
Super User
Türk xalqlarında Novruz bayramı - QAZAXISTAN
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalında gerçəkləşdirdiyi daha bir tanıtım layıhəsindəyik: Türk xalqlarında Novruz bayramı. İlk olaraq qardaş Qazaxıstan barədə danışacağıq.
Layihəni təqdim edir: Aida Eyvazlı Göytürk
Hələ lap qədimlərdən Qazaxıstanda da Novruzun gəlişini elliklə 10 gün bayram edirlər. Bizdə 4 çərşənbəni ehtiva etdiyi halda, qazax ellərində bayrama hazırlıq martın 14-dən başlayır.
Dünən Qazaxıstanda Körisi kuni Görüş günü idi. Buna Amal günü də deyirlər indi.
Martın 14-dən başlayaraq əsasən Qərbi Qazaxıstan yurdlarında yaşayan insanlar martın 23-nə qədər (tarixlər təqvim il ilə əlaqədar, eləcə də həftənin şənbə və bazar günlərinə görə geri və ya irəli çəkilə bilir) hər gün böyüklərin, yaşlıların, qohumların evinə gedib, pay-parça ilə, şirniyyatla onların qapısını döyüb, sevindirirlər.
Qazaxıstandan olan yazıçı dostumuz Madi Raimov deyir ki, Amal bizim ən sevincli, ən səmimi bayramlarımızdan biridir. Bu təkcə baharı qarşılamaq əyyamı deyil, eyni zamanda qədim ənənələrin dirçəldilməsi, birliyin, böyüklərə hörmətin gücü və qışdan yaza çıxmağın, eyni zamanda qışda baş tutmayan görüşlərin yenilənməsi bayramıdır.
Baharda oyanan torpağın hənirtisi, təbiətin oyanışı yeni həyatın başlamasından xəbər verir. Bu həm də yaxında-uzaqda yaşayan qohum-qonşuların evinə gedib onları şad etmək, dərdlərinə şərik olmaq, sevincləri bölüşmək üçün bir bəhanədir. Bu görüşlərdən sonra isə Novruz bayramına hazırlıqlar başlayır. Ta qədim zamanlarda Qərbi və Şimali Qazaxıstanda olan sərt qış səbəbindən insanlar qış aylarında bir-birindən xəbər tutmazdılar, torpaq oyanan kimi, günəş bir azca nəfəsini yayan kimi insanlar nigaran olduqları doğmaların evinə gedib, onların qışdan sağ-salamat çıxıb-çıxmadığını öyrənir, mal-qarası tələf olan qohumuna yardım edirdilər.
Qazax xalqının əziz qonağını qarşılamaq üçün hazırladığı ən baş yemək beşbarmaqdır. Novruzu qarşılamağa hazırlaşan ev sahibi də gələn qonağı üçün dəstərxana evindəki bayramı qarşılamaq üçün saxladığı ən dadlı nemətləri düzür, baursak, beşbarmaq bişirir, kumıs süzür. O vaxtlar qəzet, informasiya daşıyıcıları olmadılğından qonağı gələn evə ətrafdakılar da yığılır, gələn qonaqdan təzə xəbərləri öyrənir, özləri də qonağa bildikləri xəbərləri danışırdılar. Ən əsası da bir- birini təbrik edəndə deyirdilər ki, «Bir jasınızben!” Бір жасыңызбен!»- Bir yaşınız mübarək!”. Yəni ki, bir ili tələfatsız yola vermişik.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova xanım da bu bayramı xüsusi qeyd edir. Deyir ki, hələ lap qədimlərdən Mangistau vilayətindəki ən uca Otpan tau dağında bu bahar günlərində ilk tonqal qalanar, bu tonqalın işığı bütün ətrafdan görünərdi. Həmin tonqalı görən digər el-oba, yurdlar da baharın gəlişini bayram etmək üçün tonqal qalayar və uzaqlara tonqalın işığı ilə xəəbər ötürırdilər. Sonra da doğmalarını yad etmək üçün xurcunlarını doldurub, onları yoluxmağa gedərdilər. İndi Qazaxıstanda Körisu küni yenə də elliklə, hər yerdə, hətta dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə Qazaxıstanın Prezidenti Kasım Comard Tokayev “Novruznamə” adlı bir proqram təsdiq edib. Bu proqramda 14 martdan -23 marta kimi olan hər gündə ölkənin hər yerində uyğun tədbir keçirilir. Novruznamədə vətəndaşlarımızın həyatının bütün sahələri əks olunub. Bu proqramda xeyriyyəçilik tədbirlərindən başlayaraq, mədəni tədbirlər , eləcə də milli –mədəni irsimiz, ekologiyaya aid aksiyalar da nəzərdə tutulub. Bütün ölkə boyu 10 gün ərzində 10 mindən artıq müxtəlif adlı, müxtıəlif formalı tədbirlər, eləcə də sərgilər, festivallar keçiriləcək.
14 mart- Həmin proqramın ilk günü Korisü künu- Amal merekəsidir. Bu görüş günüdür. Qazaxlar lap qədimlərdən baharın gəlişini 14 martdan etibarən qeyd etməyə başlayardılar. Belə ki, Novruzun gəlişinə bir həftə qalmış həyət-bacalarının, mülklərinin, heyvan-davarını sayar, qışdan zərər və ya xeyirlə çıxdıqlarını hesabalayardılar.
15 mart- Kayırımdılık küni- Xeyirləşmə günüdür. Həmin günü də insnalar bir-birini hədiyyələrlə sevindirir, kasıba-, yetimə, kimsəsizə, aztəminatlıya pay paylayırlar. Bu artıq dövılət səviyyəsində də qeyd olunur.
