ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə, 22 Aprel 2026 14:33

Xalq rəssamı Rasim Babayevin anım günüdür

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sovet dövründə mədəniyyətin hər sahəsində əsas cərəyan sosisalist realizmi idi. Quruluşu tərifləməli, ideologiyanı təbliğ etməliydin. Güclü senzura vardı, azadfikirliliyi təqib edirdi.

Bundan yazıçılarla yanaşı, rəssamlar da əziyyət çəkirdilər...

 

Xalq rəssamı Rasim Babayevin bir sıra əsərləri sovetlər dövründə geniş işıqlandırılmayıb, hətta repressiv siyahıya düşənləri də olub. Həmin əsərlərlərə nümunə olaraq "Torpaq" (1963), "Sahil" (1965), "Yol" (1966), "Yaxın Şərq" (1967), "Ailə" (1971), "Səyyah" (1974), "Ordu" (1978), "Qapı" (1982), "Qadın" (1983), "Müharibə" (1983), "Novruz" (1983), "Qadın və div" (1986), "Faciə" (1987), "Adəm və Həvva" (1988), "Yüklü dəvə" (1992), "Bəla" (1997), "Gecə" (2003), "Divlər" (2004) və s. əsərləri qeyd etmək olar.

Rasim Babayev 31 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1945–1949-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Daha sonra təhsilini 1949–1956-cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda davam etdirib.

Rasim Babayev Azərbaycan rəngkarlığının və qrafikasının inkişafında müstəsna xidmətləri olan rəssamdır. Müxtəlif janr və mövzularda, xüsusən boyakarlıq və dəzgah qrafikası janrlarında sahəsində yaratdığı rəsm əsərləri ilə tanınıb

Sənətkarın dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmlərinə "Sumqayıt", "Daşkəsən", "Abşeron", "Ağaclar", "Neft çənləri" (1958), "Neftin doldurulması" (1958), "Qız" (1958), "Qara şəhər" (1958), "Daşkəsən yollarında" (1961), "Fəhlənin portreti" (1962), "Almaniyada" (1963), "Qobustan" (1964), "Xınalıq" (1964), "Dəvələr" (1966), "Hamamlar" (1969), "Qaçaq Nəbi" (1969), "Köhnə Bakı" (1970), "Narlar" (1970), "Kənd" (1970), "Qədim qəbiristanlıq" (1970), "Rəssam Ə.Rzaquliyev" (1970) və başqa əsərlərini daxildir.

Habelə rəssam "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer" və "Göy", "Mənim bağım" kimi boyakarlıq əsərlərinin və "Qız", "Rəssam S.Bəhlulzadə" portretlərinin müəllifidir. Rasim Babayev 1980-ci illərin sonu 1990-cı illərdə baş vermiş hadisələrlə bağlı tablolaların müəllifidir. O, 20 Yanvar faciəsini əks etdirən "Qanlı general" tablosunu yaratmışdır. Həmçinin "Müharibə olmasın", "Berlin-63", "Ölüm düşərgəsi", "Qardaş xatirəsi" və s. əsərləri də müharibə əleyhinə çəkilib.

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı (1964)

- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı (7 may 1988)

- 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı (1991) — 1988–1989-cu illərdə yaratdığı silsilə rəsm əsərlərinə görə

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

 

Rasim Babayev 22 aprel 2007-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Çərşənbə, 22 Aprel 2026 10:01

Onun səsi qızıl idi...

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dostuvə həmkarı Şahmar Ələkbərovdünyasını dəyişəndə onunqəbri üstünə gedənaktyorməzarlıqdamöhkəmağlayıbdeyir: “darıxma, qardaşım, məndə tezliklə səninyanınagələcəm”. Buəhvalatdanikiilsonraisə Həsən Əblucrəhmətə gedir...

 

Həsən Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Ailədə 5 qardaş olublar. Həsən Əbluc hələ uşaq vaхtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi yaxşı oxuyan Həsən həm də uşaq yaşlarından yaşlı atasına kömək edirmiş. Atası onun aktyor olmasını istəməyib. Həsən atasının arzusunu nəzərə alıb Politeхnik İnstitutuna daхil olub.

