
Super User
SU (İçsəs)
Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Su…
Öncələrdə su vardı.
Öncələrdə nə söz vardı, nə söhbət — yalnız su, yalnız su… və sonsuz bir ruhi dalğalanma vardı.
Dünya, yaradılışın kökündə su ilə mayalandı, mənalandı...
İnsan, ana bətnində bir su damlası kimi var olmağa başladı. - Şair necə deyir? -
“İnsan ana bətninə düşən bir damla sudur,
Doqquz aylıq əsarətdən qayıdır” (M.İsmayıl)…
Həyat
suyla yazıldı,
suyla oxundu,
suyla ağladı... - Bax, bax, “suyla qaraladı” yazmırıq, “ağladı” yazırıq… Suyun günü ağ olsun!
Ustad der, öncələrdə yalnızlıq yox idi, çünki su özü artıq bir bağ idi: öz-özünə sevgi, öz-özünə axış, alxış, öz-özünə səs və söz!
Su - yaşamın bəzən lal, bəzən pıçıltılı, bəzən də hayqırtılarla dolu hadisəsidir: özü su içmir, olur da kükrəyib-daşır amma illa danışmır... Danışmayan su ilə yalnız onu anlayaraq “danışa” - həmsöhbət ola bilərsən…
Nuhun gəmisi,
bir tufanın içində —
ümidsizliyin və vəd edilmiş sabahın arasında —
yenə suyun belində üzürdü, göz işlədikcə, ağıl işlədikcə də, işləmədikcə də üzürdü, üzürdü...
Nuh bilirdi ki, su qərq edər, amma onu da bilirdi ki, Yaradana təslim olan su, yaşadar həm də...
Nuh tufanı suyun İlahi qəzəbi və rəhmətiydi.
Nuhun öyküsündə su bir sınaqdır:
ya imanla axıb qurtulacaqsan
ya azğınlıqda batıb yox olacaqsan.
Bəli, tufan oldu,
qəzəb oldu,
amma yenə də su, bağışlayan əllər kimi
gəmini saxladı, insanı xilas etdi... Bəlkə elə o zaman da suya bəlliydi - vaxt gəlib-vədə yetişəcək, türklər Nuhçıxana, Ağrıdağa çox da uzaq olmayan boğazdan bir gəmini çıxardıb quru ilə “üzdürəcək”lər, “üzdürəcək”lər, sonra yenidən o biri üzdən suya salıb, bir böyükmü-böyük şəhəri fəth edəcəklər! - Və bu fəth bir çağın qapanışı, yeni çağın başlanğıcı olacaqdı!
Su çağlar üstü, üstünmü-üstün doğa hadisəsidir - daha doğrusu, doğanın özüdür, çox şey elə onun doğasındadır…
Su səndən təslimiyyət istəyir,
su səndən təmiz niyyət istəyir.
Yoxsa, səni yuyar, aparar, göyün ağuşunda itirib, dönər...
Su — İlahi Fərmanın həm qəzəbiydi, həm rəhməti…
Biz Nuhun gəmisi kimi dalğalarda üzürük,
biz quşlar kimi suyun üzərində yuvalar qururuq,
biz suyun yaddaşına sirrimizi əmanət edirik.
Nuh bir quş uçurtmuşdu öz gəmisindən…
Göz işlədikcə, ağlın isə gah işlədiyi, gah işləmədiyi suların ortasında bir parça torpaq, bir əlçim ümid sorağıyla...
O quş, min illər sonra Çingiz Aytmatovun yazdığı “Dəniz qırağıyla qaçan alabaş”ındakı quş misaliydi:
Quru torpaq tapmadıqda, öz sinəsinin tükündən yolub, lələklərindən qoparıb, su üzərində dimdiyə dəyər nə varsa, onlarla qondarıb, düzüb-qoşub, elə su üzərindəcə bir yuva qurmalıydı... Qurmalıydı ki, ilk dəfə yumurtalamağı suya dönməsin… Yumurta qoymaq, balalamaq, artmaq, çoxalmaq… - bunlar suyun-qurunun, göyüzünün, gözişlədiyi hər şeyin, hər yanın ortaqsız yiyəsinin öz yaratdığına verdiyi ruhi gücdür, hünərdir…
Quş dimdiyində zeytun budağı dönməsə də, su üzərində yuva qurub dönməliydi… Dönməliydi ki, insanoğlu umuduna umud calasın, yenidən torpağa dönə bilsin: umud-umud, addım-addım, yuva-yuva, ağrı-ağrı… Və də Ağrı deyü…
Fədakarlıq — o, həyatın altun törəsidir.
Özündən verə bilməyən, nə özünə dönərdi, nə yaşada bilərdi. Nuhun gəmisinin yan aldığı dağın Sevinc dağı yox, Ağrıdağı olması da çox manidar deyilmi, sizcə?..
Yenə Aytmatovun təsvir etdiyi sular qoynundakı quş mövzusuna qayıtmaq istəyirəm. Öz canından yuva qurmaq - deyirəm, hikmətə bax, fitrətə bax! - Böyük suların ortasında, “umudsuz bir uçurum”un içində bir qayğılı quş öz sinəsini didib, tükünü, sonra lələklərini suya atırdı: özündən verdikcə, özünə yuva qururdu. Qururdu ki ilk yumurtasını ora qoysun... Bəli, yaradılışın kodu, şifrəsi, varlığın “özündəşeylər”i, mexanizmi işləyirdi…
Bir baxıma, bu, ana instinktinin rəmzidir.
Ayrıca, su, burada yalnız bir maddə deyil,
özündə heç bir dayaq olmayan, amma yenə də həyat daşıyan bir əsasdır.
Yəni su, həm ümid, həm də təhlükədir — ancaq fədakarlıq sayəsində umuda çevrilir.
Ana quşun suyun üzərində yaratdığı yuva, sanki insanın kainatdakı varlığını xatırladır:
-zəiflik, zəriflik içində güc axtarışı qutsaldır;
-doğa, insan və bütün kainat bir-birinin içində və bir-birinə bağlıdır.
İnsanın da yaşamı, fədakarlıqla suyun üzərində qurulmuş kövrək bir yuva misali...
Yaşamaq — suya yıxılmaq deyil, su ilə anlaşmaq, suyu anlamaq və üzüsulu yaşamaqdır.
Canını verən yaşadır,
can olur
canı qoruyan qorumasa, zatən su bilir nə edəcəyini...
Su üzərində qurulan yuva — bütün yaradılmışların öyküsü olmazmı ola?..
Deyir,
torpaqdan gəldik, torpağa dönəcəyik;
bir də, “Mənim sadiq yarım qara torpaqdır” deyir…
Hələ “Sudan gəldik, suya dönəcəyik” demək də var bu dünyada... Dünyada suların atəşlə oynaması var, bir də…
Amma suyun yaddaşında bir iz buraxdınmı? — bax, varlıq dastanı odur, o!..
Quş öz qanadında, öz göyündə,
sular suluğunda,
torpaq sadiqliyində,
dağlar ağrılığında olsun…
İnsanoğlu da belədir:
bir həyat toxumu üçün,
bəzən öz varlığından, öz sevgisindən, öz ruhundan qoparır.
Təlatümlər, dalğalar arasında, umudla - umuddan ötə inamla yarafır-qurur, yuva qurur...
Su, hər şeyi yadda saxlayır:
-İnsanın alxışını,
-Quşun yuvalıq lələyini,
- Dağ ağrılığı-uğruluğunu,
-Yanan şəhərlərin göz yaşını,
-Ana bətnində atan ilk ürək döyüntüsünü...
