
Super User
Qələbənin ruhunu daşıyan Ağdam: Muğam Mərkəzinin açılışı və dirçəlişin daha bir səhifəsi
Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik. “Ədəbiyyat və incəsənət” üçün
2020-ci ilin payızında - sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi bir daha sübut etdi ki, Vətəni qoruyan, onu canı ilə yoğuran xalq məğlubedilməzdir. Bu müharibə Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazıldı. Vətən sevgisi, birlik və şəhidlik kimi ali anlayışlar o günlərdə yenidən canlandı, çiçəkləndi və Zəfərlə taclandı.
Həmin 44 gün təqvimdəki bir-biri ardına düzülən sadə rəqəmlər deyildi. Hər günü torpaq uğrunda canını fəda edən minlərlə qəhrəmanın həyat hekayəsi idi. O günlərdə silaha çevrilən qəlblər, səngərlərdə dua ilə gözlərini yuman mücahidlər, canından keçən gənc əsgərlər bir anda həm qəhrəman, həm də Vətənin özü oldular. Bu gün dağlar onların dilində danışır. Hər zirvə bir igidin adını pıçıldayır. Azad edilmiş ərazilərin adları artıq sadəcə coğrafi məkan deyil, həm də şəhid qanı ilə yoğrulmuş müqəddəs nişanələrdir.
Azərbaycan əsgəri yalnız silahı ilə deyil, ruhu ilə, xalqının duası ilə döyüşdü. Bu Zəfərin arxasında yalnız ön cəbhədə vuruşan qəhrəmanlar yox, arxa cəbhədə dua edən analar, “Qarabağ Azərbaycandır!” deyən uşaqlar, bir millət kimi çırpınan milyonlarla ürək dayanır. 44 gündə Azərbaycan xalqı bir nəfəs, bir yumruq, bir ruh oldu. Müharibə ağrı və acılarla da keçdi. Biz şəhidlər verdik. Göz yaşları axdı. Lakin bu göz yaşları məğlubiyyətin yox, qürurun, Zəfərin göz yaşları idi.
Vətən müharibəsinin qəhrəmanları bu gün də bizimlədir. Onlar bizə öyrətdilər ki, Vətən torpaqla deyil, onun uğrunda canından keçənlərlə ölçülür. Bu gün azad Şuşada dalğalanan bayraq, Ağdamda açılan Muğam Mərkəzi, Xankəndində fəaliyyətə başlayan universitet - hamısı bu qəhrəmanların ruhunun təntənəsidir.
2025-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Muğam Mərkəzinin rəsmi açılışı oldu. Bu, Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvollardandır. Muğam əsrlərin içindən gələn xalq nəğməsidir. İndi isə bu nəğmə yenidən Ağdam səmasında səslənir. Bu musiqi bizim yaddaşımız, ruhumuz, keçmişimiz və Vətənə olan sevgimizin dilidir.
Ağdam Muğam Mərkəzi 507 yerlik konsert zalı, sərgi salonu, dərs otaqları, kitabxana və açıq amfiteatrı ilə milli irsimizin yaşadılması və gələcək nəsillərin yetişdirilməsi üçün böyük bir mədəniyyət abidəsidir. Prezident İlham Əliyevin açılış mərasimindəki nitqi xalqın ruhunu oxşadı. Onun “Biz bu torpaqlarda əbədi yaşayacağıq” sözləri təkcə siyasi mesaj deyil, mənəvi inam və əzmin ifadəsidir.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu layihənin ərsəyə gəlməsində mühüm rol oynayıb. Fondun təşəbbüsü ilə keçirilən beynəlxalq muğam festivalları və gənc ifaçıların dəstəklənməsi milli irsə verilən önəmin göstəricisidir. Qarabağ səmasında səslənən hər nəğmə bizə bir həqiqəti xatırladır: bu torpaqlar bizimdir, biz buradayıq və əbədi qalacağıq. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər, xüsusilə də şəhid ailələri, müharibə veteranları və qazilər üçün böyük mənəvi dayaqdır. Bu çıxışlar milli birliyimizin və dövlətçiliyimizin sarsılmaz dayağını bir daha təsdiqləyir.