16 mart- Mədəniyyət və milli ənənələr günü. Adından göründüyü kimi, belə gündə yarmarkalar, bazarlar təşkil olunur, insanlar öz zəhmətləri ilə düzəltdikləri əl işlərini, toxuduqları keçə xalçaları, yurta qurmaq üçün quramaları satışa çıxarırır, nümayiş etdirirlər. Kinoteatrlarda isə milli kinonun məhsulu olan “Qız Jibek”, “Jay Jurek mın bala” və “Tomiris” filmləri bir həftə ərzində pulsuz nümayiş olunur.
17 mart – Şanırak küni- Şanırak günüdür. Bu tarixdə isə evlənmək istəyənlərin əksəriyyəti milli geyimdə kəbin kəsdirir, ağsaqqallardan, ağbirçəklərdən xeyir-dua alırlar. 50 və 25 il birlikdə yaşayan ər-arvada xüsusi hədiyyələr bəxş olunur. Onlara Gümüş toy və Qızıl toy çalınır. Tələbələrə və gənclərə ailə təməli və möhkəmliyi haqqında məruzlərlər oxunur, yaradıcılıq gecələri keçirilir, tədbirlərdə qalib gələnlərə yaddaqalan hədiyyələr verilir.
18 mart - Ülıttık kiiim küni- Milli geyim günüdür. Adından göründüyü kimi, kiçikdən böyüyə bu gündə , ümumiyyətlə 10 gün ərizndə hətta rəsmi iş yerlərində belə milli geyimlərini geyinib gəlirlər. Qazaxıstanlı milli geyim dizaynerlərinin müsabiqələri, konkursları, eləcə də geyim və moda təqdimatları keçirilir. Buna görə də Qazaxıstanda hər bir özünü qazax sayan insanın qarderobunda milli geyimi vardır.
19 mart –Janaru küni- Yenilənmə günü kimi qedy olunur. Bu gün hər bir qazaxıstanlının yeni həyatının başlanmasının ilk dövrünü ehtiva edir. Bu gündən etibarən ölkənin hər yerində ağacəkmə kompaniyasına start verilir, ağaclar əkilir, bağ-bağçalara qulluq edirlir. Vətənin yenidən çiçəklənmə dövrü başlayır.
20 mart -Ülıttık sport küni- Milli idman növləri günü. Bütün türk xalqlarında olduğu kimi Qazaxıstanda da bütün bayram və mərəkələrdə güləşçilər meydana çıxıb, qollarının gücünü sınayıblar. Müxtəlif milli yarışlar keçirilib. Qazaxlar lap qədim idman oyunlarını kaka bəyge, kökpar, audarıspak, jambı atu, tenge ilü, kuşbegilik, toğuz kumalak, asık atu, sadak tartu kimi yarış oyunlarını bu günə kimi qoruyub saxlaya biliblər. Bu oyunlarda köçəri həyatının gücü, ruhu və özəlliyi vardır.
21 mart- Inıtmak küni- Həmrəylik günü. Bu bayramda da qazaxıların əsrlərdən bəri qoruyub saxladıqları milli və ənənəvi könül həmrəyliyi və dost, qardaş həmrəyliyi adəti özünü büruzə verir. Bu bayramda isə ədalət, haqq, insanlıq, xeyirxahlıq ənənələrinin yaşamasına aid tədbirlər keçirilir.
22 mart- Jıl bası- İlin başlanğıcı. Ölkənin hər yerində qurulan etno kəndlərdə milli və mədəni bayramlar keçirilir, hər yerdə qazax və bu ölkədə yaşayan xalqların musiqiləri səslənir, Qazaxıstanda yaşayan xalqlar öz çadırılarında milli-mədəni adət-ənənələrini, yeməklərini gələn qonaqlara təqdim edirlər. Aullarda, obalarda, ellərdə, yurtalarda, şəhərlərdə Novruzun rəngləri könül oxşayır.
23 mart Tazaru küni- Təmzilənmə, arınma günü. Bu günün mənası isə həm daxilən, həm də zahirən təmzilənməni ehtiva edir. Ölkənin hər yerində ekoloji aksiyalar keçirirlir, insanlar təbiət anaya qulluq edir, ağac əkir, torpağı belləyir, həyət-bacasını sahmana salır, bacardıqları qədər təmzilik işləri aparırlar.
Бір жасыңызбен! Жақсылық, амандық, береке болсын! Барлық түркі халықтарын осы ұлы мерекемен құттықтаймыз.
“Ədəbiyyat və incəsənət”
(15.03.2025)
CƏLİL XƏLİLOV: “XII Qlobal Bakı Forumu daha təhlükəsiz və ədalətli dünya nizamına tarixi çağırışdır”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu dünyamızın gələcəyi, planetimizin təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir”.
Bunu “Ədəbiyyat və incəsənət” portalına açıqlamasında” Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünyanın nüfuzlu siyasətçilərinin, hökumət nümayəndələrinin təmsil olunduğu Forumda gələcək dünya nizami, sülh və humanizm, habelə qlobal problem və təhdidlərlə mübarizə kimi vacib məqamlara diqqət çəkilib:
“Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ümumdünya əhəmiyyətinə malik son dərəcə önəmli beynəlxalq tədbir, səmərəli müzakirə platformasıdır. Dünyamızın üzləşdiyi problemlər, planetimizin qarşılaşdığı təhdidlər bu bəlalardan birlikdə mübarizəni zəruri edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi əhəmiyyətə malikdir. Cənab Prezidentimiz öz çıxışında bir sıra nüanslara diqqət çəkdi ki, bunların sırasında COP 29, ekoloji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, sülh və təhlükəsizlik səylərinin artırılması və s. kimi məsələlər yer alır.
Prezidentimiz öz çıxışında bütün dünyaya planetimizin xilası, sülh və həmrəylik baxımından mühüm mesajlar verdi, vacib çağırışlar səsləndirdi. Hansı ki, bu çağırışlar yeni, daha ədalətli və təhlükəsiz dünya düzəninin formalaşması baxımından həyati əhəmiyyətə malikdir.
