
Super User
“Sənin qədər yalan, ölüm qədər acı, günah qədər şirin” – SON HİSSƏ
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Nazlı pəncərədən bayıra baxırdı. Gecə sakit idi, amma onun içində fırtınalar qopurdu. Arasın bu qədər dəyişməsinə hələ də inanmaq istəmirdi. Vaxtilə gözlərinin içinə baxaraq “Sən nəfəsimsən” deyən adam, indi onun varlığını belə unutmuşdu.
Telefonu əlinə aldı, amma zəng etmədi. Artıq lüzumsuz idi. Arasın qüruru, anasının təsiri və dəyişən baxışları onu çoxdan unutduğunu sübut edirdi. Nazlı gözlərini yumdu. Bəlkə də, hər şey yalandı…
Amma yox… O yalan deyildi. Onların sevgisi də yalan deyildi. O anların şirinliyi gerçək idi. Aras onu necə sevirdisə, indi elə də acı çəkdirirdi.
Bir neçə il sonra…
Nazlı artıq uğurlu bir alim idi. Konfrans zalında auditoriya qarşısında çıxış edərkən, gözləri birdən qapının yanında dayanmış bir nəfərə sataşdı. Aras.
O, heç dəyişməmişdi. Amma gözlərində tanış bir peşmanlıq vardı. Əlləri titrəyirdi. O baxışlar deyirdi: Sənin qədər yalan olan birini tapa bilmədim. Ölüm qədər acı bir ayrılıq yaşadım. Günah qədər şirin olan sən idin…
Nazlı isə artıq çoxdan susurdu. Çünki bəzi sözlərin mənasını anlamaq üçün illər lazımdı. Aras üçün isə artıq çox gec idi…
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
PORTAL AKADEMİYASINDA - Qabaq bir mənbə vardı, o da Karnegi
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.
Bilmirəm, başqa ölkələrdə necədir, amma bizim Azərbaycandla motivasiya spikeri söylənəndə ilk öncə ağıla Deyl Karnegi gəlir. Motivasiya kitabı söylənəndə isə ağıla onun «Dostları necə qazanmalı və insanlara necə nüfuz etməli» (Kak zavoevıvatğ druzey i okazıvatğ vliənie na lödey) kitabı gəlir. İlk dəfə 1937-ci ildə dərc edilən və dərhal da populyarlaşan bu kitabı, əminəm ki, dünyanın əksər digər dövlətlərində də motivasiya ədəbiyyatının klassikası hesab edərək sevirlər. Dahi liderlərin və biznesmenlərin həyatlarından olan real hadisələr kitabı olduqca maraqlı və faydalı edib.
Həmin 1937-ci ildə haqqında ayrıca danışacağımız daha bir motivasiya şedevri – Napoleon Hillin «Düşün və varlan» kitabı da işıq üzü görüb.
Bu kitabdan bir qədər öncə, 1926-cı ildə Amerikada motivasiya ədəbiyyatının pionerlərindən olan «Vavilonda ən varlı adam» kitabı işıq üzü görmüşdü. Corc S.Kleysonun bu kitabı çoxları üçün şəxsi maliyyənin idarə edilməsi işində əsas bələdçiyə çevrilmişdi.
Motivasiya ədəbiyyatı adlı janrın banisi isə, şübhəsiz, Britaniya yazıçısı Ceyms Allendir. XIX əsrdə – 1864-cü ildə İngiltərənin Lester şəhərində günyaya gəlmiş Ceyms Allen bütün həyatı boyu nə şan-şöhrət, nə də var-dövlət qazana bilmişdir. Bununla belə, bu şəxs yüz illərdir ki, insanlara öz əsərləriylə şan-şöhrət və var-dövlət qazanmağın sirlərini öyrətməkdədir.
Onun 1902-ci ildə yazdığı «Düşünən insan» adlı əsəri isə tarixin ilk motivasiya kitabı kimi tanınır. Bu hissədə həmin kitab barədə ayrıca söz açacağam.
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək.
Sırada 1-ci Henri Fordun «Mənim həyatım, mənim nailiyyətlərim» kitabıdır. Kitab barədə növbəti söhbətimizdə ətraflı danışacağıq.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Gəlin yeniyetmələrə qarşı səbirli olaq
Yeniyetməlik dövründə yaşanan fiziki və psixoloji yeniliklər şagirdlərdə böyük dəyişikliklərə səbəb olur. Bu prosesdə şagirdin üzərinə qoyulan həddən artıq məsuliyyət məktəb uğurlarının azalmasına səbəb ola bilər. Bu prosesdə şagirdlərin, valideynlərin və pedaqoqların üzərinə böyük vəzifələr düşür. Yetkinlik yaşına çatmış uşaqlar sevgi dolu baxışlar tapa bilməsələr, müəllimlərindən və ailələrindən uzaqlaşacaqlar. Müəllimlər hansı mövzularda diqqətli davranmalıdırlar? “Ədəbiyyat və incəsənət” portalı verilən suala yeniyetmə psixoloqu Nəzrin Həşimzadənin cavabını təqdim edir.