2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi. Qondarma “Dağlıq Qarabağ Respublikası” tarixin arxivinə göndərildi. Bu, yalnız siyasi deyil, həm də mənəvi qələbə idi. Bu gün artıq Ağdam dirçəlir. Şəhər yenidən öz ritminə, nəfəsinə qovuşur. Dəmir yolları, avtomobil yolları, yaşayış kompleksləri, təhsil və mədəniyyət ocaqları biri-birinin ardınca istifadəyə verilir. Dəmir Yolu Vağzalı, Ağdam–Xankəndi–Şuşa dəmir yolu layihəsi, planlaşdırılan Xankəndi–Şuşa kanat yolu və digər infrastrukturlar Qarabağın gələcəyinə olan inamın təzahürüdür. Prezidentin bu sözləri isə hər bir azərbaycanlının qəlbində əbədi yer alır: “Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq.”
Ağdam Muğam Mərkəzinin açılışında Prezident İlham Əliyevin söylədiyi bu sözlər gələcəyə olan inamın ifadəsidir:“İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.” Bu sözlər həm mədəniyyətimizin dirçəlişi, həm də milli ruhumuzun yeni mərhələyə qədəm qoyması baxımından dərin məna daşıyır. Azərbaycan xalqı artıq gələcəyə inamla addımlayır. Qarabağın azadlığı ilə başlayıb, onun yenidən qurulması ilə davam edən bu yol, həm fiziki, həm də mənəvi yüksəlişin yoludur. İmarət Kompleksinin bərpası, Ağdam Cümə Məscidindən Qiyaslı məscidinə qədər aparılan işlər, Xaçınçay su anbarı, müasir infrastruktur layihələri, yeni mehmanxanalar və kənd təsərrüfatına qaytarılan münbit torpaqlar - bütün bunlar Azərbaycanın bu torpaqlara verdiyi dəyərin və gələcəyə olan baxışının bariz nümunəsidir. Ən mühüm məsələ isə budur: xalqımız bir amal, bir məqsəd ətrafında – müstəqil, güclü və qalib Azərbaycan uğrunda sıx birləşmişdir. Bu birliyimiz, milli ruhumuz və Vətənə sədaqətimiz bizim tükənməz gücümüz, Zəfərimizin qaynağıdır. Bu münasibətlə bütün xalqımızı, xüsusilə də Ağdam sakinlərini Muğam Mərkəzinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk.
Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman dövlətimizin, xalqımızın və müdrik liderimizin ətrafında sıx birləşərək Azərbaycanımızın parlaq gələcəyi naminə bütün gücümüzlə çalışacağımıza, ölkəmizin rifahı, əmin-amanlığı və suverenliyinin qorunması uğrunda var qüvvəmizi əsirgəməyəcəyimizə söz veririk.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Naxçıvan kitabxanaların əməkdaşları Uşaq Kitabxanasında təcrübədə olublar
6-8 may 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların əməkdaşları peşəkarlıq səviyyəsinin daha da artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi məqsədi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olublar.
“Ədəbiyyat və incəsənət” portalına Respublika Uşaq Kitabxanasından verilən məlumata görə, təcrübə proqramında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Kitabxana işi üzrə baş məsləhətçisi Aygün Heydərli, A.Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının Komplektləşdirmə, kataloqlaşdırma və kitabişləmə şöbəsinin müdiri Nüşabə Seyidova, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası Kitabxanasının Kitabişləmə və kataloqlaşdırma şöbəsinin baş kitabxançısı Rəqib Quliyev iştirak edib.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova qonaqlara kitabxananın tarixi inkişaf yolu, uşaqlara yönəlik layihələri, müxtəlif şöbələrin fəaliyyəti, eləcə də oxucularla aparılan iş metodları ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Təcrübə müddətində, həmçinin mütəxəssislər kitabxana-informasiya xidmətlərinin təşkili, kitabların elektron sistemə daxil edilməsi, həmçinin uşaqlara yönəlmiş maarifləndirici layihələrin hazırlanması prosesini müşahidə ediblər. Onlar, həmçinin müxtəlif yaş qruplarına uyğun keçirilən tədbirlərdə iştirak edərək praktiki biliklərini artırmaq imkanı qazanıblar.
Belə təcrübə proqramları kitabxanaçılar arasında qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla yanaşı, regionlararası əməkdaşlığın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Eyni zamanda, bu cür təşəbbüslər müasir dövrdə kitabxanaların sosial-mədəni mərkəz kimi fəaliyyət göstərməsi üçün zəruri bilik və bacarıqların inkişafına mühüm töhfə verir.
