ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə olan əlamətdar hadisələri diqqətinizə çatdırırıq.

 

23 oktyabr. Hər şeyin yaxşılığa dəyişilməsi günü

Make a Difference Day. Xəyallarla, illüziyalarla yaşayan insan üçün bundan gözəl günmü ola bilər? Problemlərin, ağrı və acıların içində bir ömür sürürsən, bir gecə də yatıb ayılanda görürsən ki, hər şey yaxşılığa doğru dəyişib, sənin heç bir əvvəlki qayğın qalmayıb, varlı-hallı, şad-xürrəm ailənlə xoşbəxt yaşayırsan, üstəlik, təmsil etdiyin xalq da tüm olaraq xoşbəxtdir, tiranlar daha yel olub da onun yanından ötə bilmir.

Əziz oxucularım, bu gün səmimi qəlbdən hər şeyin yaxşılığa dəyişilməsinə ehtiyacı olan hər birinizə günün öz adını doğrultmasını arzulayıram. Amma məsəl də var, “səndən hərəkət, məndən bərəkət”. Yaxşılığın özbaşına gələcəyinə çox da bel bağlamayın, bunun üçün mütləq çaba göstərin. Allah hər birinizi arzularınıza çatdırsın.

 

23 oktyabr. Mole, tok-şou təşkilatçısı və iPod günü

Mole gününü kimyaçılar qeyd edirlər, mol adlı hissəciyin şəninə qeyd olunur bu gün. Tok-şou müasir televiziyaların proqram setkalarını dolduran bir proqramdır, tok-şouları təşkil edənlər publikaya ən aktual mövzuları transfer edirlər. iPod-u isə tanımayana lənət. Uşaqlarımızı əlimizdən alan, onların gözlərini ziyadan salan, onları dərsdən, ünsiyyətdən kənarlaşdıran bir kabusdur iPod (Apple şirkəti məni məhkəməyə verməsə yaxşıdır). Bu gün - ilk cihazın satışa çıxması şərəfinə qeyd edilir.

 

23 oktyabr. Qar bəbiri, kremli piroq və “Barama”

Beynəlxalq qar bəbiri günü. Macarıstanda Respublika günü. Rusiyada reklam işçiləri günü. Braziliyada aviator günü. Liviyada azadlıq günü. Makedoniyada inqilab günü. ABŞ-da kremli piroq günü. BMT Baş Assambleyasının 1946-cı ilə təsadüf edən ilk iclası günü.

Bir də görürsən, oxucularımdan biri şikayətlənir ki, niyə, tutalım, kosmonavtlarımızdan heç nə yazmırsız. Təbii ki, belədə cavabımız sadə olur, deyirik, rəhmətliyin oğlu, bizdə kosmonavt nə gəzir. Amma elə ki, deyirlər, niyə meyxanaçılarımızdan heç nə yazmırsız, onda adamın deməyə sözü qalmır.  Demək, bu gün tanınmış Azərbaycan meyxanaçısı, müğənni, yazar, bəstəkar və aktyor Aqşin Fatehin doğum günüdür. O, 1978-ci ilin bu günündə Tiflisdə dünyaya göz açıb. Aqşin bir ara “Kurtlar vadisin”ndən təsirlənib, həvəslənib mafiyadan bəhs edən teleserial da çəkmişdi. “Barama” adlanırdı həmin serial. Onun filmində əlində avtomat qaqaşlar Bakı küçələrində atışırdılar. Təbii ki, Aqşin Fatehə izah olundu ki, bizdə belə şeylər keçmir, o da ala-yarımçıq finalı çəkib “Brama”ya əlvida dedizdirdi.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

Cümə axşamı, 23 Oktyabr 2025 14:26

ANAR, “Elçinə“

 

Azərbaycan Ədəbiyyat Fondunun “Yazıçı” nəşriyyatında Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” adlı kitabı işıq üzü görüb. Nəfis tərtibatlı, illüstrasiyalı kitab Azərbaycan ədəbiyyatı irsinə böyük töhfələr vermiş iki nəsildən, onlar barədə həqiqətlərdən və onların ədəbi nümunələrindən ibarətdir.

 

608 səhifəlik bu unikal kitabı tərtib edən Xalq yazıçısı Anar uzun illər ərzində təkcə öz yazdıqlarını yox, qəhrəmanlarının – Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Ənvər Məmmədxanlı və Yusif Səmədoğlunun yazdıqlarını eyni ideya-estetik yaradıcılıq məcrasına qoşaraq, onları eyni axında birləşdirərək ən yeni ədəbiyyatın ən milli paradiqması olaraq təqdim edibdir.

