Super User
Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər dühası
Şərq dünyasının böyük sənətkarı, 199 il öncə doğulub aşıq sənətinə ən böyük töhfələr vermiş dahi Aşıq Ələsgərin Bakıda abidəsi qoyuldu.
“Ədəbiyyat və incəsənt” portalı Aşıq Ələsgər barədə daha geniş bilgilər vermək məqsədi ilə silsilə yazıların dərcini davam etdirir.
Bu gün sizlərə Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın “Aşıq Ələsgər yaradıcılığında İrfan məqamları və Hz. Əli qüdrəti” məqaləsini təqdim edirik.
Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer
tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri
və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq
yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri
xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və
dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə
keçmişdən bugünə çatdırırlar.
Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və
formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai-
mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi
qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını
yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar
getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri
melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş,
özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam
edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman
keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu
mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər.
Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan
biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar
fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis,
gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq
sənətinin zirvəsini fəth etmişdir.
Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın,
nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki,
Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o
da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus
unikal bir yaradıcılıq yolu keçmişdir.
Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu
motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu
motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür.
O, özündəki bu vergini belə izah edir:
Şəhrin şöləsindən buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.
Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda
“buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir - saz çalmaq, söz qoşmaq,
İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. kimi
xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da
onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur. Aşıq Ələsgər
“Pеyğəmbərin mеracı” şeirində yazır:
Yеtişdi hücrəyə əzizü əzim,
Şahi-Mərdan dеdi: “Mеracın qədim!”
Göstərdi almanı, еtdi təbəssüm,
Buyurdu: “Hər işin sirri-qüdrətdi”.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını
(hinduizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin
meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su
kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində
yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb -
şah məqamını göstərdiyini qeyd edir. Sənətkar “Yüküm” şeirində yenə eyni
məqama işarə edir.
Biçarə Aşıq Ələsgər,
Sığın Şahi-Hеydara;
Onun damənindən tutan
Məhşərdə yanmaz nara.
Pirim mana nüsrət vеrib,
Bu gün çıxdım bazara;
Sən sərrafsan, aç xırd еlə,
Bax gör, nə maldı yüküm!
Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa
şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı”
şeirində deyir:
Gün kimi aləmi tutubdu adı,
İyidlər sultanı, xanı Dəli Alı.
Pirim – Şahi-Mərdan vеrib muradı,
Artırıb şövkəti, şanı Dəli Alı.
*
Dərs alıbdı o, Əliyyi-əladan,
Xof еyləmir Xеybər kimi qaladan.
Gəzən zəlzələdən, yaman bəladan
Hifz еyləsin kərəmkanı, Dəli Alı!
Və yaxud:
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan vеrir.
Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslam
Peyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib.
Məlum olduğu kimi, Hz. Əlinin bütün mənəvi aləmi Həsən Bəsri və Həllac Mənsur
qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər dühası o qədər işıqlı
və pak idi ki, bu bilikləri ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları aça
bilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.
Yazıq Ələsgərəm, bir kəminə qul,
Əysik sözü hərgiz еtmərəm qəbul.
Bəndеyi-xudayam, ümməti-Rəsul,
Dost tutmuşam Şahi-Mərdan Əlini.
*
Dar günümdə yеtiş dada,
Ya Şahi-Mərdan ağa!
Nitq vеr, mеydan içində
Qoyma sərgərdan, ağa!
Həm Əlisən, həm Vəlisən,
Həm səxisən, həm səxa,
Həmi dildə zikrim sənsən,
Həmi əzbərdən, ağa!
“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb-
oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini
öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm
amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb.
İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən 17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə “yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq
dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin
şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən
aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi.
Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə
İmam Əlinin adı keçir. “İmamlar” şeirini ““Bismillahir-rəhmanir-rəhim!” – dеyib,
Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir
imamın adını çəkməklə davam edir və:
Mеhdinin şəninə gəlibdi ayat,
İsminə möminlər vеrir salavat.
Yovmi-ərəsətdə еtmə xəcalət,
Yandırma odlara qul Ələsgəri! –
deyərək bitirir. “Qabaqda” şeirində:
Dünyada əl çəkmə sövmü səlatdan,
Təmiz vеr, qalmasın xümsü zəkatdan.
Ələsgər, xof еtmə puli-Siratdan,
İrəhbərdi Cənab Əli qabaqda. –
deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.
Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə,
hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni
zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa
şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba
yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc
olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.
Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad
ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm, şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s.
şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz
biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan
üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:
…Ölməyincə bu sеvdadan
Çətin dönəm, usanam;
Həqiqətdən dərs almışam,
Şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində
Еlm içində ümmanam;
Dəryaların qaydasıdı,
Ümmana baş еndirir.
Aşıq Ələsgər özündəki bu gücü – islam dininin həqiqətini, sufi təriqətinin
mərifətini aşıq sənətinin – sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.
Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
…Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi -
Onlar da yazdığı, ayə, məndədi.
Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub
gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər
üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan
tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa,
təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı,
şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi
“vergi” ilə açıqlanır.
Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil,
ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər
məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında
ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu
ilahiliyə qədər yüksəltmişdir.
Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da
Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir
ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona
gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında
dediklərini xatırlayaq:
Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm
əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm
səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.”
Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah
olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə
də şamil edir.
Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail
vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu
kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin
sözlərin imama aid olduğunu da ifadə etmiş olur.
Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi-
Adəm.” - deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə
Adəmlə birgə olmağına, cənnəti - Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir:
“Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona
mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da
şəfaət diləyəcəyi fikri də öz əksini tapır.
İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.”
kəlamına rəst gəlirik.
Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır.
“Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm?
Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.”
İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, -
desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün
və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də
Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi
birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi
dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil,
bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur.
Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz
gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.
Əxi, biya, biya, bеqu,
Bеqu, biqof, ağa, bax, bax.
Həyyi, həqqü hakim sənsən,
Həyyə bax, bu bağa bax, bax.
Gözüm sağı, sübh ayağı
Gеyək ağı, gəzək bağı.
Hamı sеvib bu sayağı,
Qaymağa, həm yağa bax, bax.
Əziz ayə, müəmmayə,
Gərək sayə bu məvayə.
Səbəb sənsən bu qovğayə,
Böyük Ağa, sağa bax, bax.
Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək
istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam
təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına
gəlir. Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı - Allahı) həqqü hakim – həqq
olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof”
sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax - qalx, bax.
(Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir).
İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək
ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı)
Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah
yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını –
şəhadətə yetirildiyini vurğulayır.
Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran
təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53)
14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.” ayəsi 15-ci (Mələklər,
şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və
“Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət
çəkir. Deyir ki, gəlin, biz də bu səsə - məlumata, bu guşəyə kölgə salaq (qoruyaq,
inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa
(Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında).
Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən
təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq
Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də
Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun
ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı
qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların
onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində dеmişəm “bəli!”.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.
Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə
olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar.
Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət
əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun
davamçısı olmasına işarədir.
Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər
(şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər.
Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır.
Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra
edir, mərsiyələr və dualar oxuyurlar.
Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər
hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan
ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən,
cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri
əsaslandırır:
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq еyləyirsən, haqq dinə bax, bax!
Qalmayıb dünyada “mənəm” dеyənlər,
Həzrət Sülеymanın taxtına bax, bax!
Oxuduğun Quran hardadı, hanı?!
Hansı yola dəvət еdir insanı?!
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax!
Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi
şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn,
“Kimi” şeirinə nəzər salaq:
Adı Tərlan, özü tərlan balası,
Cilvələnib tərlan tavarı kimi.
Üzün görən xəstə düşər müttəsil,
Turuncun novrəstə nubarı kimi.
…Bu gözəl Zеynəbin nışanasıdı,
Ləbləri qırxların pеymanasıdı,
Dəhanı şahlığın xəzanasıdı,
Düzülüb dəndanı mirvari kimi.
(Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)
Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim
kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı
birinə ithafı olmadığını göstərir. Çünki tərlan - comərd, dağ qartalı, güclü, yüksək
məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini
ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu
barədə sonra) bunu təsdiq edir. Yəni, şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq
Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə
aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.
Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı
məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və
mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat
hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii
məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm
dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks
etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin
yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.
Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə
aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında
cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də
araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat
mümkün deyil, amma bir şeirinin - “Haraya qərəz” cığalı təcnisinin fonunda
ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.
Qırxlar məclisində dedim “bəlini”,
Sərdar gördüm Şahimərdan Əlini.
…Ələsgər, daməndən üzmə əlini,
Çəksələr nizaya haraya qərəz.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul
edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq
Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da
qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil
depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər,
beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən
verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin
izahlarına əsaslanaraq qısaca izah edək:
Üçlər – Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli;
Beşlər - Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn,
Həzrət Həsən;
Yeddilər – Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət
Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak)
Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da
olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana
gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can
kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı
təmsil edir.
Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə
var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət
dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən
gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə
hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan
əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan
bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb
paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin,
xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn,
duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı –
“vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.
Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.
Onun bu gəlməyi, gör, nəyə bənzər,
Nə xana, sultana, nə bəyə bənzər,
Misirdən gəlmiş bir köynəyə bənzər,
Kənanda Yaquba dərman gəlibdi.
Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub
peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına
bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur.
Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet
ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün
nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər
boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın
yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də
Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin
tədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də
indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.
“Ədəbiyyat və İncəsənət”
(30.10.2025)
Uğur barədə söylənilən dəyərli fikirlər
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət” üçün
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.
Bu gün 10 aforizm:
Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər.
Ç.Marden
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.
J.Kopp
Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir.
M.Qandi
Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
J.Labrüer
İrəli getmək gözləməkdən yaxşıdır.
M.K.Atatürk
İrəlini görməyən yerində sayır.
R.Beyker
Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır.
Budda
«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir.
A.Düma
Uğur sağlam düşüncəli insanları sevir.
Evripid
Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir.
U.Feder
“Ədəbiyyat və incəsənət”
(30.10.2025)
ASAN könüllüləri “Zəfər qoxulu 5 il” tamaşasını səhnələşdiriblər
27 oktyabr 2025-ci il tarixində Şəhriyar adına Mədəniyyət Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər qoxulu 5 il” adlı tamaşa təqdim olunub.
“Ədəbiyyat və incəsənət” poralına ASAN-dan verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Hacı İsmayılov, şəhid ailə üzvləri, ASAN könüllüləri və digər qonaqlar iştirak ediblər.
25 ASAN könüllüsünün iştirakı ilə hazırlanan səhnə əsəri vətənpərvərlik ruhunu təbliğ etmək, şəhidlərin əziz xatirəsini yad etmək və tarixi Zəfərin əhəmiyyətini gələcək nəsillərə sənət dili ilə çatdırmaq məqsədi daşıyıb.
600-ə yaxın tamaşaçının iştirakı ilə baş tutan tədbirin sonunda könüllülər təltif edilib və xatirə şəkli çəkdirilib.
Bu günədək “Mədəniyyət Carçısı” proqramı çərçivəsində 100-dən çox səhnə əsəri nümayiş olunub, 650-dən artıq ustad dərsi keçirilib. Proqram gənclərin yaradıcılıq potensialının inkişafına və mədəni dəyərlərin təbliğinə mühüm töhfə verir.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)
ADA-da ХХ Bakı Caz Festivalı çərçivəsində konsert keçirilib
XX Bakı Caz Festivalı çərçivəsində istedadlı gənc musiqiçilərin iştirakı ilə “I Am Jazzman” konserti keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ADA Universitetinin konsert zalındakı səhnədə Məhəmməd Allahverdiyev (piano), Mədinə Paşayeva (piano), Əli Nəsib (zərb alətləri), Ziya Əlişov (bas), Nicat Quliyev (piano), Orxan Quluzadə (piano), Lalə İsgəndərli (vokal), Savara Nəsib (vokal), Elton Saliyev (vokal) və digər musiqiçilər çıxış ediblər.
“I Am Jazzman” konserti ölkənin yeni nəsil caz musiqiçilərini təqdim edən ənənəvi kollektiv çıxışıdır. Konsertin iştirakçıları müxtəlif illərdə "I Am Jazzman” beynəlxalq müsabiqəsinin qalibləri və laureatları olmuş gənc musiqiçilərdir. Konsert 2006-cı ildən bəri gənc istedadların tanıdılması və dəstəklənməsi məqsədi ilə Bakı Caz Festivalı çərçivəsində keçirilir.
Festivalın direktoru Leyla Sultanova AZƏRTAC-ın müxbiri ilə söhbətində gənc musiqiçilərə bu cür mötəbər tədbirdə çıxış etmək imkanı təqdim etməyin çox vacib olduğunu bildirib.
