ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Redaksiyanın poçtundan nəzərinizə çatdıracağımız növbəti yazı Seymur Əliyevindir. O, mərhum professor Həsən Mirzəyevə həsr etdiyi şeirini sizlərə təqdim edir.

  

Böyük alim, görkəmli türkoloq, Qərbi Azərbaycan həqiqətlərinin 

yorulmaz carçısı mərhum professor Həsən Mirzəyevin ölümsüz 

xatirəsinə ithaf olunur!

 

Bir alim var, ziyası işıq saçır illərə,

Cəsarəti, zəkası düşüb dildən-dillərə,

Yurd sevgisi nəğmətək yayılıbdır ellərə,

Sözü vətənin sözü, səsi vətənin səsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

 

“Dərələyəz” deyibən məşəl kimi yanan o,

Hər kəndi, hər kəsəyi daim yada salan o,

Dərəçiçək, Qəmərli, Əştərəki anan o,

Onu səslər vətənin Zəngəzuru, Göyçəsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

 

Bir ömür vətən üçün sipər etdi sinəsin,

Kitablara çevirdi gözlərinin giləsin

Faş etdi düşmənlərin qan qoxulu hiyləsin,

O, vətən fədaisi, o bir söz sərkərdəsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

 

Nə qədər ki, bu xalq var, xalqla birgə yaşar o,

Dəli Kürlə kükrəyər, xan Arazla daşar o,

Ölümsüz bir nəğmətək sərhədləri aşar o,

“Vətən” deyib dolaşar yer üzünü nəfəsi,

Yaşayacaq hər zaman, Həsən Mirzə zirvəsi!

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

 

Bazar ertəsi, 28 İyul 2025 10:02

İnanmaq istəyirəm... - PORTRET

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Zəhmətkeşdir, işləməkdən zövq alır. Daim elmi axtarışlarla məşğuldur. Alicənab və təmənnasızdır. Güclü intellekti var. Dürüstlük tərəfdarıdır, harada olduğundan asılı olmayaraq saflığını həmişə qoruyur. Adamları idarə etmək işində gözəl qabiliyyəti var. Duyğularını yalnız zəruriyyət olduqda büruzə verir. Son dərəcə inadkardır və nə istədiyini yaxşı bilir. Detalları xırda təfərrüatlarına qədər öyrənməyə çalışır. O, həqiqətdə həyatdan heç bir şey ummur, necə deyərlər, qəlbigeniş və gözütox adamdır. Ədalətsizliyə qarşı cəsarətlə çıxış etməyi bacarır. Tənqidi zəkası, incə yumor hissi və inkaredilməz iradəsi onun varlığına xüsusi rəng qatır. Tünlüyü xoşlamır. Onun soyuqqanlı göründüyünə aldanmayın, bu təəssürat aldadıcıdır. O, insan təbiətinin bütün nəcib cəhətlərini özündə birləşdirə bilib. Loyaldır, vəfalıdır, təmizdir. Vicdani borc hissi güclüdür. Ona bel bağlamaq olar, xəyanətdən çox uzaqdır. Çox təvazökardır. Ürəyini açmağı, eləcə də başqalarını sorğu-suala tutmağı xoşlamır...

 

Deyir ki: - “Texnoloji medianın həyat tərzimizə daxil olması ilə sosial münasibətlər dəyişib, virtual folklor anlayışı gündəmə daxil olub. Texnologiya əsrində üz-üzə kommunikasiya yerini virtual auditoriyaya tərk edib, radio, televiziya, ən əsası da internetin inkişafı ilə yeni şifahi ədəbiyyat nümunələri yaranıb. Böyük bir sənaye şəbəkəsi formalaşdıran kütləvi informasiya vasitələri sadəcə xəbərləşmə, əyləncə vasitəsi kimi deyil, həm də bilgi paylaşımı vasitəsi kimi də istifadə edilir. Kütləvi informasiya vasitələrinin əsas qolu təkcə rəsmi olan qəzetlər, jurnallar, telekanallar, radio stansiyaları deyil, həm də internet şəbəkələri, müxtəlif formatlarda mesaj alan mobil telefonlardır. Belə bir mühitdə yeni ənənə formalaşdıran media aşıq sənətinin, aşıqlıq ənənəsinin dəyişməsinə də səbəb olub. Bu da insanların müasirlik, postmodernizm, şəhərləşmə, köçlər, populyar mədəniyyət, moda və media kimi Qərb yönlü bir həyat tərzi seçmələri, bunun da mentalitet dəyişikliyi yaratması baş verib. Bu dəyişikliyin nəticəsində ortaya çıxan aşıq sənəti və onun daşıyıcısını biz Neoaşıq adlandırdıq. Termin ilk baxışda bir az qəribə səslənə bilər, ancaq informasiya-kommunikasiya texnologiyaları dövründə bu termin, bizcə, müasir aşığın fəaliyyətinə, yaradıcılığına, dünyagörüşünə tam uyğundur. Çünki Neoaşıq özünəməxsus ifa tərzinə və sosial-mədəni statusa sahibdir. Ən əsası da Neoaşığın müasir dövrdə zərurətdən yaranması məsələsidir. Bu, heç də aşıqları klassik və Neoaşıq deyə iki qismə ayırmaq mənasına gəlmir. Neoaşıq dəyişən aşıq sənətinin nəticəsində ortaya çıxıb. Onun əsas funksiyası virtual mühitdə və virtual auditoriya qarşısında ifa etdiyi sənətidir. Dəyişən şərtlər daxilində aşıq sənətinin vəziyyəti, ifa tərzində yeniliklər, klassik ənənədən uzaqlaşma və bizim Neoaşıq adlandırdığımız aşığın özəllikləri hələ ki, tədqiqat predmeti olmayıb.”

Nitqi olduqca sadədir, fikirlərini çox. rahat ifadə edə bilir. Dərin zəkaya malik olduğu üçün, heç kəs onun qədər həmsöhbətlərini dinləməyi bacarmır. Çox vəfalıdır. Göstərilən etimadı tamamilə doğruldur. Başqaları üçün əlindən gələni edir, sədaqəti öz-özünü hər şeydən məhrum etmək dərəcəsinə qədər çatır. Dostları haqlı olaraq, ona hörmət bəsləyirlər. Hər hansı ədalətsizlik onda etiraz doğurur və o, vəziyyəti düzəltmək üçün əlindən gələni etməyincə sakitləşmir. Bir sözlə, o, müdrik, zəngin dünyagörüşlü, əsl filosofdur...