Həsəngili II kursda oхuyanda zavoda aparırlar. Dəmir kəsməkdən Həsənin əlləri kəsik-kəsik olur. İki aydan sonra atası deyir ki, bala, hansı sənətə istəyirsən, get. Həsən II kursu başa vurandan sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsinə verib, Rza Təhmasibin kursunda təhsil alıb.

Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib.

Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi Azərbaycanın klassik və çağdaş şairlərinin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.

 

Filmoqrafiya

- Abbas Mirzə Şərifzadə

- Ağ atlı oğlan

- Alman klinikasına şəxsi səfər

- Arxadan vurulan zərbə

- Babək

- Bakıda küləklər əsir

- Bircəciyim

- Birisigün, gecəyarısı...

- Bizim küçənin oğlanları

- Dantenin yubileyi

- Dəli Kür

- Dənizə çıxmaq qorxuludur

- Doğma sahillər

 

Həsən Əbluc universitetdə səhnə danışığından dərs deyib. O, öz tələbəsinə aşiq olur, tələbəsindən öncə müsbət cavab almayan sənətkar başqa bir xanımla nişanlanır. Bir müddət keçəndən sonra nişanlısı ilə münasibəti alınmır. Belə olduğu halda öz tələbəsi Firəngizə evlənmə təklif edir. Və onlar ailə qururlar. Bu evlilikdən onların Elnaz adlı qız övladı doğulur.

Qızı Elnazı çox sevib. Onun rejissor olmasını arzulayıb. Qızını hər səhər özü yedirdib məktəbə yola salırmış. Elnaz Əbluc bir müsahibəsində atası haqqında deyir:

“Hər səhər məktəbə gedəndə elə ləzzətlə buterbrodlar düzəldirdi ki. Məni yedirirdi, sonra məktəbə yola salırdı. Mənə çoх vaхt deyirdilər ki, atan çoх ciddidir. Yəqin səni qoymaz istədiyini geyinməyə. Amma əksinə. O çoх müasir idi. Bir gün şalvar görmüşdüm. Çoххoşuma gəlmişdi. O vaхtlar da şalvarı çoх az qız adam geyinirdi. Atama dedim, mənimlə birlikdə gedib o şalvarı aldı. Evimiz elə də təmirli deyildi. Həmişə deyirdi ki, eybi yoх, işləyərəm, evi təmir elətdirərəm. Qızdırması olanda yun papağını başına qoyub uzanırdı. Amma o, heç vaхt хəstə olanda işdən qalmırdı”

O, “Dantenin yubileyi”, “Qanlı zəmi”, "Pəncərə" filmlərinə çəkilib. "Pəncərə" filmində Rövşənin atasının epizodik rolunu məharətlə oynayan Həsən bu rolu öz yaradıcılıq həyatının ən parlaq rolu hesab edib.

Həsən Əbluc martın 1994-cü il martın 13-də 51 yaşında ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Həyatdagərək özhəyatının, taleyininmeneceriolasan. Adam var, nə istəyir onu da edir. Adam da var, istəyi ilə imkanları uyğun gəlmir. 

Bəzən görürsən, gözəl müğənnidir, amma şəraiti yoxdur. Müğənni də var, gözəl ifa edir, amma dünyanı gəzməyib, kitab oxumayıb. Mahnı oxumaqdan savayı heç nə etmir. Əgər yaxşı müğənnisənsə, ali savadın varsa, dünyanı gəzirsənsə... Bu, tamamlananda, olur, başqa şey. Bu da həyatdan asılıdır. Müğənnilərə deyirəm ki, imkanınız olduqca dünyanı gəzin, kitab oxuyun. Son zamanlar kitab oxumurlar, əllə yazmırlar. Çox şey unudulur".

 

Bu sözləri Əməkdar artist Ədalət Şükürov "Xəzər axşamı" proqramında deyib. Ədalət bir çox həmkarlarından fərqli olaraq ali savadlıdır, mütaliəni, səyahəti sevir, onun fikrincə, bunlar insanı mənəvi cəhətdən zənginləşdirir. Mədəniyyət əsgəri olan müğıninin də mənəviyyatı mütləq zəngin olmalıdır.

Bu gün Ədalət Şükürov barədə danışmağımın bir səbəbi var – onun ad günü, üstəlik, yubileyidir, 60 illiyidir.

Bəri başdan onu səmimi qəlbdən təbrik edirik.

Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. Əslən Qazax rayonunun Kəmərli kəndindəndir. Orta məktəbi bitirdikdən sonra, hərbi xidmətə yollanıb. 3 il "Novaya Zemlya" adasında, sualtı qayıqda hərbi xidmətini çəkib. Hərbi xidməti bitirib, geri döndükdən sonra 1987-ci ildə Sankt-Peterburq Mədəniyyət Universitetinin "kütləvi tədbirlər rejissoru" fakültəsinə daxil olub

Ali təhsil aldıqdan sonra Ədalət Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyib. Bir müddət sonra o, Luqa şəhərinin baş rejissoru işləyib və kütləvi tədbirlər keçirib. "Salsa Viva" rəqs məktəbini bitirib. Baltik Turizm və Biznes Akademiyasında aspirantura oxuyub. Elmi işini Sankt-Peterburqda müdafiə edib. 2007-ci ildən İqtisad elmləri namizədidir.

 

Dizaynerliklə də məşğul olan Ədalət Şükürov, arabir rəssamlıq da edib. Azərbaycan, İngilis, İspan və Rus dillərini bilir. 1992-ci ildən mahnı bəstələməyə və şeirlər yazmağa başlayıb. Daha sonra musiqi və mətnləri aranjman edərək, ifa edib. Oxuduğu mahnılar xüsusilə Azərbaycanda çox sevildiyindən O, 2000-ci ildə yaşadığı Sankt-Peterburqdan Azərbaycana gəlib və fəaliyyətini burada davam etdirib. Həmin zamanlar Dağıstanda da çox sevilib və ora dəvətlər alıb.

2000-ci ildən etibarən mütəmadi olaraq Dağıstanın əhəmiyyətli tədbirlərində çıxış edib. Onların arasında "Dərbəndin ad günü", "Gənclər Günü", Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var. Ədalət Şükürova 16 may 2006-cı ildə Azərbaycan və Rusiya dövlətləri arasında Mədəniyyət münasibətlərinin təbliğatı və inkişafında aktiv iştirak etdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın əməkdar artisti fəxri adı verilib

22 aprel 2008-ci ildə Dağıstan Respublikasının prezidenti Muxu Əliyev tərəfindən Dağıstanın əməkdar artisti fəxri adı verilib. 22 iyun 2015-ci ildə Dağıstan Respublikasının prezidenti şəxsən Ramazan Abdulatipov tərəfindən böyük təqdimatla ona Dağıstanın xalq artisti fəxri adı verilib. Bundan başqa, ona "Dağıstanda xidmətlərinə görə" medalı da təqdim olunub.

 

Konsertlər

1. Yada sal məni, sevgilim

2. Solo konsert

3. İsti yay

4. Bokal vina

5. Açıq Hava Konserti

6. Nə yaxşı ki, yanımdasan sən

 

Albomlar

1. Əzizim

2. Demə - Demə

3. Qapı

4. Qoca çinar

5. İtirdim

6. Kiminsən?

7. Yada sal məni, sevgilim

 

Mükafatları

- Azerbaycanın En İyi Pop Sanatçısı

- Azərbaycan Respublikasının Əməkdar Artisti

- Dağıstan Respublikasının Əməkdar Artisti

- Dağıstan Respublikasının Xalq Artisti

 

Və mütləq bir xatırlatma edək. 60 illik yubileyi münasibətilə müğənni mayın 13-də Heydər Əliyev Sarayında “Bir yaz axşamı” adlı solo konsert verəcək. Hamınızı dəvət edirik. Bilet almağa tələsin. Biletlər məhdud sayda qalıb. Çox maraqlı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hüseyn Əliyevin Naxçıvan və Zəngəzurla bağlı analoqu olmayan əsərləri var. Xalq rəssamının böyük məharətlə yaratdığı “İlanlı dağ” tablosu, “Urud qalası” peyzajı rəssamın yaradıcılığında ən yaxşı və şah əsərlərindəndir. Doğma yurdun hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi.” – belə yazır ƏməkdarjournalistFloraXəlilzadə.

 

Əliyev Hüseyn Əlirza oğlu – Azərbaycanın Üemummilli lideri Heydər Əliyevin özündən böyük qardaşı 1911-ci il aprelin 22-də Qərbi Azərbaycanda - Comərdli kəndində Kərbəlayı Cəfər oğlu Əlirzanın və Narıngül xanımın ailəsində dünyaya göz açıb. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxuyub. 1922–1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunub.

Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932–1935) təqaüdə çıxanadək "Xalq qəzeti"nin ("Kommunist") bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən). Böyük Vətən Müharibəsinin iştirakçısı olub.

"Qafqazın müdafiəsinə görə", "1941–1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə", "Böyük Vətən müharibəsinin 30 illiyi" medalları və "Xalqlar dostluğu" ordeni ilə təltif olunub. Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1977-ci ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.

Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli kəndində çəkdiyi "Yəhər Təpə" və "Mahmud bulağı" tabloları özünəməxsus yer tutur. Hüseyn Əliyevin "Göygöl mənzərələri" adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilib.

 

Mükafatları

- Ermənistan SSR əməkdar incəsənət xadimi

- Azərbaycan SSR əməkdar rəssamı

- Azərbaycan SSR xalq rəssamı

 

Əsasən qrafika ilə məşğul olmuş Hüseyn Əliyev həm də mənzərə ustası kimi məşhur idi. O, doğma vətənin füsunkar təbiətini seyr etməkdən xüsusi zövq alardı. Rəssamın duyğuları isə rənglərdən ibarət nəhəng bir çələngə çevrilərdi. 1960-1970-ci illərdə yaratdığı peyzajlar sənətin məhz bu janrına yeni nəfəs və ruh gətirmişdi.

Doğma yerlərin bənzərsiz təbiəti Hüseyn Əliyevin fırçası ilə kətan üzərində canlandıqca sanki yeni bir möcüzə ilə qarşılaşırdın. Rəssamın Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi diqqət cəlb edir. Gah dağların qoynunda məskən salmış Göygölün mavi sularını kətanda əks etdirir, gah da hər hansı təkrarolunmaz gözəlliyindən yeni mövzu tapırdı. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilirdi.

FloraXəlilzadə yazərki, iki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaradıb. Təəssüf ki, bu əsərlərin yalnız 13-ü əlimizdədir, 3 əsərinin slaydı, 1 əsəri isə fotoşəkil formasında qorunub saxlanılıb. Hüseyn Əliyevin «Göygöl mənzərələri» adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilib.

Hüseyn Əliyev portret çəkən rəssam kimi də çox böyük uğur və şöhrət qazanıb. O, əslində bu janrın ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Böyük şairin duruşu, baxışı, uzaqdan görünən Araz çayı, İlanlı dağ tamaşaçıya nələr söyləmir?! Eləcə də Nizami Gəncəvinin portreti düşündürücü təsir bağışlayır.

Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır. Unudulmaz rəssamın Azərbaycan təsviri sənətindəki xidmətlərindən çox danışmaq olar. Hüseyn Əliyevin yaradıcılıq sahəsi olduqca geniş idi. İstifadə etdiyi rənglərin çalarları al-əlvandır. 2004-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil edilib.

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu tədbir yüksək dəyərləndirilib. Xarici ölkə vətəndaşları azərbaycanlı rəssamın rənglərin musiqisini təbiətin rəngində tablolara əks etdirmək məharəti qarşısında məmnun qalıblar. Bu unudulmaz rəssamın yaradıcılığında mənzərələr, tablolar, portretlər, natürmortlarla bərabər, başqa janrlarda işlədiyi əsərlər də çoxdur.

 O, uzun müddət nəqqaşlıqla da məşğul olub, su boyaları ilə işləyib. Alleqorik əsərlərə müxtəlif məzmunlu karikaturalar, təsvirlər çəkib, kitablara illüstrasiyalar işləyib. Bütövlükdə Hüseyn Əliyev yaradıcılığının ətraflı öyrənilməsi, onun təsviri sənətimizdəki yeri haqqında mükəmməl tədqiqatların aparılması vacibdir. Əsl sənətkar və vətəndaş ömrü yaşayan Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir.

Görkəmli rəssam 21 may 1991-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Çərşənbə, 22 Aprel 2026 13:00

Qafiyələri yek olan şair

 

Sərtyel,

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu gözətçisi

 

İndi şeir yazmaq dəbdir. Sosial media günümüzə daxil olandan sonra özün yaz, özün dərc elə, özün də like qoy. Dost-tanışları da tağ elə ki, haqqında dürlü-dürlü sözlər yazsınlar. Hər şey o qədər asanlaşıb ki.

