İstanbuldan xəbər var... Featured

 

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Türkiyənin İstanbul şəhərində 23-26 aprel 2026-cı il tarixində “II Beynəlxalq Qalata İşığı Sənət və Ədəbiyyat Günləri” başlıqlı möhtəşəm tədbirlər silsiləsi düzənlənmişdir. Sənət və ədəbiyyat günlərinin təşkilatçısı İstanbul Sənət və Kültür Dərnəyinin Fəxri üzvü Osman Öztürk olmuşdur. Onun sözlərinə görə, hər kəs, birincisi Covid dönəminin şərtləri altında gerçəkləşən “Beynəlxalq Qalata İşığı Sənət və Ədəbiyyat görüşləri”nin ikincisinin bu ilin aprel ayının 23-26-da baş tutmasının sevinci və qüruru içərisindədir.

 

Qalata İşığı Sənət və Ədəbiyyat Görüşləri İstanbulun tarixi və mədəni mirasını sənətin müxtəlif disiplinləriylə birləşdirməyi qarşıya məqsəd qoyan tədbirlər silsiləsidir. Bu görüşlər İstanbulun tarixi mirasını referans alaraq, dünyanın fərqli ölkələrindən günümüz sənətçilərini və yazarlarını bir araya gətirməyi hədəfləyir.

24 aprel 2026 tarixində “Sanatif Yaklaşımlar” (Sənətsəl yaxınlaşmalar) mərkəzində ilk panel görüşləri keçirildi və izləyicilərin diqqətini cəlb etdi. Bu tədbirdə musiqiçilər, rəssamlar, yazarlar, şairlər və müxtəlif sənət sahibləri iştirak edirdilər. Hər kəs ədəbiyyatın, xüsusilə şeirin ecazkar gücündən bəhs etdi. Çünki görüş şairlərin görüşü idi. Şeirin ən qısa roman, şairin ən cazibədar söz sahibi olduğunu hər çıxışçı fərqli bir tərzdə vurğuladı.

25 aprel 2026 tarixi şənbə günü isə Baxçaşəhər Universitetinin Konservatoriyasında ikinci panel görüşləri baş tutdu. Bu tədbirdə İstanbul Sənət və Kültür Dərnəyinin Fəxri üzvü Osman Öztürkün yunan dilinə çevrilərək yeni çapdan çıxmış “Mavi” kitabının təqdimatı oldu. Kitabı İngilis dilinə Məsud Şenol, Yunan dilinə isə Sofia Skledia çevirmişdir.   

 Konservatoriya Perada keçirilən tədbirdə musiqiçilərin, bəstəkarların müşaiyəti ilə şairlər şeir haqqında özlərinə xas təkrarsız ifadə və metaforalar söylədilər, öz şeirlərini musiqi sədaları altında təqdim etdilər. Bu tədbirlər silsiləsində Azərbaycanı Doç.Dr. Həyat Şəmi təmsil edirdi. Onun şeirləri Türkiyə və yabancı ölkə şairlərinin diqqətini çəkdi. Şeirlərinin ispan, italyan və türk dillərinə tərcümə olunmasının lazımlı olduğunu dilə gətirdilər.  

Şeir və sənət görüşlərinin beynəlxalq olmasının səbəbi xarici ölkələrdən dəvət olunan şair və sənətçilərin iştirak etməsi idi. Belə ki, tədbirə  İspaniyadan şair-yazar, tərcüməçi Elizabetta Bağli, Yunanıstandan Yunan Yazarlar Dərnəyi sədrinin müavini şair-yazar və tərcüməçi Dr. Sofia Skledia, Azərbaycandan Doç.Dr. şair-yazar, tərcüməçi Həyat Şəmi dəvətli idilər. Həmçinin Türkiyədən “Güvənli Məktəb” layihəsinin banisi, şair-yazar Osman Öztürk, “Üç Dəniz” Yazar və Tərcüməçilər Konseyin İdarə Heyətinin üzvü, şair və tərcüməçi Məsud Şenol, “Sanatif Yaklaşımlar”ın banisi, yazar, şair və sənətkar İkrami Özturan və PEN Türkiyə İdarə Heyətinin üzvü, yazar və şair Şenel Gökcə öz şeir və sənət əsərlərini izləyicilərə təqdim etdilər.

Bütün tədbirlər silsiləsinin aparıcısı diksiya və dil müəllimi Məsud Şenol bəy idi və çıxışları iki dildə idarə edirdi. Məsud bəy Türkcədən İngilis dilinə sinxron tərcümələriylə heyrətamiz performans sərgilədi. 

 Üç gün davam edən tədbirlər silsiləsi şair və sənətçilərə verilən iştirak sertifikatları və hədiyyələrlə başa çatdı.

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.