* Müəllimlər yeniyetməlik dövrünün psixologiyası və inkişafı haqqında məlumatlara malik olmalıdırlar.
* Bu çətin prosesdə şagirdlərə qarşı anlayışlı və səbrli olmalıdırlar.
* Şagirdlər arasında müqayisə etməməlidirlər. Bilmək lazımdır ki, hər bir insanın anlamaq,düşünmək qabiliyyəti fərqlidir, hər bir şagirdə mütləq şəkildə individual yanaşılmalıdır.
* Gənclərlə çox mübahisə etmədən problemləri aradan qaldırmağa çalışmalıdırlar.
Bəs yeniyətmələrlə ünsiyyət necə olmalıdır?
* QƏBUL EDİN: Tələbələrinizi olduğu kimi qəbul edin. Qəbul etmək onların hisslərini anlamaq və onlara hörmət etmək deməkdir. Şagirdlərinizin hisslərinə hörmət edin. Şagirdlər hörmətlə dinlənilmək və başa düşülmək istəyirlər. Onlarla göz təması ilə danışın.
* İCAZƏ VERİN: Özlərini ifadə etmələrinə icazə verin. Qəbul etmək çətin olsa da, onların sizdən çox fərqli düşüncələri və hissləri ola biləcəyini unutmayın. Çevik və anlayışlı olun. Zülmkar olmayın.
* DİQQƏT EDİN: Ünsiyyət bacarıqlarınıza fikir verin. Tənqid, mühakimə etməyin, günahlandırmayın, digər tələbələrlə müqayisə etməyin.
* DİNLƏYİN: Yaxşı dinləyici olun. Onları hər dəfə nəsihətlərlə sıxışdırmayın. Yeniyetmələr, böyüklər kimi, bəzən sadəcə etibar etdikləri birinin onları dinləməsini istəyirlər.
* SEVGİYİNİZİ GÖSTƏRİN: Tələbələrinizə sevgi və qayğı göstərin. Deməyin ki, "bu uşaq böyük dərddir, öhdəsindən gələ bilmirəm". Belə bir düşüncəylə uşaqda irəliləyiş əldə edə bilməzsiniz. Tərif edilməli olduqları zaman onları tərifləyin. Çətin vəziyyətdə alternativ yollar axdarın.
Müəllimlər bu qaydalara riayət etsələr, bir-birlərinə qarşı daha anlayışlı, sevgi dolu olarlar. Çünki bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərən varlıq müəllimdir.
Unutmamaq lazımdır ki, gənclər üçün bu çətin, lakin müvəqqəti bir dövrdür.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
BİRİ İKİSİNDƏ: Əməkdar artist Ramil Qasımovla müsahibə
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsinin budəfəki qonağı gənc yaşlarından bənzərsiz səsi ilə Azərbaycan musiqisində öz imzasını təsdiqləyən sənətkar, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının rəhbəri, Əməkdar artist Ramil Qasımovdur. Ramil bəylə bu il 90 illik yubileyini qeyd edən Gəncə Dövlət Filarmoniyasının fəaliyyəti, yubiley hazırlığı, eləcə də özünün yaradıcılığı, pedaqoji fəaliyyəti haqqında geniş söhbət edən isə Şahanə Müşfiqdir.
– Ramil bəy, ustadınız Mobil Əhmədovun böyüyüb boya-başa çatdığı torpaqda bu gün bir mədəniyyət ocağının rəhbəri kimi çalışmaq necə bir hissdir?
– Çox qürurverici bir hissdir, əslində. Yadımdadır ki, uşaqlıq illərimdə həmişə Mobil müəllimlə birlikdə Gəncəyə gedərdik. O zaman Gəncənin küçələrində gəzəndə, o tarixi abidələri yaxından görəndə ağlıma gəlməzdi ki, bir zamanlar müəllimimin boya-başa çatdığı qədim Gəncə torpağında mədəniyyətimizin, Gəncənin döyünən ürəyi olan Gəncə Dövlət Filarmoniyasının direktoru olacam. Bu, çox böyük etimaddır. Həyat belədir, o bizə gözlənilmədən hədiyyələr bəxş edir. Bu da mənim taleyimdə mənə verilmiş bir hədiyyədir. Mən həyatı uzun bir yol kimi ifadə edərdim. Bizə verilən vəzifələr, gördüyümüz işlər, olduğumuz yerlər bu uzun yolun dayanacaqlarıdır və o dayanacaqların da hər birinin öz sərnişinləri var. Ancaq bütün yollar mədəniyyətin inkişafına gedir, onun daha da zənginləşməsi üçündür.
