İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Ayaq saxla, dövrənə bax ötəri belə,
Min illərdir Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Gülünclərə gülünc gələn bu ada güldüm,
Yüyəninə hər əl yetən bu ata güldüm,
Mən özümlə oynadığım şahmata güldüm…
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…
Azərbaycan Respublikasının xalq şairi Məmməd Arazın ölməz misraları. Bu gün onun doğum günüdür. Sevə-sevə anırıq.
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra, 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunda bitirib. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub.
Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olub. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunub
Kitabları
1. Sevgi nəğməsi
2. Üç oğul atası
3. Araz axır
4. Mən səni taparam
5. Anamdan yadigar nəğmələr
6. Ömür karvanı
7. İllərdən bəri
8. Qanadlı qayalar
9. Atamın kitabı
10. Həyatın və sözün rəngləri
Tərcümələri
(ruscadan)
1. S. V. Mixalkov. Foma
2. G. Ağacanyan. Narahat ürək
3. M. Svetlov. Şeirlər
4. N. A. Nekrasov. Rus qadınları
5. Ocaq başında (dünya şairlərinin şeirləri)
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı
- "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
- "İstiqlal" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və ölümündən sonra Fəxri Xiyabanda dəfn olunub. Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.
27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilən Araz şairi adlı qısametrajlı sənədli televiziya filmi həsr olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.10.2025)