Sonda iştirakçılar təcrübə proqramlarının mütəmadi keçirilməsinin vacibliyini qeyd etməklə yanaşı iş proseslərində və xidmət sahələrində tətbiq olunan yeniliklərlərdən yararlandıqlarını diqqətə çatdırıblar.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
XARİCİ ƏDƏBİYYAT - Jeton Kelmendinin şeirlər kitabı işıq üzü görüb
Dünya şöhrətli Alban şairi Jeton Kelmendinin “Üzümü axtarıram” adlı şeirlər kitabı işıq üzü görüb. Müasir dünya poeziyasının tanınmış simalarından olan Kelmendinin əsərlərini Azərbaycan dilinə şair-tərcüməçi Ümid Nəccari və Fəxriyyə Həsənoğlu çevirib.
“Ədəbiyyat və incəsənət” portalına Ümid Nəccarinin verdiyi məlumata görə, kitabın “Ön söz”ü filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas və esseist Rüstəm Kamala aiddir. Nəşrin redaktoru Kənan Hacı, korrektoru İlahə Ümidli, qrafik tərtibatçısı isə Zülfiyyə Abbasovadır.
Sözügedən şeirlər toplusunda şairin son illərdə qələmə aldığı seçilmiş əsərləri yer alır.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Şəhidlər barədə şeirlər – Dmitri Solntsev
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Dmitri Solntsevə həsr edilmiş şeirlə tanış olacaqsınız.
DMİTRİ ALEKSANDROVİÇ SOLNTSEV
(15.04.1995.-24.10.2020.)
Bakı şəhərində doğulmuş, Rus əsilli, Nəsimi rayonundakı 240 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
Şəhid olduğu yer: Qubadlı rayonu
Dəfn yeri: İkinci Fəxri Xiyaban
Dmitrinin bacısına xəyali məktubu:
-Millətim rus olsa da mən bu yurdun oğluyam,
Bakı mənim ürəyim, Azərbaycan canımdır.
Bakıda doğulmuşam, Vətənimə bağlıyam,
Çörəyi bal kimidir, havası dərmanımdır.
Bakının küçələrin dostlarımla gəzmişəm,
Neçə azərbaycanlı mənə mehriban sirdaş
Birlikdə göy Xəzərdə fərəh ilə üzmüşəm,
Onlara söyləyirəm, ürəklə, “Brat”, “Qardaş”.
ADNSU-nun fərqlənmə diplomunu almışam,
Heç zaman tərk etmərəm mən anamı-Vətəni,
Meylimi bu şəhərə, Bakımıza salmışam.
Cavabın verəcəklər törədənlər fitnəni.
Bacım, salamat qalın, gedirəm Qarabağa,
Paşamızın1 qisası tezliklə alınacaq.
Az qalıb, qovuşacaq yurdimuz gözəl çağa,
Xankəndində, Şuşada himnimiz çalınacaq.
1-Paşamız-General Polad Həşimov
ƏHSƏN, DMİTRİ
Könüllü əsgər oldun əhsən, Dmitri, sənə,
Döyüşdün Füzulidə, Hadrutda, Zəngilanda.
Necə ürəklisənmiş, bağlısanmış Vətənə,
Ürəkdən sevinirdin yurd yerlərin alanda.
Bu torpaqda şəhidlik özü də səadətdir,
Qubadlının uğrunda candan keçdi Dmitri.
Şəhidlər müqəddəsdir, isanlığa zinətdir,
Onlar qurban gediblər doğma diyardan ötrü.
Həmişə dürüst idin, söylərdin həqiqəti,
Fəxri bir sakin oldun sən “Fəxri Xiyabana”.
Gözləyirdin inamla müqəddəs ədaləti,
Unudulmaz oğulsan doğma Azərbaycana.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Azərbaycan mətbəxi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
Aşqabad Beynəlxalq Məktəbində keçirilən “Beynəlxalq mətbəx festivalı”nda Azərbaycan zəngin mədəni irsi və turizm potensialı ilə təmsil olunub.