Prezidentimiz Forumdakı çıxışında Avropa İttifaqının monitorinq missiyasına, bu missiyanın faktiki olaraq kəşfiyyat missiyasına çevrildiyinə diqqət çəkdi. Fransa və digər qüvvələrin Ermənistanı silahlandırmaq, yeni müharibəyə hazırlamaq cəhdləri bir daha dünya siyasilərinin gözü önündə ifşa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ortaya qoyduğu çoxaylı faktlar və dəmir arqumentlərlə bütün dünyaya sübut etdi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr var və bu qüvvələrin başında Fransa, eləcə də erməni diasporu gəlir.
Prezidentimizin çıxışında Qərbin korrupsioner məmurları, onların erməni diasporu tərəfindən maliyyələşdirilməsi ilə bağlı həqiqətlər də açıq şəkildə ortaya qoydu. Cənab İlham Əliyev Ermənistanın havadarı qismində çıxış edən korrupsioner məmurları adbad ifşa etdi. Göstərdi ki, Azərbaycan bütün bu faktlar haqqında məlumatlıdır və hər zaman olduğu kimi bu gün də həqqiəti dilə gətirməkdən çəkinmir.
XII Qlobal Bakı Forumu həm yeni dünya düzənin formalaşması, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından tarixi əhəmiyyətə malikdir. Yüksək səviyyədə təşkil edilən bu Forum ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq, dünyadakı hər kəsə sadəcə Cənubi Qafqazda deyil, planetimizdəki reallıqları daha aydın dərk etməkdə kömək edəcək”.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
“Sən Allah, üzünü qibləyə çevir..." - Rəşid Faxralının ŞEİRİ
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Rəşid Faxralının şeiri təqdim edilir.
Rəşid Faxralının
yaşı neçədi?
Sən Allah, üzünü qibləyə çevir,
Qibləni tanıdın özündən qabaq.
Sözün işığında zikr eləyənlər,
Sözün qüdrətinə şükr eləyənlər
Sizi göy üzünə boylanan görüb
Dedilər: Dünyanı söz duruldacaq...
Rəşid Faxralı da illər yoraraq
Yaxşını yamandan seçib gəlibdi,
Dolaşıq yollardan keçib gəlibdi,
Cümləsi, misrası düşməyib düyün.
Sözün rəncbəritək illər uzunu
Söz əkib-becərib duyanlar üçün.
Dünya dəyişmişdi...
Şimşək çaxırdı
onun da ruhunun başının üstə.
Bağanıs Ayrımda,
Malıbəylidə,
Ağdabanda,
Meşəlidə,
Qaradağlıda,
Xocalıda yaşanılan dərd
Neçə yaş gətirdi onda, o vaxtlar
Rəşid Faxralının yaşının üstə.
Şəhid anasına oğul olanlar,
Şəhid balasına nağıl olanlar,
Dərdi dərdə salıb ahıl olanlar
ocaq əsgəriydi, köz əsgəriydi.
Rəşid də onda
Qorqud Dədənin
Ruhunu yaşadan söz əsgəriydi...
Dedi: "Müharibə nə vaxt qurtarar?"
Yol gördü "Səngərdən əbədiyyətə"
Qələmi sözünə buyruqçu oldu,
Qıymadı torpağa düşən iz itə.
Fikir haləsidi sözün işığı;
Sözün işığında tanıyıb hamı
sözün qüdrətindən güc alan kəsi.
Səni də, məni də sirdaş elədi,
Əsgər nəfəsinə "Əsgər nəfəsi"
Adaş doğulubdu dərd anlayana,
Qəhər kürəsidi bağrının başı.
Ömrü şəhidlərin daş lövhəsidi,
Yaşı şəhidlərin yaş ölçüsüdü,
Görün nə qədərdi Rəşidin yaşı...
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
“Ulduzla Tanışlıq” - 3-CÜ BÖLÜM
Aynur Ismayılova, “Ədəbiyyat və incəsənət”
Şəhər onun gözündə onu udmağa hazır olan bir əjdaha kimi idi. Geri qayıdacaq yolu da yox idi. İrəliləməkdən başqa çarəsi qalmayan Səma gücünü toplayaraq ayağa qalxdı. O, kövrək qəlbə sahib olsa da, cəsarətli, təmkinli olmağı bacarırdı.
Bir yol tapacağına ümid edərək addımlamağa başladı. Bu qədər insanın içində ona kömək edəcək biriləri olacağını düşünərək yoluna davam etdi. Birdən qarşısında ona uzanan bir əl gördü. Özü yaşlarında, balaca, cılız, üst-başı pis vəziyyətdə olan bir qız Səmaya əl açaraq ondan yardım istədi:
- Allah rızası üçün mənə bir parça çörək almağa kömək et. Çox acmışam, kimsəm yoxdur.
O bu sözləri söylərkən gözlərindəki çarəsizliyi görməmək mümkün deyildi. Utandığından qarşısındakına baxmağa cəsarət etmirdi. Başını aşağı dikərək səssizcə gözləyirdi.
- Sənin adın nədir? Nə üçün dilənirsən- deyə Səma qarşısındakı dilənçi qızdan soruşdu.
Qız yavaşca başını qaldırıb Səmaya baxaraq:
- Adım Ulduzdur. Mən... mən çox acmışam. Yemək alacaq pulum yoxdur. Yenə başını aşağı salıb əllərini bərk-bərk sıxmağa başladı. Səma onun utandığını hiss edib dedi:
- Mənim çantamda biraz yeməyim var. Onu səninlə bölüşə bilərəm. Gəl, birlikdə oturub yeyək. Mən bu şəhərə indi gəlmişəm, heç yeri tanımıram, bəlkə sən mənə köməklik edə bilərsən...
- Mən də burda yeniyəm. Çox yeri tanımıram. Sənə necə kömək edəcəyimi bilmirəm.
- Eybi yoxdur. Gəl, sən qarnını doydur, sonra söhbət edərik.
