“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Hüseyn Məhəmmədzadə Sədiq Düzgün (1945) – alim, publisist, şair, türkoloq
Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) İranda klassik Azərbaycan ədəbiyyatının, xalqa məxsus qədim türk abidələrinin araşdırılıb təbliğ olunmasında və ana dilinin qorunmasında misiliz xidmətləri olmuşdur. Onun geniş elmi axtarışları, klassik ədəbiyyatın tədqiqinə yönəlmiş zəhməti, şeir yaradıcılığı, tərcümələri və ictimai fəaliyyəti bütöv bir dövrün ədəbi-mədəni mənzərəsini ifadə edirdi və Güney Azərbaycan aydınlarının son mogikanlarından idi.
1965-ci ildə Səməd Behrəngi ilə tanışlığı H.M.Sədiqin dünyagörüşündə, taleyində xüsusi rol oynayır. O, Səməd Behrəngi, Əlirza Habdil Oxtay, Behruz Dehqani, Behruz Dövlətabadi və Məftun Əmini kimi ədəbi simalarla birlikdə Təbrizdə türkcə mətbu orqanı nəşr etmək qərarına gəlir və ilk dəfə olaraq “Adına” dərgisini həm türk, həm də fars dilində çap edirlər.
Sədiq elmi tənqid sahəsində də ilk addımlarını həmin illərdə atmışdır. Behrəngi özünə “Qaranquş” təxəllüsünü götürdüyü kimi, Sədiq də “Düzgün” imzasını seçmişdir.
O, müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub. 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən Azərbaycan türkcəsində buraxılan “Yoldaş”, “Yeni Yol”, “İnqilab yolunda”, “Qardaşlıq” “Bületen” və “Səhənd” dərgisinin baş redaktoru olur. İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətini dayandırıb ədəbi-mədəni işlərlə məşğul olur.
Tehran və İstanbul Universitetlərində ali təhsilə yiyələnib doktorluq dərəcəsi alır.
Hüseyn Düzgün gənc yaşlarından şeir yazmağa başlamışdır. “Mitra mələyi və Mehrəgan düyünü” adlı ilk məqaləsi 1344 (1965)-cü ildə Təbrizdə Maarif idarəsınin aylıq dərgisində nəşr olunmuşdu.
Tələbəlik illərində uşaqlar üçün yazdığı “Türk əkizləri”, “Çil Maydan”, “Qara at”, “İran əkizləri” kitabları, ədəbiyyat, folklor və teatr tarixinə dair araşdırmaları xüsusi diqqətə layiqdir. Onun “Azərbaycan xalq poeziyasında tülkü və keçəl nağılları”, “Mirzə Ağa Təbrizi teatrı”, “Arzu-Qəmbər”, “Azərbaycan tarixi və aşıqları” əsərləri folklorşünaslıq və teatrşünaslıq elminin mühüm nümunələridir.
Hüseyn Düzgün təkcə böyük əsərləri ilə deyil, həm də “lövhə” adlandırdığı kiçik şeir kitabları ilə oxucu yaddaşında qalır. “Bakı lövhələri”, “Kənd lövhələri”, “Qaşqay lövhələri”, “Zəncan lövhələri”, “Ərdəbil lövhələri”, “Təbriz lövhələri”, “Hələb lövhələri” həm poetik, həm də etnoqrafik dəyərə malikdir. Bu toplular səyahət təəssüratları, xalq həyatının canlı mənzərələri, milli kimlik duyğuları ilə zəngindir.
Hüseyn Düzgünün lirikası həm poetik, həm də publisistik gücə malikdir: bir tərəfdən lirizmi, digər tərəfdən milli dirənişi daşıyır.
Şair əsl tarixi yazılmamış bir həqiqətin nisgilini çəkir. Bu, poetik duyğulanma deyil, həm də ictimai və milli ağrıların poetik ifadəsidir. Yad qüvvələrin hiyləsi, məkri və xəyanət nəticəsində milli varlığı əlindən alınmış xalqın səsini misralara çevirir:
Sənin tarixini kimsə yazmadı,
Ürəyim ucunda nisgilin qaldı.
Yad hiylə eylədi, yad məkr qıldı,
Müqəddəs ruhunu əlimdən aldı.
H.Düzgün ”Təbriz lövhələri”ndə Təbrizi milli yaddaşın, müqavimətin, azadlıq arzularının simvolu kimi təqdim edir. Babəkin adı ilə birlikdə Təbrizi tarixi qəhrəmanlıq ənənəsinin davamı kimi göstərir:
Mən səndə tapmışam Babək inadın,
Bahar günlərinin qoxusun, dadın!
Çıxmaz xatırımdan heç zaman adın,
Müqəddəs arzulu Təbrizim mənim!”
Hüseyn Düzgün Azrbaycanın görkəmli klassikləri M.Füzuli, İ.Nəsimi, eləcə də Şah İsmayil Xətai, Şeyx Səfi əsərlərini araşdırmaqla kifayətlənmir, onlara lirik parçalar da ithaf edir.
Hüseyn Düzgün yaradıcılığı ilə bağlı Hüseyn Kərimi, Bəhruz İmani, Sədyar Eloğlu, Nəcmət Misgəri, Rza Həmraz, Davər Ərdəbili, Hüseyn Güneyli, Murtuza Məcidfər, Mohammad Halim Yarqin, Pərvanə Məmmədli, Səadət Kərimi və başqaları yazılarında dəyərli fikirlər bildirmişlər.