Suya heyranam, suya.
Ağacla dost olarsa,
üzə gülər tumurcuq.
Od ilə birləşsə, onu söndürər.
Kirlə qarşılaşsa, təmizlər onu.
Unla qucaqlaşsa, xəmir olar, kündələnər.
Günəş ilə birləşərsə, göyqurşağı yaranar...
Ancaq yalnız qalarsa, lillənib, lillənib,
iylənər gün keçdikcə.
Könlümüz də su kimidir -
Başqasında var olan və ona məna qatan…
Di gəl ki yalnızlıqda pozulub,
qəhr olar gedər…
- Bu, ünlü şair Füruğ Fərruxzadın suyu poetik şərhidir…
Bəli, şair belə yazır…
Su tək qalarsa öz mahiyyətindən uzaqlaşar...
Füruğ suyu çiçəkləndirir, kəpənəklər uçurdur -
Su ancaq paylaşanda yaşayır… -
Eynən insan ruhu kimi:
-Ünsiyyətdə,
-Sevgidə,
-Paylaşmada,
-Fədakarlıqda həyat tapır.
Tək qalan insan — “ölü su” kimidir. Hətta, suca belə bir ad da var: Ölü dəniz…
Axmayan su — həyat yox, yalnızlıq deyilmi?..
Bəli,
Fərruxzadın sözləri həm poetik, həm də kulturoloji anlamda çox zəngindir.
Burada su — həm ontoloji (varlıq yönlü), həm də etika və psixologiya yönlü simvol kimi işlənir:
-Su özü-özlüyündə saf, canlı və yaradıcıdır amma yalnız buraxılanda tənəzzülə uğrayır.
-İnsan qəlbi də eləcədir: başqaları ilə ünsiyyətdə, paylaşımda, qarşılıqlı təsirdə, bir sözlə, bir olduqda diri okur, iri olur; təkliyə, təcridə qapılanda isə ruhi geriləmə baş verir.
Füruğ, burada insanın:
-yaradıcı təbiətinə,
-qarşılıqlı əlaqənin həyatverici gücünə,
-yalnızlığın passivləşdirici, bəzən də məhvedici təhlükəsinə işarə edir.
Bu baxış, gələnəksəl Gündoğar mədəniyyət(lər)indəki su fəlsəfəsi (örnəyi, sufizmdə “su”yun həm ruhi təmizlik, həm də təslimiyyət rəmzi olması) ilə çağdaş varoluş fəlsəfəsinin (insanın münasibətlər içində mənalanması kimi) təbii bir sintezidir.
Su özüylə qaldıqda, axmadıqda, çağlamadıqda qoxar lillə qoxar, illa qoxar…
Həyat da belədir:
Paylaşmadıqca, fədakarlıq etmədikcə, sevgi bağları qurmadıqca — qopur, çökür, qəhr olur...
Könül deyir, gəlin bu məqamda Füzulinin “Su” qəsidəsindən Füruğ Fərruxzadın “Su” fəlsəfəsinə axan mədəni-mənəvi nəhrin, ən azından duyğu selinin izini sürək…
Füzuli və Su
Füzuli “Su” qəsidəsində suyu yalnız fiziki bir element kimi deyil, eşqin, yaşamın, diriliyin və kamilliyin rəmzi kimi təsvir edir.
Onun üçün su:
-könlün təşnəliyinin dərmanı,
-yaşamın başlanğıcı,
-təmizlik və saflaşma vasitəsi,
-eyni zamanda, sevgilinin lütfü qədər bərəkətli bir nemətdir.
Ən ünlü misralarından biri belədir:
“Saçma, ey göz, əşkdən könlümdəki оdlarə su
Kim, bu dəklü tutuşan оdlara qılmaz çarə su”.
Füzuli üçün su, ilahi sevginin, məhəbbət yolçuluğunun bir rəmzidir.
Füruğ və Su
Füruğ Fərruxzad isə, suyu, yaşamın, dəyişimin və qarşılıqlı təsirin simvolu kimi təqdim edir.
Onun yorumunda su:
-Öz-özünə qapanmayanda canlı və yaradıcıdır,
-Başqaları ilə təmasda çoxalır, gözəlləşir, təmizləyir,
-Ancaq yalnızlıqda sululuğunu itirir…
Burada su, artıq yalnız bir maddə deyil, insanın mənəvi enerjisinin, bağlarının, ictimai varlığının rəmzidir.
Axar su
Füzuli ilə Füruğun su təsəvvürləri arasında bir poetik çay axır:
-Hər ikisində su həyatla, təzəliklə, diriliklə eyniləşir.
-Hər ikisi tənhalığın və qırılmış bağların təhlükəsindən xəbər verir:
-Füzuli eşqsiz bir həyatın quruluğundan danışır.
-Füruğ tənha qalan suyun suluqdan çıxacağını deyir.
Deməli, Füzuli suyu ilahi və könül bağının şərti sayır,
Füruğ suyu ictimai və mənəvi əlaqənin şərti sayır.
Əslində hər ikisi eyni həqiqəti fərqli dillərlə deyir:
Sevgi varsa — həyat var; bağ varsa — həyat var; o bağ qırılarsa — tənəzzül var. Tənəzzülsə olmasın, olmasın! - Tənəzzül və “Ol”un yalnız bir məqbul variantı var: tənəzzül haqdan, haqlılıqdan uzaq olsun!
Beləliklə,
Füzulidən başlanan su yolu, zamanın içindən axıb gəlir və Füruğun qəlbində təzələnərək yenidən canlanır...
Bu da göstərir ki, böyük mədəniyyətlər və böyük qəlblər həmişə bir-birinə su kimi axar, bir-birində tamamlanar…
Suyun şərhi
…Sən hələ bir məni dinlə:
Deyirəm ki, “su dili”ylə danışdıq bəzən:
Atıldınsa bir gözəlin yalın ayaqlarına –
sevgi oldun sən...
bir igidin arxasınca atıldınsa –
uğur oldun,
çırpıldığın sifətlərdə – soyuq oldun...
Dəryasan - Sakit dedik,
çay olunca - Kür dedik...
Deyirəm,
kür yaşayıb, sakit ölmək
qismət ola,
ana su... – Sakit ölmək...
Ya sənə atılırıq,
ya sən atılırsan üstümüzə...
Üzüsuluykən ölsəydim
bircə...
Sucan şeirim olsun...
Haşiyə 1:
Bax, elə bu yerdə, suyun yaddaşı olduğunu kəşf edən yapon alimi Masaru Emotonun su kristalları üzərindəki ünlü araşdırmalarına da vurğu edəlim. Hərçənd, onun işləri elmi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Biz olaya kulturoloji-fəlsəfi baxışla aydınlıq gətirməyə çalışalım:
-Masaru Emoto su üzərində apardığı eksperimentlərdə göstərdi ki:
-Gözəl sözlər, alxış, musiqi, sevgi dolu münasibət suyun molekulyar strukturunda harmonik və gözəl kristallar yaradır.
-Qəzəb, nifrət, qarğış, pozuq musiqi və ya çirkin fikirlər isə su molekullarını deformasiyaya uğradır, xaotik və necə deyərlər, gərgin strukturlar əmələ gətirir.
Emoto suyun üzərinə müxtəlif sözlər yazaraq və ya musiqilər səsləndirərək bu fərqləri mikroskop altında fotoşəkillərlə sənədləşdirib.