Qız razılaşdı. Qabaqdakı skamyada əyləşdilər. Səma əlindəki yeməyi iki hissəyə ayıraraq Ulduzla bölüşdü. Ulduz yeməyi götürüb iştahla yeməyə başladı, sanki aylarla ac qalmışdı. 10-15 dəqiqə ərzində danışmadan yeməklərini yedilər. İndi özünü daha yaxşı hiss edən Ulduz əvvəlcə ətrafa, sonra isə Səmaya tərəf dönərək:
- Çox sağ ol, yemək verdiyin üçün. İndi bədənimdə biraz da olsa güc hiss edirəm.
Səma onun bu halına acıyırdı. Nə üçün bu halda olduğunu bilmirdi, ancaq bir çörəyə möhtac olmanın necə ağrılı bir hiss olduğunu indi daha yaxşı anlayırdı. Balaca qız nəzərləri öz üzərində hiss edərək:
- Sən nə üçün bura gəlmisən, harada yaşayırsan? Mənim sənə nə köməyim dəyə bilər?
- Mən bura uzaq bir dağ kəndindən gəlmişəm. Anamı axtarmaq üçün, ancaq onu bu böyük şəhərdə necə tapa biləcəyimi bilmirəm. Mən bura ilk dəfədir gəlirəm və heç yeri tanımıram, gedəcək kimsəm də yoxdur. Şəhər mənim təsəvvürümdə bu qədər böyük və qarışıq yerə bənzəmirdi. İndi bu qarışıqlıq, insanların çoxluğu məni daha da qorxudur. Sən bəlkə bu yerlərə bələdsən deyə mənə köməklik edə biləcəyini düşündüm.
- Mən də bir neçə gün əvvəl bura gəlmişəm. Sənin kimi mən də buranı ilk dəfə görəndə eyni hissləri keçirdim. Və mən də sənin kimi tək idim.
- Necə məgər? Sən də kimisə axtarmaq üçün gəlmisən?
Ulduz kədərli halda danışmağa başladı :
- Yox, mən anamla şəhərə iş axtarmaq üçün gəlirdim. Atam öləndən sonra biz kənddə yaşaya bilmədik. Dolanmaq üçün şəhərə gəlirdik. Anam atamın ölümündən sonra çox əzab çəkirdi. Bu halı qəbul edə bilmirdi. Hər gecə mən yatanda onun gizlincə ağladığını hiss edirdim. Son zamanlarda tez-tez xəstələnməyə başlamışdı. Bir gün qərar verdik ki, iş tapmaq üçün şəhərə gedək, bəlkə hər şey düzələr. Kənddə şəhərə gedənlərin hamısı yaxşı iş tapırdı və onlar qayıdanda əlidolu gələrdilər. Biz də burada hər şeyin yaxşı olacağına ümid edərək şəhərə gəldik. Anam qatarda gedərkən özünü pis hiss etməyə başladı. Heç nə olduğunu anlamadan gözlərimin önündə mənə baxaraq dünyasını dəyişdi. Və mən onu əbədi olaraq itirdim.Ulduz özünü saxlaya bilməyib ağlamağa başladı. Səma onu qucaqlayıb təsəlli verməyə çalışırdı:
- Ağlama, Ulduz. Hər şey yaxşı olacaq. Mən yanındayam. Biz birlikdə bir yol tapa bilərik. Biraz keçəndən sonra Ulduz başını qaldırıb Səmaya baxdı:
- Mənim artıq nə gedəcəyim bir yer, nə də məni baxacaq kimsəm yoxdur. Mən bura gəldiyim gündən küçələrdə qalmışam; kimsə mənə pul verməsə, mən yeməyə də heç nə tapa bilmirəm. Mənim 12 yaşım var və mənim işləmək üçün yaşım çox azdır. Axı bu necə olacaq? Bizə kim kömək edəcək? Sən işləyə bilərsən?
- Mən də səninlə eyni yaşdayam. Bizə kimsə iş verməz. Ancaq ətrafa bax, gör nə qədər insan var. Onlar bizə kömək edər, yolda qalmarıq. Mənim anam burada yaşayır. Mən onlardan xahiş edərəm ki, mənə anamı tapmaq üçün kömək etsinlər. Biz də onlar kimi insanıq. “Gərək ki, insanlar bir-birinə kömək etsinlər. O zaman bu şəhər və dünya gözümüzdə qorxulu bir yerə çevrilməz, əksinə daha güvənli və sevgi dolu bir yer olar.” Mən inanıram ki, insanlar bizə kömək edəcək. O zaman sən də bizimlə birlikdə yaşayarsan. Biz bir bacı kimi böyüyərik. Səmanın gözlərində bir ümid işığı parlayırdı. Ona bayaqdan diqqətlə qulaq asan Ulduz da bu işığın təsiri altında qəlbində közərən qığılcımları hiss etməyə başlamışdı. Bu kövrək qəlblərdə doğan ümid, mübarizə, həyat eşqi bəlkə də bütün dünyanı xilas edəcək bir gücə sahib idi. Onlar bir-birinə sarılıb, birlikdə olacaqlarına söz verdilər.
Səma şəhərə gələndə, kənddəki sakit, tərbiyəvi mühiti burada görə bilməmişdi. Hər şey çox fərqli idi; insanlar, küçələrdə hərəkət edən fərqli nəqliyyat vasitələri, yaşayış binaları, mağazalar, demək olar ki, onun üçün yad təsir bağışlayırdı. Sanki nizam içində bir nizamsızlıq vardı. Və bu görüntü insanda narahatlıq doğururdu. Dəyişməyən yeganə şey isə onun dostu, dərd ortağı olan səması idi. O, yenə də buludların arxasında dayanıb dünyanı, yerdəki səmasını seyr edirdi. Səma bir tək onun dəyişmədən qaldığına sevinir, ürəyi biraz da olsa rahatlaşırdı:
- “Mənim əziz dostum, mənə yol göstər, yolumu aydınlat. Anamı tapmağım üçün mənə dua et. Sən mənim nə hiss etdiklərimi yaxşı bilirsən. Çünki biz dostuq, əbədi, sonsuzadək... Bir gün mən də sənin yanına gələcəm və biz birlikdə bu dünyanı yuxarıdan seyr edəcəyik. Bu çox gözəl səslənir, elə deyilmi? Bax! Mən özümə yeni yoldaş tapmışam. Adı Ulduzdur. Çox gözəl adı var. O da bir səmalıdı. Gecələr parlayar dünyamıza. İndi mənim həm yerdə, həm də göydə ulduzum var... Necə də maraqlıdır... Bəlkə Ulduz da səninlə dost olmaq istədi...”
