
Super User
FIRÇA TUTAN İNCƏ ƏLLƏR – Cəlilabadın ilk rəssam qadını Laləzar Əsədova barədə
İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi
(Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin tək və yeganə nümayəndəsi olmuş Laləzar xanım Əsədovanın həyat yoluna bir baxış)
İncəsənətin növlərindən biri də rəssamlıqdır. Rəssamlıq insanları, əşyaları, təbiəti və ya hər hansı bir ideyanı təsvir etmək üçün rəngli materiallardan istifadə etməklə vizual təsvirlər yaratmaq sənətidir. Rəssamlıq təsvir sənəti və bir növ yaradıcılıq qabiliyyətidir. Lakin bununla yanaşı rəssamlıq sahəsində olan insanın daxili hissləri və duyğu aləmi də zəngin olmalı, bir çoxlarının görə bilmədiyini görməsi, hiss edə bilmədiklərini isə hiss edə bilməsi zəruridir.
İndiyədək bu sahədə bir sıra insanlar böyük uğurlar qazanmış və zirvələrə ucalaraq həm bacarıqlı şagirdlər yetirmiş, həm də qiymətli rəsm əsərləri yaratmışlar.
Cəlilabad rayonunda digər sahələrlə yanaşı incəsənət sahəsi də inkişaf etmiş və müəyyən uğurlara imza atılmışdır. Lakin rayonda bu kimi sahələrin nümayəndələri əsasən bəylərdən ibarət olmuşdur ki, bu da adətən əyalət və bölgələrdə hakim olan xüsusi qayda-qanunlar və adət-ənənələrdən irəli gələn bir məsələdir. Sovetlər dönəmində Cəlilabad kimi bir məkanda xanımların ədəbiyyat və incəsənət sahələrində irəli çıxıb uğur qazanması nadir hallarda baş verirdi. Hətta, üzləşdiyi sıxıntı və təzyiqlərə görə bir çox yerli xanım şairlərimiz o zaman mətbuata çıxa bilmədikləri üçün öz şeir nümunələrini ayrı-ayrı şəxslər və bəzən də digər kişi adları ilə çapa verirdilər...
Belə bir şəraitin hakim olduğu və mənim də doğulub boya-başa çatdığım rayonda o zamanlar hansısa bir xanımın rəssam olması qeyri-adi hadisə sayılırdı. Sovetlər dönəmində rayon üzrə bir neçə rəsm və rəsmxət müəlliməsi olsa da bütün Cəlilabadda təsviri incəsənət sahəsinin ilk və yeganə xanım rəssamı Laləzar xanım Əsədova idi. Müstəqillik illərindən etibarən bir neçə yeniyetmə və gənc xanım rəssamın yetişməsinə rəğmən Laləzar müəllimə bu sahənin ilk siması olaraq tarixə düşmüşdür.
Əlbəttə, heç şübhəsiz onun həmin dövrdə bir gənc xanım olaraq bu sahədə önə çıxıb uğur qazanması öz şəxsi bacarığı və əməyindən əlavə, həm də mərhum valideyni, xüsusilə də atası mərhum Xanış müəllimin həyata ziyalı baxışı və azad düşüncəsindən irəli gəlirdi.
Gəlin onun geniş həyat bioqrafiyası ilə daha yaxından tanış olaq.
QISA BİOQRAFİK TƏQDİMAT:
Əsədova Laləzar Xanış qızı: 1968-ci ilin mart ayının 12-də Cəlilabad şəhərində bir sadə, təmiz və zəhmətkeş ailədə dünyaya göz açıb. Atası mərhum Usta Xanış ilk əvvəllər Cəlilabad səhər 2 saylı orta məktəbdə əmək müəllimi olaraq çalışsa da sonralar dülgərlik sənəti ilə məşğul olmuş və öz doğru-dürüstlüyü və halalçılığı ilə rayonda tanınaraq hörmətə layiq görülmüşdür.
Laləzar xanım 1975-ci ildə Cəlilabad şəhər 2 saylı orta məktəbə getmiş, 1985-ci ildə isə məktəbi uğurla bitirərək orta təhsil haqqında Attestatını almışdır.
Yeniyetmə yaşları və orta məktəb illərindən etibarən təsviri sənətin rəssamlıq sahəsinə böyük maraq göstərmiş, portret və daha çox mənzərə rəsmləri çəkmişdir. Bu ixtisas üzrə xüsusi bir məktəb oxumasa da o vaxtlar Cəlilabad Musiqi Məktəbində rəsm müəllimi işləyən Musa Əmiraslanov və rəsm sahəsində peşəkar olan Əhliman müəllimdən rəssamlıq sənətinin incəliklərini mənimsəmişdir. Beləliklə də orta məktəbi bitirdikdən sonra rayonun tanınmış ziyalısı və incəsənət nümayəndələrindən sayılan, Cəlilabad Pioner və Məktəblilər Evinin direktoru mərhum Malik Şahbazovun dəvəti ilə burada yenicə təsis edilmiş "Təsviri incəsənət" dərnəyinin rəssamlıq üzrə baş müəlliməsi təyin edilmiş, həmin ildən etibarən 1990-cı ilə qədər rəsm müəlliməsi kimi çalışmışdır.
Təsviri sənət sahəsində uğurları və xidmətlərinə görə dəfələrlə rayon rəhbərliyi və çalışdığı məktəb tərəfindən diplom və fəxri fərmanlarla təltif olunmuşdur.
Barəsində yerli və respublika üzrə çap olunan bir sıra mətbu orqanlarda bir çox məqalə və təqdimat yazıları dərc edilmiş, əl işləri və şagirdlərinin təqdimatı verilmiş, həmçinin, rayonun istedadlı və bacarıqlı rəssam xanımı olduğu və öz sevimli sənətini xüsusi şövqlə yeniyetmə və gənc rəssamlara öyrətdiyi barədə məlumatlar verilmişdir.
Doğma yurdumuzun bu dəyərli xanım rəssamı 1989-cu ildə ailə öz xalası oğlu Əfqan bəylə ailə həyatı qurmuş, bundan sonra 1 il müddətində əvvəlki iş yerində müəllimə işləsə də sonra ailə vəziyyətinə görə işdən ayrılmış və evdar xanım olmuşdur. Məlumat üçün bunu da qeyd etmək lazımdır ki, Laləzar müəllimənin Ulduz və Ayparə adlı 2 qız övladı, həmçinin, Nazlı, Həzrət və Nur adlı 3 nəvəsi var.