Şeirlər də hamısı bir-birinin oxşarı. Əksəriyyət də klassiklərdən, məşhurlardan plagiat, yaxud onlara nəzirə. Amma mən sizə bir şairi təqdim edəcəyəm ki, onun məziyyətləri var, belə ki, o, digər şairlərdən tamamən fərqlənir.

Eldost Tamxeyil oğlu Sübhanverdiyevdən danışıram. Onunla geniş müsahibəni və şeirlərindən nümunələri sizə tezliklə təqdim edəcəyəm. İndi isə ilk tanışlıqda onun digərlərindən fərqini söyləyirəm: Eldost müəllimdəki qafiyələr ulu Nizamidən tutmuş hazırkı Ramiz Rövşənə qədər hələ heç kəsdə təkrarlanmayıb. Eldst müəllim əmindir ki, elə tək bu, onun adını ədəbiyyat tarixinə əbədi yazdıracaq bir detaldır.

İndi isə onun öz dostuna, metal alveri ilə məşğul  olan Səməndər Tusiyə yazdığı şeirini diqqətinizə çatdırıram.

 

Ay Səməndər, ay Səməndər

Uşaqlıq dostum Səməndər Tusinin 80 illik yubileyinə

 

Gəldi növbəti yubiley

Biz kosmosuq, sən Qaliley.

Alım sənə Moment kley,

Ay Səməndər, ay Səməndər.

 

Lion udar, yoxsa Soşo?

Yaxşı deyib hindus Oşo,

Həyat yaxşı, jizn xoroşo,

Ay Səməndər, ay Səməndər!

 

Baxmazsan heç vıruçkaya.

Hey gedərsən tolkuçkaya.

Sən bir dağsan, bizsə qaya,

Ay Səməndər, ay Səməndər!

 

Sənin işin metal, dəmir,

Pul qazan, kababdan gəmir,

Sənə heyrandır ves mir,

Ay Səməndər, ay Səməndər!

 

Eldost sənə hey deyər tost,

Feyzbukda hey yazar post.

Aramızda vardır bir most,

Ay Səməndər, ay Səməndər!

 

Göydə uçur ağappaq qu,

Yanıyca da uçur bir TU

Sənə həppi böz dey tu yu,

Ay Səməndər, ay Səməndər!

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

 

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

İstəkli oxucularımıza daha bir istedadlı gəncimizi tanıtmaq istəyirəm. Gənc şair Mehdiyev Rəhim Alqulu oğlu 29 avqust 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində anadan olmuşdur. Uşaq yaşlarından yaradıcılığa böyük həvəs göstərmişdir.

2015-ci ildən etibarən mahnı sözləri yazmağa başlamış, 2023-cü ildən isə daha çox şeir yaradıcılığına üstünlük vermişdir. 2026-cı ildə “Darıxmadın Darıxdığım” adlı ilk kitabı çap olunmuşdur. Bununla yanaşı, “Bir ağac altı” adlı qısa həyat hekayəsi Türkiyədə internet üzərindən yayımlanmışdır. Həmçinin İstanbulda nəşr olunan bir neçə türk yazarının kitablarında onun şeirləri yer almışdır.

O, Ulu Öndərə həsr olunmuş “Ulu Öndər” və cənab Prezidentin doğum gününə ithaf edilən “İmza” adlı nəğmələrin müəllifidir. Yaradıcılığı dövründə 300-dən çox şeir və 50-dən artıq mahnı yazmışdır.

Bununla yanaşı, bir çox şəhidlərimizə həsr olunmuş mahnıların sözlərini yazmış və bəstələmişdir. Ruhları şad olsun.

 

 

Gül Qadın

 

Bir xəyanət qoxusunda,

Çətin onun, gözü susa.

Sənə bir də sevgi verməz,

Əgər qadın soyudusa.

 

Soyudusa, buza dönər,

Ondan olmaz günəş daha.

Ömür boyu üşüyərsən,

Həyat sənə gələr baha.

 

Qadın gözü dolu olur,

Toxunsan, yağış yağacaq.

Xatirələr töküləcək,

Sonra yerdən kim yığacaq?

 

Öldür, yenə səsi çıxmaz,

Gedib saçını kəsəcək.

Qaranlığa uzanacaq,

Özündən belə küsəcək.

 

Belə olur, qışa dönür,

Yoxsa soyuq olmaz qadın.