 

“Ədəbiyyat və incəsənət” portalı kitabdan hissələri oxucularına təqdim edir. Anar qəhrəmanlarının ən populyar əsərlərini bir daha yaddaşlarda təzələyir:

 

 

 

ELÇİNƏ

 

Dərdimi suya dedim,

Od tutub alışmadı.

Ölümümlə barışdım,

Həyatım barışmadı.

 

Dostumu incitmədim,

Sözümü daşa dedim.

Əks-səda verdimi?

Bu dünyadan gedəndə

Dönəcəyik birdəmi?

 

Bulud olub torpağa

Yağacağıq birdəmi?

Ağac olub, ot olub

Bitəcəyik burdamı?

Kölgələrə qarışıb

İtəcəyik burdamı?

 

Bir gün mənsiz qalanda,

Telefon zəng çalanda,

ani bir aldanışla

ürəyin diksinəcək,

Görəsən, Anardımı?

Yox, yadına düşməsəm,

Bunun suçu kimdədir –

Elçində, Anardamı?

 

Nədir ömrün mənası?

Belə qısadır neçin?

Mən ki bunu bilmədim,

Sən bilirmisən, Elçin?

                     Noyabr, 1999

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

        SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər)

 

 

-         Biliyin olsa da bir ümman qədər,

          Nadansan əməlin olmasa əgər.

-         Eşşəyə yüklənsə bir neçə kitab,

          Onda nə elm olar, nə  sənət, hünər.

-         Ağıllı dəlini saxlar dünyada,

           Şam dilindən yanar, sovrular bada.

-         Dinlə, bir nəsihət söyləyirəm mən,

          Kim tikan əkibsə, dərməz  yasəmən.

-         Ədəb sayılsa da məclisdə susmaq,

          Məsləhət zamanı danışmaq  gərək.

-         İki şey ağıla nöqsan sayılır,

          Yersiz susmaq ilə yersiz söz demək.

-         Birisi bəslərdi qurd balasını,

           Böyücək məhv etdi öz ağasını.

-         Yaxşı ol, qoy “pisdir” desinlər sənə,

           Nə ki, pis olasan “yaxşı” desinlər.

-         Çiçək gah açıqdır, gah da pünhandır,

          Ağac gah geyimli, gah da üryandır.

-         Darıxma iş görünsə bir qaranlıq quyuda,

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

Cümə axşamı, 23 Oktyabr 2025 13:27

“Biri ikisində” – Fərid Hüseynin şeiri ilə

               

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, sizlərə Fərid Hüseynin şeiri təqdim edilir.

 

                                     

Fərid HÜSEYN

YUXU HƏSRƏTİ

 

Yataq dustağıydı atam çoxdandır,

səhhət böhranları kəsdi kələyin.

Yanından bir an da ayrılmadım ki,

bəlkə, az yaşımla, uşaqlığımla

axır utandıram zalım fələyi.

Səhəri açamaqdan mən dirigözlü,

ölüm əzbərimə döndü – şifahi.

yuxusuzam, yuxusuzam, İlahi.

 

Öldü atam, əl götürdü dünyadan,

əcəl gəlib öz payını apardı.

İntizarım yollara cığır saldı,

atı öldü xoş soraqlı çaparın.

Mənsə onu ha gözləyə-gözləyə

pərdə kimi sıyırmışdım sabahı.

Yuxusuzam, yuxusuzam, İlahi.

 

Mən məhbusdum dörd divar arasında

saat yatdı, əqrəbləri lilləndi.

Elə susdum, elə susdum, Xudaya,

sükutumdan bütün lallar kefləndi..

Yamsıladım göz qırpmayan Allahı.

Yuxusuzam, yuxusuzam, İlahi.

 

Çatdı axır səadətin növbəsi –

mən sükutu qovdum evdən, eşikdən.

Gah ağlayır, gah kiriyir, gah dinir,

oğlum yatmır, – səsi gəlir beşikdən.

Öləziyib daha yatmaq tamahım...

Yuxum gəlmir, yuxum gəlmir, İlahi...

 

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

Cümə axşamı, 23 Oktyabr 2025 14:28

Oğuzun şəhid və qazı müəllimləri

 

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Qarabağ uğrunda döyüşlərdə igidlik və qəhrəmanlıq göstərmiş, müqəddəs şəhidlik məqamına ucalmış şəhid və qazilərin sırasında oğuzlu müəllimlər də olmuşdur. Onları yad etmək, xatirələrini yaşatmaq hamımızın borcudur. Gəlin, onları bir daha yad edək.

