ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Varis, “Ədəbiyyat və incəsənət” portalının baş redaktoru

 

İnsan haçansa ayrılıqları duymaq gücündə olur. Qəlbi, hissləri, vücudu – hər biri onu misqal-misqal ayrılıqlara hazırlaşdırır...

Amma qəfil ölümü cənabi-insan əsla duya bilmir. Gənc bir kəs necə duya bilər ki, tutalım, bir saatdan sonra hansısa bir bədbəxt hadisə onu dünyadan qopara biləcək?

 

Elçin Cəlilov ayrılığı duymuşdu. Ömrünə çox acı, ağrılı ayrılıqlar gəlməyə hazırlaşanda yanğı ilə bəstəkar Xanım İsmayılqızına məxsus “Ayrılıq beləmi olur” mahnısını oxumuşdu.

 

Sevməyi öyrətdin mənə sonunda,

Qaldım sənsizliyin qəm qanadında.

Sən yoxsan, xəyalın məni ovudur,

Bilmirəm, ayrılıq beləmi olur?..

 

Mən bilmirəm, bu mahnını dinləmisinizmi, amma qəmin, kədərin yürüşü və dərdin ekspansiyası mahnıda qırmızı xətlə keçir.

Onda, səhv etmirəmsə, 2001-ci il idi. Elçinin 33 yaşı var idi. Ayrılıqdan oxuyurdu, ayrılıqlar yaşayırdı, iki dəfə ailə həyatı qurmuşdu, hər iki ailəsi dağılmışdı (biri müğənni Lalə Dadaşova ilə idi), birinci nikahdan olan qızını çox sevdiyindən, onun xiffətini eləyirdi, həyatını ildırım sürəti ilə məhv etməyə başlamış “ağ ölüm”ün caynaqları arasındaydı,...

Cəmi 4-cə il ömür sürəcəyinə isə əsla inanmazdı. Heç kəs bunu ona inandıra bilməzdi. Axı böyük hədəfləri vardı, onlara doğru yol almışdı. Çox az müğənninin malik olduğu səs diapazonuna malik idi, tenor idi, muğam, xalq mahnıları da oxuyurdu, estrada da. Sevilirdi, böyük dinləyici auditoriyasına malik idi.

Elçinlə şəxsi tanışlığımız vardı, hər ikimiz eyni şəhərin – Sumqayıtın yetirməsi olduğumuzdan elə tanışlığımızın tarixi də gedib xeyli uzaqlara – yeniyetməliyimizə, Sumqayıtın məktəblərarası spartakiadasına çıxırdı.

İllər sonra - 90-ların əvvəllərində Elçin və skripkaçı Kazbek biz sumqayıtlıların Sarıqaya adlandırdıqları bağ massivində yerləşmiş sovetdənqalma Pansionatdakı restoranın qış zalında çıxış edirdilər, bircə boş masa tapmazdın, insanlar onları dinləmək üçün ailəlikcə ora axışırdılar.

Biz də dostlarla tez-tez ora gedərdik, Rövşən, Rəhim, İlqar, Vüqar...

Elçini dinləmək çox xoş idi.

Korifey müğənnimiz, Xalq artisti Rəşid Behbudovun ifa etdiyi, musiqisi Rauf Hacıyevə aid olan “Bahar sənsiz” mahnısı var, ondan sonra kim bu mahnını oxuyubsa, dahi Behbudovun kölgəsində qalıb.

Elçinin o mahnını Pansionatda Kazbekin skripka müşayiəti ilə oxuması yadımdan əsla çıxmaz, mübaliğə olmasın, bəlkə də bir saat ayaq üstündə alqışlandı. Mahnını özünəməxsus improvizə ilə, səs imkanlarını tam açan bir muğam parçası ilə necə oxudu, ilahi.

 

Getmə gözümdən, ey canan,

Dönmərəm sözümdən, ey canan.

Səndən ilham alır, mənim könlüm,

Məni səndən inan, ayırmaz ölüm.

Gülə bilməz gülüm, bahar sənsiz

Ürəyim od tutar, yanar sənsiz...

 

Rica edirəm, YouTube paltformasından adını çəkdiyim hər iki mahnını təxirə salmadan, məhz elə bu gün, məhz elə bu yazını oxuduqdan sonra dinləyin. Dinləyin və Elçini yada salın. Bu dünyada xoşbəxtliyinə bircə addım qalana qədər gəlib də o bir addımı atdığı anda çox-çox uzaqlarda dayanıb əl eləyən bədbəxtliyə aldanan, yolunu dəyişən fitri istedad yiyəsini bu gün, lütfən, xatırlayın. Axı bu 17 iyul günü onun doğum günüdür.

Hər kəs öz avtoportretini çəkə bilsəydi, necə gözəl olardı. Simasını çəkib üz cizgilərini dəqiq ortaya qoyardı. Sonra isə ən çətinini edərdi. Öz iç dünyasını bütün təbəddülatları, ziddiyyətləri ilə ortaya qoyardı.

Axı ən peşəkar, ustad rəssam belə sənin üzünü fotoaparat dəqiqliyi ilə verə bildiyi halda, içini verə bilməz. Sənin üzün hamı üçün açıqdır, için isə yasaq ərazidir. Onu özündən başqa kimsə görəmməz.

Özünün avtoportretini çəksəydi, əminəm ki, Elçin ora arzularını həkk edərdi. Qanadlı arzularını. Quş təki uçan, hədəfdən hədəfə qonan arzularını.

Avtportreti yoxdur. Avtobioqrafiyası var. 17 iyul 1968-ci ildə Sumqayıt şəhərində musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedib, konsert proqramları ilə çıxış ediblər. 80-lərin əvvəllərində bu ailə ansamblı çox məşhur idi, Az.TV tez-tez onları efirə çıxarırdı. Rəsmi dövlət tədbirlərində də müntəzəm səhnə alırdılar. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olub, Şövkət Ələkbərovadan dərs alıb.

İlk dəfə səhnəyə solo ifa üçün sazla çıxaraq, bir neçə aşıq mahnısı ifa edib.  Daha sonra  Bakı Musiqi Akademiyasına daxil olub, Arif Babayevdən dərs almağa başlayıb. Və efirlərə muğam ifaçısı kimi çıxıb. O, muğam dəsgahları ilə yanaşı, bayaq qeyd etdim, xalq, estrada mahnılarını da, romansları da gözəl ifa edib.

Və təkrar edirəm, onun səsi tenor idi, çox təəssüflənirəm, onun bu təkrarsız səsindən niyə operalarımızda istifadə edilmədi. Bir dəfə mikrofonsuz, bizlər üçün Luçano Pavarottinin repertuarından bir parça oxumuşdu, dünya musiqi xəzinəsinin incisi sayılan “Caruso”nu, onun səsi yandırıb kül eləyən ildırım şaqqıltısı idi, coşub-kükrəyən dəniz şırıltısı idi, hər şeyi qoparıb aparan külək vıyıltısı idi.

Mən indi yana-yana deyirəm, taleyi qara gəlməsəydi o, La-Skala səhnəsində oxuyacaq qədər virtuoz idi, istedadlı idi.

İki uğursuz ailə həyatından sonra 90-ların sonlarında Elçinin bəyəndiyi xanım vardı, “Ədalət” qəzetinin mühasibi Tahirə xanımla birgə yaşamağa başlamışdılar. Elçin “Azərbaycan” nəşriyyatına – Tahirə xanımı görməyə gəlirdi. Hərdən eyni mərtəbədə yerləşən bizim “168 saat”a da dönürdü, söhbətləşirdik.

Atalar üçdən deməyibmi, üçüncü dəfə qurduğu bu ailənin xoşbəxt olacağına inamı böyük idi.

Amma və lakin…

Xoşbəxtliyi ilə onun arasında həmin o “ağ ölüm” dayanmaqdaydı…

2005-ci ilin 10 may günündə - cəmi 36 yaşında vəfat etdi. Evindən ölü tapıldı. Tibbi ekspertizanın rəyi “narkotik maddələrin dozasının aşılması” idi…

 

İndi söz-söhbət gəzir, hətta efirlərə də yol açıb bu söz-söhbət. Deyirlər, onu narkotiklərə bir ağsaqqal xalq artisti öyrədib. Hələ də yaşayır o xalq artisti. Elçinsə yoxdur.

Kifayət qədər imkanlı idi, bir neçə mənzili, avtomobili vardı. Narkotika alüdəçiliyi sizə zarafatmı gəlir, əjdaha kimi ağzını açıb adamdan pul tələb edir, Elçin nəyi var idi satdı, hər şeyini itirdi, ondan-bundan borc istəmək dərəcəsinədək kiçiltdi özünü…

Bu günlərdə müğənni Nazim Pişyarinin – Faytonçu Nazimin Elçin barədə kədərli bir xatirəsini oxudum, ürəyim parçalandı.