Bayaqdan Səmanın yuxarı baxaraq kimlə danışdığını aydınlaşdırmağa çalışan qızcığaz, heyrətlə Səmaya baxdı:
- “Axı mən kimlə dost olmalıyam, burada kimse yoxdur?” deyə içində düşünməyə başladı.
Ulduzun bu təəccübünü anlayan Səma:
- “Ulduz, tanış ol, mavi səma,” - əli ilə yuxarıyı göstərərək – “Mənim ən sadiq dostumdur. Biz uşaq yaşlarımdan tanışıq. O mənim bütün dərdlərimi bilir, hər zaman məni dinləyir. Əgər istəsən, sən də onunla dost ola bilərsən. Biz birlikdə söhbət edə bilərik.”
Ulduz indi məsələnin nə yerdə olduğunu anladı. Başını Səmaya tərəf dönərək dedi:
- “Sənin dostun mənim də dostumdur. Mən razıyam.”
Səma Ulduzun əlindən tutdu. Birlikdə yuxarı baxaraq səmaya gülümsədilər. Səma da onları parlayan günəşin isti nəfəsi ilə salamladı. İndi onlar qayğısız uşaqlıq hisslərinə qapılmışdılar. Səma onlar üçün bir ümid işığı idi. Bu inam belə onlara xoşbəxt hiss etməyə yetirdi. Uşaqlıq, kiçik şeylərlə də xoşbəxt olmağın mümkün olduğunun ən bariz göstəricisidir. Kiçik toxunuşlar böyük ümidlər yaradır. İndi bu iki qızcığaz bu ümidlə bir yol axtarışına çıxır. Bu yolun hara çıxacağını bilmədən...
Səma qərara gəldi ki, bir-bir insanlara yaxınlaşıb anasını soruşsun. Bəlkə onu tanıyan, görən kimsə olub. Onlar birlikdə yavaş-yavaş hərəkət etməyə başladılar.
“Bağışlayın, bağışlayın... Mən bir şey soruşmaq istəyirəm... Mən anamı axtarmağa gəlmişəm...”
Sanki onun səsini kimsə eşitmirdi. İnsanlar onların yanından sürətlə keçib gedir, onları görməzdən gəlirdilər. Səma buna təəccüb etməyə başladı:
- “Ulduz, axı mən yavaş danışıram? Nə üçün insanlar məni eşitmədilər, kimsə kömək etmədi...”
- “Mən insanlara əl açanda da çoxu belə edirdi. Saatlarla əlim soyuqda üşüyərkən çox az insan bunu görüb halıma acıyırdı. Deyəsən, şəhərdə yaşayan insanların çoxu kordur. Onlar köməyə ehtiyacı olanları görmək istəmirlər, ancaq harasa tələsirlər, bir-birilərini görmədən, duymadan.”
- “Bu necə ola bilər? Axı bizim kənddə elə deyildi. İnsanlar hər zaman köməyə ehtiyacı olanlara yığışıb yardım edərdi. Mənə də yetim olduğum üçün çox köməklik göstərmişdilər. İndi isə burada hər şey tam fərqlidir. Bizi fərqli olmağa nə məcbur edir? Biz hamımız insan deyilikmi?”
- “Mən yaşadığım yerdə də elə idi. Bura gələndə isə hər şeyin kəndlərdəki kimi olmadığını anladım. Yenə də soruşmağa davam edək, bəlkə bizə kömək edəcək bir nəfər tapılar.
Səma yenə də insanlara yaxınlaşıb soruşdu:
- “Bağışlayın... Mən anamı axtarıram, onun adı... onun adı Gülzardı.”
- “Balaca, mən sənin ananı tanımıram, getməliyəm.”
- “Çəkil kənara!”
- “Mən sənə kömək edə bilmərəm, tələsirəm.”
Kimsə kömək etmək istəmirdi. Yenə də hər kəs hara isə tələsirdi. Kimsə bu balaca qızcığazların fəryadını duymurdu. Şəhərin mərkəzində onları bir-birindən başqa nə görən, nə də duyan var idi. Kimsə onlara dönüb baxmırdı. Yenə ümidləri sarsıldı. Bu balaca qəlblərdə doğan ümid işığı soyuq şəhər kənarlarında əriyib yox oldu. Onlar bir-birinə tutunaraq yollarına davam etdilər.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
PƏRİXANIM SOFİYEVA - Gürcüstanda deputat seçilən ilk müsəlman qadın
Könül, “Ədəbiyyat və incəsənət”
Haqqında danışacağımız Pərixanım Sofiyeva başlıqdan da göründüyü kimi, Gürcüstanda deputat seçilən ilk müsəlman qadın olub. Tarix – uzaq 1918-ci il.
O, nüfuzlu Sofiyevlər ailəsinin üçüncü qızı olub və gənc yaşlarından yaşadığı kəndin və rayonun liderinə çevrilib. Cəmiyyətin ağsaqqalları belə onun məsləhətlərinə qulaq asıb, kənd təsərrüfatı və sosial məsələlərdə ona müraciət ediblər. Hətta ona “Kişi Pəri” ləqəbi qoyulub.
