“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.
Pərvanə Məmmədli
Əlirza Nabdil Oxtay (1944-1972) – modernist şair
Güney Azərbaycan ədəbiyyatında poeziyaya, şeirə yenilik gətirən şairlər arasında ilk olaraq Əlirza Nabdil Oxtay, Bulud Qaraçurlu Səhənd və Həbib Sahirin adı çəkilir. Bu üç ünlü şair zamanın və mühitin tələbləri ilə səsləşən əsərlər yaratmışlar. Ötən əsrin 60-cı illərində Əlirza Nabdil (Oxtay) çox gənc olmasına baxmayaraq, Güney Azərbaycan ədəbiyyatında yeni bir cığır açmış, Cənubi Azərbaycan poeziyasında nadir metaforik təfəkkür tərzi ilə təsvirli lirikanın bir sıra gözəl örnəklərini yaratmışdır.
Əlirza Nabdilin sağlığında heç bir kitabı çap olunmadı. Yalnız o dövrlər üçün Cənubda geniş yayılmış “Sandıq ədəbiyyatı”nın qiymətli nümunələri arasında yer aldı. Bəlkə də, bu onun türkcə yazması ilə bağlı idi. Yalnız bir neçə şeiri farscaya çevrilərək qəzetlərdə çap olunmuşdu.
Oxtayın əldə olan şeirlərinin sayı 50-ni aşmır. Bu nəzm parçaları yaradıcılığının ilk 9 illik dövrünün ədəbi məhsuludur. Bəzi tədqiqatçılar şairin ömrünün son 5 ilində yazdığı əsərlərin (1967-1972 ci illər) itib aradan getdiyini yazırlar.
Əlirıza Nabdil ilk qələm təcrübəsinə 1961-ci ildən başlamışdır. Onun yaradıcılığına bu əsərlər daxildir1.“İşıq” adlı türkcə şeir toplusu. 2.Azərbaycan və milli məsələ (məqalələr toplusu). 3.Sələbiyyə-Tülkünün hekayələri.
Vaxtsız ölümündən sonra dostları onun şeirlərini toplayaraq “İşıq” adlı bir kitabda nəşr etdiriblər.
Yenilikçi şair, tərcüməçi, solçu partizan Əlirza Nabdil (Oxtay) çox gənc olmasına baxmayaraq, ötən əsrin 60-cı illərində Cənub şeirində yenilik yaratmış və İranda mücadilə ədəbiyyatının öndə gedən təmsilçilərindən olmuşdur.
Orta təhsilini Təbrizdə aldıqdan sonra o, Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. Daha sonra isə Xoy şəhərinə köçüb və burada müəllimlik edib. Dostları ilə birlikdə Təbrizdə “Xalq Fədai Çerikləri” (Xalq Fədai partizanları) təşkilatını yaradıb.
Əlirıza Nabdil ilk qələm təcrübəsinə 1961-ci ildən başlayıb.
Onun yaradıcılığına bu əsərlər daxildir: “İşıq” (Təbriz,1980) adlı türkcə şeir toplusu, “Sələbiyyə-Tülkünün hekayələri” uşaq ədəbiyyatı nümunələri (Təbriz,1980) və “Azərbaycan və milli məsələ” (?) farsca məqalələr toplusu.
Əsərləri ölümündən çox sonra dostları tərəfindən nəşr edilmişdir. “İşıq” kitabına şairin lirik, siyasi şeirləri, etdiyi tərcümələr və mövzusunu folklordan götürdüyü nəzm əsərləri daxildir. Bu əsərlərində o, 1960-70-ci illərdə Cənubi Azərbaycan poeziyasında süjetli lirikanın bir sıra gözəl nümunələrini yarada bilmişdir.
“Sələbiyyə-Tülkünün hekayələri” əsərində isə müəllim kimi işlədiyi illərdə uşaqların ana dilində kitablarının məhdudluğunu nəzərə alıb, M.Xalxalinin məşhur “Sələbiyyə” kitabındakı hekayələrin motivlərini götürərək nəzm halına salmış, yenidən işləmişdir.
“Azərbaycan və milli məsələ” məqalələr toplusu kitabında siyasi-ictimai fikirlər yer almışdır. Tanınmış güney ziyalıları kitablarından birinin (“Azərbaycan və milli məsələ”) onun fikirləri və əqidəsi ilə üst-üstə düşmədiyini və əsərin nəşri zamanı təhriflərə yol verildiyini yazırlar.