-Elçinin çox gözəl səsi vardı. Vaxt olub ki, ən bahalı toyları o aparıb. Onun ifası bizim hamımızın ifalarından seçilirdi. Bu gün mənim ruhum dincəlmək istəyəndə, mən Elçinə qulaq asıram. Hətta etiraf edirəm ki, elə şeylər var, bu gün mən onu Elçindən öyrənirəm. Elçinin yeri bu gün də görsənir. Elçinin yeri sabah da görsənəcək. O, sənətkar idi. Rəşid Behbudov adına Mahnı Teatrının solisti idi. Elçin bu gün Xalq artisti olmalı idi, "Şərəf", "Şöhrət" ordenləri onun sinəsini bəzəməli idi. Təəssüf ki, Elçin Cəlilov bu gün sıralarımızda yoxdur…

Gerisi isə bir sənətkar ömrününü faciəvi həyatının tam kulminasiyasıdır:

Nazim Pişyarı davam edir:

-Bir gün mən toyda idim. Ofsiantlardan biri mənə yaxınlaşıb dedi ki, "Nazim müəllim, sizi foyedə bir yaşlı kişi çağırır." Çıxdım bayıra, gördüm Elçindi. Yaşlı kişi ... Elçin mənimlə həmyaşıddır e. O mənzərəni görmək heç istəməzdim... Üzü saqqallı, üstü-başı tör-töküntü. Dedi, mən acam. Mənə bir az pul ver, gedim...

Gerisi isə 2005-ci ilin 10 mayıdır. Öncə tabut... Sonra da qəbir…

Amandır, özünüzü, dost-tanışlarınızı, balalarınızı ağ ölüm adlı o kabusdan qoruyun. Amandır, imkan verməyin ki, ağsaqqal xalq artisti xislətlilər gəncləri “o zibilə” öyrəşdirsinlər.

Ürəyi təmiz, kin-küdurətdən uzaq, saf, çox sadəlövh, dostları üçün yanan bir adam idi Elçin Cəlilov. Və təkrar-təkrar deyirəm: fitri istedad sahibi idi.

Bu gün onu kimsə xatırlayırmı, qəbrinin üstünə gedəni varmı, bilmirəm. Məncə, onu unudublar. Qısa zaman kəsiyində musiqi tariximizi zənginləşdirənimizi beləcə urvatdan salmışıq.

Heyif. Çox heyif!

 

Epitafiya – yunan sözüdür, qədim Yunanıstanda mənzum şəklində olan qəbirüstü yazıya, yəni başdaşı yazısına deyirlər.

Başlığa bu sözü əbəs çıxarmadım. Elçin indi Mehdiabad qəbristanlığında uyuyur.

Və onun epitafiyası yoxdur.

Demək ki, ayrılıq belə də olurmuş.

 

Şəkildə: Elçin və ilk nikahından olan qızı

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam dəyərli izləyicilərimiz, bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı gənc istedadlı yazar, BDU- nun Jurnalistika fakültəsinin tələbəsi əməkdaşımız Nigar Həsənzadədir.

 

-- Xoş gördük, Nigar xanım, sözü Sizə veririk.

 

-- Salam, əziz Ülviyyə xanım, xoş gördük.Mən, Nigar Həsənzadə, ziyalı ailəsində dünyaya gəlmişəm. Hələ uşaq yaşlarımdan sözə, ədəbiyyata və sənətə dərin marağım olub. Hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıram. Qiraət və bədii yaradıcılıqla məşğul olmaq, şeir yazmaq və onları səsləndirmək mənim üçün sadəcə maraq deyil – bu, mənəvi ehtiyacdır, özümü ifadə formamdır. Məktəb illərindən bəri həm məktəbdaxili, həm də məktəbxarici tədbirlərdə fəal iştirak etmişəm. Universitet həyatımda da bu istiqamətdə inkişafımı davam etdirir, yazılarımı müxtəlif qəzet və platformalarda yayımlayıram.

Şeir mənim üçün ruhun qidasıdır. Hər dəfə sıxıldığımda, narahat olduğumda, içimdə sükutun səsi yüksələndə, bir guşəyə çəkilib çox vaxt sevdiyim bir şeiri səsləndirirəm, bəzən də özüm yazıram. Bəzən sözlər içimdən su kimi axır, bəzən də bir misra yetir bütün duyğuları daşımağa... Şeir çox gözəl vasitədir. İtirdiklərini axtarmağa...axtardığlarını da tapmağa...

Mənim üçün ideal anlayış yoxdur. İdeal şair, ideal şeir, ideal musiqi, ideal  müğənni. Bunlar mənim prinsiplərimdən kənardır. Mənə görə bu anın ən yaxşısı var. Bu rubrika üçün yazı yazmaq tapşırılanda ağlıma nədənsə məhz sevdiyim şeirlər içərisindən bu şeir gəldi..."Qara paltarlı qadın"

Ramiz Rövşənin “Qara paltarlı qadın” şeiri mənim üçün sadəcə poetik bir nümunə deyil – o, ağır, dərin, sükutla danışan bir hissin təcəssümüdür. Elə bu səbəbdən bu yazımda həmin şeirə ədəbi və emosional yanaşma ilə toxunmaq istəyirəm.

 

 

 

Kişilər bir olmur, atam balası –

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlamağa

Bir qara paltarlı gözəl bir qadına ümidi var.

 

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dünyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

 

Göz yaşları yuduqca baş daşını

Qəbrində qurcalanıb deyəcəksən: ilahi,

İllər boyu ağlatdığım bu qadın

Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

 

Bircə kərə nə saçını oxşamışam,

Nə gözünü silmişəm.

Gözlərimə batır indi saçlarının hər dəni,

İllər boyu bu qadına mən axı dərd vermişəm,

İndi görən niyə çəkir dərdimi?

 

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,

Yumruğuyla döysə-döysə yaxşıdı.

Qəbrimin üstündə ağlamaqdansa,

Məni söysə yaxşıdı.

 

Yeri-yeri, qara paltarlı qadın,

Kiri-kiri, qara paltarlı qadın.

Bu qəbir də min qəbirdən biridir.

Baş daşımı bəsdir basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən də kiri – qəbrim damır – ağlama...

 

Bu şeir – vicdanla üzləşmə, peşmanlıq və gecikmiş dəyər bilmənin poetik tablosudur. Ancaq kişi heç vaxt bir saçını sığallamadığı qadının vəfasını özünə sığışdırmır. Heç vaxt dəyər vermədiyi bu qadının hələ də onun başdaşı üstündə olmasının öz xarakterinə aşağılıq hesab edir. Həm bir növ özü-özünü bağışlamır. Həm də bu qadının vəfasıza vəfalı olmasını bağışlamır nə özünə bəlkə də elə o qadına da. O qadının sevgisi altında əzilir. Bu sevginin yiyəsini bu cür onu əzdiyi üçün yəqin heç onu da bağışlamır. Amma ən böyük hirsi özünədir. Şairin yaratdığı kişi obrazı – sağlığında qadına dəyər verməyən, onu ancaq ağladan bir insandır. Amma öləndən sonra yaradılan obraz sanki qəbri sulayan ən saf göz yaşı bəzən onun ən çox incitdiyi qadının gözündən axır tezisini bildirir.

“Qara paltarlı qadın” obrazı Ramiz Rövşənin yaradıcılığında susqun, amma güclü qadın simvoludur. Bu obraz ağlayan, amma səsini çıxarmayan qadındır. “Qara paltar” – matəm, itki və sədaqət simvoludur.

Misralardakı səmimilik və təbii danışıq tərzi oxucunu dərindən silkələyir: 

“Məni söysə yaxşıdı..

Məni döysə yaxşıdı...”

Bu cümlələrdə peşmanlığın dərəcəsi o qədər dərin ifadə olunub ki, artıq şəfqət yox, cəza belə kişinin içindəki boşluğu doldura bilmir.

Mən bu şeiri oxuyanda sanki kişinin içindəki sükutun səsini eşidirəm. O, qadını sağlığında duymamışdı, indi isə onun göz yaşları içində qərq olur. Hiss edirəm ki, bu şeir təkcə bir kişinin deyil, bütün peşman insanların monoloqudur. Onlar sağlığında dəyər vermədiklərinə yalnız itirdikdən sonra “səs” verirlər.

Ramiz Rövşənin bu şeiri – “Qara paltarlı qadın” – susqun bir sevginin fəryadıdır. Şeir bizə göstərir ki, bəzən susqunluq hayqırışdan güclü, gecikmiş dəyər bilmək isə zamanın bağışlamadığı dərddir. Bu əsəri təhlil etmək sadəcə poetik baxış deyil, daxili bir sükutla üzləşməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

Cahangir Namazov,

“Ədəbiyyat və incəsənət” portalının Özbəkistan təmsilçisi

 

Bu dəfəki müsahibimiz – tanınmış Alban şairəsi, yazıçı, tərcüməçi, jurnalist, ədəbiyyat tənqidçisi, Albaniya Yazıçılar İttifaqının üzvü, 30-a yaxın kitabın müəllifi, bir çox nüfuzlu ədəbi mükafatların laureatı, ədəbiyyatın yorulmaz təbliğatçısı və sülhün sədaqətli elçisi – Angela Kosta’dır.