 

I Qarabağ müharibəsində rayonumuzun müəllimlərindən Ə.Salamov (Sincan), Ş.Abdullayev (Bucaq), X.Məmmədov (Yaqublu), Ç.Həsənov və R.Nəsrullayev (Yemişənli), X.Babayev (Oğuz 1 saylı), M.Məmmədov (Zərrab), Y.Məmmədov (Şirvanlı), S.Əsgərov (Böyük Söyüdlü), İ.Rəhimov (Qumlaq), S.Səmədov (Baş Daşağıl), Y.Növruzov (Daşüz), F.Məhyəddinov (Oğuz 2 saylı) və digər müəllimlərimiz erməni işğalçılarına qarşı göstərdikləri igidliklərlə öz şagirdlərinə qəhrəmanlıq nümunəsi göstərmişlər.

I Qarabağ müharibəsində Qumlaq kənd orta məktəbinin hərbi rəhbəri İntizam Rəhimov isə uca şəhidlik zirvəsinə yüksəlmişdir.

 

ŞƏHİD MÜƏLLİMİMİZ – İNTİZAM ƏHMƏD oğlu RƏHİMOV

 

Baş leytenant İntizam Rəhimov 1959-cu ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuşdur.1966-1976-cı illərdə həmin məktəbdə oxumuşdur. 1978- 1980-ci illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. İ. Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitunun hərbi hazırlıq fakultəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakultəni bitirmişdir.1987-ci ildə Oğuz rayon Padar kənd orta məktəbində, daha sonra isə Tayıflı kənd orta məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləmişdir.

Qarabağ müharibəsi başlayanda, 1992-ci ilin 14 iyununda İntizam müəllim könüllü olaraq vətənin müdafiəsinə yollanmışdır. 1992-ci il iyul ayının 5-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Vətən uğrunda canından keçmiş İntizam Rəhimovun adı əbədiləşdirilmiş, oxuduğu Qumlaq kənd tam orta məktəbi və Oğuz şəhərindəki küçələrdən biri İntizam Rəhimovun adını daşıyır.

***

II Qarabağ müharibəsində isə müəllimlərimizdən R.Lətifov (Sincan), C.Kamallı (Qarabaldır), E.Kərimov (Bucaq), T.Fərəcov (Sincan) və digərləri öz sələflərinin qəhrəmanlıq ənənələrini davam etdirmiş, yeni tarix - Zəfər tarixi yazmışlar.

Bu döyüşlərdə Sincan kənd tam orta məktəbinin direktor müavini Rəvan Lətifov qəhrəmancasına şəhid olmuşdur.

 

ŞƏHİD MÜƏLLİMİMİZ – RƏVAN ÖMÜR oğlu LƏTİFOV

 

Lətifov Rəvan Ömür oğlu 1991-ci il avqustun 26-da Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur. O, 1997-ci ildə V.İbrahimov adına Xaçmaz kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olaraq "Təhsilin təşkili və idarə olunması" ixtisasına yiyələnmişdir. 2014-cü ildən Oğuz rayon Ə.Abdulhüseyn adına Sincan kənd tam orta məktəbində "Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə" müavin vəzifəsində fəaliyyətə başlamışdır.

29 sentyabr 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün hərbi xidmətə çağırılmışdir. Manqa komandiri olmuş, döyüşlərdə hər zaman öndə vuruşmuşdur

Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmiş, sonra Şuşa uğrunda gedən döyüşlərə qatılaraq qəhrəmancasına şəhid olmuşdur. 16 noyabr 2020-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində Şəhidlər xiyabanında dəfn edilmişdir.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Sonda onu da qeyd etməyi lazım bilirik ki, Qarabağ müharibəsinin şəhid və qazilərinin hamısı vətənpərvər Oğuz müəllimlərinin yetirmələridirlər. Onların hər biri bizim üçün əziz, doğma və unudulmazdır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlıq və uzun ömür diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

                                                             

 

 

 

Rəqsanə Babayeva

Beyləqan rayon mədəniyyət mərkəzinin rejissoru, "Gənclik" xalq teatrının rəhbəri, yazıçı, “Ədəbiyyat və İncəsənət” üçün

 

 

Mədəniyyət insanın ruhunun aynası, cəmiyyətin isə mənəvi sütunudur. O, yalnız incəsənətin məhsulu deyil; mədəniyyət düşüncə, dəyərlər, davranış normaları və mənəvi yönlərin bütöv bir sistemidir. Bu sistem içində bəzən bir-birinə qarşı duran iki istiqamət — elitar (elit) mədəniyyət və kütləvi (populyar) mədəniyyət — meydana çıxır. Hər iki anlayış bir-birini istisna etməsə də, tarix boyu fərqli sosial təbəqələrin dünyagörüşünü, həyat tərzini və dəyərlərini təmsil etmişdir.

 

Bu gün elitar və kütləvi mədəniyyətin qarşıdurması təkcə incəsənət müstəvisində deyil, həm də insanın kimliyində, təfəkküründə və gündəlik seçimlərində özünü göstərir.