– Mədəniyyətin inkişafı deyəndə nəyi nəzərdə tutursunuz?
– Mədəniyyət sözünün özü “yenilik” deməkdir. Mədəniyyət bütün əsrlər, illər, hətta günlər, saatlar boyunca inkişaf edir. Mənim həyat şüarım belədir: “Bizi birləşdirən mədəniyyətdir”. Həqiqətən də, bizi mədəniyyət birləşdirir: daxili mədəniyyətimiz, nitq mədəniyyətimiz, etik davranış qaydalarımız və sair hər biri mədəniyyətə daxildir. Ümumiyyətlə, mədəniyyət bütün sahələrdə var. Hansı işlə məşğul olursansa-ol, orada mədəniyyət var. Düşünürəm ki, mədəniyyəti inkişaf etdirmək təkcə dövlətin yox, həm də xalqın missiyasıdır.
– Bugünkü günümüzdə mədəniyyətin inkişafından, gedişatından razısınızmı?
– Bunu təhlil etmək üçün saatlar, günlər lazımdır. Mədəniyyət birdən-birə inkişaf edə bilməz. Bu gün, məsələn, musiqi sahəsində özfəaliyyət önə çıxır. Kimi buna özfəaliyyət deyir, kimisi qeyri-peşəkarlıq deyir. Təbii ki, bu, peşəkar musiqiçiləri qane etmir. Çünki insanlar 20 il təhsil alır və nəticədə hansısa təhsilsiz musiqiçinin önə çıxmağı qıcıq doğurur. Amma mən bu məsələlərə heç də radikal baxmıram. Düşünürəm ki, mədəniyyətin daha da inkişafı üçün getdikcə ideoloji olaraq hər şey bünövrədən dəyişə-dəyişə yaxşıya doğru gedəcək. Fikrimcə, bu gün Azərbaycan mədəniyyəti inkişaf edir. Buna dövlətimiz tərəfindən yüksək qayğı göstərilir. Mədəniyyət sahəsində çalışan insanlar da bu uğurda öz töhfələrini təqdim etmək üçün çalışırlar. Hər bir halda böyük addımlar atılır və yavaş-yavaş da nəticələri görünür.
Azərbaycan mədəniyyəti çox zəngin köklərə malikdir və bizim ona sadiq qalmağımız mütləqdir
– Sizcə, biz dəyərlərimizə nə qədər sadiq qala bilirik, yaxud sadiq qalmalıyıqmı?
– Hər bir xalqın milli-mənəvi dəyərləri onun keçmişidir. Milli-mənəvi dəyərlər, milli ənənələrimiz, bizə miras olan tarixi folklorumuz, aşıq və digər sənətlərimiz var ki, biz buna mütləq sadiq qalmalıyıq. Nə qədər inkişaf etsək, dünyanın müasir, yeni təcrübələrindən, eksperimental mədəniyyət formalarından istifadə etsək də, yenə mənəvi dəyərlərimizə qayıdırıq. Bizim Üzeyirimiz var, Fikrət Əmirovumuz, Qara Qarayevimiz, Mirzə Fətəli Axundovumuz, daha keçmişə getsək, Nəsimimiz, Füzulimiz, Nizamimiz var. Biz yeni yaranan xalq deyilik. Bizim xalqımız çox zəngindir. Ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin çox gözəl bir sözü vardı. O deyirdi, hər bir xalq öz mədəniyyəti ilə seçilir, sayılır. Azərbaycan mədəniyyəti də çox zəngin köklərə malikdir və bizim ona sadiq qalmağımız mütləqdir. Dövlətimiz, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi bu istiqamətdə hər zaman ölkə daxilində və xaricində məqsədyönlü şəkildə böyük işlər aparır.
– Dəyərlərimizdən danışmışkən, bu il 90 illik yubileyini qeyd edən Gəncə Dövlət Filarmoniyası bir əsrlik tarixinə necə sahib çıxır? Bir rəhbər kimi siz bunu necə davam etdirməyi düşünürsünüz?