 

– Xoş gəlmisiniz, Angela xanım! Bu gün sizin adınız bir çox yaradıcı qəlblər üçün ümidin, məhəbbətin və ilhamın rəmzinə çevrilib. Sizi dünyanın müxtəlif guşələrindəki insanların qəlbinə toxunduran daxili güc və ya ilahi çağırış nə oldu?

 

– Salam! Müsahibəyə başlamazdan əvvəl sizə təşəkkür edirəm və Azərbaycan oxucularına salamlarımı göndərirəm.

Əslində, mənim yolum nə şöhrət, nə də iddia ilə deyil, ruhun ehtiyacı ilə başladı. Dörd uzun il boyunca xəstəliyim səbəbindən cəmiyyətdən uzaq qaldım. Sonra danışmaq, dünyanı sözlərlə qucaqlamaq istədim. Uşaqlıqdan – Albaniyada öyrəndim ki, söz həm sığınacaqdır, həm də müqavimət. İtaliyaya köçəndə təkcə vətən həsrətini yox, həm də səssiz bir missiyanı özümlə gətirdim: danışa bilməyənlər üçün səs, qaranlıqda yaşayanlar üçün işıq olmaq.

Bu güc – ağrının mərhəmətə çevrilməsindən, başqalarının tikdiyi divarlar yerinə körpülər qurmaq istəyindən doğdu. Papa Fransiskin dediyi kimi...

Hər bir şeir, hər bir tərcümə, hər bir mədəniyyət addımı mənim üçün sadəcə rol yox, vəzifədir. Bu qədər insanın qəlbinə toxuna bilməyimin sirri – səmimiyyət, təvazökarlıq və fədakarlıqla yazmaqda gizlidir.

 

– Şeir - qəlbin tərcüməçisi, ruhun əks-sədasıdır. Sizin üçün şeir sadəcə bədii ifadə vasitəsidir, yoxsa ilahi bir hədiyyə?

 

– Şeir mənim üçün yalnız bir sənət forması deyil, müqəddəs bir ürək döyüntüsüdür. Sanki sözlər məni seçir, hər bir misra zamanın içində artıq yazılıb və mən sadəcə onu dünyaya gətirən vasitəçiyəm.

Şeir mənim üçün ilahi bir bağışdır, bizi həm göyə, həm yerə bağlayan əbədi bir dildir.

Amma bu hədiyyə çalışmadan, sevgi və intizam olmadan yaşaya bilməz. İlham bəs etmir – onu duymalı, alovlu qığılcımı sözlərə çevirməlisən.

Hər bir şeir – bir sevgi aktı, ruhani bir təqdimat, dünyanın qaranlığında yandırılmış bir şamdır. Sükuta səs vermək, görünməyən yaraları sağaltmaq və ayrılmışları birləşdirmək üçün yazıram.

 

– Şeir və tərcümə – biri dilin müqəddəs mahiyyətini daşıyır, digəri onu yeni bir formada açır. Bu iki yol arasında hansı daxili fərqləri hiss edirsiniz? Tərcümə sizə hansı qapıları açdı?

 

– Şeir yazmaq – öz ruhunun səsini dinləməkdir. Tərcümə isə başqalarının səsinə qulaq verməkdir.

Yazarkən duyğularımda, xatirələrimdə, içimdəki dünyada gəzərəm. Tərcümə edərkən isə özümü bir kənara qoyur, başqa müəllifin səsini – təvazö və dəqiqliklə qəbul edirəm.

Şeir – yaradılışdır. Tərcümə – xidmət. Amma hər ikisi sevgidir.

Tərcümə mənə eqonu kənara qoymağı, dünyaya daha geniş perspektivdən baxmağı öyrətdi. Müxtəlif sivilizasiyalar, dillər və duyğularla tanış etdi. Mənə yeni mənəvi və mədəni üfüqlər açdı. Bu, mənə dünyanın azad vətəndaşı olmaq hissini yaşatdı.

 

– Fərqli millətləri, mədəniyyətləri və dinləri ədəbiyyat vasitəsilə bir araya gətirmək sizin üçün sənət vəzifəsidir, yoxsa ruhun dərin ehtiyacımı?

 

– Bəli, tamamilə doğrudur. Mədəniyyətləri ədəbiyyat vasitəsilə birləşdirmək – mənim üçün dərin bir ruhani ehtiyacdır. Bu, mənim kimliyimin bir hissəsidir.

Biz bu gün parçalanmaların, bəşəriyyətin bölünməsinin hökm sürdüyü bir dövrdə yaşayırıq. Kimliklər körpü yox, çox vaxt divar kimi istifadə olunur.

Ədəbiyyat bu yaranı sağalda bilər.

Mən uzaq ölkələrin müəlliflərini tanıtdıqda, koreya şeirini ingiliscədən albancaya, ərəb şeirini italyancaya tərcümə etdikdə, sanki cırılmış bir parçanı tikirəm, demək istəyirəm: “Biz fərqliyik, amma bir-birimizi anlaya, sevə bilərik.”

Mənim fəaliyyətimin məqsədi – ortaq insanlığımızı birləşdirməkdir.

 

– 6 mart 2025-ci ildə İtaliya Senatında keçirilən “Divina Mente Donna” tədbirində siz həm münsiflər heyətinin üzvü, həm də VerbumlandiArtAps Assosiasiyasının üzvü kimi iştirak etdiniz. Bu nüfuzlu tədbir haqqında nə deyə bilərsiniz?

 

– “DivinaMente Donna” tədbirində iştirak – mənim şəxsi və mədəni yolumun ən əlamətdar anlarından biri oldu. Bu tədbir 6 mart 2025-ci ildə, İtaliya Senatının Zukari zalında, VerbumlandiArtAps Assosiasiyasının Prezidenti cənab doktor Regina Restanın təşkilatçılığı ilə baş tutdu.

Təkcə dəvətli qonaq yox, həm də münsiflər heyətinin və bu Assosiasiyanın rəsmi üzvü kimi iştirak etmək, Senat tərəfindən tanınmaq – mənim üçün çox böyük dəyər idi.

Bu tədbir – qadınların elm, sənət və cəmiyyət sahəsindəki uğurlarını qeyd etmək üçün yaradılıb. Və bu tədbirin İtaliya demokratiyasının ən yüksək tribunasında keçirilməsi – qadınların sosial inkişafdakı roluna verilən dərin hörmətin göstəricisidir.

Münsif kimi mənim vəzifəm – çox vaxt səssiz, lakin işıqlı fəaliyyətləri ilə ədəbiyyat, incəsənət, elm və vətəndaş fəallığı sahələrində cəmiyyətə töhfə verən qadınları qiymətləndirmək idi.

Bu tədbir, azadlıq, ləyaqət, dialoq ideallarında birləşən müxtəlif ölkələrin qadınları ilə görüş və paylaşım məkanı oldu.

Yazıçı, jurnalist və şair kimi qadın hüquqları uğrunda mübarizə aparan çoxsaylı həmkarlarla bir araya gəlmək – mənim üçün həm peşəkar, həm də mənəvi baxımdan mühüm idi.

Rəsmi iştirakım və Regina Resta xanıma dərin təşəkkürüm – mənim poetik, tərcüməçi və beynəlxalq mədəniyyət daşıyıcısı kimi fəaliyyətimin tanındığını bir daha sübut etdi.

Bu tədbir – parçalanmalara qarşı güclü bir səs, insan dəyərinin, qadın zərifliyinin və düşüncənin gücünün bayramı idi.

 

— Sizin yaradıcılıq yolunuzda ən böyük çətinlik nə olub? Bu çətinlik sizi dayandırdı, sındırdı, yoxsa sizə yeni güc və baxış bəxş etdi?

 

— Ən böyük çətinliyim tənhalıq olub. Miqrantın tənhalığı, maddi dəyərlərin artdığı bir dünyada mədəniyyəti seçən qadının tənhalığı... Amma həm də maliyyə dəstəyi olmadan, qurulmuş şəbəkələrə sahib olmadan, yalnız inancına arxalanaraq mədəniyyət uğrunda mübarizə aparan insanın tənhalığı. Bu tənhalıq məni sındırmadı; əksinə, məni möhkəmləndirdi. Sükutun, səbrin və gündəlik zəhmətin dəyərini öyrətdi. Hər bir maneə poeziyaya çevrildi, hər bir məyusluq səxavətli bir hərəkətə. Çətinliklər baxışa, yaralar qanada çevrildi.

 

— “Sülh Elçisi” adı yalnız bir şərəf deyil, həm də böyük bir məsuliyyətdir. Sizcə, bu qədər təlatümlü bir dünyada poeziya və ədəbiyyat sülhə necə xidmət edə bilər?