Bir bənzərsiz gül kimidir,

Yaxşı baxsan, solmaz qadın.

 

 

Mən kiməm ki, sevim səni?"

 

Bağışla, çox səhv etmişəm,

Mən bilmişəm evim səni.

Bilmədən oldu, yoxsa ki

Mən kiməm ki, sevim səni?

 

Başa düşdüm, heç nə demə,

Ayıb olsun bu qəddimə.

Səni sevmək nə həddimə?

Mən kiməm ki, sevim səni?

 

Gör, sən kimsən, gör, mən kiməm,

Mən kiməm, danışıb dinəm?

Düz deyirsən, mən heç kiməm,

Mən kiməm ki, sevim səni?

 

 

Utanarsan?

 

Mənim halım xoş olanda,

Sənin yanın boş olanda,

Gözlərində yaş olanda,

Gəlib silsəm, utanarsan?

 

İllər sonra sənə dönsəm,

Tərk edilmiş biri görsəm,

Heç bir kəsin yoxdu, bilsəm,

Çox üzülsəm, utanarsan?

 

Məhv etsən də gənc çağımı,

Qurutsan da eşq bağımı,

Atıb bütün varlığımı,

Sənə gəlsəm, utanarsan?

 

Nələr çəkdim yolunda mən,

Olammadım solunda mən,

Bir gün sənin qolunda mən,

Gəlib ölsəm, utanarsan?

 

 

Qurban olsun yuxum sənə

 

Doyammıram axı sənə,

Gəl, bir az da baxım sənə.

Toxunmağım üçün sənə,

Külək olub əsim sənə?

Yağış olub yağım sənə?

 

Gəl, bu gecə oyaq qalım,

Qurban olsun yuxum sənə.

Tamam çöksün qoxun mənə,

Bir az çöksün qoxum sənə.

 

Darıxdırırsan məni sən,

Gəl, bir az da baxım sənə.

Dönüb damla göz yaşına,

Yavaş-yavaş axım sənə.

 

Ya da özün gəl de mənə,

Yer üzünü yıxım sənə.

Göy üzünün cənnətisən,

Həmən ölüm, çıxım sənə.

 

 

Darıxmadın, darıxdığım?

 

Sözüm var, çatmır ki dilə,

Gözümdə yaş dönüb selə,

Məndən ötrü bir an belə,

Darıxmadın, darıxdığım?

 

Sən ki məni atmaz idin,

Ayrılıq yaratmaz idin,

Mən öpmədən yatmaz idin,

Darıxmadın, darıxdığım?

 

Yoxluğun deyil ki asan,

Uzaqlarda bir dünyasan,

Aylar oldu, de, hardasan?

Darıxmadın, darıxdığım?

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Aynur İsmayılova,

“Ədəbiyyat və incəsənət” portalının Yaradıcılıq şöbəsi

 

Portalımızın “Redaksiyanın poçtundan” rubrikasında növbətçi mənəm və sizə təqdim etmək istədiyim mesaj oxucumuz Gültac Əliyevadan gəlib. “Qatil uşaq” yazısı bədii əsəsr deyil, təəssüratdır, aktual bir mövzuda düşüncələrdir. Amma elə bu sənədlilik, bu publisistika sanki bədiilikdən yoğrulubdur.

Xoş mütaliələr.

 

GÜLTAC ƏLİYEVA,

“QATİL UŞAQ”

 

“Qatil uşaq...” Necə də ağır səslənir, deyilmi? Bu ifadəni eşidəcəyimi heç düşünməzdim. Uşağın qarşısında işlənəcək sözlər başqa idi: ağıllı, dəcəl, qoçaq, tənbəl... Uşaqlıq məsumiyyətin, saflığın və gələcəyin adı idi. Bəs indi necə oldu ki, bu anlayışın önünə “qatil” sözü gətirildi?

Bəli, bəlkə ortada bir qatil uşaq var. Amma uşaq təkbaşına qatilə çevrilmir. Burada cəmiyyətin də məsuliyyəti var, ailənin də payı var.

Gəlin birlikdə hazırda gündəmi zəbt edən Kahramanmaraş cinayətinə baxaq. Amma baxarkən təkcə bir hadisəyə yox, bu kimi faciələrin kökündə dayanan səbəblərə də nəzər salaq. Özümüzə bir sual verək: görəsən, əsl müqəssir kimdir?