Həmin axşam Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Andreas W. Andersson Viaticum (İsveç) və David Linx Band (Belçika) çıxış ediblər. Teatrın foyesində, həmçinin rəssam Jazzamoartın (Meksika) “The Bop of Painting” adlı sərgisi də təşkil olunub.
Xatırladaq ki, XX Bakı Caz Festivalı oktyabrın 31-dək davam edəcək. Səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edirlər. Festivalın açıq məkanlardan tutmuş kamera salonlarına qədər olan meydançalarında konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri, seminarlar, tanınmış musiqi bloqçuları ilə görüşlər keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)
“BIAF-2025” festivalı zəngin proqram və janr rəngarəngliyi vəd edir
Bakı Beynəlxalq İncəsənət Festivalı (“BIAF-2025”) ərəfəsində Azərbaycan paytaxtında mətbuat konfransı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə ölkənin mədəni həyatının inkişafında yeni bir mərhələni qeyd etmək üçün nəzərdə tutulan bu qəbildən ilk festivalın missiyası, proqramı və əsas tədbirləri təqdim olunub.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Bakı Beynəlxalq İncəsənət Festivalının fəxri səfiri Fuad İbrahimov qeyd edib ki, belə festivalların keçirilməsi hər bir ölkənin mədəni həyatında mühüm rol oynayır. O bildirib ki, bu tədbirlər yaradıcı insanları bir araya gətirir, bədii səhnəni canlandırır və Azərbaycanın mədəni imicinin möhkəmlənməsinə töhfə verir.
Maestro qarşıdan gələn festivalın zəngin proqram və janr müxtəlifliyi ilə fərqlənəcəyini vurğulayıb. BIAF-da klassik konsertlər, teatr və xoreoqrafiya tamaşaları, həmçinin müxtəlif sənət sahələrini bir araya gətirən fənlərarası layihələr təqdim olunacaq.
Dirijorun sözlərinə görə, açılış mərasimi oktyabrın 31-də keçiriləcək və həmin gün Üzeyir Hacıbəyli adına Simfonik Orkestrin çıxışı olacaq. Konsert proqramına Dmitri Şostakoviçin əsərləri, “Don Kixot” süitası və Pyotr Çaykovskinin monumental konserti daxil ediləcək.
Fuad İbrahimov əlavə edib ki, festivalda tanınmış dirijor Əziz Şoxakimovun çıxışı da gözlənilir və bu, Bakı tamaşaçıları üçün xüsusi musiqi tədbiri olacaq.
Öz növbəsində, bəstəkar və ifaçı Aysel Məmmədova (AISÉL) bir neçə görkəmli sənətkarın öz əsərlərini ilk dəfə Bakıda təqdim edəcəyini vurğulayıb. Onun sözlərinə görə, hətta Avropa tamaşaçıları da hələ bu tamaşaları görmək imkanı əldə etməyiblər. Müğənni bildirib ki, bu, festivala xüsusi dəyər verir və onu həm milli, həm də beynəlxalq səviyyədə böyük maraq doğuran bir tədbirə çevirir.
Mətbuat konfransı zamanı Bakıda ilk dəfə tamaşaçılara təqdim olunacaq tamaşalara xüsusi diqqət yetirilib. Onlardan biri dünyaca məşhur xoreoqraf Şaron Eyalın “Delay the Sadness” (“Kədəri gecikdir”) əsəri olacaq. Bu əsərin premyerası sentyabr ayında Almaniyada keçirilən nüfuzlu musiqi və incəsənət festivalı olan Rur triennalesində baş tutub. Bakıdakı təqdimat tamaşanın BIAF-da ikinci dəfə nümayiş olunacağı deməkdir.
Ssenarist və dramaturq İsmayıl İman qeyd edib ki, Şaron Eyalın əsəri hərəkət və duyğuların əlamətdar bir əlkimyasıdır. “Delay the Sadness” sadəcə bir rəqs deyil, həm də tamaşaçıların sənətçilərlə birlikdə yaşadığı bir təcrübədir. Bir ssenarist və dramaturq kimi, bu tamaşa mənim üçün müasir rəqsin fəlsəfə və modanın kəsişməsində necə yarandığını görmək üçün yaxşı fürsətdir”, - deyə o vurğulayıb.
Həmçinin noyabrın 4-də Şaron Eyalın truppasının Azərbaycan rəqs sənayesinin nümayəndələri üçün müasir xoreoqrafiya üzrə ustad dərsi keçirəcəyi açıqlanıb.
Bakı Beynəlxalq İncəsənət Festivalı 31 oktyabr - 16 noyabr tarixlərində Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək. Bakının aparıcı səhnələrində dünyaca məşhur rejissorlar, xoreoqraflar və teatr truppalarının, o cümlədən Geshеr Teatrının, Şaron Eyalın, Robert Lepajenin, Daniele Fintsi Paskanın, Yan Lipin, Qiyom Kotenin, Rimas Tuminasın və digər görkəmli sənətçilərin tamaşaları nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)
33 ildən sonra şəhid Abdulla Quliyevlə vida mərasimi keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın, Ə.Vahid, A.Şaiq, Q.Musabəyov, X.B.Natəvan adına kitabxana filiallarının kollektivləri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri və fəal oxucuları Birinci Qarabağ müharibəsi şəhidi Abdulla Novruz oğlu Quliyevin vida mərasimində iştirak etdilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şəhid Abdulla Quliyev Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib və 1992-ci ilin may ayında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
33 ildən sonra şəhidimizin nəşi tapılaraq, Abşeron rayonu Saray qəsəbə qəbiristanlığının Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Şəhidimizin ruhuna dualar oxunub, cənazə namazı qılınıb.
Vida mərasimində qəhrəman şəhidin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, yaradıcı ziyalılar, alimlər iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)
Yaponiyanı dünyada təmsil etmək hüququ qazanan azərbaycanlı alim “Vətən uzaqda deyil” proqramında
Dünya azərbaycanlılarının proqramı olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Yaponiyada çəkilib və veriliş bu ölkənin məşhur azərbaycanlı alimi Xəlil Kələntərə həsr edilib.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məluçata görə, Xəlil Kələntər 40 ildən çoxdur ki, Yaponiyada yaşayır. O, təhsilini Yaponiyanın Toyohaşi Texnologiya Universiteti, Nagoya Universiteti və Tohoku Universitetlərində alıb. Soydaşımız ilk elmi dərəcəsini Toyohaşi Texnologiya Universitetində, ikinci elmi dərəcəsini isə Tohoku Universitetində alıb.