 

— Müharibələr, ekoloji böhranlar və texnoloji tənhalıqla dolu bir dünyada poeziya insanın içindəki səsdir ki, deyir: “Sən varsansa, tək deyilsən.” Ədəbiyyat insanlığın yaddaşıdır, eyni zamanda bir növ peyğəmbərlikdir. O, dəyişiklikləri qabaqlaya, dinc inqilablara ilham verə və sağalda bilər. Mənim “Sülh Elçisi” kimi fəaliyyətim, inandığım bir həqiqətə əsaslanır: doğru zamanda deyilmiş düzgün bir söz bir insanın həyatını xilas edə bilər. Bu, heç də şişirtmə deyil. Poeziya stereotipləri sındıra, görünməz və sonsuz körpülər qura bilər ki, mənasız və ədalətsiz müharibələrin altında itirilmiş ləyaqəti bərpa etsin. Mən çoxdilli ədəbiyyatı təşviq etməklə və mədəniyyətlərarası dialoqu gücləndirməklə kiçik bir şəkildə də olsa daha ədalətli və humanist bir dünya üçün çalışıram.

 

— Siz müxtəlif millətlərdən olan yaradıcıları bir araya gətirməyi bacarmısınız. Bu iş üçün lazım olan səbir, sevgi və fədakarlığı haradan alırsınız? Daxili ilham mənbəyiniz nədir?

 

— Mənim enerji qaynağım yer üzündəki hər canlıya, nəfəs alan və işıq saçan hər bir varlığa — insanlara, heyvanlara və təbiətin bizə bəxş etdiyi möhtəşəm nemətlərə qarşı duyduğum ümumbəşəri sevgidir. Ədəbiyyat və təbliğat sahəsinə olan sevgim alqış axtarışında deyil; başqalarının işığında sevinc tapan bir sevgidir. Məsələn, bir tanınmamış şairin mənim tərcüməmlə ilk dəfə Albaniyada və ya İtaliyada eşidildiyi üçün duyğulandığını görmək, mənə mənalı və dəyərli gəlir. Səbir, gördüyüm işə olan dərin inamımdan doğur. Fədakarlığım isə mənə bəxş edilmiş həyata, qələmə və sözə olan təşəkkür hissindən qaynaqlanır. Qarşıma çıxan hər sima, eşitdiyim hər dil məni zənginləşdirir. Mən də aldığımı coşğu və mədəniyyətin dünyanı dəyişə biləcəyinə olan inamla qat-qat geri qaytarıram.

 

— Siz çoxsaylı yazıçı və şairə təkcə əsərlərini beynəlxalq səhnəyə çıxarmaqda deyil, həm də mənəvi dəstək göstərmisiniz. Sizi bu yola yönəldən nə oldu?

 

— Mən şəxsən yolun nə qədər çətin olduğunu yaşamışam. Səsin olmayanda, əlaqələrin və çıxış yollarının harada olduğunu bilməyəndə, qapıların və pəncərələrin üzünə bağlandığını görəndə nə demək olduğunu bilirəm. Bu da məni başqalarının istedadına qarşı daha həssas etdi. Mən vaxtımı, enerjimi və resurslarımı istər yeni, istərsə də tanınmış yazıçı və şairlərə həsr etməyi seçdim, çünki rəqabətə deyil, həmrəyliyə əsaslanan bir mədəniyyətə inanıram. Motivim sadədir: əgər bir sözün dəyəri varsa və o, insanı xilas edə bilərsə, hər yazıçı eşidilməyə layiqdir. Mən sadəcə bir vasitəçiyəm, bu səslərə körpü olan bir insanam. Hər dəfə kiminsə yolunu açdığımda, öz yolum daha da mənalı olur.

 

— Bir neçə beynəlxalq nəşr sizi “Sülh Elçisi” adlandırıb. Münaqişələrlə dolu bir dünyada sözlə sülh toxumu səpmək asan deyil. Siz bu rolda hansı məsuliyyətləri hiss edirsiniz?

 

— “Sülh Elçisi” adını daşımaq mənim üçün sadəcə simvolik bir şey deyil, gündəlik və dərin etik bir öhdəlikdir. Sözlərin çox zaman bölmək, təhqir etmək və ya manipulyasiya üçün istifadə edildiyi bir dünyada, mən onları birləşdirmək, sağaltmaq və körpülər salmaq üçün seçdim. Bu, asan deyil, çünki ədəbiyyatla sülh təbliğ edənlər çox zaman laqeydlik və ədəbi dəyəri anlamayan baxışlarla qarşılaşır. Amma mən qəti şəkildə inanıram ki, həqiqətlə yazılmış hər bir misra bir ürəyə toxuna, bir vicdanı dəyişə və susmuş bir səsi oyada bilər. Mənim məsuliyyətim ikidir: bir tərəfdən, hakimiyyət qarşısında əyilməyən və yalan danışmayan sözə sadiq qalmaq, digər tərəfdən isə mədəniyyətlərin dialoqa girdiyi və fərqliliklərin parçalanmaya yox, zənginliyə çevrildiyi beynəlxalq məkanlar yaratmağa davam etməkdir. Tərcümə olunan hər kitab, dəstəklədiyim hər müəllif, redaktə etdiyim hər jurnal, birgəyaşayışın kövrək torpağında əkilən bir sülh toxumudur. Bacardığım qədər, bu toxumları səpməkdən heç vaxt vaz keçməyəcəyəm.

 

— Əgər həyatınızı bir misrada təsvir etməli olsaydınız, bu misra necə olardı?

 

— Əgər bütün həyatımı bir misraya yığmalı olsaydım, deyərdim: “Səssizcə şeirlə keçdim yollardan, kölgəyə işıq toxumu səpdim.”

Bu misra mənim həyatımı əks etdirir: arzular və fədakarlıqlarla keçən uşaqlıq, vətəndən ayrılıq, miqrasiyanın çətinliyi, yazı vasitəsilə yenidən doğuluş və mədəniyyətə şəfa və dirçəliş vasitəsi kimi tam bağlanma. Haqsızlıqların və görünməyən yaraların sükutundan mən yaradıcılığa doğru addımladım — şöhrət üçün deyil, paylaşmaq, ruhlandırmaq və izah etmək üçün: ağrıdan da gözəllik doğa bilər. Səhifədə qoyduğum hər söz, kiçik bir işıq, bir sevgi izidir — zamanın içində davam edən bir hərəkət.

 

— Hələ Azərbaycanda olmamağınıza baxmayaraq, qəlbinizdə bu torpağın hansı obrazları və ruhu yaşayır? Ruhunuz Azərbaycana səfər etdikdə nə görür, nə duyur?

 

— Mən hələ Azərbaycana səfər etməmiş olsam da, bu torpaq mənim qəlbimdə poeziyası, tarixi və insanları ilə yaşayır. Mən Azərbaycanı Şərqlə Qərb arasında bir körpü kimi təsəvvür edirəm — qədim ənənələr və müasir ruhun bir harmoniya içində əl-ələ verdiyi bir məkan. Onun muğamını ruhun səssizliyində eşidirəm, xalçalarını mədəniyyətlərin bir-birinə qarışdığı metaforalar kimi görürəm, təbiətinin mənəviyyatını isə təfəkkürə dəvət kimi hiss edirəm. Ruhum Azərbaycanı xəyal etdikcə, onun dağları və minarələri arasında gəzir, Nizami Gəncəvi kimi klassiklərin sözlərində və bu günün istedadlı gənc yazarlarının yaradıcılığında ilham tapır. Arzum odur ki, ədəbiyyat bizi birləşdirsin, bir gün səsimi orada eşitdirim və eyni zamanda Azərbaycanın səsi də dünya oxucularının qəlbində əks-səda tapsın. Tərcümə və təbliğ etdiyim, dəyərli dostum Təranə Turan Rəhimli kimi Azərbaycanlı şairlərlə üz-üzə görüşmək ümidi ilə hər birinizə təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2025)

 

 

İtaliyanın məşhur “RAİ 1” kanalı Azərbaycanda  dövlət xidmətlərinin göstərilməsi sahəsində rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqi ilə bağlı sujet yayımlayıb.

“Ədəbiyyat və incəsənət” portalına ASAN-dan verilən məlumata görə, Jurnalist Barbara Karfanya tərəfindən hazırlanan materialda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət”in fəaliyyətinə də xüsusi yer ayrılıb.

Diqqətə çatdırılır ki, Azərbaycan Prezidentin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzləri və burada tətbiq olunan innovativ texnologiyalar nəticəsində vətəndaş məmnunluğunun əldə olunması istiqamətində uğurlu nəticələr var.

Vurğulanır ki, dövlət orqanları ilə vətəndaşlar arasında əsas görüş yerinə çevrilən mərkəzlərdə 400-dən çox xidmət göstərilir və bu əsl gələcəyə baxışdır.

Həmçinin  “ASAN xidmət”in 2015-ci ildə  BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü və bu modelin dövlət idarəçiliyində innovasiyalar axtaran ölkələr üçün nümunə olduğu ifadə olunur.