Ən mühüm araşdırmaları sırasına Şeyx Səfiəddin Ərdəbilinin “Qara məcmuə”, Əhməd Kəsrəvinin “Azəri” nəzəriyyəsinin rədd edilməsi, “Dədə Qorqud” risaləsinin kəşfi, yenidən oxunması, yenidən yazılması və tərcüməsi, (kitabda qeyd olunan səbəblərə görə H.Düzgün bu risaləyə “Təbriz rəcəzləri” adını verib) Mirzə Mehdi Əstrabadinin üç cilddə türk-fars dili lüğətinin – “Sanqlax”ın nəşri və tərcüməsi, “Mahmud Kaşqari”nin “Divan-luğətit-türk” əsərinin fars dilinə tərcüməsi, nəşri, İranda Məhəmməd Füzulinin bütün əsərlərinin redaktəsi, nəzərdən keçirilməsi, nəşri və tərcüməsi daxildir. Bu, türkologiyada mühüm hadisə sayıla bilər.
Hüseyn Məhəmmədzadə Sədiq Düzgünün geniş elmi axtarışları, klassik ədəbiyyatın tədqiqinə yönəlmiş zəhməti, şeir yaradıcılığı, tərcümələri və ictimai fəaliyyəti bütöv bir dövrün ədəbi-mədəni mənzərəsini ifadə edir. Əsas elmi yaradıcılığının böyük hissəsi Azərbaycan və Şərq klassiklərinin şeirlərinin təhlilinə həsr olunmuş, bu istiqamətdə yazdığı monoqrafiyalar, məqalələr və risalələr ədəbiyyatşünaslığımızda mühüm mərhələ təşkil edir. O, Nizami, Xaqani, Mövlana, Şeyx Səfiəddin Ərdəbili, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Nəbati, Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Məhəmmədbəqir Xalxali, Məhəmmədəli Hidəci, Zəfər Ərdəbili, Məsihi Təbrizi, Bahar Şirvani, Əbülhəsən Raci, Səməd Vurğun, Rəsul Rza, Həbib Sahir və Məhəmmədhüseyn Şəhriyar və başqa böyük şairlərin yaradıcılığını tədqiq etmişdir. Onun araşdırmalarında yalnız poetik mətnlərin təhlili deyil, həm də milli-mədəni nəticələrin çıxarılması əsas prinsip olmuşdur. Çünki XX əsr Azərbaycan ictimai fikri poeziyanı ən güclü ədəbi və ictimai ifadə vasitəsi saymış, məhz şeir formasında yazılmış əsərlər üzərində öz nəzəri mülahizələrini qurmuşdur.
Alim ölməz şairimiz Füzulinin türkcə “Divan”ını hazırlayarkən 18 təzkirəni, 13 elmi əsəri, şeirlərinin beş divanının çap nüsxələrini və müxtəlif əlyazmaları diqqətlə araşdırmışdır. Bu zaman o, dörd tənqidi və səkkiz əlyazma nüsxəsinə əsaslanmış, bəzi əlyazmaları kəlmə-kəlmə tutuşduraraq mövcud mətni bir neçə çap və xətti nüsxələrlə müqayisə etmişdir.
Düzgün həm tənqidçi, həm də mətnşünas kimi klassik irsin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynamışdır.
Müəllif həm də tərcüməçi kimi diqqət çəkmişdir. Xüsusilə “Divani Lüğət-it-türk”ün farscaya çevrilməsi, geniş müqəddimə və elmi izahlarla təqdim edilməsi onun dilçilik və mətnşünaslıq sahəsindəki bacarığının göstəricisidir. Habelə Nəsiminin “Məqələtül-həqayiq” əsərinin araşdırılması, ərəb, fars və türk mənbələrinə əsaslanan şərhi ədəbiyyat tariximiz üçün mühüm elmi nailiyyət sayılmalıdır.
H.Düzgün ana dilində təhsillə bağlı bir nəticə əldə olunmayacağını bilib bunun alternativini axtarmağa başlamışdı. Bu işi ana dilində dərgi çıxartmaqla (“Yoldaş” “İnqilab yolunda”, “Yeni yol” və s. ), dil kursları təşkil etməklə, milli mədəniyyət, ədəbiyyat, dil və tarix ilə bağlı elmi yazılar yazmaqla üzərinə götürmüşdü.
Tehranda və başqa şəhərlərdə türk dili kursları açmaqla bir çox gənc və yeniyetmələrin ana dilini mənimsəməsinə böyük əmək sərf etmişdi.
Dilçilik, orfoqrafiya haqqında keçirilən müxtəlif elmi seminarlar, türk dili kursları və İran türklərinin tarixi haqqında universitetlərdə təşkil olunan dərslər, tələbə toplantıları və elmi-mədəni təşkilatların qurulması üçün təşəbbüs etmək Hüseyn Düzgün kimi ziyalıların mədəni fəaliyyəti sırasında idi.
H. Düzgün ümumilikdə türk dili və ədəbiyyatı ilə bağlı müxtəlif mövzularda 300-dən artıq kitab nəşr etdirib. Azərbaycanın onlarla klassik şairinin əsərlərini işləyib nəşr edən Hüseyn Düzgün yarım əsrə yaxın fəaliyyəti ilə Azərbaycan ədəbiyyatında həm alim, tərcüməçi, həm də şair olaraq silinməz iz qoymuşdur. Onun araşdırmaları klassik irsin müasir oxucuya təqdimində mühüm rol oynamış, poeziyası isə milli kimlik və azadlıq duyğularının ifadəsinə çevrilmişdir.
Hüseyn Düzgün 25 avqust 2022-ci ildə həyata göz yummuş, Təbriz şəhərinin "Vadi rəhmət" qəbiristanlığında dəfn edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(15.04.2026)