Bu hadisə birdən-birə baş vermədi. O “uşaq” bir anın içində qatilə çevrilmədi. Bu sonluğun əvvəlində davranışlar vardı, danışıq tərzi vardı, sosial şəbəkələrdə paylaşdığı qeyri-normal görüntülər vardı. Bütün bunların fonunda isə onun arxasında dayanan bir ailə və görən bir cəmiyyət vardı.

Bəlkə də bəziləri qəzəblənəcək: niyə cəmiyyət? Bəli, məhz cəmiyyət. Çünki ailə üçün övladının psixoloji durumunu qəbul etmək daha çətin ola bilər. Valideyn çox zaman görmək istəmir, etiraf etmək istəmir. Amma cəmiyyət görür, təhlil edir, hiss edir. Elə buna görə də vaxtında reaksiya verməlidir.

Niyə susulur? Qorxudanmı? Laqeydlikdənmi? Yoxsa “mənə nə” düşüncəsindənmi? Halbuki bir insanın vaxtında dediyi söz, atdığı addım bəzən böyük faciələrin qarşısını ala bilər.

Qadın doğum şöbəsində baş verən hadisə zamanında müzakirə olundu, lakin nəticəyə çatmadı və zamanla unuduldu. Niyə? Necə baş verdi? Kim susdurdu insanları? O gün susdurulan vicdanlar bu gün danışırmı?

Müəllimlərin “onun çantası yoxlanılmadan dərsə buraxılmasın” deməsi isə əslində ən böyük siqnal idi. Bu, adi xəbərdarlıq deyildi. Bu, gələcək təhlükənin qapını döydüyünü göstərən xəbər idi. Deməli, bir çoxları gələcək faciəni görürdü. Qarşısını almaq üçün imkan da vardı.

Bənzər hadisə bir neçə il öncə ölkəmizin də gündəmini zəbt etmişdi. Mənim qədər siz də o qətli bütün təfərrüatları ilə xatırlayırsınız, bilirəm. Əhmədin ailəsini amansızlıqla qətlə yetirməsinin də kökündə bu kimi faktlar var idi. Göz gördü, qulaq eşitdi, dil danışmadı. Nəticədə nə oldu? Bir ailənin faciəvi sonu. Halbuki doğru zamanda veriləcək bir qərar çox şeyi dəyişə bilərdi.

Bunlar bir əsər, esse və ya hekayə deyil ki, yazıldıqdan sonra təhlil edilərək rəy verilsin. Bu, həyatın özüdür. Göz önündə yaşanır. Ona görə də vaxtında müdaxilə etmək, cəmiyyəti çürüdən halların qarşısını almaq lazımdır.

Bu gün susulan hər həqiqət sabah bir fəryada çevriləcək. Məzarlara yad kimi baxmayın. O qurbanlar bizlər, övladlarımız, yaxınlarımız da ola bilər. Nə qədər ki, “silahlar” bizə tuşlanmayıb, gözlərinizi açın. Çünki faciələr qapını döyəndə artıq çox gec olur.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

 

20 aprel 2026-cı il tarixində “ASAN Könüllüləri” Təşkilatı tərəfindən yaradılan “Gənc İnnovatorlar” proqramının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev proqramın əhəmiyyətindən bəhs edib. O, “Gənc İnnovatorlar” proqramının ölkəmizdə innovasiya ekosisteminin inkişafına töhfə verəcəyini, gənclərin yaradıcı və texnoloji bacarıqlarının gücləndirilməsində mühüm platforma rolunu oynayacağını vurğulayıb.

 “ASAN Könüllüləri” Təşkilatının sədri Aysiman Quliyeva proqramın əsas məqsədinin gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, onların yaradıcılıq və analitik təhlil bacarıqlarının inkişaf etdirilməsi, eləcə də texnologiya və sosial innovasiya sahələrində praktiki təcrübə qazanmalarına şərait yaratmaq olduğunu qeyd edib.

Çıxışlardan sonra proqramın təqdimatı olub.  "Gənc İnnovatorlar” proqramının məqsədləri, fəaliyyət istiqamətləri və gənclər üçün nəzərdə tutulan imkanlar barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev tərəfindən “İdarəçilikdə süni intellektin rolu” mövzusunda təlim keçirilib. Təlim zamanı süni intellektin əsas prinsipləri və onun müxtəlif sahələrdə tətbiqi barədə iştirakçılara geniş məlumat verilib.