Laləzar xanım doğma elimizin dəyərli və inanclı xanımlarından biri olaraq II Qarabağ Savaşından sonra bu günə kimi rayonumuzun şəhid və qazi ailələrinə tez-tez baş çəkir, şəhid və qazi analarının yanında olaraq onlara maddi və mənəvi dəstək olur.
LALƏZAR XANIM BARƏDƏ ÜRƏK SÖZLƏRİM...
Bəzi şagirdləri onu Cəlilabad rayonu üzrə təsviri incəsənət sahəsinin kraliçası adlandırırdılar. Əslində isə o, bu titula layiq olan dəyərli və ləyaqətli bir xanım rəssam idi. Çünki bu sahədə onunla rəqabət apara biləcək kimsə yox idi.
Laləzar müəllimə təsvir sənəti və yaradıcılıq qabiliyyətinə yiyələnən halda, həm də güclü daxili hisslərə və zəngin duyğu aləminə malik idi. O, gənc bir xanım olaraq bütün bu dəyərləri və bacarıqları ilə yanaşı bir çoxlarının görə bilmədiyini görür, bir çoxlarının hiss edə bilmədiklərini hiss edirdi. Bunu onu yaxından tanıyanlar, həmçinin əl işləri ilə yaxından tanış olanlar yaxşı bilirlər.
Laləzar xanım öz şagirdlərinə təkcə rəssamlıq sənətini öyrətmir, bununla yanaşı onlara sanki bir əziz və qayğıkeş ana kimi yanaşırdı. Bunu hal-hazırda ondan rəssamlıq dərsi almış bütün şaigirdləri təsdiq edə bilərlər. Ümumi olaraq rəssamlıq sahəsində peşəkarlıq və bacarıqla yanaşı, diqqət, qayğıkeşlik, nəcabət, ismət və insani dəyərlər həmişə onun əsas xüsusiyyətləri sayılmışdır.
Laləzar müəllimə Cəlilabad Pioner və Məktəblilər Evində rəsm müəlliməsi işlədiyi 5 il ərzində bu sahədə çoxsaylı şagird yetişdirmiş, onlara rəssamlıq bacarığı və sirlərini öyrətmişdir. Özünün söylədiyinə görə, bütün şagirdləri arasında ən sevimli və istedadlı şagirdi bəndəniz - İlqar İsmayılzadə olmuşdur. O, söhbətlərinin birində bununla bağlı belə deyir:
"Mən şagirdlərimin hamısını sevsəm də onların arasında ən dəyərlisi İlqar idi. İlqar hər zaman əziz, gülərüz, dəyərli və mehriban, həmçinin, həyatsevər, qayğıkeş və məsuliyyətli şagirdim olub. Onun həmişə məsum baxışları var idi. Yeniyetmə olmasına baxmayaraq çox mərhəmətli və xeyirxah idi. Mən həmişə onun üzündə təbəssüm görür və heç vaxt onun üzünü sərt halda müşahidə etmədim. Səsi də həmişə sevincli idi. O, ilk əvvəldən qeyri-adi idi. Mənim və gözlərimin həmişə axtardığı İlqar olub. Hər bir müəllimin bir əziz şagirdi olduğu kimi İlqar da mənim əziz şagirdim olmuşdur. Onu hər zaman əziz balam, gözəl oğlum bilmişəm..."
Əslində, mənim gülərüz, mehriban, mərhəmətli, həyatsevər, qayğıkeş və xeyirxah olmamın əsas səbəblərindən biri elə Laləzar müəllimənin özü və malik olduğu dəyərləri idi. Çünki mən bütün bunları onun gözəl və sirli varlığında, əziz ana kimi mərhəmətli davranışı, mədəni və mehriban danışığında görür və gördüklərimi də mənimsəyərək ona qaytarmağa çalışırdım.
Bu gün artıq 35 il müddətində təsviri iincəsənət sahəsindən uzaqlaşmasına baxmayaraq, Laləzar xanım hələ də ara-sıra əlinə fırça alaraq müxtəlif portret və gözəl mənzərə rəsmləri çəkməklə məşğuldur. Rəsm əsərləri çəkmək onun həyatının ən gözəl və ən mənalı anları, unudulmaz saatlarını təşkil edir.
Hal-hazırda 57 yaşlı evdar xanım, əziz ana və sevimli nənə olsa da gənc yaşlarında olduğu kimi gənc və təravətli varlığı, diqqəti, iti və mənalı baxışları və bacarıqlı incə əlləri ilə təsviri incəsənətlə məşğul olur və bir-birindən gözəl əsərlər yaradır. Yeniyetmə yaşlarımdan bu günə kimi Laləzar müəlliməyə baxıb düşündükdə, onun bütün varlığı, xüsusiyyətləri və bacarığı ilə sanki ilk əzəldən incəsənət sahəsi üçün yaradılmış dəyərli bir xanım olduğunu təsbit və təsdiq etmişəm.
Son zamanlar Laləzar müəllimə barədə "Həməşəra" mətbu orqanında təqdimat yazıları yayımlanmış, "Yurd" ədəbi-bədii, elmi-publisistik jurnalının 2025-ci il, № 03, 51-54-cü səhifələrində isə "Təsviri incəsənət kraliçası" adlı qələmə aldığım hekayə dərc edilmişdir.
Doğma elimizin təsviri incəsənət sahəsinin kraliçası, həm də mənə rəssamlıq sənətini öyrətmiş əziz və dəyərli Laləzar müəlliməyə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və rəssamlıq sahəsində yeni-yeni uğurlar arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
RZAYEV MAHİR YELMAR OĞLU – Xıdırlı kəndinin qəhrəman oğlu
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Mahir Rzayev 1972 - ci ilin 3 yanvarında Xıdırlı kəndində gözünü dünyaya açıb. Mahirin atası Yelmar kişi sürücülüklə ailəsini dolandırırdı. Beş oğul və bir qız uşağını halal zəhmətlə böyüdürdü.
Mahir 1978 - ci ildə Xıdırlı kənd orta məktəbinin birinci sinifinə gedir və 1988- ci ildə məktəbi bitirərək kamal atestatı alır. Məktəbi bitirdikdən sonra Ağdam Məişət Xidməti idarəsinə işə düzəlir, bazarın arxasındakı dəmirçixanada usta yanında şagird kimi çalışaraq, qaynaqçı sənətinə yiyələnir.