Yaponiya vətəndaşı olan professor Xəlil Kələntər dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələrin müəllifidir. LCD işıqlandırılmasında istifadə olunan işıq şüaları üçün 2007-ci ilin mayında kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. Soydaşımız hazırda dünyaca məşhur şirkətlərin birində baş tədqiqatçıdır.
Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində qabaqcıl mütəxəssis kimi tanınan Xəlil Kələntərə bu sahələrdə apardığı geniş tədqiqatlara görə beynəlxalq konfranslarda Yaponiyanı təmsil etmək hüququ verilib.
Xəlil Kələntərə həsr olunan veriliş Diaspor TV-də və İctimai TV-də yayımlanıb. Xatırladaq ki, “Vətən uzaqda deyil” verilişi Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi Youtube kanalı Diaspor TV ilə İctimai TV-nin ortaq layihəsidir və artıq 8 ildir ki, İctimai TV-də də yayımlanır.
Verilişi aşağıdakı linkə daxil olaraq izləmək olar:
https://www.youtube.com/watch?v=waPwvIurt8M
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)
Azər Turan: məfkurənin və sözün işığı - ESSE
“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas və tənqidçi Rüstəm Kamalın “Azər Turan: məfkurənin və sözün işığı” essesini təqdim edir.
...Bundan əvvəl də Azər Turan haqqında iki-üç xırda yazı yazmışam. Burda yazdıqlarımı təkrarlamaq niyyətim yoxdu. Arada bir geriyə baxıb, uzaqdan və yaxından tanıdığın insan haqqında qənaətləri ümumiləşdirmək lazımdır. Düşüncələrimi tezis-fraqment şəklində bölüşmək istəyirəm.
Nə gizlədim, mən öz üslubu olan, öz üslubunu tapan “stilist” müəllifləri sevirəm. Azər Turan “düşünən stilistlərdən” (B.Paskalın “düşünən şəkərqamışı” metaforasına istinad etmişəm) biridir. Onun yazı və düşüncə stili tempramentinə, poetik ovqatına və hətta səs tembrinə tam uyğun gəlir.
Azər poeziya bilicisidir. Bunu deməklə, güman edirəm ki, heç də mübaliğəyə yol vermirəm. Yazılarında və söhbətlərində poeziya tariximizin elə detallarını və faktlarını elə söyləyir ki, poetik yaddaşının və zövqünün məntiqinə heyrətlənməli olursan.
Bəlkə, ona görə də onun yazılarında nəsr və poeziya, təhkiyə ilə lirizm iç-içədir.Lirizm su kimi onun bədii esselərinə də, publisistik məqalələrinə də dərindən hopub. O, analitik təhlillərini belə lirizmlə “doyuzdurur”, filoloji yazılarının strukturuna subyektiv avtobioqrafik başlanğıcın daxil olması da bu üzdəndir.Onun esselərində şeir və nəsr bir ritmik məxrəcdə (qovşaqda), bir ümumi sintaksisdə üzvi surətdə birləşir. Rus alimi B.V.Tomaşevski deyirdi ki, “ritm sintaksisin spektridir”. Mətnlərdə prozaik cümlələr misralar havasında olur. Onun prozaik misraları daim poetik ritm və deyim tərzi üçün darıxır, “şeir üfüqünə” tələsir. Azərin esselərində poetik ricətlərin və ovqat düşüncələrin, duyğusal obrazların, metaforaların zənginliyi, inanın ki, fərasətli bir şairin şeiri üçün “tikinti materialı” da ola bilərdi.
Həmişə bu fikirdə olmuşam ki, o, yazılarını şair kimi yazır, şair kimi düşünür və yaşayır. Bu düşüncə ilə “Ölüm süvarisi” essesinin sonunu sərbəst şeir prinsipi ilə sıralamaq da istədim.
Qardaşım Azər məni bağışlasın, icazə almadan mətninə müdaxilə edirəm.
Göylər yenə də buludlu.
Mart həmin mart, aprel həmin apreldir.
Şifonerdəki sahibsiz paltarlar da
papaq və qırx iki ölçülü
ayaqqabı da onunkudur... .
Vaxt buz kimi soyuyur.
Soyuduqca soyuyur.
Azərin yaddaşı keçmişə çox bağlıdır. Keçmiş isə artıq ötüb keçmiş, geridə qalmış bir zamanın adı deyil, fərdi və ya toplum yaddaşına inteqrasiya ola biləcək bir konstruksiyadır – alman yazıçısı Bernhard Şlinki təxminən belə deyirdi. Azərin arxivində nə varsa, yaddaşın bərpası və diriliyi üçündür, zamanlararası əlaqəni yaratmaq, keçmişi bu günə və sabaha daşımaq üçündür. Fotoqrafiya Azər Turan yaradıcılığında vacib vizual element olmaqla yanaşı, həm də mistik simvolikadır, “başqa” dünya ilə əlaqə yaratma üsuludur.
Azər Turan mənim tanıdığım nadir yazarlardan biridir ki, müdrik, el ağsaqqalı, böyük ziyalı İmamverdi Əbilovun – atasının, yaddaşını (keçmişini) özünü yaddaşına adekvat şəkildə birləşdirə bilir. Bu da ona atasının müasirlərindən, dostlarından öz müasirləri və dostları kimi rahatca danışmağı və yazmağa imkan verir.
Atasına və özünə ünvanlanmış məktublar, maqnitofon lentinə “qısılıb qalmış” (A.Turan) səslər, şəkillər ruhların (R.Rza, B.Vahabzadə, X.R.Ulutürk, X.Məmmədov və b.) maddiləşmiş obrazlarıdır.
Əslində, Azər bu üsulla onlarla, əminəm ki, mistik-spiritual prosedur keçirir, yəni ruhlarla söhbət edir.
Bu cür yazıları ancaq kədərli adam yaza bilər. İnsanların taleyini şəkillər, xatirələr, səslər vasitəsilə oxuya bilən adamın ruhu mütləq göydən “nəm çəkməlidir”.