Haqqında söhbət açdığım Füzuli Gözəlov (Bayat) 1958-ci ildə Masallı rayonunun Xırmandalı kəndində dünyaya gəlib. 1984-cü ildə Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə Özbəkistan EA Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında ilk elmi işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Füzuli Bayat 1997-ci ildə isə "Oğuz dastanı: tarixi-mifoloji kökləri və spesifikası" mövzusunda doktorluq işi müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib. 1993-1995-ci illərdə AMEA-nın "Ortaq türk ədəbiyyatı" şöbəsinin müdiri olub, 1995-1999-cu illərdə isə "Dədə Qorqud Ensiklopediyası"nda baş redaktorun müavini vəzifəsində çalışıb. 1999-2008-ci illərdə Türkiyənin Qaziantep Universitetində işləyib. 2003-cü ildən 2012-ci ilədək AMEA Folklor İnstitutunun aparıçı elmi işçisi olub. 2012-ci ildən həmin institutun "Müasir Folklor" şöbəsinin müdiri vəzifəsində çalışır. 56 kitabın, o cümlədən, 45 monoqrafiyanın, 13 tərcümə və tərtib kitablarının və 200-dən çox elmi məqalənin müəllifidir...    

“Media mühitində simvollaşdırmanın folklor variantı ortaya çıxır. Məsələn, yeni məzmunlu atalar sözləri və məsəllər, aforizmlər, deyimlər, mahnı sözləri və lətifə başlıqları və sözləri, ənənəvi folklor qəhrəmanlarının ironik modelləri, tanınmış şəxsiyyətlərin parodik obrazları buna misal ola bilər. Bu isə son dövrlərdə tədqiqatçıların da qeyd etdiyi kimi, kütləvi informasiya vasitələrində intertekstualizmin artdığını göstərir. Artıq belə bir mühitdə verbal folklordan danışmağa dəyməz. Çünki folklorun və konkret olaraq aşıq sənətinin, aşıqlıq ənənəsinin dəyişməsinin əsas səbəbi insanların müasirlik, postmodernizm, şəhərləşmə, köçlər, populyar mədəniyyət, moda və media kimi Qərb yönlü həyat tərzi seçmələri, bunun da mentalitet (zehniyyət) dəyişikliyinə səbəb olmasıdır. Bütün bunlar cəmiyyətdəki mədəni dəyişikliklərin əsas səbəbləri olduğundan virtual folklor anlayışını da gündəmə gətirir. Virtual folklor üz-üzə söylənən xalq ədəbiyyatından fərqli olaraq folklorun texnologiyalaşmasıdır. Təbii ki, aşıq da bu prosesin içindədir və baş verənlərə ən tez reaksiya verən söyləyicilərdən biridir. Bütün hallarda folklorun KİV-də reallaşması media məkanının xüsusi mülkiyyəti ilə müqayisədə, məlumatların müntəzəmliyini və təkrarlanmasını təmin edən vasitələrlə həyata keçirilir. Həm də ünsiyyət vasitələrinin çoxkanallı və dəyişkən olmasına töhfə verən texniki vasitələrin köməyi ilə şifahi söz sənəti məlumatları ötürmə vasitəsi kimi yeganə və ən məqbul vasitə olan sözə əsaslanır. Neoaşıq texnologiya əsrində repertuarında sözdən daha çox musiqiyə yer verir, bunu ondan televiziya kanalları, internet yayımları tələb edir. Neoaşığın performansı həm görsəl, həm də dinlənilən mediaya bağlıdır."- söyləyir.

Özünüreklamdan çox uzaqdır. Cəmiyyət içində ön planda olmağı, seçilməyi xoşlamır. Sakit yaşamağa və özünü səbirli aparmağa üstünlük verir. İncə və səmimi yumoru yaxşı duya bilir. Çox emosionaldır və hamıya qarşı mehriban olmağa çalışır. Həyatda stabil olmaq onun ən müsbət xüsusiyyətlərindəndir. Yalanı qəti sevmir və heç kimə bağışlamır. Hətta qarşısındakı insanın yalan danışdığını dərhal hiss edir.  

İş həyatında intizamlı olduğu üçün adətən işləri uğurlu alınır. Demək olar ki, müvəffəqiyyət onun alın yazısıdr. Problemlərin həllində isə çox mahirdir...

Xülasə, inanmaq istəyirəm ki, folklorşünaslıq, dil tarixi, təsəvvüf ədəbiyyatı üzrə ölkədə tanınan filologiya elmləri doktoru, professor Füzuli Bayatın ən böyük uğuru hələ irəlidədir. Nə vaxtsa ona da - Akademik- deyə müraciət edəcəklər...

 

“Ədəbiyyat və incəsənət”

 

(28.07.2025)

Bazar ertəsi, 28 İyul 2025 09:31

Mina Rəşidin poeziyasında nikbin xəyallar

 

Nurlana İşıq, “Ədəbiyyat və incəsənət” üçün

 

İtalyalı Roberto Benigninin “Həyat gözəldir” filmində yaddaqalan bir səhnə var: nasist əsgər yəhudi bir atanın kürəyinə silah dayamış halda onu aparır. Bu an ata altı-yeddi yaşlı oğluyla göz-gözə gəlir. Göz vurur və oğluna bunun sadəcə bir oyun olduğunu xatırladır. Bəli, oyun...

Qanlı müharibənin içində, ölümün nəfəsini hiss edərkən belə uşağının xəyallarını qorumaq üçün atanın seçdiyi yeganə yol – oyunu davam etdirməkdir. Gerçəkliyin ən sərt və qəddar olduğu bir yerdə, fantaziyanın, sevginin və inamın gücü ilə uşaq dünyasını qorumaq gerçək qəhrəmanlıqdır.

Bənzər bir duyğunu bizim şairəmiz Mina Rəşid də yaşayıb. Müharibənin içindən çıxan bu qadın poeziyasında oyunu, qarı, uşaq təmizliyini – yəni sülhü seçib. Silahı deyil, qarı seçib.

 

İstəyirəm qar yağsın,

Qara gün qarda batsın.

Adamlar bir-birinə

Güllə deyil, qar atsın.

