“Biri ikisində” “Güneyli məşhurlardan Mədinə Gülgün Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Mədinə Gülgün (1926-1991)– tanınmış şair

 

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı – Mədinə Gülgün mübariz şeirləri ilə ömrü boyu istiqlal carçısı olub.

Mədinə Nurulla qızı Ələkbərzadə, sonralar Gülgün kimi şöhrət tapmış Mədinə uşaq yaşlarından ədəbiyyata, şeir yazmağa meyil göstərib.

1945-ci il “21 Azər” hərəkatı zamanı Mədinə azadlıq uğrunda mübarizəyə qoşuldu və “Azərbaycan” qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərdi. Şair bu dövrdə təşkilati işlərdə də yaxından iştirak etdi

    Onun ilk şeiri 1946-cı ildə Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetində çap olunub. Mədinə 1946-cı ildən məsləkdaşları ilə birlikdə Arazın bu tayına keçmiş, anasından, doğmalarından ayrılmalı olmuşdur. Bakıya gələn Mədinə Gülgün təhsilini də davam etdirmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir.

Mədinə Gülgün Bakıda bədii yaradıcılıqla yanaşı, ictimai-siyasi fəaliyyətini də davam etdirmişdir.

Mədinə Gülgünün “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda onun 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.

Onun poeziyası bütövlükdə xalqa, doğma vətənə məhəbbət ruhuna köklənmişdir.

         “Təbrizin baharı” (1950), “Savalanın ətəklərində” (1950), “Sülhün səsi” (1951), “Yadigar üzük” (1953), “Təbriz qızı” (1956), “Firudin” (poema) (1963), “Çinar olaydı” (1968), “Dünyamızın sabahı” (1974), “Arzu da bir ömürdür” (1976), “Yora bilməz yollar məni” (1978), “Durnalar qayıdanda” (1983), “Könlümü ümidlər yaşadır” (1984) “Dünya şirin dünyadır” (1989), Seçilmiş əsərləri (2004), “Mən bu ömrü yaşadım” (2010) və bu kimi  digər şeir kitabları nərşr olunub.

Əsərləri bir sıra xarici dillərə tərcümə edilib.

Mədinə Gülgünün yaradıcılığı R.Rza, B.Vahabzadə, B.Nabiyev, S.Tahir, M.Dilbazi, Elçin, N.Həsənzadə və digər görkəmli şair və yazıçılar tərəfindən yüksək qiymətləndirilib.

Mədinə Gülgünün poeziyası vətənə olan sevgi, azadlıq arzusu və doğma yurdun həsrəti ilə doludur. Şeirlərində o, Təbrizlə Bakı arasında gedib-gələ bilməməyin doğurduğu dərin qəlb yanğısını ustalıqla əks etdirir:

 

         “Bir torpaq üstündə doğulmuşuq biz,

Bir qolum Bakıdır, bir qolum Təbriz.”

 

Bu misralar onun vətən sevgisinin, o tay-bu tay Azərbaycanın ayrılığının və eyni zamanda bütövlüyə olan inamının bariz ifadəsi idi.

Cənub həsrəti, vətənpərvərlik, səmimi duyğular, saf və ülvi məhəbbət bir vəhdət yaradır. Bunlar “Vətən məhəbbəti”, “Yora bilməz yollar məni”, “Ərk qalası”, “Qurban olum”, “Vətənim mənim”, “Vətən məhəbbəti”, “Bir övladıq, bir elik”” kimi şeirlərində aydın görünür.

 

Mənim, ey dost, o sahildə neçə nəğməm, sözüm qaldı.

Bahar fəsli alovlandı, bağım, bağçam, düzüm qaldı.

İnan ki, doymamışdım mən vətənin, laləzarından

Yar oldu ömrümə həsrət, o torpaqda gözüm qaldı.

 

         Şairin “Təbrizin gülləri qönçə”, “Təbrizin küçələri”, “Təbrizin baharı” “Təbrizim mənim”, “Oxu, Təbriz gözəli”, “Təbrizi görməyincə”, “Kaş durna olaydım”, “Canım vətən torpağı” və başqa bu  kimi şeirlərində bu həsrət daha da aydın hiss olunur. Təbriz Mədinə xanımın  şeirlərinin qibləsidir.

“Telefon xətlərində” onun Təbriz motivli  şeirləri içərisində qəm, kədər yükü daha ağır olan şeirlərindəndir. Şeirdə şairin o tayda  qalan anası ilə telefon söhbətindən bəhs olunur:

 

Telefon xəttlərində bir səs düşdü dünyaya,

Telefon xəttlərində birləşdi ana, bala.