Pərixanım Sofiyevanın həyatı barədə söhbətimi davam etdirəcəyəm. Haşiyəyə çıxıb deyim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırda “Alyans” Gənclər Mərkəzi “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi həyata keçirir, layihə çərçivəsində də qonşu ölkənin mediasında “Qarayazının matriarxı – Pərixanım Sofiyeva” adlı məqalə dərc olunub. Sizə bəhs etdiyim həyat hekayəsi də məhz orada qələmə alınıb.
Məqalə İrakli Xvadaqianinin müəllifliyi ilə Gürcüstan Milli Arxivinin tarixi materialları əsasında hazırlanıb.
Pərixanım Sofiyeva 1918-ci ildə Gürcüstanın Qarayazı rayonunda keçirilən seçkilərdə güclü partiya namizədlərini məğlub edərək deputat seçilib. Onda hakimiyyətdə Zaqafqaziya seymi idi, az sonra Gürcüstanda müstəqil respublika qurulub. Lakin 1921-ci ildə sovet işğalından sonra yerli özünüidarəetmə orqanları ləğv edilib, ailəsinin mülkləri müsadirə olunub. 1937-38-ci illərdə Stalinin "Böyük təmizləmə" kampaniyası zamanı onun 5 qardaşı repressiyaya uğrayıb.
Pərixanım ömrünün son illərini qardaşlarının yetim qalan övladlarına baxmaqla keçirib və 1953-cü ildə dünyasını dəyişib.
Xatirəsi Gürcüstanda indi də yaşayır, yaşlı nəsil onun adını hələ də xatırlayır. Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı layihəyə start verilib. Layihə çərçivəsində şuranın binası qarşısında, Azadlıq meydanında yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynamış ictimai xadimlərin adları olan xatirə lövhələri vurulub. Bu lövhələrdən biri Pərixanım Sofiyevanın adını daşıyır. Gürcüstanın Mərkəzi Seçki Komissiyası və Tbilisi Dövlət Universiteti onun haqqında kitab nəşr etdirib. 2018-ci ildə isə məzarı abadlaşdırılıb və qəbirüstü abidəsi qoyulub.
Əlbəttə ki, fəxr ediləsi, qürur duyulası bir şəxsiyyət olub Pərixanım Sofiyeva. Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Onu bir sıra xarici ölkələrdə novator alim kimi tanıyırlar...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Haqsızlığa qarşı çox dözümsüzdür, mərd və dürüst kişilərdəndir. O qədər haqq üstündə başı bəlalar çəkib ki... Axı hamı haqqı tələb etsə də, onun "şilləsinə" hər adam tab gətirə bilmir. Necə deyərlər, haqq tonqal kimidir- yaxın gedəndə adamı yandırır, uzaq düşəndə də donursan...
Bu gün sizə texnika elmləri doktoru, professor Misirxan Atduxan oğlu Talıbov haqqında söhbət açmaq istəyirəm. Artıq uzun illərdir ki, Azərbaycan Texniki Unuversitetində müəllim işləyir. Əgər xarici ölkələrdə Azərbaycandan tanınan üç-beş texniki elmlər üzrə alim varsa, biri də odur. Əcnəbi elmi jurnalları onun məqalələrini sevə-sevə dərc edirlər. Onu aparıcı ölkələrin elmi şuralarına məmnuniyyətlə üzv seçirlər...
O, 13 mart 1966-cı ildə dünyaya gəlib. 1981-ci ildə 8 illik təhsilini başa vuraraq, tam orta təhsilini Bakı şəhəri, 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə alıb. Sonra indiki Azərbaycan Texniki Universitetinin "Mexanika" fakültəsini fərqlənmə diplomu ilə bitirərək ali təhsilə yiyələnib. Daha sonra sovet ordusu sıralarında hərbi xidmətdə olub…
Uşaq kimi kövrək ürəyi var, yanında biri sızıldayanda az qalır ki, sonuncu qəpiyindən də keçsin. Dostluqda sədaqətli adamdır, kimə quşu qondusa, onun uğrunda mübarizə aparmaqdan çəkinmir. Xeyirxahdır, mehribandır, comərddir, bir sözlə YAXŞI ADAMDIR...
Əsgəri xidmətini başa vurandan sonra o, Texniki universitetin "İstilik texnikası və istilik qurğuları" kafedrasında tədqiqatçı mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1993-1996-cı illərdə həmin elm müəssisəsində aspiranturanın qiyabi şöbəsində oxuyaraq, “Alifatik spirtlər və onların binar qarışıqlarının yüksək təzyiqlərdə istilik tutumu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1993-1998-ci illərdə Azərbaycan Texniki Universitetinin “İstilik texnikası və istilik qurğuları” kafedrasında tədris ustası və baş laborant, 1998-2001-ci illərdə "Soyuducu texnika" kafedrasında assistent, 2001- 2004-cü illərdə "İstilik və soyuqluq texnikası" kafedrasında baş müəllim, 2004-2018-ci illərdə kafedranın dosenti vəzifəsində çalışıb. 2001-2018- ci illərdə "İstilik və soyuqluq texnikası", sonradan “İstilik energetikası” adlandırılan kafedranın müdir müavini vəzifəsində işləyib. 2018- ci ildə “Alternativ və bərpa olunan enerji mənbələrinin istilik daşıyıcılarının istilik – fiziki xassələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmlər doktoru elmi dərəcəsini alıb və 2019-cu ildən “İstilik energetikası” kafedrasının professorudur...
Nailiyyətləri çoxdur. Onların hamısını sadalasam, uzun vaxt aparar. Amma bəzilərini sizinlə bölüşmək istəyirəm. Bir sıra xarici ölkələrdə onu novator alim kimi tanıyır və ixtiralarından istifadə edirlər. Təsadüfi deyil ki, müxtəlif nüfuzlu jurnallarda- ABŞ, Almaniya, Fransa, Portuqaliya, Macarıstan, Yunanıstan, Türkiyə, Rusiya və s. ölkələrdə onun dərc olunan 220 adda elmi əsəri var. O cümlədən o, 12 dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir...