 

Bu, sadəcə şeir deyil – bir arzudur, müqavimətdir, dualı bir ümiddir. Mina Rəşid silahı qarla, nifrəti oyuna, qaranlığı günəşlə əvəz edir. Bu arzuda sanki yəhudi atanın “oyun” adlı uydurması ilə Mina Rəşidin “qar” metaforası eyni mərkəzdə – sevginin və uşaq təxəyyülünün qələbəsində birləşir.

Filmdə “böyük oyun”un mərkəzində ata ilə uşaq, müharibə ilə xəyallar, həyatla ölüm qarşı-qarşıya gəlir. Uşaq müharibənin içində olduğunu dərk etmir. Oyun onu qoruyur. Oyun – həyatın gözəl qalan yeganə hissəsidir. Qərbdə bu film çəkilən zaman, Şərqdə Mina kimi bir gənc qadın müharibədən yenicə çıxmışdı. Ancaq onlar ikisi də həyata dair başqalarından daha çox nikbindirlər, daha çox ümidlidirlər.

 

Müharibə sözünü görüm

Qar-çovğun alsın.

Qar yağsın, qoy silahlar

Qarın altında qalsın.

 

Filmin sonunda oğul atasının söz verdiyi kimi tankı görür  və qalib olur. Oyun bitir. Tankın içində gülümsəyən əsgər var. Güllə atılmır. Bu, oyunun və inamın qalib gəldiyi andır. Ata həyatda qala bilməsə də, onun nikbincəsinə qurduğu xəyalı qalib gəlmişdi.

Elə Mina da atasını itirmişdi. Amma onun da arzusu yerinə yetmişdi, çünki müharibəni qarğıyıb, sülhü alqışlamışdı:

 

Qara qəlblər ağarsın,

Dünyaya yağsın bu qar.

Qışın tən ortasında

Günəştək doğsun bu qar.

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

 

 

 

 

 

İnci Məmmədzadə, “Ədəbiyyt və incəsənət”

 

28 iyul günündə dünyadan köçən ünlülərdən biri də Azərbaycan Respublikasının xalq artisti Tələt Qasımovdur. Gözəl səs tembrinə malik müğənninin lent yazıları hələ də sevilə-sevilə dinlənilir.

Tələt Qasımov 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olub. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl edib və mərsiyəxan olub. Sonradan isə xanəndəlik sənətinə gəlib.

O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirib. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınıb. Tələt Qasımovun repertuarı zəngindir.

O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edib. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılıb. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır. Ustad sənətkarlardan dərs alan Tələt Qasımov muğam ifaçılığı ənənələrini ömrünün sonunadək müvəffəqiyyətlə davam etdirib. "Rast", "Zabul segah", "Şur", "Hümayun" muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanıb.

O, uzun illər "Azərkonsert" Birliyinin solisti olmuş, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində–Türkiyədə, İranda, Almaniyada, Rusiyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə ləyaqətlə təmsil edib. Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olub.

O, 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 

 

Bazar ertəsi, 28 İyul 2025 08:29

Ağstafadan Sumqayıta - 70 illik işıqlı iz

Arif Qafarov,

Sumqayıtın Hacı Zeynalabdin Qəsəbə Ağsaqqalar Şurasının sədri, “Ədəbiyyat və incəsənət” üçün

 

Sadə bir kənd uşağının həyatı... Amma bu həyat sadə görünən izlər qoymayıb. Bu, həm torpağa, həm təhsilə, həm də insanlığa xidmətin mükəmməl təcəssümüdür. Əziz oxucular, sizi belə bir insanla tanış etmək istəyirik: “Əməkdar müəllim”, pedaqoq, yazıçı, ağsaqqal Məhəmməd Məmmədovla.

Məhəmməd müəllimin ilk addımları 1955-ci il iyulun 25-də doğulduğu Ağstafa rayonunun Poylu kəndinin torpaqlarında başlayıb. Orada oxuyub, təhsil alıb və arzularını böyüdüb. Gənclik illərində torpağın sehrinə, coğrafiyanın möcüzələrinə bağlayan sevgi onu 1974-cü ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə gətirib çıxarır. Amma onun həyatının xəritəsi yalnız tədris auditoriyalarında cızılmırdı. O, Vətəninə və təbiətə olan sevgisini daha gənc yaşlarından göstərmişdi. Bakı Yaşıllaşdırma İdarəsində çalışarkən şəhəri yaşıl donlara bürümək arzusu ilə işə başlayır.

Daha sonra 1986-cı ildə Dəmir yolunun hərbiləşdirilmiş mühafizə xidmətində çalışır, məsuliyyətli vəzifələr daşıyır. Amma həyatının əsas missiyası onu yenidən məktəbə qaytarır - bu dəfə müəllim kimi. Elə buradan başlayır əsl təhsil fədakarlığı. 1991-ci ildə Sumqayıt şəhərinin 19 nömrəli məktəbində coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətinə start verir. Qısa zamanda bacarığı, peşəkarlığı və insanpərvərliyi ilə seçilən müəllim kimi tanınır. Daha sonra, 2004-cü ildəTəbiət Elmləri Təmayüllü Gimnaziyaya dəvət olunur və direktor müavini vəzifəsinə qədər yüksəlir.

Məhəmməd Məmmədovun müəllimliyə olan sevgisi yalnız dərs deməklə bitmir. O, fənn olimpiadalarının komissiyalarında çalışıb, dərsliklərin hazırlanmasında iştirak edib, kitablar yazıb, layihələr həyata keçirib. Onun müəllifi olduğu testlər kitabı və dərs proqramları uzun illər yüzlərlə müəllimə və minlərlə şagirdə yol göstərib. “İlin müəllimi” adına, “Respublikanın qabaqcıl təhsil işçisi” döş nişanına və “Əməkdar müəllim” fəxri adına layiq görülməsi də məhz bu zəhmətin qiymətləndirilməsidir.

Amma bu ömür yalnız məktəb divarları ilə əhatələnmir. Məhəmməd müəllim yaşadığı Hacı Zeynalabdin qəsəbəsində də nümunəvi ictimai fəal, ağsaqqal kimi tanınır. Qəsəbədə tullantılarla dolu bir ərazini şagirdləri ilə birlikdə təmizləyib, burada Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Qayıbovun adını daşıyan istirahət bağı salması onun vətəndaşlıq missiyasının simvoludur. O bağda uşaqlar üçün əyləncə meydançası, yaşlılar üçün dincəlmək yeri yaradılıb, tədbirlər keçirilib, musiqi səslənib. Həm təbiətə, həm insanlığa dəyər verən belə şəxslər cəmiyyətin tək dayaq sütunlarıdır.