“Ölüm süvarisi” essesi sevimli, əziz dostu nakam taleyinə, Faiq İsmayılovun unudulmaz xatirəsinə həsr olunub. Faiqlə xəyali söhbətlər, Faiqin şeirləri xatirə qırıntıları, gündəlikdən qeydlər həkimlərin söylədikləri, lirik ricətlər – hamısı “historia morbi” latınca: (“ölüm tarixi”) üçündür. Tarixçəsi Faiqin şeirləri ilə “süslənir”. Məndən olsa, bu yazıya Moris Blanşonun “Kafka və yaradıcılıq tələbatı” essesindən bu sözləri epiqraf qoyardım: “və o öz ölümü hesabına yaşamağa məcbur idi...”. “Ölüm süvarisi” essesi Azərin yalnız dərdini danışıb, “içini boşaltmaq” aktı deyildi, həm də Uca Yaradanla dialoqu idi, dua aktı idi (Emil Çoran deyirdi: “İnsan duasız yaşaya bilər, amma dua etməməsi heç vaxt – mümkünsüzdür”).
Turançılıq və türkçülük Azər Turan üçün məfkurə – əqidə hadisəsidir. Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Yusuf Akçura, Fuat Köprülü, Nital Atsız onun üçün türkçülük məfkurə babaları deyil, həm də bir millətin inanc – iman kultlarıdır.
Azər Turan üçün Turan mifoloji məkan adı deyil, sivilizasiya tipidir. O, dəyərli araşdırmaları ilə həmin sivilizasiya tipinin coğrafi-mədəni, məfkurəvi-estetik hüdudlarını müəyyənləşdirir və qəti inanır ki, bu gün ölkəmizdə çağdaş türkçülük fəlsəfəsinin təntənəsində Hüseyn Cavid, Məhəmməd Hadi, Əlibəy Hüseynzadə kimi fikir dühalarının irsinin öyrənilməsinin və təbliğinin böyük əhəmiyyəti var. Millət sevdalısı kimi artıq özü bu uzun mücadilənin içindədir. Beləcə, otuz ilə yaxındır ki, Azər Turan türk məfkurəsinin böyüklərindən yazıb, oxucularını da böyüdür.
Azərin 2002-ci ilin dekabrında yazdığı və böyük musiqiçi Vaqif Mustafazadəyə həsr etdiyi “Ayın 18-i” adlı bir essesi var. Bu yığcam (səhifəyarımlıq) poetik mətn maraqlı struktura malikdir. Bu yazıda Azər poeziyanın arxaik priyomunun birindən – təkrirdən istifadə edərək, yəni bir mətnin əvvəlində və sonunda iki fotoşəkil ilə bağlı xatırlamalar verir. Həmin xatırlamalar essenin leytmotivi – nəqaratı kimi səslənir: “Qarşımda bir fotoşəkil var. XX yüzil Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcılarından biri Vaqif Mustafazadənin anası Zivər xanımla yanaşı dayanan 21 yaşlı oğlan – mənəm.
Üstündən 18 il keçib”. Yazının sonunda fotoşəkil məsələsi yenidən təkrarlanır: “Qarşımda 1984-cü ilin 27 aprelində çəkilmiş bir fotoşəkil var. Üstündən 18 il keçib. Vaqif Mustafazadənin isə “Ayın 18-i” adlı bir əsəri vardı. 1969-cu ildə, 29 yaşındaykən, iyul ayının 18-də keçirdiyi infarktla əlaqədar özünə ithaf etdiyi “Ayın 18-i” ni Zivər xanımla qoşa dayanıb çəkdirdiyimiz şəklə baxarkən bir daha xatırladım”. Beləcə, bu fotoxatırlatmalar da “18” simvolik mistik məna qazanır.
2005-ci il idi. Azər təzəcə çapdan çıxmış “İrfan çobanı” kitabını gözəl xəttilə avtoqraf yazıb mənə bağışladı: “Əzizim Rüstəm Kamal. Nə yaxşı ki, bu dünyada varsan. Sənsiz bu fikir dünyamız necə də kasıb olardı. Tanrı səni bizə çox görməsin. Böyük sevgilərlə. Azər Turan”.
Qəribədir, aradan 20 il keçib. Səmimi deyirəm: bu avtoqrafa heç fikir verməmişdim. Amma bu günlərdə – qardaşım Azər Turanın yubileyi ərəfəsində onun kitablarını vərəqləyib, gözdən keçirirdim və mənə elə gəldi ki, bu avtoqraf-dua onun özünə ünvanlanıb. XXI yüzilin bədii – estetik, kulturoloji, ictimai fikir dünyamızı Azər Turansız təsəvvür etmək qətiyyən olmaz.
Yenə 20 ildən sonra böyük Azər Turanı təbrik etmək arzusu ilə.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)
TRİBUNA - Azərbaycan yazıçıları niyə xaricdə çap edilmirlər?
“Ədəbiyyat və incəsənət” portalı filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin olduqca ciddi olan bir problemə baxışını təqdim edir. Azərbaycan yazıçıları niyə xaricdə çap edilmirlər?
Azərbaycan yazıçıları niyə xaricdə çap edilmirlər? Yaxşı sualdır, yaxşı da cavabları var. Çünki yazıçı, naşir, kitabçı olaraq bu sual hamımızı düşündürür. Bir nəfər çıxıb deyəcək ki, heç yazıçılarımız Azərbaycanda normal çap edilib satılırlar ki, xaricdən danışırsınız? Etiraf edim, bu da əla sualdır. Bəlkə də, hər şey buradan başlayır elə...
Zənn edək ki, bu məsələni həll etmişik, bizi xaric düşündürür. Ona görə də ikinci problemdən başlayım, bəlkə, yazının sonunda buna da gəlib çıxdıq.
Suala sualla cavab verək: “Kim Azərbaycan yazıçısını dünyaya təqdim etdi, təbliğ elədi ki, xarici naşirlər də tanıyıb çap etsinlər?” Bəli, hər şey buradan başlayır. İndi bir-iki yekəqalstuk yazıçımız, ya da yan-yörələrindəki, gələcəyini yanlış olaraq onların quru təşəkkürnamələrinə bağlayan 45+ yaşlı “gənc yazarlar” çıxıb deyəcəklər ki, niyə çap edilmir? Bəs filankəs, filankəs, filankəs... Elə bu başdan bildirim ki, çap olunmur deyəndə kiminsə kitabının hansısa xarici dilə tərcümə edilib şəxsi əlaqələri, haram, halal yolla qazandığı pulu hesabına xahiş-minnətlə çap olunub anbarlarda yatan, ona-buna hədiyyə edilən kitabları nəzərdə tutmuram. Sualım budur ki, niyə hansısa xarici nəşriyyat azərbaycanlı müəllifin əsərinin müəllif hüquqlarını alıb, qonarar ödəyib, kitabını çap edib açıq satışa çıxarmır? Sualımın əsas məğzi budur. Bəli, hazırda belə yazıçılarımızı barmaqla saymaq olar: bir, iki, üç...
