da, hər bir düşüncəli insan həyatımızın müxtəlif sahələrində üzləşdiyimiz fəsadların daha çox bu sahədən qaynaqlandığını çox gözəl anlayır.
Etika sözün həqiqi mənasında çox böyük bir məktəb, əhatəli bir ideologiyadır. Bunu həyatda gözəl düşüncə, gözəl danışıq və gözəl davranış prinsipi ilə də ifadə etmək olar.
Əgər insan oğlu etikaya sahib çıxarsa, o zaman yaşadığımız bu dünya da xilas olacaq və xoşbəxtlik, firavanlıq və ən gözəl və ülvi həyat bəşəriyyətin üzünə güləcək. Əks təqdirdə elm və texnikanın inkişafına rəğmən həyatın hər bir sahəsində mənəm-mənəmlik, təkəbbür, tərbiyəsizlik, səviyyəsizlik, fitnə-fəsad, ədalətsizlik, acılıq, kin-küdurət, intriqa, çəkişmə, ixtilaf və fərqlilik, müharibə və qanlı-qadalı olayların şahidi olacağıq. Bunu demək nə qədər acı olsa da, əslində sakini olduğumuz yer kürəsi bu günə kimi elə bütün bu acılıqların şahidi olub. Çünki bəşər övladına etika hakim deyil, ayrı-ayrı məsələlər (maddiyyat, vəzifəpərəstlik, mənəm-mənəmlik və s.) hakim kəsilmişdir.
Məncə yaşadığımız bu yer kürəsinin gözəlləşməsi və xilas olmasını istəyiriksə ilk öncə insanlar arasında etika məsələsi ciddi şəkildə təbliğ və tərvic edilməlidir. Təbii ki, bu sahədə əsas vəzifə ziyalı insanların, qələm əhli və media sahiblərinin üzərinə düşür. Hətta, bu məsələyə dünya dövlətləri və Birləşmiş Millətlər Təşkilatı səviyyəsində baxmaq və onu diqqət mərkəzində saxlamaq lazımdır. Çünki insan oğlunun ən zəif yeri məhz bu məsələdir. İndiyədək yer kürəsinin şahidi olduğu əsas qanlı-qadalı fitnələr, acılıqlar və qanlı, həm də amansız müharibələrin əsil səbəbi də məhz etikasızlıqdan irəli gəlib.
Yaşadığımız əsrdə elm və texnika öz intibah dövrünü yaşayır və sürətlə inkişafdadır. Artıq müxtəlif dünya ədəbiyyatında "Postmodernizm"dən sonra "Post insan" konsepsyası gündəmə gəlib. Lakin bəşər övladını bu həyatda axsadan və dönə-dönə büdrədən, həm də yüksəklərdən uçuruma atan bir amil: etikasızlıq məsələsi hələ də diqqət mərkəzində deyil. Bu gün bu qədər elmi nailiyyətlərə rəğmən bəşəriyyət özünü kamil olaraq sübut edə bilmir. Bu gün dünya mənzərəsi çox utancverici təsvirlərlə doludur: Allah adını dilə gətirərək günahsız insanlar qətlə yetirilir, siyasi sahədə hər növ hiyləgərlik və yalanlara, mədəniyyət sahəsində mədəniyyətsizliyə, din adı altında ən böyük dinsizliklərə imza atılır...
Kiminsə bu fikirə şübhəsi varsa, lütfən indiyədək dünyada baş vermiş acılıqların, xoşagəlməz olayların, fitnələr və müharibələrin əsil səbəbini araşdırsın. O zaman hər bir acılığın başında etikasızlığın dayandığını görəcəyik.
Biz və bütün dünya ölkələri bu günlərdə koronavirus (COVİD-19) pandemiyası ilə üz-üzə dayanmışıq. Hələlik bu pandemiyanın əsil yaranma və yayılma səbəbi bəlli olmasa da, inanıram ki, tezliklə bu sirrin üstü açılacaq. Lakin o zaman bütün bəşəriyyət bir daha bu virusun məhz insan oğlunun etikasızlığı (ya təbiətlə vəhşi kimi davranışı, ya da bilə-bilə öz mənafeyini təmin etmək və dünyada ağalıq niyyəti) ucbatından yarandığına əmin olacaq.