Məhəmməd müəllim həm də məhsuldar yazıçı və publisistdir. O, indiyə qədər 17 kitabın müəllifidir: 9-u elmi-metodiki, 8-i isə publisistik xarakterlidir. Onun “Vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı”, “Vətən mənə oğul desə”, “Xatirələrdə qalan ömür” kitabları şəhidlərə, qazilərə və Vətən tarixinə həsr olunub. Bu kitablar məktəblərə və ailələrə hədiyyə olaraq paylanıb.  Məhəmməd müəllimin öyrətmək missiyası məktəbdən kənarda da davam edir.

Sadaladıqlarımız bir ömrün içində toplanmış yüzlərlə işin yalnız bir hissəsidir. Latviya və Danimarka kimi ölkələrdə təcrübə mübadiləsində iştirak edib, beynəlxalq sertifikatlar alıb. O, hər bir mərhələdə daim öyrənib, yenilənib, inkişaf edib.

Bu gün o, ağır xəstəliklə mübarizə aparmasına baxmayaraq, yaradıcılığını davam etdirir. “Ömrün unudulmaz anları” və “Poylu kəndinin ensiklopediyası” adlı yeni kitablar üzərində işləyir. Çünki onun üçün həyat - işləmək, yaratmaq və faydalı olmaqdır.

Məhəmməd müəllim bütöv bir nəsilin tərbiyəsində payı olan bir ağsaqqaldır. Onun fəaliyyəti təhsil tariximizə, vətəndaşlıq nümunəsinə örnəkdir.

Məhəmməd müəllim yalnız təhsilə və cəmiyyətə deyil, ailəsinə də eyni sevgi və məsuliyyətlə yanaşan bir insandır. Övladlarının uğurlarını qürurla izləyir, nəvələrinin gülüşündə gələcəyə inam tapır. İllərin zəhmətini, həyat təcrübəsini iki övladında, dörd nəvəsində görür. Onun təkcə dərs verdiyi şagirdlər deyil, ailəsi də onun dürüstlüyündən, alicənablığından, zəhmətsevərliyindən ilham alır. Həyat yoldaşı təqaüddə olan riyaziyyat müəllimi Rəhilə xanım hərtərəfli qayğısını çəkir, ona yaxından köməklik göstərir. Qızı Billurə onun yolunu davam etdirərək qəsəbə Hacı Zeynalabdin qəsəbə,19 nömrəli tam orta məktəbdə müəllim işləyir.  Elə bu səbəbdəndir ki, Məhəmməd müəllimin ömrü yalnız onun yaşadığı illərlə deyil, etdiyi əməllərlə ölçülür.

O, zəngin, mənalı və nümunəvi həyat yolunun daha bir mərhələsinə çatıb – bir neçə gün öncə yubileyini qarşılayıb. Bu əlamətdar günlərdə Məhəmməd müəllimi ürəkdən təbrik edir, ona sağlam ömür, tükənməz ilham və ailəsinin, şagirdlərinin sevgisi ilə dolu nurlu günlər arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(28. 07.2025)

 

 

 

 

 

 

 

 

Bazar ertəsi, 28 İyul 2025 08:02

Musiqiçilər ailəsinin görkəmli nümayəndəsi

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan SSR xalq artisti Vasif Adıgözəlovun bu gün doğum günüdür. Yəqin ki, Sovet dönəmində parlamış bu məşhur bəstəkarın adı çoxunuza tanışdır.

Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğlu, müğənni Rauf Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun atasıdır.

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edib. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.1989-cu ildən professor adını alıb. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik edib.

2 opera ("Ölülər (opera)", "Natəvan (opera)"), 5 musiqili komediya ("Hacı Qara (operetta)" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana"), 4 oratoriya ("Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"), 3 kantata ("Novruzum", "Təntənəli"), 4 simfoniya, 6 instrumental konsert, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

Filmoqrafiya

- Aktrisanın təbəssümü

- Balaca çoban

- Bir tale naxışı.

- Cazibə Qüvvəsi

- Həyat bizi sınayır

- Keyfiyyət nişanı

- Kədərimiz... Vüqarımız...

- Kişi sözü

- Qaraca qız

- Qəribə əhvalat

 

Mükafatları

- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

- "Azərbaycan SSR xalq artisti" fəxri adı

- 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı

- "Şöhrət" ordeni

- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

- "İstiqlal" ordeni

 

Pedaqoq, musiqi xadimi Vasif Adıgözəlov 15 sentyabr 2006-cı ildə ömrünün 71-ci baharında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(28.07.2025)

 Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu axşam saat 20-dən 23-dək Bakı Olimpiya Stadionunda fırtına qopacaq, dünyaşöhrətli müğənni Jastin Timberleyk (Justin Timberlake) konsert verəcək. Biletlərin qiyməti 77 manatdan başlayaraq 590 manata qədərdir. 

 

Bu adi konsert deyil, Azərbaycanın tanınması baxımından mühüm əhəmiyyət kəsb edir, üstəlik, iqtisadiyyatımız üçün də  faydalıdır. Çünki bu konsertə qatılmaq üçün 25 min turist ölkəmizə səfər edib. Belə ki, dünyadakı tur şirkətləri Timberleykin Bakıda konserti üçün tur paketləri hazırlayıb. Bu paketə tək konsert proqramı yox, həm də Bakının gəzməli, tarixi yerləri və restoranları ilə tanışlıq da daxildir. Yəni, turistlər Jastinin  konsertinə baxmaqla yanaşı, ölkəmizi də gəzirlər, onu tanıyır və pul xərcləyirlər. Bu da ölkənin tanınması və iqtisadiyyat baxımından olduqca əlverişlidir.

Ümid edirəm, Jlo, Beyonce kimi dünyaşöhrətli ifaçılar da ölkəmizə gələr və iqtisadiyyatımıza xeyir verərlər.

 

iTicket Production və DREAM Group International qürurla təqdim edir:

AZƏRBAYCANDA İLK DƏFƏ!
Bakı Olimpiya Stadionunun möhtəşəm səhnəsində — bənzəri olmayan Justin Timberlake! 10 qat GRAMMY mükafatı laureatı, dünya şöhrətli ulduz, “Can’t Stop the Feeling!”, “SexyBack”, “Mirrors” kimi hitlərin müəllifi — Bakıda unudulmaz şou ilə çıxış edəcək!