Emoto vurğulayır ki,
2003-cü ildə ABŞ-İraq müharibəsi başlayanda, Yaponiyadakı suların kristal şəkillərində də mənfi dəyişikliklər müşahidə olunub.
-Bu müşahidə kainatın enerjisəl bağlılığı və bir yerdəki şiddətin, başqa yerdəki varlıqlara da təsir etməsi fikrini gücləndirir.
Bu sonuc qədim Gündoğar (Türk-İslam) fəlsəfəsindəki “vəhdəti-vücud” ideyasına — yəni kainatın bölünməz ruhani bir bütün olduğu düşüncəsinə çox uyğun gəlir.
Türk-İslam mədəniyyətində, özəlliklə sufizmdə böyük filosoflar vəhdəti-vücud düşüncəsini əsaslandırıblar:
-Kainatda bir tək əbədi, dəyişməz, mütləq varlıq var;
-Bütün varlıqlar Onun təzahürləri, “kölgələridir”;
-Hər şey bir-birinə bağlıdır, bir-birini təsirləndirir.
Deməli:
-İnsanların iç dünyası,
-Dilimizdən çıxan sözlər,
-Qəlbimizdəki duyğular,
-Dünyadakı hadisələr
kainatın toxumasını dəyişdirir...
Masaru Emotonun kəşfi, sanki elmi müşahidə ilə Sufi hikmətini birləşdirir.
Bəs bütün bu sonuclar bizə nə deyir? - Deyir ki:
-Sözlərimizin, alxışlarımızın, düşüncələrimizin kainatda gerçək təsiri var;
-Sevgi, şəfqət, xoş münasibət — suyu, su vasitəsilə də həyatı gözəlləşdirir;
-Qəzəb, nifrət isə yalnız insan ruhunu deyil, təbiəti və maddi aləmi də çirkləndirir.
Bu isə həm fəlsəfi, həm də mədəni anlamda böyük bir məsuliyyət çağırışıdır:
İçimizi-çölümüzü təmiz saxlamalı, üzümüzün suyunu tökməməliyik ki, kainatın suyu da təmiz qalsın.
(Haşiyənin sonu).
Tarixin və əfsanələrin canlı axtarışı -
“Dirilik suyu”
Tarixdə “Dirilik suyu”nu, “ab-u həyat”ı, “ömür suyu”nu tapmaq arzusu sanki insanlığın ölümsüzlüyə qarşı üsyanı dəyərindədir...
Qədim Gündoğar əfsanələrində bu suyu Xızır və İlyas tapmış sayılır.
Deyirlər, Xızır dirilik suyunu içdikdən sonra zaman və məkan tanımayan, könüllərə yetişən bir ölümsüzlük simvoluna çevrilib.
Bəzi miflərdə İskəndər Zülqərneynin dirilik suyu üçün atəşli gəziləri anılır.
Hətta, yüzillər sonra, Günbatarda belə, Ponce de Leonun (Juan Ponce de León) Amerikada “Gənclik bulağı”nı (La fuente de la Juventud) axtarması buna bənzər universal bir ehtiyacın göstəricisidir.
Bu miflər suyun sadəcə həyatverici deyil, həyatın özünə çevrilən simvolik gücünü ortaya qoymuş olmurmu?..
***
“Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da”…
-Dünya şairlərinin baş komandanı - hikmətin və ölçü-ülgünün şairi, sirlər xəzinəsi Gəncəli Nizami belə deyir.
Bax, bu, sadəcə məişət və fizioloji bildiriş, uyarı deyil, bəlkə yaşam fəlsəfəsinin bir düsturudur:
-sevgi də,
-güc də,
-sərvət də,
-bilgi də — artıq olanda (yumşaq desək) gərginlik yaradır.
Su Nizamidə ölçünün, bəsirətin və kamalın simvoludur. Həddindən artıq olan — hətta və hətta su belə olsa… olmasın.
Bir də,
Şövkət Sürəyya Aydəmirin “Suyu arayan adam”ı var axı…
Bu ünlü türk yazarının 1959-cu ildə yazdığı “Suyu arayan adam” əsəri əslində, təkcə fiziki deyil, ideoloji, mənəvi və tarixi susuzluqdan əziyyət çəkən adamın portretidir. Aydəmirin özkeçmişini yazdığı bu əsərdə “su” həm gerçəklər axtarışı, həm də kimliyə, anlama və məfkurəyə çatmaq yolunun metaforudur.
Aydəmirin “su”yu — türklüyün öz kimliyini və azad yolunu axtardığı savaşdır. Bu, həm də sömürgəçilikdən qurtulmaq istəyən toplumların iç yanğısının hekayəsidir.
“Su” — artıq sadəcə maye deyil, “özünü tapmaq”dır, “özünü aydınlatmaq”dır.
XXI yüzildə enerji və su artıq strateji silaha çevriib.
-Hindistan-Pistan arasında su amili — özəlliklə İndus çayı üzərindəki su anbarları və paylaşma məsələləri — iki nüvə silahlı dövlət arasında böyük bir potensial partlayış yaratmaqdadır;
-Türküstanda Sırdərya və Amudərya çevrəsində ölkələr arasında qovğa təhlükəsi tam aradan qalxmış sayılmaz;
-Afrikada Nil üzərində Efiopiya-Misir arasında gərginliklər gerçək təhlükəyə çevrilmə potensialına sahibdir.
“III Dünya Müharibəsi torpaq deyil, su üstündə olacaq” deyənlər haqsızmı?.. - Şairin ünlü misralarında “Torpağ”ı “Su”ya dəyişdirsək, günah olmasın gərək:
“Su - uğurunda ölən varsa, Vətəndir” - Mavi Vətə!..
Yəni su artıq siyasətin, strategiyanın və savaşın ocağına keçir.
Bu, suyun təbiətdən qəzəbə, diplomatiyadan geopolitik şantaja çevrildiyi çağdır.
Göründüyü kimi, su sadəcə həyatın mayesi deyil —
o, həm mifdir, həm fəlsəfədir, həm ədəbiyyatdır, həm savaşdır, həm də vicdandır!..
Su və insan ruhunun ekizliyi
İnsanla su arasında bir sirr, ruhi bağ var. Var belə bir bağ:
-Sevgini qəbul edən su — insanın ürəyindəki sevinc kimidir;
-Nifrəti qəbul edən su — ruhun qorxusu kimi çatlayır;
-Dua oxunan su — insanın alxış edən qəlbi kimidir.
İnsan ruhu da daim axmalı, təmizlənməli, paylaşmalıdır. Axmasa, təmizlənməsə, paylaşmasa, həm su, həm ruh qaranlıq bir sükuta dönməzmi ola?..
Ustad necə deyirdi? -
Hər şey axar: su, tarix, yıldız, insan və fikir,
Oluklar çift - birinden nur axar; birindən kir.
Axışda dəmətlənmiş, böyük, kiçik, kainat;
O çıxan buluda bax, bu enən suya inad!
(N.F.Qısakürək)
Mənim könlüm belə dedi, qələmim belə yazdı.
Arxanızca su atanınız olsun!
Bu poetik lövhə də bu yazının axarıncı bölümü olsun:
Bulaqlar, bulaqlar,
bol sulu bulaqlar,
Özünüz, özünüz su içmədiniz.
Ağaclar, ağaclar,
bar verən ağaclar,
Meyvə yemədiniz, yarpaq dərmədiz.
Ah, Günəş,
ah, Günəş, hələ sən,
hələ sən...
Səni nə isidər?
Çiçəklər, çiçəklər,
nə qoxlarsınız?