– Azərbaycan musiqi tarixində Gəncə Dövlət Filarmoniyasının öz tarixi ənənələri var. Böyük sənətkar, əbədiyaşar Fikrət Əmirovun adını daşıyan bu nəhəng musiqi ocağı, dünyanın ən gözəl filarmoniyalarından biri olan Gəncə Dövlət Filarmoniyası məhz cənab prezident İlham Əliyevin qayğısı nəticəsində 2017-ci ildə yenidən istifadəyə verildi. Bu, təkcə Gəncə və gəncəlilər üçün deyil, bütövlükdə Azərbaycan musiqisi üçün böyük bir töhfə oldu. Çünki filarmoniya nəhəng bir konsert müəssisəsidir. Bu günün özündə də dörd bir yanımıza baxanda dahi Üzeyir Hacıbəylinin izini görürük. Gəncə Dövlət Filarmoniyası da 1935-ci ildə məhz Üzeyir bəyin təşəbbüsü ilə yaranıb. Üzeyir bəy o zamanlar çox çətin, məşəqqətli bir dövrdə bu filarmoniyanı yaradıb. Bu o dövr idi, onda insanlar hələ klassik musiqini qəbul edə bilmirdilər, Üzeyir bəyin sağında-solunda böyük musiqiçilər yetişməmişdi, onları Üzeyir bəy yetişdirdi. Daha sonra isə bu missiyanı Fikrət Əmirov, Qənbər Hüseynli və Azərbaycanımızın müxtəlif tanınmış musiqi xadimləri davam etdirdilər. Müəyyən səbəbə görə bir müddət filarmoniya öz fəaliyyətini dayandırdı, amma 2017-ci ildən etibarən davamlı fəaliyyətdədir. Fikrimcə, 90 illik yubileyin keçirilməsi, eləcə də ideya müəllifi və bədii rəhbəri olduğum, yubiley çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının təşkil olunması musiqi ictimaiyyətinin bayramına çevriləcək.
– Sizcə, filarmoniya sizin rəhbərliyinizlə nə qazandı və bundan sonra nə qazanacaq?
– Bu sual, əslində, tamaşaçılara verilsə, daha doğru olar. Sadəcə, qeyd etmək istərdim ki, rəhbərlik etdiyim il yarım müddətində biz orada “Gəncə və gəncəlilər”, “Urbanda görüşərik”, “Xalqın mədəni sərvəti”, “Gəncənin döyünən ürəyi”, “Üzbəüz”, “Musiqi kimliyimiz”, “Cücələrim” Uşaq musiqi paradı, “Musiqinin gücü” və sair kimi bir sıra layihələr, gənc rəssamların sərgilərini təşkil etdik. Gəncənin tarixi simaları çoxdur. O simalar ki, ta qədim zamanlardan bu günə kimi tək Gəncənin deyil, eləcə də Azərbaycanın adını dünyada tanıdıb. Məhsəti Gəncəvidən, Nizamidən üzü bəri nə qədər dahilər yetişib Gəncədə. Onların hər biri bəşəri insandır. Məsələn, “Gəncə və gəncəlilər” layihəmizdə də məqsədimiz həmin insanları, Gəncənin qədim tarixini bir daha tanıtmaq və təbliğ etməkdir. Ayda bir dəfə bu layihənin növbəti rubrikası həmin dahi şəxsiyyətlərimizə həsr olunur. Sağlam, çalışqan, yenilikçi və işgüzar komandamızın zəhməti sayəsində biz bu layihələri həyata keçiririk. Amma şübhəsiz ki, qayğı, diqqət olmasa, bunları bacarmazdıq. Bunu da dövlətimizdən görürük.
Mənə elə gəlir ki, komandamız mənimlə birlikdə Gəncənin mədəni həyatına kiçik də olsa, öz töhfəsini verdi. Əgər bunu edə bilmişiksə, xoşbəxtəm.
Mədəniyyətimizin, incəsənətimizin, musiqimizin maarifləndirilməsi istiqamətində iri və fundamental addımlar atırıq
– Filarmoniyanın repertuar seçimini necə aparırsınız?
– Özüm seçirəm. Layihələrə bölürəm, sonra isə sistemləşdiririk. 2026-cı ilə qədər bizim repertuarımız hazırdır. Repertuarı seçərkən yalnız və yalnız maarifləndirməyə diqqət edirik. Gənclərin maraq dairəsi də bizim üçün əhəmiyyət kəsb edir. Mədəniyyətimizin, incəsənətimizin, musiqimizin maarifləndirilməsi istiqamətində iri və fundamental addımlar atırıq.
– Maarifləndirmə demişkən, Gəncədə və ətraf ərazilərdəki incəsənət məktəbləri ilə əlaqələriniz varmı?
– Oraya gedən kimi “Xalqın mədəni sərvəti” layihəsi ilə Gəncə-Daşkəsən regional idarəsi ilə əlaqələri qurduq və bütün ətraf bölgələrdəki incəsənət məktəblərində tədbirlər planlarını həyata keçirdik. Bundan sonra da davam edəcəyik.
– Bəs Gəncə camaatı, sakinlər necə, maraq göstərirlərmi?
– Təəssüf ki, tamaşaçı problemimiz var. Tamaşaçıları cəlb etmək üçün çox cəhd edirik. Bu problem tək bizdə yox, bütün dünyada var. Dediyim kimi, bu gün yüngül musiqiyə daha çox maraq var. Bu, yaxşıdır, pisdir deyib təhlil etmirik, sadəcə, olan budur. Biz çalışmalıyıq, cəhdlər etməliyik, məğlub olmamalıyıq. Bəli, bu gün tamaşaçı məhəbbəti azdır. Amma dayanmaq olmaz. Hər vəchlə klassik musiqimizi, ciddi, peşəkar musiqimizi inkişaf etdirməliyik.