Azərbaycanın Türkmənistandakı səfirliyindən AzərTAC-a bildiriblər ki, səfirlik tərəfindən qurulmuş guşədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalçaçılıq ənənələri, milli geyimləri, memarlıq üslubu və turizm imkanlarını əks etdirən təqdimatlar nümayiş etdirilib.
Guşədə “azerbaijan.travel” turizm portalı və “Made in Azerbaijan” brendinə dair bannerlər quraşdırılıb, milli məhsullar və sənətkarlıq nümunələri nümayiş olunub. Azərbaycanın milli mətbəxinə məxsus yeməklər və şirniyyatlar da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanı tanıdan kitablar, broşürlər və müxtəlif nəşrlər paylanıb, fotoaçıqcalar, suvenirlər və milli geyimlərimizi əks etdirən materiallar nümayiş etdirilib. Azərbaycan guşəsi festivalın diqqətçəkən mədəni təqdimat məkanlarından biri olub və qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.
Azərbaycan səfirliyinin əməkdaşları ziyarətçilərlə söhbətlərində ölkəmizin zəngin mədəni irsi, tarixi ənənələri və turizm potensialından bəhs edib, bu irsin beynəlxalq platformalarda tanıdılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
ÇALIŞQAN, İŞGÜZAR - Bank of Baku-da yeni təyinat olub
Azərbaycan bankçılıq sferasında özəl bank sektorunun ən qabaqcıllardan hesab edilən Bank of Baku-da yeni təyinat olub. Günel Əbdürrəhmanova bankın rəqəmsal marketinq şöbəsinin rəhbəri təyin edilib.
“Ədəbiyyat və incəsənət” portalı Valyuta.az-a istinadən xəbər verir ki, Günel Əbdürrəhmanova bankda fəaliyyətinə 2017-ci ildə başlayıb, bundan öncə isə o, banco.az iqtisadi informasiya portalında kontent meneceri, redaktor kimi çalışıb.
Qeyd edək ki, Günel Əbdürrəhmanova Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili alıb. Daha sonra Anadolu Universitetində Korporativ Kommunikasiya üzrə magistr dərəcəsi əldə edib. Hazırda isə Azərbaycan Dövlət Pedaqoji Universitetində PHD üzrə təhsilini davam etdirir.
Daim hər yerdə öz müsbət keyfiyyətləri, ən əsası, çalışqanlığı, işgüzarlığı ilə seçilən gənc kadrın yeni vəzifəsini doğruldacağı, əlbəttə ki, şübhə doğurmur.
“Ədəbiyyat və incəsənət”
(13.05.2025)
Qazaxıstanda “MONOFEST” Beynəlxalq Teatr Festivalı başlayıb
Bu gün - mayın 12-də Qazaxıstanın Kostanay şəhərində “MONOFEST” Beynəlxalq Teatr Festivalı açılıb. Festivalda ölkəmizi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mayın 16-da nümayiş olunacaq “Kontrabas” tamaşasının quruluşçu rejissoru Xalq artisti İrina Perlova, ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.
Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.
Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan öncə özü-özünə sədaqətli olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Gənclər Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilən elektron məlumat bazası hazırlanıb
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında onun həyat və yaradıcılığına həsr edilən elektron məlumat bazası hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verikən məlumata görə, kitabxananın rəsmi saytında yerləşdirilən elektron məlumat bazasında yazıçının həyat və fəaliyyətinin əsas tarixləri, bir sıra görkəmli şəxslərinin onun haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər, layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, filologiya elmləri doktoru Vaqif Yusiflinin “Mənim tanıdığım Maqsud İbrahimbəyov”, Əməkdar jurnalist Əli Nəcəfxanlının “Ədəbiyyatımızın zadəgan nasiri” kimi məqalələrinin tam mətni təqdim edilir. Azərbaycan və rus dillərində tərtib edilən elektron bazada Maqsud İbrahimbəyovun məcmuələrdə, dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin, publisistik məqalələrinin, yazıçı haqqında qələmə alınan kitabların, məqalələrin siyahıları yer alır.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada “Xatirəsinin əbədiləşdirilməsi” “Filmoqrafiya”, “Foto və videoqalereya” bölmələri, Maqsud İbrahimbəyovun kitablarının virtual sərgisi də təqdim edilir.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Qızmar günəş və kitab - SƏRGİ TƏƏSSÜRATLARI
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Nəşriyyatlar Assosiasiyası idarə heyətinin sədri Şəmil Sadiqin II Naxçıvan Kitab Sərgisi barədə qeydlərini diqqətinizə çatdırır.