Yağışı üstünə yağmayan buludlar,
bəs sizi kim duyar,
bəs sizi kim ağlar?..
Bir də mən, bir də mən –
Ömrünü özünə çox görən...
Qoy,
Arazları ayırıb, su ilə doyurmasınlar!
Sularımız qovuşsun SUQOVUŞAN olsun!
BULAQLARIMIZ QURUMASIN,
SUYUMUZ AXAR OLSUN!
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
XARİCİ ƏDƏBİYYAT – Natalya Xarlampyevanın şeirləri
Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portalı ilə birgə “Türk mədəniyyətini Azərbaycanda tanıdaq” layihəsi çərçivəsində bu gün sizlərə Saxa Yakutiya Respublikasının xalq şairi Natalya Xarlampyevanın şerləri təqdim edilir. Şeirləri mən tərcümə etmişəm.
“Gəldidm Bakıya...” şerini Natalya Xarlampyeva 2019-cu ildə yazıb, Bakı təəssüratlarını bölüşüb. 1926-cı ildə uzaq Yakutiyadan Bakıda 1-ci Türkoloji qurultayda iştirak etmək üçünBakıya gəlmiş həmyerlilərini yad edib.“Mavi qurd” isə türklərin totemi barədədir.
GƏLDİM BAKIYA
Buludlara yoldaş olub o gecə,
Yol tutmuşam türk yurduna beləcə.
Uzun yolum Moskvadan keçincə,
Ağırlığın hiss elədim bu yolun.
Türkçülüyün yolu asan olmadı,
Yol açanlar özü yolda qalmadı.
Bizim yolun adı Qızıl almadı,
Xəyalını gerçək etdim bu yolun.
Yol gəldim ki, köküm ilə görüşüm,
Yol gəldim ki, ruhum ilə birləşim.
“Yol”- dediyin bəzən ağır səfərdir,
Əvvəlində nələr vardı bu yolun?!
…Eksekül, Alampa, İsidor, Künde,
Bakıya gəlirdi dördü bir yerdə.
Türkün birliyinə qoşulurdular,
Elə bil yenidən doğulurdular.
Türklərin birinci qurultayına
Onlar altı aya yetişmişdilər.
İndi mən də gəldim həmin Bakıya,
Daşı-divarları qədim Bakıya.
Bu geniş, işıqlı böyük salonda
Türkün şövqlə keçən qurultayında
Çıxış eyləmişdi saxa yakutlar,
Türkün birliyindən, əlifbasından,
Türkün kimliyindən danışmışdılar.
Palçıq balaqandan çıxan dahilər,
Heyrətlə baxmışlar bu gözəlliyə.
Qurultay sarayı geniş, işıqlı
Ürəklər dolmuşdu dosta sevgiylə.
İndi o salonda, sirli ocaqda
Dayanıb ətrafı seyr edirəm mən.
Deyirəm görəsən o sələflərim
Hansı səmtdə durub çıxış ediblər?
Saxa Yakutların şirin dilindən,
Bir də varlığından bəhs eləyiblər.
Bir səs oyandırır ruhumu həmən,
Deyir: divarın yanında orta sırada
Yan-yana oturub yakut alimi…
Mən də divarlara çəkdim əlimi.
Orta oturacaq, orta sırada
Saxa sözü ilə döyüşə çıxan,
Saxa heysiyyatın sevib qoruyan
Həmin babaların ruhun görürəm.
Səsləri də hopmuş bu divarlara…
Dönür yanağımdan axan yaşlara.
Bir istilik axır canıma burda,
Ruhum pərvazlanır zəngin sarayda.
Xalqıma yol açan əcdadlarımın
Ruhunu hiss etdim mən həmin anda.
Bu möhtəşəm qala, elm ocağında
Ulu babaların ruhunu tapdım.
Onların iziylə Bakıya gəlib,
Onların adıyla arzuya çatdım.
MAVİ QURD
Bir baxın, bir baxın mavi canavar,
Dağların, çayların üstündə qaçır.
Səhralardan keçir, çöllərdən keçir,
Türklərin izində yeni iz açır.
Bir baxın, bir baxın o mavi qurda,
Keçir düşmənlərin, hiyləgərlərin
Qurduğu tələlənin, torların üstdən
Keçir zəmanənin, tarixin üstdən.
Bir baxın, bir baxın o mavi qurda,
Yurdumun içində yanar alovlar,
Odlar da qorxutmur daha gözünü.
Bizdən daha azad bilir özünü.
Bir baxın, bir baxın mavi canavar,
Türklüyün özüdür, gərəyidir o.
Damarlarda axan mavi qanımız,
Bütün törələrin göbəyidir o.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
REDAKSİYANIN POÇTUNDAN: Zirvələrin fəthində qalan əbədi iz
“Ədəbiyyat və incəsənət”in poçtundakı növbəti məktubun müəllifi İlahə Allahverdiyevadır. O, 2 gün öncə 102 illiyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyev barədə yazıb.
Hər bir xalqın taleyində bəzən elə bir şəxsiyyət doğulur ki, o, yalnız bir dövrün deyil, bütöv bir millətin zamanlar boyunca sönməyəcək ümidinə, dirənişinə və ruhuna çevrilir. Azərbaycan üçün bu şəxsiyyət Heydər Əliyev idi – Naxçıvan torpağında doğulmuş, uşaqkən dağların səssizliyindən, çayın axarından, kənd məktəblərinin tozlu siniflərindən öyrənən, həyatın sərt üzünə erkən yaşlarda bələd olan bir övlad.
O, zamanla bəşəri liderliyə gedən yolun ilk cığırlarını elə bu torpaqlarda çəkdi. Onun uşaqlıq illəri hər səhər günəşin ilk şüasıyla kitab vərəqlərində axtardığı həqiqətlərlə, anasının öyrətdiyi əxlaq dərsləri və atasının zəhmətə olan sevgisi ilə yoğrulmuşdu. Uşaq Heydər ədalətsizliyə qarşı ilk etirazını məktəb həyətində etdiyi bir kiçik haqsızlığa susmayaraq göstərmişdi – bu, sonralar millətin səsinə çevriləcək iradənin ilk titrəyişləri idi.
Zaman keçdi, vətənin göylərinə qaranlıq çökməyə başladı. Sovet imperiyası öz diqtəsini daha da sərtləşdirir, milli ruhu sükuta məhkum etmək istəyirdi. Məhz bu qaranlıqda Heydər Əliyev qəhrəman bir aydınlıq kimi parladı. Ulu Öndərin Sovet rəhbərliyində tutduğu vəzifələr, bir azərbaycanlının imperiya daxilində bu cür yüksək məqama qalxması, təkcə şəxsi uğur yox, milli iradənin təntənəsi idi. Amma bu yüksəlişdən daha qiymətli olan, onun hər addımda Azərbaycan xalqının maraqlarını uca tutması, kimliyimizi qoruyaraq inkişaf etdirməsi idi. Heydər Əliyevin Moskvadakı çıxışları, o dövrdə risk hesab edilən təşəbbüsləri, Azərbaycanın iqtisadi, mədəni və siyasi müstəvisini qorumaq uğrunda apardığı mübarizəsi bir xalq üçün nəfəs, sabah üçün ümidi idi.