Mən bu qısa yazını özümü başqalarından daha ağıllı və daha müdrik göstərmək üçün qələmə almadım. Çünki belə xislətlər məramımda yoxdur. Sadəcə həyatda biganəlik və tənbəllikdən qorunub üzərimə düşən etik məsuliyyəti dərk etmək və müdrik insanlardan birinin söylədiyi kimi: "Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!" - tövsiyəsinə əməl etməyə çalışdım.
Etikanın bütün dünyaya hakim olması ümidi ilə!
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
Nəcibə İlkinlə görüş keçirilib
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayon Mərkəzi Kitabxana Sisteminin Kərimli kənd kitabxanasının başladığı "Oğuz, qonağın var!" adlı ədəbi layihəsinə əsasən Mərkəzi kitabxananın və Mədəniyyət Mərkəzinin dəstəyi ilə M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində şair-publisist, yazıçı, Prezident mükafatçısı, AYB-nin və AJB-nin, Dünya Türk Yazarlar Birliyinin üzvü, ictimai xadim Nəcibə İlkinlə görüş keçirilib.
N.İlkin təsisçisi və baş redaktoru olduğu "Azad Qələm" qəzetinin və jurnalının, həmçinin "Ali Ziya" jurnalının baş redaktorudur. 500-dən çox kitabın redaktorudur.
Özü 27 kitabın müəllifidir. Kitablarının bir çoxu şəhidlərimiz haqqındadır.
Görüşdə İsmayıllı - Qəbələ - Oğuz regional yazıçılar birliyinin sədri, şəhid valdeynləri, rayon idarə və müəssisələrinin əməkdaşları, rayon ziyalıları, məktəblilər və fəal oxucular iştirak edib.
Tədbirdə şairin şeirləri səsləndirilib, çıxış edənlər Nəcibə İlkin yaradıcılığı haqqında danışmış və onları maraqlandıran sualları yazıçıya ünvanlamışlar.
Sonda Nəcibə İlkin oxuculara öz kitablarını hədiyyə edib. Müəllifdən imza alınıb və xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
Salyanlı Əlisəmid Kür və salyanlı Həsən Kür üçün ağı
Könül, “Ədəbiyyat və incəsənət”
Dünyadan bir şair köçdü. Əlisəmid Kür adında. Salyanda doğulmuşdu. Məktəb oxudu. Əntiqə şeirlər yazdı. Oxunaqlı “Yol” qəzetini buraxdı. Tərcümə Mərkəzində işlədi. Acıdildir dedilər. Həbsxana da gördü. Xəstələndi. Respublika Klinik Xəstəxanasında vəfat etdi. Salyanda dəfn edildi. Bir də, dünənki saytlar belə yazdılar: məşhur şair vəfat etdi. Vəssalam. 71 ilin bir xronologiyası.
Bu da onun bir neçə şeiri. Bu şeirlərin içində bir şeiri də var ki 71 illik ömrünə yazdığı rekviyemdir. Demirəm hansıdır. Özünüz oxuyanda biləcəksiniz.
Yaxud deyirəm. Ən sonuncu şeiri.
Allah rəhmət eləsin!
DƏNSİZ DƏYİRMAN DAŞLARI
Fırlanır dəyirman daşı
Baxıram, başım fırlanır.
Fırlanır dünya başıma
Torpağım, daşım fırlanır.
Saçı-saqqalı ağarmış
Sığal çəkmə alt daşına, üst daşına.
Un ələnmir üst-başına.
Dənsiz dəyirman daşları qəm ələyir,
Dərd üyüdür ömrün qışına.
Bu çərxi-dövran daşları
Dəyir, bir-birinə dəyir.
Dənsiz dəyirman daşları
Yeyir, bir-birini yeyir.
Acıdı dəyirman daşları
Dən gözləyir əvvəl-axır.
Tanrı dinmir,Tanrı susub
Çörəyimiz daşdan çıxır.
ATAMIN AYAQLARI
Hara getdim dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuz…
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy,
Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!
ALO, MƏN SƏNİ GÖRÜRƏM
Yuxarı mərtəbədən gələn mahnı
Ürəyimi göynədən vaxtda
əllərim qoynumda
uzanmışam çarpayıda.
Tavandan,divarlardan
Kədərli üzlər,
Dilxor maskalar asılır
Səni düşündükcə, qızım!
Hər oxunan nəğmə
Bir doğma anı yada salar,
Hər tanış səs bir doğma üzü
Canlandırar gözlərimizdə…
Telefon zəngi.
-Alo, Bakıyla danışın.
-Al-lo! Qızım, sənsənmi?!