 

 

Elitar mədəniyyətin mahiyyəti və tarixi kökləri

 

“Elitar” sözü latınca élite — “seçilmişlər”, “ən yaxşılar” mənasını verir. Elitar mədəniyyət dedikdə, adətən yüksək estetik və intellektual səviyyəyə malik, dərin məzmunlu və düşüncə yönümlü sənət formaları nəzərdə tutulur. Bu cür mədəniyyət növü geniş kütlələr üçün deyil, daha çox müəyyən bilik və zövq səviyyəsinə malik insanların dəyərləndirə biləcəyi yaradıcılıq formaları üçün xarakterikdir.

 

Elitar mədəniyyətin başlanğıcı qədim dövrlərə gedib çıxır. Antik Yunanıstanda Aristotel və Platon kimi filosofların sənətə baxışı belə idi ki, incəsənət insanın mənəvi təmizlənməsinə — katharsisə xidmət etməlidir. Bu, elitar mədəniyyətin ilk nəzəri əsaslarından biri sayılırdı. Sonrakı əsrlərdə Avropa renessans dövrü, elitar sənətin ən parlaq nümunələrini verdi: Leonardo da Vinçinin tabloları, Mikelancelonun heykəltəraşlığı, Şekspirin dramaturgiyası elitar incəsənətin mükəmməl təcəssümü idi.

 

Elitar mədəniyyətin əsas xüsusiyyətlərindən biri simvolik dərinlik və çoxqatlılıqdır. Bu növ mədəni məhsullarda hər detal bir məna daşıyır, oxucu və ya tamaşaçıdan fəal düşünməyi tələb edir. Əslində elitar sənət sadəcə baxmaq və ya dinləmək üçün deyil, anlamaq və duymaq üçün yaradılır.

 

Kütləvi mədəniyyətin doğuluşu

 

Kütləvi mədəniyyət anlayışı XX əsrdə, xüsusilə texnologiyanın inkişafı, kütləvi informasiya vasitələrinin (radio, televiziya, kino, reklam, internet) yayılması ilə formalaşdı. Bu dövrdə sənaye kapitalizmi ilə yanaşı “istehlak cəmiyyəti” anlayışı da meydana gəldi. Artıq mədəniyyət də bir məhsula çevrilmişdi — istehsal olunur, satılır və kütlələr tərəfindən “tələbat” əsasında istehlak edilirdi.

 

Kütləvi mədəniyyətin məqsədi estetik zövqü dərinləşdirmək deyil, əksinə, sadələşdirmək və hər kəsin asan qavrayacağı formada təqdim etmək idi. Bu, həm bazar iqtisadiyyatı üçün sərfəli idi, həm də geniş kütlələrin diqqətini idarə etmək baxımından effektiv bir vasitə.

 

Bu mədəniyyət forması musiqidə “pop”, kinoda “kommersiya filmi”, ədəbiyyatda “best-seller roman”, televiziya və sosial mediada “trend kontent” şəklində özünü göstərir. Kütləvi mədəniyyətin əsas xüsusiyyəti təkrarlanma, sadəlik və emosional manipulyasiya üzərində qurulmasıdır.

 

 

Elitar və kütləvi mədəniyyətin toqquşması

 

Bu iki anlayışın münasibəti çox zaman qarşıdurma şəklində dəyərləndirilir. Elitar mədəniyyət tərəfdarları hesab edir ki, kütləvi mədəniyyət insanın estetik və mənəvi zövqünü korlayır, onu səthiliyə və istehlakçılığa sürükləyir. Onların fikrincə, kütləvi mədəniyyət insanı düşünməkdən uzaqlaşdırır, əylənmək və ani zövq almaq vərdişi yaradır.

 

Digər tərəfdən, kütləvi mədəniyyətin tərəfdarları isə elitar sənətin çox vaxt özünü xalqdan uzaq tutduğunu, yalnız az bir çevrənin anlayacağı səviyyədə olduğunu iddia edir. Onlara görə, mədəniyyət demokratik olmalı, hər kəs üçün əlçatan olmalıdır.

 

Əslində bu mübahisə, “mədəniyyətin məqsədi nədir?” sualına verilən fərqli cavabların nəticəsidir. Əgər mədəniyyətin məqsədi insanı düşündürmək, onu kamilliyə aparmaqdırsa — elitar mədəniyyət ön plana çıxır. Əgər məqsəd insanı gündəlik stressdən uzaqlaşdırmaq, sadəcə əyləndirməkdirsə — kütləvi mədəniyyət öz funksiyasını yerinə yetirir.