– Bu rəhbər vəzifələr sizin şəxsi yaradıcılığınıza necə təsir göstərir? Mane olmur ki?
– Yaradıcılığım heç zaman inzibati işimə mane olmayıb. Mənim yaradıcılığım həyatımdakı ayrıca xətdir. Bəzən deyirlər ki, yaradıcılıqla inzibati işi birlikdə aparmaq çox çətindir. Mən bu çətinliyi yaşamıram. Təbii ki, ekranlara çox çıxmıram, müsahibələr vermirəm, bayağı verilişlərdən qaçıram. Mənə bunların heç biri maraqlı deyil. Mən klassik opera ifaçısıyam, elmlə məşğulam. Əgər şou ifaçısı olsaydım, yəqin, gündəmdə qalmaq üçün çalışardım. Amma bu gün mənim ona ehtiyacım yoxdur. Ümumiyyətlə, mən nəfsimi idarə edən insanam, böyük ambisiyalarım yoxdur. Sağlam düşüncəli insanam. İnkişaf etmək istəməyən sağlam düşüncəli sayıla bilməz. Mənsə inkişafa can atıram, hər gün öz üzərimdə işləyir, daim mütaliə edirəm. Yaradıcılığım isə heç zaman dayana bilməz. Çünki dövlətim mənə “Əməkdar artist” fəxri adını verib, klassik opera janrında ən gənc Koroğlu olmağa layiq görülmüşəm, Milli Konservatoriyada baş müəlliməm, Azərbaycanda ilk dəfə ödənişsiz əsaslarla fəaliyyət göstərən Bülbül vokal məktəbinin təsisçisi və direktoruyam. Bütün bu etimadları doğrultmaya bilmərəm. Yaradıcılığım öz axarında davam edir, yeni opera üzərində işləyirəm. Düşünürəm ki, hər şey yaxşı olacaq.
Azərbaycan mahnılarını ifa edərkən tam özüm oluram
– Motivasiyanı nədən alırsınız?
– Motivasiyanı özümdən, Xəzər dənizindən, Niyazinin “Rast” simfonik muğamından, yeni ideyalarımı, layihələrimi yazacağım təzə dəftərlərdən, yaxşı yazan qələmlərdən, ola bilər, yağışlı hava, ya da günəşli havadan alıram. Hələ uğursuzluğa düçar olan bir layihəm olmayıb. Gördüyüm işlər böyük rezonansa səbəb olub, çünki həmin layihələri A-dan Z-yə qədər ölçüb-biçir, iş prosesinə isə özüm nəzarət edirəm.
– Bu saydıqlarınız, ya da saymadıqlarınız dilə gəlsə, sizcə, hansı Ramil Qasımovu olduğu kimi tanıda bilər?
– Azərbaycan mahnılarını oxuyanda mən tam özüm oluram. Heç vaxt heç kimi təqlid etməyi sevməmişəm. Bəlkə də, auditoriya ona görə mənə etimad göstərib, çox istəyir. İfa edərkən hisslərimi tam şəkildə ifadə edə bilirəm. Məqsədim o deyil ki, bu mahnını ifa edim, məqsədim odur ki, üç dəqiqə ərzində tamaşaçını buna inandırım. Üç dəqiqəlik mahnını ifa yox, ifadə etmək mənim üçün olduqca asandır. Çünki mən onun məsuliyyətini hiss etsəm, buna məsuliyyətlə yanaşsam, səmimiyyətsiz olacağam. Tamaşaçı məni dinləmək istəyir ki, oradadır, niyə o zaman məsuliyyət haqda düşünməliyəm? O müddətdə mənim qeyri-səmimi olmağa ixtiyarım yoxdur. Bəzən deyirlər ki, səhnə məsuliyyətdir. Xeyr, səhnənin heç bir məsuliyyəti yoxdur. Bu, insan aqibəti deyil, onların öhdəliyini götürmürsən ki, məsuliyyət də hiss edəsən. Əksinə, sən onlara xoş anlar bəxş edir, emosional duyğular ötürürsən. Bu, çox gözəldir.
– Bəs musiqinin məsuliyyəti?
– Azərbaycan musiqisinin görkəmli bəstəkarlarının çoxu ilə canlı ünsiyyətdə olmuşam. Tofiq Quliyev, Süleyman Ələsgərov, Ramiz Mirişli, Oqtay Kazımi, Emin Sabitoğlu, Şəfiqə Axundova, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Arif Məlikov kimi bəstəkarlarla işləmişəm. Onların çoxu mənim səsimə mahnı yazıblar. Bu gün mən onların əsərlərini tədris edərkən hansısa intonasiyanı dəyişəndə-sizə əminliklə deyirəm-zamanında onların özləri deyirdilər ki, Ramil, belə daha qəşəngdir. Təbii ki, musiqidə məsuliyyəti qoruyuram, amma daxili ifadə ki var, o, bəstəkarlıq deyil, ifaçının hissləridir. Sözün fəlsəfəsinə varmaq lazımdır. Bir vurğunu səhv edəndə sözün gücünü itirirsən. Sözün gücünü itirmək olmaz.