Çox baməzə adamdır. Gözəl yumor hissi var. Həqiqəti elə incələyir ki, lap yerinə düşür., dodaq qaçırır.
Deyir ki:- “Dovşanın acizliyi onun qorxaqlığında deyil, dovşan olaraq doğulmasındadır”...
2006-2016-cı illərdə “D02.031” Dissertasiya Şurasının Elmi Seminarının elmi katibi, 2019-2022-ci illərdə “ED 2.09” Dissertasiya Şurasının və Elmi Seminarının, 2010-2021-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin “Sabahın alimləri” Respublika Müsabiqəsi Elmi Ekspertiza Komitəsinin üzvü olub. Bu gün o, Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğuna qəbul üçün müsabiqənin ekspertidir...
Bəli, professor Misirxan Talıbov sədaqətli dost, novator alim, bir sözlə, dəyərli şəxsiyyətdir. Martın 13-ü Misirxan müəllimin 59 yaşı tamam olur. Bu münasibətlə onu ürəkdən təbrik edir, möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Böyük gəlir - KİTAB BƏLƏDÇİSİNDƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Yüksək daxili intizama yiyələnməyin gətirdiyi gəlir qeyri-adidir. Daxili intizam və özünü qiymətləndirmə arasında düz mütənasiblik var:
- özünüidarə və nəzarət bacarığınızı artırdıqca özünüzə olan hörmətiniz də artır.
- daxili intizamınızı artırdıqca özünüzlə fəxr edəcəksiniz.
- daha intizamlı olduqca özünüzü daha ucalarda görəcəksiniz. Özünüz haqda daha pozitiv düşünəcəksiniz.Özünüzü daha xoşbəxt və qüdrətli hiss edəcəksiniz.
Daxili intizam xüsusiyyətinin aşılanması bütün ömrün boyu davam edən uzun bir mübarizədir. Asan yola qaçmaq həvəsi daim alt şüurunuzda parlayacaq. O, sizi yalnış yola çəkmək, lazım olanı deyil, əyləncəli olanı seçməyə həvəsləndirərək daxili intizamınızı pozmaq üçün əlverişli məqam gözləyəcək. Napaleon Hill, bestsellerə çevrilmiş kitablarından birini bu sözlərlə bitirmişdir: “Daxili intizam, sərvətin açarıdır”. Daxili intizam, özünü dəyərləndirməyin, özünəhörmətin və fəxrin açarıdır. Daxili intizam, bütün çətinliklərinizi aşıb istədiyiniz xoşbəxt həyata nail olmağınızın qarantıdır. Bəzi insanların digərlərindən daha xoşbəxt və zəngin olmaqlarının səbəbi daxili intizam aşılamaq bacarığıdır.
Brayan Treysi/ Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
GAP Antologiyasında Məryəm Qurbanzadənin “Əllərinizdə tüfəng tumurcuqlanır yenə...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi şair Təbrizdə yaşayan Məryəm Qurbanzadədir.
Məryəm Qurbanzadə
Xoy
I
Saçlarımdan
Bağlama teli yaradın
Gələcək aşiqlər mahnısız qalmasın bəlkə.
Tarixdən sonraya yazdı bunu qadın
Yəni:
“Mən”.
1.
Yazdım eşq
Oxudunuz daş-qalaq.
Gözlərimin yaşına baxmayanların
Anası kim idi, kim?
2.
Evin adresi mənəm
Dünya ətəyimdir.
Daşlarını atdım
Bir
Bir
Ayrıldınız sonra
Savaşdan sonrakı barışın yolu mənim bağrımdı
Açdım sizə bağrımı
Gözlərimdə bağladınız ağrılarımı.
3.
Qırılmış aynada qanad açdım yalqızlığa
Gözlədim gələcəyi gəlmədən
Sən hayandasan oğlum!
Bir
Güllə açıldı bağrında qaranlıq gizlənən dünyada.
4.
Əllərim
Qırılmış telləridir bağlamanın
Oy gözəlim, hüznümün qanadsızlığı oy...
5.
Ağarmış saçlarıma
Qonaq çağırdınız qışı
Yaz
Gələcək alın yazımdır mənim
İcazə versəniz:
Çiçək qondura bilərəm dodaqlarınıza.
6.
Sürgün gedən qızcığazların baxışında
Yerə töküldü ruhum
Savaşdan qalan həyatın yükünü
Çiyinlərimdə dolandırıram
O isə
Siz
Xəritələrin üzünü qaralayırsınız.
7.
Dünyanın dərdini
Köksümdə yirğalayıram
Süd verirəm
Lay-lay oxuyuram
Amma hayıf
Amma hayıf
Əllərinizdə tüfəng tumurcuqlanır yenə
Hansı ananın bağrında
Sovrulacaqsınız?
Hansı?
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
“Bilənlər bilir ki, mən ömrüm boyu. Özümdən qorxmuşam, öz içimdəki...” - ALTINBEK İSMAİL
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və İncəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsi təqdim edilir.
Bu dəfə sizləri qırğız şairi, tərcüməçisi, müəllimi Altınbek İsmailin yaradıcılığı ilə tanış edəcəyik.
Təqdim edir: Joldıbek Kaçkunbayev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi
Altınbek İSMAİL 1982-ci ildə Oş bölgəsinin Köldük kəndində doğulub. 2005-ci ildə MANAS Universitetinin Türkologiya fakultəsini bitirib. Türk ədəbiyyatı və şeiri, özəlliklə təsəvvüf şairləri və şeirləri üzrə mütəxəssis olan şair, Yunus Əmrənin, Mövlananın, Bəxtiyar Vahabzadənin əsərlərindən örnəkləri qırğızcaya çevirərək, yayımlayıb. 2005-ci ildə DGTYB-nin təmsilçisi seçilib. 2006-cı ildə isə Qırğız Respublikası Milli Yazıçılar Birliyinə üzv qəbul edilib. Hazırda MANAS Universitetində çalışır. Şairin “Daş güzgü” şeirlər kitabı 2008-ci ildə ilk dəfə, 2009-cu ildə isə təkrar nəşr edilib.