 

 

Postmodern dövrdə sərhədlərin itməsi

 

XXI əsrdə texnologiyanın və internetin inkişafı bu iki mədəniyyət növü arasındakı sərhədləri xeyli dərəcədə pozdu. Artıq elitar sənət də kütləvi auditoriyaya daha sürətli çıxış imkanına malikdir. Məsələn, klassik musiqi konsertləri “YouTube” üzərindən milyonlarla insan tərəfindən izlənilə bilir. Eyni zamanda, kütləvi mədəniyyətin bəzi elementləri də bəzən elitar forma qazana bilir.

 

Bu dövrdə postmodernizm ideyası mədəniyyətdə “yüksək” və “aşağı” sənət anlayışlarının sərhədini aradan qaldırdı. Andy Warholun “Campbell’s Soup Cans” adlı əsəri buna simvolik nümunədir: o, gündəlik, sıradan bir məhsulu incəsənət səviyyəsinə qaldırdı.

 

Yəni, artıq “bu sənətdir, bu isə deyil” demək çətinləşib. Hər bir şey – düzgün kontekstdə təqdim olunduqda – sənətə çevrilə bilər.

 

 

Azərbaycan mədəniyyətində elitar və kütləvi yönlər

 

Azərbaycan mədəniyyəti bu iki istiqamətin qarşılıqlı təsirinin çox gözəl nümunəsidir. Xalq yaradıcılığı, muğam, aşıq sənəti və klassik poeziya elitar dəyərləri özündə daşıyır, çünki onların mahiyyətini anlamaq üçün həm bilik, həm də hiss zəkası lazımdır.

 

Eyni zamanda, müasir dövrdə estrada musiqisi, televiziya şouları və sosial media kontenti daha çox kütləvi zövqə xitab edir. Burada məqsəd maarifləndirməkdən çox, əyləndirmək və diqqəti cəlb etməkdir.

 

Lakin maraqlıdır ki, Azərbaycan mədəniyyəti tarixən bu iki xətti qarşı-qarşıya qoymaq əvəzinə, onları bir-birini tamamlayan qüvvələr kimi görüb. Üzeyir Hacıbəylinin yaradıcılığı buna ən gözəl sübutdur. O, xalq musiqisini Avropa klassik ənənələri ilə birləşdirərək elitar və kütləvi mədəniyyətin sintezini yaratdı. “Arşın mal alan” kimi əsərlər həm xalqın zövqünə xitab edir, həm də yüksək musiqi mədəniyyəti daşıyır.

 

 

Müasir çağda mədəni istehlak problemi

 

Bu gün informasiya bolluğu və sosial medianın sürəti nəticəsində mədəniyyət də “ani istehlak məhsulu”na çevrilib. Artıq bir musiqi parçası və ya film uzun illər yadda qalmaq yerinə, bir həftəlik “trend” statusu ilə kifayətlənir. Bu da kütləvi mədəniyyətin əsas problemidir — dayanıqsızlıq və dərinliksizlik.

 

Elitar mədəniyyət isə bu axına qarşı dayanmaqda çətinlik çəkir. Çünki onun qavranılması zaman, diqqət və intellektual səylə mümkündür. Gənc nəsil çox vaxt bu səylə gedən prosesi “yorucu” sayır və daha asan, tez başa düşülən formaları seçir.

 

Beləcə, zövqün demokratikləşməsi baş verir — hər kəs öz “sənət”ini seçir. Lakin bu, keyfiyyətin azalmasına gətirib çıxarır. Bu gün mədəniyyət bazarı bəzən “reytinq”lə “dəyər”i qarışdırır: çox baxılan hər şey dəyərli sayılır, halbuki bu, hər zaman belə olmur.

 

 

Elitar mədəniyyətin  funksiyası və missiyası

 

Elitar mədəniyyətin rolu yalnız “seçilmişlər” üçün sənət yaratmaq deyil, mədəni zövqün səviyyəsini qorumaq və yüksəltməkdir. Bu, cəmiyyətin mənəvi sağlamlığını təmin edən sütunlardan biridir.

 

Bir millətin yüksəlişi yalnız iqtisadi və texnoloji tərəqqi ilə deyil, həm də estetik düşüncə ilə ölçülür. Əgər bir xalqda yüksək zövqə malik tamaşaçı, oxucu və dinləyici varsa, deməli, orada mədəniyyətin təməli sağlamdır.

 

Bu baxımdan, elitar sənət bir növ mədəni yaddaşın qoruyucusudur. O, kütlənin dəyişkən zövqlərinə uymadan, bəşəri dəyərləri və milli kimliyi gələcək nəsillərə ötürür.