Castin Timberleyk çoxsaylı istedada malik olan sənətçidir —  müğənni, prodüser, bəstəkar və aktyor. Karyerası ərzində o, dünya üzrə 54 milyondan çox albom və 63 milyon sinql satıb. Bundan əlavə, *NSYNC qrupunun solisti kimi 70 milyon albom satışına nail olub. Timberleyk pop, rəqs və R&B janrlarında ümumilikdə 10 GRAMMY mükafatı qazanıb. Bu mükafatlara onun uğurlu solo albomları “Man of the Woods”, “The 20/20 Experience”, “FutureSex/LoveSounds”, debüt albomu Justified və Jay-Z ilə əməkdaşlıqları daxildir.

Castin Timberleykin mahnıları və videoları dünya üzrə 23 milyarddan çox dinlənmə və baxış sayı toplamışdır. O, həmçinin “Saturday Night Live” şousundakı yaddaqalan çıxışlarına görə 4 dəfə “Emmy” mükafatı qazanıb. Aktyor kimi o, “DreamWorks” studiyasının məşhur animasiya franşizası olan “TROLLS” filmlərində (o cümlədən 2023-cü ildə çıxan “TROLLS BAND TOGETHER”) səsləndirmə etmişdir. Onun “TROLLS” filmindən olan “Can’t Stop the Feeling!” mahnısı 2017-ci ildə “Oskar”da “Ən yaxşı orijinal mahnı” nominasiyasına layiq görülmüşdü.

Ən son olaraq Timberleyk 18 yeni trekdən ibarət olan  “Everything I Thought It Was” albomunu buraxdı. Alboma “Selfish” və “No Angels” kimi hitlər daxildir.

Baş tutacaq konsertdə pərəstişkarlar ifaçının yaradıcılıq yolunun sevilən hitlərini, eləcə də artıq bütün rəqəmsal platformalarda mövcud olan "Everything I Thought It Was"albomundan yeni mahnıları dinləyə biləcəklər

 

Sea Breeze-də mənzil sahibi olmaq şansı!

Sadəcə 27 iyul 2025-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Castin Timberleyk konsertində iştirak etməklə Sea Breeze-də mənzil sahibi olmaq fürsətini qazanırsınız.

Sea Breeze şirkəti Iticket Production ilə birgə “Sea Breeze-də mənzil biletlə” adlı reklam aksiyasına start verir. Konsertin iştirakçılarından biri, Sea Breeze kurort şəhəri ərazisində yerləşən yeni Park Lane yaşayış kompleksində sahəsi 37.5 m² olan studiya tipli mənzilin sahibi olacaq.

Aksiyada iştirak etmək üçün sadəcə konsertə bilet almaq və tədbirdə şəxsən iştirak etmək kifayətdir.

Hər biletin üzərində unikal ştrix-kod var və bu kod avtomatik olaraq aksiyada iştirak edir. Qalib təsadüfi seçim yolu ilə müəyyən olunacaq və konsertdən sonra üç gün ərzində elan ediləcək. Aksiyanın nəticələri rəsmi Instagram səhifəsində paylaşılacaq: @seabreeze.realestate

Qalibə, bilet alışı zamanı göstərilən telefon nömrəsi və ya e-poçt ünvanına rəsmi bildiriş göndəriləcək.

Aksiyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər.

Aksiyada iştirak etmək istəməyən şəxslər bu barədə  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  ünvanına elektron məktub göndərməlidir. Məktubun mövzusu “Aksiyada iştirakdan imtina” olmalı və aşağıdakı mətn daxil edilməlidir:
“Mən, [Ad, Soyad], 27.07.2025-ci il tarixində keçiriləcək Castin Timberleyk konserti çərçivəsində təşkil olunmuş Reklam Aksiyasında iştirakdan imtina edirəm. Biletimin iştirakdan çıxarılmasını xahiş edirəm.”
Məktuba biletin surəti əlavə olunmalıdır.

Ətraflı qaydalarla tanış olmaq üçün linkə keçid edin: https://iticket.az/page/apartment-in-sea-breeze-for-the-ticket

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Mədəniyyət barədə, məxsusi, incəsənət sahələri barədə biliklərimizi artırmağın zamanı gəlibdir. İncəsənət sahəsində bir neçə maraqlı məqamı sizə təqdim edirəm:

 

1.    Renessans dövrü və insanın bədii ifadəsi:

Renessans dövrü (14-17-ci əsrlər) incəsənətin ən böyük inkişaf mərhələlərindən biri hesab olunur. Bu dövrün sənətkarları, məsələn, Leonardo da Vinci, Michelangelo, və Raphael, insan bədəninin mükəmməl şəkildə təsvirinə xüsusi diqqət yetirmişdilər və öz əsərlərində insanı mərkəzə almışdılar.

 

2.    İzpressionizm və rəngin yeni təhlili:

19-cu əsrin sonlarına doğru Fransada yaranan İzpressionizm hərəkatı rəng və işığın yeni təhlilini təklif edirdi. Claude Monet, Edgar Degas və Pierre-Auguste Renoir kimi rəssamlar, ənənəvi texnikaları qıraraq, təbiəti və gündəlik həyatı işığın dəyişən təsiri ilə çəkdilər.

 

3.    Kubizm:

Pablo Picasso və Georges Braque tərəfindən 20-ci əsrin əvvəllərində inkişaf etdirilən kubizm, formaların sadələşdirilməsi və çoxsaylı perspektivlərin birləşdirilməsi ilə tanınır. Bu, bədii təsvirin ənənəvi qaydalarına qarşı bir üsyan idi.

 

4.    Dadaizm və absurd:

Birinci Dünya Müharibəsindən sonra yaranan dadaizm hərəkatı, ənənəvi incəsənət dəyərlərini rədd edir və absurd, gülünc, və qeyri-adi üsullarla incəsənəti tərənnüm edir. Marcel Duchampın "Fontan" adlı əsəri, bir urinalın sənət əsərinə çevrilməsi ilə məşhurdur.

 

5.    Sürrealizm:

Sürrealizm, əsrarəngiz və yuxu kimi təsvirləri incəsənətə gətirən bir hərəkatdır. Salvador Dalí və René Magritte kimi sənətçilər, gözlənilməz obrazlarla və çarx edən məna strukturları ilə insan düşüncəsini aşmağa çalışmışlar.