-…
-Al-lo!
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…
UZUN AYRILIQDAN SONRA
Uzun ayrılıqdan sonra dönəndə Vətənə
Kimi qucaqlasam birinci,
Qarşıma çıxanların heç biri inciməz.
Bir dost yazmışdı mənə:
“Sən qəribəsən, biz-yol gözləyən.”
Məni qarşılayanların
Heç biri inciməz, anam,
Səni qucaqlasam hamıdan əvvəl.
Uzun ayrılıqdan sonra
Yenidən sevmək
Yenidən doğulmaq kimi gəlir insana,
İzn ver oğluna yenidən doğulmağa,
Aç qoynunu, ana!
Qol-boyun gördükcə bizi
Dostlar da başlayar
Bir-birini qucaqlamağa.
QAN-TƏR İÇİNDƏ
Əqrəbləri itmiş saat kimiyəm,
Vaxt ölür, çökür içimdə.
Cin çapmış at kimiyəm,
Qan-tər içindəyəm, anam,
Qan-tər içində.
Zaman dolaşıq nər qovğasında
Şeytan-mələk davasında
Ürəyim əlimdən gedir,
Çırpınır qollarım qoynumda,
Gecəm qan-tər içində,anam,
Günüm qan-tər içində.
Bu əlim,bu da lal dilim,
Sözü xəmir kimi yoğuran dilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərən dilim,
Sözüm qan-tər içində,anam,
Dilim qan-tər içində,
Alnımın qırış yerindən
Taleyin çaparı keçir.
Bu yurdun süyər yerindən
Bir ölüm qatarı keçir,
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.
Toxdayıb, səbrimdən asıldım,
Buğlanıb, ruhumdan asıldım,
Can hamı, qəbrimə qısıldım,
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.
ADAŞIM, BALABANÇI KOR ƏLİSƏMİD
– Bir adaşım yaşayır Kürdəmirdə,
Muradxanlı kəndində
Gecəyarı ekranda gördüm
Xəzər TV-də.
Əvvəl-əvvəl danışmadı, dinmədi,
dizləri üstə gözləri yol çəkdi
barmaqlarımın.
Sonra adamlar yığışıb
könlünü aldılar onun,
ovutdular.
Çıxartdı üzə balabanı.
Dedi, mənim işim balabanla, neylədi.
Adaşım, balabançı kor Əlisəmid.
Sonra gör neylədi
adaşım, balabançı Kor Əlisəmid.
Qəfil nəfəs verdi balabana,
Sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Hərəkəti yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən,
həsrətdən
yolu-yolağa.
Qəfil balabanı qoydu qırağa,
Ürəyinin işığı üzündə,
üzü nur,
üzü pir Əlisəmid.
Çalğı çoxdan qurtarıb,
nə baxırsan?
Əlləri üzündə,
gözləri barmaqlarının ucunda,
adaşım, balabançı Kor Əlisəmid.
AD GÜNÜ KEÇİRMİR HƏBSXANALAR
Bir qədəh zəhər,
boyu uzunu ipək kəndir
gətirdilər şairə ad günündə.
Səslər gəldi qulağına:
– İçək sənin sağlığına!
İçmədi!..
– İpək kəndir ölçülübdür boynuna,
Keçmədi…
Pıçıldadı öz-özünə
öz qanını içən şair,
«Azadlıq» sözündən asılan şair:
– Ad günü keçirmir həbsxanalar!
…Qismət etmə kafirə də
kamerada, dar otaqda
dönə saat kəfkirinə;
Neçə kilometr yol gəldi şair,
Yol uzanır, yol uzanır
Azadlığın ad gününə
burulğanlar içindən…
Səsin gəlsin, Xəlil Rza,
Səsin gəlsin,
Ad günü keçirmir həbsxanalar!..
AĞI
Dəli çayların axarı
suların səsindən bəlli.
Mən keçdim,
Sən keçənmədin.
Torpağım heeey!
Sirri kor quyu dibində,
Dərdi üzündən bəlli.
Dəlisi ağıllı kimi,
ağıllısı dəli kimi
Millətim heeey!
Tapdaq altda gözü qalan
ocaq külündən bəlli.
Qorxağı qaçmağından,
İgidi ölümündən bəlli.
Məmləkətim heeey!
Yurdu talan olanım
İndi həsrətlə qol-boyun.
Ulayım qurdtək, ulayım
Millətim heeey!
Məmləkətim heeey!