Şeirləri qırğız dilindən Azərbaycan dilinə çevirən İbrahim İlyaslıdır.
İÇİMDƏKİ ADAM
Nədənsə qorxulu tər basır məni,
Qorxular yığılıb, tərs asır məni;
Boşluq zəmisinə yıxılır zaman, –
Mən şeir yazıram... şeir yazır məni.
Arzular puç oldu, sındı qanadım,
Gün döydü, odunda kəmiyim yandı;
Boylanıb göyüzlü aynalara mən,
Bir xeyli özümün seyrinə daldım...
Köksümü qovurdu qəlbin atəşi,
yandı budaqlarım, yaşıl yarpağım;
Qəlbimin oduna su səpsin barı, -
bir soyuq daş tapıb, hey qucaqladım...
Sümürüb cismimin alovlarını,
bir qüvvə o daşa çəkib ötürdü.
Od tutan canımı heç bilmirəm kim,
bir uçrum başına dartıb gətirdi...
Dinləyib rüzgarın xoş avazını,
Mən şeirə sarıldım, tək-tənha qaldım.
Əslimi bulmadım Yer üzündə mən,
Dolandım dünyanı, xəyala daldım.
Gecəm gündüz oldu, gündüzüm gecə,
Günəş hardan çıxdı, hayanda batdı?..
İlk dəfə özümü gördüm, onda da,
Gördüm ki, bir kölgə ardınca çatdı...
Ciyərim od tutdu... su içirmədi,
İçimdəki yanğı heç kiçilmədi;
Gördüm, nə divanlar tuturmuş mənə
İçimdəki adam – öz içimdəki..!
Qabaran dəniztək hey dalğalandım,
Duydum: güzgüdəki adam nə çəkir...
Bilənlər bilir ki, mən ömrüm boyu,
Özümdən qorxmuşam, öz içimdəki...
EŞQ ELANI
Köhnə yatağından çağlayıb-daşan
Bir düşüncə məni özümdən aldı.
Sözləri qış kimi bir şeir yazdım,
O bir gənc qızaydı... – xatirə qalsın.
Gözləri önündə kinolent kimi
Canlandı olaylar oxuyanların...
Qısqanclıq duyunca, qaldı yarısı,
Gəldim evdəkinə oxuyum barı...
Xanımım hirslənib çıxdı özündən, –
Savaşdıq, danışdıq dan ağarınca...
“Kimə vurulmusan?” sorğu-sualı
Uzandı, uzandı, ta usanınca...
Doğrusu, nə deyim, aldadıb onu,
Gerçəyi desəm də, o inanmamış.
Axır ki, yorulub cəngi-cidaldan,
Yatdı axşamadək Allah saxlamış.
Anlam verməyib də, sözün məğzinə,
Düşünüb, burda yad ünvan tapacaq.
Subay vaxtımızı xatırlayıb da,
Mən ona yazmışıdım bu şeiri ancaq...
QIRĞIZISTAN
Kim dünyadan dövlət umar, çox-azdan,
Kim baxt umar göydə Aydan, ulduzdan.
Özgələri bilməm, ancaq mənimçün,
Qırğızıstan dövlət-vardı, ad-sandı!
Əsil dünya nə minnətdə, nə haqda...
İnsanlar var – saf əməldən uzaqda;
Özgələri bilməm, ancaq mənimçün,
Qırğızıstan namus, həm də vicdandı!
Özü üçün şöhrət gəzən, taxt quran,
Şahlar gördük, yıxıldı da o taxtdan;
Özgələri bilməm, ancaq mənimçün,
Qırğızıstan uca durur səmadan!
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)
Umduğumuz yerlər də ümidlərlə doludur... - ESSE
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Xəstəxanaya yolum düşmüşdü. Dəhlizdə gəzərkən gözüm qapısı açıq bir palataya sataşdı. Xəstənin yanında, kiçik şkafın üzərində "Çərəkə" kitabı var idi. Ötəri baxmışdım, amma yaddaşıma həkk olunub, yolboyu məni düşünməyə vadar etdi.
İnsanda ölən ən sonuncu emosiya ümiddir. Hansı ki, o ümid insanda ikinci immunitet yaradır. Ümid yanan ocaq kimidir: alov dilimləri nə qədər yüksələrsə, nə qədər hənirtili olarsa, bir o qədər güclüdür.
Bu mənzərə mənə xatırlatdı ki, bir xəstənin otağında gözlərini qapıya, pəncərədən yollara dikməsi közərmiş ümiddir. Sabaha, həftəyə, aya, gələcəyə yaşam istəyinin bir çabasıdır. Yaşam yeri gözlərdir, amma gözlər də qəlbin aynasıdır. Qapılar arxasındakı dualar da, yollara dikilən gözlər də, taxtalı qapılar da, ot basmış yollar da, açılmayan qapılar da, oxşanmayan saçlar da və bir də "uman yerdən küsərlər" deyirlər, umduğumuz yerlər də ümidlərlə doludur...
Ən bariz nümunə isə xalq olaraq etdiklərimizdir. Cəmi 23 ay ömrü olan bir cümhuriyyətin sabaha olan ümidi kimi. "İnşallah"lar da, "hər şey yaxşı olacaq"lar da, arzular da bir ümiddir. Bunun ən yaxşı isbatı torpaqlarımızın 30 illik əsarətdən azad olunmasıdır. Gələcəyə bəslənilən ümid heç vaxt sönmədi və əbədi məşəl alovu kimi daim yandı.
“Ədəbiyyat və incəsənət”
(14.03.2025)