 

6.    Pop-art:

1950-1960-cı illərdə yaranan pop-art hərəkatı, gündəlik həyatın obyektlərini və populyar mədəniyyəti incəsənətə daxil etmişdir. Andy Warhol, Campbell şorbası kimi gündəlik məhsulları sənət əsərinə çevirməklə, sənətin anlayışını dəyişdi.

 

İncəsənətin bu inkişaf mərhələləri, həm insan təxəyyülünün sərhədsizliyini, həm də cəmiyyətin dəyişən dəyərlərini əks etdirir.

 

7.    Minimalizm:

1960-cı illərin sonlarında yaranan minimalizm hərəkatı, sadəlik və forma üzərində fokuslanaraq, incəsənətə daha az, daha çox ideyasını gətirdi. Minimalist sənətçilər, rənglər və formalarla məhdudlaşaraq, material və obyektlərin öz təbii quruluşunu ön plana çıxardılar. Donald Judd və Dan Flavin kimi sənətçilər, bu hərəkatın ən mühüm nümayəndələridirlər.

 

8.    Street Art və Graffiti:

1980-ci illərdən sonra populyarlaşan street art, şəhər məkanlarında edilən sənət əsərləri ilə cəmiyyətin diqqətini çəkdi. Banksy kimi anonim sənətçilər, sosial və siyasi mesajlarla dolu, bəzən provokativ və satirik əsərlər ortaya qoymuşdurlar. Graffiti, küçə mədəniyyətinin və gənclərin özünü ifadə etməsinin vasitəsinə çevrildi.

 

9.    Rəqəmsal İncəsənət və Yeni Texnologiyalar:

21-ci əsrdə rəqəmsal texnologiyaların inkişafı ilə incəsənətə yeni yollar açıldı. Kompüter qrafikası, video sənəti və interaktiv incəsənət formaları sənət aləmini dəyişdi. Rəqəmsal sənətçilər, animasiya və vizual effektlər vasitəsilə tamaşaçılara fərqli təcrübələr təqdim edir. Artur Ganson, Rafael Lozano-Hemmer və ya Casey Reas kimi sənətçilər, yeni texnologiyalarla işləyərək sənətə yeni bir ölçü qatdılar.

 

10.Ekspressionizm və Emosional Düşüncə:

20-ci əsrin əvvəllərində ortaya çıxan ekspressionizm, rəssamların daxili emosiyalarını və hisslərini kəskin və qeyri-müəyyən formalarda ifadə etməsinə əsaslanır. Edvard Munchun "Scream" əsəri bu hərəkatın simvolu halına gəldi. Ekspressionizm, həm də sənətin insan psixikasını, qorxuları və zehni vəziyyətləri tədqiq etməsinə imkan yaratdı.

 

11.Feminist İncəsənət:

 1970-ci illərdən sonra feminist incəsənət hərəkatı, qadın sənətçilərinin özlərini bədii dünyada daha çox ifadə etməsini və gender məsələləri üzərində düşünməsini təşviq etdi. Judy Chicago, Cindy Sherman və Barbara Kruger kimi sənətçilər, qadın təcrübələrini və gender ədalətini sənətə daxil edərək yeni bir perspektiv təqdim etdilər.

 

12.Postmodernizm və Dekonstruksiya:

20-ci əsrin sonlarında inkişaf edən postmodernizm hərəkatı, modernizmin və ənənəvi sənət anlayışlarının tənqidinə dayanır. Bu dövrdə sənət əsərləri, müxtəlif üslubların, tarixi və mədəniyyətin qarışımına və bir-birinə qarşı olan fikirlərin mübarizəsinə əsaslanır. Postmodernizmin təmsilçilərindən biri olan Jean Baudrillard, real və virtualın sərhədlərini müzakirə etmişdir.

 

İncəsənətin müxtəlif dövrləri və hərəkatları cəmiyyətin və insanın təfəkkürünün necə dəyişdiyini, bədii ifadənin necə inkişaf etdiyini göstərir. Hər bir dövr özünəməxsus bir yanaşma, texnika və ideologiya təqdim edir, bu da incəsənətin həyatımıza təsirini dərinləşdirir.

 

Şəkildə: Fransız impressionisti Claude Monet (Klod Mone), avtoportret

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2025)

 

 

 

 ElmanEldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Güclü müşahidə qabiliyyəti var. Münasibətlərdə susmağa, müşahidə etməyə, fikir qazanmağa üstünlük verir. Milli adət-ənənələrə, o cümlədən öz keçmişinə çox bağlıdır. Dostluq etdiyi birini tərk etməsi mümkün deyil. Xasiyyətcə mülayim, həssas və qətiyyətli insandır. Sarsılmaz iradəsi onu başladığı hər hansı bir işi başa vurmaqda yardımçı olur. O, istədiyi hər hansı bir nəsnədən asanlıqla əl çəkmir və sonunda ona çatır. Təşkilatçılıq qabiliyyəti xeyli yüksək xanımdır. Güclü yaddaşı var və kifayət qədər bacarıqlıdır.

 

 Konkretliyə üstünlük versə də, mücərrəd anlayışlardan uzaq qala bilmir. Bununla belə, onun xəyalları və fantaziyaları həyatının əsas hissəsini təşkil etmir. Sadə həyat tərzini xoşlayır, rəqabətçi xasiyyəti yoxdur. İnsanlarda dürüstlük və zadəganlığı qiymətləndirir. Söz verdisə hökmən icra edəcəyinə inana bilərsiniz. Onun sözü hər bir sənəddən qiymətlidir. Ciddi görünüşə malik olsa da, duyğularında şəfqət və şirinlik var. Bəzən onu emosional görə bilərsiniz, amma daxilən çox zəngindir. Geniş düşünmə qabiliyyəti və geniş təxəyyülü sayəsində həmişə uğur qazanır. Qürurlu xanımdır. Özünə inamı çox yüksəkdir, fəhminə, zəkasına, ağlına həmişə inanıb. Olduqca cəlbedici və xoşa gələndir. Amma tələbkar olduğundan onunla ünsiyyət qurmaq elə də asan deyil, xarizmatik insandır. İdealistdir və hər şeyin ən yaxşı olmağını arzulayır...