 

 

Kütləvi mədəniyyətin sosial rolu

 

Kütləvi mədəniyyətin də öz müsbət tərəfləri var. O, mədəniyyətin yayılmasını sürətləndirir, informasiya mübadiləsini asanlaşdırır, sosial təbəqələr arasında ünsiyyət yaradır. Əgər düzgün istiqamət verilsə, kütləvi mədəniyyət maarifləndirici gücə də çevrilə bilər.

 

Məsələn, keyfiyyətli televiziya serialları və ya sosial media layihələri insanların tarixi, mədəni və əxlaqi dəyərlər haqqında düşünməsinə səbəb ola bilər. Problem onun “səviyyəsində” deyil, məqsədindədir. Əgər məqsəd sırf kommersiya və diqqət qazanmaqdırsa, nəticə səthi olur. Əgər məqsəd insanı düşündürmək, nəyisə anlatmaqdırsa, o zaman bu, kütləvi deyil, mədəni kütləvi sənət səviyyəsinə yüksəlir.

 

 

Balans mədəniyyəti

 

Elitar və kütləvi mədəniyyət bir-birinə qarşı qoyulmamalıdır. Onlar bir cəmiyyətin iki qanadı kimidir. Elit sənət dərinlik verir, kütləvi mədəniyyət isə genişlik. Biri olmadan digəri uçuşunu tamamlaya bilməz.

 

Əsas məsələ onların balansının qorunmasıdır. Dövlət və ictimai institutlar bu balansı tənzimləməli, elitar mədəniyyəti qoruyub dəstəkləməli, eyni zamanda, kütləvi mədəniyyətin keyfiyyətini yüksəltməyə çalışmalıdır.

 

Unutmayaq ki, mədəniyyət yalnız istehsal edilmir — o, yaşanır. Biz necə yaşasaq, necə düşün­sək, necə sevsək — mədəniyyətimiz də elə olacaq.

 

Elitar və kütləvi mədəniyyətin toqquşduğu nöqtədə bir sual daim qalır: biz düşünən cəmiyyət olmaq istəyirik, yoxsa sadəcə baxan?

 

Cavab bu sualda deyil, seçimimizdə gizlidir.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

 

 

 

Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin tərəfdaşlığı keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin rəsmi saytı (www.bakuartweekend.az) artıq fəaliyyətdədir. Saytda festivalın proqramı da incəsənətsevərlərin ixtiyarına verilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, üç gün davam edəcək festivalın proqramında şəhərimizin müxtəlif ünvanlarında keçiriləcək 40-dan çox tədbir yer alıb.

Festivalda iştirak üçün saytda qeydiyyatdan keçmək mütləqdir və bu xidmət artıq bu gündən aktivdir. Qeydiyyatdan keçən hər kəsin e-mail ünvanına QR kod göndəriləcək. Festivalın əsas dəstəkçilərindən olan RİİB könüllüləri festival müddətində QR kodların yoxlanılması və ümumilikdə iştirakçıların düzgün istiqamətləndirilməsində iştirak edəcəklər. Eyni zamanda, festival zamanı uşaqlar üçün təşkil olunacaq əyləncəli proqramda iştirak edəcək hər bir uşağın valideynləri qeydiyyatdan keçməlidir. Festival zamanı bütün fəaliyyətlər ödənişsizdir.

Əlavə məlumat və suallar üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına müraciət edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

Cümə axşamı, 23 Oktyabr 2025 07:32

Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib

 

“Səmavi dinlər” layihəsi əsasında Azərbaycan xalçaçılarının ərsəyə gətirdiyi triptix Vatikanda təqdim edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Roma Papası XIV Leo ilə görüşündə təqdimatı olan bu sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini – sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Triptixin həm Vatikanda, həm də dünyanın müxtəlif ölkələrində sərgilənməsi planlaşdırılır. Bu baxımdan əsərin Azərbaycanın multikultural irsinin dünyaya tanıdılması baxımından mədəni-siyasi mənası var. Bu, Azərbaycanın mədəni səsinin qlobal miqyasda eşidilməsini, Azərbaycan xalça sənətinin yalnız estetik deyil, həm də fəlsəfi dəyər daşıdığını göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

Cümə axşamı, 23 Oktyabr 2025 11:06

“Tələbə yaradıcılığı”nda Rəqsanə Mehtiyeva

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün Ağdam Sosial-İqtisad Kollecinin Məktəbəqədər təhsil ixtisası tələbəsi Rəqsanə Mehtiyeva özünün “Görmədikləri mən” hekayəsi ilədir.

 

Atam işləmək üçün şəhərə getmişdi. Bu gün gələcəkdi.