Sujetdə müasir innovativ texnologiyaların tətbiqi istiqamətində Səyyar ASAN xidmətin və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə məlumat verilir. Həmçinin vətəndaşlara xidmət sahəsində ASAN könüllülərinin reallaşdırdığı təşəbbüslərdən də söz açılır.

Reportaja keçid: https://youtu.be/qVKBqyahQ6A?si=sm1dBqKcxShRszjC

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

Çərşənbə axşamı, 15 İyul 2025 14:06

Qızıl kimi insan – HACI TAHİR MƏLİKOV

                                    

 

Ağalar İdrisoğlu,

yazıçı-dramaturq-rejissor, Əməkdar incəsənət xadimi. “Ədəbiyyat və incəsənət” üçün

 

Hacı Tahir Məlikov: “Ticarətlə məşğul olmaq bu gün çox çətindir. Çünki ticarət bu gün istedad, bacarıq, halallıq və düzgünlük tələb eləyir”.

 

 Onunla dörd il bundan qabaq Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü kimi ünsiyyətimiz, münasibətimiz başladı. Birgə yol yoldaşı olduq. Ulularımız deyib ki, “ insanı yolda tanıyarlar”. Biz də yol yoldaşı olanda və həmişə təmasda olub söhbətlər edəndə bu insanın qanı və canı ilə millətə, Vətənə, dövlətə, dövlətçiliyə bağlı olduğunu, yüksək tərbiyəsini görəndə fikirləşdim ki, onu bizim dostlar klubunun idarə heyttəinə təklif edəndə Sumqayıt Dostlar Klubunun sədri, maraqlı yazıçı-publisist, ictimai xadim Hümbət Həsənoğlu öz fikirlərində yanılmayıb.

 

Hacı Tahir Məlikov artıq ömrünün 58-ci ilini arxada qoyur. Onun 55 yaşı tamam olanda, Ulu Tanrı mənə imkan verdi ki, xalqımızın belə bir ziyalısı ilə dəyərli oxucularımızı  tanış etdim. O vaxt onun haqqında yazdığım esse çox maraqla qarşılandı və həmin essedə onun keşməkeşli həyat yoluna bir nəzər  saldıq.

İndi yenə də istəyirəm ki, onun keçmiş həyatını birlikdə vərəqləyək: Tahir Bəhlul  oğlu Məlikov 1967-ci ilin iyul ayının 15-də Sumqayıt şəhərində  anadan olub. Səkkiz il Sumqayıt şəhər 1 nömrəli məktəbdə təhsil  alıb. Sonra təhsilini 49 nömrəli texiki-peşə məktəbində davam etdirib. İki il İrkutsk vilayətinin Ustilim şəhərində hərbi xidmətdə olub. Ordudan qayıdandan sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsilini davam etdirib. Kimyəvi texnologiya prosesləri mühəndisi olub. Təyinatla Sumqayıt şəhər Səthi Aktiv Maddələr zavoduna göndərilib. Dövlət mükafatı laureatı, Prezidentin Fərdi təqaüdçüsü və hal-hazırda Sumqayıt Ağsaqqallar Şurasının sədri olan Təbrik Quliyevin rəhbərlik elədiyi bu zavodda uzun illər mühəndis işləyib. 1996-cı ildən kommersiya ilə, sahibkarlıqla məşğul olduğuna görə zavoddakı işindən çıxıb.

Onun lap uşaq yaşlarından bir amalı vardı: “İnsan həyatda düzgün olmalıdır”. Bax, məhz buna görə də Tahir  sahibkarlıq sahəsində öz yolunu seçdi, böyük uğur, hörmət,  nüfuz qazandı.

Hacı Tahir həmişə deyir ki, “ticarətlə məşğul olan insan, birinici növbədə, özü və ətrafındakı adamlar təmiz, pak olmalıdır. Mənim ticarət sahəsinə gəlməyimdə dostum  Hacı Təşkilat Ağayevin çox köməkliyi olub. Allah onun malına-mülkünə bərəkət versin və  balalarının canını sağ eləsin!”

Əfsus ki, Azərbaycanda çox zaman ticarəti aldatmaq kimi başa düşürlər. Ona görə də əksər adamlar bu sahədə uduzurlar. İşləri gətirmir. Hacı Tahir deyir ki,“hər kəsin, hər insanın  öz qabiliyyəti, bacarığı, istedadı var. Ticarət, sahibkarlıq mən deyərdim ki, böyük istedad, dərin savad, bacarıq və uzaqgörənlik tələb eləyir. Bu sahədə məşğul olmaq istəyənlər, əvvəllər uğur qazanmış tanınmış tacirlərin, sahibkarların həyatını yaxşı öyrənməlidirlər. Elə Hacı Zeynəlabdin Tağıyevin, Musa Nağıyevin və başqalarının əldə ertdiyi uğurları, hansı maneələrdən keçdiklərini bilməlidirlər. Ən əsası halallığa və düzgünlüyə üstünlük verməlidirlər. Əgər bu keyfiyyətləri özündə formalaşdıra bilməsələr, hökmən qazandıqlarını itirəcəklər. Allahın hər bir adama verdiyi nəfs deyilən gözəl bir şey var. Çox varın-dövlətin dalınca qaçmaq olmaz. İnsan çalışmalıdır ki, nəfsini qorusun. Nəfsimizi bütün məqamlarda idarə etməyi bacarmalıyıq. Əgər sənə verilənlə razılaşsan, ürəyinin səsinə qulaq assan, onda sən yaxşı, qəlbi təmiz, pak insan olacaqsan. Mən də bu amallara söykənərək öz işimi qurdum. Elə insanlar olur ki, ticarətin, sahibkarlığın  qanunlarını yerinə yetirmədiyinə,  öz nəfsinin qurbanı olduğuna görə bu sahədə uduzurlar.  Ona görə də insan elə olmalıdır ki, pul qazanmaq xatirinə xarakterini, simasını itirməsin. İnsanın öz duyğu və düşüncələrini bir yerə yönəltməsi mənəvi gücün başlıca qayəsidir. Həm də insanın öz hissləri  üzərində hakim olmağı bacarması mənəvi böyüklüyün əsasıdır. Mən təmizliyimi, paklığımı qoruduğuma və  nəfsimin qulu olmadığıma görə həmişə mənə köməklik eləyib, dəstək olublar. Bu ömrü beləcə yaşayaraq,  artıq onun 58 ilini arxada qoymuşam. Fikirləşirəm ki, hələ həyatda görəcəyim işlər çoxdur. Mən onları Allahın izni ilə  reallaşdırmalıyam. Ticarətə, sahibkarlığa  yenicə başlayan gənclərə məsləhətim budur ki, onlar bilsinlər  həyat böyük, çətin bir mübarizə meydanıdır. Burada uduzmaq da olar. Ona hazır olun və sonra özünüzdə güc toplayıb yenidən mübarizə aparın ki, qələbə çalasınız. İnsan həmişə özünə bu sözləri deməlidir: “Mən bacaracam. Mən güclüyəm”. Çalışın, ali məqsədinizə doğru yönəlin, həyatdan zövq alın. Onda yaşamaq da çox gözəl olar. Bəzən olub ki, mən hayatda səhvlər eləmişəm. Bax, ona görə də ticarətlə məşğul olmağa yeni başlayan gənclərin səhv eləməsini  istəmirəm...

44 günlük Vətən müharibəsindəki qələbəmiz və bir günlük lokal xarakterli döyüşlərdə düşməni ağ bayraq qaldırmağa məcbur eləməyimiz məni çox sevindirdi. İnanın ki, sevincdən ağladım. Ölkə başçımız cənab İlham Əliyevin və qüdrətli ordumuzun apardığı döyüşlərdən ürəyim dağa döndü. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən də Qarabaş döyüşləri üçün çox  böyük vəsaitlər köçürtdüm. Bundan fərəh  duydum. Bütün azərbaycanlılar kimi bunu mən də özümün müqəddəs borcum bildim. Bəli. Bizim xalqımız dünya xalqlarına necə güclü, qüdrətli xalq olduğunu bir daha sübut elədi. Mən də bu xalqın oğlu kimi çox güclü, qururlu olduğum üçün bəzən öz-özümə deyirəm: “Səbrli, dözümlü ol, sən bu işi bacaracaqsan. Sən bunu  etməlisən”. Əlbəttə, bu illər ərzində yaxşıyla bərabər pis günlər də yaşamışam. Bu, həyatdır. Onun enişi və yoxuşu var. Amma heç vaxt ümidsizliyə qapılmamışam. Hər şeyin ürəyimcə olması üçün çalışmışam. Bax, bu anları düşündükcə həm sevinc, həm də kədər hissləri yaşayıram. Ulu Tanrıya şükürlər olsun ki, indi sizinlə üz-üzə oturub, müsahibə verirəm. Bu günlərə sağlam  gəlib çatdığım üçün çox xoşbəxtəm. Ən əsası isə ölkə başçımız cənab İlham Əliyev biz sahibkarlara lazım olan bütün şəraitləri yaradıb və biz də çalışırıq ki, ölkə başçımızın yanında olub, işsizliyin aradan götürülməsi üçün əlimizdən gələn bütün köməklikləri edək.