Mahir 1990 - cı ildə Sovet ordusuna çağrılır. O, hərbi xidmətinə Polşa Sosialist Respublikasında qvardiyaçı tank alayında başlayır. 1991 - ci ilin payızında bu alayı Moskvaya köçürürlər. Sovet hökuməti dağılmaq üzrə olduğundan, hər kəsi hərbi xidmətini davam eləmək üçün öz respublikasına yola salırlar. Beləcə Mahirin 2 illik əsgərliyi il yarıma başa çatır. Bu həmin məqam idi ki, erməni faşistləri Qarabağımıza əl uzatmağa başlamışdılar.
Vətənə qayıdan Mahir bir həftə sonra böyük qardaşı Qubadla bərabər Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı Ağdam Ərazi Özünü Müdafiə batalyonuna yazılır. Mahir qardaşıyla bərabər sapyor rotasında xidmətinə davam eləyir. Böyük qardaşları Tahir isə artıq bu batalyonun Xıdırlı dəstəsində döyüşürdü.
Xidmətə təzə başlayan Mahir bir qrup igidlərimizlə Umudlu kəndinə yollanır. Mahir 3 ay Umudlunun müdafiəsində qəhrəmancasına döyüşür. Xocalı hadisəsindən sonra Şirin Mirzəyev bu faciənin Umudluda yaşanmaması üçün ordunu ordan çıxardır, Mahir də o kəndi axırıncı tərk eliyənlərin içərisində olur.
Mahirin döyüş yolu sonralar Ağdamın və Ağdərənin sərhəd kəndlərinin erməni quldurlarından qorunmasıyla davam edir. Cəsur döyüşçü erməni yuvası olan Qazançı, Fərrux və Kiçan kəndlərinin alınmasında iştirak eləyir və əsil qəhrəmanlıqlar göstərir. Orta boylu bu qarayanız oğlan gündən - günə püxtələşərək əsil döyüş maşınına çevrilir.
12 iyun 1992 - ci il tarixdə Şirin Mirzəyev ildırım surətli hücum əməliyyatı keçirərək 5 kəndimizi geri qaytardır və iki erməni kəndini - Qazançı və Kiçanı da ələ keçirir. Mahirdə bu əməliyyatda öndə gedənlərin içərisində idi. Səhərisi gün Kiçanda ermənilərin növbəti hücumunu dəf eləyən zaman Mahir ayağından ağır yaralanır. Yoldaşlarının dediyinə görə, onu düşmən BMP ilə vurur. Qospitala vaxtında çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, igidimizin sol ayağını xilas eləmək mümkün olmur. Amma özü sağ qalır. Beləcə kəndimizin qəhrəman oğullarından biri olan Mahirin Qarabağda şərəfli döyüş yolu başa çatır.
Mahir dörd uşaq atasıdır, gözəl ailə başçısıdır.
O, 2 ci qrup Qarabağ əlilidir, Qarabağ Əlillər Cəmiyyətinin Ağdam Filialının sədr müavini və Minadan Zərər Çəkənlər Assosasiyasının Ağdam Şöbəsinin sədridir.
Allahdan qəhrəman Rzayev qardaşlarına başda Mahir qardaşımız olmaqla uzun ömür, can sağlığı və əbədi Qarabağlı günlər arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
“Belə qəmli dayanma” – MƏMMƏDBAĞIR BAĞIRZADƏNİN DOĞUM GÜNÜNƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ötən əsrin 80-ci illərində ən populyar kişi müğənnisi o idi. Ən bahalı toylara pnu çağırırdılar. Televiziya və radionun ən arzuolunan ifaçısı idi. Qastrollar, xarici səfərlər də daim davam edirdi.
Xüsusən, onun bir mahnısı sadəcə mükəmməl idi:
Könlüm, bulud deyilsən,
Sınıq ümid deyilsən,
Sən ki sükut deyilsən,
Belə qəmli dayanma!
Azərbaycanın xalq artisti Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toylardan və el şənliklərindən başlayıb. O, adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib.
Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
Onu həqiqətən sevirdilər. Bakı kəndlilərində bu sevgi daha böyük idi.
Və bir də, əsli-kökü Xızıdan idi Məmmədbağır Bağırzadənin. Onun “Məni heyran etdi Xızı dağları” mahnısı lokal anlamda vətənin tərənnümü idisə də, “Azərbaycan oğluyam” mahnısı qlobal anlamda vətən sevgisinin tərənnümü idi.
Uzun müddət Məmmədbağırı “ara müğənnisi” adlandırıb efirlərə buraxmayanlar sonradan ovaxtkı Lenin adına Respublika sarayında (indiki Heydər Əliyev sarayı) istənilən dövlət tədbirində “Azərbaycan oğluyam” mahnısını eşidib də xəcalət təri tökürdülər...
Repertuarının ən yaxşıları:
1. Tello musiqi: Oqtay Kazımi, sözlər: Vahid Əziz
2. Bağban — musiqi: Ş. Fazil
3. Nəvə — musiqi: Zivər Ağayeva
4. Muğam
5. Dilkeş təsnifi
6. Naz-naz
7. Dözə bilmədim
8. Qudam
9. Can Azərbaycan
10. Səməni nazlı gəlin (Şəkərbura-paxlava) — söz və musiqi: Məmmədbağır Bağırzadə
Çox təəssüf ki, Məmmədbağır Bağırzadənin ömrü yarımçıq qırıldı. 30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etdi. Nardaran qəbristanlığında dəfn olundu.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
“MƏN KİMƏM” LAYİHƏSİNDƏ Harun Soltanov
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Mən o adamam ki, otağın içində susanda, biri soruşur: Sən nəsə fikirli görünürsən...
Amma əslində fikrim yoxdur. Sadəcə müəyyən qədər mövcudam. Vəssəlam. Varam, amma məqsədsiz. Hətta bəzən elə bilirəm ki, Allah məni yaradıb, sonra qırağa qoyub çayı qarışdırmağa gedib. O da mənim kimi, kəmşirin sevir yəqin.
Mən kiməm?.. Uşaq olanda deyirdim "pilot olacam", böyüyəndə anladım ki, heç olmasa gündə bir dəfə uçub getməmək də bir bacarıqdır. Bəzən metroda qulaqlıqsız adam görəndə özümə deyirəm, "Əşi, sən yenə də normal sayılırsan, Harun. Hələlik..."