DİLİNDƏ SONUNCU DUA
Dostum Rafael Aydınoğluna
Məni çox incitmə, Tanrım,
Özün göndərən bəlayam.
Mən şeytana papış tikən
Sənin ərköyün balanam.
Nə Qurana əl basmışam,
Nə də xaç çəkmişəm, Tanrım!
Sənə qulaq asmamışam, –
Sənnən çox çəkmişəm, Tanrım!
Dərdin göyçəyin yollayan
Gərək bəndəsin də duya.
Qoymaya tövbə etməyə,
Dilində sonuncu dua.
Mən səndən küsmüşəm, Tanrım!
Üzə durdum hansı haqqla?
Ömrü borc vermisən, Tanrım,
Al ruhumu girov saxla!
DÜNYANIN YALAN GÜNÜ
Rəsul Rzaya
Ölümünlə aldatdın bizi
aprelin birində – başaldatdı günü.
Yüyürdüm ölümün ardınca;
İnsan axını yol vermədi
çiynimi verəm
tabutun altına.
…Ölümün utana-utana gəlmişdi
Fəxri xiyabana.
Çəkinə-çəkinə,
qızara-qızara
girmişdi məzara.
Amma Sən,
«özün almışdın çiyninə tabutunu».
O gün köşklərdə çiçək qalmamışdı,
O gün şehli göz yaşlarıyla
çiçəkləmişdi tabutun da!
Səndən uzaq.
Səndən nigaran
ölümündən xəbərsizdi Nigarın…
Dilim sözə möhtac,
əli gəlmirdi
ölümünə nəğmə qoşmağa.
«Belə olurmuş demək»
dünyanın yalan günü
adam aldatmaq?!
Ölüm xəbəriylə
adlamı aldatmazlar, ustad!
QAN BAHASINA
…Əvvəl-axır
buludlar dağılacaq
yağışların qanı bahasına
Çəmənlər saralacaq
çiçəklərin qanı bahasına.
Əvvəl-axır
sevgilər yetim qalacaq
aşıqlərin qanı bahasına
Köklənib ayrılıq havasına
yollar dərvişlərə qalar,
bir də qaraçı köçünə –
mahnıların qanı bahasına.
Hamı sevgidən doğulmur,
Hamı sevgiyə möhtacdı.
Əvvəl-axır söz dedim,
könül açdım.
Söz dedim sevdiyim qədər –
ürəyimin qanı bahasına .
buludlar dağıldı, keçər…
çəmənlər saralıb, köçər…
Sözlərim ürəyimin qanını içər,
İçər, –
ömrümün qanı bahasına.
…Qiyamət günüdü yoxsa,
Yoxsa Miflərin dağılan günü…
Uğultusu eşidilir dərdlərin,
Zəlzələsi qabaqdadı kədərlərin.
KENTAVR
Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.
Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı…
Bir də qulaqlarıma at kişnərtisi gəldi…
Dərdin arxasınca dördnala çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam
Qaçmağa hallı adam
hara gedir, Yaradan?!
Sözünün dalında dağ kimi durub,
Hər gün bir sevdayla döyüşə gedir.
Dalına atdığı şələyə baxmır.
Xəndəyə yıxılmır, tələyə baxmır,
Özüylə söyüşə-söyüşə gedir.
At kimi yeriyir qəmin üstünə
Çapır, dördnala çapır,
Hara gedir qəm gətirir
Bir gün çörək tapır,
bir gün də tapmır…
«Mersedes» gözəllər keçir yanından
Vaxtı yox onlara gözucu baxa.
Faytona qoşulmuş ata boylanır,
Bu yarıat, yarıadama
ana boylanır
ata boylanır.
Kentavr şəhərdən baş aça bilmir.
Dəyənək qorxusu çıxmır canından.
Bu köçkün kentavr,
qaçqın kentavr
Polisin əlindən qaça da bilmir.
Bu qovur, o qovur,
Göydə Allah qovur, yerdə bəndəsi
Kəpənək yuxusu qaçıb gözündən
Hələ kütə gedir onun kündəsi.
– Hara gedirsən, KENTAVR?
– Kimdən qaçrsan, KENTAVR?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
söyüşə-söyüşə,
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar – döyüşə!
ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ
Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…
Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».
Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!
Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.
Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.