Çox sevinrəm ki, gözəl ailəm, uşaqlarım, dostlarım var. Mənə həyatda güc, qüvvət verən Allahım var. Oğlum Əli Çində təhsil alıb. Əla mütəxəssisdir. Öz savadına, bacarığına görə iş yerində böyük hörmət qazanıb. Kiçik oğlum Bəhlul Türkiyədə ali təhsil alıb. Bu gün iş adamıdır. Qızım Nəzifə Türkiyədə Tibb Universitetində təhsil alır.  Övladlarımın tərbiyəsində, savadlı böyüməsində  həyat yoldaşım Aynur xanımın əməyi daha çox olub.

Əvvəllər elə fikirləşirdim ki, həyatda bu qədər uğurları qazanmaq çətin olacaq. Amma Uca Tanrı mənə lazım olan qisməti bəxş edib. Bu da yəqin ki, uzun illərdir Allaha ibadət etməyimdəndir. Ən əsası da hər bir əməlimdə düzəm. Bacardığım qədər xeyriyyəçilik eləyirəm. Yanımda işləyənlərə hər cürə şərait yaradıram ki, ailələrini yaxşı dolandıra bilsinlər. Əgər bunları mənə Ulu Tanrı veribsə, mən də onu  Onun bəndlərinə xərcləməliyəm. Həyatda ən layiqli dostlar qazanmışam. Həqiqətən də əsl dostluq böyük qüvvədir. Arxadır, dayaqdır. İnsan gərək  haqqı itirməsin. Ona yaxşılıq eləyənləri, çörək verənləri yaddan çıxarmasın. Çalışmaq lazımdır ki, həyatda özünə yaxşı dostlar seçəsən. Son illərdə qazandığım ən dəyərli dostlarım isə Sumqayıt Dostlar Klubunun idarı heyyətinin üzvləridir. Onlarla tanış olmaq mənim üçün böyük xoşbəxtlikdir.

Ulu Peyğəmbərimizin belə bir hədisi var: “Alimlərlə otur-dur  ki, alim olasan”. Dahi Mövlanə deyib ki, “bitkinin gözəlliyi toxumundan, insanın gözəlliyi isə qəlbindən gəlir”; “ Həyatda sözdən ağır yük yoxdur. Çünki bədən çox yükü qaldırar, amma könül hər sözü qaldıra bilməz”. Çalışaq ki, bu keşməkeşli həyatda qəlbimiz təmiz, pak olsun. Onda yaşamaq da gözəl olar. Bizi hamı sevər və hamı bizə böyük ehtiram göstərər”.

P. S. Bax, bizim dostumuz Hacı Tahir Məlikov məhz belə müsbət əməllərinə görə qızıl kimi insandır. Əgər  hər bir insan belə olsa, belə xeyirxah əməlləri özündə ehtiva eləsə, bu məmləkətdə yaşamaq həqiqətən də gözəl olar.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 15 İyul 2025 17:41

PORTAL AKADEMİYASINDA - Liderlik qanunları, nömrə 6

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Liderliyin xüsusi qanunları hansılardır?

 

«Seminarların və kitabların köməyi ilə uzun illər liderlik öyrətdiyim yuz minlərlə insana və özündə liderlik keyfiyyətlərini inkişaf etdirmək istəyən şəxs, sənə ithaf olunur. Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

 

Beləliklə, 21 qanundan növbətisi:

 

6.Möhkəm özül qanunu

«Liderliyin əsası etibardır»

Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.

Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.

General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».

Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.

Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.

Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Çərşənbə axşamı, 15 İyul 2025 17:10

Türk xalqlarında saçla bağlı inam və rituallar

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu dəfə türk xalqlarının saçla bağlı inam və rituallarından danışacağıq. Yeri gəlmişkən, türk mifoloji dünyagörüşündə saç, xüsusilə də baş və saç Tanrıya ən yaxın orqanlar sayılırdı.

 

Türk xalqlarının qədim dünyagörüşündə saç yalnız bədən üzvü deyil, ruhun daşıyıcısı, mənəvi qüvvənin simvolu, qoruyucu və ya təhlükəli element sayılırdı. Saçla bağlı inanclar, rituallar və davranış normaları türk etnomədəniyyətində o qədər dərin köklərə malikdir ki, onlar bu gün də bəzi bölgələrdə şüuraltı səviyyədə yaşamaqdadır.

 Türk mifoloji dünyagörüşündə saç, xüsusilə də baş və saç Tanrıya ən yaxın orqanlar sayılırdı. İnanılırdı ki:

  • Saç insanın həyat enerjisini daşıyır, ona görə də onu qorumaq vacibdir.
  • Saçın kəsilməsi bəzən ruhi dəyişiklik, bəzən isə həyat mərhələsinin dəyişməsi ilə əlaqələndirilirdi.
  • Uşaq dünyaya gələndə ilk saçına “qutlu saç” deyilirdi – bu saç müqəddəs sayılır, ya saxlanılır, ya da təntənəli ritualla basdırılırdı.

 Türk xalqlarında qadının saçına xüsusi mistik dəyər verilirdi. Uzun, hörülmüş və təmiz saxlanılan saç:

·         Bərəkətin və ailə səadətinin simvolu idi.

·         Saçı açıq saxlamaq bəzən matəm, bəzən isə rəddedici mesaj hesab olunurdu. Məsələn, qadın yas tutanda saçını açar, döşünə çırpar, bu da qəm və ağrının fiziki ifadəsi sayılırdı.

·         Qızın saçının hörüklü olması onun bakirəliyinin və ədəb-adabının göstəricisi idi.

 Bəzi türk topluluklarında inam var idi ki,qadının saçı bədnəzər tutar, ona görə də ya örtülərdi, ya da saç hörükləri arasında gümüş və ya aypara simvolları taxılardı – qoruyucu məqsədlə.

 Türk ənənəsində saçın Tanrıya və ya müqəddəs gücə təqdim edilməsi nadir rast gəlinən, amma çox güclü mənəvi hadisə sayılırdı. Xüsusilə:

·         Saç adağı – bir niyyətə çatmaq üçün “saçımı kəsəcəyəm” deyərək söz verilərdi. Arzu həyata keçdikdə saç kəsilər və müqəddəs yerə (ocaq, türbə) qoyulardı.

·         Xəstə övladı sağalan qadın bəzən saçını kəsib ocağa bağlayar, bunu Tanrıya təşəkkür nişanəsi kimi qəbul edərdi.

·         Bəzi bölgələrdə müharibəyə yollanan igid saçının bir hissəsini ailəsinə verərdi – bu, “qayıtmasam, bu mənim yadigarım” anlamı daşıyırdı.

 Yas və ölüm halında saçın rolu xüsusi yer tuturdu:

·         Türk qadınları yas zamanı saçlarınıaçıb üzlərinə, sinələrinə vuraraqağlayardılar. Bu, həm ağrının, həm də “açıq ruh” vəziyyətinin simvolu idi.

·         Qədim türklərdə ölən şəxsin yaxınları saçlarını qısaldardı və ya yolardı – bu, ağrını bədənlə bölüşmək demək idi.

·         Bəzi etnoqrafik mənbələrdə göstərilir ki, atası ölən oğul saçını qırxdırar – yeni mərhələyə keçidi bildirərdi.

Saçın hansı formada hörüldüyü belə sosial məna daşıyırdı:

·         İki hörük – subay qız,

·         Tək hörük – nişanlı və ya ərə getmiş qadın,

·         Açıq saç – matəm və ya bəkarətin pozulması anlamına gələ bilərdi.

·         Qız uşaqlarının saçına hörülmüş xalçanı xatırladan naxışlar – onların gözəlliyini, zərifliyini və ailənin mədəni statusunu göstərirdi.

Saç yalnız gündəlik rituallarda deyil, həm də mifologiya və dastanlarda güclü simvol kimi işlənir:

·         Alp Er Tonqa”, “ManasKoroğlu kimi dastanlarda qadınların saçları cəngavərlik, eşq və qəhrəmanlıq simvolu kimi təsvir olunur.

·         Bəzən igid sevginin sübutu olaraq qadının saç telini amulet kimi boynunda saxlayır.

·         Bəzi xalq nağıllarında cadugərlərin saçla tilsim yazması motivinə rast gəlinir – bu, saçın mistik güc daşıdığına olan inancın izidir.

Türk xalqlarının saçla bağlı inancları sadəcə folklor elementi deyil, onların kainatla və ruhani aləmlə əlaqə modelinin bir parçasıdır. Saç həm qadının siması, həm də xalqın simvolik dilidir. O, qoruyucu da ola bilər, təhlükəli də, gözəl də ola bilər, yaslı da. Bu ikili simvolizm türk mədəniyyətinin çoxqatlı, zərif və zəngin ruhunun göstəricisidir. Bu gün belə nənələrimizin saç hörüklərində, gənc qızların yaylıqlarında, və ya türbələrdəki saç bağlarında bu inancın izlərini görmək mümkündür – saç hələ də danışır, amma susaraq...