Mən sevmirəm. İnsanı da, insanların yaratdıqlarını da. Ən çox da özümü sevə bilmədiyim üçün başqasına bağlanmışam. Amma sevəndə də bir qəribə oluram. Ya səssizəm, ya çox danışıram, ya çox içirəm, ya heç içmirəm. Yəni məni sevən insanın əsas xüsusiyyəti, səbridir. Mən o adamam ki, deyirlər "pozitiv düşün", amma mənim beynimdə qaranlıq otaqda siqaret çəkən bir Dostoyevski var və deyir: "Hamımız əslində Tanrının yuxusuyuq, Harun... sadəcə, hələ Tanrı oyanmayıb."
Mən kiməm?..
Dostum məndən soruşur: "Harun, niyə belə susqunsan?"
Deyə bilmirəm ki, mən danışsam, sən səhv salacaqsan. Bu nitq deyil, etirafdır. Mənə deyirlər ki, "Tənhalıq gözəldir. "Əla. Gözəldir. Amma iki nəfərlik boş stul görəndə ürəyim azca titrəyir. Sonra isə o titrəyişə ad qoyuram, "mənlik deyil".
İçki süzəndə, dua etməyə ehtiyac qalmır. Çünki səmaya baxmaq yerinə, içimə baxıram və deyirəm. "Bu qədər də dramatik olma, Harun. Bir siqaret çək, keçəcək."
Yalan olmasın, mən kim olduğumu çox axtarmışam. Kitablarda, bir qadının baxışlarında, ailə danışığında, paltar seçəndə, CV yazanda, hətta 20 Yanvar abidəsinin qarşısında, amma heç yerə uyğun gəlməmişəm. Sanki hər şeyin kənar ölçüsüyəm.
Mən kiməm?
Yəni... yalan danışım?
"Özünü tapan bir ruh"?
Yox. Mən hələ özümə salam verməmişəm. Hələ də təzə tanış kimi baxıram aynaya. Amma bilirəm, mən birini sevirəm. O getmir. Və mən deməmişəm: "Bağışla." Çünki mən kiməm ki, bağışlayım? Mən sadəcə... özünü hələ də Tanrının unutduğu yerdə oturtmuş adamam. Və bəlkə də bu, pis deyil. Çünki nə vaxt özümü tam tapsam.. heç kimlə danışmağa ehtiyacım qalmayacaq. Və o günə qədər,bax bu, Harundur. Dərin, gülən, yanan, içən, susan və yalandan "mən yaxşıyam" deyən bir nəfəs.
Mən kiməm?..
Əgər bu sualı kimsə küçədə soruşsaydı, gülümsəyərdim. Çünki bu sual, çörək almağa gedib mağazadan həyatın mənasını axtarmaq kimidir. Yəni mümkünsüzdü... amma adam özünü saxlaya bilmir.Bəzən düşünürəm, bəlkə də mən sadəcə baş qəhrəman ola bilməmiş bir roman personajıyam. Yəni hekayədə varam, amma hər səhifədə yoxam. Arada peyda oluram, bir-iki kəskin cümlə, bir az kədər, bir az ironiya və sonra yenə yox oluram. Əslində mən özümü bayaqdan içki süzüb, siqaret yandıran, amma heç içməyən bir obraz kimi hiss edirəm. Sadəcə poza verirəm, çünki bu pozanın içində sakitcə bağırmaq olur.
Mən kiməm?.. Mən bəlkə də səhv düşmüş bir metaforam. Tanrı məni yazanda gərək başqa yerə yerləşdirəydi məsələn, Fyodrun romanına. Orda mən əla intihar monoloqları yazardım. Ya da Kafkanın hansısa qəribə ofisində, sənəd imzalayardım, bir yandan da həyatın mənasızlığını düşünərdim. Amma yox. Məni gətirib Bakıya, aylıq 750 manat maaşa və içində sönməyən filosofik yanğıya qoydu. Əla kombodur.
İndi bəzən dayanıb düşünürəm: "Harun, sən niyə belə dərin fikirlərə gedirsən, a bala?!" Amma sonra beynimin içindən bir səs gəlir, təmiz Albertin yaratdığı Meursault tərzində, "Heç nə dəyişmir ki. Hər şey əyləncəlidir, sadəcə insanlar çox ciddidirlər."Mən də bəzən çox ciddiyəm. Bax, məsələn, sevdiyim qadına qarşı. Sevirəm, amma heç vaxt "mən səninəm" deyə bilmirəm. Çünki nə vaxt nəyinsə "sahibi" olmağa çalışsam, həmin şey daha sürətlə məndən qaçır.Dostlarım deyir: "Sən çox dərin adamsan." Mən gülümsəyirəm. Halbuki içimdə bir qəhrəman yoxdur. Sadəcə bir az tənbələm, bir az düşüncəli, bir az tək. Mənim dualarım da qəribədir. "Rəbbim, bir az sakitlik ver, amma çox da vermə, yoxsa darıxaram.." Bax bu cür möminliklə yaşayıram. Sərxoşluqla müqəddəslik arasında nə tam keçmişəm, nə tam dayanmışam..
Mən kiməm?..
Mən Harun Meursaultam, yəni qismən Tanrıdan küsən, bir qadına aşiq olan, qismən ailəsinin içində tək qalan və çox zaman öz içində özünə çatmayan bir obrazam. Əgər roman olsaydım, son səhifədə qəhrəman məni yadına salmazdı. Amma oxucu mənim bir cümləmi uzun illər içində daşıyardı.
Bax, bəlkə də mən kiməm sualının cavabı budur, dostum:
"Mən unudulan deyiləm. Amma heç vaxt tam xatırlanan da olmayacam."
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
“Azərbaycan musiqi mədəniyyətinin qurucusu – Üzeyir Hacıbəyli – 140” adlı tövsiyə biblioqrafiyası təqdim edilib
Dahi bəstəkar Üzeyir Hacıbəyli yalnız milli musiqimizin banisi deyil, həm də maarifçilik və mətbuat sahəsində əhəmiyyətli xidmətləri ilə seçilən görkəmli şəxsiyyətdir. Onun zəngin yaradıcılığı və mənəvi irsi bu gün də nəsildən-nəslə ötürülür.
Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli Ədəbiyyatın təbliği şöbəsi tərəfindən ustad sənətkarın 140 illik yubileyinə həsr olunmuş tövsiyə biblioqrafiyası hazırlanaraq virtual oxucuların istifadəsinə verilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, biblioqrafik vəsaitdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, 140 illiyinə həsr edilmiş sərəncam, görkəmli şəxslərin bəstəkar haqqında fikirləri, həmçinin 24 adda kitab və 26 adda dövri mətbuat materialının tam mətnli təsvirləri yer alıb.