Bunun ilk səbəbi Azərbaycan nəşriyyatlarının düz-əməlli inkişaf etməməsi, strategiya və marketinq planının olmamasıdır. Dünya kitab bazarı çox ciddi inkişaf yolu keçib. Biz isə bu yola çox qısa müddətdir, boylanmışıq. Fəaliyyət dövrü iyirmi ili aşan bir-iki yerli nəşriyyatın adını çəkə bilərik, vəssalam. Onların da heç bir ənənəsinin olmadığını, bu sistemin qurulmasında özlərindən sonrakılara heç bir yol göstərməməsini, nümunə olmamasını görürük.İlk dəfə – 2015-ci ildə Frankfurt Kitab Sərgisinə gedəndə gördüm ki, bizim boy göstərən nəşriyyatlarımızın nümayəndələri orada sadəcə kimdənsə, yaxud xarici ölkələrin qrantı hesabına müəlliflik hüququ alıb, azərbaycancaya tərcümə edib satmaqla məşğuldurlar. Düzdür, çox vacib məsələdir, amma bunda da geridəyik. Son beş ilə qədər (o zaman Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) hələ yaranmamışdı) bir nəşriyyat görmədim ki, hansısa yerli müəllifin əsərlərini ingilis dilində kataloqlaşdırıb başqa ölkələrə təklif etsin. Demək olar, yox dərəcəsində idi. Xarici sərgilərdə dövlət hesabına qurulan stendlərdə hələ də bu ənənə yoxdur.
Gənc müəlliflərimizin, lap elə klasssiklərimizin, xarici nəşriyyatları maraqlandıracaq yazıçılarımızın yer aldığı hansısa vahid kataloq yoxdur. Bunu kim etməli idi?
Birinci növbədə, aidiyyəti qurumlarımız, sonra nəşriyyatlarımız və nəhayət, müəllif hüquqları agentliklərimiz.
Yenə sonuncudan başlayıram, sizcə, Azərbaycanda özəl müəllif hüquqları agentlikləri varmı, Azərbaycan yazıçılarının, rəssamlarının, bəstəkarlarının beyin məhsullarını xarici təşkilatlara təqdim edib, satıb həm özünə, həm də müəllifinə gəlir cəlb edə bilsin? Qısaca cavab: “Yoxdur!” Bu işi ya agentliklər edə bilər, ya da nəşriyyatlar. Nəşriyyatlarımızda ona görə yoxdur ki, bu sektor inkişaf etməyib, etdirilməyib, o əməkdaşı saxlayacaq güc və motivasiya yetərli deyil.
Nəşriyyatlarımız ya o gücdə olmayıb ki, müəlliflərlə müqavilə bağlasın, onların əsərini alsın, qonarar versin, çap etsin, hətta onu dünya bazarına çıxarsın, ya da buna heç marağı da olmayıb. Çünki burada ciddi gəlir yoxdur, milli təəssübkeşlik də cib doldurmur axı. Azdan-çoxdan gözə görünən müəlliflərimiz isə çırpınır, çabalayır. Aralarında bir-iki nəfərin bəxti gətirib, tale üzünə gülüb, ölkədə az-maz tanınır, oxunur ki, bu da heç bir halda kifayət deyil. On milyonluq ölkədə əsəri beş min tiraj satılan maksimum üç müəllif adı çəkə bilərik. Vəssalam. O da özlərinin hesabına. Özlərini təbliğ edərək, təqdim edərək, döyüşərək. Yenə deyirəm, tiraj sayı deyəndə öz məmur dostlarının, şəxsi imicinin hesabına hansısa dövlət qurumuna satmağı, təqdim etməyi nəzərdə tutmuram. Ondan danışıram ki, kitabı nəşriyyat çap edir, bazara çıxarır və təbii yolla formalaşmış oxucular alıb oxuyur.
Görəsən, nəşriyyatlarımız bu işi niyə təşkil edə bilmir? Çünki ölkəmizdə mütaliə səviyyəsi çox aşağıdır, kitaba maraq məktəblilərdən başlayaraq yuxarı yaş qruplarına qədər ürəkaçan səviyyədə deyil. Ona görə də naşir hələ Biləcəridən o tərəfə keçə bilmir, sözügedən problemlərlə əlləşir. Buradakı məsələni həll etməmiş boylanıb sərhədin o tərəfinə baxa bilmir. Niyə mütaliə səviyyəsi aşağıdır? Çünki dövlət kitabxanalarında klassiklərdən başqa – 80-ci illərdən bu tərəfə formalaşan müəlliflərin əsərləri yoxdur. Niyə yoxdur? Çünki dövlətin kitab sahəsinə ayırdığı pullar göyə sovrulub, bu sahəyə ciddi yanaşılmayıb, kitabxanalar, kitab mağazaları bağlanıb. Bunun da müqabilində müəlliflər ya formalaşmayıb, ya da yazdıqlarını oradan-buradan tapdıqları kiçik məbləğlə çap edib öz əhatələrinə, dost-tanışlarına hədiyyə ediblər. Bu da ona gətirib çıxarıb ki, yazıçılıq, naşirlik, kitabçılıq sənayesi fomalaşmayıb. Ona görə də başqa nəticə gözləməyə dəyməz.
İkincisi, Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması üçün hələ də hansısa dövlət fondu yoxdur ki, bu işi üzərinə götürsün, sözügedən sahədə fəaliyyət göstərsin, strategiya qursun, təbliğat-təşviqat işi ilə məşğul olsun. Uzun illər əvvəl çoxbilmiş məmurlarımız bu adla Türkiyədə nəşriyyat təsis etdirdi. Özü də, tanış-tunuş, qohum-əqraba əli ilə. Sonra başladılar, bir neçə gənc yazıçının əsərlərini türk dilində çap etdirməyə. Axırı da heç nə... Buradan pul silindi, bir-iki rəsmi tədbirdə ortaya qoyub başına fırlandıq, alqış dedik, boy boyladıq, soy soyladıq, bir neçə universitetin, tədqiqat mərkəzinin kitabxanasına hədiyyə etdik, vəssalam.
On beş ildən çoxdur, bu işlə məşğulam, Türkiyədəki bircə kitab mağazasında azərbaycanlı müəllifin əsərinin satıldığını görməmişəm. Olmazdı ki, ədəbiyyata dəstək fondu yaradılsın, nəşrlər xarici naşirlərə təqdim edilsin? Bunun üçün yeni nəsə icad etməyə ehtiyac yoxdur. Əksər ölkələrdə belə fondlar var. “Vikipediya”dan götürdüyüm Türkiyə nümunəsini azərbaycancaya tərcümə etmədən – olduğu kimi bura yerləşdirirəm:
“TEDA nedir?