9, 10, 11 may günləri... Üç gün üç gecə Naxçıvanda kitab sərgisində olduq. 23 nəşriyyat, 30-dan çox yazıçı, şair, naşir... Məncə, hərə özünü, öz xislətini, xarakterini yaxşı bilir. Hətta bir addım atanda da içindəki “mən” onu nəyin gözlədiyini pıçıldayır. Bunu duymaq çətin deyil. Mən də qonaqları Naxçıvana dəvət edəndə bizi nəyin gözlədiyini yaxşı bilir və heç tərəddüd etmədən gəlmələrini istəyirdim. Artıq ikinci dəfə idi...
Həm torpağımızın, həm havamızın, həm suyumuzun, həm duzumuzun, həm də bunlardan yoğurulan camaatımızın qonaqları necə qarşılayacağını öncədən bilirdim. Bura tanıdığım və tanımadığım bütün camaatımız daxildir. Hər şey elə başdan yaxşı getdi. İlk dəfə idi, dövlət qurumu ANAİB-i kitab sərgisinə dəvət edirdi. İndiyəqədərki 21 sərgidə biz təşəbbüs göstərmiş, məktub yazmış, şəxsi əlaqələrimizdən istifadə etmişdik. Bu dəfə isə Naxçıvan şəhər İcra Hakimiyyəti dəvət etdi. Əsas təşkilati işləri də öz üzərinə götürdü. Əslində, elə belə də olmalıdır, amma biz o qədər az görürük ki, təəccüblənməmək əldə deyil. Prosesə icra başçısının müavini səviyyəsində nəzarət edilirdi. Bəli, sərgi başladı, rəsmilər gəldilər, stendləri bir-bir gəzib kitablarla tanış oldular. Buna qədər isə Naxçıvanın özünəməxsus idarəetməsi ilə üz-üzə qaldıq. Kəskin və kontinental... Stendlərin pərdəsinin necə olmasından başlamış, masaların eyni sıra ilə düzülməsinə qədər tövsiyələr eşidirdik. Bir az ləng tərpənəndə özləri də işə əl atırdılar. Axı naşir və yazıçılar bir az əhli-kef olur, rahat davranırlar. Məsələn, “Stendlər saat 09:30-da hazır olmalıdır” deyilibsə, elə də olmalıdır. Bir sözlə, hər detal düşünülmüşdü. ... Müasir karvansaraları xatırladan Saat meydanı. Buludlar yerlə süzür sanki. Yerə o qədər yaxındır, elə bilirsən, bir azdan sarmaş-dolaş olacaq. Yer göyə, göy yerə sevgi tərənnümü edir. Elə naşirlərlə kitablar da yerlə göy kimi idi. Stendin gözəlliyi üçün o kitabı bura, bu kitabı ora qoyur, sonra bəyənmir və yenə yerini dəyişir. Naxçıvanda onu da gördüm ki, sərgiyə sadəcə kitab, yaxud imza almaq istəyənlər gəlirlər. Yəni “Yoldan keçirdim, bikar idim, boş vaxtım vardı” yox, “Kitab almaq istədiyim üçün gəlmişəm” deyirdilər iştirakçılar. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini bir neçə məktəblinin kitab seçdiyini görüb: “İcazə verin, sizin kitabların pulunu mən ödəyim”, – deyir. Uşaqların üzü gülür və hamısı seçdikləri kitabdan əlavə bir kitab da götürürlər... Qonaqlardan bir yazıçı deyir ki, taksidən düşəndə sürücü məni tanıdı, ödənişi götürmədi... Bir qonaqsa deyir ki, Naxçıvanı və naxçıvanlıları belə təsəvvür etmirdim… Bir naşir deyir ki, oxucular çox intellektualdırlar, kitabla bağlı xeyli müzakirə aparmışıq... Bir satıcı deyir ki, digər sərgilərdən fərqli olaraq heç kim hədiyyə kitab istəmir... Biri də deyir ki, filan restoranda yediyim toy bozbaşı, daş küftə ləzzət elədi... Biri də qayıdır ki, hər şey yaxşıdır, amma restoranlarda xidmət səviyyəsi çox pisdir. Xoş