1990-cı illərin əvvəlləri. Dağılmış imperiyanın külləri altında can verən bir respublika – Azərbaycan. Qarabağda alovlanan müharibə, paytaxtda küçələrdə dolaşan qorxu, iqtisadiyyatda çöküş, cəmiyyətdə ümidsizlik hökm sürürdü. Məhz bu vaxt, xalqın ruhu təlatümdəykən, yaddaşların dərinliyindən bir ad səsləndi: Heydər Əliyev. O, yenidən səhnəyə döndü, amma bu dəfə təkcə siyasi lider kimi deyil, bir xilaskar kimi. Xalqın tələbi ilə hakimiyyətə qayıtdı – ümidin təcəssümünə çevrildi. Və o gündən etibarən Azərbaycan adlı gəmi, onun uzaqgörən kapitanlığı ilə tufanlı sulardan sabitlik limanına doğru hərəkətə başladı.
Heydər Əliyev ölkədə dağılmış iqtisadi sistemi bərpa etmək üçün ilk olaraq sabitliyi təmin etdi. Siyasi ziddiyyətləri yumşaldaraq, müxtəlif güclər arasında tarazlıq yaratdı. Onun diplomatik məharəti, xalqla olan səmimi ünsiyyəti və çevik qərarları ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Ulu öndər yalnız böhrana reaksiya verən bir lider deyildi – o, gələcəyi qurmaq üçün hər addımı diqqətlə hesablayan uzaqgörən bir strateq idi.
Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi qlobal layihələr isə bu strateji baxışın bəhrəsi idi. Bu layihə ilə Azərbaycan regionda enerji siyasətinin mərkəzinə çevrildi. Neft sərvətini sadəcə iqtisadi rəqəmlərə yox, gələcək nəsillərin rifahına yönəltmək onun əsas amalı idi. “Səhraya səpilən həyat toxumları” kimi, bu layihə də Azərbaycanın çiçəklənən sabahına su səpdi. İqtisadiyyat inkişaf etdikcə, xalqın rifahı artdı, iş yerləri açıldı, yeni fabrik və müəssisələr tikildi. Amma Heydər Əliyevin baxışında inkişaf təkcə maddi deyil, mənəvi tərəqqi də demək idi.
Onun mədəniyyətə, ədəbiyyata və incəsənətə göstərdiyi qayğı milli ruhun təcəssümü idi. Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi, milli ədəbiyyatın qorunması, musiqimizin və incəsənətimizin dünyaya tanıdılması üçün atdığı addımlar xalqın ruhuna verilən can kimi idi. O, keçmişin zəngin irsini gələcək nəsillərə çatdırmaq üçün muzeylər, abidələr, elmi mərkəzlər yaratdı. Tarixə olan bu dərin hörmət Heydər Əliyevin gələcəyi məhz bu keçmişin üzərində qurmaq istəyindən doğurdu. “Milli ruhun memarı” kimi, o, həm keçmişə körpü saldı, həm sabaha yol çəkdi.
Və bu yolda ən dərin yara Qarabağ idi. Yaralı torpağın fəryadı onun qəlbində daim yaşayan bir ağrıya çevrilmişdi. “Qarabağsız Azərbaycan, ürəksiz bədən deməkdir” – bu sözlər onun təkcə siyasi yox, mənəvi inancının da göstəricisi idi. Dahi lider diplomatik yollarla mübarizə aparır, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini çatdırırdı. O, münaqişənin həllində beynəlxalq hüququn və danışıqların gücünə inanır, amma eyni zamanda ordu quruculuğuna da xüsusi diqqət yetirirdi. Unudulmaz liderin gənc zabitlərin yetişdirilməsi, hərbi məktəblərin açılması, silahlı qüvvələrin gücləndirilməsi istiqamətində yürütdüyü siyasət bu gün qazandığımız zəfərin təməl daşları oldu.
Heydər Əliyev, zamanın sınağından çıxmış bir iradə abidəsi kimi xalqının taleyində silinməz iz qoydu. Onun vəfatı hər bir azərbaycanlını kədərə bogsada xatirəsi zamanın axışına meydan oxudu. Abidələr, muzeylər, onun adına salınan yollar, parklar bu sevginin zahiri təcəssümü idi. Əsl xatirəsi isə xalqın qəlbində yaşayır– “Ruhumuzda əbədi bahar” kimi.
Onun qoyduğu təməllər üzərində qurulan müasir Azərbaycan, bu gün də Ulu Öndərin ideyalarının işığında irəliləyir.Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, qətiyyəti və uzaqgörənliyi ilə Vətən müharibəsində tarixi zəfərə imza atan İlham Əliyev atasının siyasətini davam etdirərək xalqla hakimiyyət arasında qurduğu etimad körpüsünü qoruyur. Heydər Əliyevin izləri bu günün hər addımında, sabahın hər ümidində hiss olunur.
Heydər Əliyev bir addan, bir liderlik tarixindən ibarət deyildi. O, Azərbaycan adlı dastanın ölməz qəhrəmanı idi. Hər sətiri əməklə, zəka ilə, vətən sevgisi ilə yazılmış bir həyat hekayəsidir onun həyatı. Və bu hekayə hələ də yazılmaqda davam edir – hər ürəkdə, hər yaddaşda, hər zirvədə...
Çünki o, zirvələrin fəthində qalan əbədi izdir.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
BİRİ İKİSİNDƏ – Cabir Həsənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Cabir Həsənin şeirləri təqdim ediləcək. Qeyd edək ki, müəllif Ağdaş rayonunda yaşayır. 3 kitab müəllifidir. 2022-ci ildən AYB-nin üzvüdür.
Cabir HƏSƏN
BİR GÜN YAŞAMAĞA HƏVƏS OLMASA
Bəxtinə düşən gün səninki deyil,
Dünyadan aldığın nəfəs olmasa.
Ölüm də naz ilə keçər yanından,
Bir gün yaşamağa həvəs olmasa.
Hicran kimdən seçib aralar kimi?
Başına gəlməsə, kim anlar kimi?
Rahat yaşayarsan adamlar kimi,
Öz abrın özünə qəfəs olmasa.
Özünə yüz saray, yüz qala tikdir,
Anlayan yoxdursa, ürəyin təkdir.
Hər işdə Allahdan riza gərəkdir,
Nə xeyri, ha darıx, tələs, olmasa.
DAŞ OTU KİMİ
Ən ağır qəzalar bəxtə bağlıdır,
Ən rahat adamın əlindən çıxır.
Səbir tükənəndə ən acı sözlər
Fağır adamın da dilindən çıxır.
Həyat hər insana tərbiyə verir,
Birdən xoş ovqatı dərdliyə verir.
Bir yanda bu ömrü hədiyyə verir,
Bir yanda ayından, ilindən çıxır.
Cabir, daşıdıqca qəmi xəlvəti,
Getdi cavanlığın dəmi xəlvəti.
Qara gün, daş otu kimi xəlvəti,
Həvəslə gül açıb telindən çıxır.
İNSAN VAR
İnsan var, vəfası zaman qədərdir,
İnsan var, səbəbsiz unudur səni.
İnsan var, həyatdan daha gözəldir,
İnsan var, həyatdan pis vurur səni.
İnsan var, zəkası göz qamaşdırır,
İnsan var, nur üzü ağlı çaşdırır,
İnsan var, rəftarı səbri daşdırır,
Hər sözü yerində qurudur səni.
İnsan var, niyyəti, qəlbi qaradır,
İnsan var, ürəkdə ümid yaradır.
İnsan var, hər sözü ağır yaradır,
İnsan var, bəxt olub ovudur səni.
İŞIQ
Həvəslə tutduğun neçə arzunun
Sonluğu çəkdiyin bir ah qədərdir.
Qanmaza bir kitab kəlam de, yenə
Qandığı özünün ağlı qədərdir.
İmkana bağlıdır canın sazlığı,
Qəlbi rahat tutar vicdan azlığı.