Türkiye Cumhuriyeti Kültür ve Turizm Bakanlığınca yürütülen ve kısa adı TEDA olan “Kültür ve Turizm Bakanlığı Türk Kültür, Sanat ve Edebiyat Eserlerinin Dışa Açılımını Destekleme Projesi”; Türk kültür, sanat ve edebiyatıyla ilgili Türkçede veya başka bir dilde yayımlanmış eserlerin, çeviri ve yayım marifetiyle yurt dışında tanıtılmasını sağlamak için yurt dışında veya yurt içinde faaliyet gösteren yayıncılara teşvik veren bir çeviri, yayım ve tanıtım destek programıdır.
2005 yılında başlatılan TEDA Projesi, Türkiye’nin kültürel ve edebi birikimini yabancı okurlara kendi dillerinde okuma olanağı sunar. Böylelikle Türk yazarların eserlerinin uluslararası kitap pazarlarında görünürlüğü desteklenmiş olmaktadır.
Bakanlıkça yürütülen TEDA Projesi ile Türk edebiyatının dünya çapında dolaşımını desteklemek amacıyla TEDA Danışma ve Değerlendirme Kurulunca uygun görülen başvurular desteklenmektedir”.
Yaxşı, bəs bizdə bu işi kim görməli idi? Ya Mədəniyyət Nazirliyi, ya da Azərbaycan Dövlət Tərcümə Mərkəzi. Halbuki Tərcümə Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də “Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə, xarici ədəbiyyatların Azərbaycanda tanıdılması və təbliği işinin həyata keçirilməsi”dir. Amma biz bu qurumlardan hansınınsa bu sahə ilə məşğul olduğunu görmürük.
Tarixində ilk dəfə olaraq Türkiyədə keçirilən TÜYAP Kitab Sərgisində bu il qonaq ölkə Azərbaycan olacaq. İndiyə qədər heç bir kitab sərgisində qonaq ölkə olmamışıq. Bu ilkdir. Bu sərgidə Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15, öz imkanları hesabına 10 nəşriyyat – 30 nəfərdən çox yazıçı, şair, ziyalı 2 – 4 noyabr tarixlərində Türkiyədə səfərdə olacaqlar. Kitab sahəsi ilə məşğul olan belə geniş heyətlə ilk dəfə xarici sərgidə iştirak edəcəyik. Daha bir ilk o olacaq ki, sözügedən sərgidə əksəriyyəti dövlət sifarişləri ilə işləyən mətbəələr, dövlət mükafatlarının kölgəsində gəzişən müəlliflər yox, öz ayaqları üstə durmağa çalışan nəşriyyatlar, yazıçılar iştirak edəcəklər. Çox sevindirici haldır. Bir neçə gün əvvəl mədəniyyət nazirinin müavini Fərid Cəfərov səfər proqramı ilə tanışlıq və təqdimat üçün nümayəndə heyətini qəbul etdi, xeyli müzakirə apardıq. Nəyi necə edəcəyimizlə bağlı xeyli danışdıq. Naşirlərin haqlı-haqsız irad və şikayətləri dinlənildi. Amma o qədər işi keçən illərdə görməli idik, görməmişik, indi tökülüb üst-üstə, altından çıxmaq uzun müddət tələb edir. Buna görə adamın nə nazirliyin indiki komandasını qınamağa dili gəlir, nə də naşirləri. Amma yenə ümidvericidir ki, hər görülən iş yandırılan çıraqdır. Ümid edirəm, nazirliyin yandırdığı bu çıraq sönməyəcək, alovlanacaq, alovlanacaq və dünyaya işıq salacaq.
Bir məsələni də qeyd edim ki, 2021-ci ildə yaradılan ANAİB-in 27 üzvü var, onlardan da 20 nəşriyyat bu sərgidə iştirak edəcək. 10 naşir dövlət, 10 nəfər naşir öz hesabına. Bundan əlavə, birliyə üzv olmayan 5 naşir də dövlət hesabına iştirak edəcək. Böyük hadisədir; 25 naşir dünyaca məşhur sərgiyə qatılır. Ən azından bəhsə-bəhs yaxşı bir işin qulpundan yapışmaq imkanı olacağına ümid edirəm. Güman edirəm ki, naşirlərimiz menecerlik bacarıqlarını ortaya qoyacaq, hərəsi, heç olmasa, beş azərbaycanlı müəllifi qardaş türk naşirlərinə təqdim edəcək, satışına nail ola biləcək. ANAİB heyəti olaraq artıq bir neçə ildir, bu sahədə çalışır, sərgilərdə qarşımıza bu məqsədi qoyuruq. Bunun üçün nəşriyyatlar müəlliflərə, müəlliflər naşirlərə inanmalı, aralarında razılıq olmalı, xaricdə tanınmaq üçün bir-birilərinə etibar etməlidirlər. Son bir neçə ildə çox az naşir xarici həmkarına müəlliflik hüququ satmağa nail olub. Bu kiçik də olsa, uğurdur. Hansısa xarici ədəbiyyatı çap edən naşir ilk olaraq o kitabın satılmasında maraqlıdır; bu da həmin kitabın təbliğinə yol açır.
Görüşdə bu məsələ ilə bağlı nazirliyə təklif etdim ki, heç olmasa, otuz kitabın xaricdə çapı üçün müəyyən büdcə ayrılsın, türk naşirlər bu kitabları alıb çap edə, təbliğatı ilə məşğul ola bilsinlər. Heç olmasa, ədəbiyyatımızı Türkiyədə tanıda bilək. Ümid edirəm, qonaq ölkə kimi fondumuzun yaradılacağı günə qədər son zamanlar bu sahəyə xüsusi diqqət ayıran Mədəniyyət Nazirliyi dəstək verə biləcək.
Sonda onu da qeyd edim ki, kitab ümummilli məsələdir, bu, təkcə özəl sektorun ümidinə buraxılmamalı, həm maddi, həm də mənəvi cəhətdən dövlətimizin resursları ilə dəstək görməlidir. Tez-tez deyilir ki, bu biznesdir, dövlət buna niyə dəstək olmalıdır, gedin, özünüz çalışın-vuruşun. Haqlı söz olsa da, düzgün yanaşma hesab etmirəm. Kitab, mədəniyyət birbaşa dövlət dəstəyinə həmişə ehtiyac duyub və duyacaq da. Onun üçün də güclü və böyük mədəniyyətə sahib ölkəmizi sadəcə mədəniyyətimizlə təbliğ edə bilərik. Burada isə sən, mən yox, biz olmalıdır.