Tövsiyə biblioqrafiyası geniş oxucu auditoriyası, xüsusilə də gənc nəslin istifadəsi üçün nəzərdə tutulub. Əsas məqsəd dahi bəstəkarın zəngin irsini təbliğ etmək, onun çoxşaxəli fəaliyyətini gənc nəslə aşılamaqdır.
Biblioqrafik mənbə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
İnsan, sən özünü kifayət qədər tanıyırsanmı?
Varis, “Ədəbiyyat və incəsənət” portalının Baş redaktoru
Bir gün dar-dolanbac küçələrin birində əcaib-qəraib görkəmdə bir insanla rastlaşan hər kəs üz-gözünü turşudar, rastlaşdığının üfunətli nitqini dinlədikcə iyrənib oradan uzaqlaşmaq istəyər, “bu murdar məxluq kim imiş, İlahi” deyə şikayətlənər də.
Və ağlına belə gətirməz ki, “murdar məxluq” dediyi elə onun özüymüş.
Necə?
Çox sadə.
Allah hərdən bizləri haradasa özümüzlə üzləşdirir, maskalı haldakı özümüzdən o qədər müştəbehik ki, maskasız özümüzü görəndə ağız büzürük.
Tək-tük adam bu zaman özünü tanımaq iqtidarındadır.
TRANSFORMASİYA - İNDİ BİZƏ ƏN VACİB OLAN NƏSNƏDİR.
Özünü tanımaqdan sonra isə özünəqayıdış mərhələsi gəlir. Pissənsə, yaxşılığa dəyişirsən, yaxşısansa, daha da yaxşılaşırsan.
Özünəqayıdışda əsas olan isə əslini, kökünü tanımaqdır, daha dərinə getsək, xalqının irsinə, mədəni-mental xüsusiyyətlərinə bələd olmaqdır, dəyərlərlə silahlanmaq, kamilləşmək, yarımçıqlıq, natamamlıq komplekslərindən qurtulmaq, bütövləşməkdir.
Bir sözlə, "İnsanın özünəqayıdışı" fəlsəfədə dərin və çoxşaxəli bir anlayışdır. Bu termin həm fərdi, həm də kollektiv səviyyədə insanın mənəvi, zehni və mədəni köklərinə, varlığının mahiyyətinə doğru dönüşünü ifadə edir.
Müxtəlif fəlsəfi məktəblər və düşünürlər bu anlayışı fərqli formalarda izah etmişlər.
1.Egzistensializm kontekstində
Egzistensialist filosoflar, xüsusilə Jean-Paul Sartre, Martin Heidegger və Søren Kierkegaard, insanın öz varlığı ilə üz-üzə qalmasını, "özünəqayıdış" kimi qiymətləndirirlər. Onlara görə, insan gündəlik həyatın "qeyri-özgə" axarında (Heidegger-in termini ilə "das Man", yəni "hamı kimi yaşamaq") itə bilər. Özünəqayıdış isə insanın "həqiqi varlığına" dönməsi, öz məsuliyyətini və azadlığını dərk etməsi ilə baş verir.
2. Sufizm və Şərq fəlsəfəsində
Şərq fəlsəfəsində, xüsusilə İslam fəlsəfəsi və sufizmdə, özünəqayıdış "özünüdərk", "nəfsin saflaşdırılması" və "Tanrıya doğru dönüş" ilə bağlıdır. Nəsimi, Əl-Qəzzali, İbn Ərəbi, Mövlana kimi dahilər insanın "zatına", yəni ilahi mənşəyinə dönməsini mənəvi bir yüksəliş kimi izah edirlər. Bu, dünyəvi ehtiraslardan uzaqlaşaraq "həqiqi mən"i tapmaqdır.
3. Carl Jung və psixoloji baxış
Jungun "individuasiya" anlayışı insanın öz şüuraltı ilə üzləşərək bütöv bir şəxsiyyətə çevrilməsini izah edir. Bu proses də "özünəqayıdış" sayılır. Yəni insan sosial rollardan və maskalardan sıyrılıb öz daxili "öz"ünə qayıdır.
4. Postmodernist yanaşma
Postmodernist düşüncədə "özünəqayıdış" bəzən tənqid olunur. Çünki "öz" anlayışı sabit və dəyişməz bir substansiya kimi qəbul edilmir. Burada daha çox "özünü yaratmaq" və ya "özünü yenidən qurmaq" ideyaları önə çıxır.
5. Azərbaycan konteksti – Şəxsiyyət və milli kimlik
Azərbaycan mütəfəkkirlərindən Heydər Hüseynov, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadəkimi isimlərin düşüncəsində "özünəqayıdış" milli oyanış və maarifçilik kontekstində dəyərləndirilir. Bu, insanın milli-mədəni kimliyinə və mənəvi dəyərlərinə dönüşü kimi anlaşılır.
İnsanın özünəqayıdışıfəlsəfədə, ümumilikdə, onunöz varlığını, mənəviyyatını, azadlığınıvəmahiyyətini dərk etmək, yadlaşmadan qurtulmaq və "həqiqi mən"inə dönmək prosesi kimi izah olunur. Bu, həm fərdi, həm də ictimai-mədəni bir axtarışdır.
İnsan, sən özünü tanıyandan, özünə qayıdandan sonra heç vaxt dar-dolanbac küçələrin birində əcaib-qəraib görkəmdə bir insanla rastlaşmayacaqsan ki, üz-gözünü turşudasan.
Bu isə sənin qələbəndir.
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
Xəlil Rza Ulutürkün “Əyilmə” şeiri və Ülviyyə Əbülfəzqızı
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Salam, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri, bu dəfə " Sevdiyin şeiri gələ mənə söylə" rubrikasının qonağı Ədəbiyyatı nəfəsi bilən, özünə hər zaman Ədəbiyyat dəryasından damla söyləyən Ülviyyə Əbülfəzqızıdır- mənəm.
Bəli, bu gün mən Ülviyyə olaraq, Əbülfəzqızına sual verəcəyəm, axı Ülviyyə ayrı biri, Əbülfəzqızı isə ayrı biridir. Bu rubrikamın ideyasını düşünürkən elə ilk özümə sual verdim. -Əbülfəzqızı, " Gəl mənə sevdiyin şeiri söylə."