Oxtayın əsərlərinin çoxu polis idarələrində, məhkəmələrdə, eləcə də hökumətdən çəkinən dostlarının, tanışlarının evində məhv edilib.
Əlirza Nabdil hökumət əleyhinə silahlı mübarizənin vacibliyini təbliğ etdiyi üçün xəfiyyələr tərəfindən tutulub həbs olunur və ağır yaralanır. Həbsxanada Oxtay işgəncələrə dözməyərək, mübarizə yoldaşlarının adını çəkə biləcəyindən ehtiyatlanaraq dəfələrlə intihara cəhd edib.
Adətən, sənət əsərləri ilk növbədə öz nəslinə xitabən yazılır. Şeirlər estetik məqsədlər üçün yazılsa da, şair mənsub olduğu cəmiyyətə xitab etmək, mesaj ötürmək nəyisə izah etmək, elan etmək və hiss etmək məqsədi daşıyır. Əlirza Nabdilin “İşıq” şeiri də bu məqsədlə yazılıb:
Aman, aman gün görməyən toxucu,
İlmə salan, dəfə döyən, ah çəkən,
Çıraq təkin yanan, qanın yandıran,
Kiprikləri pultə təkin közlənən
...Qoy xalçanı satan, alan bilsin ki,
Sənin dilsiz əllərində nələr var,
Xalça üstə başmaqlı yeriyənlər
Bilsinlər ki, dilsiz dinsə, nə qopar.
Azərbaycan xalqının tarixi yaddaşı, ruhu, mental xüsusiyyətləri Oxtayın yaradıcılığında milli özünüifadə formasına çevrilir.
“Qılınc nağılı” şeirində qədim zamanlarda Qaradağda bir dəmirçinin düzəltdiyi qılıncı ölüm ayağında övladlarına bir miras kimi vəsiyyət edən qocadan bəhs olunur. O qılıncdan ki:
Domrulun əlində ev quran imiş,
Koroğlu belində xan qovan imiş,
Şah İsmayıl çağı top qıran imiş,
Səttarxandan bəri qalmış qınında.
O, şeirlərində daha çox simvolların dili ilə danışmağa üstünlk verirdi. “Papağım, qılıncım və atım” şeirində xalqının tarixi və əfsanəvi qəhrəmanlarının keçdiyi yoldan bəhs edirdi:
Çiynimdə yorğunluq, döşümdə yetərlik,
Əynimdə min yara, könlümdə min arzu,
Atımın dırnağında vətən.
Dırnaqlar daşlara çırpıla-çırpıla.
Əjlərin qarnını yayaraq daşlara
Yetişdim və pozdum min əjin yuvasın,
Qızı da qurtardım.
Şairin əşyaları, predmetləri “dilləndirmə”si onun assosiativ şeirə meyil etdiyini göstərir: “Səhər”, “Qaynarça”, “Axmaca”, “Yol” və bu kimi şeirlərində bu qabarıq görünr:
Baharı söndürənlər
Qanlı izlər açıblar.
Söylədim torpağıma
Ürəyimin dərdini.
Göy çıraqlar baş əydi,
Araz sevgidən daşdı,
Qızılüzən gurlaşdı,
Xəzərdən əsdi külək.
Ə.Nabdil Oxtayın “Tozlu piano”, “Yurd”, “İşıq”, “Səttərxanın atlıları” və s. bu kimi əsərləri orijinal deyim tərzi ilə diqqəti cəlb edir. Əlirza Nabdil “İşıq” kitabında toplanmış əsərləri ilə yeni bir cığır açmış, Cənubi Azərbaycan poeziyasında nadir metaforik təfəkkür tərzi ilə təsvirli lirikanın bir sıra gözəl örnəklərini yaratmışdır.
Mənfur Pəhləvi rejiminin 11 aylıq ağır işgəncəsindən sonra 1972-ci il martın 13-də, Əlirza Nabdil Oxtay 8 məsləkdaşı ilə birlikdə edam edilərək Tehrandakı Behişti Zəhra qəbiristanlığında dəfn edilib.
Əlirza Nabdil 28 yaşında edam edilsə də, ədəbi qəhrəmana çevrilib, haqqında neçə-neçə bədii əsərlər yaranıb.
“Ədəbiyyat və incəsənət”
(17.04.2026)