sözləri eşidəndə zövq alan və qürurlanan mən tez Atatürklə ingilis lordunun söhbətini misal çəkib bunu da yaxşı yerə yozuram: Atatürklə lorda xidmət edən bir xidmətçi çayı dağıdır, ingilis lordu bunu ironiya ilə qarşılayır. Bu zaman Atatürk deyir ki, bu millətə hər şeyi öyrətdim, bircə qulluqçuluqdan başqa. Hə, yeri gəlmişkən, Naxçıvan havası da öz sözünü deyir, qızmar günəş, şıdırğı yağış, sərin hava tez-tez növbələşir. Bəli, Naxçıvan tarixində ikinci möhtəşəm kitab sərgisi – Bookfest baş tutdu. Həm təşkilatçılar, həm iştirakçılar razı qaldılar. Özü də, sərgi qızmar günəş altında könüllülərin yallısı ilə bitdi. Geriyə xoş təəssüratlar və gələnilki sərgiyə daha yaxşı hazırlaşmaq arzusu qaldı. Həm maairfçi, həm təşkilatçı, həm də naxçıvanlı kimi elimdən başıuca ayrıldım. Çünki hansısa problem ANAİB-in və doğma torpağımın adına xələl gətirmədi. Bu sərgi bizə nə qazandırdı: 1. Azərbaycan nəşriyyatçılığının əvvəlki illərə nisbətən inkişaf etdiyini göstərə bildik. 2. Oxucular yerli müəlliflərlə tanış oldular. 3. Oxucular Azərbaycan kitabçılığının bir-iki nəşriyyatdan ibarət olmadığını anladılar, fədakar gənclərin inkişaf etdirdiyi çoxsaylı yayım evləri ilə tanış oldular; 4. Anladıq ki, sərgidən əvvəl bölgənin xarakter və tələbatını araşdırmalı, mövcud statistika ilə tanış olmalıyıq. 5. Bütün sərgilərə eyni şövqlə hazırlaşmalı, təşkilatlanmalıyıq. 6. Bölgə sərgilərinin keçirilməsini ən az üç ay öncədən elan etməli və təbliğat-təşviqat işləri aparmalıyıq. 7. Məktəb və universitetlərin bu prosesə cəlb edilməsi üçün aidiyyəti qrumlarla ciddi işləməliyik. Bu gözəl təşkilatçılığa və təşəbbüsə görə Prezidentin Naxçıvan Nümayəndəliyinə, Naxçıvan şəhər İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm. Ümid edirəm, digər bölgələrimiz də Naxçıvandan nümunə götürərlər. Elə biz də kəm-kəsirlərimizi aradan qaldırarıq.
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)
Mövsümün əsas moda hadisəsi — Baku Fashion Week!
Bakıda inanılmaz bir moda hadisəsi yaşanacaq - Baku Fashion Week!
Bakı Konqres Mərkəzində 16, 17 və 18 may tarixində seyrçilər dünya modasının çağdaş durumu atmosferində olacaqlar.
Onlar 2025–2026 payız/qış kolleksiyalarını, tanınmış və yeni dizaynerlərin nümayişlərini, xüsusi quraşdırılmış showroom-ları, fəaliyyət zonalarını və moda sənayesinin unudulmaz atmosferini yaşayacaqlar.
Tədbir bölgənin ən müasir və simvolik məkanlarından biri olan Bakı Konqres Mərkəzində keçirilməsi də rəmzidir. Bakıda moda tarixinin yeni dövrünün bir hissəsi olmaq fürsətini seyrçilərə məhz bu məkan yaratmağa qadirdir.
“Ədəbiyyat və incəsənət” portalı tədbirin öroqramını fəqdim edir:
16 MAY EMRE ERDEMOGLU (Türkiyə) CONFIDANCE (Azərbaycan) UVENTA (Azərbaycan)
17 MAY SAINT ASLAN (Azərbaycan) DADA’S (Azərbaycan) CIHAN NACAR (Türkiyə) TUVA (Azərbaycan)
18 MAY ZHIWJ (Tacikistan) FİDAN SADİQ (Azərbaycan) CHOVGHUN (Azərbaycan)
Başlanğıc: saat:18:00–22:00
“Ədəbiyyat və incəsənət”
(12.05.2025)