 

Deyir ki:- “Azərbaycan elm və təhsili elə duruma gətirilməlidir ki, hər günü elmi uğur, töhfə ilə tarixdə iz qoysun. Yoxsa ki, içi puç, üstü bəzəkli "əsər"lərlə, dosta, tanışa, əmrə müntəzir duranlara ad və medallar paylaşmaqla elmi inkişaf etdirmək mümkün deyil. Hazırkı durumda durğunluq deyil, Azərbaycan elmində tənəzzülün bütün əlamətləri var, təəssüf ki...”

 

Xarekteri olduqca güclüdür. Çalışdığı sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün əzmlə addımlaya bilir. Zamana meydan oxuyur, qarşısına çıxan səddi asanlıqla ram etməyi bacarır...

 

“Həmkarlarıma arzum budur ki, "saat yığma" bəlasından qurtarıb həqiqi elmi fəaliyyətlə məşğul olmağa şəraitləri yaransın, çəkdikləri zəhmətin həm maddi təltifini, həm də mənəvi mükafatını görmək nəsibləri olsun...”- söyləyir...

 

Hər hansı bir tarixi şəxsiyyətin həyat və yaradıcılığını araşdırıb, heç kimin bilmədiyi faktları üzə çıxarmaq, onu fərqli şəkildə təqdim etmək çox çətindir. Tədqiqatçıdan böyük hünər, ciddi təhlil, dərin savad tələb edir. Haqqında söhbət açdığım filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva məhz belə alimlərimizdəndir. O, qızmar yay günlərinin birində Bakı şəhərində dünyaya gəlib, əslən Qubadlı rayonundandır. Orta təhsilini Bakının Nizami rayonundakı 238 nömrəli məktəbdə bitirərək indiki Bakı Dövlət Universitetində ali təhsilə yiyələnib. Əmək fəaliyyətinə isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş laborant kimi başlayıb. Hazırda Şərqşünaslıq İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Eyni zamanda, 2015-ci ildən pedaqoji fəaliyyətlə də məşğul olur, Bakı Avrasiya Universitetinin professorudur. Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi var. Neçə illərdir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığını araşdırır. O, Bakı şəhərində dünyaya gəlib. Bu istiqamətdə bir sıra uğurlara imza da atıb...

 

Deyir ki:- “Nəsiminin müraciət etdiyi janrlar və şeirinin poetikası haqqında bir neçə tədqiqat əsərində bəhs olunsa da, bu şairin söz sənəti haqqındakı görüşləri, əsərlərində yer alan ədəbi kateqoriya və terminlərə indiyədək diqqət yetilməmişdir. Adı daha çox hürufiliklə bağlı yad olunan Nəsiminin ədəbi fəaliyyətinin istiqamətləri, ədəbi-tənqidi görüşləri və poetika elmi ilə əlaqəli nəzəri biliyi barədə indiyədək araşdırmalarda pərakəndə və çox zaman səthi məlumatlar verilmişdir. Halbuki onun hər iki divanında yer alan janr və poetik formalar zənginliyi və rəngarəngliyi baxımından divan ədəbiyyatında çox az şairin ədəbi mirası ilə müqayisə oluna bilər. Nəsiminin əsərlərinin arxitektonikası, onun poetik ənənələri sinkretik təqdimi, fərdi yaradıcılıq eksperimentləri, poetik sözə həssas və elmli münasibəti şeir sənətinə dərindən bələdliyini göstərir. Şairin hər iki divanında şərq şeir sənətinin həm təcrübi və tətbiqi şəkillərini, həm də onun nəzəri biliklərinin ifadələrini müşahidə etmək mümkündür...”

 

Nəsiminin diri-diri dərisinin soyulmasını və onun həmin zaman şeir söyləməsini xalqın şairə olan məhəbbətindən yaranmış əfsanə olduğunu düşünür. Nəsiminin iki dəfə ailə qurduğunu iddia edir. Bundan əlavə alimlərin ortaq türk dili təklifinə onun da öz yanaşması var...

 

İşgüzar, çalışqan, əzmkar xanımdır. Maraqlı iddiaları ilə həqiqətin harada olduğunu ortaya çıxara bilir. Yalan danışmağı xoşlamır. Cəsarətli və mərddir. Davranışı, eləcə də yüksək mədəniyyəti ilə seçilir. Müvəffəqiyyət onun üçün çox əhəmiyyətli olduğundan gərgin iş rejiminə, çətinliklərə qatlaşmağı bacarır…

 

“Azərbaycan elminə gəlmək istəyən gənclərin qarşısına ingilis dilini ingilisdən daha yaxşı bilmə tələbinin qoyulmasının elmin inkişafına vurduğu zərbənin nəticələrini illər sonra görəcəklər. Neçə-neçə istedadlı və qabiliyyətli gənc ingilis dili imtahanına görə bezir, usanır və uzaqlaşır. Halbuki sovet dövründə bu imtahanların adı minimum idi. O dövrdə yetişən alimlərin dil bilgisi də indikilərdən az deyildi. İngilis dilini bilməyə bu aludəlik Azərbaycan elmi fikrini ana dilində ifadəyə marağı azaltmaqla yanaşı, ümumi inkişafın qarşısında da bir əngəldir. Alimin BİR NEÇƏ XARİCİ DİL BİLMƏSİ VACİBDİR, bunsuz mümkün deyil, amma ingilis dilinin ana dilimizdən önə keçməsi təəssüf doğurur. Yeri gəlmişkən, ingilis dilindən yüksək bal toplayan doktorant və magistrlərin ana dilində elmi üslubu nəinki yüksək olmur, əksinə, bərbad olur. Nəzərə alsaq ki, orta məktəblərdən də imla, ifadə və inşa yazıları yığışdırılıb, elmi üslubun gələcək taleyi ciddi narahatlıq doğurur.”- söyləyir.

 

Bəzən əsəbi və tələbkar görünsə də, bu görünüş sizdə onun qeyri-adekvat olduğu təəssüratı yaratmasın. Çünki o, iddiasını sübut edəcək qədər ağıllıdır. Onun hər zaman məqsədi var və bu məqsədə doğru əmin addımlarla irəliləyir. Xülasə, bu xanımın varlığı Azərbaycan elmində bir hadisədir. Onu sevmək və qiymətləndirmək lazımdır...

 

Bəli, iyulun 27-si filologiya üzrə fəlsəfə doktoru, professor Səadət Şıxıyevanın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq...

