Nemət Tahir,
“Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Kolumbiya Universitetində bir tələbə riyaziyyat dərsində yuxuya gedir. Oyananda, digər tələbələr sinifdən çıxarkən lövhədə yazılmış iki məsələ görür. Bunların ev tapşırığı olduğunu düşünərək dəftərinə qeyd edir və evə gedəndə onları həll etməyə qərar verir.
Evə çatanda bu məsələlərin son dərəcə çətin olduğunu anlayır. Amma ruhdan düşmür. Dayanmadan çalışır, araşdırmalar aparır, kitabxanada kitablar incələyir və nəhayət, dörd səhifəlik uzun hesablamalarla bu məsələlərdən birini həll etməyə nail olur.
Növbəti dərsdə professorun bu “tapşırıq”dan heç danışmadığını görüb təəccüblənir. Əlini qaldırıb soruşur:
— Müəllim, keçən dərsdə verdiyiniz tapşırıq barədə niyə heç nə demədiniz?
Professor təəccüblə cavab verir:
— Tapşırıq? Onlar tapşırıq deyildi. İndiyə qədər heç kimin həll edə bilmədiyi riyaziyyat məsələlərindən nümunələr idi sadəcə!
Tələbə heyrət içində cavab verir:
— Amma mən onlardan birini həll etdim!
Həll yoxlanılır, düzgün olduğu təsdiqlənir və Kolumbiya Universitetinin qeydlərinə artıq onun adı ilə birlikdə yazılır. Bu hekayə hələ də universitetin dəhlizlərində danışılır.
Həmin məsələlərin həllinin namümkün olduğuna inandırılsaydı onları həll etməyə cəhd etməyəcəkdi. "Onsuz da həlli yoxdur" deyib özünü yormağa tənəzzül etməyəcəkdi. Deməli, hər şey inanmaqla əlaqəlidir. Şüuraltı sənin ona ötürdüyü mesajları doğru yanlış, həlli olan olmayan kimi deyil, hər birini doğru, real qəbul edir. Çünki şüuraltı beş yaşında uşaq kimidir. Söylədiyin hər şeyi ağ vərəq misalı qeyd edir, beyni ona inandırır və həyata keçirir.
Həyatda həlli olmadığını düşündüyün ən müşkül məsələnin belə əlbət bir həll yolu vardır. Ya "bacarmazsan" deyənlərə qulaq tıxayıb həllə köklənəcəksən, ya da həlli olduğuna inanıb həll edəcəksən. Seçim sənin, istiqamət isə beyninindir.
“Ədəbiyyat və incəsənət”
(17.04.2026)


