“Təbriz kədərliydi, sən ağlayırdın...”- Sumqayıtda Hökumə Billuri anılıb Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Sumqayıt şəhər Poeziya Evində Əli Kərim adına Poeziya Klubunun təşkilatçılığı ilə Xalq şairi Hökumə Billurinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masada Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın şagirdləri və bir qrup şair iştirak edib.

 

Əli Kərim adına Poeziya Klubunun müdiri, şair-tərcüməçi İbrahim İlyaslı tədbiri giriş sözü ilə açaraq şagirdləri və şairləri salamlayıb. O, ədəbiyyatımızın inkişafında Hökumə Billurinin xüsusi yeri olduğunu, şairənin yaradıcılığında milli ruh və vətənpərvərlik hissinin zəngin olduğunu vurğulayıb.

Gimnaziyanın direktor müavini Aytən Əliyeva çıxış edərək Hökumə Billurinin yaradıcılığının gənc nəslin tərbiyəsində mühüm rol oynadığını qeyd edib.

Dəyirmi masada iştirak edən şair Namiq Dəlidağlı çıxışında Hökumə Billurinin lirik şeirlərinin səmimiliyindən, bədii dilinin axıcılığından söhbət açıb.

Dəyirmi masada gimnaziyanın şagirdləri Hökumə Billurinin şeirlərini səsləndiriblər.

Sonda İbrahim İlyaslı məktəblilərə mütaliə edəcəkləri ədəbiyyatla bağlı məsləhətlər verib və mütaliənin insanın dünyagörüşünün inkişafındakı rolundan danışıb, dəyirmi masa iştirakçılarına təşəkkürünü bildirib.

Şairin ən məşhur şeirlərindən birini buradan oxucular üçün əmanət qoyuram:

 

 

Hökümə Billuri

"ANA"

 

Təbriz kədərliydi, sən ağlayırdın,

Gecəydi biz səndən ayrılan zaman.

Pərişan görkəmin, o son sözlərin,

Bir an xatirimdən çıxmamış, inan.

 

Adını dilimə gətirəndə mən,

Sanki alov yaxır dodaqlarımı.

Yaxın gəl, yaxın gəl öpüm üzündən,

Öpüm rəngi qaçmış yanaqlarını.

 

Elə məlul-məlul baxma üzümə,

Baxışın qəlbimə od saçır, sənin.

Sən yalqız deyilsən, sıxma qəlbini,

Böyük bir xalqın var, böyük vətənin.

 

O xalqın, o elin qızısan, sən də

Onun qüdrəti də, şöhrəti də var.

Qəhrəman yurdumuz sarsılmamışdır,

Soyub talasa da onu yağılar.

 

Bilirəm, çox sıxır səni ayrılıq,

Əsarət dünyası başına dardır.

Lakin unutma ki, hər bir gecənin,

Min bir şüa saçan gündüzü vardır!

 

“Əlimdən nə gəlir?”, demə bir daha

Demə ki, qocayam, saçlarım düm ağ.

Vətən öz qəhrəman oğlu, qızını

Hər zaman, hər zaman gənc saxlayacaq.

 

Alnının xətləri, bəyaz saçların,

Keçmiş həyatından bir yadigardır.

Hörmət o saçlara, nifrət keçmişə:

Bu günün öz adı, mə’nası vardır!

 

Qalx ana, qalx ana, səni döyüşə

Çağıran öz qızın, öz vətənindir!

Bax, yanır odlarda Odlar Diyarı,

Bu vətən, bu torpaq, bu el sənindir!

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.