– Ruhən azad insansınız?
– Hər zaman... Heç nəyim belə olmasa, özümü neqativ hiss etmərəm. Həmişə azadam. Amma çox məsuliyyətliyəm. Hər zaman mənə göstərilən etimadı doğrultmağa çalışıram. O etimadı itirsəm, çox pis pərt olaram, utanaram. Düşüncəm, fəlsəfəm azaddır, amma ənənələrə də sadiqəm. Məsələn, Azərbaycan kişi ənənələrini qoruyuram. “Kişi belə eləməz” düşüncəsinə sahibəm.
– Mane olmur sizə?
– Bəzən mane olur. Çünki müasir həyatın ritmi çox fərqlidir. Amma ataların “palaza bürün, elnən sürün” sözünə də inanmıram. Bəlkə, palaz səhv gedəcək? Bəs mənim öz düşüncəm, öz ağlım? Mənim üçün ən qorxulu insan - əqidəsi bəlli olmayan insandır.
– Bir pedaqoq kimi nəyə diqqət edirsiniz?
– Tələbələrlə ünsiyyətdə çox rahatam, bəzən sərtəm. Təhqiri, səsimi qaldırmağı sevmirəm. Çalışıram onlara izah edim ki, heç kimi, hətta məni - öz müəllimlərini belə təqlid etməsinlər. Təqlidə cəmi bir il icazə verirəm, sonra isə olmaz. Çünki təqlid yaxşı bir şey deyil, o, surətdir. Onlar özlərini tapmalı, özləri kimi olmalıdırlar. Bizə yeni Bülbüllər, Rəşidlər yox, yeni adlar lazımdır. Biz onların zirvəsinə çatmamalıyıq, öz zirvəmizi yaratmalıyıq.
– Yenidən filarmoniyanın 90 illik yubileyinə qayıdaq, yubileyə necə hazırlaşırsınız? Nə kimi planlarınız var?
– Martın 9-u filarmoniyanın 90 illik yubileyi tamam olacaq. Bununla əlaqədar 4-9 mart tarixlərində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalını keçirəcəyik. Martın 9-da yubiley günündə festivalın təntənəli bağlanış mərasimi baş tutacaq. Düşünürəm ki, bu, musiqimiz üçün böyük bir töhfə olacaq. Əminəm ki, çox gözəl və maraqlı musiqi bayramı olacaq. Hazırlıq işləri çox yüksək səviyyədə davam edir. Eyni zamanda il ərzində müxtəlif bölgələrimizdə yubiley tədbirləri də keçirəcəyik.
– Qarabağa gedəcəksiniz?
– Düşünürük, arzumuz və planlarımız arasındadır.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
“Durum yır-yığış edim...” - Xəyalə Sevilin şeirləri
“Ədəbiyyat və incəsənət” portalında şeir vaxtıdır, sizlərə Xəyalə Sevilin şeirləri təqdim ediləcək.
BU GECƏ OYAQ YAT, TANRI
Bu cəza mənimdi, Tanrı,
Mən bu səhvi tək elədim...
Eh! Nahaq yerə özümə
Ürəyimi yük elədim.
Suya düşən xəyallarım
Suda kök atarmı, görən?
Bu soyuq ayrılıqların
Ah! Ürəyi varmı, görən?
Durub yanına gəlirəm,
Bu gecə oyaq yat, Tanrı.
Bir az oxşa saçlarımı,
Bir az başımı qat, Tanrı...
İÇİMİN QOCA QARISI...
Bilirdim ki, solub bu gül,
Bundan çiçək açan olmaz.
Bir ümiddi
Ürəyimdə ehtiyata saxladım,
Haçan olar... Haçan olmaz!
İndi gecənin yarısı,
Qanayır könül yarası.
İçimin qoca qarısı
Deyinir...
"Ondan sənə can olmaz..."
Tale necə? Yaşamalı yerdimi?
Həsrətini yanağıma sərdimi?
Kimə deyim ürəyimin dərdini?
De – deyirsən,
Gəl – deyirsən
Tanrı,
Sənin qapın, bacan olmaz.
BİR DƏ TƏRS ÜZÜNƏ ÇEVİR ÜRƏYİ...
Bir də tərs üzünə çevir ürəyi,
Bir də görünməyən üzünü gör, get.
Göy göydən tullayır, yer yerdən atır,
Bir də içimdəki bu hüznü gör, get.
Gör harda qalmışam, yığ, gətir məni,
Yığ, gətir qırılmış hissələrimi.
