Özünütəqdim - Röyal Nemət 2 şeiri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Özünütəqdim” rubrikasında bu gün Röyal Nemətdir. Özü haqda qısa məlumatı və 2 şeirini oxucularımıza təqdim edir.

 

 

MƏN – RÖYAL NEMƏT

 

Mən - Məmmədov Röyal Nemət oğlu 14 iyul 1992-ci ildə Goranboy rayonunda anadan olmuşam. 1999-cu ildən 2010-cu ilədək Gəncə şəhəri M.C.Paşayev adına 39 sayli orta məktəndə oxumuşam. 2010 -2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filalının Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirmişəm. 2017-ci – 2020-ci illlərdə Goranboy rayon Borsunlu kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişəm.

Heca vəznində şeirlər yazmağa üstünlük verərək şeirlər yazıram. "Nemət" təxəllüsü götürmüşəm.

 

NİYƏ GƏLDİM

 

Gözümdə həsrətin odu qalandı,
Bu yalan dünyaya mən niyə gəldim
Yaşamaq min əzab, ölmək bir əzab
Bu yalan dünyaya mən niyə gəldim.

Ömrümün üstünü aldı sazaq, qar
Qəlbimdə qəm dolu bir intizar var
Kimsə soruşmadı məndən hal-əhval
Bu yalan dünyaya mən niyə gəldim.

Hər kəs öz xeyrini güdür dünyada
Möhtac olmayasan qohuma, yada
Ömür verilirsə, namərdə bada
Bu yalan dünyaya mən niyə gəldim.

Ədalət axtarıb tapa bilmirik
Doğruya çox zaman dəyər vermirik
Suallar içində sual kimiyik
Bu yalan dünyaya mən niyə gəldim?
İmtahan olunub ölməyə gəldim?
                                                    

 

 

MƏN SƏNİNƏM, SƏN DƏ MƏNİM

 

Bir ömürlük əhdimiz var
Mən səninəm, sən də mənim
Ayırmasın Tanrı bizi
Mən səninəm, sən də mənim.

Ağlı başdan alan gözəl
Məni eşqə salan gözəl
Yanımdaca qalan gözəl
Mən səninəm, sən də mənim.

Gəzək küçə, gəzək şəhər
Heç olmasın üzdə qəhər.
Gözün açsın bizlə səhər
Mən səninəm, sən də mənim.

Qoy başına mən dolanım
Sahilimdə tək limanım.
Sonsuz ümid bağlayanım
Mən səninəm, sən də mənim

Bir baharsan çiçək açan
Günəş kimi şəfəq saçan.
Ömür sona çatanacan
Mən səninəm, sən də mənim.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.