1 aydan çoxdur ki gedib, bu gün evə qayıdacaq. Bu 1 ay ərzində mənlə heç danışmamışdı. Ancaq ya anamla, yada qardaşımla danışırdı. Onun evə gələcəyi saatı bilirdim və onu görməmək üçün yarım saat əvvəl otağıma getdim. Mən yatacam” dedim. Anam – Bir az gözlə, atan gəlsin, sonra yatarsan - dedi.

Yox dedim, bu gün çox yorulmuşam o gec gələr, mən yatıram.

Tam bildiyim saatda da gəldi. Gözlərimi yumdum ki, oyaq olduğumu bilməsin. Otağıma gəldi, yavaşca məni öpüb getdi. İstəmsizcə gözümdən 1 damcı yaş süzüldü. Uşaq vaxtı gəlib məni öpüb getsin deyə yatmış kimi edirdim, ancaq indi elə bir niyyətim yox idi. Uşaq vaxtı görmədiyim ata sevgisinin yerini indi doldurmağa çalışırdı, ancaq o da bilirdi ki artıq çox gecdi.

Uşaqlıqda atası ilə mehriban olan uşaqları görəndə həsrətlə baxırdım. Bunun tək günahkarı odu, bunun üçün də onu heç vaxt bağışlamayacam. O heç vaxt sözünü tutan biri olmayıb, mənə verdiyi heç bir sözü tuta bilmədi. İndi isə gəlib mənə ad günündə hansı hədiyyəni istəyirsən deyir. Axı mən hər il sənə nə istədiyimi deyirəm, sənsə hədiyyə bir kənara, mənim ad günümü xatırlamırsan.

O gün bütün gecə gəlib getdi, bəlkə oyanaram deyə. Ancaq o hər dəfə gələndə mən gözümü yumub yatmış kimi elədim. Səhər açıldı, otağın qapısının yanında gözlədiyini gördüm. Durub yavaşca yanından keçdim, salam belə demədən. Bilirəm, onun xətrinə dəydi, çünki bütün gecə mənim oyanmağımı gözləmişdi. Ancaq mən balacaykən o da mənə belə davranırdı. O işdən gəlirdi, yatırdı, mənsə bütün gecə otağın önündə gözləyirdim ki, oyanacaq, məni öpüb sonra yatacaq. Ancaq o oynamırdı. Səhər də heç nə olmamış kimi durub gedirdi, üzümə belə baxmırdı. Ancaq qardaşıma qarşı belə deyildi. O nə istəsə alır, ad gününü unutmur, ona sürprizlər edir, onu gəzməyə aparır və daha nələr. Anam da bunu görürdü, ancaq heç nə demirdi. Özümü ögey övlad kimi hiss edirdim. Sanki bu evdə artıq idim.

Həmin gün atam yenə iş üçün getdi. Bəlkə bir də 1 ay sonra gələcəkdi, bilmirdim. Ayda 1 dəfə gəlməyinin səbəbi də qardaşıma aldığı hədiyyələr idi. Hər dəfə gələndə ona mütləq hədiyyələr alırdı. Atam gəldiyi gündən 4 gün sona "Məzun Günü" idi. Ancaq bu onun yadına düşmədi. O ancaq qardaşıma "Dərslərin necə gedir? Müəllimlər səni incitmir ki? Məktəbə gedirsən?" kimi suallar verirdi. Mənim dərslərim ona maraqlı deyildi çünki. Məzun günü oldu. Düşündüm ki bəlkə yadına düşər, heç olmasa zəng edib təbrik edər. Ancaq onun yadına düşmədi. Anamla danışanda anam dedi ki, "Bu gün məzun günü idi qızını təbrik etdin?", o da "Yox təbrik ediləcək nə var ki məzun olub da" dedi. Ondan gözlədiyim də elə bu idi. Çünki ondan bir dəfə olsun xoş söz eşitməmişəm. Nə ad günümü təbrik edib, nə də hər hansı bir uğurumu.

 

***

Artıq məzun olmuşdum, gözəl bir işim, maaşım da vardı. Və o vaxt istədiyim tək şey şəhərdə kiçik bir ev alıb hər kəsdən uzaqlaşmaq idi. Və bu istəyimi artıq reallaşdırmışdım. Artıq sevilməyən, ögey kimi hiss edən o qız yox, yeni həyatında hər kəs tərəfindən sevilən, dəyər görən və parlayan bir qız olmuşdum.