“Gənc İnnovatorlar” proqramı ölkəmizdə innovasiya mədəniyyətinin inkişafına töhfə verməklə yanaşı, gənclərin texnoloji və yaradıcı potensialının üzə çıxarılmasını və gücləndirilməsini hədəfləyir.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2026)

Çərşənbə axşamı, 21 Aprel 2026 19:18

21 Aprel – Beynəlxalq Sirk Günüdür

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Sirk (lat. Circus – "çevrə" deməkdir) – bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür.

 

Sirk peşəsi heyvanlarla işləməklə bərabər müxtəlif akrobatika və gimnastika kimi sahələri də özündə cəmləşdirir. Buraya, həmçinin tamaşaçılar üçün maraqlı olan havada kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və yerdə idman növləri yerinə yetirilir. Kloun daha mürəkkəb sirk janrıdır. O, bir neçə ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur. Klounun mənası gülməli çıxış deməkdir. Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatr səhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur. Klassik sirkin atası ingilis Filip Astli (1742–1814) sayılır. İllər keçdikcə sirkin inkişafına müxtəllif xalqların təsiri nəticəsində bu və ya digər sahədə öz üstünlüyünə malik milli sirklər yaranmağa başlamışdır.

Avropada hələ də közəri halda fəaliyyət gösətərən sirklər mövcud olsa da bir çox Şərq ölkələrində sirk teatrları tikilmiş və burada mütəmadi olaraq öz proqramları ilə çıxış edirlər. Köçəri sirk ustaları avtomobil karvanlarında şəhər-şəhər gəzərək öz sənətləri ilə tamaşaçıları heyran edirlər. Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir.

Hələ qədim zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında bugünkü peşəkar sirkin güc jonqlyorluğu, kəndirbazlıq, akrobatika, cigitlər və digər janrlarının elementləri mövcud olmuşdur. İlk peşəkar sirk – heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilmişdir. Taxtadan tikilmiş həmin sirk binası az sonra yanır. 1905-ci ildə yeni şəhərin başqa ərazisində sirk binası tikilərək istifadəyə verilmişdir. 1945-ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları salınmışdı. 1967-ci ildə Bakı Dövlət Sirkinin memarı E.İsmayılov və F.Leontyev olan hazırkı binası istifadəyə verilmişdir. Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

 

 

Çərşənbə axşamı, 21 Aprel 2026 18:53

Bakıda “Oxu Günü–11 Kitab Festivalı” keçiriləcək

25–26 aprel tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü–11 Kitab Festivalı” keçiriləcək.

 

Layihə “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd edək ki, layihənin ideya müəllifi Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir.

“Oxu Günü” layihəsi 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib və bu gün ölkənin ənənəvi kitab bayramlarından birinə çevrilib. Layihənin əsas məqsədi Azərbaycanda kitab mədəniyyətinin inkişafına töhfə vermək, gənclərin mütaliəyə marağını artırmaq, oxucu ilə müəllif arasında canlı ünsiyyət mühiti yaratmaq və kitabın cəmiyyət həyatındakı rolunu gücləndirməkdir.

“Ədəbiyyat və incəsənət” portalına Hədəf-dən verilən məlumata görə, bu il keçiriləcək festivalda 30-dan çox nəşriyyat və kitab mağazasının iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində tanınmış yazıçılar, şairlər, ziyalılar, incəsənət və ictimaiyyət nümayəndələri ilə görüşlər, imza saatları və müxtəlif ədəbi-mədəni proqramlar təşkil olunacaq. Ziyarətçilər üçün kitabların endirimli satışı da planlaşdırılır.

Qeyd edək ki, hər il 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ölkənin müxtəlif bölgələrində “Oxu Günü” tədbirləri keçirilir. “Oxu Günü–11 Kitab Festivalı” da bu ənənənin davamı olaraq xüsusi əhəmiyyət daşıyır.

Festival bütün kitabsevərləri, şagird və tələbələri, eləcə də geniş ictimaiyyəti açıq platformada bir araya gətirməyi hədəfləyir.

Festival 25 aprel 2026-cı il tarixində saat 10:30-da start götürəcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.