İnsanda imanın çatışmazlığı
Bilərək etdiyi günah qədərdir.
Cabir, yaşayırsan fikri dolaşıq,
Səbəbsiz sevincin ömrü bir qaşıq.
Hər kəsin qəlbində yaranan işıq
Haqqa apardığı pənah qədərdir.
ÇƏKƏRSƏN
Həyata ürəyi həssas doğulsan,
Üzülüb özgənin sözün çəkərsən.
Çox olar əziz dost, əziz qohumlar,
Sən yenə yükünü özün çəkərsən.
Ümidin, məramın vaxtsız ölməsin,
Ən zəif nöqtəni vuran bilməsin.
Dərd azıb qapına qonaq gəlməsin,
Öyrəşib birin yox, yüzün çəkərsən.
Bir gün könüllərin teli birləşər,
Həssas ürəyinə sevgi yerləşər.
Qəfildən araya ayrılıq düşər,
Ağlayıb çıxsa da gözün, çəkərsən.
Bir gün ayılarsan, gəncliyin solub,
Andıqca görərsən gözlərin dolub.
Dünyanın ən gözəl rəssamı olub
Yenə də dünyanın üzün çəkərsən.
AYRILIQ – SEVGİNİN ANIM GÜNÜDÜR!
Alınmadı bizdə sevgi, nə edək,
Adını nə desən, qoyaq, ayrılaq.
Ayrılıq – sevginin anım günüdür!
Ağla, üzümüzü yuyaq, ayrılaq.
Səni sevə-sevə unudaram mən,
Adın da dilimə yovuşmaz daha.
Ömrün qatarından ayrı enənlər
Göy yerə ensə də, qovuşmaz daha.
Bu, sənə yazdığım sonuncu şeir,
Bu, səni andığım sonuncu andır.
Bir nakam sevginin son çırpınışı,
Bəlkə, hiss etdiyim son həyəcandır.
BİR ÖMÜR HEKAYƏSİ
Bu dünyada vəfa adlı bir ev var,
Açıb hər gün qapısından girmişəm.
Məhəbbətin, yoldaşlığın, dostluğun
Doğrusunu, saxtasını görmüşəm.
Hər sözümü keçirmişəm ilmədən,
Ürək coşub dil danışan kəlmədən.
Allah verən ömrü özüm bilmədən
Yaratdığı vaxta qurban vermişəm.
Yol azmadım ömrə enən dumanda,
Yorulmadım yaşamaqdan bir an da.
Hər arzumu tutub (yuyub) uyğun zamanda
Ümid adlı ipin üstə sərmişəm...
YAXŞI Kİ...
Yaxşı ki, dünyada dəyər yaşayır,
Etibar, sədaqət qalır hələ də.
Yaxşı ki, Yaradan ülvi sevgini,
İnsanın qəlbinə salır hələ də.
Yaxşı ki, xəyallar çıxıb getməyib,
Yaxşı ki, ümidin vaxtı bitməyib.
Yaxşı ki, dağların abrı itməyib,
Başını dumanla çalır hələ də.
Yaxşı ki, qiyməti bilinir zərin,
Yaxşı ki, anlayıb, düşünüb dərin, –
Şairlər həyatdan inciyənlərin
Şeirlə könlünü alır hələ də...
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
“Bu tənhalıq kitabların qoxusu ilə boğur məni, kağız kimi islanmış, fikir kimi ağır…” - ESSE
Harun Soltanov, “Ədəbiyyat və incəsənət”
Heç fikirləşmisiniz, niyə bəziləri dənizə tamaşa edər, digərləri isə ora atılar? Birinci qrup həyatın müşahidəçiləridir. Oturub sahildə, əlində çay, ağıllı görünmək üçün "Kafka" deyərlər. İkinci qrup isə, suyun dadını bilmədən rahatlıq tapanlara inanmayanlardandır. Baxanlar təhlükəsizliyin həzzini, atılanlar isə batmağın həqiqətini tanıyır. Mən o ikinci qrupdayam. Sadəcə oxumaqla yox, düşünməklə batmaq istəyənlərdən.
Mən kitab oxumağa belə başlamadım. Mən sadəcə bir səhifəni çevirdim və o andan etibarən geri dönüş olmadı. Çünki bəzi kitablar qapı deyil, girdabdır. Və sən özünü sadəcə itirmək üçün deyil, bəzən tapmaq üçün itirirsən.
Ədəbiyyat mənim üçün sadəcə qəhrəmanlar, süjetlər, müəlliflər deyil. Ədəbiyyat, ayaqqabısı itmiş fikirlərin gəzdiyi sonsuz çimərlikdir. Və mən bu çimərliyə gəzməyə gəlmədim. Mən burda doğuldum. Dənizin kənarında yox, içində. Suyun dərinliyində Dostoyevskinin qaranlığı, Kamyunun absurdluğu, Sartrın yorucu fəlsəfəsi var. Elə bil 100 nəfər eyni vaxtda boğulmaq haqda fikirlərini bölüşür və mən onları dinləməkdən nəfəs ala bilmirəm.
Ona görə də bir gün dedim: “Yetər. Kitab oxumaq yox, onun içində yaşamaq istəyirəm.” Və beləliklə, əlimdə bir Dostoyevski, ürəyimdə bir Nitşe, çiynimdə Sartrın varoluş yükü, başımı tutub dənizə tullandım…
Bəli, burdayam. Üzürəm, boğuluram, batıram. Və qəribəsi budur ki, bunu könüllü edirəm. Mən bu sulara təsadüfən düşmədim, özüm tullandım. Çünki quru torpaqda ayaq üstə qalmaqdan daha yorucudur yaşamaq. Dəniz isə dürüstdür. Səni ya udur, ya da səni sən edən yerə çırpır.
Məni suyun səthində Dostoyevski qarşıladı. Dedi, “Əgər Tanrı yoxdursa, hər şey icazəlidir,” və mən onun gözlərinə baxıb düşündüm. Cavabında, "Elədirsə, bəlkə bu qədər suyun ortasında üzmək də haram sayılmaz” dedim. Bəlkə heç nə icazəli deyil, sadəcə artıq heç kimin icazə verəsi halı qalmayıb. Ardınca Sartr gəldi. İçi boş bir qayıqda, varoluşun mənasızlığına dair uzun bir monoloqla. Dedim, “Sən bu qədər danışarkən biz boğuluruq,” o isə cavab verdi: “Hər kəs öz mənasını öz sualtı tənhalığında tapmalıdır.”
Bəli, tənhayam. Amma bu tənhalıq kitabların qoxusu ilə boğur məni, kağız kimi islanmış, fikir kimi ağır.
Bir gün Nitşe fırtına oldu bu dənizdə. Hər şeyi yıxıb-yaxdı, sonra isə içimə səssizcə bir cümlə atdı. “Əgər kifayət qədər uzun müddət dənizə baxsan, dəniz də sənə baxmağa başlayar.” Bəlkə də mən artıq dənizəm. Başqasına baxan, amma anlamadığına görə qəzəblənən.
Kamyu isə sahil xəritəsi kimi görünür ilk baxışda. Sanki yolu göstərir. Amma o da xəritənin kənarına yazıb ki, “Həyat absurddu.” Mən ona dedim ki, bəlkə də absurdluq xilas yoludur. O isə cavab verdi: “Onda niyə batmırsan?” Cavab vermədim. Mən artıq batıram.