Rubrikamda Müasir Ədəbiyyatımızın tanınan bir çox dəyərli şairləri iştirak edib. Əlbəttə, onlar ovqata uyğun olaraq bir şeir seçiblər. Ədəbiyyatı həyat bilənlər, təbii ki, onun bütün janrları ilə "qidalanırlar." Rubrikanın şərtinə uyğun olaraq, daha dəqiq desək, ovqata uyğun olaraq bir şeir seçməliyik, deyə, bir şeir söyləyirik.
Elə mən də həmin an bir şeiri düşündüm.
O şeir mənim üçün "müqəddəsdir", bənzərsizdir, hava və su kimi dəyərlidir.
O şeirlə tanışlığım da çoxdan yaşlanıb...
Şeirin mövzusu elə o yaşda məni özünə çəkmişdi, ibtidai təhsil pilləsində olsam da, şairin bu şeiri mənə atam Əbülfəz bəyin tövsiyəsini xatırladırdı.
Təsadüf yoxdu - deyirlər. Bəli, mən buna çox inanıram. O şeir məni həyata hazırlayan "Ustad" oldu, o şeir mənə əyilmədən necə yaşamağın yollarını öyrətdi, o şeir ömrümün hər hər zamanında əllərimdən tutub ayağa qaldırdı, o şeir mənim "mənimin sarayında" hər gün oxunan nəğməyə döndü.
O şeirlə daha güclü oldum, zərif azyaşlı qızcığazı o şeir aslan kimi pəhləvana çevirdi.
O şeir mənə həyatın şirini deyil, acı təamlarını dadanda qürurla ayaqda durub başımı dik tutmağı öyrətdi.
Çox maraqlıdır, bu gün Ədəbiyyat dəryasından bir damla kimi sevilsəm də, bunda elə bu şeirin müəllifinin qardaşı, mərhum Məhəmməd Xəlilbəylinin böyük rolu var. Çünki məni Ədəbiyyata gətirən dahi Xəlil Rza Ulutürkün qardaşı, Salyanın sevimli ziyalısı Məhəmməd Xəlilbəyli olmuşdur. Elə ilk dəfə 7 yaşımda yazdığım şeiri redaktoru olduğu dillərdə əzbər olan " Qələbə" qəzetində yayımlayıb mənə Ədəbiyyat adlı həyat vermişdir. O gündən bu günə kimi mən Ədəbiyyatın əsiriyəm. İllərlə bu duyğunu basdırsam da, müəyyən səbəblərdən basdırılsa da, o duyğu indi gözlərindən ildırım saçan igid kimi boylanmaqdadır, qalibdir və bu qalibiyyətin dadını duymaqdadır.
Bəli, bəli, mənim dilimin əzbəri olan, məni mən edən şeir dahi türk şairi Ədəbiyyatımızda öz yeri olan Xəlil Rza Ulutürkün “Əyilmə" şeiridir.
Təkrar edirəm, o şeiri ilk eşidəndə sanki atamı dinləyirdim.
Çünki atam mənim qəhrəmanımdır, o məni bütün neqativlərdən qoruyan güclü sərkərdəmdir. Beləcə bu şeir də atamın qanı kimi qanıma, ruhuma hopdu, bu şeirlə böyüdüm.
İllər keçdikcə bu şeiri hər dəfəsində daha da çox dərk etdim, qəvvas olub hər misrasının dərinliyinə baş vurdum.
Hər baş vuruşumda bir inci tapdım. Mənim bu tapdığım incilərdən ibarət böyük bir "sandığım" var.
Bu şeir məni göylərə qaldırır, qanad verir və ayna qarşısına keçəndə gözlərimə dik baxıb alnımı açıq görürəm, özümü sevirəm.
Xeyr, eqo məsələsi deyil, həm atamın, həm də dahi türk şairi Xəlil Rza Ulutürkün tövsiyəsinə əməl etdiyim üçün öyünürəm.
XƏLİL RZA ULUTÜRK - ƏYİLMƏ
Qalsan belə susuz, ac,
Yavan çörəyə möhtac,
Boğazına ilantək
Sarılsa da ehtiyac.
Ehtiyac ürəyini
Köksündən qoparsa da,
Odu, suyu, havanı,
Evindən aparsa da,
Ağız açma namərdə!
Ürəyində dərd, yaşa.
Sən insansan! Əyilmə
Yoxsul yaşa.
Mərd yaşa!
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
Gənc yazıçı Zenfira Nusalovanın kitablarının təqdimatı keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Şuşa” zalında Yasamal rayon 225 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, yazıçı, şair, məktəbin nəzdində Kiçik Akademiyanın rəhbəri Zenfira Nusalovanın “Xəyallardan gerçəkliyə”, “Səndə gözəlsən həyat”, “Aforizmlər” kitablarının təqdimatını keçirdi.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, tədbirin əvvəlində tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən əziz şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını salamladı. O qeyd etdi ki, Zenfira Nusalova tanınmış və istedadlı müəllim, peşəsini və şagirdlərini çox sevən insandır. Öz peşəsinin vurğunu olmaqla yanaşı gələcək nəslin əsl vətəndaş kimi yetişdirilməsində onun rolu danılmazdır. Zenfira Nusalova üç kitabın müəllifidir. ”Səndə gözəlləşən həyat” kitabının layihə rəhbəri millət vəkili, mədəniyyətə çox böyük dəyər verən şəxsiyyət Cavanşir Feyziyevdir. O bildirdi ki, Cavanşir müəllimin rəhbərliyi ilə həyata keçirilən layihələr əsasında nəşr olunan kitablar oxucuların masaüstü kitablarına çevrilib. Lətifə Məmmədova yazıçıya Mərkəzi Kitabxananın Fəxri oxucu Diplomunu təqdim etdi.
Kitabın redaktoru, şair-publisist, Prezident mükafatçısı Nəçibə İlkin çıxış edərək bildirdi ki, Zenfira xanım yazdığı elmi-fəlsəfi kitablarıyla bir çox insanların həyatında böyük dönüş etdi. Yazıçı demək istəyir ki, hər bir insan kim olduğunu, nə demək istədiyini və harda olduğunu bilməli və bilərək də bu həyatı yaşamalıdır. Yazıçı mənəvi azadlığı hər şeydən üstün tutur, həyatı bizə yenidən anladır, özgüvənimizdən, həyata olan bağlılığımızdan söz açaraq, həyatı bizə o qədər gözəl təsəvvür edir ki, bəzən həyatdan aldığımız zərbələri də unuduruq. Müəllif şagirdlərə savad öyrətməklə yanaşı onları şəxsiyyət kimi yetişdirir.