P.S. Bu qədər etiraz, şikayət, giley-güzar yazdığım üçün qınana bilərəm: “Sən kimə nə məsləhət verirsən?” – deyənlərə öncədən şəxsimin və sahibi olduğum şirkətin gördüyü bir neçə işi xatırladım. XAN Nəşriyyatı İsa Muğannanın, Əzizə Cəfərzadənin, Rüstəm Behrudinin, Salam Qədirzadənin, müasir yazıçılardan Əziz Yaqubzadənin, Tamerlan İsmayılzadənin, Elayın, Xəyalə Muradın və özümün bir neçə əsəri yer alan ingiliscə kataloq hazırlayıb, İstanbul, Şarja, Frankfurt kitab sərgilərində xarici nəşriyyatlara təqdim edib. Bu il keçirilən Frankfurt Sərgisi üçün Məhəmməd Füzulinin 530 illyinə həsr edilmiş kiçik kitabçanı 300 tirajla çap edib sərgi iştirakçılarına hədiyyə etmişik. Hər dəfə xarici sərgilərə bu məqsədlə gedir, dostlarımızı şəxsən maarifləndirməyə çalışıram. Sərçənin daşıdığı su kimi olsa da, hələlik bacardığımız və gücümüz çatan budur.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)
Bu gün Ümumdünya Balet Günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
29 oktyabr. Ümumdünya Balet Günü
Həmən baleti sevmədik, baletə getmədik, mədəniyyət arenalarına gedişimiz ən yaxşı halda popkorn alıb moll sinemalarında bayağı yerli komediyalara baxmağımız oldu. Sivil dünyada isə balet sevilir, zövqlü insanların kübarlıq əyarları həm də balet tamaşalarını izləmələri ilə ölçülür. Ümumdünya balet gününün maraqlı bir yaranma tarixçəsi var. 2012-ci ildə Londonun Kral opera teatrı canlı efirdə Royal Ballet Live adı altında 9 saat sərasər balet nümayiş elədi, 200000 insan bu canlı yayımı izlədi, You Tube üzərindən isə 2,5 milyon insan ecazkar baletdən həzz aldılar. O gündən də qərara alındı ki, oktyabr ayının son həftəsində balet günü qeyd edilsin.
29 oktyabr. Ümumdünya insultla mübarizə günü
World Stroke Day. Allah hamımızı belə bir bəladan qorusun. Ümumdünya Səhiyyə Təşkilatı bu gün diqqətləri bu xəstəliyə yönəldəcək, bəyan edəcək ki, artıq çəkisi olan, siqaret çəkən, az hərəkət edən, qeyri-sağlam qidalananlar risk qrupunu təşkil edirlər. Sən demə, bütün dünyada ən çox ölümlə nəticələnən xəstəliklər sırasında insult ikinci yerdə dayanır, şikəstliklə nəticələnən xəstəliklər sırasında isə bu bəla sayca üçüncü yerdədir. Eləcə də insult ağıldankəmlilik və depressiya üçün əsas səbəbkardır.
Yoxsul ölkələrdə insult sayı durmadan artır. Sosial problemlər, stress və depresiyalar, yaxşı qidalana bilməmək insanları sanki qaldırıb yerə çırpır, zədələyir, əzib-tökür. İnsult bu gün təkcə tibbi bəla deyil, o daha çox sosial problemdir. Odur ki, gərəkdir ki, ürəyinizi qoruyasınız. Necə? Məsələn, birini mən deyim, birini də siz deyərsiniz. Qubaya gedib oradakı “Shahdağ Guba & Truskavets Medikal Sanatorium”da ürək-damar xəstəliklərinə yol açan fəsadlardan – artıq çəkidən, şlaklardan, xolesterindən xilas ola, ümumi tonusunuzu, immunitetinizi yüksəldə, həm də füsünkar təbiətin qoynunda dincələ bilərsiniz. Fizioterapiya, haloterapiya, ozonoterapiya və daha neçə-neçə terapiyalardan, su və spa prosedurlarından sonra xəzəl olmuş yarpaqların üzəri ilə Qəçrəş meşəsində gəzmək, bol-bol oksigen udmaq heç bilirsiniz sizi neçə il cavanlaşdırar?
29 oktyabr. Pulitser mükafatı
Bu gün üçün çox maraqlı qeydetmə təyinatları var. Ərz eləyim, dinləyin. Onu deyim ki, bu gün sement günüdür. Qaradağ sement zavodunun rəhbərliyi bəlkə də bundan xəbərsizdir, oralara yolu düşənlər lütfən onları agah eləsinlər. Bu gün tərki dünyalıq günüdür. Onsuz da əksəriyyətimiz dünyada tərki-dünya kimi yaşayırıq, islananın yağışdan nə qorxusu, bu günü lazımi səviyyədə qeyd edərik. Koronasiya günü. Həyat hər kəsi layiq olduğundan az və ya çox, onsuz da təltif edir. Oğru dünyasının koronasiyası doğru dünyasına da şamil olunur. Bandana günü. Baş sarğısıdır bu. Plyajdakılar, motosikl sürənlər, rokerlər bandananı çox sevirlər, biləsiniz. Qonşumuz İranda bu gün Kir günüdür. Əhəmənilər imperiyasının qurucusu olan Kirin ad gününə İran toy-büsat qurur. Amerikada isə bu gün milli pişik günüdür. Amerikalı pişik yəqin bizim pişik kimi zavallı deyil, daha tox, daha harındır. Amma amerikalılar pişik günüylə kifayətlənərlərmi, kifayətlənməzlər. Onlarda bu gün yarma günüdür həm də, mətbəxlərdə südlü sıyıqlar bişiriləcək vurhavur.
113 il bundan əvvəl - 1911-ci ilin bu günündə amerikalı jurnalist Jozef Pulitser dünyadan köçüb. Bu o şəxsdir ki, Qərbdə ən nüfuzlu jurnalist mükafatı – Pulitser mükafatı onun adı ilə adlandırılır. 570 il bundan əvvəl – 1451-ci ilin bu günüdə isə Amerikanı kəşf etmiş ispan səyyahı Xristofor Kolumb dünyaya gəlib.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)