Kirqard axşam sükutu kimi keçdi üstümdən. İnancı soruşdu. Dedim, “İnanıram, amma nəyə olduğunu bilmirəm.” Dedi, “Bütün inamlar, səbəbsizliklə doğulur.” Onda başa düşdüm ki, mən bu suda inamı yox, suyun özünü axtarıram. İnanmaq üçün deyil, hiss etmək üçün. Əlimi sudan keçirdim. Heç nə dəyişmədi. Ədəbiyyat məni özünə çəkmir, mən onun içində çoxdan parçalanmışam.
Borxes isə bir dəfə yuxuma girdi. Dənizin mərkəzində bir kitabxana vardı. Sonsuz kitablar, sonsuz variantlar, sonsuz mənasızlıqlar. O dedi: “Oxuduğun hər kitab, oxuya bilmədiklərinin kabusudur.” Gülümsədim. Onda bildim ki, mən oxuduğumdan çox, oxuya bilmədiklərimin adamıyam.
Hələ Kafka.. O, təkcə boğulan deyil, həm də sənə kim olduğunu xatırladan hayqırtıdır. Məni “Günahsız” adlandırdı. Amma o söz dodağında ironiyadan yapışqan kimi qaldı. Mənə məhkəmə qurulmamışdı. Çünki mən artıq hökmümü özümə vermişdim. Yalnız oxuyanlar belə edər.
Və indi... bu dənizdə nəhayət danışmağı dayandırıram. Çünki çox danışanlar, çox az üzürlər. Mən isə susaraq batmaq istəyirəm.
Ədəbiyyat məni öyrətmədi, məni uddu. Amma nə xoş, öyrədənlərin arasında yox olmaq... Bu, sadəcə batmaq deyil. Bu, yazılmaqdır.
Kənardan görünmür, amma içimdə belə bir cümlə əbədi yaşayacaq: “Mən sözlərin içində batmadım. Sadəcə nəfəs almağı unudacaq qədər çox düşündüm.”
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
TƏLƏBƏ YARADICILIĞI – “Dörd ildir fasiləsiz oxuyuram...”
Ayşən Cəfərli, Ağdam Dövlər Sosial-İqtisad Kollecinin tələbəsi, “Ədəbiyyat və incəsənət” üçün
Bir dəfə kitablar haqqında keçirilən bir tədbirə qatılmışdım. Məqsəd, kitabsevərləri bir araya toplamaq, onların düşüncələrini dinləmək və kitabların həyatdakı yerini paylaşmaq idi. Tədbirin elanını ilk dəfə eşidəndə çox sevinmişdim. Düşünmüşdüm ki, bu, tamamilə fərqli və maraqlı bir təcrübə olacaq. Həyəcanlı idim – birincisi, tədbir kitablarla bağlı idi, ikincisi isə bu mövzu ətrafında söhbətlər etmək, eyni kitabları oxuduğum insanlarla tanış olmaq fürsəti yaradacaqdı.
Amma bəzən gözlədiklərimizlə yaşadıqlarımız bir-birinə bənzəmir. Rəsmi hissə bitdikdən sonra bizdən rahat şəkildə, sərbəst fikirlərimizi bölüşməyimiz istəndi. Mən düşünmüşdüm ki, hər kəs ürəyindən keçəni deyəcək. Amma demə, çoxları əllərindəki vərəqləri oxuyurmuş. Həmin an anladım ki, tədbirdəki gənclərin çoxu ya kitablarla yeni tanış olub, ya da sadəcə gəlmək üçün gəlib. Halbuki mənim üçün kitablar haqqında danışmaq – həm də hazırlıqsız – olduqca təbii bir şeydir. Axı mövzu kitablardır. Nə qədər çətin ola bilər ki? Həm kitab oxuyan insanların zəngin söz ehtiyatı olur. Ən azından üç-dörd cümlə qura biləcək qədər. Bəs onda niyə hər kəsin əlində bir vərəq var? Özü də oxuyanda gözlərini o vərəqdən bir an belə ayırmırlar?
Həmin gün bir az gərgin idim. Elə bildim, yazılı şəkildə təqdim etməliyik. Onlar kitabların onlar üçün nə ifadə etdiyindən danışırdı. “Kitablar insanın inkişafı üçün vacibdir”, “Kitablar bilik mənbəyidir” kimi klişe cümlələr ard-arda səslənirdi. Sözsüz, bunlar doğrudur, amma hər insan üçün kitabların ifadə etdiyi mənanın eyni olduğunu düşünmək – çox səthi yanaşmadır. Kitablar yalnız inkişaf üçün vasitə deyil. Onlar bir ruh halıdır, bir yoldaşdır, bəzən də bir sığınacaq.
Orada iki nəfərin çıxışı diqqətimi çəkmişdi. Onlar oxuduqları kitabları misal gətirərək niyə bu kitabların həyatlarında xüsusi yer tutduğunu izah etdilər. Və bir nəfər də vardı – mənim kimi tədbirə hazırlıqsız gəlmişdi və əlində vərəqi olmayan yeganə iştirakçılardan biri idi. O, elə bu vərəqlər haqqında danışdı və çıxışı mənim çox xoşuma gəldi.
Bəs mən? Siz soruşa bilərsiniz ki, 'Kitablar sənin üçün nə ifadə edir?' sualına sən nə cavab verdin.
Mən danışmadım. Əslində susurdum, lakin səssiz cümlələr qururdum. Əlbəttə, kimsə mənim səssiz cümlələrimi eşitmirdi. Bir də ki, o cümlələri səsləndirəcək cəsarətim də yox idi. Amma həmin günə geri qayıtmaq mümkün olsaydı – ki bu, mümkün deyil – əgər gələcəkdə yenə belə bir tədbirə qatılacaq olsam, kitabın mənim üçün önəmini, nə ifadə etdiyini belə izah edərdim - deyərdim ki, mənim üçün kitablar sadəcə inkişaf vasitəsi deyil. Onlar mənim sığınacağım olub.
17 yaşım var. 4 ildir fasiləsiz oxuyuram. 100-dən çox kitab və bir o qədər də fərqli həyat hekayəsi tanımışam. Əvvəllər bu, sadəcə maraq idi, hobi idi. Amma son bir ildə kitablar mənim üçün bir həyat dəstəyi oldu. Hər bir insanın həyatında qaranlıq anlar olur. Düşüncələrinin içində boğulduğu, çıxış yolu tapa bilmədiyi anlar. Məni ayaqda saxlayan, həmin qaranlıqda işıq olan yeganə varlıq – kitablar idi. Hər kəsdən uzaq olduğum anlarda, sadəcə onlar vardı.
Bəzən insanlar bizi dinləməz, dinləsələr belə anlamaz. Amma kitablar anlayır. Onlar səssizdir, bəli... Amma o səssizlikdə minlərlə cavab gizlidir. Cavabsız qalan bütün suallarımın izahını o səssiz sətirlərdə tapıram.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Xalq artisti Samir Cəfərovun Gəncə konserti rəğbətlə qarşılanıb
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xalq artisti Samir Cəfərovun “Sən elə bir zirvəsən” adlı solo konsert proqramı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, konsertdə Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin sevdiyi məşhur musiqi əsərlərini səsləndirib.
Proqramda Tofiq Quliyevin “Sənə də qalmaz”, Cahangir Cahangirovun “Alagöz”, Elza İbrahimovanın “Salxım söyüd”, Telman Hacıyevin “Lalələr”, Emin Sabitoğlunun “Əsən yellər”, xalq mahnıları “Küçələrə su səpmişəm” və “Nazəndə sevgilim” kimi sevilən musiqi nümunələri ifa olunub.