Çəkilib uzaqdan özümə baxdım, –
bir də üzə gülüb,
arxamca daş atanlara…
Yol üstə ilantək qıvrılanlara…
Başımın üstündə qovğalar kimi
Bu yağış adamlar, külək adamlar –
Bu payız oğlanlar, bu qış gözəllər,
Bu külək oğlanlar, kələk oğlanlar,
Bu payız gözəllər, bu xəzəl qızlar,
Dayanıb yolumda qovğalar kimi, –
Adamlar dəyişir havalar kimi, –
Niyə dəyişmədin, Cəfərin oğlu?!
P.S. Bu yazı-ağı tək Əlisəmid Kür üçün deyil amma. Bu yaxınlarda daha bir şair dünyadan köçmüşdü. O da Salyanda doğulmuşdu. Onun da təxəllüsü Kür idi. O Həsən Kür, bu Əlisəmid Kür.
Salyanda doğulan şairlər, daha özünüzə Kür təxəllüsü götürməyin. Kür sizi qərq edər.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)
Şahbulaq qalası- Qarabağ xanlığının tarixi irsi
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Ölkəmizdəki mühüm tarixi abidələr barədə hər bir kəs, o cümlədən də gənc nəsil mütləq məlumatlı olmalıdır.
Şahbulaq qalası XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş mühüm memarlıq abidəsidir. Ağdam şəhəri yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə tikilmişdir və Qarabağ xanlığının inzibati və hərbi mərkəzlərindən biri olmuşdur. Qalanın adı, onun yerləşdiyi ərazidəki gursulu bulaqdan – Şahbulağından götürülmüşdür. Bu qala Qarabağ xanlığının ərazisində inşa edilən ikinci mühüm müdafiə tikilisidir.
Şahbulaq qalası Pənahəli xanın göstərişi ilə inşa edilibdir və Bayat qalasından sonra xanlığın mərkəzi kimi fəaliyyət göstərmişdir. Memarlıq üslubu baxımından qala düzbucaqlı formadadır və onun divarları yarımsilindrik bürclərlə gücləndirilmişdir. Müdafiə funksiyasına uyğun olaraq tikilən qalanın divarları 7 metr, bürcləri isə 8,5 metr hündürlükdədir. Müdafiə məqsədi ilə divarlarda mazğal və diş sıraları əlavə edilmişdir ki, bu da müdafiə üçün səciyyəvi elementlərdən biridir.
Qalanın şərq tərəfində yerləşən əsas giriş qapısı ikimərtəbəli qüllə ilə qorunurdu. Üst qatında xan otağı yerləşirdi və bu otağa daş pilləkən vasitəsilə qəsr həyətindən çıxılırdı. Şahbulaq qalası yalnız müdafiə tikilisi deyil, həm də müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə edilmişdir. Lakin sonradan əsasən gözətçi məntəqəsi funksiyasını daşımışdır.
1990-cı illərin əvvəllərində Qarabağ müharibəsi zamanı Ağdamın işğalı ilə birlikdə Şahbulaq qalası da erməni qüvvələrinin nəzarətinə keçmişdir. İşğal dövründə qala böyük zərər görmüş və erməniləşdirilmə cəhdlərinə məruz qalmışdır. Son dövrlərdə isə qala bərpa edilərək kilsə kimi istifadə edilməyə başlamışdır ki, bu da Azərbaycanın tarixi irsinə qarşı törədilən vandallıq aktlarından biri kimi qəbul olunur.
2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ağdam da daxil olmaqla işğal altında olan torpaqlarını geri almışdır. Bununla birlikdə, Şahbulaq qalasının bərpası və qorunması məqsədilə müxtəlif işlərə başlanmışdır. Bu işlər çərçivəsində qalanın tarixi əhəmiyyəti bərpa olunmağa çalışılır və abidənin turizm potensialı dəyərləndirilir.
Şahbulaq qalası Azərbaycanın Qarabağ bölgəsinin ən mühüm tarixi və mədəni irslərindən biri hesab edilir. Qalanın turizm potensialı böyükdür və bu, onun həm yerli, həm də xarici turistlər üçün cəlbedici bir məkan olmasını təmin edir. Qalanın bərpası və qorunması istiqamətində aparılan işlər, onun turizm məkanına çevrilməsi baxımından mühüm addımların atılmasına səbəb olmuşdur. Qarabağ Regional Turizm İdarəsinin əməkdaşları qalanın turizm məhsulu kimi dəyərləndirilməsi üçün mütəmadi olaraq orada tədqiqatlar aparırlar.
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)


