Fatimə Məmmədova,
"Ədəbiyyat və İncəsənət" portalının Xəbərlər və Təqvim şöbəsi
Geriyə gedən ölkələr siyahısında Ermənistanın adı artıq təsadüf deyil, reallığın özüdür. Amma bu gerilik nə iqtisadiyyatla, nə texnologiya ilə ölçülür və bu, birbaşa düşüncənin, şüurun və cəmiyyətin mənəvi sütunlarının çöküşüdür.
Ötən gün Azərbaycan və Türkiyə bayraqlarının Ermənistanda yandırılması isə bu tənəzzülün ən açıq, ən aqressiv və ən qalmaqallı təzahürünə çevrildi. Bu, sadəcə bir aksiya deyil. Bu, nifrətin açıq nümayişi, təxribatın planlı forması və regionda sülhə yönələn cəhdlərə qarşı atılmış növbəti zərbədir. Belə addımlar göstərir ki, bəzi dairələr hələ də qarşıdurma, düşmənçilik və köhnə ideologiyalar üzərində israr edir. Hadisə cəmiyyətdə haqlı narazılıq yaradaraq geniş rezonans doğurub və bir daha sübut edib ki, bölgədə sabitlik istəyənlərlə onu pozmağa çalışanlar arasındakı mübarizə hələ də davam edir.
Milli Məclisin deputatı Tural Gəncəliyev məsələ ilə bağlı "Ədəbiyyat və İncəsənət" portalına açıqlama verib:

"Ermənistanda Türkiyə bayrağının yandırılması çox təhlükəli, vandal bir hərəkətdir. Bu, Ermənistanda revanşist halın mövcud olmasının göstəricisidir. Hesab edirəm ki, seçki qabağı kampaniyada Ermənistandakı revanşistlərin hələ də Azərbaycan-Türkiyəyə qarşı nifrət dolu fikirlərinin bir növ təzahürüdür".
Deputatın sözlərinə görə, yaranan vəziyyət Azərbaycan-Ermənistan arasındakı sülh prosesinə də böyük zərbə vurur:
"Bayrağın yandırılması bütün dövlətə qarşı olan həqarət, nifrət aksiyasıdır. Qətiyyən sonrakı revanşist qüvvələrin meydan almasına imkan verilməməlidir. Ona görə də, biz revanşistlərin yenidən Ermənistanda hakimiyyətə gəlməsi, onların öz köhnə işğalçı ideologiyalarını davam etdirməsinə yol verməməliyik".
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza da həmçinin portalımıza fikirlərini bildirib.

O, belə halların birinci dəfə deyil, dəfələrlə olduğunu təəssüflə qeyd edib:
"Təbii ki, bu cür hallara qarşı heç bir ölkədə, heç bir bayrağın yandırılması və alçaldılması yaxşı qarşılanmır. Ermənistanda bu halların təkrarlanması, Azərbaycan və Türkiyə ilə barışıq yolunda olması, Azərbaycandan ticari baxımdan asılı olması Ermənistanın özünə sərf edən hadisə deyil. Belə vəziyyət bəlkə də 3-cü qüvvələrin marağına xidmət edə bilər. Bu da arada nifaq yaratmaq məqsədi güdür".
“Ədəbiyyat və incəsənət”
(25.04.2026)