Bəzən uğura gedən yol sevgisizlikdən keçir. Hər an səbrlə dayanmaq lazımdır ki, uğura bir addım daha atasan. Və sonda istədiyindən daha gözəl bir həyat sənin olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

Cümə axşamı, 23 Oktyabr 2025 13:03

Adı yeniyetmələrin dillərində əzbərdir

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Biz deyirik ki, meyxananı ancaq Bakı kəndlərində sevirlər. Amma belə deyil, ölkənin az qala hər yerində yeniyetmələrin bu söz xırıdarlarının sənətinə hədsiz marağı duyulur. Bu sənət tineycerlərimizi nə səbəbdəndirsə özünə bərk bağlayıbdır. Ağasəlim Çildağ, Rəşad Dağlı, Pərviz Bülbülə, Ağamirzə... Çox ad çəkmək olar və əlbəttə ki Aqşin Fateh. Aqşin, məncə, daha fərqlidir, məsələn, özünü kino prodüsserliyində, aktyrluqda da uğurla sınayıbdır, lirik şeirlər ustadıdır həm də. Bu gün Aqşinin doğum günüdür, ömrünün 47-ci ilini başa vurur və 48-ciyə adlayır.

 

Aqşin Fateh (əsl adı ilə Aqşin Hacıyev) 23 oktyabr 1978-ci ildə Gürcüstanın Borçalı bölgəsində doğulub. Ailəsi ilə birlikdə Bakıya köçən Fateh burada təhsil alıb. Uşaqlıqdan poeziyaya və söz sənətinə marağı ilə tanınan Aqşin, yaradıcılıq yoluna erkən yaşlarından başlayıb. İlk addımlarında müxtəlif poeziya gecələrində, tədbirlərdə çıxış edərək öz istedadını nümayiş etdirən Fateh, Azərbaycan xalqının milli ruhunu, həyat təcrübələrini və sevinclərini poetik dildə əks etdirməyi bacaran nadir şairlərdəndir.

Azərbaycanın tanınan meyxanaçı və şairlərindən biridir. Onun əsərləri sevgi, həyat fəlsəfəsi və sosial məsələlərlə doludur. Müasir dövrdə Aqşin Fateh həm ədəbi yaradıcılığı, həm də gənclərə dəstək fəaliyyəti ilə ölkə daxilində və xaricdə geniş tanınır. Öz yaradıcılığında fərqli janrları birləşdirərək geniş mövzu əhatəsi yaradır. Sevgi, həyatın mənası, sosial ədalət və insanın daxili dünyasına dair düşüncələr onun əsərlərində diqqət çəkir.

“Sevgidə Səhra”, “Gözlərimdə İtmiş Yollar” kimi şeir toplusu ilə geniş oxucu kütləsinin diqqətini çəkmişdir. Bu kitablar həm sevgi motivlərini, həm də həyatın mürəkkəb təzahürlərini sadə, anlaşılan və eyni zamanda emosional dərinliklə oxucuya çatdırır. Aqşinin fərqli üslubu, onun səmimi və sadə dillə mürəkkəb duyğuları ifadə etməsi ona xüsusi rəğbət qazandırıb.

Meyxananın populyar simalarından biridir. O, bu janrda “Can Güdən”, “Olmaz” və “Yarım” kimi məşhur ifaları ilə tanınıb. Fateh meyxananın Azərbaycan cəmiyyətində ənənəvi və təsirli bir sənət olaraq qalmasında rol oynayıb. O, həm sevgi, həm də ictimai mövzular üzərində dayanan meyxanaları ilə geniş dinləyici auditoriyasına müraciət edir. Meyxanalarındakı poetik ifadələr və dərin fəlsəfi mənalar onun əsərlərini daha təsirli edir və bu, onu Azərbaycan meyxanasında fərqli bir mövqeyə qaldırır.

Aqşin Fateh gənc şair və meyxanaçılara dəstək verməklə onların inkişafına töhfə verir. Şeir gecələri və ədəbi tədbirlərdə tez-tez iştirak edərək yeni istedadların tapılmasına və onların geniş auditoriyaya çıxış əldə etməsinə yardım edir. Onun rəhbərlik etdiyi tədbirlərdə gənc istedadlara sənət haqqında dərin təlimlər verilir. O, təcrübəsini bölüşərək Azərbaycan poeziyasının gələcəyinə müsbət təsir edir və bu sahədə yeni nəsil sənətçilərin yetişməsinə önəm verir.

Azərbaycan poeziyasına və meyxanasına verdiyi töhfələrə görə bir çox mükafatlara layiq görülüb. Onun əsərləri və musiqiləri Azərbaycan ədəbiyyatında, xüsusilə də meyxanada xüsusi yer tutur. Şairin əsərləri Azərbaycan poeziyasının və meyxanasının inkişafına töhfə vermiş və gələcək nəsillərə örnək olmağa davam edir. Aqşin Fateh Azərbaycan xalqının sevilən sənətkarı olaraq xalq arasında geniş tanınır və sevilir. Onun musiqi əsərləri Azərbaycan mədəniyyətində əhəmiyyətli bir irs yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2025)

97 -dən səhifə 2595

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.