Milli Məclisin deputatı Vuqar İsgəndərov vurğuladı ki, dünyanın xaotik və gərgin bir zamanında bu cür kitablar bizi özümüzə qaytarır. Müəllifin fəlsəfi düşüncələri oxucunu özünə cəlb edir. İnsan hər anının, dəqiqəsinin, saatının, gününün fərqində olmalıdır. Kitab oxucunu özünü dərk etməyə, özünü görməyə çağırır. Zenfira xanım təhsil verməklə yanaşı, şəxsiyyət də yetişdirir. Bu dövlətçiliyimizin möhkəmlənməsi üçün çox vacibdir.
Şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov Zenfira Nusalovanı təbrik etdi və ona həsr etdiyi “Xəyalların gerçək olsun” şeirini söylədi.
Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, professor, Əməkdar müəllim Elçin İsgəndərzadə çıxışında kitab dünyasından söz açdı. O, müəllifin kitablarından sitatlar gətirərək valideynlərinə minnətdarlığını bildirdi.
Filologiya elmləri doktoru, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Esmira Fuad qeyd etdi ki, şagirdlərə özündə olan özəllikləri ötürmək özü dəyərdir. Müəllim xüsusi bir varlıqdır, bizi düşündürür, həyatı öyrədir. “İnsan olmağı öyrədəndir müəllim və mən Zenfira xanımın timsalında onu gördüm. Müəllif fəlsəfi düşüncələr sahibidir”, – deyə E.Fuad çıxışını bitirdi.
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Manafov 225 №-li məktəbi bitirdiyindən və bu məktəbi bitirən gənclərin düşmənlə qəhrəmanlıqla vuruşmasından danışaraq müəllifi məktəbin 1975-ci il məzunları adından təbrik etdi.
Mayor, batalyon komandirinin müavini, cəsarətli döyüşçü Aidə Şirinova qeyd etdi ki, biz Vətəni sevməyi, ananı sevməyi, insanları sevməyi məktəbdən öyrənmişik, məktəb bizə dürüstlüyü öyrədib. Mən müəllimin gözündən tökülən sevgidən, onun danışığından sevmişəm insanları. A. Şirinova şəhidlərə həsr etdiyi şeirini söylədi.
Turan Cəmiyyətinin üzvü, vətənpərvər şair Mərcan Şahbuzlu çıxışında Azərbaycan qadının dünya qadınlarından üstün olduğunu, bütün sahələrdə öz sözünü dediyini vurğuladı və yazıçını öz şeiri ilə təbrik etdi.
Politoloq, yazıçı-publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadə dedi: “Mən bu kitabı oxuyanda gözümün önünə dünyamızın dahi düşüncəli zəka adamları gəldi: Cəlil Məmmədquluzadə, Abbasqulu Ağa Bakıxanov, Bəxtiyar Vahabzadə, Mirvarid Dilbazi, Əzizə Cəfərzadə və b. Onların qoyduğu tövsiyələr hər birimiz üçün böyük fəlsəfi məktəbidir. Bizim cəmiyyətimizdə elə müəllimlər var ki, tədqiqatlar aparırlar, yazırlar, məhsuldar işləyirlər. Qadınlarımızın içində potensialını, biliyini, savadını millətin tərəqqisi və inkişafı yolunda qoyan Əzizə Cəfərzadə, Mirvarid Dilbazi kimi şəxsiyyətlərin yollarını keçən, milli mənəvi dəyərlərimizi yaşadan xanımlarımız baş tacımızdır.
Yazıçı, şair AYB-nin üzvü Məhəbbət İbrahimova, şair, bəstəkar Aybəniz Güllər Zenfira Nusalovanın tərbiyə verdiyi şağirdlərini alqışladı və yazıçıya yaradıçılıq uğurları arzuladılar.
Jurnalist, yazıçı-publisist Fəxrəddin Meydanlı sözlərini şair Məhəmməd Hadinin misrası ilə başladı: “Elmin ədəbin varsa əgər, durma, buyur gəl. Yoxsa bu cahan aləminə olma bir əngəl”. O, yazıçını salamladı ona sevgi və uğurlar arzuladı.
225 №-li tam orta məktəbin direktoru Sevda Eminova Zenfira Nusalovanın valideynlərini təbrik etdi, özünə isə yaradıcılığ ugurları arzuladı.
Cəfər Cabbarlı Ev Muzeyinin direktoru Qəmər Seyfəddin qızı Cəfər Cabbarlının qadın azadlığına həsr etdiyi əsərlərini hədiyyə edərək yazıçını təbrik etdi.
Gənc alim Xəyalə Əfəndiyeva xatirələrindən danışdı. O qeyd etdi ki, Zenfira Nusalova şagirdlərinə ürəyini, sevgisini, şəfqətini verir. Daha sonra o dedi: “Sizin üzərində imza olmayan cəmiyyətə təqdim etdiyiniz yüzlərlə kitabınız var. Bunlar sizin şagirdlərinizdir. Mən inanıram ki, həmin əsərləriniz elə bu kitablar qədər cəmiyyət üçün faydalı olaçaqlar”. Xəyalə Əfəndiyeva türkiyəli yazıçı Sueyla Qaracanın pannosunu yazıçıya hədiyyə etdi.
Tədbirdə iştirak edən Xeyransa İsmayılova, Əhməd Əhmədov, Güllü Eldar Tomarlı, Pərvanə Məmmədova, Dürdanə Musayeva, Elida Sadıqova, Aybəniz Osmanova və b. müəllifi təbrik edərək ona ürək sözlərini çatdırdılar.
Müəllifin həyat yoldaşı, aktyor Elməddin Cəfərov, oğlanları, qohumları Tural Cəfərov, Elnarə İbrahimova, Günel Teyyubova, Mirvari xanım və digər yaxınları, dərs dediyi şağirdlər Ümid Rüstəmli, Nərminə İmanova, Leyla Rəcəbli, Vüsal Məmmədalıyev, Nurcan Muradlı, Aylin Rüstəmli, Mədinə Həbib, Gülnar Ağabəyli, Zəhra Fərəcova və b. Zenfira Nusalovanı təbrik edərək, ona ürək sözlərini söylədilər.
Zenfira Nusalova tədbir iştirakçılarına minnətdarlığını bildirdi və vurğuladı ki, Allaha olan təslimiyyətim cəmiyyətdəki azadlığımdır. Mənim üçün xanım çox böyük simvoldu, çox böyük obrazdı. Sevgi axtarmır ki, o sevginin özüdür, dəyər axtarmır ki, o dəyərlidir. O, yazdığı “Möcüzə qadın” və “Düşüncələr” şeirlərini söylədi.