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2025)

 

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Uzun müddət ciddi, qapalı bir mühitdə çalışıb, 1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən, nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub. Amma buna baxmayaraq, həm şair, həm jurnalist, həm də ədibdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə bədii və eləcə də sənədli kitabların müəllifidir...

 

Deyir ki:- “Həkim ailəsində doğulmuşam. Atamla-anam Tibb Universitetində bir yerdə oxuyublar, ancaq onların təyinatı Oğuz rayonuna verilib. Mən də Oğuzda, Baş Layısqı kəndində doğulmuşam. 1-2 yaşımdan sonra isə yenidən Tovuza qayıtmışıq. Özümü tovuzlu hiss edirəm, başqa yerdə anadan olsam da. Orta məktəbi də Tovuzda oxumuşam, Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbində. 1970-ci ildə məktəbə getmişəm, 1980-ci ildə isə həmin məktəbi qızıl medalla bitirmişəm. Dəqiq elmlərə, riyaziyyat, fizika, kimyaya çox maraq göstərmişəm. Demək olar ki, Respublika fənn olimpiadalarında həmişə ən yüksək yerləri tutmuşam, dünya olimpiadasında iştirak etmişəm. Kvantın olimpiadalarında da iştirak etmişəm, yaxşı oxuyan olmuşam. Biz evdə elə tərbiyə almışıq ki, hər birimiz yaxşı oxumalı, idmanın bir növü ilə məşğul olmalı, musiqi alətlərindən birində ifa etməyi bacarmalı, mütləq sağlamlığımızın qeydinə qalmalı və heç olmasa bir xarici dil bilməliyik. Mən də idmanla məşğul olmuşam, dərslərimi yaxşı oxumuşam, pianoya getmişəm, rus dilini öyrənmişəm. Ailədə 7 nəfər olmuşuq, anam-atam, 3 qardaş, 2 bacı...”

 

Haqqında söhbət açdığım Arzu Nağıyevi yəqin ki, çoxunuz tanıyır. O, 1963-cü il iyulun 27-də dünyaya gəlib. 1980-ci ildə Tovuz rayonun Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirib. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsində mühəndis iqtisadçı ixtisasına yiyələnib. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla başa vuraraq uzun müddət bu sahədə çalışıb. Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır...

 

“Ehtiyatda olan zabit kimi MTN-dən işdən çıxandan sonra dostlarımla bir yerdə “Trend” İnformasiya Agentliyində işləməyə başladım. Artıq neçə illərdir ki, həyatımın digər bir hissəsini yaşayıram. Bu həyata görə də xoşbəxtəm, qapalı xüsusi xidmət orqanı həyatından sonra jurnalistika mühitinə gəldim. Hər iki sahədə oxşar bir cizgi var. Orada da, burada da informasiya əldə etmək, o informasiyanı necə öyrənmək və hansı nəticəyə gəlmək şərti var”- söyləyir.

 

1985-1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləyib. 1987-1989-cu illərdə Azərbaycan komsomolun Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olub. 1991-2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçib, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışıb. 2011-ci ildən "Trend" Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavinidir...

 

Təmsil olunduğu kollektivdə, ümumiyyətlə media camesində qazandığı hörmət ona başucalığı gətirib. Xeyirxah, yaxşı adam kimi tanınır. 2020-ci ildən Milli Məclisin deputatıdır. Partiya mənsubiyyəti yoxdur. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Eyni zamanda Milli Məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilib. 2023-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib...

 

Bütün bunlardən əlavə o, siyasi ekspert kimi, tez-tez “sehirli qutu”dan çıxışlar edir...

 

Deyir ki:- “Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, çox ciddi problemlər var. Regional təhlükəsizlik böyüyərək, beynəlxaql təhlükəsizliyə keçir. Ona görə də, hətta vasitəçilik missiyasından çıxış edəndə də, tək öz maraqları yox, böyük maraqları da nəzərə almalıdırlar. Burada da son vaxtlar, sizin də qeyd etdiyiniz kimi, öz nümayəndələrini təyin ediblər, görüşlər keçirməyə çalışırlar. Lakin missiyalarınıda həyata keçirəndə, konkret olaraq, “nə etməli?”, məsələsinə praktiki cəhətdən cavab verməlidirlər. Bu gün gündəmdə olan məsələ budur ki, Azərbaycan XİN-lə Ermənistan XİN arasında təmas var. Məsələ isə delimitasiya və demarkasiya ilə bağlı komissiyanın yaradılmasıdır. Birinci şərt budur. Bunun biz praktiki şahidi olmalıyıq ki, ikitərəfli əlaqələr nə nəticə verdi?! Rusiyanın XİN-nin başçısının cənab prezidentlə görüşündə kommunikasiyaların açılması - istər Qazax istiqamətində, istər Zəngəzur dəhlizi və digər istiqamətdə - konkret bu işlərin praktiki həllini istəyirik. Mina xəritələrinin alınması və s.. Biz diqtə edən tərəfik, bu məsələləri öz gücümüzə həll edirik. Bunu həll ediriksə, bizə hansısa vasitəçi gərəkdirmi? Vasitəçi öz marağını güdməklə bərabər, regionunda, iki dövlətin də maraqlarını güdməlidir. Düşünürəm ki, birbaşa danışıqlar mühüm nəticə verə bilər.”

 

Təkrarolunmaz bir insandır. Xeyli parlaq xüsusiyyətləri var. Bəxtə çox gözəldir, necə deyərlər, şanslı adamdır. Arzularının bir çoxu artıq çin olub. Həyatda bacarmadığı çətin ki, nəsə olsun, bütün əngəlləri rahatlıqla dəf etməyi bacarır. Olduqca qürurludur. Özünə inamı çox yüksəkdir. Məğrur yerişi var. Xarakteri yumşaq, tutarlı və sakitdir. Açıq danışmağı xoşlayır. Son dərəcə çalışqandır. Hər nə olursa olsun, hədəflədiyi nöqtəyə mütləq gedib çıxacaq. Səxavətli və əliaçıqdır. Sevgisini hər anlamda göstərməyi bacarır. Ehtiyacı olan hər kəsə qarşı yardımsevərliyi var...

 

Bəli, yazıçı, jurnalist, təhlükəsizlik üzrə ekspert, deputat Arzu Nağıyevi belə tanıyıram. Bu gün - iyulun 27-si Arzu müəllimin 62 yaşı tamam olur. Ona uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(27.07.2025)

 

 

87 -dən səhifə 2418

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.