Səni and verirəm, sağ gətir məni,
Sağ gətir, heç kimə demə yerimi.
Cəzamı, töhmətmi, qoy özüm verim...
Onsuz da bu eşqə dərsdi ayrılıq.
Boynuma sarılan qoldu, ya ipdi?
...Yerdən ayağımı kəsdi ayrılıq.
QARŞIDA AYRILIQ VAR
Qurunun oduna
Yaş yanır indi,
Su vurmuşam
Ürəyimin üzünə,
Oyanır indi.
Oyanır canımdakı
Şübhələr, ehtimallar,
Bu mənəm, bu boş masa,
Bu bir yığın suallar...
Fikrim tamam dağılıb,
Fikrim küləyə düşüb.
Ağlıma ən sonuncu,
Ən təzə qayə düşüb.
Axıb gedir hisslərim,
Ürəyimdə qırıq var.
Qarşıda ayrılıq var...
DURUM YIR-YIĞIŞ EDİM
Durum yır-yığış edim,
Əllərimi, ayaqlarımı...
Özümə gəlim daha.
Gedənlərin arasına qarışmısan,
Bilim daha.
Gözlərimdə böyütdüyüm,
Səhv də, cəza da mənimdi.
Sevgi yoxmuş bu dünyada...
Yoxdu, cəhənnəm, olmasın.
Hərə bir dərddən ölür dəə,
Bilirəm!
...Mənimki səndən olmasın.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Şəhidlər barədə şeirlər – Ramil Babayev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü
Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Ramil Babayevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
RAMİL TAQƏT OĞLU BABAYEV
(12.12.1991.-27.09.2020.)
Kürdəmir rayonunun Şilyan kəndindən olan, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi.
CƏSARƏTLİ RAMİL
Vətən elə Vətəndir, olsun dağ, olsun dərə,
Biz borcluyuq Vətəni candan çox sevənlərə.
Vətən yaşasın deyə Vətənə qurban olan,
Vətənin dərdlərinə sidq-qəlblə dərman olan,
Hər igid bizə qardaş, hər igid bizə övlad,
Onların sayəsində yurdumdan qovuldu yad.
Gözəl əməlləriylə yurda gətirən şöhrət,
Kapitan Ramildən açıram sizə söhbət.
Ramil bir zabit idi, ali təhsil almışdı,
Mehri-məhəbbətini peşəsinə salmışdı.
Uşaqlıq arzusuyla çıxdığı yol çətindi,
Hamı bilirdi Ramil cəsarətli, mətindi.
Vətən müharibəsi başlayan zaman Ramil,
Yetkin bir zabit idi, kəşfiyyatçıydı-kamil.
Vuruşdu, söykənərək qələbə inamına,
Murovdağda yüksəldi şəhidlik məqamına.
Şilyanın, Kürdəmirin göyə qaldırdı adın,
Azərbaycan unutmaz heç vaxt doğma övladın.
Ramili ölməz etdi yurd sevgisi, ləyaqət,
İki övladı qalıb şəhidimdən əmanət.
Şəhidlərin qanıyla alındı torpağımız,
Şuşada dalğalanır üç rəngli bayrağımız.
“Ədəbiyyat və incəsənətz”
(14.03.2025)
Vaqif Mustafazadənin yubileyinə həsr olunmuş “O, caz-muğam kralıdır!” adlı videoçarx hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində XX əsrin parlaq caz pianoçusu Vaqif Mustafazadə haqqında videoçarx hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, videoçarxda Azərbaycan caz musiqisinin banisi, Azərbaycan caz-muğam hərəkatının memarı Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında məlumat verilir.
Ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin V.Mustafazadə haqqında maraqlı fikirləri yer alır: İsveç, Polşa və ABŞ-da yaşayan XX əsrin məşhur cazmenlərinin, habelə xalq artistləri Rauf Hacıyevin və Rafiq Babayevin, Xalq yazıçısı Anarın Vaqif Mustafazadə haqqında söylədiyi qiymətli fikirlər izləyicilərə təqdim edilir.
Tanınmış caz ifaçısının təltifləri və xatirəsinin əbədiləşdirilməsi haqqında məlumat verilib.
Videoçarx aşağıdakı keçiddə kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:
https://www.youtube.com/watch?v=TbRvWIPKEDU
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi qeyd edilib
Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin yaranmasının 10 illiyi münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın İspaniyadakı Səfirliyinin konsulu Əfqan Xəlili, bu ölkədəki Azərbaycan icmasının üzvləri, Türkiyə və digər türkdilli xalqların diasporlarının, eləcə də yerli ictimaiyyətin nümayəndələri, media mənsubları iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, əvvəlcə “Vətən uzaqda deyil” proqramının Barselona Azərbaycan Evinə və Barselonadakı Azərbaycanlılar Cəmiyyətinə həsr edilmiş buraxılışı nümayiş olunub.
İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin və Barselona Azərbaycan Evinin sədri Kərim Kərimov xaricdə yaşayan soydaşlarımıza, diaspor təşkilatlarına, eləcə də cəmiyyətin fəaliyyətinə diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür edib. Tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsi barədə danışan Komitə sədri xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb. Xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının, o cümlədən Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin diaspor fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib. İspaniyadakı Azərbaycan icmasının son illərdə sıralarının genişlənməsindən, güclənməsindən məmnunluğunu ifadə edib.
Xaricdəki Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə açılan Qarabağ Azərbaycan məktəblərinin diasporumuzun təşkilatlanmasına, yeni nəsil azərbaycanlıların ölkəmizlə əlaqələrinin möhkəmlənməsinə əvəzsiz xidmətlər göstərdiyi vurğulanıb.
Daha sonra Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin üzvü Gülnar Hacıyevanın aparıcılığı ilə konsert proqramı təqdim olunub. Proqrama Azərbaycan, türk, ispan musiqiləri və rəqsləri daxil edilib. Barselona Azərbaycan evinin nəzdində fəaliyyət göstərən rəqs dərnəyinin müəllim və şagirdlərinin, ispan rəqqasların və türk müğənnilərin çıxışını tamaşaçılar sürəkli alqışlarla qarşılayıb.
Komitə adından bədii hissənin iştirakçılarına hədiyyələr təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı DOST-un qonağı olublar
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə görüş keçirilib. Qonaqlar Mərkəzin təlimçiləri və benefisiarlarının hazırladıqları əl işlərindən ibarət ekspozisiyaya baxıb, yaradıcılıq studiyalarında təlim prosesi ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət” portalına DOST-dan verilən məlumata görə, DOST-un direktoru vəzifəsini icra edən Elnarə Ənsari qonaqlara həssas qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Qonaqlar Təsviri incəsənət studiyasında yaradıcılıq prosesinə qoşulub, benefisiarlarla birlikdə bacarıqlarını sınayıblar.
Sonra Mərkəzin istedadları, təlimçiləri və “İnklüziv DOST” könüllüləri müğənni Çinarə Məlikzadə və qiraətçi Xəzər Süleymanlı ilə birlikdə mahnı və poeziya nümunələri səsləndiriblər. Proqramda qonaqların repertuarından sevilən kompozisiyalar, bəstəkar mahnıları yer alıb. Görüş çərçivəsində qonaqlar birgə layihələri olan “Sənə gəlməyəcəm” adlı kompozisiyanın ilk təqdimatını ediblər.
Layihənin təşkilində məqsəd həssas qruplardan olan şəxslərin incəsənət vasitəsi ilə sosial inteqrasiyasını gücləndirmək, onları motivasiya etməkdir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
QISA FİKİRLƏR XƏZİNƏSİ - Robin Şarmanın uğura yönəldən kəlamları
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün Robin Şarmanın kitablarından bəyənib seçdiyim bəzi fikirləri əziz oxucularıma təqdim etmək istəyirəm.
1. Ağıl – gözəl qulluqçu, ancaq bərbad ağadır.
2. Bizim ömrümüzdə istənilən insan o zaman peyda olur ki, biz onun özüylə gətirəcəyi dərsə böyük ehtiyac duyuruq.
3. Heç vaxt şikayətlənməyin. Qoy sizi müsbət, güclü, enerjili, entuziazmla dolu şəxsiyyət kimi tanısınlar. Şikayət edən hər şeydə neqativ axtarandır. Beləsi təmasda olduğu insanları qorxudur və çox az halda uğur qazana bilir.
4. Psixoloji nöqteyi nəzərdən hər şey iki dəfə yaranır: öncə fikirdə, sonra realda. Çalışın, müsbət şeylərə konsentrə olasınız. Mənəvi olaraq möhkəm olun ki, heç nə sizi uğura gedən yoldan döndərə bilməsin.
5. Kütlənin ardınca getməyə tələsməyin. Ola bilər, bu, dəfn mərasiminə yollanan kütlə olsun.
6. Nə istədiyinizi təsəvvürünüzə gətirin və möhkəmcə onun baş verəcəyinə inanın. O, mütləq baş verəcək!
7. İnsanlar onlarda xoş əhval-ruhiyyə yaradan insanlarla iş görməyi xoşlayırlar. Çünki, insan – emossional varlıqdır. Biz, həmişə bizə xoşbəxtlik duyğusu bəxş edən insanlarla bir yerdə olmaq istəyirik.
8. Hər günün yeniliklərindən həzz duy və düşün ki, bu gün sənin sahib olduğun yeganə şey məhz bu günündür.
9. Ən varlı adam hamıdan çox varidatı olan adam yox, ən az ehtiyacı olan adamdır.
10. Səndən arxada olan şey də səndən öndə olan şey də, sənin içində olan şeylə müqayisədə heç nədir.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)