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

Çərşənbə axşamı, 15 İyul 2025 16:27

Vicdan öhdəliyinin nə olduğunu bilən jurnalist...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Alt başlıq belədir: Şəmsiyyə Kərimova- 70. Bəli, bu gün journalist Şəmsiyyə xanım barədə danışacağam.

 

Şair-publisist Hikmət Məlikzadə onu belə xarakterizə edir: “O, hər yazısında bir həyat anı əks olunan və bu anın içində daim bir həyat sızıltısı hiss edən mətanətli, vüqarlı qadındır. Çətinlik onun üçün təkcə həyat acısı deyil, həm də mübarizlik faktıdır. O, dərdi həm də mübarizə aparmaq üçün bir vəsilə hesab edir, bir qətrə şərəfli ömür üçün məhz bir kərə şərəflə ölməyi hamıya məsləhət görür. Bu da onun Vətən sevgisidir- azad yaşamaq haqqıdır, yaxşıya da, pisə də insani münasibətidir...”

 

O, həm də incə, xeyirxah, yardımsevər və həssas xanımdır. Başqalarının qayğısına qalmaq və yaxşılıq etmək onun həyat meyarıdır. Duyğusal, necə deyərlər, nəcib insanlara qarşı nəzakətli davranır və özü də nəzakətli münasibət gözləyir. Amma qəlbinin dərinliklərində çox narahatdır. Sanki hər bir sevincində bir kədər var. Gözəl, zərif, mülayim və utancaqdır. Fəqət intuisiyası çox güclüdür. Hər bir şəraitə asanlıqla uyğunlaşa bilir. Problemsiz bir həyat istəyir. Rahat olmaq və dincəlməyə çox vaxt ayırmaq isə ona çox az qismət olur. Uşaqlıq saflığını qoruyub saxlaya bilib, odur ki, hələ də onda uşaq səmimiyyəti var. Ümumiyyətlə, onun soyuq xasiyyəti yoxdur. Ətrafındakı insanlara qarşı mehribandır...

 

Deyir ki:- “Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra insanların öz fikirlərini azad və sərbəst ifadə etmələri üçün hər cür şərait yaradıldı. Demokratiyanın əsas atributlarından olan müstəqil mətbuatın fəaliyyətinə də geniş meydan verildi. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində anarxiya, xaos baş alıb getdiyindən müstəqil mətbuat qisas, təhqir, nalayiq sözlər mənbəyinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə olduğu kimi, mətbuat aləmində də əsaslı dönüş yaradıldı. Demokratiyanı anarxiya kimi dərk edənlər tədricən mətbuatın həyatın aynası olduğunu anladılar. Tənqidlə təhqiri bir-birindən ayıra bilməyənlər getdikcə sıradan çıxdılar. Qəbul olunan qanunlar müstəqil mətbuatın fəaliyyətində əsaslı dönüş yaratdı. Məhz ulu öndərin demokratik prinsiplərin inkişafına verdiyi önəmin nəticəsi olaraq mətbuatdan senzura ləğv edildi.”

 

Hikmət Məlikzadə daha sonra sözünə davam edir: “Şəmsiyyə xanım jurnalistikaya - mətbuat camesinə göydən düşməyib, nə də bu əhatədə kiminsə kölgəsində daldalanıb “mən də varam” deməyib. Körpə ikən anası öz laylalarını ona məqalə, esse, oçerk, müsahibə janrında deyib. Ağlı kəsəndə, artıq bilib ki, söz nədir və onu hansı məcraya necə salmaq olar. Yeniyetmə çağlarından əlləri qabar tutan bu çevik xanım ilk məqalələrini yazanda mətbuata necə təsir etməyin yollarını öyrənib. Qələmindən hər dəfə dürr-inci töküb, yaşadığı dövrün həyat tərzini, məişətini, insana sevgisini əxz edə-edə barmaqları da qabar tutub. Radioda, müxtəlif qəzetlərdə çalışdığı vaxtlarda da onun içindəki sevdalar Vətənə töhfə vermək olub. Həmyaşıdları sevmək-sevilmək haqda düşünəndə, o, qələmini özünə yar sanıb, düşüncəsində sakit hücrələr yerləşdirib. İndi hansı rakursdan yanaşsaq, görərik ki, Şəmsiyyə xanımın qabarıq həyat tərzi dərdin bir ayrılıq sistemi olduğuna işarə vurur. Bəlli olur ki, arzular çox vaxt insanı istədiyi səmtə çəkmir. Elə xeyli vaxtdır fərqli təsir bağışlayan yazılarından da aydın ifadə olunur ki, həyatın insana aid etdiyi məqsəd elə bu vacib tər¬kib¬dədir. Əslinə qalsa, Şəmsiyyə xanımın sənət-peşə və həyatda çəkdiyi acılar bütün cə¬miy¬yətlərin çəkdiyi acılardır. Lakin fərq o acını necə çəkməkdə, o ağrının odunda necə əriməkdədir. Şəmsiyyə xanım öz fədakarlığına, öz abrına qısılaraq ağır ləngərlərin, iç deşən hayqır¬tıların, göz göynədən təlatümlərin, qəlb yırtan ağrıların, tük ür¬pədən dəhşətlərin... çaxnaqlarından elə keçib ki, ancaq özünü yandırıb, fikrinə ortaq etdiyi oxucunu isə sadəcə, düşündürüb. Bax, bu, əsl yaradıcı ruhun təlatümüdür...”

 

Bəli, bu dəfə sizə əməkdar jurnalist Şəmsiyyə Kərimova barədə danışıram. O, 24 noyabr, 1955-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə Tovuz şəhər 1 nömrəli orta məktəbi bitirərək, Saatlı rayonundakı 109 saylı texniki peşə məktəbinə qəbul olunub və orada sürücü-mexanik ixtisasına yiyələnib. Həmin məktəbi də fərqlənmə ilə bitirdikdən sonra 1976-cı ildə Komsomolun Mərkəzi Komitəsi onu Bərdə rayonuna göndərib. Bir müddət orada, “Bakı” kolxozunda sürücü-mexanik kimi çalışıb və 1977-ci ildə respublikada ilk dəfə sükan arxasına keçən gənclər arasında 3-cü yeri tutub.

Hələ orta məktəbdə oxuyarkən respublika mətbuatında tez-tez çıxış edirdi. Yazıları “Azərbaycan Gəncləri” qəzetində və o vaxtı rayonda çıxan “Həqiqət” qəzetində dərc olunurdu. O vaxt “Azərbaycan gəncləri” qəzetinin BDU-nun jurnalistika fakültəsi ilə birgə açdığı “Jurnalist... jurnalist? jurnalist!” müsabiqəsinə göndərdiyi “Çərkəz qızı Tellinin nağılı” oçerki ilə müsabiqənin qalibi olub...

 

O, 1977-ci ildə indiki BDU-nun jurnalistika fakültəsini bitirərək, 1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində, radionun “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başlayıb. 1987-ci ildən isə “Azərbaycan gəncləri” qəzetində çalışıb. Baş verən məlum ictimai-siyasi proseslər nəticəsində komsomolun orqanı olan həmin qəzet fəaliyyətini dayandırdıqdan sonra, 1996-cı ildən “İki sahil” qəzetində işləyib. 2003-cü ildə “Naxçıvan” qəzetində şöbə müdiri vəzifəsinə təyin olunub. Hazırda isə “Yeni Təfəkkür” qəzetinin təsisçisi və baş redaktorudur. 2010-cu ildə milli mətbuatın 135 illiyində “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. “Qızıl qələm” media mükafatı laureatıdır...

 

“Uzun illər jurnalistika sahəsində çalışan bir insan kimi xüsusi olaraq qeyd etmək istərdim ki, dövlət başçımızın sərəncamları ilə son illər kütləvi informasiya vasitələrinə göstərilən yardımlar, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dövlət hesabına ödənilməsi, jurnalistlərə fəxri adların, mükafatların verilməsi beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Dövlət başçımızın imzaladığı 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamı mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması ardıcıl tədbirlərin davamı oldu. Dünyanın heç bir ölkəsində jurnalistlərə dövlət vəsaiti hesabına mənzil tikintisi faktı olmayıb. Bütün bunlardan sonra biz jurnalistlər daha məsuliyyətli, obyektiv olmalı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da yüksəldilməsi istiqamətində bütün imkanlardan səmərəli istifadə etməli, kimlərinsə təhriki ilə böhtan və qarayaxmalara son qoymalı, bu çirkin vasitələrdən əl çəkməyənlərin qarşısını almalıyıq.”- söyləyir.