Gecə boyunca klassik estrada musiqisinin inciləri tamaşaçılara unudulmaz anlar yaşadıb və sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
"Varislər" ədəbi məclisinin rəhbəri İsa Cavadovun doğum günüdür
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin üzvü İsa Cavadov 1931-ci il may ayının 12-də Tovuz rayonunun Aşağı Ayıblı (indiki Əyyublu) kəndində anadan olub. 1950–1954-cü illərdə Gəncə Dövlət Universitetinin (keçmiş APİ) Dil-ədəbiyyat fakültəsində ali təhsil alıb, təyinatla vaxtilə Tovuz rayonunun ərazisi olan Keşkənd orta məktəbində müəllim işləyibdir.
1966-cı ildən Tovuzda "Həqiqət" qəzetinin "Ədəbiyyat və incəsənət" şöbəsinin ştatdankənar müxbiri, 1970-ci ildən bu günə qədər həmin qəzetin nəzdində yaradılmış Aşıq Hüseyn Bozalqanlı adına "Varislər" ədəbi məclisinin rəhbəridir. 1984-cü ildən pensiya yaşına qədər Əyyublu kənd 1 nömrəli orta məktəbdə təşkilatçı müavin, 2011-ci ilin sentyabr ayına qədər əmək veteranı və baş müəllim kimiixtisas üzrə fəaliyyətini davam etdirib.
Ömrünün erkən gənclik dövründən şeir yazmağa başlayıb, oxuduğu və işlədiyi zamanlarda ədəbi-bədii yaradıcılıqla da ciddi məşğul olub. Şeirlərini İsa İsayev, İsa Cavadoğlu, İsa Cavad imzaları ilə çap etdirən müəllifin şeirlərindən və digər yazılarından nümunələr həmin imzalar ilə dərsliklərə, dərs vəsaitlərinə daxil edilib.
1957-ci ildən rayon və respublikanın əksər qəzet və jurnallarında şeirləri, hekayələri, təmsilləri, publisistik yazıları çap olunub, radio və televiziya verilişlərində səsləndirilib.
Çap olunmuş kitabları
"Mən ulu tarixəm"
"Ya qismət"
"Ömrün yolları"
"Daha payızdı"
"Düşüncələr"
"Məktəbə qayıdan oğlan"
"Ata yurdum"
"Tənha qoca"
"Ömür karvanı"
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Niyə uşaqlar yatmazdan əvvəl gözlərini uzun-uzadı açıq saxlayır?
Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bu gün bir şeyin fərqinə vardım.
Böyüklər gözlərini bağlayıb yuxuya gedir. Başımızı yastığa qoyar-qoymaz gözlərimizi yumuruq.
Amma uşaqlar…
Uşaqlar yatmazdan əvvəl gözlərini uzun-uzadı açıq saxlayar. Biz yuxuya tez getmək üçün gözlərimizi ilk başdan yumarkən, onlar ən sonda bağlayar gözlərini.
Bu fərqlilik mənə maraqlı gəldi. Düşündüm ki, bir açıqlaması olmalıdır. Və bir az araşdırmağa başladım. Həqiqətən, düşündüyüm kimi idi. Həm bioloji, həm də psixoloji tərəfləri olduğunu öyrəndim.
Yetkinlərdə beynin yuxuya keçmə prosesi daha avtomatikdir. Gözləri bağlamaq işığı və vizual stimulları azaldır. Bu da melatonin hormonunun ifrazını artıraraq, beynə “artıq yuxu vaxtıdır” siqnalı verir. Ona görə də böyüklər adətən rahatlanmaq üçün gözlərini tez bağlayır və yuxuya keçid daha sistemli olur.
Uşaqların beyni hələ inkişaf mərhələsindədir. Onlar ətraf aləmi öyrənmək, müşahidə etmək ehtiyacı hiss edirlər. Hər şey maraqlı və yeni olduğundan yatmaq istəmirlər, gözlərini bağlamadan dünyanı “axırıncı dəfə” izləməyə çalışırlar. Bundan başqa, bəzi uşaqlar üçün yuxuya getmək həm də ayrılıq, nəzarətsizlik hissi yarada bilər. Ona görə daha uzun müşahidə edir, gec bağlayırlar gözlərini.
Biz artıq hər şeyə alışmışıq – işıqlı otaqlara, səs-küylü küçələrə, tanış üzlərə, eyni düşüncələrə. Baxmağa və təəccüblənməyə ehtiyacımız azalıb sanki. Yatmaq bizim üçün bir növ təmir vaxtıdır — fiziki və zehni istirahət.
Amma uşaqlar…
Onlar hələ heç nəyə doymayıblar. Onların beyni bir anlıq belə dayanmaq istəmir. Gözlərini bağlamaq onlar üçün bir şeyləri qaçırmaq qorxusudur. Onlar ətrafı izləyər, otaqdakı kiçik bir kölgəyə belə göz bərq edər, ananın nəfəs səsini, küləyin pəncərəyə dəyən pıçıltısını dinləyərlər. Onlar üçün hər şey təzədir, ilk dəfədir, son dərəcə maraqlıdır.
Uşaqlar üçün yuxu bir ayrılıqdır — bu gün baş verən gözəl anlarla vidalaşmaq, sabahın nə gətirəcəyini bilmədən qaranlıq bir səssizliyə düşmək. Onlar özlərini bu dünyadan ayırmaq istəməzlər. Bu səbəbdən də gözlərini ən sonda bağlayarlar — tam əmin olana qədər ki, artıq baxacaq başqa bir şey yoxdur.
Bəlkə də böyümək dedikləri şey — gözlərini daha tez yummağı öyrənməkdir. Daha az maraqlanmaq, daha az dayanıb baxmaq, daha az heyran qalmaq…
Amma bir uşaq gözündə dünya necə görünürsə, həyatın həqiqi rəngi də odur. Bəlkə biz də arada bir gözlərimizi açıq saxlamalıyıq — susaraq baxmalı, sadəcə baxmalı və heç bir şeyin “adiləşməsinə” icazə verməməliyik…
Bəlkə də biz böyüdükcə yalnız yuxuya getmirik — baxmağı, təəccüblənməyi də unuduruq…
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
"Xalqa bağışlanan ömür " adlı ədəbi-musiqili tədbir təşkil edilib
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
10 may 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Oğuz rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollekktivinin və Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə Oğuz rayon Mədəniyyət Mərkəzində "Xalqa bağışlanan ömür " adlı ədəbi-musiqili tədbir təşkil edilib.
Tədbirdə əvvəlcə Dövlət himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz və vətənimiz uğrunda şəhid olmuş oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Ümummilli Lider Heydər Əliyev haqqında videoçarx izlənilib.
Oğuz rayon İcra Hakimiyyətinin Başçısı cənab Əbdul-Qədirov tədbirdə çıxış edib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Oğuz rayonunda keçirilən velosiped yürüşü, kros qaçışı üzrə qaliblər və “Nə, harada,nə zaman?” intellektual bilik yarışının qalibləri mükafatlandırılıb.
Yeni Azərbaycan Partiyasının Oğuz təşkilatı tərəfindən yeni partiya üzvlərinə partiyanın vəsiqələri təqdim olunub.
Daha sonra Oğuz rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollekktivinin və Oğuz rayon Uşaq Musiqi Məktəbinin müəllim, şagirdlərinin iştirakı ilə, Ulu Öndərə həsr edilmiş mahnılar ifa edilib, şerlər söylənilib. Milli rəqslərimiz təqdim edilib.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)