Bir ananın səsindən sanki üşüdü dünya,

Bir balanın səsindən göy ağladı az qala.

 

    “Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ananın  arzu və istəkləridir.

Şairin əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə onlarla mahnı bəstələnib.

Eyni dərdi, eyni sevinci bir bölüb, eyni maһnını ayrı-ayrı simlərdə ötən iki şair yuva quraraq illərlə qoşa yazıb-yaradıblar.  “İnqilab şairiyəm” – deyən Balaş Azəroğlu, “Xalqımın Həcər qızıyam” – deyən Mədinə Gülgün.

Xalq şairi Balaş Azəroğlunun ömür-gün yoldaşı olmuş Mədinə xanımın taleyində bu evlilik mühüm rol oynamış, onun yaradıcılıq taleyinə böyük təsir göstərmişdir.

         Şair sinəsi xalq yaddaşının can  dəftərçəsidir. Orda şirinli-acılı xatirələr, һəyatın böyüklü-kiçikli problemləri yer alır. Onun şeirlərinin çoxu   vətən nisgili, yurd həsrəti ilə yoğrulub.

         Mədinə Gülgünün şeirlərində bir cazibə, bir gözəllik, bir təravət var. O, həmişə yeni sözlər, müxtəlif ifadələr, qeyri-adi assosiasiyalar, bədii formalar axtarışında olub. Bu xüsusiyyətlər onun sevgi şeirlərində daha çox hiss olunur:

 

Deyirdin, baharda görüşərik biz,

Bahar gəldi, getdi, sən gəlməz oldun.

Daşlaramı dəydi,sındı əhdimiz,

Aylar gəldi, getdi, sən gəlməz oldun...

 

Fəqət inanıram, bir gün olacaq

Mən deməyəcəm sən gəlməz oldun,

Qəmim o həsrətli gündə qalacaq.

Kim deyir, sən xəyal, ya bir səs oldun.

Gün gələr demərəm, sən gəlməz oldun.

 

         Savaşçı ruhu olan  Gülgün  eyni zamanda həssas bir lirikdir. Təbiət, dəniz, mənzərə, çiçək  vurğunu olan şairin “Xəzərim”, “Xəzərin bir parçası”, “Bir yay sənsiz”, “Dəniz laylası” “Bənövşə”, “Qərənfil”, “Yarpız”, “Nərgiz gülü”, “Lalələr”, “Yasəmənlər” kimi əsərləri  onun təbiətin gözəllik və incəliyini duyub ifadə etmək qabiliyyətinin bariz nümunəsidir.

Cənubi Azərbaycanda baş verən inqilabi hərəkatlar, tarixi yolu, şairin əzab və məhrumiyyətlərlə dolu həyatı əsərlərinin ana xəttini təşki edir. Hafizəsinə əbədi yazılmış o həsrətli xatirələr onun ümid, arzu dünyasının ömür yolçusuna çevrilmişdir.

Mədinə Gülgünün “Firudin”, “Pərvanə” kimi poemalarında xalqın tarixdə ad qazanmış sevilən şəxsiyyətlərinə xas olan mərdlik, fədakarlıq və s. insani keyfiyyətlər diqqətə çatdırılır.

“Pərvanə” poeması da sədaqətli insan, zəngin mənəviyyatlı şəxsiyyətlər haqqında olub, yüksək sənətkarlıqla qələmə alınmışdır, müəllif sanki özünün yaşantılarını, keçirdiyi iztirabları insanlara çatdırır.

Mədinə Gülgün vətənimizin istiqlaliyyəti uğrunda döyüşən azadlıq mübarizlərinə, zindanlarda çürüyən fədailərə, el uğrunda canından keçən oğul və qızlara, zəhməti ilə xariqələr yaradan əməksevər insanlara silsilə şeirlər həsr etmiş, onların bədii portretini yaradaraq əsərlərində əbədiləşdirmişdir.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

         Apardığımız araşdırma və  müşahidələrdən belə qənaətə gəlmək olar ki, Güney Azərbaycan ədəbiyyatında mövzu, eləcə də üslub və janr əlvanlığı geniş və çeşidlidir. Bu ədəbiyyatın təmsilçiləri dil və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq, öz milli kimliyini, öz ədəbiyyatını tanıtdırmağa çalışırlar. Burada ənənəvi şeir və müasir şeir formaları bütün növləri ilə paralel şəkildə istifadə edilir. Bu inkişaf daimi və keyfiyyətli  olaraq yüksələn xətlə irəliləyir.

 

 

“Ədəbiyyat və incəsənət”

(27.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.