 

Həyatda həmişə özü olmağa çalışıb, kimisə yamsılamaqdan xoşu gəlmir. İkiüzlülükdən uzaqdır, kimisə aldatmağa nifrət edir. Pisliyi sevmir- niyyəti saf və təmizdir. Mühafizəkar xanımdır, yeniliklərə və fərqliliyə çox da açıq deyil və köhnə ənənələrdən asanlıqla imtina edə bilmir. Hərəkətlərində çox diqqətlidir. Heç vaxt kiminsə ona görə əziyyət çəkməsini istəmir. Eləcə də, romantik xanımdır və bəd xəbərlərdən tez təsirlənir. Ləyaqətli və xarizmatikdir. Eyni zamanda şanslı adamdır. Amma bəxti gətirməyəndə həddən artıq narahat olur və kədərlənir. Xoş xasiyyətli, yumşaq ürəkli olsa da,  bəzən tələsir. Güclü fantaziyası var, gözəl xəyallarla yaşayır. Ümid edir ki, dünya nə vaxtsa düzələcək. Haqq, ədalət qalib gələcək. Fəqət, haqq da, ədalət də bu dünyadan küsdükləri üçün az-az gözə dəyirlər...

 

...O gün Mətbuat Şurasında gənc jurnalistlər çıxış edərkən, onun gözlərindəki sevincin, qürur hissinin şahidi oldum. Bunu ancaq vicdan öhdəliyinin nə olduğunu bilənlər bacarır. Bəli, haqqında söhbət açdığım, əməkdar jurnalist Şəmsiyyə Kərimova vicdanlı insanlardan biridir...

 

Bir neçə aydan sonra bu gözəl xanımın 70 yaşı tamam olur. Qoy mənim bu söhbətim gələcək yubileyinə bir hədiyyə olsun!..

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Çərşənbə axşamı, 15 İyul 2025 16:06

Filmlərimiz - "Yay günlərinin xəzan yarpaqları"

Murad Vəlixanov, "Ədəbiyyat və incəsənət"

 

Rejissor Tofiq İsmayılovun1986-cı ildə ekranlaşdırdığı  "Yay günlərinin xəzan yarpaqları" filmi barədə danışacağam. Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya - atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır.

 

Əhvalat baş verən ucqar dağ kəndi Daşdatük adlanır. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri - Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır. Onun məktəbin yarımçıq qalmış tikintisini davam etdirmək üçün yuxarı dairələrə müraciətinə etinasız yanaşılır. Hətta ailəsində arvadı Nərgiz (Nəcibə Hüseynova) ərinə qarşıdır, onun kənd məktəbində direktor işləməsindən narazıdır. O, ərindən şəhərə köçməyi tələb eləyir. Ancaq Şəmsi geri çəkilmək fikrində deyil.

Şəmsinin fədakarlığına baxmayaraq, kənd camaatı onu qəbul etmir. Onun şagirdlərin savadlı olması uğrunda apardığı mübarizəni özlərinə vurulan ziyan kimi qəbul edirlər. Rayon təhsil şöbəsinə şikayətlər də ara vermir. Onlar direktorun kənddən getməsini istəyir, onun uşaqlara əziyyət verdiyini düşünürlər.

Ümumiyyətlə, Şəmsi müxtəlif cəbhələrdə təkbaşına mübarizə aparır. O, həm dərsin keyfiyyətini qaldırmaq istəyir, həm ailələrlə görüşür, onlarla maarifləndirmə işi aparır, həm kənddən gənclərin getməsinin qarşısını almaq üçün çalışır, həm məmurlarla mübarizə aparır və üstəlik, vicdanlı olduğuna görə evdə arvadının tənbehləriylə üzləşir. Hətta oğlu belə onu ciddiyə almır.

Şəmsinin mübarizəsi Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırladır. Buna baxmayaraq, direktor yolundan dönmür və yoxlama imtahanını keçirir.

Sonrasını isə filmə baxdıqdan sonra biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Çərşənbə axşamı, 15 İyul 2025 15:34

Nigar Rəfibəyli və Səməd Vurğun

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

SƏMƏD VURĞUN NİGAR RƏFİBƏYLİ BARƏDƏ

 

Rəfibəyli Nigar “Uğur olsun” şeiri ilə öz ərlərini, qardaşlarını vətən müharibəsi cəbhələrinə yola salan qızlarımızın, gəlinlərimizin mərd qəlbini, alicənab təbiətini nəğmə dili ilə tərənnüm etdi.

 

 

NİGAR RƏFİBƏYLİNİN XATİRƏLƏRİNDƏN

 

Səməd Vurğunun hər hansı məclisin gözü, canı olduğunu, yüksək kürsülərdə olduğu kimi, süfrə başında da natiqlik məharətini, şövqünü belə məclislərdə olan adamların hamısı, o cümlədən, yeniyetməlik çağında bizi deyib-güldürdüyü məclislərdə mən də müşahidə etmişəm. Səməd Vurğun məclis aparmağı, tamada, masabəyi olmağı da hamımızdan, hətta bu işin xiridarı olan gürcülərdən də yaxşı bacarırdı. Gürcüstanın bir nömrəli tamadası sayılan Beso Jqentini masabəyi seçmişdilər. Məclisin əvvəlində Beso tamada seçilən kimi ənənəyə görə özünə müavin seçməyə başladı: “Sprava moim vassalom budet Samed, sleva” ... – elə bu sözləri demişdi ki, Səməd ayağa durdu: “Azərbaycan ni koqda ne bıl vassalom, – dedi, – ya sam budu tamadoy”. Məclisi ələ aldı, elə apardı ki, hamının ağzı açıq qalmışdı. Beso və gürcülər də daha bir söz deyə bilmədilər.

Yerevanda keçən günlər də yaxşı yadımdadır. Sasunlu Davidin yubileyinə getmişdik. O vaxt Rəsul Yazıçılar İttifaqının sədriydi. Rəsul Yerevandan tez qayıtmalı oldu, Bakıda işləri vardı, bizi, Mirvaridi və məni Səmədə tapşırdı. Bir gün Mirvarid ilə gəzməyə çıxmışdıq, gördük Səməd cavan bir erməni qızı ilə şirin söhbət edir. Ona sataşmağı qərara aldıq: “Səməd, bu necə işdir, – dedik. – Rəsul bizi sənə tapşırıb, sən də bizi tək qoyub yapışmısan bu axçidən”. Səməd: “Az, o sizin heç ayağınızın tozu da ola bilməz”, – dedi. Daha türkəsaya ifadə işlədibmiş, mən bir az yumşaldıram.

Yubiley vaxtı Ermənistanda o vaxt dədə-babadan azəri türkləri yaşayan rayonlara getmişdik. Yamacda 10-11 yaşlı balaca bir çobana rast gəldik.

Səməd ondan: – Ayə, məktəbdə oxuyursanmı? – deyə xəbər aldı.

 – Oxuyuram.

 – Neçənci sinifdə?

 – Dördüncüdə.

 – Səməd Vurğunu tanıyırsanmı?

 – Əlbəttə.

 – Səməd Vurğun mənəm.

Balaca çoban uzun-uzadı Səmədi süzdü, sonra: – Yeri, ə, yeri, sənin kimi Səməd Vurğun olar?

Həmişə şıq geyinən S.Rüstəmdən fərqli olaraq, Səməd çox vaxt üst-başına fikir verməzdi, o vaxt televiziya-filan da yoxdu. Səməd Vurğunun adını eşitmiş, şeirlərini məktəbdə oxumuş balaca çoban üzdən onu necə tanıyaydı, heç ağlına da gələ bilməzdi ki, sürüsünü otardığı bu dağlarda birdən-birə rastlaşdığı bu şuluq görkəmli adam Səməd Vurğundur.

***

Qatarla Moskvaya gedirdik – Rəsul, mən, Səməd Vurğun... Vaqon restorana getdik – Rəsul və Səməd pencəklərini çıxarmışdılar. Bir az aralı, masanın arxasında bir dəstə erməni oturmuşdu. Əməlli-başlı içmişdilər. Biri elə hey bizə tərəf, daha doğrusu, mənə baxırdı, birdən durub səndələyə-səndələyə bizim masaya yanaşdı. Mənə nə isə dedi. Rəsul: – “Poşel otsuda”, – dedi. Erməni Rəsula etinasızlıqla baxıb nə isə təhqiramiz bir söz dedi. Bir də onu gördüm ki, Rəsul ayağa durub erməninin boğazından yapışdı, onu əməlli-başlı əzişdirdi və masanın altına soxdu. Qəribədir ki, o biri ermənilər də onun köməyinə gəlmədilər. Salonda bir araqçınlı türkmən də vardı, oturduğu yerdən Rəsula ürək-dirək verirdi: “Can qardaş, at onu pəncərədən”, – deyirdi. Axır Səməd də durub araya girdi, ermənini Rəsulun əlindən birtəhər qurtardı. Naharımız pozulmuşdu. Rəsulla Səməd pencəklərini geyinəndə ermənilər onların ordenlərini, deputat nişanlarını görüb təşvişə düşdülər, bizə yaxınlaşıb dönə-dönə üzr istədilər.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.