Tədbirin bədii hissəsində AMEA-nın Folklor İnstitunun əməkdaşı, respublika və Beynəlxalq müsabiqələr laureatı, bədii qiraət ustası, aktrisa Həlimət Sultan “Dünya səndən kimlər keçdi?” bədii-musiqili kompozisiyanı təqdim etdi. Aktrisaya M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Diplomu təqdim edildi.
Xanəndə, muğam ustası Maya Cəbrayılova “Bayatı Qacar” muğamını və “Bahar olsun” mahnısını, müğənni, bəstəkar Arif Səlimov “Möcüzə qadın” mahnısını ifa etdi.
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
QUBA BAŞLANĞICI - “Zəfərin uşaqları ilə Oxu Marafonu” layihəsi təqdim olundu
Könül, “Ədəbiyyat və incəsənət”
İndi qarşıda duran əsas vəzifələrdən biri də 3-cü minilliyin mobil telefon və internet alüdəçisi olan uşaq, yeniyetmə və gənclərin mütaliəyə maraqlarını tam ölməyə qoymamaqdır, onlara kitabı sevdirməkdir. Bu sahədə əsas fiqurlardan biri isə Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) İctimai Birliyidir.
Növbəti xəbərimiz ANAİB-in həyata keçirdiyi növbəti layihə barədədir.
ANAİB-in Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi ““Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin təqdimatı keçirilib.
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan tədbirdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçisi “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, eksperti “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət Səlimov, “Mayak” nəşriyyatının rəhbəri Sadiq Babazadə, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən məktəblərin direktorları – Sevil Allahverdiyeva, Lalə Bədəlova, Kəmalə Sadıxova, Günel Hacıyeva, Lalə İsrafilova, Nigar Ələkbərli və kitabxana müdirləri – Ədiləxanım Rzayeva, Səadət Talıbova, Luiza Ağabəyova, Təranə Hacıyeva, Aygün Yusifli, Güllüzar Bağırova iştirak edib.
“Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin məqsədi Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən məktəblərin şagirdləri arasında oxu marafonu təşkil etməkdir. Bu mənada hər rayondan iki fəal məktəb layihəyə cəlb edilib. Bunlar Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəbi, Qusar şəhər Tofiq İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi, Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi, Əzizəddin Tahirov adına Köhnə Xaçmaz kənd tam orta ümumtəhsil məktəbidir.
Tədbirdə direktor və kitabxanaçılara layihə barədə geniş məlumat verilib, onların sualları cavablandırılıb. Layihə üçün seçilmiş 5 kitabın hərəsindən 15 ədəd həmin məktəbin kitabxanasına hədiyyə edilib. Əziz Sultanın“Mübariz Olmaq”, Arif Əliyevin “Yalama”,
Şəmil Sadiqin “Zəfər yolu”, Rövşən Abdullaoğlunun “Mən yeməli deyiləm”
və Əzizə Cəfərzadənin “Anamın nağılları” əsərləri layihə boyu oxunulacaq kitablardır.
Məlumat üçün qeyd edək ki, hər məktəbdən 10-15 yaşlı 50 şagird marafona cəlb edilib. Şagirdlər 18 iyul – 15 oktyabr tarixlərində marafon üçün seçilmiş əsasən milli vətənpərvərlik ruhunda olan kitabları oxumalı, 15 – 30 oktyabr tarixlərində təşkil olunacaq imtahanda iştirak etməlidirlər. İmtahanda ən çox bal toplayan ilk 10 şagird müxtəlif pul mükafatı və hədiyyələrlə mükafatlandırılacaq. Mükafatlandırılma mərasimi 31 oktyabr – 2 noyabr tarixlərində Quba şəhərində təşkil olunacaq kitab festivalında keçiriləcək. Bu mərasimdə həmçinin lahiyədə aktivlik göstərən müəllim və kitabxanaçılar da təltif olunacaqlar.
Layihəyə eyni zamanda hər məktəbdən 18 müəllim və bir kitabxanaçı cəlb olunacaq. Müəllimlərlə geniş tərkibli görüş 1 – 5 sentyabr tarixinə planlaşdırılır. Seçilmiş məktəblərin müəllim və kitabxanaçı heyətinə layihənin məqsəd və fəaliyyət planı barədə geniş məlumat veriləcək, onlar üçün məktəbdə kitab oxuma vərdişlərinin və bunun vasitəsilə vətənpərvərlik hisslərinin aşılanması, kitab müzakirələrinin düzgün təşkil olunması və oxuyub-anlama mövzusunda 6 saatlıq təlim təşkil olunacaq.
Qeyd edək ki, layihənin ayrılmaz hissəsi olan kitab festivalında 30-dan çox nəşriyyat və kitab mağazası, 50-yə yaxın yazıçı və ziyalının iştirakı təmin ediləcək.
Xüsusən vurğulamaq istəyirəm ki, şimal bölgəsi məktəblərində layihə böyük maraqla, çoşğu ilə qarşılanıb. Belə orijinal bir layihənin məktəblilər tərəfindən sevilməsi, əlbəttə ki, qanunauyğundur.
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)
“Maarifçilik yolunun əbədi yolçusu - Seyid Əzim Şirvani – 190” adlı veblioqrafiya virtual oxuculara təqdim edilib
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi Azərbaycan ədəbiyyatının görkəmli şairi və maarifçisi Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə veblioqrafiya tərtib edib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, veblioqrafiyada şairin həyat və yaradıcılığı, 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam, görkəmli şəxslərin haqqında fikirləri, eləcə də onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə dair foto materiallar öz əksini tapıb.
Həmçinin bibliorafik vəsaitdə Seyid Əzim Şirvaninin müəllifi olduğu 7 kitab, əsərlərinin toplandığı 5 kitab, haqqında olan 3 kitab və dövri mətbuatda dərc edilmiş 38 adda məqalənin biblioqrafik və tam mətnli təsvirləri yer alıb. Əsas məqsəd görkəmli maarifçinin ədəbi irsini sistemləşdirilmiş şəkildə təqdim etməklə, onun həyat və yaradıcılığını geniş oxucu kütləsinə tanıtmaqdır.
Biblioqrafik mənbə ilə aşağıda qeyd edilən link vasitəsilə tanış ola bilərsiniz:
“Ədəbiyyat və incəsənət”
(21.07.2025)